Azərbaycan miLLİ elmlər akademiyasifolklor institutu



Yüklə 1,82 Mb.
səhifə11/14
tarix30.12.2017
ölçüsü1,82 Mb.
#18444
1   ...   6   7   8   9   10   11   12   13   14

Gül ilə Sanavar

Biri var idi, biri yox idi. Günlərin bir günündə bir padi­şah var idi. Bu padişahın üç oğlu vardı. Günlərin bir günündə üç qardaş bir-birinə diyirlər:

– Gəlin, atamıza xəbər yollayaq ki, biz yetişmişik.

Qardaşlar bazara çıxıb üç dənə qovun alırlar. Bu üç qo­vunun biri lap yetişmiş, o biri miyanə, üçüncisi alababat. Bu üç qovunu qızıl məcməyiyə qoyub ataları üçün yolladılar. Padişah qovunu görüb tez vəziri çağırtdırdı:

– Vəzir bu qovunlar nə olan işdir?

Vəzir dedi:

– Padişah sağ olsun, bu qovunları oğlanların alıb, yəni biz bu qovunlar kimi yetişmişik.

Padişah fikrə getdi.

– Eybi yoxdur, vəzir get bu saat üç dənə ox gətir, apar ver oğlanlarıma qoy nişan alsınlar, bəxtlərinə nə çıxdı onların olsun.

Səhər oldu, car çəkildi, heç kim evdən bayıra çıxmasın. Padişahın oğlanları ox atdılar. Birininki vəzirin qapısına düş­dü. O birinki vəkilin qapusuna düşdü. Vəzirin qızını padişahın böyük oğlu aldı. Vəkilin ortancılı aldı.

Xəbəri sizə, padişahın kiçik oğlundan. Məlik Düçar ox atdı. Oxu gedib düşdü bir qara küllügə. Məlik Düçar onun düş­dügü yerə gedib gördü ki, bir meymun qızıl zəncirə bağla­nıb. Məlik Düçar meymunu açıb yola düşdü. Padişaha xəbər getdi ki, kiçik oğlunun bəxtinə bir meymun çıxıb. Padişah qəm­li oldu. Əmr verdi ki, şəhərin bir qırağında ona əv versin­lər. Məlik Düçar meymunu götürüb getdi. Böyük qardaşlar qırx gün, qırx gecə toy edib evləndilər.

Məlik Düçar meymunu əvinə aparıb bir tərəfdə bağladı. Gecə-gündüz ağlayırdı. Günlərin bir günündə iki qardaş bir-birinə dedi:

– Görəsən Məlik Düçar meymun ilə nə edir?

İkinci qardaş dedi:

– Gəl, Məlik Düçar üçün xəbər yollayaq ki, atamız biz­dən hamam istəyir.

Bir gün Məlik Düçarı çağırtdırıb dedilər:

– Atamız bizdən hamam istiyir.

Məlik Düçar evə qayıtdı, ağlaya-ağlaya meymunun ya­nı­na gəldi. Bu meymun pərilər padişahının qızı idi. Meymun Məlik Düçarın bu halını görüb dedi:

– Mən pərilər padişahının qızıyam. Mən sənin bəxtinə çıxdım.

Məlik Düçarın gözləri işıqlandı. Meymun cilitdən çıxıb bir qız oldu.

Məlik Düçar dedi:

– Atamız bizdən bir hamam istəyir.

Pərilər qızı dedi:

– Durma, gedərsən pərilər padişahının yanına, diyərsən ki, qızı pərilər xanım deyir ki, atamdan qalan qarpuzı versin. Sora o qarpuzu götürərsən.Gün batanda yox, gün çıxan tə­rəfdə qarpuzı yerə vurarsan, qayıdıb dala baxmıyasan.

Məlik Düçar getdi. Ağacı yerə vurub pərilər xanımın ata­sından qalan qarpuzı uzatdı.

Qarpuzu alıb gün çıxan tərəfə gəldi. Qarpuzu yerə çırpıb dala baxmadan geri döndü.

Padişah səhər yuxudan durub bağa çıxdı. Bir sağa baxdı nə gördü bir hamam tikilib. Sola baxdı, nə gördü, biri də bur­da tikilib. Gün padişahın gözinə düşdi. Əmma gün çıxanda bir hamam tikilib ki, adamın ağlını alır. Padişah vəziri hüzüra ça­ğırdıb dedi:

– Vəzir, bu gün gərək oğlanlarımın tikdirdigi hamamlara tamaşa edim.

Vəzir, vəkil yığışıb padişahın yanına düşüb getdilər. Pa­dişahın böyük oğlun, sora ortancılısının hamamına gedib, axı­rıncısı Məlik Düçar tikdirdigi hamama gəldi. Padişah hama­mın qapusuna çata-çatmiya qullar-qarabaşlar padişahı əl üstə götürüb təxtə oturdular. Padişah çimdi. Əmma bu hamam pa­dişahın huşini aparmışdı.

Belə bir imarət xəbəri qardaşlara çatdı. “Vay dad, Məlik Düçar bizi apardı. Atamız bizim tikdirdigimiz hamamı bəgən­mədi”.

Ortancıl qardaş dedi:

– Gəl, bu dəfə Məlik Düçarı qonaq çağıraq. Belə diyək, guya atamız deyir ki, gərək Düçar adaxlısını da gətirsin. Onun da adaxlısı meymun olduğu üçün gəlib pərt olacaq.

Qardaşlar xəbər yolladılar Məlik Düçar üçün. Məlik Düçar pərilər xanımının yanına gəlib dedi:

– İndi atam səni qonaq çağırır, mən sənin üçün neçə edim?

Pərilər xanımı dedi:

– Al bu ağacı, get həmən küllügə, ağacı vur yerə, digi­lən ki, pərilər padişahının qızı, pərilər xanım deyir ki, atam­dan qalan qızıl sandığı versin, ancaq dala baxmazsan.

Məlik Düçar yol elədi küllügə. Çatdı, ağacı yerə vurub dedi:

– Pərilər padişahının qızı pərilər xanım deyir ki, atamda qalan qızıl sandığı versin.

Məlik Düçar sandığı alıb gətirdi. Qız geyinib-keçinib Məlik Düçara dedi:

– İmdi gedək, al bu cildi bağla kürəkimin ortasına. Vay onda ki, qardaşların cildimi yandıralar. Onda məni dayi gör­məzsən.

Qardaşlar böyük qonaqlıq etmişdilər. Öz atalarını da çağırmışdılar. Məlik Düçar öz adaxlısı ilə məclisə girdilər, padişah vəzirə dedi:

– Vəzir, bu nə olan işdir? Bunun bəxtinə ki, meymun çıx­mışdı.

Hamu oturdu, məclisin gözi Pərilər xanımında idi. Pəri­lər xanım bir pilov nimçədən götürüb qolunun içinə tökür, ya­rısın yeyir. Baldızdar bunu görüb, bular da dügünü qollarına tökürlər. Xörək yeyildi, süfrə yığışdı. Böyük baldız durdu oy­nadı qolların tərpədəndə dügü səpələndi padişahın saqqalına. Sora Pərilər xanımı durdu oynadı, hər dəfə fırlananda yerə mirvari səpələndi. Padişah əl vurdu.

Xəbəri verim sizə qardaşlardan. Bu dəm bir manqal od qalayıb Məlik Düçarı oynatmaq bəhanəsilə dərini belindən açıb oda atdılar. Pərilər qızı vay diyib bir göyərçin oldu getdi. Gəldi bir ağac başında oturub dedi:



  • Məlik Düçar, mən getdim. Dəmir hasavın ucu yeyi­lən­də, dəmir çarığının altı sürtüləndə məni taparsan.

Padişahın əhvalı pozuldu. Məlik Düçar o günü ağladı. Sə­həri durub dəmir çarıq giyib dəmir hasa götürdü, yola düşdü.

Yol ağzında iki dev oturmuşdu. Buların atalarından bir xalça, bir papaq qalmışdı. Məlik Düçar devlərə yaxın gəlib bunların nə üstə sözdələşmələrin sordu. Divlərin birisi dedi:

– Ay insan qardaş, bizim atamızdan bir xalça qalmışdır, hər kəs onun üstə oturub deyir ki, Süleyman peyğəmbərin eşqinə, apar məni qoy filan yerdə, aparır. Bir də bu papaxdı ki, bunu da kim qoysa başına, heç kim onu görməz. Sən gəl bunu bizim aramızda böl.

Məlik Düçar dedi:

– Mən bölləm, siz bir az kənar durun, gözlərüvüzi yumun, mən bir az fikirləşim.

Divlər bir tərəfə çəkildi. Məlik Düçar xalçaya minib pa­pağı başına qoydu:

– Süleyman peyğəmbərin eşqinə, məni apar Pərilər vila­yətinə. Divlər bunu görüb, başlarına döyüb “vay insan qardaş bizi aldatdı” dedilər. Bular bir-birlərini dögməkdə olsun, sizə xəbər verim Məlik Düçardan.

Məlik Düçar həmən yerə çatdı. Şəhəri dolandı, əmma bir şey tapmadı. Günlərin bir günündə Məlik Düçar bir bağa gir­di. Bir də gördü ki, üç göyərçin bir hovuz qırağına gəlib otur­du. Cilidlərin çıxarıb çimməyə məşğul idilər. Məlik Düçar Pərilər xanımı görüb tanıdı. Tez öz adaxlısının cildini oğur­ladı. Üç bacı çimdilər çıxdılar. Pərilər xanımı: “vay, mənim cildimi oğurladılar” – dedi.

Bacılar nə qədər gəzdilər, tapmadılar. Məlik Düçar cildi oraya atıb buların dalınca düşüb əvlərinə getdi.

Neçə gün Məlik Düçar pərilər xanımın evində qaldı.

Günlərin bir günündə pərilər xanımı anasına dedi:

– Xörəydən heç doymuram?

Anası dedi:

– Qızım, hələ əvvəlki qədər çəkirik, nə azdı, nə çox, qaydəsiylə.

Bir gün pərilər xanımı gənə taam yeyirdi. Bu doymadı, birdən qayıdıb dedi:

– Ey gözə görünməyən insan kimi sənə and verirəm dün­yadə kimi sevirsən çıq aşkara.

Məlik Düçar şepkülahi başınan götürüb dedi:

– Elə mən özüməm.

– Vay dad sən bura necə gəldin?

Pərilər xanımı anasını çağırtıdırıb bütün əhvalatı danış­dı, dedi:

– Atama deginən Məlik Düçar gəlib.

Anası Pərilər xanımın atasının yanına getdi, onu and ver­di ki, acıqlanmasın, qızın adaxlısı Məlik Düçar gəlib qızı ver­mək istəmirdi. Məlik Düçarı öldürmək istiyirdi. Arvadı dedi:

– Əgər, o mənim üçün Gül ilə Sanavarın hekayəsin tapsa, mən ona qızı verrəm, tapıb gətirməsə, yox.

Anası qızının yanına gəldi. Atasının istədigi Gül ilə Sa­navar nağılın Məlik Düçar gərək gülün damının üstünə qoydu.

Məlik Düçar aşağı endi. Sanavar bunu görüb dedi:

– Heyif sənnən, oğlan, bura gəldin. Mənim sirrimi heç kəs apara bilməyib. Bir çox cavanların başın kəsmişəm.

Məlik Düçar dedi:

– Sən mənə öz hikayəni nağıl elə. Sora öldürməlisən öldür məni.

Sanavar Məlik Düçarı evə gətirdi. Məlik Düçar gördü bir tərəfdə bir qızıl zəncirə it bağlanıb. O biri tərəfdə bir ceyran, araya iki nimçə aş gəldi. Sanavar aşı itin qabağına qoydu, sora itin artığını ceyranın qabağına qoydu. Ceyran yemədi. Əl çaldı bir qızıl nimçədə bir qul başı oraya gəldi. Sanavar çubuğu əlinə aldı, o qədər bunun dodaxlarına vırdı ki, ceyranın gözinən yaş damdı. Ceyran aşı yedi.

Məlik Düçar dedi:

– Bundan məni qəni et.

Sanavar sözə başdadı:

– Biz ikimiz əmi qızı, əmi oğlu idik. Günlərin bir gü­nün­də biz evləndik. Bir günləri yatmışdım, qulluqçularım mənim başımın üstə oturmuşdu. Bular özlüklərində bir-birinə deyir­dilər. Heyf ağamızdan burda tək yatıb. Xanım sizə qullar ilə eyş-eşrətə məşğuldur. Əmim qızı qulluxçuları qovdu. Bir üzü­mə baxdı. Mən gözlərimi yumdum, sora qılıncı üç dəfə üstü­mə çəkdi, mən ayılmadım. Təxtinnən uzaqlaşdı, aşağı endi. Mən də durub bunun dalıncan düşdüm. Atımı minib yol elədi. Mən də təzədən bir at çıxarıb mindim, bunun dalınca yol elədim. Əmimin qızı bir qalanın qabağında düşdü, içəri girdi. Həmən bu qul ki, başını kəsib saxlamışam, orda oturmuşdu. Mənim xanımımı görüb əyağa qalxdı:

– Ey süxtə! Bu vaqta qədər hardasan? Hamı kefin çəkib.

Əmim qızı bunun əyağına düşdü. Mən səbir eliyə bilmə­dim. Bayıra çıxıb atları açıb bir-birinə qatdım. Atdar kişnədi, bu səsə hamı bayıra çıxdı. Mən özümü içəri atdım, bu qulu bərzəngini öldürmək istədim. Əmim qızı içəri girdi, mənə bir sillə çəkdi. Vəfalı itim içəri girdi. Bərzənginin üstə atıb xaya­sın­nan dutdu. Mən qılıncı qaldırıb başını kəsdim. Evə qayıt­dım. Mənim əmim qızı mənə bir çubux çəkdi, məni elədi bir eşşək. Düşdüm şəhəri gəzməgə. Bir qəssab məni dutub, evinə apardı. Qəssabın bir qızı varıdı. O tilsimçi idi. Məni görən kimi atasına dedi:

– Bu ki, insandı.

Mənə bir çubux çəkdi, adam elədi. Əlimə bir çubuq verib “get” dedi:

– Həmən adamın yanına çatsan, onnan qabaq sən bu çubuqla onı vur. Mən də evə qayıtdım, əmim qızı qabağıma çıxdı. Mən bir çubux ona vurdum. Ürəgimdən gəlmədi, cey­ran eləyib bir tərəfə bağlamışam. Hər gün itin artığını onun qabağına qoyuram yemir. Mən də bu başa iyirmi-otuz çubux çəkirəm, o ağlayır. Sora itin artığını yeyir. İmdi isə dəstəmazı al, başını kəsəm.

Məlik Düçar bir az fikir edib dedi:

– Mən bir söz demirəm, ancaq mənə beş dəqiqə möhlət ver ki, bayıra çıxım.

Məlik Düçar bayıra çıxdı. Şəpkülanı başına qoyub pa­la­za minib, Süleyman peyğəmbərin eşqinə pərilər vilayətinə çatdı.

Sanavar bayra çıxdı, Məlik Düçarı gördü dedi:

– Vay! Mən bu sirri neçə ildir saxlamışam, indi faş oldu.

Sanavar belinən qılıncı çəkib ceyranı öldürdü.

Məlik Düçar taxtına çatdı, bütün gördügünü padişaha nəql elədi. Padişah qızı Məlik Düçara verdi. Məlik Düçar Pə­rilər xanımını atasının vilayətinə gətirib, qırx gün, qırx gecə təzədən toy etdi.

Mərdnən Namərdin nağılı

Biri vardı, bir yoxdu, Allahdan başqa heç kim yoxdu. Günlərin bir günündə iki yoldaş olur. Birinin adı Mərd, o birinin adı Namərd. Mərdnən Namərd yoldaş olub çıxdılar səfərə. Mərd hər yerə çatırdı süfrəsin açırdı, Namərdə deyirdi:

– Buyur, çörək ye!

Namərd də Mərdnən bir yerdə çörəgini yeyirdi. Bir iki rəs Mərd buna çörək yiməgi təklif etdi. Namərd bunun çörəginən yedi, ta o çağacan, Mərdin çörəgi qurtardı. Mərd oldu Namərdə möhtac. Bir az bular yol getdilər. Mərd və Namərd bir ağacın dibində oturdular. Namərd süfrəsin açdı. Mərd yaman açmışdı, dedi Namərdə ki, bir az çörəginnən ver mənə, yaman acmışam.

Namərd dedi:

– Sol gözüvü ver, çıxardım qoyum sol cibivə, bir az çörək verim sənə, ye.

Mərd baxıb gördü ki, əgər sol gözünü verməsə, buna çö­rək vermiyəcək. Bu da ki acdı, heç bir yana gedə bilməyəcək. Mərd razı oldu. Namərd Mərdin sol gözünü çıxardıb qoydu sol cibinə, bir parça çörək verdi. Mərd çörəgi alıb yedi. Bunlar bir günorta yol getdilər. Namərd genə süfrəsin açıb, başladı çörək yeməgə. Mərd gördü ki, Namərd buna çörək yeməgi təklif etmir, dedi:

– Namərd qardaş, yaman acmışam. Mənə bir parça çörək.

Namərd dedi:

– Sağ gözünü ver çıxardım, qoyum sağ cibivə, bir parça çörək verim.

Mərdin əlacı kəsilib razı oldu. Namərd ayağa durub Mərdin sağ gözünü çıxartdı, qoydu sağ cibinə. Namərd Mərdə bir parça çörək verib, durub düzəldi yola.

Namərd çıxıb getməkdə olsun, xəbəri sənə kimdən ve­rim Mərddən. Mərdin iki gözləri də yox idi. Əlin yerə sürtə-sürtə gedib çıxdı köhnə xarabalığa. Burda özinə bir yumşaq yer tapıb oturdu.

Bu burda qalmaqda olsun, xəbəri sənə kimdən verim, şirdən, pələngdən, qurtdan, tülküdən. Şir, pələng, qurt, tülkü gəlib çıxdılar bu xarabalığa. Hərəsi bir yanda oturdu. Pələng şirdən xəbər aldı ki, dünyada nə təzə xəbər var?

Şir dedi:

– Pələng qardaş, sağlığın. Hələ bir təzə xəbər yoxdu, səlamətlikdi.

Şir qurtdan soruşdu ki, qurt lələ, səndə nə təzə xəbər var? Qurt gözinin yaşını axıda-axıda dedi:

– Bazarım yaman kasatdı.

Şir dedi:

– Qurt lələ, bazarın niyə kəsatdı?

Qurt dedi:

– Bu dağı gəzirsiniz, bu dağın ətəgində bir çoban var. Bu çobanın tulası kimi tula yoxdu. Mən hər axşam gedib qu­zudan, qoyundan nə rastıma gəldi, çalıb-çapıb götürüb buniy­nən dolanırdım. Əmma isrən gündən bu çobanın bir tulası var. Nə qədər eliyirəm, çobanın qoyunlarına yaxın durum, tulanın qorxusundan heç bir iş görə bilmirəm.

Şir dedi:

– O tulanın qanı dərmandır, hər kim naxoş olsa, hər han­kı naxoşluq olsa, o tulanın qanından naxoşa verən kimi, naxoş ayılar.

Mərd bu sözü yadında saxladı. Şir tülküyə dedi:

– Tülkü lələ, sən danış, görək, sənin bazarın necədi?

Tülkü dedi:

– Mənim bazarım yaxşıdı, heç bir kəsatdığım yoxdu. Bu dağı ki gəzirsiz, bu dağın o üzündə bir siçan olur. Siçan hər gün qızılları günə sərib oturur yanında. Mən də bu qızılların qarovulunu çəkərəm. Siçan da mənə çörək verər.

Mərd buların hamısın eşitdi. Səhər oldu qurt, pələng, şir, tülkü çıxıb getdilər. Mərd ayağa durub köhnə xarabalıqdan çıxdı bayıra. Gedib oturdu bir ağacın dibində. Əmma bərk acmışdı. Bu dəmdə göydə iki göyərçin qənət-qənətə verib oturdular Mərd oturan ağacın budağında. Böyük bacı kiçik bacıya dedi:

– Mərdnən Namərdin hekayəsini eşitmisən?

Dedi:


– Eşitməmişəm. Bir danışsana mənim üçün.

Dedi:


– Danışım. Günlərin bir günündə bir Mərd olur, bir Na­mərd. Mərdinən Namərd yol gedirlərdi. Belə oldu ki, Mərdin çörəgi yolda qurtardı. Namərdə dedi ki, bir az çörək ver mə­nə. Namərd Mərdin gözlərini çıxardıb ona çörək verdi. İndi budu, Mərd kor olub, qalıb burda, dadı heç bir yana çatmır.

Kiçik bacı dedi:

– Bacı, bəs bu Mərdə heç bir kömək eləmək olmaz?

Dedi:


– Olar.

Dedi:


– Ey Mərd, yatmısan ayıl, ayıqsan eşit.

Mərd baxıb gördü ki, göyərçinlər dil olub, bir balaca yerindən tərpəndi. Böyük göyərçin dedi:

– Biz ki tərpəndik, burdan – ayağımızın altınnan bir qə­nət düşəcək. O qənədi götür gözlərivə çəkərsən. Gözlərin olar anadangəlmə.

Göyərçinlər sözlərini deyib qənət-qənətə verib uçub getdilər. Mərd baxıb gördü ki, dizinin üstə bir şey düşdü. Əlin yerə sürtüb qənəti tapdı. Sağ gözün çağ cibinnən çıxardıb, qoy­du yerinə. Qənəti çəkdi gözlərinə, gözləri oldu anadangəl­mə. Durub birbaş yol elədi gəlməyə, ta o çağacan gəlib çıxdı bir dağın təpəsinə. Gördü ki, burda bir siçan bir xeylax qızıl töküb qabağına oturub qızılların qaravolunu çəkir. Mərd əlinə bir daş alıb tolladı siçana. Siçan gördü ki, Mərd buna daş tulladı. Tez qaçıb qorxusundan girdi yuvaya. Mərd qızılları yığışdırıb bir­baş başladı yol getməgə. Az gəlib çox gəlib, iynə yarım yol gə­lib, gəli özün yetirdi bir dərəyə. Gördü ki, bir çoban qabağında bir sürü qoyun, yanında bir tula, dərə başı yuxarı çıxır.

Mərd dedi:

– Çoban qardaş, bu tulanı gəl sat mənə.

Çoban dedi:

– Tula-zad satan deyiləm.

Mərd çox dedi, çoban az eşitdi. Axırda bir çəngə qızıl verib tulanı bundan aldı.

Çoban yollanıb getməkdə olsun, eşit bir neçə kəlmə Mərd­dən. Mərd dərəbaşı aşağı endi. Tulanı ayağının altına alıb, başını kəsib qanın yığdı bir şüşəyə. Cibinə qoyub düzəldi yola.

Xəbəri sənə kimdən İstanbul padişahından. İstanbul padi­şahının qızı neçə ildi ki, naxoş, yorğan-döşəkdə idi. Nə qədər həkim çağırırdılar heç kəs əlac eliyə bilmirdi. Mərd özün İstan­bul şəhərinə yetirib gördü ki, burda bir dəstə adam padişahın imarətinin qabağına yığışıb. Mərd bu adamlardan xəbər aldı.

– Nə olub məgər?

Burdakı adamlardan biri Mərdə dedi:

– Məgər bilmirsən, İstanbul padişahının qızı neçə ildi ki, naxoşdu?

Mərd bu adamlardan ayrılıb gedib həkimlərə layiq özü­nə bir dəst libas aldı; özünə ziynət verib gəldi padişahın ima­rətinin qabağına, dedi:

– Həkiməm.

Dedilər:

– A kişi, yazıqsan, bir belə həkimlər gəlib heç biri əlac eləmiyib, indi səni də öldürüb yollayarlar o birlərinin yanına.

Mərd dedi:

– Mən o yan-bu yan bilmirəm. Mən həkiməm ki, həkim. Gərək padişahın qızına baxam.

Dedilər ki, indi ki belədi, qoy gedək padişaha xəbər verək.

Padişaha xəbər gedib çatdı ki, bəs şəhərə təzə bir həkim gəlib. Padişah dedi ki, gedin çağırın o həkimi bura.

Gəlib Mərdi apardılar padişahın yanına. Padişah Mərdə dedi:

– Həkimsən?

Mərd dedi:

– Bəli, həkiməm.

Padişah dedi:

– Əgər qızımı sağaltsan, qızımı verəcəyəm sənə. Əgər sağalda bilməsən, sənin boynuvi vurdutduracağam.

Mərd razı oldu. Mərdi gətirdilər, apardılar padişahın qı­zının yanına. Mərd qızın nəbzinnən tutub yoxladı, axırda tu­lanın qanında bir neçə damcı suya töküb, verdi qıza. Qız içən kimi ayıldı. Padişaha xəbər getdi ki, gözlərin aydın olsun, bəs qızın sağalıb.

Padişah bu xəbəri eşidən kimi yerindən qalxıb əmr elədi ki, təbil vurulsun. Təbil vuruldu. O günü böyük bir şaddıq elə­dilər. Belə ki, padişah əhd eləmişdi ki, “əgər qızım sağalsa, yeddi gün yeddi gecə şəhərimdə olan bütün fəqir-füqəralara, əlsiz-ayaqsızlara plov verəcəm”.

Qazan qazanların yanına düzüldü. Aşbazlar əl qolların çirməliyib dügüləri tökdülər qazanlara. Düz yeddi gün fəqir-füqəralara yemək payladılar. Padişah bu tərəfdən də əmr etdi, öz qızının kəbinini kəsdirdi Mərdə. Mərd padişahın qızın aldı. Mərdə qırx gün qırx gecə toy eləyib qızını verdi Mərdə.

Xəbəri sənə kimnən verim Namərddən. Mərd pəncə­rə­­dən baxırdı, kefi yaman kökdü. Qabağına çay, əlində qəlyan gördü ki, Namərd qardaş gəldi. Adam yolladı ki, Namərdi çağırın. Namərdi gedib çağırdılar. Namərd baxıb gördü ki, Mərd sağalıb. Dedi:

– Mərd qardaş, bu nə olan hekayətdir.

Mərd başına gələn hekayəni bir-bir Namərdə danışdı. Namərd bu sözü eşidən kimi Mərddən ayrılıb özün yetirdi həmən köhnə xarabalığa. Namərd bir yanda gizlənməgdə olsun, xəbəri sənə kimdən verim, pələngdən, şirdən, qurtdan, tülküdən. Axşam ki oldu, pələng, şir, qurt, tülkü gəldilər bu köhnə xarabalığa. Pələng şirdən xəbər aldı:

– Şir qardaş, dünyada təzə xəbər nə var, nə yox?

Şir dedi:

– Sağlıq, səlamətlik. Heç bir təzə xəbər yoxdu.

Şir qurtdan xəbər aldı:

– İndi kefin necədi?

Qurt dedi:

– Bu saat kefim bərk kökdi. O çobanın yanında ki tula vardı, indi o tula yoxdu.

Mən də gündə bir qoyun gətirib asudalıqnan yeyirəm.

Daha qorxum-filanım yoxdu.

Qurt gördü ki, tülkü sımsırıxın sallayıb. Qurt dedi:

– Tülkü lələ, sənin kefin necədi?

Tülkü dedi:

– Kefim kök deyil. Onunçün ki, bazarım kasatdı.

Dedilər:


– Nə üçün?

Tülkü dedi:

– O ki siçan var idi gedib qızıllarımın qarolunu çəkər­dim, indi onun qızıllarını oğurlayıblar. Onunçun kefim kök deyil, bazarım da kasaddı.

Pələng dedi:

– Burda insan var. Gəlin buranı axtaraq.

Başladılar axtarmağa. Namərdi tapdılar. Tez Namərdi par­çalayıb hərəsi bir tikəsini götürüb yedi. Namərdi cəhənnə­mə vasil elədilər.


Dünya gözəli
Biri var idi, bir yox idi. Bir qoca kişi var idi. Bu qocanın üç qızı var idi. Bunların anası ölmüş idi. Atası ikinci bir arvad almışdı. Arvad bir gün ərinə deyir:

– Ya bu yetimləri tut, yada məni saxla.

Kişinin əlacı kəsilib uşaqları aparıb buraxır çölə.

Yazıq qızlar çöldə gəzirdilər. Gedib bunlar bir meşəyə çatdılar. Günü batırıb ağacda yatdılar. Səhər açıldı. Böyük bacı deyir:

– Ay bacı, tozanağa bax!

İkinci bacı deyir:

– Yəqin padişahdır.

Kiçik bacı deyir:

– Bacılı-bacılı, nə olaydı padşah məni ala idi, mən də bir oğlan doğa idim, bir oğlan doğa idim, bir kəkli olaydı, bir kəkil gümüş olaydı, alnı ay.

Ortancıl bacı deyir:

– Məni də vəzir üçün alaydılar. Mən xalça toxuyaydım, o xalçada padşahın bütün qoşunu yerləşə idi.

Böyük bacı deyir:

– Məni də nə olaydı vəkil alaydı. Mən də qoşunu üçün bir yumurta qabağında xörək verə idim.

Padşah bu sözləri eşidir və kiçik qızı özünə alır, ortan­cılını vəzirə, böyügini də vəkilə verir.

Günlər, aylar keçir. Kiçik qız bir oğlan doğur. Oğlanın alnı ay dişləri inci, kəkli qızıl. Bacılar tez xəbər tuturlar. Deyirlər ki, vay padşah bizi öldürər. Kiçik bacımızın dediyi doğruya çıxdı, bizimki yalana.

Böyük bacı dedi:

– Heç əlacımız yoxdur. Gəl mamaya pul verək, o bu işi düzəldər.

Bacılar mamanı çağırdılar, oğlanı aradan götürüb, onun yerinə bir küçük qoydular. Padşaha xəbər çatdı ki, arvadın bir küçik doğubdur. Padşah qəzabnak olub əmr etdi ki, aparsınlar qızı peyinlik içində basdırsınlar.

İki bacı həmən oğlanı bir sandıq içinə qoyub çaya atdı­lar. Padişahın bağbanı çay qırağında gəzirdi. Çayın ləpə dö­yənində bir sandıq gördü. Sandığı açıb içində bir oğlan uşağı gördü, alnı ay, bir kəkili qızıl, bir kəkili gümüş. Tez evə gəldi, arvadına dedi:

– Arvad, qızımız var, bu da oğul. Oğlanın adını qoydular Sabah.

Aradan bir-iki il keçdi. Bağban vəsiyyət eləyib öldü. Öləndə dedi:

– Mənim yeddi küp qızılım var, onu oğluma verin.

Bir az müddətdən bağbanın arvadı da öldü. Qaldı iki yetim. Sabah böyümüşdü, on beş yaşında idi. Atalığından qa­lan küpləri çıxartdı, bu qızıl ilə bir imarət tikdirdi.

Xəbəri verim sizə iki bacılardan. Bacılar gördülər ki, bəli oğlan sağdır. Mamanı tapdılar, dedilər:

– Ay ölmüş qarı! Bəs sən oğlanı öldürməmisən?

Qarı dedi:

– Çoxdan!

Böyük bacı əlini belinə verib dedi:

– Ay qoca köpək, yalan deyirsən! Budur özü sağ-sala­mat, gün çıxan əldə bir imarət tikib ki, padşahlara layiq. Get, bu saat onun başını batır!

Qarı bir fitnə ilə özünü Sabahın evinə saldı. Sabahın ba­cısı eyvanda oturmuşdu. Qarı pilləkənləri çıxdı. Qıza salam verib dedi:

– Qadan alım, keyfin necədir? Nə gözəl eviniz var? Am­ma heyif olsun!

Sabahın bacısı dedi:

– Nə istəyirsiniz? Bir qardaşım var. Gəldigin bəs deyil, ahu-uf da çəkirsən.

Qarı dedi:

– Qadan alsın qarı. Mən ki, bir söz diməyirəm, ancaq bu imarətin bir gülü əskikdir.

Qarı deyib çıxıb getdi. Sabah evə gəldi gördü ki, bacısı ağlayır.

Bacısınnan soruşdu:

– Bacı, neçün ağlayırsan?

Bacısı ağlaya-ağlaya dedi:

– Mən evdə idim, bir qoca qarı gəldi ki, imarətiniz gözəldir, amma heyif ki, bir bir gülü əskikdir.

Sabah bacısını qucaqladı:

– Heç fikir çəkmə, bu saat gedim gətirrəm.

Sabah atın minib yola düşdü. Bir ay yol getdi, həmən yerə çatdı. Bir dərvazadan içəri girdi. Onun qabağını bir dev kəsdirib dedi:

– Ey oğlan heyifsən getmə, sən gülü apara bilməzsən!

Sabah dedi:

– Mən gedirəm, qorxmayıram.

Dev buna qoşulub gülün dalısıncan getdi. Dev yolda bu­na çox köməkliklər elədi. Gülü götürüb gəldi, bacısına verdi.

İki bacı bunun gəlməsindən xəbərdar oldu. Qarıya dedilər:

– Ay yerə batmış qarı, Sabah getdi, gülü də gətirib gəlib. Özünnən başqa bir dev də götürüb gəlib. Get, bu saat onun başını batır!

Qarı yola düşdü. Gəlib həmən imarətə çatdı. Çıxdı hə­mən qızın yanına dedi:

– Qadan alsın nənən, bu ev, bu eşik, bu da gül. Bu dəm­dəsgahın bir dünya gözəllisi əskikdir.

Qız hirsindən qarıya bir şillə vurub, pilləkanlardan itələ­di və özü oturub ağladı. Qardaşı Sabah içəri gəldi, bacısının qucaqladı. Dedi:

– Nə üçün ağlayırsan, bacı?

Qız dedi:

– Qarı yenə gəlmişdi, bu dəfə onu qovladım.

Sabah dedi:

– Nə istəyirdi?

Qız dedi:

– Qarı dedi ki, bu evin, bir dünya-gözəllisi əskikdir.

Sabah dedi:

– Hələ bunun üçün ağlayırsan? Bu saat gedib gətirrəm.

Sabah atın minib həmən yerə getdi. Pərdəyi-ismət dalında dünya gözəli oturmuşdu. Sabahı görüb dedi:

– Ey oğlan, heyif səndən, özüvə yazığın gəlsin, qayıt dala.

– Yox, mən sənin üçün gəlmişəm.

Dünya gözəli dedi:

– Sən məni apara bilməzsən. Qayıt yazıqsan, yoxsa səni də o birilər kimi daşa döndürərəm.

Dünya gözəli bir tilsim oxudu, Sabah daşa dönüb yıxıldı bir yana. Axşam oldu. Dünya gözəli gülsüz yatmış idi. Gecə yuxuda gördü ki, Sabahın atası bağban, əlində bir dəyirman daşı dünya gözəlinin yuxusuna gəldi və dedi:

– Dur ayağa, mənim oğlum Sabah ilə get. O gülünü apa­rıb, sən də get. Yoxsa, bu dəyirman daşını salaram başına.

Dünya gözəli yuxudan diksindi. Yerindən durub Sabah durub bir çubuq çəkdi.

– Ey oğlan, mən sənin ilə gedirəm. Çünki bu gecə atanı yuxuda görmüşəm.

Hər ikisi bir ata minib yola düşdülər. Dünya gözəlini apa­rıb bacısınıb yanında qoydu. Dünya gözəli bir gün Sabaha dedi:

– Dur, bu devləri apar bazara. Padişah sənə deyəcək ki, ey oğlan, bu nədir eliyirsən, xalqa niyə əziyyət verirsən? De­yərsən ki, padşah sağ olsun, məndən soruşma, devlərdən so­ruş. Sora da padşah səni qonaq çağıracaq.

Sabah devləri bazara apardı. Padşaha xəbər getdi ki, bir nəfər oğlan üç dənə dev bazara düşüb aləmi viran etdi. Padşah əmr elədi ki, oğlanı çağırsınnar. Sabah padşahın hüzuruna get­di. Padşah bunun gözəlliyini görən kimi Sabaha aşiq oldu, dedi:

– Kaş bu mənim oğlum olaydı! Sora dedi:

– Ey oğlan, nəyə xəlqə əziyyət verirsən? Devlərini başlı-başına bazara buraxmısan?

Sabah dedi:

– Padşah sağ olsun, dilsiz-ağılsız heyvandan nə göz­lə­mək olar?

Padşah bu sözdən xoşlanıb böyük bir qonaqlıq elədi. Dev­ləri qazannan çəkilmiş xörəklərin hamısını yedilər. Pad­şah xörəklərin çatmamasından xəcil oldu. Sabah ayağa qalxıb dedi:



  • Padşah sağ olsun, qonaqlığım var. Süfrən də açıq ol­sun. İndi buyur, sən bizə qonaq ol.

Padşah o günün sabahısı bütün vəzir-vəkilini, qoşununu yığıb Sabahgilə qonaq getdi.

Sabah dünya gözəlinin yanına gedib dedi:

– Padşah gəlib, hazır elədiyin şeyi əmr elə, gedim ba­zardan alım.

Dünya gözəli dedi:

– Hazırdı.

Əlin uzadıb sandıqdan bir xalça çıxartdı, xalçanı saldı həyətə. Padşahın bütün əşya və cəngavərləri bu xalçanın üstü­nə oturdular yenə yer artıq qaldı. Dünya gözəli bir yumurta çıxartdı, başladı onun içindən xörək çəkməyə. Hamı yedi, ye­nə artıq qaldı.

Padşah buna çox təəccüb elədi. Bunu bilmək istəyirdi, amma danışmayırdı. Bu aralıqda pərdə quruldu, dünya gözəli pərdənin dalında oturdu. Sabahın anasını peyinlikdən çıxart­dırıb, qabaqcadan müalicə edib saxlamışdı. Sora iki bacıları çağırtdı, həmən mamanı da çağırtdırdı.

Dünya gözəli dedi:

– Ey padşah, eşit və agah ol! Bax bu sənin arvadındır. Bu da sənin oğlundur ki, alın ay, dizləri inci, bir kəkli qızıl, bir kəkli gümüş. Bunu sənin öz arvadın doğub, amma bu iki bacılar mamaya pul verib səs salmışdılar ki, sənin arvadın küçük doğub. İndi al, bu sənin arvadın, bu da sənin oğlun.

Padşah ayağa qalxıb mamanı və bu iki bacının boynunu vurdurdu. Sora öz oğlunun alnından öpüb, dünya gözəlindən sox razılıq elədi.

Yeddi gün, yeddi gecə toy eləyib, dünya gözəlini Sabah üçün aldı. Özü də arvadını götürüb evə apardı.


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə