Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Fənn: Quruda və dənizdə neftin və qazın boru kəməri ilə nəqli



Yüklə 23,45 Mb.
səhifə8/70
tarix29.11.2023
ölçüsü23,45 Mb.
#139279
1   ...   4   5   6   7   8   9   10   11   ...   70
Quruda və dənizdə neftin, qazın boru kəməri ilə nəqli mühazirə-1

Magistral qaz kəmərinin tərkibi

Magistral qaz kəmərinin aşağıdakı tərkib hissələrinə malikdir:
1. Xətti tikililər, burada boru kəmərinin özü, korroziyaya qarşı mühafizə sistemi, rabitə xətləri və s. aiddir.
2. Kompressor stansiyaları ;
3. Qazpaylayıcı stansiyalar (QPS) yaxud yeraltı qaz anbarları (YQA);
Magistral qaz kəmərinin tərkib hissələri və sxemi şəkil 1.5-də verilir:


Şəkil 1.5. Magistral qaz kəmərlərinin tərkib hissələri və sxemi
1-qaz mədəni; 2-qaz yığımı məntəqəsi; 3-təmizləyici qurğuları olan baş kompressor stansiyası; 4-qaz paylayıcı stansiyaya boru xətti; 5 və 6-uyğun olaraq dəmir və şosse yollarından keçidlər; 7-aralıq kompressor stan-siyası; 8 və 9-uyğun olaraq çay və yarğanlardan keçidlər; 10-yeraltı qaz anbarı; 11-katod mühafizəsi stansiyası; 12-sonda qazpaylayıcı stansiya

Bəzi hallarda magistral qaz kəmərlərinin tərkibinə qazı mədənlərdən kəmərin baş tikintilərinə ötürən boru kəmərləri də daxil olur.


Magistral qaz kəmərlərinin əsas elementləri kəmərin xətti hissəsini təşkil edən borulardır. Magistral boru kəmərləri üçün diametri 300-dən 1420 mm-ə kimi dəyişən şovlu və şovsuz borulardan istifadə olunur. Adətən, boru kəməri 0,8 m dərinliyində (yer səthindən borunun yuxarı hissəsinə qədər olmaqla) torpağa basdırılır. Daimi buzlaq və ya bataqlıq şəraitində çəkilən boru kəmərini dayaqlar və ya süni yastıqlar üzərində quraşdırmaq olar.
Boruların divarının qalınlığı kəmərdə olan layihə təzyiqi nəzərə alınmaqla mexaniki hesablamaya əsasən müəyyən edilir. Əgər çəkilən qaz kəmərləri böyük çay hövzələrindən keçirsə, bu zaman kəmərlər xüsusi yüklər və ya beton örtüklə ağırlaşdırılaraq çayın dibinə yatırdılır. Bu zaman əsas kəmərlə yanaşı həmin diametrli ehtiyyat boru xətti də çəkilir. Dəmir yolu və böyük şosse yolları ilə kəsişən yerlərdə boru kəməri diametri kəmərin diametrindən 100-200 mm çox olan borudan keçirilir.
Bir qayda olaraq kəmərlərin trassına yaxın olan yaşayış məntəqələrinin qaza olan tələbatını ödəmək üçün həmin kəmərlərdən kiçik diametrli atqı xətləri də çəkilir.
Trasın relyefindən asılı olaraq boru kəmərlərində hər 10-30 km-dən bir qəza və təmir işləri zamanı kəmər hissəsini sistemdən ayırmaq məqsədilə xətti kran və ya siyirtmələr quraşdırılır. Qaz kəmərlərində qəza zamanı xətti kranın hər iki tərəfindən qazı atmosferə buraxmaq üçün şamlar olur.
Dispetçer fəaliyyəti üçün kəmərin trassı boyu rabitə xətləri (telefon, radiorele) çəkilir ki, bundan da teleölçmə və teleidarə siqnallarını ötürmək üçün istifadə edilir. Boru kəmərlərində örtüklərlə yanaşı korroziyadan əlavə mühafizə məqsədilə tras boyu katod və drenaj stansiyaları, həmçinin protektorlar yerləşdirilir. Trass boyu 10-20 km-dən bir kəmərə nəzarət etmək üçün xətti patrul xidməti məntəqələri yerləşdirilir.
Kompressor stansiyaları isə qaz kəmərlərində 100 -200 km intervalı ilə yerləşdirilir.
Qaz kəmərlərinin kompressor stansiyaları porşenli və ya mərkəzdənqaçma kompressor qurğuları ilə təchiz olunur. Hal-hazırda bir qazvurucu kompressor qurğusunun gücü 25 MVt-a çatır. Adətən, mərkəzdənqaçma kompressor qurğuları qrup şəklində ardıcıl və paralel birləşdirilərək işləyir. Bir qurğunun verimi 50 mln.m3/gün-ə, stansiyanın çıxışında təzyiq isə 10 Mpa-a çata bilir. Qaz yataqlarının ilkin istismar dövründə (lay təzyiqi yüksək olduqda) magistral qaz kəməri baş kompressor stansiyasız da işləyə bilər. Bütün kompressor stansiyalarında nəql olunan təbii qaz mexaniki hissəciklərdən təmizlənməklə qurudulur, zəhərli qazlardan (kükürd və karbon qazları) təmizlənir və odarizasiya olunur.
Kompressor stansiyaları da nasos stansiyaları kimi köməkçi avadanlıqlara və sistemlərə (soyutma sistemi, qazanxana, elektrik təchizatı, kanalizasiya və s.) malik olur.
Magistral qaz kəməri qazı qazpaylayıcı stansiyalara və nəzarət-paylayıcı məntəqələrə verir, orada, istehlakçıya verilməzdən əvvəl qaz mexaniki hissəciklərdən, kondensat və nəmlikdən təmizlənir, keçən qazın həcmi ölçülür, təzyiqi aşağı salınır və odorizasiya edilir (əgər baş kompressor stansiyasında bunlar həyata keçirilməyibsə).



Yüklə 23,45 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə