Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud



Yüklə 1,81 Mb.
səhifə12/20
tarix26.11.2017
ölçüsü1,81 Mb.
#12653
növüXülasə
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

Ключевые слова: виртуальная коммуникация, азербайджаноязычное виртуальное прос­транс­тво, глобализация, фольклор и технология, newslore, netlore, виртуальный фольклор, Альберт Эйнштейн.
Məsələnin qoyuluşu. Müasir dövrdə informasiya-kommunikasiya texnologiya­larının yüksək sürətlə inkişafı qloballaşmanı təmin edən, daha doğrusu, şərtləndirən ən mühüm amillərdən biridir. Ən yüksək texnologiyalardan tutmuş məişət həyatına qədər sirayət edən informasiya-kommunikasiya texnologiyaları (İKT) artıq insan hə­ya­tının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. İlkin dövrlərdə hərbi məqsədlər zəmi­nində meydana gələn İnternet texnologiyası özü ilə bərabər bəşəriyyətin inkişaf dina­mikasına təsir edə biləcək fenomenal imkanlar gətirməkdədir. İnsanlar arasında ün­siy­yət, xəbərləşmə və məlumat əldə etmə sahəsində yaranan yeni imkanlar infor­ma­siya-kommunikasiya texnologiyalarının rolunu əvvəlki dövrlərlə müqayisədə kəskin şəkildə yüksəltmişdir.

İşin məqsədi. Müasir dövrdə İnternetin sürətlə yayılması virtual dünyanın miqyasını daha da genişləndirmişdir ki, bu da folklor yaradıcılığının rəqəmsal texnologiyalar vasitəsilə transmissiyasını (təbii keçidini) zəruri etmişdir. Belə bir şəraitdə “üz-üzə” kommunikasiyada icra olunan folklor virtual kommunikasiya mü­hi­tinə keçərkən bir sıra yeni xüsusiyyətlər qazanmışdır. Araşdırmada qarşıya qoyulan məqsəd məhz virtual kommunikasiya mühitində gedən folklor proseslərinin müəy­yən­ləşdirilməsi və analizidir.

Qlobal informasiya sistemi hesabına qloballaşmanın daha sürətlə getdiyini qeyd edən K.W. Violetta “Qloballaşma mərhələsində e-folklor” məqaləsində yazır: “Son on ildə İnternetin qlobal informasiya sistemi kimi populyarlığı hesabına qlobal­laşma prosesləri son dərəcə sürətlənmişdir. Müasir elektron texnologiya uzaq­da və yaxında yaşayan insanlar arasında yeni bir kommunikasiya üsulu meydana gətir­mişdir. İnsanlar mobil telefon və İnternetdən yalnız informasiya əldə etmək məqsə­dilə deyil, əyləncə və əlaqə, həmçinin fərdi baxış və düşüncə mübadiləsi üçün isti­fa­də edirlər (6, 248).

Təbii ki, informasiya-kommunikasiya texnologiyalarının insanlar arasında ün­siy­yət və münasibət məsələlərinə birbaşa nüfuz etməsi, daha doğrusu, əvvəlki dövr­lərlə müqayisədə tamamilə yeni formalar təqdim etməsi, bütövlükdə həyata baxışın fəlsəfəsinə, eləcə də bu fəlsəfəni formalaşdıran mexanizmlərə – dilə, mədə­niyyətə, folklora da təsir etməyə başlamışdır. İnsanlar arasında ünsiyyətin, münasibət və ya təmasın virtual məkanda meydana çıxması, paralel olaraq özünüifadə və özünütəş­kil­etmənin də rəqəmsal paradiqmalarını doğurmuşdur. Bu isə öz növbəsində gündəlik ünsiyyətin hər bir məqamında ortaya çıxan folklorun da yeni təzahür və faktlarını öz içinə almaqdadır: “Yeni hadisə və problemlərə bu cür dərhal reaksiya vermək üsulu, təbii ki, qlobal xarakterli, xüsusi yazılı, şifahi və vizual folkloru yaratmağa meyllidir ki, bu da “e-folklor” adlandırıla bilər” (6, 248). Təbii ki, dünya və gerçəkliyə müxtə­lif aspektlərdən münasibət folklorun təbiətindən qaynaqlanır, lakin hazırkı texnoloji imkanlar şəraitində bir tərəfdən folklorik reaksiyanın materialını təşkil edən informasiyanın bolluğu, digər tərəfdən də İnternetin hesabına informasiyanın ictimai müzakirə predmetinə çevrilməsi çevik sosial reaksiya ( təbii ki, folklorik modellər nəzərdə tutulur) mexanizmini formalaşdırmışdır. Belə bir şəraitdə kommunikasiya yaradan (folklor – insanları bir araya toplayan ortaq mədəni işarələr sistemi kimi) və kommunikasiyada meydana gələn (folklor – iki və daha çox insanın üz-üzə və ya virtual ünsiyyəti zamanı meydana çıxan fakt kimi) folklorun funksional mahiyyəti yeni məzmun kəsb edir. O artıq yalnız keçmiş haqqında hekayə deyil, gündəlik həyatın nəbzini tutan, hadisə və olayların ən çevik, lakonik və mükəmməl modelini təqdim edən kollektiv reaksiya kimi özünü göstərir. Təsadüfi deyildir ki, bu proses akademik folklorşünaslıq dövriyyəsinə yeni anlayış və istilahların daxil olmasını şərtləndirmişdir: “netlore”, “newslore”, “virtual folklore, “web folklore”, “digital folklore”, “internet folklore”, “e-folklore” və s.

İnternetin populyarlaşması və müvafiq olaraq İnternet istifadəçilərinin sayının çox sürətlə artması, eləcə də texnoloji sferada yeni imkan və resursların ortaya çıxması və bunların gündəlik məişət həyatına təsiri insanların həyat rejiminə də dərindən sirayət etməyə başlamışdır. İnsanlar üzbəüz ünsiyyətdən onlayn kommu­ni­ka­siyaya (online communication) keçməyə başlamışlar. Virtual mühit və ya sosial şəbəkə real həyata daxil olmaqla, hər bir fərdin real dünyası ilə bərabər, virtual dün­yasını da formalaşdırmışdır. Bu isə sanki müasir insana yeni “rolların” verilməsidir. Hər bir şəxs gerçək dünyanın, fiziki reallığın üzvü olmaqla yanaşı, eyni zamanda virtual dünyanın da üzvünə çevrilmişdir. Başqa cür ifadə etsək, “virtual dünya” anlayışı bu gün artıq reallığa çevrilmişdir. Yəni fziki reallıqla virtual reallığın, demək olar ki, sərhədləri aradan qalxmışdır. İnsanlar müəyyən bir məkanda üz-üzə ünsiy­yətdə olmaqla bərabər, eyni vaxtda müxtəlif məkanlarda olan şəxslərlə də ünsiyyətdə və vahid informasiya mühiti daxilindədir. Virtual mühitin özünəməxsus şərtləri, nor­ma və prinsipləri olduğu üçün bu reallığın da spesifik psixologiyası, fəl­sə­fi mahiyyəti və ənənələri meydana çıxmağa başlamışdır. Odur ki, virtual dünyanın üzvünə çevrilən şəxs müvafiq davranışları qavramaqla və icra etməklə bərabər, həmin mühitə məxsus psixoreallığı da mənimsəmiş olur. Bugünkü insanın real dünyada yaşamaq təcrübəsi və ənənəsi olduğu kimi, virtual dünyada da yaşamaq və mövcud olmaq təcrübəsi vardır.

Belə bir şəraitdə bütün mahiyyəti ilə virtual mühitin bir parçasına çevrilən insan həyata baxışını, dünyagörüşünü, adət və davranışlarını, bütövlükdə folklorunu da internetə gətirmiş olur. Bu isə insanın ən mühüm ehtiyaclarından biri olan kom­munikasiyanın da yeni imkanlar hesabına təmin olunmasına, eyni zamanda virtual mühit daxilində folklor yaradıcılığı proseslərinin meydana çıxmasına şərait yaradır ki, buna da insanın kommunikasiya və özünüifadə ehtiyacının təcəssümü və faktı kimi baxmaq daha doğru olardı.

Hesab edirik ki, burada məsələyə antropoloji prizmadan baxmalıyıq. Ümumiy­yətlə, insanın mədəni yaradıcılıq ehtiyacı və ehtirası birbaşa olaraq onun psixoloji mahiyyətindən qaynaqlanır. İnsan bütün zamanlarda və məkanlarda özü­nüifadəetmə, özünüreallaşdırma zərurətini hiss etmişdir. Bu ehtiyac mifoloji çağda dünyanı dərk etməyə və ifadə etməyə çalışan insanın ən mühüm impulsvericisi kimi bu gün də fa­si­ləsiz olaraq fəaliyyət göstərməkdədir. Dəyişən yalnız dekorasiya­lar­dır (ifadə üslu­bu, dil-yazı-qrafika kimi formal əlamətlər və s.), emosional ehtiyac­lar isə sabit və spontan olaraq qalmaqdadır. Əslində, internet mühiti zəminində özü­nü­ifadə­et­mə­nin əsasında məhz insanın emosional-psixoloji ça­ğı­rış­ları dayanır. “... Hər kəs və hər qrup ənənəvi olmağa çalışır. Başqa şəkildə desək, digər şəxslərin də bu ümumi for­ma­ya uyğunlaşmasını təmin etmək üçün öz təcrübə və davranışlarını ümu­miləş­dir­mə­yə çalışırlar. İnsanlar özlərini təkcə bioloji övladları, yaradıcı fəaliyyətləri ilə deyil, eyni zamanda həyat tərzləri və düşüncələri ilə də gerçəkləşdirirlər. Ənənə ya­rat­ma zərurəti öz təbiəti etibarı ilə universaldır. Fərdlər və qruplar təcrübələrini ən­ənə­yə çecirməyə nail olması ilə bir-birindən fərqlənirlər. İnternetdəki xalq ənənə­lə­rinə gəldikdə isə, fərdin özünü təqdimetmə ehtiyacı hiss etdiyi və internetdəki in­for­masiya selinə öz səsini qoşmaq istədiyi, şəxsi təcrübələrini paylaşaraq özünütəş­kil­et­məyə çalışdığı müşahidə olunmaqdadır” (5, 100).

Bu isə bir daha onu deməyə əsas verir ki, insan mövcud olduqca, kommuni­kasiya imkanları var olduqca insanın mədəni yaradıcılıq potensialı da fasiləsiz olaraq davam edəcək və yeni mühitlərə transformasiya olunacaqdır. Əslində, internet folklorunun çox sürətlə genişlənməsinin motivatoru qeyd etdiyimiz faktorlardır. Bu gün İnternet yeni folklor yaradıcılığının əsas məkanlarından birinə çevrilmişdir. Yaxud başqa şəkildə desək, internetin özü virtual folklor proseslərinin əsas mənbəyidir. Real cəmiyyətdə baş verənlərin fasiləsiz şəkildə internetə transformasiya olunması, virtual mühitin özündə də sosio-kultural proseslərin meydana çıxmasına, beləliklə, İnternetə texnokulturoloji fenomen kimi baxmağa imkan verir. Odur ki, bu gün İnternet, folklorun həm transformasiya olunduğu, həm meydana çıxdığı, həm yayıldığı, həm də cilalandığı ən mühüm məkan kimi xarakterizə oluna bilər.

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı və yaratdığı imkanlar sosial-mədəni proseslərin virtual mühitə transformasiyası, yeni folklor yaradıcılığı təmayüllərinin meydana çıxması ilə müşahidə olunur. Bir tərəfdən urbanizasiya proseslərinin insanın həyat tərzinə və dünyagörüşünə təsir etməsi, digər tərəfdən qloballaşmanın, qlobal dəyər və fəlsəfənin ortaya çıxması, bütövlükdə mədəniyyətin və onun tərkib hissəsi olan folklorun da təbiətinə təsir etməkdədir. Artıq bu günün texnoloji imkanları sosio-kultural proseslərin, virtual mühitə transformasiyasını o qədər asanlaşdırmışdır ki, bu da insanın özünüifadəsinin ən əsas sahələrindən biri olan folklorun da formasına, məzmununa, üslubuna, icra olunma vasitəsinə və s. təsir etmişdir. A.Dundesin də vurğuladığı kimi, bu gün “... folklor məhv olmur, əksinə elektron poçt və internet üzərindən yayılmanın inkişafı hesabına müasir dünyada canlı və diri qalmağa davam edir” (1, 406). Bu isə bir daha onu deməyə əsas verir ki, hazırda folklor yaradıcılığı nəinki zəifləmiş, hətta yeni texnoloji imkanlar hesabına daha da aktivləşmiş və genişlənmişdir. Lakin ənənəvi folklor janrlarından, irihəcmli və geniş süjetli mətnlərdən çevik, lakonik, qısa, mobil ifadə formalarına keçid baş vermişdir.

Hazırda qlobal informasiya şəbəkəsinin mövcudluğu, informasiya-kommu­ni­kasiya texnologiyalarının geniş imkanları şəraitində, həmçinin sosial medianın ak­tual­laşdığı bir zamanda müəyyən bir hadisə və ya faktın lokal çərçivələrdən çıxaraq qloballaşması və gündəmə gəlməsi, əslində, həmin informasiya üzərində başqa bir prosesin də paralel şəkildə getməsini təmin edir. Xəbər mətni ictimai-siyasi, sosial-iq­ti­sadi və ya mədəni-mənəvi mahiyyətindən asılı olmayaraq kollektiv reaksiyanın diq­qət mərkəzinə düşürsə, fərdin və ya sosiumun müəyyən emosional-psixoloji mü­hi­tinə təsir edirsə, o artıq ilkin funksiyasından əlavə funksiyaları da kəsb etməyə baş­layır.

Müasir dövrümüzdə yeni folklor yaradıcılığının ən mühüm mənbələrindən biri məhz sosial mediadır. Son dövrlər Azərbaycanın sosial, iqtisadi, siyasi, mədəni, mənəvi həyatında baş verən bütün proseslər (devalvasiya, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Avropa oyunları, Formula -1 yarışları, İslam Həmrəyliyi oyunları, Bakı şəhərinin infrastrukturu (müxtəlif məişət problemləri və s.), eləcə də dünyanın əsas xəbər gündəmi (Neftin qiymətinin aşağı düşməsi zəminində iqtisadi sferada baş verən gərginliklər, İŞİD terror qruplaşmasının dini pərdə altında yaratdığı yeni reallıqlar, Şimali Koreyanın gənc prezidentinin qeyri-adi hərəkətləri, Rusiya və Ukrayna arasında beş verən hadisələr, Rusiya və Türkiyə arasında təyyarə hadisəsi, Türkiyənin yeni gündəmi – “Dərbə cəhdi” və “FETÖ”, Amerikada prezident seçkiləri (Hillari Klinton və Donald Tramp mücadiləsi)), həmçinin Qərb və Şərq, xristian və müsəlman dünyaları arasında çoxparametrli fərqlər (həyat tərzi, dünyagörüşü, elmə, təhsilə münasibət və s.), zəminində meydana gələn hadisələr və s. xəbər lentlərindən sosial şəbəkələrə, forum və bloqlara xəbər mətni olmaqla yanaşı, kollektiv reaksiyanın hadisələrə çevik münasibəti olan “newslore” (news – xəbər, lore – bilik) kimi də daxil olurlar. Alan Dandes və Karl Paqterin də qeyd etdiyi kimi, “milli və beynəlxalq zəmində baş verən gərgin və travmatik hadisələr yeni folklorun əmələ gəlməsini stimullaşdırır”. Bu isə müasir dövrdə yeni folklor yaradıcılığı proseslərini meydana gətirən mexanizmlərdir. Təbii ki, burada İnternetin, xüsusilə də sosial medianın müstəsna rolu özünü açıq-aydın şəkildə göstərməkdədir. Çünki cəmiyyətin ictimai, siyasi, iqtisadi həyatında gedən bütün proseslər fasiləsiz olaraq sosial medianın gündəminə gəlir və ictimai müzakirə, kollektiv reaksiya zə­mi­nində kollektiv yaradıcılığın predmetinə çevrilir. Bu da son nəticədə kollektiv düşün­cəni ifadə edən modellərin – xəbər məzmunlu ifadələrin, şəkil və karikatür­lərin, de­yim və parafrazların meydana çıxmasına səbəb olur. Məlumatların operativ və anında İnternet mühitinə daxil edilməsi (özü də bu prosesdə professional jurna­list­lərdən daha çox, sadə, sıravi vətəndaşların təşəbbüskarlığı özünü daha çox göstərir) yeni fol­klor yaradıcılığının faktoloji bazasını zənginləşdirir ki, bu da çox vacib məsə­lədir.

Burada bir məsələyə xüsusi diqqət yetirməliyik ki, ənənəvi folklor yaradıcılığı proseslərindən (real, üz-üzə ünsiyyətə əsaslanan folklor prosesləri nəzərdə tutulur) fərqli olaraq virtual folklor proseslərinin faktoloji bazası daha çox sosial medianın hesabına ödənilir. Bu isə situativ hadisə və olayların tez-tez dəyişməsi, onların əvə­zinə isə yenilərinin meydana çıxması ilə müşayiət olunur. Belə bir şəraitdə İnter­netdə meydana gələn folklor nümunələrini müəyyənləşdirmək, folklorik mexanizm və mo­delləri aşkarlamaq bir qədər çətinləşir. Sanki hadisələrin meydana çıxma, aktual­laş­ma və gündəmdən düşməsi ilə folklorlaşma və arxivləşmə prosesi paralel baş ve­rir. Bu proses o qədər həmahəng və eynizamanlı şəkildə gedir ki, həmin məqamda müəy­yən bir folklor nümunəsinin aşkarlanması, qeydə alınması və saxlanılması çox çətin olur. Bəzən hətta bu prosesi nəzarətdə saxlamaq qeyri-mümkün olur. Hazırda biz bu prosesi, yəni virtual folklor nümunələrinin meydana gəlməsini sosial şəbəkələrə üzv olmaqla, bloq və forumları aktiv şəkildə izləməklə müşahidə edə bilirik. Lakin məsə­lə­yə bir qədər sistemli yanaşmaqla daha yaxşı imkanlar əldə etmək mümkündür. Belə ki, soial medianın gündəmində olan hadisələrin gündəlik, həftəlik və aylıq hesabatını əldə etməklə, yəni daha çox tezlik qazanan mövzuları diqqət mərkəzində saxlamaqla onların üzərində meydana çıxan folklor proseslərini (yəni folklorlaşma potensialına malik hadisələri) də daha asan müəyyənləşdirmək və qruplaşdırmaq olar. Həmçinin bu üsul yeni yaranan folklor nümunələrinin kontekstual analizini də aparmaq üçün geniş imkanlar aça bilər. Çevik sosial reaksiya fonunda meydana gələn folklor nü­munələrini “pasportlaşdırmaqla”, yəni onu meydana çıxaran hadisə, məkan, zaman və s. parametrləri qeyd etməklə, tədqiqat üçün daha səmərəli şərait yaratmaq müm­kündür. Bu isə, bütövlükdə yeni hadisə olan internet folklorunun təhlil meto­di­ka­sı­nın da müəyyənləşdirilməsi istiqamətində müəyyən imkanlar yarada bilər.

Təbii ki, hər bir xəbər, informasiya folklor yaradıcılığının predmetinə çevril­mir. Burada kollektiv maraq və reaksiyanı cəlb edən mövzular, insanların həsaslıq nü­mayiş etdirdiyi situasiya və məqamlar, bütövlükdə isə emosional-psixoloji gerçək­liyə təsir edən hadisələr birbaşa olaraq diqqət mərkəzinə gəlir. Xüsusilə informasiya-kommunikasiya texnologiyalarının verdiyi imkanlar zəminində (sözlü mətn, şəkil, qrafik işarə, animasiya və s.) yeni folklor yaradıcılığı prosesi əvvəlki dövrlərdən tamamilə fərqli – həm forma, həm məzmun, həm dil, həm üslub, həm də janr spesi­fikası baxımından meydana çıxmaqdadır. Burada ən mühüm cəhət meydana çıxan folklor nümunəsinin formasından, məzmunundan, yaranma texnologiyasından, ak­tual­laşma məkanı və xarakterindən asılı olmadan kollektiv maraq və reaksiyaya əsas­lanması, daha doğrusu, kollektiv – ortaq mədəni qəliblər (folklorik mexanizmlər) əsa­sında təşkil olunmasıdır. Təbii ki, meydana çıxan nümunənin kommunikativ mühitə daxil olması və bu mühitdə aktuallaşması da əsas şərtlərdən biridir. Lakin bü­tövlükdə virtual folklorun strukturu, formalaşma mexanizmləri, növ tərkibi çoxpa­rametrlidir və bu proses fasiləsiz şəkildə getməkdədir.

Hal-hazırda virtual mühitdə ən geniş rast gəlinən folklor nümunələri arasında hadisə və reallıqlara komik münasibət və ironik reaksiya əsasında ortaya çıxan fakt­lar diqqəti cəlb edir. Bir tərəfdən internetdə əyləncə və istirahət imkanlarının ge­niş ol­ması, digər tərəfdən də şəhərləşmə və bir sıra faktorların təsiri ilə müasir dövrdə folklor janrları içərisində lətifələrin ən aktual və sürəkli yaranma və yayılma xarak­terinə malik olması virtual mühitdə də gülüş və onunla bağlı məzmunlara daha çox rast gəlinməsinə səbəb olmuşdur. Həmçinin aktiv kommunikasiyanı təmin edən müx­təlif platformalarda – sosial şəbəkə, forum və s.-lərdə meydana gələn folklor nümu­nələrində müşahidə olunan tendensiya və trendlərdən biri sosial protestlə bağlıdır. Çünki, müasir dünyada folklorun funksionallığını təmin edən ən mühüm amillərdən biri sosial protestdir (2, 34). Başqa şəkildə ifadə etsək, müasir folklorun ən mühüm funksiyalarından biri sosial protest funksiyasıdır. Yəqin ki, biz sosial protest anlayışını da, yalnız etiraz, əks münasibət kimi deyil, ümumi mənada sosial reaksiya, münasibət kimi anlamalıyıq. Çünki folklorun mahiyyəti məhz reaksiya, daha dəqiq desək, kollektiv reaksiya ilə bağlıdır. Bu baxımdan yanaşdıqda virtual folklor faktlarında müşahidə etdiyimiz trendlərdən biri baş verən hər hansı bir sosial-iqtisadi, sosial-siyasi, sosial-mədəni prosesə ümumi mənada desək, komik münasibət, konkret halda isə ironik – ələsalma və “lağa” qoyma tendensiyasıdır.

Bəllidir ki, arxaik cəmiyyətlərdə informasiyanın saxlanılması və ötürülməsi bir sıra instutisional təsisatlar – söyləyicilik institutları (ozanlıq, aşıqlıq, naqqallıq) və ənənəvi ifadə modelləri (epos, dastan, nağıl) əsasında həyata keçirilirdi. Eyni zamanda məhdud sfera daxilində olan informasiyalar – ezoterik bilik və davranışlar isə cəmiyyətin müəyyən subyektləri (şamanlar, seyidlər, ağsaqqallar) tərəfindən müvafiq ifadə modelləri (dua, mərasim, müdrik məsləhət, çıxış yolu) əsasında yaşadılır və ötürülür. Ənənəvi cəmiyyətlərə xas olan həmin institut və təsisatlar bir sıra funksiyaları yerinə yetirsələr də, onların meydana gəlməsi və yaşamasında kon­kret zərurət olduğunu da demək olar. Çünki informasiya-kommunikasiya texnologi­ya­larının mövcud olmadığı min illər boyu insanlar informasiyanı məhz şifahi yaddaş yolu ilə söyləyicilik institutları hesabına yaşatmağa və ötürməyə nail olmuşdular. Müasir dövrdə də insanların yaşam tərzinə, həyata baxış üsuluna uyğun çevik modelləşdirmə formaları mövcuddur. Müasir dövrümüzdə isə folklorun məzmunu və forması tamamilə dəyişildiyi halda, bir qədər əvvəldə də vurğuladığımız kimi, əsas funksiyalarından biri olan “gərgin” və “travmatik” məqamlarda aktuallaşma poten­sialı internetdə müşahidə etdiyimiz komik məzmunlu nümunələrin timsalında özünü daha aydın göstərməkdədir. Bunların arasında xüsusən gerçəkliyi ironik, satirik və gülünc şəkildə təcəssüm etdirmə, yaxud həyata komik planda yanaşma diqqəti cəlb edir. Doğrudur, burada gülüşün insanın ən əsas emosional ehtiyaclarından biri olması faktoru, eyni zamanda psixoloji boşalmanı, daxili gərginlikdən xilas olmanı ifadə etməsi də mühüm əhəmiyyət kəsb edir. Çünki hər hansı bir fərd müəyyən bir hadi­səyə gülməklə, yaxud həmin hadisəni gülünc şəklə salmaqla bir tərəfdən özünün reak­siyasını ifadə edirsə, digər tərəfdən də situasiyanı kollektiv reaksiyanın qəlibinə uyğunlaşdıraraq (photoshoplore, caps) folklor nümunəsi yaratmış olur. Yəni bu davranış və ifadə olunan məzmun, əslində, kollektivin reaksiyası kimi ortaya çıxır. Təbii ki, antropoloji keyfiyyət olaraq gülüş insanın gerçəkliyə münasibətinin ifadəsi kimi bir sıra mənalar kəsb edir. Ü.Özünlü gülüşün mahiyyətini izah edən araşdır­malarda diqqəti cəlb edən 4 yanaşmanı qruplaşdırır:



  1. Özünü gülüş obyektinə çevrilən birindən üstün bilmə, yəni onun etdiyini etməyəcəyinə əminlik və bundan duyulan rahatlıq əsasında gülmə;

  2. Hadisələrin müəyyən düzümündən fərqli olaraq gözlənilənlərin əksinə bir hadisənin baş verməsi insanlarda şok effekti yaradır ki, bu da gülüşə səbəb olur.

  3. Hər bir insanda gizli qalmış bir “attack” istəyi vardır ki, müəyyən hərəkət və davranışlarda insan bu istəklərini zaman-zaman büruzə verir. Bu istək gerçəkliklə üst-üstə düşməyəndə ziddiyyət yaranır ki, bu tərslik də insanları güldürür.

  4. Hadisələrin və danışıqların axınında bəzi ziddiyyət nöqtələri və məntiqsizliklər meydana çıxır ki, bunlar da gülüşə səbəb olurlar (9, 21).

Gülüşə antropoloji, psixoloji, sosioloji, bioloji və s. aspektlərdən yanaşılmasından asılı olmayaraq, o, insanın gerçəkliklə münasibətinin, onu dərk və ifadəsinin ən mühüm modellərindən biridir. Odur ki, insan mövcud olduqca gülüş və onun ən müxtəlif çalarları özünü göstərəcəkdir. Bu baxımdan, kiçik həcmli lətifələr, texnoloji vasitələr hesabına yaradılan karikatürlər, videoroliklər xüsusi ilə geniş yayılmaqdadır. Hazırda virtual folklorun ən sürəkli nümunələri elə məhz gülüş modelləri əsasında ortaya çıxmaqdadır. Təbii ki, burada İKT-nin verdiyi imkanlar da xüsusi rol oynayır. Çünki internet lətifələri təkcə sözlə deyil, şəkil, animasiya, dublyaj və s. kimi rəqəmsal formalarda da ortaya çıxırlar.

Hazırda Azərbaycandilli virtual məkanda da folklor prosesləri çox sürətlə getməkdədir. Belə ki, qloballaşan və virtuallaşan dünyanın tərkib hissəsi kimi Azər­baycan da bu proseslərin iştirakçısıdır. Təbii ki, folkloru olmayan xalq yoxdur. Yaxud başqa şəkildə ifadə etsək, “ən azı bir ortaq faktoru paylaşan hər hansı bir insan qrupu” (8, 10) mövcuddursa, burada kommunikasiya ehtiyacı və zərurəti labüddür. Lakin müasir dövrdə, elektron texnologiyaların, həmçinin yeni kommu­ni­kasiya modellərinin mövcudluğu şəraitində, virtual folklorunun meydana gəlməsi bir tərəfdən hər bir xalqın yaradıcılıq potensialından, onun emosional-psixoloji ehtiyac­larını dildə ifadə etmək imkanlarından və s.-dən asılıdırsa, digər tərəfdən də ölkə üzrə informasiya-kommunikasiya texnologiyalarının inkişaf səviy­yəsi və imkanları ilə birbaşa əlaqəlidir. Yəni müasir real proseslərin transfor­masiya olunduğu virtual dünyada mövcud olmaqla, həmin sürət və imkanlara qoşul­maqla orada baş verənlərin içərisində olmaq mümkündür. Təbii ki, bu parametrlər baxımın­dan Azərbaycan Respublikası ən müasir İKT qurğu və təchizatına malikdir ki, burada yaşayan əhalinin çox hissəsi virtual dünyanın aktiv iştirakçısıdır. Odur ki, bu gün aktiv folklor proseslərinin baş verdiyi real və virtual məkanlardan biri də Azər­bay­candır.

Bizim müşahidələrimizə görə, Azərbaycandilli virtual məkanda, xüsusilə sosial şəbəkə, elektron poçt, forum və bloqlarda ən müxtəlif folklorik formalara – sözlü mətn, sözlü-şəkil, caps, dublyaj və s. rast gəlmək mümkündür. Mən burada tipik bir fakt kimi dünyaca məşhur alim, fizik Albert Eynşteynlə bağlı Azərbaycan dilli virtual məkanda geniş yayılmış folklor nümunələri barədə təhlillər aparmaq, həmin faktlar əsasında isə virtual folklorun analizini həyata keçirmək istəyirəm.

Məsələyə bir neçə sual ətrafında baxaq: Əvvəla, niyə Albert Eynşteyn?, ikincisi, niyə lətifə, gülüş predmeti kimi?, üçüncüsü, bu nümunələrin Eynşteynin tarixi şəxsiyyəti ilə əlaqəsi varmı?, dördüncüsü, Eynşteynin folklorik obrazının formalaşma texnologiyası necədir? və s.

Təbii ki, bu suallar bir-biri ilə çox sıx bağlıdır və ilk suala cavab verməklə əsas konturları müəyyənləşdirmək mümkündür. Hər şeydən əvvəl onu deməliyik ki, Albert Eynşteynlə bağlı folklor proseləri yalnız Azərbaycan dilli virtual məkanda cərəyan etmir. İnternetdə ingilis, rus, türk dillərində də bu tipli folklorlaşma proseslərinə rast gələ bilərik. Demək olar ki, Eynşteyn qlobal informasiya şəbəkəsinin yaratdığı imkanlar hesabına qlobal folklor obrazı kimi formalaşmışdır.

Tarixdən bəllidir ki, Eynşteyn fizika sahəsində fundamental dəyişikliyə səbəb olan elmi kəşfin müəllifi olmaqla yanaşı, dünya, gerçəklik, həyat barədə fəlsəfi ümumiləşdirmələr aparan, onlar haqqında sanballı fikirlər söyləyən şəxsiyyət kimi də tanınmışdır. O özünün qeyri-adi davranış və düşüncələri, maraqlı və macəralı şəxsi həyatı, ən başlıcası isə haqqında əfsanə və miflərin yaranmasına səbəb olan funda­mental kəşfləri ilə yaddaşlarda həkk olunmuşdur. Onun konkret bir elm sahəsindəki kəşfinin özünəqədərki elmi baxışı dəyişdirəcək qədər gücə malik olması, yəni klassik fizikadan yeni fizikaya keçidi zəruri edən xüsusi nisbilik nəzəriyyəsi və bu nəzəriyyə barədə yayılan populyar məlumatlar avtomatik olaraq insanların emosional-psixoloji dünyasına da təsir etmiş, irrasional, intuitiv modellər doğurmuşdur. Bu isə Eyn­ştey­nin kəşfləri ilə bağlı yarı elmi, yarı əfsanəvi, mifik söyləntilərin meydana gəlməsində mühüm rol oynamışdır. Eynşteynin doğularkən başının çox iri olması, çox gec yaşlarında dil açması, öldükdən sonra beyninin oğurlanması, bütövlükdə onun ölümü ilə bağlı müəmmalı fakt və söyləntilər, əslində, hələ internetin meydana gəlməsinə qədərki dövrdə qeyri-elmi dairələrdə, elmi-populyar auditoriyalarda onun folklor obrazının formalaşmaqda olmasını göstərir. Burada ən mühüm faktlardan biri Albert Eynşteynin elmə gətirdiyi xüsusi nisbilik nəzəriyyəsi, daha konkret desək, bu mərhə­ləyə qədərki fizika elminin sabit hesab etdiyi zaman və məkan məhfumlarına müxtə­lif koordinat sistemləri daxilində dəyişən anlayış kimi yanaşması, bütövlükdə, təsəv­vürləri dəyişən bir sıra qənaətləridir. Fövqəltəbii imkanlara malik folklor qəhrəman­larının real tarixi tərəfləri olduğu kimi, real-tarixi şəxsiyyətlərin də qeyri-adi, sirli, sehrli tərəfləri vardır. Yəni burada əsas məsələ obraz yaratmada iştirak edən folklor mexanizmidir ki, onun nəticəsində də müəyyən bir fakt və ya şəxsiyyət ənənəvi mo­dellər əsasında dərk olunur.

Elmi dövriyyədə Eynşteynin şəxsən özünün folklora münasibəti, xüsusi ilə uşaqların inkişafında nağılların rolu ilə bağlı dediyi söz, daha doğrusu, bu barədə olan bir hekayət çox populyardır. Müxtəlif variantlarda kitablarda nəşr olunmuş bu hekayət kiçik fərqlərlə belədir: “Mən Denverdə fövqəladə elm adamı kimi tanınan, doktor Eynşteynlə dostluq edən bir qadın haqqında hekayət eşitmişəm. Övladının da alim olmağını istəyən qadın doktor Eyşteyndən məktəb illərində onun nələri oxumasını tövsiyə etməsini soruşur. Təəccüblü olsa da, dr. Eynşteyn "nağıllar və çoxlu nağıllar"ı məsləhət gördü. Ananın bu sadə sözlərə etiraz etdiyi və daha ciddi cavab xahiş etdiyi təqdirdə dr. Eynşteyn israrla yaradıcı təxəyyülün əsl alimin təməl intellektual aləti olduğunu və nağılların uşaqlarda bu qabiliyyəti stimullaşdırmaq imkanına malik olduğunu əlavə etdi” (7).

Bu hadisənin təsvir modeli və burada baş verənlərin məzmunu klassik folklor nümunələrindən olan rəvayət mətnini xatırladır. Hadisəni təsvir edən şəxs onu başqa birindən eşitdiyini deyir. Sanki mətn hər dəfə söyləndikcə “əsl” mənbə qeyri-müəyyənləşir və nəticədə, bu hekayət bir fərdin yaşadığı hadisə kimi deyil, kollektivin arzu etdiyi, qəbul etdiyi, görmək istədiyi şəklə düşür. Sanki dahi alim Albert Eynşteyn xalq müdriki kimi uşaqlara nağıl oxumağı tövsiyə edir. Mətn bunu birmənalı hökm kimi, atalar sözü kimi təqdim edir, təbii ki, burada istinad edilən şəxsiyyətin çəkisi və təsir imkanı da xüsusi rol oynayır. Stefan Winick “Eynşteynin folkloru” adlı məqalə­sində Eynşteynlə bağlı bu məsələyə İnternetdə hər yerdə – bloq, sitat saytları və “mem”­lər kimi tanınan şəkillərdə rast gəlindiyini qeyd edir. O yazır ki, “Bizim analizlərimiz göstərir ki, bu hekayənin özü folklordur. Bu tamamilə həqiqət olmadığı anlamına gəlmir. Eynşteyn belə, yaxud nəsə buna bənzər bir şey deyə bilər. Lakin bu onu göstərir ki, həmin hekayə illərdir dövriyyədədir, ehtimal ki, çapdan əvvəl şifahi şəkildə mövcud olmuş, daha sonra isə İnternetə – Usenet-in erkən vaxtlarından Face­book və digər sosial şəbəkələrin hazırkı mühitlərinə keçmişdir. Şifahi, çap və elektron transmissiya nəticəsində yayılan Eynşteynin nağılları təbliğ edən hekayəti digər xalq hekayələrinə bənzəməkdədir: o, bir neçə xırda detal fərqləri ilə mövcuddur” (7).

Eynşteynin folklora münasibətini ifadə edən hekayənin özünün belə folklorlaşması, hansı sözlərin həqiqətən onun tərəfindən deyilməsi və deyilməməsi və s. kimi faktlar bu şəxsiyyətin hələ İnternet meydana gəlməmişdən əvvəl kollektiv reaksiyanın hədəfində olduğunu sübut edir.

Azərbaycandilli virtual məkanda Albert Eynşteynlə bağlı meydana çıxan fol­klor nümunələrində diqqəti cəlb edən ən mühüm cəhətlərdən biri burada Eynşteynin kollektivin düşüncə və duyğularını təcəssüm etdirən obraz kimi özünü göstərməsidir. Ən kiçik məişət situasiyasından tutmuş ən fundamental həyati prinsiplərə qədər nüfuz edən bu obraz, sanki özünün real tarixi mahiyyətindən (dahi alim və filosof kimi) qaynaqlanaraq təbiətin və cəmiyyətin dilini bilən müdrik ağsaqqal kimi çıxış edir. Lakin bu müdriklik yalnız ciddiyyətə və sərt rasional məntiqə əsaslanmır. O, sadəcə universal biliklərə malik bir alim kimi deyil, eyni zamanda xalq müdrikliyini özündə ehtiva edən yaşlı adam statusunda dərk olunur.

Yəni Eynşteynin tarixi şəkil və görüntülərindən yaddaşlarda qalan zahiri (ağ saçlı və ağ bığlı, yaşlı adam təəssüratı, eləcə də dilini çölə çıxardığı məşhur komik pozası) və daxili (dahi alim, fizik) parametrləri onun folklorik obrazının formalaş­masında iştirak edən əsas detallardır. Çünki bu parametrlər psixoavtomatik olaraq Müdrik Qoca arxetipinin ənənəvi mədəniyyətdəki obraz təcəssümlərini yada salır. Bu isə onu deməyə əsas verir ki, Azərbaycandilli virtual məkanda müşahidə etdiyimiz Eynşteyn obrazı ənənəvi mədəniyyətin müdriklik konsepsiyası əsasında təşkil olun­muşdur. Ümumtürk mədəniyyətinin tərkib hissəsi kimi, Azərbaycan mədəniyyətində də müdriklik konsepsiyası təkcə müdrikliyi və ciddi aspektləri deyil, triksterliyi və komik tərəfləri də özündə ehtiva edir. Bu baxımdan Eynşteynin folklorik obrazı türk xalqlarının dünyaca məşhur lətifə qəhrəmanı – Molla Nəsrəddini xatırladır. Özünün zahiri əlamətlərinə görə müəllim, alim, müdrik olan Molla Nəsrəddin də, davranışlarının qeyri-adiliyi və komikliyi ilə diqqəti cəlb edir.



Nümunə 1. “Uzaq qohumnansa şəkillərimi layk edən dostlarım yaxşıdır”.

Bu nümunələrdə Azərbaycan xalqının gerçəkliyi gülüş prizmasından dərki və ifadəsi imkanları özünün ən yüksək səviyyədə təzahürünü tapır. Eynşteynin folklorik obrazı vasitəsilə kollektivin həyata baxışı, ifadə edə bilmədiyi emosional ehtiyacları təcəssüm olunur. Təbii ki, bu məqamda gerçəkliyin satirik və ironik təsviri modelləri aktuallaşmış olur:





Nümunə 2. “Martın yeddisi rayona gedirəm. Rəhmətə gedənim var”.
Burada “8 Mart” Beynəlxalq Qadınlar günü bayramı ərəfəsində bəzi kişilərin müəyyən bəhanələr gətirərək qadınları təbrik etməməsi faktına diqqət yetirilir. İnsanlar arasında tez-tez rast gəlinən bu davranış satirik yanaşmayla tənqid edilir. Həmçinin burada həmin gündə psixoloji olaraq qadın mühitinin ağırlığına mətnaltı işarə də yer almışdır. Çünki mətndə qadın mövqeyi öz əksini tapmışdır. Kişilərin qadınları təbrik etməmək üçün bəhanələrə əl atmasından kişilər narahat olurlar. Yəni kişilər qarşı tərəfin belə düşünəcəyini düşünürlər. Bu situasiya ilə bağlı başqa bir nümunə də fikrimizi təsdiq edir:



Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə