Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə19/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
1   ...   15   16   17   18   19   20   21   22   ...   32

bitirə bildiyimə görə, sevincimdən atılıb-düşməyə də başladım. Sözün düzü, kefim

kök olanda, mən bu atılıb-düşmək idmanı ilə məşğul olmağı çox sevirəm. İşimi

qurtaran kimi sənə məktub yazmaq istədim. Ancaq yaxın yoldaşlardan birinin mənə

qonaq gəlməsi bu planımı pozdu. Sonra mən də, bir az hava almaq üçün, onu qaldığı

qonaq evinə yola saldım, beləliklə də, sənə ancaq bugün məktub yaza bildim.

Gündüz bir rus tanışımın istəyi ilə onun üçün bir kitabdan çıxarışlar yazmalı

oldum, sonra almancadan ingiliscəyə çevirmələrimi gözdən keçirib, bu əlyazmalarımı

redaktə eləmək üçün amerikalı iş yoldaşıma verdim. Sabah bu çevirmələrimi aparıb

Fleyşluya verəcəyəm, bununla da bu işi bütünlüklə bitirəcəyəm. Bundan sonra mənim

yenə də oxumaq və xəstələrimlə məşğul olmaq üçün vaxtım olacaqdır. Ancaq bu da

çox uzun sürməyəcəkdir. Hər halda bu, ürəyim istəyən qədər uzun bir vaxt

olmayacaqdır. Mənə elə gəlir, insanın gərək yaşam barədə düşünməyə də gen-bol

vaxtı qalsın.

Zilbertşeyn bu gün də mənə dəyməyə gəlmişdi, öncələrdəki kimi, yenə də mənə

çox istiqanlı yanaşır. Məktəb illərində biz onunla ayrılmaz arxadaşlar idik. Bizim biri-

birimizlə doğmalaşmağımızda nə idmanın, nə də başqa bir qarşılıqlı qazanc güdməyin

rolu olmamışdı, bizi biri-birimizə bağlayan yalnız düşüncələrimizin yaxınlığı idi.

Dərslərimizi hazırlayandan sonra boş qalan bütün vaxtımızı birlikdə keçirərdik.

Birlikdə ispan dilini öyrənər, böyük Servantesin əsərlərindən yararlanaraq çoxlu

macəralar quraşdırar, qəribə adlar düşünərdik.

Bizim “İspan ədəbiyyatından seçmə oxular” kitabımızda Servantesin bir

hekayəsini oxumuşduq, burada o iki itin danışığını yazıya almışdı. Hospitalın

qarşısında dayanmış bu iki itin arasında fəlsəfi-yumoristik bir dialoq gedirdi. Bu itlərin

adını bəyəndiyimizdən, onların adlarını özümüzə götürmüşdük. Biz danışanda da,

yazışanda da, biri-birimizi bu adlarla çağırardıq, mənim dostum özünə buradakı

itlərdən Barqanzanın, mən isə Sipionun adını götürmüşdük. Mən çox vaxt ona kiçik

bir məktub yazıb qoyardım və bu məktublar: “İstəkli, Barqanza” ilə başlayar,

“Dönməz arxadaşın Sipion Sevilyadakı hospitalın qarşısında səni gözləyir” deyə

bitərdi. Biz ikilikdə bir elmi dərnək yaradıb onu, zarafatla, “akademiya”

adlandırmışdıq, çox vaxt ikimiz də pul qoyub, birlikdə şam eləyərdik, birdən, hansı

birimizsə, nədənsə, başqa uşaqlarla birlikdə gəzməyə gedəndə, biri-birimizdən ötrü

bərk darıxardıq. Düzdür, aradabir, o öz düşüncələrini mənimlə bölüşməkdən qaçardı,

ancaq onda həmişə bir insanlığın, özgür düşüncəliyin, geniş bilik çevrəsinin,

özünəməxsus yumorun olması, bütün aydınlığı ilə gözə çarpardı. Ancaq bu

özəlliklərinin hamısında onun “şəhərliliyi” və yaşından böyük danışması da duyulardı.

Həkim diplomu alandan sonra, onu mən müalicə eləyirdim. Günlərin birində o

bizi, bütün keçmiş yoldaşlarını, Vyananın ucqarında yerləşən evinə, vida görüşünə

çağırmışdı. Qonaqlığın gedişində o, bizim qədəhlərimizə özü pivə tökür, bərk kövrəlsə

də, bunu bizdən gizlətməyə çalışırdı. Sonra biz birlikdə yığışıb kafeyə getdik və orada

cərrah Rozane mənim dostumun bu sentimentallığını gözə çarpdırıb gülüş yaratmaq

üçün, çox şit bir zarafat elədi. Bu yerdə mənim ona yazığım gəldi və aramızda çoxdan

yaranmış soyuqluq öz-özünə yoxa çıxdı. Mən vida sözü olaraq ona üz tutub dedim:

sən buradan getməklə mənim gənclik xatirələrimi də özünlə aparırsan. Sözün düzü,

downloaded from KitabYurdu.org




mən bu sözü gəlişigözəllik üçün demişdim, ancaq çox sonralar bu dediklərimin gerçək

olduğu bəlli oldu.

O çıxıb gedəndən sonra biz ilk çağlar məktublaşırdıq, o, yazılarında tez-tez başı

pozulmuş atasından və yaşamının anlamsızlığından danışırdı. Mən isə onun kütləşmiş

romantik instinktlərini oyatmağa, ovqatını yaxşılaşdırmağa çalışırdım, ancaq bu

çalışmalarımın hamısı boşuna gedirdi. Sonra o, toplumda özünə yaraşan üstün bir yer

tutmaq umudu ilə, Buxarestə köçdü. Gəncliyində o hindularla çox maraqlanardı.

Kuperin “dəri corablısını”, dənizdə baş verən macəralarla bağlı kitabları çox

bəyənərdi və onlara ürəkdən bağlanmışdı. Son illər o, Dunayda üzmək üçün böyük bir

qayıq almışdı və tez-tez dostlarını qayıq gəzintisinə çağırardı. Mənim üçün ən ilginc

olan, onun qayığı sürmək üçün muzdlu avarçəkənlər tutması idi.

Biz tez-tez olmasa da, ara-sıra görüşüb danışardıq. Sonra mənim ömrümə sən

gəldin və düşüncələrim bütünlüklə sənə bağlanıb qaldı. Sən mənim üçün yeni, sevimli

bir dost oldun, bütün duyğu və düşüncələrim isə yalnız sənə sarı yönəldi...

Mən Zilberşteynə səndən danışanda, bizim aramızda öncədən də olan düşüncə

ayrılığı bir az da qabarıq üzə çıxdı. O mənim duyğularımı anlaya bilmədi. Özü isə,

ürəyiyanan yaxınlarının ona göstərdiyi, çox varlı, ancaq anlamaz bir qızla evlənmişdi.

İndi o, evləndiyi bu “pul kisəsinə” öyrəşib yaşayır, ancaq əldə elədiyi bu pullar da ona

yetik olmadı, o nə yönlü bir tacir ola bildi, nə də özünü dolandıracaq bir iş yiyəsi oldu.

Mənim səni sevməklə nələr qazandığımı isə özün çox gözəl bilirsən.

Bax indi, üstündən neçə illər keçəndən sonra, biz yenidən Zilberşteynlə

görüşdük, oturub uzun-uzadı, ötüb keçən ömrümüzlə bağlı danışdıq, yaşamın bizim

ötkəm istəklərimizi necə cilovladığından söz açdıq, düzdür, bütün bunlar kiminsə lap

tez, kiminsə çox sonralar başına gəlsə də, ancaq qaçılmaz bir gerçəklikdir. O,

gəncliyində, ilk olaraq, Annanı sevmişdi, sonra Fanniyə vuruldu. Sonra onun

yaşamında, qarşılaşdığı bütün qızların hamısına, heç bir fərq qoymadan, vurulduğu

bir dönəm başladı, indi isə artıq o, heç kimi sevmir.

Məndə isə, büsbütün tərsinədir. Mən qabaqlar heç kimi sevməmişdim, indi isə

yalnız səni, mənim birdənəmi sevirəm. Bax, beləliklə də, mən sənə dostum

Zilberşteynin başına gələnləri danışdım. İndi o bankir olub, bundan öncə qoşulduğu

yurisprundensiyanı bəyənmədiyi üçün indi də bu yolu seçib. O bugünlərdə yenə də

keçmiş yoldaşlarını bir yerə toplayıb, Vyananın qırağındakı evində qonaqlamaq

istəyir, ancaq mənim işim başımdan aşdığı üçün onun bu qonaqlığına getməyəcəyəm,

bir də, artıq mənim üçün keçmişdə olanlar deyil, gələcəkdə olacaqlar daha önəmlidir.

Sağlıqla qal, mənim dəyərli dəfinəm. Mənim poçt qutum hələlik boşdur.

Düşünürəm, sənin məktubun sabah gəlib çıxar.

Sənin Ziqmundun

downloaded from KitabYurdu.org




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə