167
Şair bir fikri də vurğulayır. O demək istəyir ki, Azərbaycan xalqı kəsdiyi duz-
çörəyə sadiqdir:
Sənsən ölkəmizin fikri, diləyi,
Ayırmaq olarmı çandan ürəyi?! (132, 103)
«Son misra məşhur «Azərbaycan» şerindəki «Ayrılarmı könül candan» misrası
ilə səsləşir ki, bu da iki müxtəlif obyektə eyni münasibətin, eyni hissin
ifadəsidir».(119, 45-46).
Şer S.Vurğuna xas olan nikbinliklə tamamlanırdı: Moskvaya göz dikən «yalnız
öz ömrünə qəbir qazacaq!» Tarix böyük şairin uzaqgörənliyini təsdiq etdi. Moskva
ətrafında faşist qəsbkarlarının darmadağın edilməsi göstərdi ki, doğrudan da günəşin
üzünü pərdə tuta bilməz, həqiqət dara çəkilməz.
S.Vurğun 1942-ci ilin əvvəllərində Moskvaya getdi. Şairin orada qələmə aldığı
«Salam, Moskva» şeri qalib şəhərə həsr edilmişdir.
Moskvanın «başında tufanlar qopandan bəri» şair bu şəhəri görməmişdir. Lakin
o, gənclik yaşından sevdiyi yeri bir an unutmamışdır. Şair yenə buradadır. Onun
qəlbində yeni duyğular yaranmışdır. Şair Moskvanın küçələrindən keçir, dost-
tanışlarla görüşür, fərəhlənir.
O, Puşkinin abidəsi önündə xəyala dalır. Puşkin yenə vüqarlıdır. Tatyana isə öz
romanını örtüb, əlinə silah götürmüşdür. İndi o, yalnız Vətənin taleyini düşünür. Şair
onun hisslərini bu cür ifadə edir:
Küləklər döydükcə al yanağını,
Nədir gözlədiyin? – soruşuram mən,
Deyir: gözləyirəm eşqin bağını
Bu qopan çovğundan, əsən küləkdən!.. (132, 112)
S.Vurğun bu misralarla Vətəni quduz düşməndən qoruyan
168
xalqın sarsılmaz iradəsini ifadə etmişdir. Şerin hər misrasında Moskvaya səmimi
məhəbbət hiss olunur. Yenə bu şəhər öz sinəsini «pəhləvan kimi» açır, yenə nəsillər
onun küçə və meydanlarından karvan kimi keçir. Yenə insanlar qaynayır, «yenə də
işdədir yaradan əllər». Qaşlar çatılmış, baxışlar sərtləşmişdir. Çünki «indi
müsəlləhdir bütün nəslimiz». Bütün bunlar şairə aşağıdakıları söyləməyə haqq verir:
Sən ona diqqətlə bir də qulaq as!
Deyir bir qanunu xatirinə sal:
Odlar içində də yanıb qaralmaz,
Məhəbbət, sədaqət, həqiqət, kamal!.. (132, 113)
Akademik Məmməd Arif «Salam, Moskva» şerindəki nikbin ruhu bu cür
səciyyələndirmişdir: «Həyata belə geniş baxış, belə geniş qəlbli və geniş mühakiməli
düşünüş ancaq böyük insanpərvərlik duyğuları ilə yaşayan bir şairdə ola bilər». (110,
39).
S.Vurğun 1942-ci ildə Qroznı şəhəri ətrafında «Yanğın» şerini yazmışdır. Şair
burada bilavasitə gördüyünü-dağlar qoynunda gözəl bir şəhərin düşmən
bombardmanı nəticəsində yanıb külə dönməsini ürək ağrısı ilə qələmə almışdır. O bu
mənzərədən dəhşətə gəlir, «ilk dəfə ayın, ulduzun alovlar içində boğulduğunu»
müşahidə edir. Şairin kədəri sonsuzdur, bu şəhərin timsalında Vətənin bağrı yanır. Bu
şəhər yetkin bir əsərdir. Yetkin bir əsərin külə dönməsi, od içində min incə pərinin
yanması şairi sarsıdır və o bu qənaətə gəlir ki, «dünyanı düşünən bir şair olmaq»
xeyli ağır yükdür.
Bəlkə də yetməmiş dünya kamala?
Bəlkə də görməyir bu dəhşətləri?.. (132, 120)
S.Vurğun bu şəhərin obrazı vasitəsilə ölkənin ağır günlər keçirdiyini göstərmiş,
səhərlərin matəmə batmaması, göylərin
169
şəfəqdən don geyməsi naminə hamını qılınc qurşamağa çağırmışdır. Yüksək
yurdsevərlik ruhu ilə aşılanmış bu şerdə dərin bir nikbinlik, xeyirin şər üzərində
qələbəsinə qəti bir inam vardır:
Xeyr, yumulmamış zamanın gözü,
Xeyirxah yaranmış dövranın əli.
Boğa bilməmişdir gecə gündüzü
İnsan yer üzünə şöhrət gələli. (132, 120)
Böyük Vətən müharibəsi illərində Ukrayna da çətin sınaq qarşısında idi. Həmin
günlərdə Azərbaycan xalqı Ukrayna xalqına məktub göndərdi. Məktubu
Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri imzalamışdılar. Ukrayna
xalqının qəhrəmanlıq mübarizəsinə xalqımızın diqqəti bu sətirlərdə ifadə edilirdi:
«Fəhlələr, neftçilər, pambıqçılar, Azərbaycanın ziyalıları Ukrayna xalqının qəhrəman
mübarizəsini, sizin partizanların igidliyini böyük həyəcan hissi ilə izləyirlər». (74, 3-
4).
Bu hissin poetik ifadəsinə isə S.Vurğunun 1942-ci ildə qələmə aldığı «Ukrayna
partizanları» şerində rast gəlirik. Şerdə Ukrayna partizanları Vətəni ləyaqətlə müdafiə
etmək, sədaqətli və mərd olmaq, qəhrəmanlıqlar göstərmək və s. xüsusiyyətləri ilə
yadda qalırlar. Burada beynəlmiləl ruh daha güclüdür. Şair Ukrayna partizanlarına
səmimiyyətlə müraciət edir, onları özünə «qardaş», «sirdaş» sayır. Partizanların Taras
Şevçenkonun qəbrinin keşiyini çəkməsi, Ukraynanın milli qəhrəmanı Karmelyukla
Koroğlunun bir yerdə xatırlanması şerin təsirliliyini daha da artırmışdır:
De, kimdir adına qardaş dediyim?
Qəmimə, nəşəmə sirdaş dediyim?
De, kimdir vətəndaş, yoldaş dediyim?
Bizim Koroğlu tək pəhləvanlardır,
Bizim ukraynalı partizanlardır! (132, 107)
170
Altı bəndlik şerin son iki bəndində Ukrayna partizanlarının xalqımız üçün
doğmalığı ifadə edilmişdir. Şair bu doğmalığı «bizim ukraynalı qəhrəmanlar»,
«qardaş», «sirdaş» kimi söz və ifadələrlə daha da dərinləşdirmişdir.
Şerdə Karmelyukla Koroğlunun adlarının çəkilməsi də maraq doğurur.
Məlumdur ki, müharibə illərində yaradılan əsərlərdə tez-tez tarixi keçmişə müraciət
edilir, bu yolla vətənpərvərlik duyğuları gücləndirilirdi. Akademik Bəkir Nəbiyev bu
barədə yazmışdır: «İki qədim mübariz xalqın qəhrəmanlıq tarixindən məzmunca bir-
birilə səsləşən, biri digərinə yaxın olan səhifəni qaldırmaq, iki şöhrətli xalq
qəhrəmanının adlarını yanaşı çəkməklə S.Vurğun daha böyük məqsəd izləmiş, bir
tərəfdən xalqların tarixi talelərinin, azadlıq uğrunda mübarizəsinin bir-birinə yaxın
olduğunu, digər tərəfdən də Böyük Vətən müharibəsində onların bütün mənəvi və
maddi qüdrətini, habelə öz tarixlərini səfərbər edərək ümumi düşmənə qarşı mübarizə
apardıqlarını göstərmək istəmişdir».(117, 56).
Qeyd etmək lazımdır ki, S. Vurğunun «Ukrayna partizanları» şeri Azərbaycan-
Ukrayna ədəbi-mədəni əlaqələri tarixində diqqətəlayiq nümunədir. Ukraynanın
görkəmli sənətkarı Maksim Rılski yazmışdır: «Mən Ukrayna şairi və vətəndaşı kimi
Böyük Vətən müharibəsi illərində Azərbaycan şairi və vətəndaşı Səməd Vurğunun
Ukrayna partizanlarına alovlu məktubla müraciət etdiyini unuda bilmirəm».(183, 20).
Görkəmli Ukrayna şairi Boris Oleynik isə bu fikri daha da genişləndirmişdir:
«Müharibənin ən ağır günlərində faşist ordusu Ukrayna torpağını tapdalayanda
S.Vurğun bizim elə ümid və qələbə mahnısı ilə gəlmişdir. 1942-ci ildə onun səsi
Qafqaz dağlarından, səngərlərdən, minalanmış çöllərdən, döyüş meydanlarından
keçərək bizə çatdı... Bax, bu heç vaxt unudulmaz. Sokrat demişkən: «dostlar gen
gündə yalnız dəvət gözləməli, dar gündə isə çağırılmadan, özləri gəlməlidirlər». O
vaxt, 1942-çi ildə Səməd Vurğun həqiqi dost kimi bizim elə çağırılmadan özü gəldi,
ürəyinin səsinə qulaq asdı».(123).
Dostları ilə paylaş: |