Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə40/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   36   37   38   39   40   41   42   43   ...   123

132
Binanın girişində, ona aid poçt qutusuna son dəfə bir ümid-
lə göz atdı. Bütün məktublar ödəmələrlə ya da reklamlarla bağ-
lıydı, həmişəki kimi. Başqa nə olacaqdı sanki. Bir məktubmu? 
O adresdə yaşadığını bilən belə yox idi. 
Məktubları götürüb girişdən biraz aralıdakı zibil qutusuna 
atdı. Yaxınlıqdakı  telefon  köşkünə  getdi.  Görüşmək  istədiyi 
ilk iki nəfərdən birincisinə zəng çatmadı, nömrəsini dəyişmiş 
olmalıydı, ikincisi şəhərdə deyildi və bir neçə həftə də olma-
yacaqdı. Üçüncüsü Fred idi və evindəydi həmişə ki kimi. “Nə 
vaxt gəlirsən gəl, evdə olacam, sənin üçün darıxmışam” dedi. 
“Yaxşı”  dedi  Mavi,  “Gələcəm”.  Maşınlamı  yoxsa  maşınsız 
gələcəyini soruşdu Fred, “maşını bir neçə həftə əvvəl satmı-
şam”  deyə  cavabladı  Mavi.  Sonra  quru  bir  səslə  əlavə  etdi, 
“Gedirəm  buralardan,  səninlə  son  dəfə  görüşmək  istədim”. 
“Mütləq gəl, gözləyəcəm” dedi Fred, sanki başa düşmüşdü o 
an, Mavinin geri dönməmək üzrə getdiyini.
Telefonu geri asdı. Çölə çıxdı. Uzun müddət sonra tanıdığı 
birinin səsini eşitməsi rahatlatmışdı onu. Hələ bu adam Fred 
idisə. Ona qarşı xüsusi bir sevgisi var idi. Onları birləşdirən 
hər ikisinin yalnızlığı, Proustun İtirilmiş zamanın axtarışında 
əsəri və kitabxana qapısı qarşısındakı siqaret fasiləsi olmuşdu. 
Birdə, yəqin ki, Fredin homoseksuallığı birləşdirmişdi onları. 
Bir şəhəri tərk etməmişdən əvvəl görüləcək bir insan var idisə 
əgər,  bu  insan,  şübhəsiz  Fred  kimi  biri  olmalıydı. Yazarlığa 
olan marağı və yazar olma istəyi onu kifayət qədər söhbətcil 
biri edirdi və onunla danışmaq rahatladırdı.
Hər ikisinin ən yalnız vaxtlarına təsadüf etmişdi tanışma-
ları. Kitabxana günlərinə. İkisi də yalnız vaxtlarında kitabxa-
naya gedib nələrsə oxumağı sevirdilər. Kitabxanada hər dəfə 
eyni insanları görürsən, bəziləri bel çantalı evsizlər, bəziləri 
evi olsa da yalnızlıqdan başını götürüb qaçanlar, bəziləri utan-
caqlar və s. Kitabxanadakıların yarısı hər həftə ya hər gün ora 
gələnlər idi. Heç kim bir-biri ilə danışmasa da hamı bir-birini 
tanıyırdı və sanki hamı bir digərinin orda olduğu üçün minnət-
dar idi. Hər gün görüb amma danışmadığın dostlar idilər. Heç 


133
kim danışmırdı amma hamı bir-birinin yanına oturmağa çalı-
şırdı çünki tənhaydılar. Bəziləri göz-gözə gəlməyə çəkinənlər 
idi, bəziləri gözünün içinə baxaraq bircə kəlmə danışmaq üçün 
yalvaranlar. Fredlə də belə tanışmışdılar və utancaq tərəf Fred 
olmuşdu. Axşam ya da gecə onun yanına getməyi planladı.
Kitabxanaları xatırladı. Düşünürdü ki həyat metaforik mə-
nada kitabxanalar kimiydi, həddindən artıq kitab/seçim var və 
sənin  onların  hamısını  oxuyacaq/seçəcək  vaxtın  yoxdur.  Və 
seçəcək “doğru” kitab yoxdur. “Doğru kitab” fikri sadəcə mis-
kin insanın təsəllisiydi. Ona görə də kitabxanalar onu həmişə 
təşvişə salırdılar, həmçinin həyat. O qədər çox və gözəl kitab 
var idi ki hamısını oxuya bilməmək fikri onu dəli edirdi. Hə-
yatda da o qədər seçim var idi ki hamısını seçə bilməmək onu 
məhv edirdi. Bu fikirlə - hər şeyi edə bilməyəcəyin fikriylə 
- yola getməyi bacarmalısan, yoxsa həmişə əzab çəkəcəksən. 
Bəlkə də buna görə oxuduğu kitabların çoxunu yarım bu-
raxırdı. Bir kitabdan başqa kitaba, bir qadından başqa qadına, 
bir şəhərdən başqa şəhərə keçirdi və hamısı yarımçıq qalırdı. 
Çünki seçimlərinin limitli və zamanının az olduğunu hiss edir-
di və bu fikirlə razılaşa bilmirdi. Həddindən artıq acgöz, həris 
və aludə olmaq heç bir mənada yaxşı deyil, nə oxumaqda, nə 
sevgidə, nə yaşamaqda.
Axşama qədər hələ ki bütün şəhəri uzaqdan izləyə bildiyi 
o  yaxınlıqdakı  kiçik  dağlıq  əraziyə  getmək  istəyirdi.  Həmin 
tərəfə doğru dönüb gedirdi ki sonra bir şeylər unutmuş kimi 
geri dönüb əks istiqamətə yollandı. 
Küçənin sonuna doğru getdi, həmişə içki aldığı mağazanın 
qarşısına gəldi. Yerdə köhnə ədyala bürünüb yatan bir evsiz 
var idi. Onun başı üstündə əyildi. Aşağı səs tonuyla bir neçə 
dəfə “hey, oyaqsan?” deyə soruşdu, səs çıxmadı. Əli ilə yerdə 
uzanan kişinin çiynini tərpətdi yavaşca. Kişi anlaşılmaz sözlər 
bütününü tələffüz edərək oyanıb başını çevirdi və əsəbləşdi:
- Nə var? Sən kimsən?
- Oyatdığım üçün üzr istəyirəm.
- Nə istəyirsən?


134
- Təsadüfən Riçard deyə uzun boy ya Ra deyə qara dərili 
evsiz birilərini tanımırsan bu ərazidə? 
- Buna görə oyatdın məni? Cəhənnəm olsun ikisidə, tanı-
mıram heç kimi. Rədd ol qoy yatım, gicbəsər. – deyib kişi əli 
ilə Mavinin qolunu itələyib ədyalı başına çəkdi.
- Üzr istəyirəm, bunun üçün oyatmamışdım yox, sadəcə so-
ruşmaq istədim, mənim üçün vacib idi. Tanımayacağını təxmin 
etmişdim ancaq yenə də soruşmaq istədim. – deyib Mavi əlini 
cibinə atdı, kişi yenidən ona sarı dönüb əsəbi sifətlə onu süzdü, 
- O binanı görürsən? Dördüncü mərtəbədəki sağ qapı mənim 
evimin qapısıdır. Müqavilənin son üç ayının pulu əvvəlcədən 
ödənilib. Mən bu şəhərdən gedirəm. Ev üç ay boş qalacaq. Bu 
evin  açarıdır.  Qabaqdan  qış  gəlir,  bütün  qışı  burda  yata  bil-
mərəsən. Evə get. – açarı kişinin ovcuna qoyub, biraz fikirləş-
dikdən sonra əlavə etdi - əgər istəsən, buralarda qalan başqa 
evsizlərə də deyə bilərsən. Evdə qalmalarına icazə verməsən 
də, heç olmasa arada bir hamamı istifadə etmələrinə icazə ver-
sən sevinərdim. Yenə də son qərar sənindir. – deyib ayağa dur-
du, unutmuş olduğu bir şeylərin olub olmadığını düşünürdü-
ki həyəcanla əlavə etdi – hə, bir də, əgər evə Lara adında bir 
qız gəlsə, ona dediklərim üçün peşman olduğumu və artıq bu 
şəhərdən çox uzaqlara getmiş olduğumu deyərsən. Yaxşı?
Kişi  təəccüblə  və  çaş  baş  formada  ona  baxırdı.  Qərarsız 
formada cavab verdi;
-Yaxşı.
-Yaxşı, hələlik. Özünə yaxşı bax. Mən getməliyəm. Oyat-
dığım üçün təkrar üzr istəyirəm. - Əlini kişinin çiyninə qoyub 
sonra uzaqlaşmağa başladı.
Kişi arxadan onu çağırdı,
- Hey!
- Hə? – Mavi geri dönüb soruşdu.
- Ev üçün çox sağol – üzünü həyəcan və sevinc bürümüş 
kişi açarı havaya qaldırıb ona göstərdi.
- Dəyməz. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə