Akademikin Son eseri


partlayan mərmi məni torpaq püs​kürməsiylə birgə havaya qaldırıb yerə



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə33/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   29   30   31   32   33   34   35   36   ...   75

...Yanımda partlayan mərmi məni torpaq püs​kürməsiylə birgə havaya qaldırıb yerə
çırpdı, başımın səngərin divarındakı daşa dəyməsiylə huşumu itirdim, ağlım
başından çıxdı. Handan-hana bir möcüzəylə gözümü açanda çaşdım. Çünki üstümə
yıxılmış yekəpər alman məni boğazlayaraq boğmağa çalışırdı. “Nəhayət, sıra
mənə də çatdı, ölüm məni də tapdı!” deyə düşünürdüm. Sanki bir əsarətdən
qurtarırdım, rahatdım, o anlarda hiss elədim ki, məni Vətənlə birləşdirən tək bir
şey varsa, o da başımın üstündəki göydür və ixtiyarsız baxışlarım göyə çevrildi.
Üstümdə mərminin zərbindən göyə qalxmış tozun-torpağın içində sarı yarpaqlar
fırlanırdı. Ömrünü bitirmiş sarı yarpaqlar... Amma mən hələ gənc idim, bu
yarpaqlar kimi torpağa qarışıb itmək istəmirdim. Belə vaxtda ölməkmi olar?
Ancaq əsgər üçün bütün zamanlar bir andaca ölüm zamanına çevrilə bilər. İndi o
zaman bu yekəpər və dinc faşistin simasında üstümə çökərək, güclü barmaqlarını
xirtdəyimə keçirib məni boğmaqdaydı, onsuz da çiynimdə durmayan başımı
bədənimdən qoparmağa tələsirdi. Bu döyüşlərdə yüzlərlə çinar boylu dostumu
itirmişdim, sağ olsun alman, onlarla görüşdürəcəkdi məni. Ancaq “komandir,
səndəmi səngəri tərk edib gəldin?” sualına nə cavab verər, onların yanında öz
ölümümə necə haqq qazandıra bilərəm? Gücüm tükənmişdi, silkələnən beynimdə
hər şey qarışmaqdaydı. Düşmənə müqavimət göstərən qolum boşalıb yanıma
düşdü və qəfildən əlim soyuq bir şeyə toxundu və bir anda ayıldım – bu, çəkməyə
keçirtdiyim nizə-bıçağın dəstəyiydi, bir anda bütün gücüm qoluma toplandı və
döyüş bıçağını dartıb nəfəsimi kəsməkdə olan düşmənin kürəyinə sapladım... Bu,
müharibədə həya​tımın tükəndiyi anlarda, möcüzəylə xilas olduğum real
ölümlərdən biriydi. Çoxdandı yadıma düşmürdü. İndi xatırlanırsa, deməli, bunun
da tarixdə olduğu kimi, bizə bəlli olmayan zərurətlərlə anlaşılmaz bir bağlılığı
var. Bəlkə Allah o gün məni ölümdən məhz elə bu gün pəncərənin qabağında
dayanıb bu təmiz göyləri bir daha seyr etmək üçün qurtarıb?! Bəlkə də tariximizi
xatırlatmaq üçün verib bu fürsəti? Bəlkə də bu gün dünyanı bürümüş yalanların
içindən sıyrılıb bu məzlum millətin başını xarab edən, gözünü tutan bu söz, təbliğat
yarışının riyakarlığını anladım. Bunu dəyərləndirməmək elə savaşda o düşmənin
əlində boğulub ölmək kimi bir şeydir”.
***
...Ziyad bəy bu sətirlərdən sonra gündəliyini yazdığı ümumi dəftəri qatlayıb
masanın siyirtməsinə qoydu. Bədənindən bir istilik keçdi, qalxıb pəncərəyə
yaxınlaşdı, bir xeyli saralan çinarlara tamaşa elədi, sonra geri dönüb kitab
rəfindəki qovluqlardan bir-ikisini götürüb masanın üstünə qoydu. Onun həm elmi,
həm də bədii əsərlərinin əlyazmaları və yeni əsərləri üçün hazırlıq materialları
burdaydı. Qovluqları tək-tək açıb baxır, vərəqləri aşıra-aşıra yeni kitabına ipucu


axtarırdı. Hər dəfə yeni əsərə köhnə əlyazmalarını qurdalamaqdan başlardı.


Birinci qovluq
Burada 1937-ci ilin qanlı hadisələriylə bağlı çap etdirdiyi məqalələr, bu mövzuda
yazdığı və “Terror” adıyla yenidən nəşr etdirdiyi kitabının əlyazması vardı.
Bundan əlavə, arxivdə işlədiyi günlərin ovqatından doğulmuş qeydlərini,
Qarabağla bağlı Moskva rəhbərliyinə, Rusiya mətbuatına yazdığı məktubların,
məqalələrin qaralamalarını da bu qovluqda saxlayırdı. Ancaq ən mühümü arxivdə
son vaxtlarda gördüyü, yəqin ki, tapdığı da demək olar, və üzünü çıxartdığı
sənədlərdi. Onların üstündə əsir və ələ düşməsini istəmirdi; yəqin ona arxivlərin
qapısını açanlar da bu sənədlərin ələ düşməsini istəməzdilər. Onlar da öz
canından və ya vəzifələrini itirməkdən qorxardılar. Bunu düşünərkən duruxdu.
Niyə hər şeyin bir tərəfini düşünür, hər şeyə öz ağlı və məntiqiylə qiymət verir.
Doğrudanmı bu materiallar təsadüfən keçib onun əlinə? Dünyanın altının-üstünün
hər cür gizlinindən xəbərdar olan bir qurum akademikə verdiyi qovluqların
hansında hansı sənəd olduğunu bilmir? Tərəddüdləri səbəbsiz deyildi. Bir səbəbi
buydu ki, arxivdə materiallar onun düşündüyü kimi ideal bir sistemlə
düzülməmişdi; bu qovluqda gəzdiyin material bəzən tamam başqa qovluqdan
çıxırdı, çünki aidiyyəti genişdi və hər qovluğun məzmunuyla bir cür bağlılığı
vardı. İkincisi də vaxt keçir, burda da işçilər dəyişilir və izlər qarışır, hər şeyin
əvvəlki gizliliyini saxlamaq olmur.
Bunlarla yanaşı, Ziyad bəyi düşündürən başqa və bəlkə də indiyədək ağlına
gələnlərdən daha mühüm bir məsələ vardı. Onu həyəcanlandıran və bu sənədləri
qovluğunun alt qatında gizlədib, axtarışlarını davam etdirməsinə onu vadar edən
sual gecə-gündüz beynində fırlanırdı. Bəlkə bu sənədlərin izi​nə düşməsi heç
təsadüfi deyil, buna qeyri-adi, mistik, taleyin ona xoş münasibəti kimi də baxmaq
olmaz? Bəlkə bu sənədlər elə bu idarənin özündə çalışan tanımadığı adamlar,
yaxud hansısa gizli qüvvə tərəfindən qəsdən qoyulub onun araşdırdığı qovluqların
arasına? Xoş niyyətlə, bəd niyyətlə? Buna cavab vermək çətindir? Düşmənlə üz-
üzə olan millətə yeni bir cəbhə açmaq məsuliyyətli işdir. Millət bu həqiqətləri
bilməlidir və gec-tez biləcək. Ancaq bu​nun zamanı dəqiq ayarlanmalıdır. Yoxsa
qaş düzəldən yerdə vurub gözü də çıxararsan.
Bu düşüncələr onu üzürdü. Demə, yazma, gizli saxla, qoy millətin daha dərin
bataqlığa düşsün. Bəs buna nə deyəcəksən?
Yaxşı, yazmağın nəyi dəyişəcək? Bu gün həqiqəti axtaran varmı? Həqiqətin gücü
nəyə çatacaq? Yəqin bu gizlinləri səndən başqa bilənlər də var. Bəs onlar niyə
susur? Deməli, bu gün ayrı yol tapmırlar və heç sən də tapa bilməyəcəksən o


yolu...
Qovluğu bağlayıb yenə qoydu əvvəlki yerinə.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə