196
ğun şeirinin yüksək vətəndaşlıq ruhu, müasir həyata bağlılıq,
insanın mənəvi haqqının poetik təsdiqi bu əsərdə özünü aydın
göstərir. Şair tənqid hədəfini “vəzifə başında tutuquşulara”,
“stoluna dördəlli qırsaqqız olanlara”, yadlara yalaq, özününkülərə
ögey” olan iddialı, dördgöz adamlara çox ustalıqla tuşlaya
bilmişdir. Bəzən saxta, yalançı “millət qəhrəmanlarına” şair öz
qəzəbini gizlətmə-mişdir”.
Humanizm və vətənpərvərlik Xəlil Rza Ulutürk idealının tərkib
hissəsidir. Onun “poeziyasının kökü də, mayası da Vətən eşqi,
Torpaq və Xalqla bağlıdır. Bu vətənpərvərlik bizim müasirimizə
xas olan şüurlu vətənpərvərlikdir. Bu, hər şeydən əvvəl onunla
əlaqədardir ki, Xəlil Rza Vətəni, onun qəhrəmanlıqlarla dolu tarixi
keçmişini, bugünkü əzəmətini, sabahkı böyük fütuhatını duyur,
hiss edir, bir çox hadisələrin canlı iştirakçısıdır” [134, № 11].
X.R.Ulutürkün humanist görüşləri milli məkanla hüdudlaşmır,
sərhədləri aşaraq, bəşəri məzmun daşıyır. Onun vətənpərvərliyi də
eyni dərəcədə bəşəri sərvətdir. Şair yazmışdır: “Bizim birinci
borcumuz Yer kürəsini qorumaqdır. Yer üzündəki sonsuz
gözəllikləri, yer üzünün bütün Ermitaj və Luvr xəzinələrini, Titsian
Veçellionun fırçasından çıxmış sənət mirvarilərini, Füzulinin və
Şekspirin yaratdığı poeziya kəhkəşanlarını, İbn-Sinanı... bütün
təfəkkür korifeylərinin ürəyindən, gözlərindən süzülən əbədi işığı
qorumaq bizim borcumuzdur... Biz öz qüdrətli əllərimizi sərhədlər,
okeanlar, mərzlər üzərindən uzadıb bir-birimizi salamlamalı, öz
qəlbimizin qərarını qəti bildirməliyik: - Yaşasın xalqların Azadlıq
idealı!” (Şairin arxivindən. “Bütün bəşəriyyəti qucaqlaya
biləydim”, 1964, s.4) [318]. X.R.Ulutürkün şəxsiyyəti və
yaradıcılığında “vətənpərvərlik kamil formasında əqidədir, elmi
dünyagörüşün bir sahəsi, tərkib hissəsidir. Lakin o, eyni zamanda
hissi həyatla bağlayır, vətənə məhəbbət, sözün geniş mənasında
mütərəqqi milli mədəniyyətə mə-
197
həbbət, ana dilinə məhəbbət və s. kimi nəcib hisslər şəklində
təzahür edən mənəvi-əxlaqi keyfiyyətdir. Buna görə də həm hissi,
həm də əqli idrakla bağlı olub, şəxsiyyətin hərtərəfli mənəvi
zənginliyi, kamilliyidir” [130, s.42].
X.R.Ulutürk 80-ci illərin əsərlərində obrazlı desək, poetik
“Proqramını” yazmışdır. Şair 60-70-ci illərdə gizli gətirdiyi ideya,
mövqe axtarışlarını üzə çıxarmış, mətləb və məramını aydın
göstərmişdir. 80-ci illərin şeirlərindəki humanizm, vətənpərvərliyin
ideya daşıyıcılarından biri - şəxsiyyət və tale müəyyənliyidir.
X.R.Ulutürk vətəndaş şair və şəxsiyyət kimi 80-ci illərin
şeirlərində vüsətləşir. Şair milli İdealını aydın ifadə edir: İstiqlal və
onun uğrunda mübarizə!
İlk allahım, son allahım- mübarizə! Mənə bənzə!
Doğransam da xıncım-xıncım, zərrə-zərrə, rizə-rizə,
Məramımdır mübarizəl Mənə bənzə!
(“Mənə bənzə”)
“Xəlil Rza öz poeziyasında köksünü zamanın küləklərinə
açmayanları, ehkam çərçivəsində qalanları, süstləri, simasızları,
Vətəndə yaşayan vətənsizləri, böyük ictimai idealdan məhrum
olanları daim ifşa edir, qamçılayır və onların gec-tez məhvə
məhkum olacağına inanır. Bu inam onun poeziyasının qanına,
canına hopmuşdur. Bu mənada Xəlil Rza poeziyasını inam və
döyüş poeziyası adlandır-maq olar” [147].
Şair hansı məramdan, məqsəddən danışırsa, - Vətən taleyini,
milli idealı unutmur. Həmin məqsədi “Səngər azuqəsi” (1980),
“Şəhriyarım” (1980), “Çətin yol” (1981), “Mənə bənzə” (1981)
şeirlərində də orijinal ifadə etmişdir:
Sən Bakıya bənzəyirsən, mən Təbrizə,
Mənə bənzə! Mənə bənzə!
(“Mənə bənzə”)
X.R.Ulutürkün lirik qəhrəmanı ideal və məram yoluna çıxdığına
görə, o həm də milli cəbhə mövqeyinə çıxır. Bu
198
səbəbdən də şairin şeirlərində milli qəhrəman boy göstərməyə
başlayır.
80-ci illər şeirlərinin poetik qəhrəmanı lirik qəhrəmandır;
tərəddüdsüz, səbatlı, qətiyyətli, mərd lirik qəhrəman. O, milli ideal
və xalq taleyinin ifadəsində milli qəhrəman kimi duyumlanır, qalan
məqamlarda lirik qəhrəman olaraq qalır; bunların vəhdəti - milli
xarakterin reallığı 80-ci illərin ikinci yarısı və 90-cı illərin
poeziyasındadır:
Sən bu döyüşlərin ön səfindəsən,
Məşəl ürəklərin tərəfindəsən
Elə buna görə mərd olmalısan,
Daşdan, ildırımdan, oddan, qılıncdan
Kəsərli, sarsılmaz, sərt olmalısan.
Haqqın yox ölməyə! Mərd olmalısan.
(“Mərdləş, ürəyim”)
Lirik qəhrəmanın mübarizə mövqeyi yalnız sovet antipodları ilə
qarşıdurmada, antihumanizmlə mübarizədə görünür. Şair
humanizmində, vətənpərvərliyində təkcə milliliyə söykənmir, onun
köksünün ümmanları “haqqı tapdanan xalqlardır”, buna görə də
Xəlil Rza Ulutürk humanizmi bəşəri, beynəlmiləl humanizmdir:
Bir şair köksündə Azərbaycan var!
Bir şair qəlbinin şah damarında
Bütün asiman var, bütün cahan var!
(“Mərdləş, ürəyim”)
X.R.Ulutürk antibəşəri hadisə kimi müharibəyə nifrət edir, onu
törədənləri lənətlə damğalayır:
Düymələr hökmündən qurtulsun bəşər,
Günəş sönə bilər bir səhv ucundan.
Asılsın deyirəm hərb istəyənlər
Mənim nifrətimin dar ağacından!
(“Bir cüt göyərçin kimi”)
Şairin humanist görüşlərində mənəvi-psixoloji olanlar:
şəxsiyyət, ləyaqət, mərdlik və kişilik, iradə və inad, cə-