Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
94
dirilmiş görünmələri, öldürücü və ya ölüm gətirici şeylərdən təsirlənməmələri və
s. mənkabələrin başlıca mövzusu olmuşdur.
İşin məqsədi. Vəlinin hər hansı bir mövzuda sağ və ya ölü ikən köməyi-
nin toxunulacağına inanılması və bunun üçün ritual yollara müraciət edilməsi
nəticəsində yaranan sitayiş və ya inanc sisteminə vəli kultu deyilir. Vəli kultu
bütün tərəfləri ilə şamanlıq qurumunun təsiri altında qalaraq formalaşmışdır.
Ümumilikdə kultlar bir qayda olaraq cəmiyyətin dini və əxlaqi dəyərlərini əks
etdirirlər.
Bütün türk dünyasında geniş yayılan övliyalıq, başqa sözlə vəli kultu əs-
lində İslami bir anlayış olsa da kökü etibarilə qədim türklərin inanc sistemi ilə
bağlıdır. Belə olduqda övliyalığın funksional semantik rolu sadəcə olaraq təriqət-
lərlə bağlı olmayıb, həm də daha qədim dövrlərdəki ata-baba inancı ilə bağlıdır.
Övlıya kəramətlərinin semantikasında digər bir ünsür də türklərin za-
manla qarşılaşdıqları mədəniyyətlər olmuşdur. Bu mədəniyyətlərin övliyalıq qu-
rumunun yaranmasında rolu heç də qədim türklərin atalar kultundan az deyildir.
Vəlilərin mənkabələrinin araşdırılması övliyalığın həm semantikasının, həm də
funksiyasının cox tərəfli olduğunu isbatlayır.
Vəli kultu Azərbaycanda uzun müddət kommunist rejiminin hökm sür-
məsinə baxmayaraq mənəvi dünyamızın saflığını, ruhaniyyətini qorumaqla tari-
xi missiyasını yerinə yetirmişdir. Həm sağlığında, həm də dünyalarını dəyişdik-
dən sonra insanlara köməyinin toxunacağı müqəddəs adam kimi vəli və bu vəli-
nin məzarı başında edilən dualar, kəsilən qurbanlar vəli kultunun formalaşması-
na səbəb olan elementlərdən başlıcasıdır. Övliya adına tikilmiş pir və ya türbə-
nin özü və bu pir və ya türbələrdə dəfn olunan müqəddəs şəxsin bir qisim əşya-
ları bütün zamanlarda dini ziyarət elementi olmuşdur.
Ərəbcə “vela” ya da “vəliyə” feilindən törəyən “vəli” sözü, lüğətdə dost,
yoldaş, köməkçi, qonşu kimi mənalar daşıyır. Övliya sözü isə vəli sözünün cə-
midir. IX əsrdən sonra inkişafa başlayan təsəvvüf hərəkatı ilə birlikdə vəli anla-
yışı da məna baxımından inkişaf etmiş, Allahın əxlaqı ilə əxlaqlanmış, Haqq ilə
Haqq olmuş, Tanrının inayəti ilə kəramət göstərən şəxs mənasına gəlmişdir. Be-
ləliklə, qulun Allaha çatması üçün verilən mübarizə və qət edilən yol vəli anlayı-
şının təməlini meydana gətirmişdir. Bu yolda ermişliyə ulaşan adam “vəli”, yəni
Allah dostu deyə xarakterizə edilir (6, 5).
Ümumilikdə, ocaq adlandırılan bu pirlərdə, türbələrdə və məzarlarda
xəstələrin sağalması ya da diləklərin reallaşması kimi vəziyyətlərlə qarşılaşılma-
sı və vəli ilə əlaqədar söylənən mətnlərin, onun adının keçdiyi bəzi sözlərin var
olması diqqət yetirilən xüsusiyyətlərin başında gəlir. Əhməd Yaşar Ocağın yaz-
dığı kimi bu övliyaların məzar, ya da türbələri ümumiyyətlə normal qəbiristan-
lıqlarda olmazlar. Bir təpənin başı, ya da bir yolun qovşağı kimi bir yerdə və ya
şəhərin diqqət çəkəcək bir yerində ola bilirlər (6, 9). Ancaq bu hər zaman belə
deyildir. Xüsusən, Masallıda ümumi qəbiristanlıqda olmayan və əsasən ocaq ad-
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
95
landırılan məzarlarla bərabər, ümumi qəbiristanlıqda olan və ziyarət edilən övli-
ya, seyid, məzarlarına, türbələrinə də rast gəlmək mümkündür. Bunun başlıca
səbəbi müqəddəs şəxsin məzarı yanında dəfn olunmaq istəyən şəxslərin məzar-
larınin sayının artması və zamanla oranın qəbiristanlığa çevrilməsidir.
Bu gün bir çox araşdırmaçı xalq sufizmindəki vəli kultunun mənşəyini İs-
lamdan əvvəlki şaman inancıyla bağlayır. “Müsəlman türklərin yaşadıqları bütün
ərazilərdə və o cümlədən Anadoluda vəli kultu təhlil edildiyi zaman, bunun qay-
nağını İslamdan əvvəlki əski türk inanclarının təşkil etdiyi daha ilk baxışda diq-
qəti çəkəcək qədər sarihtir”(6, 10). Başqa bir fikrə görə, “Orta Asiya, Azərbaycan,
Anadolu və Balkan türkləri İslamı öz içlərindən çıxan və hələ də də əski inanc-
larına bağlı şeyxlərinin vasitəsilə, xalq sufizmi şəklində qəbul etmişlər. Xalq sufi-
ləri, qədim şamanist etiqadları və dini inancları vəhdəti-vücuda söykənən təsəv-
vüflə birləşdirərək İslam tarixində yeni bir mədəniyyət sintezi meydana gətirdilər
və bununla da etnik-mədəni tariximizdə yeni bir səhifə açmış oldular ” (1, 113).
Haqq aşiqi olduğuna inanılan, müqəddəsliyi qəbul edilən bu vəlilərə aid
edilən bir sıra fövqəladəlikləri ehtiva edən kəramətləri nəql edən mənkabə növü-
nün mənşəyi kimi İslamiyyətin qəbulundan sonra XI-XII yüzillərdə Azərbay-
canda, Orta Asiyada və Anadoluda sürətlə yayılmağa başlayan təsəvvüf cərəya-
nını təkbaşına qəbul etmək mümkün deyildir. Təbii ki, İslamiyyətin qəbuluyla
birlikdə türk xalqlarının inanc sistemində çox böyük dəyişikliklər meydana gəl-
mişdir. Ancaq uzun illərdən bəri var olan bir sıra dəyərləri tamamilə silmək də
qeyri-mümkündür. Bu səbəblə bir tərəfdən yeni bir dini qəbul edən xalq, digər
tərəfdən də inanc sistemində qoruduğu bir sıra dəyərləri bu yeni dinin örtükləri
içinə sığdıraraq yaşatmağa çalışmışdır. Buna görədir ki, bu gün bir çox elm ada-
mı türklərdə mövcud olan vəli kultunun təməlinin şamanist dövrlərdə atıldığını
söyləməkdədir.
“Türk şamanlığı ənənəvi mədəniyyətə hakim olan ideologiya olduğun-
dan etnik-mədəni sistemin digər sahələrində də təsirini çox geniş bir şəkildə hiss
etdirmişdir. İslamiyyətin qəbulundan sonra XI-XII yüzillərdə yaranan türk sufiz-
mi əski mədəniyyətin müsəlmanlıq adı ilə ortaya çıxışından başqa bir şey deyil-
dir” (3, 68). Qədim türk şamanlarını araşdıran zaman bunların türk vəlilərinin
sələfi olduğunu fərq etməmək mümkün deyildir (6, 11). Çünki mənkabə motiv-
ləri də tək-tək araşdırıldığında da görəcəyik ki, bu motivlər şamanist dövrlərdə-
kindən çox da fərqli deyil. Vəli mənkabələrində tez-tez qarşımıza çıxan şəkil də-
yişdirmə motivi bunun ən gözəl nümunələrindəndir. Şamanların özlərinə ata ruh
kimi bir quş seçdikləri və quşun şəklinə girərək ayinlərdə göyə yüksəldikləri və
bu şəkildə ruhlarla ünsiyyət qurduqları bilinməkdədir.
İslamiyyətin qəbul edilməsindən sonra əskidən şamanların, Buddist ra-
hiblərin və Xristian əzizlərinin göstərdikləri fövqəladəliklər hər nə qədər övliya
mənkabələrinin qaynağı rolunda olsa da bunlar yeni şəraitdə, İslam dininə, İslam
əxlaqına uyğun bir şəkildə yenidən qurulmağa başladı. İslam alimləri və böyük
Dostları ilə paylaş: |