A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə32/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   28   29   30   31   32   33   34   35   ...   61
id55880

Ustad
Soltan Məhəmməd. 
Başqa rəssamlar kimi, Soltan Məhəmmədin də 
həyat və yaradıcılığı haqqında az-çox ətraflı məlumat mənbəyi yoxdur. Lakin üç-
dörd orta əsr müəllifi və müasir Avropa alimlərinin ayrı-ayrı qeydləri, xüsusən 
rəssamın dövrümüzə qədər gəlib çatmış əsərləri bu böyük sənətkarın yaradıcılığını 
işıqlandırmağa, bu haqqında müəyyən fıkir söyləməyə imkan verir. Orta əsr 
müəlliflərinin rəssam haqqında olan qısa, lakin çox tutarlı qeydlərinin xüsusilə böyük 
əhəmiyyəti vardır. Məsələn, XVI əsrin görkəmli xəttatı, rəssamı və sənət tarixçisi Dust 
Məhəmməd rəssamın yaradıcılığına yüksək qiymət verərək yazır: "Fələyin min görən 
gözü onun mislini görməmişdi. Karxananın şir ürəkli rəssamları onun əsərlərindən, 
xüsusən Əlahəzrət İskəndərin (Şah Təhmasibin) "Şahnamə"sinə çəkdiyi 
pələngpuşan təsvirlərindən ürək dağlı idilər, onun surətlərinin qarşısında qibtə ilə 
baş əyirdilər". 
Budaq Qəzvini və Qazı Əhməd, Soltan Məhəmmədin "qızılbaşlara aid olan 
xüsusiyyətləri hamıdan yaxşı təsvir etdiyini" göstərirdilər. 
Görkəmli tarixçi İskəndər Münşi Soltan Məhəmmədi Şərqin böyük 
rəssamı Kəmaləddin Behzadla eyni səviyyədə tutaraq qeyd edirdi ki, "...onların hər 
ikisi öz nəcib sənətlərinin zirvəsinə çatmış və ecazkar fırçalarının zərifliyi ilə bütün 
dünyada şöhrət qazanmışlar". 
Soltan Məhəmmədin yaradıcılığının çiçəklənmə dövrü XVI əsrin ortalarına 
təsadüf edir. Bu illərdə o, saray emalatxanasının rəisi və baş rəssamı vəzifəsində 
çalışmış, nadir əlyazmaları üçün illüstrasiyalar, süjetləri real həyatdan alınmış 
məişət janrlı miniatürlər, portretlər, süjetli xalçalar və parçalar üçün eskizlər, kitab 
cildləri və bir çox başqa əsərlər yaratmışdır. 
Rəssamın hələlik bəlli olan ən görkəmli əsərləri 1537-ci il tarixli 
"Şahnamə"də, Hafizin divanı və 1539-1543-cü illərdə Şah Təhmasib üçün 
hazırlanmış Nizami "Xəmsə"sinin məşhur əlyazma nüsxəsində toplanmışdır. 
Bundan əlavə Sankt-Peterburqda Saltıkov-Şedrin adına kitabxanada, İstanbulda, 
Londonda, Paris, Vaşinqton, Krakov və bir çox başqa böyük şəhərlərin muzey və 
kitabxanalarında rəssamın bir sıra portret əsərləri, süjetli miniatürləri və kitab rəsmləri 
saxlanır. 


116 
Nizaminin 1524-1525-ci il tarixli "Xəmsə" əlyazmasına (Nyu-York, 
Metropoliten muzeyi) çəkilmiş "İskəndər Xaqanın qəbulunda" və Nəvainin 1527-ci il 
tarixli divanına (Paris, Milli kitabxana) çəkilmiş "Bəhram Gur ovda" adlı 
miniatürlər rəssamın ilk əsərlərindən hesab edilir. Lakin obrazların həlli, 
kompozisiyanın mürəkkəbliyi, insan və heyvan fiqurlarının canlı, ifadəli və 
dinamik təsviri bu əsərlərin yenicə fəaliyyətə başlamış naşı bir rəssam tərəfindən 
deyil, yaradıcılığı artıq püxtələşmiş qabil bir sənətkar tərəfindən çəkildiyini sübut 
edir. 
Soltan Məhəmmədin təxminən 1535-ci ildə Hafizin divanına (Paris, 
Kartiyenin kolleksiyası) çəkdiyi miniatürlərdən birində Sam Mirzənin sarayında kef 
və musiqi məclisi təsvir olunur. Adi həyat hadisəsinin real təsviri olan bu şəkil 
Hafizin "Bu gün bayramdır, gül və kef dövranı başlayır" rədifli qəzəlini illüstrə edir. 
Rəssam da şair kimi eşq və məhəbbəti, gül və bülbülü, mey və badəni vəsf 
edərkən, real həyatın gözəlliklərini, insanın hiss və ehtiraslarını tərənnüm edir, 
onları hər cür dünyəvi hissləri qadağan edən dini ehkamlara qarşı qoyurdu. Hafiz 
lirikasının ruhunu əsil ideya məzmununu düzgün əks etdirmək üçün rəssam çox 
orijinal kompozisiya yaratmışdrr. O, həyətdəki real kef məclisini damın üstündə təzə 
aya baxaraq salavat çevirən zahidləri təsvir edən ikinci səhnəciklə qarşılaşdırır. 
Real həyat, dünyəvilik ön plana çəkilir, dini mistikaya qalib gəlir. 
Həmin ideya məzmunu Hafizin "Mələk öz nəşə badəsini qaldıraraq gülab 
kimi huri və pərinin üzünə səpirdi" beytli qəzəlinə çəkilmiş maraqlı bir miniatürdə 
öz əksini daha mənalı, daha qabarıq tapmışdır. Ədəbiyyatda "Sərxoşluq" adı ilə 
məşhur olan bu əsərdə mayolika ilə zəngin bəzəkli meyxanada ekstaz dərəcəsinə 
çatmış kef məclisi təsvir edilir. Çalğıçı və xanəndələr ehtirasla çalıb oxuyur, beli 
bükülmüş ağsaqqal qoca coşqun rəqs edən cavanlardan geri qalmamaq üçün sürəkli 
hərəkətlə oynayır, saqilər durmadan şərab daşıyır... Bu coşqun kef məclisi damın 
üstündə təsvir edilən məlakələrə də sirayət etmiş, onlar da əlində badə içir, bir-
birlərinə şərab verirlər. 
Soltan Məhəmmədin yaradıcılığı və ümumiyyətlə, Təbriz məktəbinin 
yüksəliş dövrü XVI əsrin 20-30-cu illərinə təsadüf edir. Bu dövrdə Təbrizdə saray 
kitabxanasında yaranmış miniatürlü əlyazmaları içərisində Şah Təhmasib üçün 
hazırlanmış "Şahnamə" nüsxəsini xüsusilə qeyd etmək lazımdır. Bu həmin 
"Şahnamə" nüsxəsidir ki, ilk olaraq Dust Məhəmməd onun adını çəkir, Soltan 
Məhəmmədin, Ağa Mirəkin və Mir Müşəvvirin ona illüstrasiyalar çəkdiyini xəbər 
verir və yazırdı ki, karxananın ən cəsur rəssamları Soltan Məhəmmədin həmin 
əsərə çəkdiyi pələngpuşan (pələng dərisi geymiş) təsvirləri önündə qibtə ilə 
başlarını aşağı əyirdilər. 1574-cü ildə Şah Təhmasib tərəfindən III Sultan Murada 
hədiyyə kimi göndərilən 51 nəfis əlyazmalarından bəhs edərkən, Budaq Qəzvini 
həmin "Şahnamə"nin də adını çəkir və onun 20 ilə hazırlandığını qeyd edir. 
XX əsrin əvvəllərindən başlayaraq Şərq miniatür sənəti haqqında yazılmış 
bütün əsərlərdə "Rotşild "Şahnaməsi", son vaxtlarda isə "Houğton "Şahnaməsi" 
adlanan və mütəxəssislər tərəfindən yüksək sənət əsəri kimi qiymətləndirilən bu 


117 
əlyazması, həqiqətən Şərqdə kitab sənətinin ən qiymətli nümunələrindən, 
"Şahnamə"nin şahanə nüsxələrindəndir. Bəlli olduğu kimi, "Şahnamə"nin bədii-
estetik baxımdan dəyərli, yüksək sənət əsərləri sayılan yüzlərlə nəfis nüsxələri 
vardır. Lakin bunlardan üçü incəsənət tarixində xüsusi şöhrət qazanmışdır. Şərqdə 
miniatür sənətinin görkəmli məktəbləri, ustad rəssamları öz yaradıcılıq səylərini, 
hünərlərini cəmləşdirərək öz dövrünün bütün nailiyyətlərini özündə birləşdirən bir 
şahanə "Şahnamə" nüsxəsi hazırlamışlar. XIV əsrdə Təbriz məktəbi "Demot 
"Şahnaməsi", XV əsrdə Herat məktəbi "Baysungər" "Şahnaməsi", XVI əsrdə isə 
yenə də Təbriz məktəbi "Şah Təhmasib "Şahnaməsi" kimi kitab sənətinin nadir 
incilərini yaratmaqla şöhrət qazanmışdır. 
Hazırlanmasına hələ Şah İsmayıl dövründə başlanmış bu monumental əsərin 
bədii tərtibatı, süjeti, üslubu və sənətkarlıq xüsusiyyətlərinə görə müxtəlif olan 258 
miniatür ilə bəzədilməsi 1537-ci ilə qədər davam etmişdir. 
Soltan Məhəmmədin yaradıcılığı üçün daha səciyyəvi olan və XVI əsr 
Təbriz məktəbinin bütün nailiyyətlərini, yüksək üslub xüsusiyyətlərini özündə 
cəmləşdirən ən kamil və daha məşhur əsərləri Nizaminin 1539-1543-cü il tarixli 
"Xəmsə" əlyazmasına çəkdiyi illüstrasiyalardır. Londonun Britaniya muzeyində 
saxlanan bu məşhur nüsxə incə nəstəliq xətti, səhifələrinin zəngin bədii tərtibatı və 
miniatürlərinin misilsiz bədii keyfiyyətinə görə haqlı olaraq yalnız Azərbaycanda 
deyil, ümumiyyətlə, Yaxın və Orta Şərqdə kitab sənətinin ən zərif, ən qiymətli şah 
əsərlərindən hesab edilir. XVI əsrin ən görkəmli xəttatlarından sayılan Şah Mahmud 
Nişapurinin yazdığı bu nəsif nüsxə Soltan Məhəmməd, onun tələbələri Mirzə Əli, 
Müzəffər Əli, Mir Seyid Əli və müasirlərindən Ağa Mirək və Mir Müsəvvir kimi 
dövrün ən mahir ustad rəssamları tərəfindən illüstrə edilmişdir. Kitabda Soltan 
Məhəmmədin 4 miniatürü vardır. 
"Xosrov və Şirin" poemasına çəkilmiş bir miniatürdə Şirin çimərkən 
Xosrovun onu seyr etməsi təsvir olunur. Yaxın və Orta Şərqin bütün sənət 
məktəblərində, müxtəlif sənət sahələrində ən çox fırçaya alınmış bu süjetin ən 
qədim təsvirinə XII əsrə aid çini qabda rast gəlirik. Şərq rəssamlarının ən çox 
sevdikləri bu lirik səhnə XIV-XVII əsrlərdə, yəni Soltan Məhəmməddən əvvəl də, 
sonra da dəfələrlə Təbriz, Şiraz, Herat, Buxara və başqa məktəblərin nümayəndələri 
tərəfindən fırçaya alınmışdır, lakin öz dolğun və yüksək bədii ifadəsini Soltan 
Məhəmmədin çəkdiyi miniatürdə tapmışdır. 
Soltan Məhəmmədin əsərlərinin bədii-estetik təsir qüvvəsinin əsasını 
təşkil edən, onlara əsrarəngiz gözəllik verən zəngin kolorit və dekorativlik 
Azərbaycan miniatürləri üçün səciyyəvi üslub xüsusiyyətlərindən olub, onları başqa 
məktəblərin əsərlərindən fərqləndirir. 
Kitab illüstrasiyalarından əlavə S.Məhəmmədin bir sıra portretləri və real 
həyat hadisələrini əks etdirən məişət janrlı miniatürləri vardır. Bu əsərlərin 
əksəriyyətində rəssamın öz dövrü üçün səciyyəvi olan saray həyatı, şah başda olmaqla 
saray əyanlarının əyləncələri təsvir olunur. 
Sankt-Peterburq Saltıkov-Şedrin adına kitabxanada saxlanan 2 miniatürdə 


118 
Təhmasib və saray əyanlarının ov məclisi təsvir edilir. Bu əsərlər gözəl dekorativ 
xüsusiyyətlərindən başqa, kompozisiyanın çoxfiqurlu və mürəkkəbliyi, dinamikliyi, ayrı-
ayrı səhnəciklərin, surətlərin, mənzərələrin, heyvan fiqurları və detalların olduqca 
real və ifadəli həll olunması ilə diqqətli cəlb edir. Həmin əsərlər rəssamın dərin 
müşahidəçilik, böyük sənətkarlıq qabiliyyətinə malik olduğunu bir daha sübut edir. 
Bu baxımdan Ə.Caminin həmin kitabxanada saxlanan "Silsilət-əz-zəhəb" əsərinin 
qoşa səhifəsini bəzəyən "Şahın şikarı" diptixi xüsusilə qeyd edilməlidir. Məzmunu 
və bədii formasına görə bir-birinin məntiqi davamı olan, bir-birini tamamlayan, 
kompozisiya qurumu, koloriti və vahid süjet xəttinə görə birləşərək çoxplanlı, 
olduqca mürəkkəb, çoxfiqurlu miniatür boyakarlığı üçün nadir hal olan böyük ölçülü 
tam bir kompozisiya əmələ gətirən bu əsərdə sarayın ümdə əyləncələrindən olan, 
minlərlə adamın iştirak etdiyi şah şikarının dəbdəbəli, təntənəli cəhətləri bütün 
təfərrüatı ilə öz əksini tapmışdır. 
Qəhvəyi, çəhrayı və abı rənglərin müxtəlif çalarlarının ahəngdar 
düzümündən yaranmış sıldırımlı və yastı qayalar diaqonal boyu səhifələri birləşdirən 
qapalı bir məkan yaradır. Əlvan çiçəklərlə dolu yaşıl çəmənlikdən ibarət ovlağı 
üzük qaşı kimi əhatələyən atlı və piyada ovçular dağların zirvəsi və yamaclarından, 
qayalıqların aralarından pələng, gur, maral, ceyran və s. heyvanları qovaraq ovlağa 
doldururlar. Bu fikri ifadə etmək üçün rəssam bir-birini tamamlayan olduqca müxtəlif 
maraqlı səhnəciklər, epizodlar göstərir. Ümumi süjetin parçalarını, tamın hissəciklərini 
təşkil edən bu səhnəciklər və onların ifaçısı olan epizodik obrazlar son dərəcə müxtəlif 
hal və hərəkətdə, olduqca canlı, təbii və ifadəli təsvir olunur. 
Maraqlı burasıdır ki, diptixdə bir hadisə, vahid süjet təsvir olunmasına 
baxmayaraq, əsərin baş qəhrəmanı -gənc şahın surəti iki yerdə təkrarlanır. 
Kompozisiyanın sağında o, günlük altında, xalçanın üstündə oturaraq soyuqqanlılıqla 
yanındakı heyvanları oxlayır, solda isə at üstündə, əlində siyirmə qılınc, maral və 
ceyranları təqib edib öldürür. Qorxudan hürküb müxtəlif istiqamətlərdə qaçışan, 
yaralanıb yıxılan heyvanlar, onların sürətli hərəkəti, mürəkkəb, bəzən də çətin, 
gözlənilməz rakurslarda verilmiş vəziyyətləri son dərəcə təbii, real və ifadəli, böyük 
ustalıqla əks etdirilir. Bu isə bir qayda olaraq naturadan istifadə etməyən, hər şeyi xəyalən 
çəkən (bütün şərqli rəssamlar kimi) rəssamın dərin bilik, müşahidə qabiliyyəti və geniş 
yaradıcılıq fantaziyasına malik olduğunu sübut edir. 
Qeyd etmək lazımdır ki, Soltan Məhəmmədin çəkdiyi illüstrasiyalar və 
müstəqil miniatürlər məzmununa görə ənənəvidir, yəni XVI əsrdən başlayaraq bütün 
sənət məktəblərində tez-tez fırçaya alınmış süjetləri əks etdirir. Lakin rəssamın böyük 
ustadlığı elə burasındadır ki, ənənəvi mövzuları təsvir edərkən o, tapdalanmış yollarla 
getmir, onları yeni süjet xətlərilə zənginləşdirir, yeni obrazlı vasitələri tapır. Orijinal 
kompozisiya quruluşu, parlaq cingiltili boyaların kontrast düzümündən, əlvan rəng 
ləkələrinin ritmik təkrarlanmasından yaranan füsunkar kolorit, şux dekorativlik, ifadəli 
obrazlar, realistik və əfsanəvi ünsürlərin qəribə vəhdətindən yaranmış mənzərə 
Soltan Məhəmmədin əsərlərinə başqa vüsət, məna dərinliyi, forma gözəlliyi verir, 
onların emosional təsir gücünü daha da qüvvətləndirir, onları özümlü edir, həmin və 


119 
oxşar mövzulu başqa miniatürlərdən fərqləndirir. 
Soltan Məhəmmədin yaradıcılığında portret janrı da əhəmiyyətli yer tutur. 
Lakin nə onun, nə də onun müasirlərinin - Mir Müsəvvir, Dust Məhəmməd, 
Müzəffər Əli və başqa sənətkarların yaratdıqları əsərləri sözün əsil mənasında portret 
adlandırmaq olmaz. Şərti olaraq portret janrına aid edilən bu əsərlər, ümumiyyətlə, 
Şərq miniatürlərində olduğu kimi, konkret bir şəxsin real surətini, fərdi oxşarlığını, 
psixoloji xarakterini əks etdirən portret deyil, sabit kanonlara, sarayın estetik zövqü və 
tələblərinə əsasən stilizə edilmiş, bədii ümumiləşdirilmiş tiplərdir. 
Bəlli olduğu kimi, islam dini ehkamları canlı məxluqat, xüsusən insan 
surətini çəkməyi yasaq edirdi. Lakin buna baxmayaraq, mahiyyətcə dini 
ideoiogiyadan tam kənar olan və sırf dünyəvi xarakter daşıyan Şərq miniatür 
sənətində insan surəti həmişə rəssamların diqqət mərkəzində olmuşdur. Orta əsrlərdə 
camalın təsviri bir növ islam dini ehkamlarına qarşı mübarizə vasitəsi olmuşdur. 
İnsan gözəlliyini, camalı Allah yaradıcılığının təzahür forması hesab edən 
mütəsəvvif şair və filosofların əslində dinə və idealizmə əsaslanan bu 
nəzəriyyələrinin orta əsr rəssamlarının yaradıcılığında portret təsvirlərinin geniş 
yayılmasına müsbət təsiri olmaya bilməzdi. 
Soltan Məhəmmədin portret əsərlərində də ayrı-ayrı şəxslərin fərdi 
obrazları deyil, sarayın estetik tələbi, gözəllik idealına uyğun olaraq müəyyən 
kanonlar əsasında idealizə edilmiş gənc və gözəl şah surəti təsvir olunur. Zahiri 
oxşarlığı, etnoqrafik xüsusiyyətləri, fərdi keyfiyyətləri ilə fərqlənməyən, yalnız 
müxtəlif hal və hərəkətlərdə verilmiş portret təsvirlərində əsas məqsəd şahin gözəl-
liyini, "aya bənzər çöhrəsini" tərənnüm etməkdir. 
Soltan Məhəmmədin əsərlərindən birində mütəkkəyə söykənərək kitab 
oxuyan gənc bir oğlan təsvir edilir. Əslində ideal hökmdar obrazını əks etdirən rəsmi-
reprezentativ portret olsa da, müəyyən ikonoqrafik əlamətlərinə görə bu əsər 
ədəbiyyatda Şah Təhmasibin portreti kimi qəbul edilmişdir. Miniatürün üstündə 
yazılmış bir beyt sarayın estetik tələbini, portretçi rəssamın qarşısında qoyulan 
məqsəd və vəzifəni çox gözəl aydınlaşdırır. 
"Yusifi bu qədər gözəl xəlq etmiş fələk 
Fırçanı da yaratdı ki, sənin çöhrəni vəsf etsin". 
Beləliklə, bir tərəfdən hakim dini ideologiyanın insan təsviri haqqında 
məhdudlaşdırıcı ehkamları və klassik ədəbiyyatın mədhiyyəçilik tendensiyaları, 
digər tərəfdən də sarayın öz estetik tələbi, təsviri sənətdə portretin mücərrəd, stilizə 
edilmiş səpkidə inkişaf etməsinə səbəb olmuşdur. 
Soltan Məhəmmədin Sankt-Peterburqda Saltıkov-Şedrin adına kütləvi 
kitabxanada və İstanbulda, Topqapı sarayı muzeyində saxlanan portretləri bədii 
üslub xüsusiyyətlərinə görə miniatür sənətində portret janrının ən mükəmməl 
maraqlı əsərlərindən hesab edilə bilər. 
Bu portretlərdə gənc və yaraşıqlı, zəngin libaslı, qızılbaş çalması cıqqa və 


120 
lələklə bəzənmiş bir oğlan surəti təsvir olunur. Tipajı, geyimi və s. zahiri 
əlamətlərinə görə bir-birindən fərqlənməyən, yalnız müxtəlif vəziyyətdə -bir yerdə 
daş-qaşla bəzənmiş kürsüdə, ikincidə - çiçəklənmiş badam ağacının yanında (Sankt-
Peterburq), üçüncüdə - xalça və döşəkçədə dizi üstündə oturmuş şah, hər yerdə 
kitab oxuyarkən təsvir olunur. 
Ədəbiyyatda şərti olaraq Şah Təhmasibin portreti adlandırılan bu və 
bunlara bənzər başqa əsərlərdə 
"ideal hökmdar" obrazı əks 
etdirilir. Sənətkarlıq baxımından, 
bədii ifadə vasitələrinə görə 
Topqapı sarayında saxlanan 
"Kare ustad Soltan Məhəmməd 
nəqqaş əst" (Ustad rəssam Soltan 
Məhəmmədin 
işidir) 
yazılı 
portretlə, 
Sankt-Peterburqda 
saxlanan 
portret 
xüsusilə 
dəyərlidir. Hər iki əsərdə mahir 
sənətkar əli, yüksək bədii üslub 
duyulur. 
Cəsarətlə 
birbaşa 
çəkilmiş səlis mühit xətlərin 
axıcılığı, 
plastik 
ifadəliyi, 
qırmızı-göy, 
çəhrayı, 
yaşıl, 
bənövşəyi və narıncı lokal 
rənglərin 
harmoniyasından 
yaranan zəngin kolorit və 
dekorativlik 
bu 
portretləri 
miniatür sənətində olan başqa 
portretlərdən fərqləndirir, onların 
ifadəliyini, bədii təsir qüvvəsini gücləndirir. 
Nəzərdən keçirilən əsərlərdən əlavə Soltan Məhəmmədə bir sıra başqa 
illüstrasiyalar, müstəqil süjetli miniatürlər və portretlər, təsvirli kitab cildləri, bədii 
parça və süjetli xalçalar üçün hazırlanmış eskizlər çeşnilərə aid edilir. Üslub 
xüsusiyyətlərinə görə onun əsərlərini xatırladan bu miniatürlərin Soltan 
Məhəmmədin öz əlindən çıxmasa da, onun rəhbərliyi altında çalışan tələbələri tərə-
findən işlənməsi şübhəsizdir. Çünki Soltan Məhəmməd öz yaradıcılığı ilə Təbriz 
məktəbində elə bir mükəmməl, miniatür sənətinin inkişaf zirvəsini təyin edən 
qüvvətli üslub yaratmışdı ki, XVI əsrin son rübünə qədər heç kəs, hətta çox 
istedadlı rəssamlar belə bu üslubun təsirindən azad ola bilməmişlər. 
Geniş diapazonlu yaradıcılığı ilə yalnız miniatür sənətində deyil
ümumiyyətlə, təsviri və dekorativ sənətlərin inkişafında mühüm rol oynamış Soltan 
Məhəmmədin çoxlu tələbələri və davamçıları olmuşdur. Onlar uzun müddət Soltan 
Məhəmmədin üslubunda işləyərək müxtəlif yollarla böyük sənətkarın yaradıcılıq 


121 
ənənələrini davam etdirməyə çalışmışlar. Onlardan bəziləri asan yolla gedərək bu 
üslubun formal cəhətlərinin əsiri olaraq qalmış, təqlidçilikdən bir o qədər də 
uzaqlaşa bilməmişlər. Dövrün istedadlı rəssamları isə nəinki həmin üslubda 
yaratdıqları orijinal əsər-lərində, hətta Şərq poeziyasında olduğu kimi, təsviri sənətdə 
də, qanuni sayılan nəzirələrində də ənənəvi süjet və obrazları bədii forma və obrazlı 
ifadə vasitələrini təzələməyə, daha da təkmilləşdirməyə çalışmışlar. Şübhəsiz ki, 
Soltan Məhəmməd məktəbinin əsil davamçıları, bu məktəbi Azərbaycan miniatür 
sənətinin ən yüksək inkişaf mərhələsi kimi səciyyələndirən rəssamlar da epiqonistlər 
deyil, məhz həmin ustad sənətkarlar olmuşdur. Məhz bu ustad sənətkarlar Təbriz 
məktəbinin təsir dairəsini daha da genişləndirmiş, öz yaradıcılıqları ilə İranda və 
Türkiyədə, Hindistanda və Orta Asiyada miniatür sənətinin inkişafında əhəmiyyətli 
rol oynamışlar. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə