Azərbaycan miLLİ elmlər akademiyasifolklor institutu



Yüklə 1,82 Mb.
səhifə13/14
tarix30.12.2017
ölçüsü1,82 Mb.
#18444
1   ...   6   7   8   9   10   11   12   13   14

Keçəllə Tacir

Günlərin bir günündə bir nəfər kasıb kişi olur. Bu kişi­nin gözünün ağ-qarası keçəl bir oğlu varmış. Keçəl bayırda başqa uşaqlar kimi oynamağı çox sevirdi, amma tacir uşaqları keçəli öz aralarına buraxmırdılar. Bir gen keçəlin atası səhər tezdən işə getmişdi. Novruz qabağı idi, havalar da qızmışdı. Keçəl evdən bayıra çıxıb gördü ki, uşaqlar əl-əlvan geyinib oynayırlar. Keçəl bunlara qoşuldu, amma uşaqlar qoymayıb, bir ağızdan dedilər:

Keçəl-keçəl daz eylər,

Yuvada pərvaz eylər.

Minər qamış altına,

Sağsağana göz eylər.

Keçəlin acığı tutub evə gəldi, gördü ki, anası evdə təkdi.

Keçəl dedi:

– Ana, nə bişirirsən?

Anası dedi:

– İki ovuc arpa unumuz qalmışdı, umac bişirirəm.

Keçəl bərk acmışdı, dinməz oturub əvin bir küncündə anasını gözlədi ki, bir parça çörək alıb yesin. Amma çörəkləri yoxdu, günorta idi, keçəlin atası işdən gəldi. Gördü ki, atası iki parça quru çörək, bir az da xırda parça dəsmalından çıxa­rıb atdı süfrəyə.

Keçəl bərk acmışdı, tez çörəgi bir parçasını götürüb gördü ki, çörək çox qurudu. Keçəlin dişini sındırdı. Keçəl üzün atasına tutub dedi:

– Ata, bu çörəyi sənə kim verib?

Atası dedi:

– İki gündür ki, tacirbaşı Əlixanın çörəkçi dükanında odun yarmışdım, tacir bu çörəkləri mənə verdi.

Keçəl umaca dayanmadı, tez yarım çörəgi qoltuğuna vurub getdi tacirin qapısına. Gördü ki, tacirin oğlu qapıda oy­nıyır, bir quru çörəyə baxdı, bir də tacirin oğluna. Keçəlin dişi də sın­mışdı, Allah deyib quru çörəgi vurdu tacirin oğlu­nun başına.

Tacirin oğlunun başından qan axa-axa getdi atasının yanına. Tacir oğlunun başının yarılmış görüb dedi:

– Oğlum, səni kim vurub?

Dedi:


– Keçəl vurubdu.

Tacir qəzəblənib adam göndərdi keçəlin dalısıncan. Eşit keçəldən.

Keçəl tacirin oğlunun başını yaran kimi özün yetirdi ev­lə­rinə. Anasına dedi:

– Naxoşam, yer sal.

Keçəl yatmaqda olsun. Tacirin adamları gəlib çıxdı. Ke­çəl gördü ki, tacirin adamları gəlir, özün vurdu naxoşluğa. Ke­çəlin atası tacirin adamlarının qabağına çıxıb dedi:

– Niyə gəlmisiz?

Dedi:

– Oğlun keçəl, tacirin oğlunun başını yarıb. Gərək keçəli aparaq tacirin yanına.



Dedi:

– Oğlum naxoşdur.

Tacirin adamları içəri girib gördülər ki, keçəl həqiqətən də naxoşdur, zarıltısından qulaq tutulur. Gedib tacirə xəbər verdilər, tacir əmr verdi ki, gərək gətirəsiz.

Tacirin adamları gəldi keçəlin yanına. Dedilər, səni ta­cirbaşı çağırır. Gərək gedəsən.

Keçəl dedi:

– Məndə hal yoxdur tacirin yanına gedəm, əgər ona çox lazımam, qoy özü yanıma gəlsin.

Xəbər çatdı tacirə ki, keçəl belə deyir. Tacirbaşı qəzəb­lənib ayağa durdu. İstədi ki, keçəli tutdursun, axırda əlacı kəsilib özü piyada keçəlin yanına gəldi.

Keçəl gördü ki, tacir gəlir, saldı özünü naxoşduğa.

Dedi:

– Ana, gələn tacirbaşıdırsa, xahiş elə iki barmaqilə alt dodağımla üst dodağıma vursun.



Tacir təəccüb elədi, axırda əlacı kəsilib keçəlin ağzına iki barmağilə bərk vurdu, keçəl sınıq dişini saxlamışdı, tez yerə atıb bağırdı:

– Vay-vay, tacir dişimi qırdı.

Tacir baxıb gördü ki, keçəl bunu çox incidəcək.

Dedi:


– Keçəl, bu gün oğlumun başını niyə vurub yarıbsan?

Keçəl dedi:

– Mən yarmamışam.

Tacir dedi:

– Yalan demə.

Keçəl baxıb gördü ki, tacir bundan əl çəkmiyəcək, tez başını yorğanın altınnan çıxarıb dedi:

– Tacirbaşı, mənim atam sənin dükanında işləyir? Mən yolnan gəlirdim, sizin evinizin qabağında atama rast gəldim, özüm də bərk acmışdım, atamdan çörək istədim. Atam da səndən aldığı çörəgi mənə verdi, çörəgi dişimə vurdum. Çörək o qədər quru idi ki, dişimi sındırıb, əlimdən tollanıb yarısı atamın gözünü çıxartdı, bir parası da oğluvun başına dəydi. İndi mən səndən iki qabaq dişimi istəyirəm. Əgər verməsən divana, şikayətə gedəcəyəm.

Tacir baxıb gördü ki, keçəlin qabaq dişi düşüb. Bu tərəfdən də keçəlin atası gözünü bağlayıb. Keçəl dedi:

– Mən səndən şikayətə gedəcəyəm.

Tacir əlini cibinə salıb bir beşlik keçəlin ovcuna basıb durub getmək istədi. Keçəl dedi:

– Bəs atamın gözünün cəriməsi?

Tacir dedi:

– Sabah görüşərik.

Tacirbaşı getdi. Keçəl durdu, beşliyi verdi atasına, dedi:

– Ata gözüvü bağla, sabah səni divana aparacağam.

Eşit tacirdən. Tacir evinə getmişdi, amma yarı canı ke­çə­lin yanında idi ki, səhər şikayətə getməsin. Keçəl gecəni yatıb səhər tezdən durub gəldi tacirin dükanına. Dedi:

– Nə deyirsən, atamın gözünün cəriməsini vermirsən, gedirəm divana.

Tacir dedi:

– Mənə bu günü də möhlət ver. Sabah atovun xəcalə­tindən çıxaram.

Keçəl pazı olub gəldi evnə.

Taciri fikir götürmüşdü. Bu dəm qoca bir qarı gəlib ta­cir­dən pul istədi. Tacir acıqlanıb qarını qovdu.

Qarı dedi:

– Mənim üstümə çığırınca, keçəllə bacar.

Tacir dedi:

– Qarı nənə, sən yol göstər, keçəli yox eliyim. Nə istə­sən sənə verrəm.

Qarı dedi:

– Qadavı alım, yatmağa yerim, yeməyə çörəyim yoxdur.

Tacir dedi:

– Mənim boynuma, sən tədbir gör.

Qarı dedi:

– Keçəl bu axşam damda yatacaq, gecə adam göndər, yorğan-döşəginən oğurrasunlar, sora başını tez batıra bilərsən.

Tacir qarıdan razı qalıb dedi:

– Al bu nişanəni get bizə, deginən tacir deyir qonağım gələcəkdir, hazırlıq görsünlər.

Qarı atdana-atdana getdi tacirin əvinə xəbərə.

Axşam tacir dükanını bağlayıb evinə gəldi. Qarı üçün ambarda yatmağa yer düzəltdi. Tacir öz keyfinə məşğul olub, gecə yarıdan keçəndən sora üç nəfər öz adamlarından keçəl­çün göndərdi. Keçəl damda yatmadı. Tacirin adamları keçəlin yerini tapdılar. Keçəli yorğana səriyib birbaş apardılar tacirin yanına. Tacirin ürəgi keçəlin əlindən yanıqlı idi. Gələn kimi keçələ bir bərk təpik vurdu, keçəl işdən xəbərdar idi, amma dinmirdi. Tacir əmr elədi ki, keçəli öz yatan evinə qoysunlar. Səhər tezdən yorğan qarışıq ölənə qədər döysünlər. Keçəl ta­cirin dediklərini eşidirdi, tez tacirin nökərləri keçəli apardılar tacirin otağına.

Tacir soyunub yatana qədər keçələ o qədər təpik vurdu ki, keçəlin anadan əmdiyi süd burnundan gəldi. Axırda tacir yorulub yatdı. Keçəl taciri yuxuya verib özün bayıra atdı. Gördü ki, tacir yatıbdı, tez kilimi yerə salıb taciri kilimə sarıdı, bərk-bərk bağlayıb uzatdı evin bir küncünə. Özünü bayıra atıb, nökərlərin bir dəst paltarını geyib tacirin qızılın doldurdu cibinə, aşağa düşüb nökərləri ayıltdı:

– Tacir əmr eləyir ki, keçəlin başının iyindən yata bilmir, hələ bu saat keçəli döyüb ölürsünlər.

Nökərlər keçəlin yerinə öz ağalarını çəkdilər həyətə, o ki var vurdular. Amma tacirin naləsi göyə çıxırdı. Qarı gördü ki, döyülən keçəl döyül, tacirdi, dedi:

– Bəs keçəl hanı?

Nökərlər dedi:

– Palaz arasındakı keçəldi.

Qarı nökərləri qoymadı. Palazı açıb gördülər ki, döyülən tacirdi. Amma tacir yarımcandı. Nökərlər baxıb gördülər ki, işin üstü açılsa, iş yavalaşacaq, tacirin əl-ayağını bağlayıb at­dılar çaya.

Keçəl tez özünü atasına yetirib ağır yüklərini yığıb ge­cəy­nən başqa şəhərə qaçdılar. Tacirdən götürdükləri pulu otu­rub rahat yedilər.

Onlar yeyib kef çəkdilər. Siz də var olun.


Şamdanun nağılından bir parça
Günnərün bir günində Yemən vilayətində bir padşah var­di. Munun hər nə qızı olseydi öldütdirərdi. Qız tayfasıni gözi götirməzdi. Bir gün arvadi hamilə idi.

Padşah didi: “Arvad, əgər bir də qız doğson, sənün özü­vi öldürtdirəcegəm”. Vaxt oldi, doğmağ zamanında arvadun qızi oldi.

Arvad yalvardi momiyə ki, bu sirri heş kes bilməsün, apar uşaği saxla, padşa diyərüg ki, uşağ öli oldi. Moma uşaği götirib apardi öyünə. Padşa xəbər vərdilər ki, uşağ öli oldi. Moma başdadi qızi besdemegə. Qız gəldi, yetişdi om beş-on alti yaşına. Qız bilirdi ki, o, padşaun qızıdu, ama anasi una tapşırmışdi ki, heş kesə sirri demə.

Günnərün bir günində padşa oa gedirdi. Camat da küçə­lərə, damlara yığılıb padşa tamaşa eliyirdilər. Qız da atasıni heç görməmişdi.

Padşa atun üstində sağında vəziri, solında vəkili cəlalnan gedə-gedə oyan-buyana baxırdi.

Bir öyün qabağınnan keçəndə, damun üstində gözi bir qıza sataşdi, bir göüldən min göülə qıza aşiğ oldi. Qapıni nişanniyib getdi oa. Odan qeydənnən sora çağırdi arvadıni ki, arvad sənün oğlun olmır, mən ölənmeg istirəm. Arvad didi ki, ixtiyar səndədü. Çünki padşa idi, ona söz diyə bilmezdi....


Çoban Məhəmmədin nağılından bir parça
Belə rəvayət edillər ki, çün günnərin bir günində bir Mə­həmməd addi qoççağ oğlan var idi. Munun bir popaği varmış ki, yeddi qoyın dərisinnən; bir çuxasi varmış ki, əlli yeddi yerdən yamaği var imiş.

Günnərin bir günü şərdən çıxıb gedətdi ki, özünə bir parça çöreg qazansun. Yorılıb bir qəbristanda oturatdi.

Amma eşit əmi qızi və əmi oğlınnan. Bular bu şərdə olır­­dılar. Gün o gündən ki, əmi qızi əmoğlına diyətdi ki, əx­şəm mən səni qəbristanda gözdiyədəm, gəl qaçağ. Qızın əmsi oğlının da adi Məhəmməd imiş. Qız əmsi oğlınnan qabağ ata minib qəbristana yavuğlaşatdi. Taki bu qız Məhəm­mədi çağı­rat, çoban Məhəmməd durad, gedəd qızın bərabərinə. Şəbu­zülmət, göz-gözi görmiyətdi. Qız əmisi oğlının əvəzinə, Mə­həmməd alat tərkinə. Bir baş şərdən çıxad. Taki özini şərə yavuğ bir şərə yetirətdilər; qız səhər görətdi ki, bəli, əmsi oğli dögür; danışmiyib ürəyində diyətdi ki, bu çıxıb bəxtimə. Şərin bir ağaşdığında qız ati saxliyətdi, Məhəmmədə pul vərib diyətdi ki, get öy al və özüvə paltar al. Məhəmməd şərə girətdi, özinə bir des paltar və mülk alatdi. Gəlib qızi həmin mülkə qoyatdi. Bular bırda durdılar yaşamağa.


Nağıl
Bir quş vardi, quş getdi bir kolun dibində otdi. Yoşana dedi ki: – “Cu-cu, gəl, məi təmizzə!” Dedi ki: – “Təmizdiyə dögəm məm səni”.

Dedi: – “Gedərəm, diərəm eşşəyə, gələr, yiər səi”. Get­di, eşşəyə dedi ki: – “O kolun dibində yoşan var, ged oyi ye!”

Eşşək diədi ki: – “Gedə dögəm”

Dedi: – “Gedərəm, diərəm canavara, gələr səi yiyər”. Dedi ki: – “Get deginən!” Getdi dedi ki, canavara: – “Orda bir eşşək var, get, oyi ye!”

Dedi: – “Var, it get bırdan, gedərəm, qoyun – quzi yiyərəm; eşşək əti nöş yiyədəm?”

Dedi: – “Gedərəm, itə diərəm, gələr səi öldürər”. Gedib itə diəd: – “Get, canavari öldür!”

İt deyib ki: – “Gedə dögəm”.

Gedərəm, diərəm atıcıya, gələr quyruğun atar. Atıcı de­yib ki: – “Gedib pambığ ataram, mən itin quyruğın atmanam”.

Deyib ki: – “ Gedərəm, diərəm siçana, gələr yayun kəsər”.

Gəlib deyib siçana. Siçan deyib ki: – “Gedə dögəm, gedərəm qəysi-kişmiş torbalarını gəsərəm, yiyədəm”.

Deyir ki: – “Gedərəm diərəm pişigə, gələr səi yiyər”. Gə­lir, pişigə diən təki”. Ged siçayi ye”, pişik gedib siçayi yeməgə. Siçan pişigə deyib ki: – “Yemə məi, gedərəm atı­cı­nın yayın kəsərəm”. Siçan gedir atıcının yayın kəsməyə.

Atıcı deyir: – “Başua dönüm, yayımi kəsmə! Gedərəm itün quyruğını ataram”.

Atıci gedir quyrığın atmağa. İt də deyib ki: – “Atma quy­rığmi, gedərəm canavari öldürrəm”. Gedir canavari öldür­məyə.

Canavar deyib ki: – “Öldirmə məi, gedərəm eşşəyi yiə­rəm”. Canavar da gedib eşşəyi yeməgə.

Eşşəg də deyib ki: – “Yemə məi, gedərəm yiyərəm o yoşayi”. Eşşək də gedir o yoşayi yeməgə.

Yoşan da deyir: – “Ay quş, gəl səi təmizziyim, məi yemə də!”



Şa İsmayıl nağılından bir parça
Şa İsmayıl Məhəmməd şahun oğliydi. Məhəmməd şamuni apardi, qoydi məkdəbə. Vaxd oldi, dərsi tamam elədi, apardi, qoydi oni bir pəlvannığ meşği almağa.

Pəlvannığ meşğinnən qurtarannan sora atasınnan at, qılınc, qalxan isdədi ki:



  • Oa gedəcəgəm.

Atasi neçə at gətdi, heç biri on ilqabında davam gətir­mədi. Dönüb sora dedi ki: – “İlxıda bir qəmər day var. Qəmər dayi gətirün!”

Qəmər dayi gətdilər, Yər əsbabi basıb üssünə mötəbər tapqırın bərkizib, öz səlahın da gətirib üssünə, bir neçə atdiy­nən oa çıxmağda olsun.

Düşdilər yola, gəzdilər, dolandılar, düşdilər axşama. Dayi şərə qayıda bilmədilər. Gördilər bir böyüg oba var. Vər­dilər özlərin obıya. Əmr vərdi yanındakı yoldaşlarına ki: – “Həröüz bir qapıya gedün!”; özi də bir oba böügünün qapısı­na düşdü. Oba böügünün bir qızi vardi. Qızın adi Gülzar xanım idi. Orda bu eşq yetirdi Gülzar xanıma. İkisi, qıznan oğlan, üzüglərini bir-birinə vərdilər. Sabah olan kimi, şərləri­nə gəlməgdə olsunnar. Gələn kimi Şa İsmayıl özin saldi no­xoş­dığa. Atasi, nə ki həkim vardi, yığdi gətdi malic eləsün. Heç biri malic eliyə bilmədi. Sorışdılar ki, İsmayıl, sən no­xoşduğun nödi ki, bu həkimlər malic eliyə bilmədi.

İsmayıl dedi ki: – “Qızzan başqa heş noxoşdığım yoxdu. O qızın dərdinnən mən bu halətə düşmişəm”. Atasi cuğabında dedi ki; – “Qıza elçi göndərrəm, vərər, allam”. Onın elçisi gəlməgdə olsın qız yiyəsinin yanna. Qız yiyəsi cuğab vərdi ki: – “Bir həfdeyəcən mənə vaxd vər!”

Bir həftəni Məhəmməd şadan möhlət alannan sora, bu, sərkar qaçmağda olsun öz vilayətinə, qızi da özi ilə apardi. Bu xəbəri Məhəmməd şa xabar vərdilər. Şa İsmayıl həmən qəmər qti minib, oriyəcən sürdi, gəldi obiyə. Gördi ki, oba köçüb, kəkliglər yurdun yerində otdir. Baxdi kəkliglərin otdamağına, təbi gəlib Gülzar xanmun daliycə görək nə dedi:

Yar yuan əllərün güdməz xinəsi,

Qırmızi .......... var, məxmər sinəsi,

Çimənnig olaği, quzey binəsi,

Oxır-oxır, gəlir səsi kəkligün.
Axşam olcağ qaçar, gedər binayə,

Sabah olcağın yığılıb gəlir günayə,

Ala qaytan keçib çarpaz sinayə,

Oxır-oxır, gəlir səsi kəkligün.

İki gözəl bir-birinən bəhs eylər,

Əvvəlün toy bayram, axırın yas eylər,

Oxır-oxır, qayalarda səs eylər,

Oxır-oxır, gəlir səsi kəkligün.

Kəkliglərdən mua bir xabar olmadi, yuaş-yuaş sürib atı­ni köçin irziynən...

KOROĞLU” DASTANINDAN PARÇALAR


Koroğluynan Aypara
Koroğlu oturub mağarada dəlilərdən küsmüşdü. Bu tə­rəf­dən də Eyvazı gözləyirdi ki, Eyvaz gələ. Eyvaz gəlib çıx­madı. Koroğlu çox darıxıb durub gəldi Qıratın yanına, sazını kök eləyib görək nə dedi:

Qurban olum qara telə,

Eyvazı yolladım gələ,

Al yanağı döndü gülə,

Qoçum Eyvazım gəlmədi.
Havalarda uçan durna,

Qanadları burma-burma,

Həm dəf çaldım, həm də zurna,

Qoçum Eyvazım gəlmədi.


Göy üzündə vardı ulduz,

Hər dəlimə aldım bir qız,

İstər gəlin, istərsə qız

Qoçum Eyvazım gəlmədi.


Gedibən halallaşmadı,

Dedim getmə, barışmadı,

Qoç işinə qarışmadı,

Qoçum Eyvazım gəlmədi.


Gedin deyin o cavana,

Gül çiçəyi qıydı cana,

Nöş gəlmədin sən bu yana,

Qoçum Eyvazım gəlmədi.

Qoçum Eyvaz, qoçum Eyvaz,

Getdin, könül oldu nasaz,

Divandasan mənə sən yaz,

Qoçum Eyvazım gəlmədi.

Koroğlu ağlayırdı. Elə bu dəmdə Eyvaz özünü Koroğ­luya yetirdi. Koroğlu qolunu saldı Eyvazın boynuna, öpüş­dülər. Səhəri günü Koroğlu Qıratı Eyvaza tapşırıb aşıq paltarı geydi, sazını qoltuğuna vurub çıxıb getdi.

Koroğlu bir neçə mənzil yol gedib, gəlib çatdı İstanbul şəhərinə. İndi gəlin xəbəri İstanbul paşasının qızı Aypara xanımnan verim. Aypara xanım əmisi oğlu Osmana adaxlı idi.

Aypara bilirdi ki, atası Xəlil paşaynan Koroğlunun arası yoxdu. Aypara xanım eşitmişdi ki, Koroğlu çox şücaətli adam­dı. Pis məqamda olsa da düşmənə boyun əyən deyil. O, çox tələsirdi ki, Koroğlunu görə.

Bir gün Aypara eyvanda gəzinirdi, bu dəmdə Koroğlu aşıq paltarında gəlib eyvanın qabağından keçdi. Aypara xa­nım gördü ki, keçən oğlan çox gözəl, möhkəm adama oxşayır.

Ayparanın qulluqçusu dedi:

– Xanım, bu Koroğludu!

Aypara xanım dedi:

– Koroğlu atamın qorxusundan bu tərəflərə gəlib çıxmaz.

Qulluqçusuynan xanımın sözü çəp düşdü.

Aypara xanım dedi:

– İndi ki belədi, get çağır onu, görək kimdi?

Qulluqçusunun adı Sənəmdi. Aşağı düşüb Koroğlunu çağırdı. Koroğlu gəlib dayandı eyvanın qabağında, gördü ki, iki qız yan-yana durub, bir-birindən gözəl.

Aypara xanım xəbər aldı ki kimsən?

Koroğlu sazını sinəsinə basıb dedi:


Birisinin ayağında məsti var,

Birisinin can alma qəsdi var,

Koroğlunun bu yerlərdə əsri var,

Koroğluyam, gəldim mən bac almağa.

Sənəm Aypara xanıma dedi:

– Gördün Koroğludu!

Aypara xanım saçın saz eləyib görək nə dedi:

Koroğlu gəzdirir qolunda laçın,

Sədası gələndə düşmənnər, qaçın,

Görməmişəm doqquz hörük mən saçın

Hanı Qıratın, gəldin bac almağa!

Koroğlu:


Koroğlu küsəndə meydan eliyir.

Buraxıb Qıratın sazın köklüyür,

Dəliləri Çənlibeldə bəsliyir,

Koroğluyam, gəldim mən bac almağa!

Aypara xanım dedi:

– Sən Koroğlu deyilsən. Əgər Koroğlusansa de görüm onun ən yaxın dəliləri kimlərdi?

Cavabında Koroğlu dedi:

Bir dəlim vardı ki, adıdı Eyvaz,

Sağında, solunda düşməni saymaz.

Uzağa getsə də o mənsiz durmaz,

Koroğluyam, gəldim mən bac almağa!

Aypara xanım Eyvazın adını eşidib yəqin etdi ki, Ko­roğludu. Bu tərəfdən də Koroğlu hörüyünü Ayparaya görsət­di. Aypara xanım Koroğlunu tanıyıb, əmisi oğlu Osmanın mə­həbbətini ürəyindən çıxartdı. Bir könüldən min könülə vu­rulub özünü ona nişan verdi:

Adımdı Aypara, nəslim duduman,

Yaşıl çimən, axar sular, şux orman.

Atam Xəlil paşa, adaxlım Osman

Hayıfsan, ay oğlan görəllər səni.

Koroğlu:

Adındı Aypara, nəslin duduman,

Ay qız, sənin adaxlındı Osman,

Mən gəlmişəm alım burda qana-qan,

Verib mənə nişan dəlilər səni.

Aypara:


Dəlilərin nolur burda olaydı,

El-obanı çalıb-çapıb soyaydı,

Ayparaynan baş yastığa qoyaydı

Heyifsan, ay oğlan görəllər səni.

Koroğlu bir az da irəli gəlib Aypara xanımı təpədən dır­nağa kimi süzdü, sazı döşünə basıb görək nə dedi:

Mən gedəndə burda tikdirdim qala,

Koroğlu dönübdü bu bürcü ala,

Koroğlu boynuna qulac qol sala,

Nişan verib mənə dəlilər səni.

Koroğlu sözünü tamam elədi. Eyvana çıxıb Aypara xanımla qol qola verib girdilər otağa. Koroğlu burda bur neçə gün qalıb Ayparaynan keyf çəkməkdə olsun, sizə deyim Sə­nəmdən.

Sənəmin gözü Koroğluya düşmüşdü. Bir gün girəvə ta­pıb təklikdə Koroğluya dedi:

– Gəl baş yastıq olaq.

Koroğlu iki barmağıynan Sənəmin ağzından bir sillə vurdu. Sənəmin ağzı, burnu qanla doldu. Sənəm gəlib bulağa əl-üzünü yudu, tez özünü yetirdi Osmanın yanına. Çatcağın ona dedi:

– Bəylik taxtın yıxılıb; anan qara geysin, nə durmusan. Aypara Koroğluya aşiq olub. Bu saat onun yanındadı.

Osmanın əhvalı dəyişdi. O, bir tərəfdən qorxuya düşdü, o biri tərəfdən də qeyrət hissi onu boğdu. Osman at minib, qoşun götürüb Koroğlunun üstünə yeridi.

İndi eşit Ayparaynan Koroğludan.

Koroğluynan Aypara xanım oturmuşdular eyvanda. Çay içib söhbət eləyirdilər. Birdən Koroğlunun gözü sataşdı yola, gördü ki, Osman atdılarnan ona sarı gəlir. Tez sazı döşünə basıb dedi:

Düşdü üzüyümün qaşı,

Olmamışdım mən heç naşı.

Sağ buraxdım qarabaşı,

Çənlibeldə Eyvaz qaldı.

Bu sözdən Aypara bir şey başa düşmədi.

Xəbər aldı ki: – nə olub?

Koroğlu dedi:

Nə təmizdi üzü ayın,

Yoxdu Rum elində tayın,

Sənəm çıxdı bizə xayın,

Dörd yanımı düşmən aldı.

Aypara bu sözü eşidən kimi Koroğlu baxan tərəfə baxıb gördü ki, Osman qoşunnan gəlir. Üzün tutub Koroğluya dedi:

– Doğrudu, gəlirlər. Amma məəttəl qalmışam ki, Sənəm bizi nə üçün satıb.

Koroğlu Sənəmnən olan əhvalatı Ayparaya danışdı.

Aypara dedi:

– İndi ki, məni bu qədər sevib vəfalı çıxıbsan, gəl mən səni davazsız-şavasız buradan qutarım.

Koroğlu dedi:

– Mən gərək meydanda cövlan vuram. Osmana qan ağladam.

Aypara xanım yalvarıb qoymadı. Durub gəldilər evə. Aypara xanım Koroğluya bir dəst arvad paltarı geyindirib bu biri qapıdan yola saldı. Koroğlu arvad paltarında çıxıb yolun bir tərəfində gizlənməkdə olsun, sizə deyim Osmandan. Osmangil bu tərəfdən gəlib çatdılar Ayparanın eyvanının qa­ba­ğına. Eyvanı dövrəyə alıb dayanmışdılar ki, Koroğlu səsi­nin nazik yerinə salıb qışqıra-qışqıra atılıb üz qoydu Osmanın qoşununa sarı.

Osman xəbər aldı ki, ay qarı, nə üçün qışqırırsan?

Koroğlu dedi:

– Necə qışqırmayım, Koroğlunun yeddi min yeddi yüz yetmiş yeddi dəlisi Xəlil paşanın evini alt-üst elədilər.

Koroğlu bunu deyib gözdən itdi, dərəyə çəkilib əlini be­linə qoyub dayandı. Osman əmr verdi ki, qoşun əmisinə köməyə qayıtsın. Qoşun qayıdanda əl atıb atdarın birinin cilovuna, çəkdi dərəyə. Atdını boğub atını aldı. Qılıncını bağlayıb belinə, gözlədi. Bu tərəfdən qoşun gözdən itib getdi. O biri tərəfdən də tək qalan Osman özünü yetirdi Ayparanın qapısına. Qapını döydü. Aypara xanım qapını açmadı. Bu dəmdə Koroğlu Osmana özünü yetirdi. Osmanın qolun bağ­layıb atdı bir yana. Aypara xanım eyvandan baxırdı. Bunu görüb Koroğluya dedi:

– At quyuya!

Koroğlu Osmanı yernən sürüyə -sürüyə götürüb saldı dərin bir quyuya. Ağzına da bir dəyirman daşı çevirib çıxıb getdi Ayparanın yanına. Oturub keyfə başladılar.

Dəlilər Koroğlunun yadından çıxmışdı. Koroğlu ikinci gün Ayparanı götürüb keçdi başqa bir yerə. Xəlil paşa işdən xəbərdar olub Koroğlunun dalısıncan adam saldı. Bu tərəfdən də Sənəm Koroğlunun dalısıncan gəzirdi. Koroğluynan Aypa­ranı tapa bilmədilər. Xəlil paşanın ovqatı təlx olub elan ver­dirdi ki, kim Koroğlunun yerini desə bir kisə qızıl verə­cəyəm.

Koroğlu dəlilərdən düz bir ildi ki, ayrılmışdı. Aypara­dan bir oğlu olmuşdu.

Dəlilər çox gözlədilər. Doqquz ay başa çatandan sonra Eyvaz dedi:

– Dəlilər, gərək gedək Koroğlunun dalısıycan. Çünki Koroğlu bizdən çox ayrı düşsəydi bir ay düşərdi. Amma doqquz aydı ki, ondan xəbər yoxdu. Gəlin üç aylıq yolu bir aya başa vurub gedək Koroğlunun dalısıycan. Dəlilər razı olub Qıratı da özləriynən götürüb getdilər.

Dəlilər oba-oba, şəhər şəhər gəzib Koroğlunu axtarırdılar.

Dəlilər gəzməkdə olsun, xəbər verək Xəlil paşadan. Xə­lil paşa elan verdirmişdi ki, kim Koroğlunun yerini bilib desə bir kisə qızıl verəcək.

Sənəm Koroğlunun əlindən yanıqlıydı. Özlüyündə and iç­di ki, harda olsa Koroğlunu tapacam. Düşüb oba-oba onu gəzdi.

İndi xəbər verək Koroğludan.

Koroğluda bir xasiyyət vardı, həmişə işi bərkə düşəndə, ya pis yuxu görəndə çıxıb hündür bir yerdə namaz qılardı. Koroğlu dəliləri yuxuda görüb, əhvalı bir az dəyişmişdi. Qalaçanın təpəsinə çıxıb namaz qılırdı. Sənəm də el-obanı gəzib gəlib çıxmışdı bura. Birdən gördü ki, ucadan səs gəlir. Sənəm yeridi irəli, gəlib yetişdi qalaçaya, baxıb diqqət etdi ki, Koroğlu burdadı. Ayparanın da qucağında uşaq eyvanda gəzi­şir. Tez özünü Xəlil paşaya yetirib dedi:

– Koroğlunun yerini tapmışam. Qızın Aypara xanım da onun yanındadı.

Xəlil paşa əmr verdi ki, qoşun hazır olsun. Qoşun hazır oldu. Sənəm qoşunu birbaş götürüb çıxartdı Koroğlu olan ye­rə. Sənəm qoşuna sərkərdəlik edib qoşunu dağın döşündə giz­lətdi. Gecədən xeyli keçmişdi ki, Sənəm qoşunu götürüb gəldi Koroğlunun qalaçasına. Sənəm kəmənd atıb düşdü həyətə. Qapını açıb qoşunu çəkdi irəli. Eyvana çıxıb gördü ki, Ko­roğlu Aypara xanımnan yatıb. Uşağı da qoyublar özlərindən bir az aralı. Əmr verib tez Koroğlunun, Ayparanın əl-ayağını bağlatdı. Bir vədə Koroğlu uşağın səsinə ayılıb gördü ki, düşmən dörd tərəfi alıb. Burda bir qapaqapdı ki, gəl görəsən.

Koroğlu bir uşağa, bir də Ayparaya baxıb dedi:

Dərələrdə ucalıbdı bol qamış,

Qamışı qırmağa gəlibdi camış,

Biz yatmışıq, Sənəm çoxdan oyaqmış,

Oyan, qollarımı Sənəm bağladı.

Aypara xanım səsə ayıldı. Amma yuxuluydu. Oturub ye­rinin içində baxırdı, bilmirdi ki, nə olub. İstədi gözlərini ova ki, yuxusu qaçsın, gördü qolları bağlıdı. Koroğlu alıb dübarə dedi:

Düşmən gəlib dörd tərəfim bağladı,

Koroğlunun ürəyini dağladı.

Bu məclisdə Koroğlu ağladı,

Ayıl, qollarımı Sənəm bağladı.

Koroğlu dartınıb qollarını açdı, oğlunun qoluna bir bazu bənd bağladı. Sənəm Aypara xanımı, Koroğlunu, bir də uşağı götürüb qatdı qoşunun qabağına. Üz qoydular Xəlil paşanın imarətinə sarı. Sənəmgil yolda Koroğlunun uşağını bir daşın dibinə qoyub çıxıb getdilər.

Xəlil paşaya xəbər çatdı ki, Koroğlu tutulubdu. Paşa əmr elədi ki, Koroğlunu aparıb salsınlar quyuya. Qızı Ayparanı da zindana saldırdı. Koroğlunu gətirib bir dərin quyuya saldılar.

Sizə xəbər verək bir qarıdan. Yaxınlarda bir qarı özünə ev tikmişdi, həyətində toyuq-cücə saxlamaqla məşğul olurdu. Qarının bir iti var idi. İt təzəcə doğmuşdu. İt bir gün bir çaq­qal səsi eşidir, çıxıb üz qoyur səsə tərəf. Gəlib bir daşın di­bində ay yarımlıq bir oğlan uşağı tapır. İtin uşağa yazığı gəlir. İstəyir onu aparsın, görür ki, uşaq acdı. Başlayır uşağa süd verməyə. Bir neçə gün it bu uşağı burda öz südü ilə saxlayır. Qarı itdən şəklə­nir. Bir gün itin dalısıncan düşüb gəlib çıxır həmin daşın dibinə. Görür ki, daşın dibində bələkli bir uşaq var, it onu əmizdirir. Qarı tez uşağı götürüb evinə gəlir. Baş­layır uşağı saxlamağa.

Sizə deyək Koroğlunun dəlilərindən. Dəlilər gəlib çat­mış­dılar İstanbula. Qıratda bir xasiyyət vardı ki, Koroğlu han­sı dəlikli daşda olsaydı iynən gəlib onu tapardı. Eyvaz Qıratı buraxmışdı qabağa. Qırat gəlib özünü yetirdi Aypara xanımın eyvanına. Buranı dolanıb iylədi. Sonra özünü yetirdi bir quyu­nun ağzına. Ayaqlarını döydü yerə. Eyvaz bildi ki, Ko­roğlu burdadı. Səs verdi. Koroğlu səsdən bildi ki, dəliləridi, dedi:

– Kəmənd atın.

Dəliləri kəmənd atıb Koroğlunu quyudan çıxartdılar. Aldı, Koroğlu:

Dəlilərlə barışanda Koroğlu,

Yedirdər onlara nabatnan noğlu,

Səhərsi kəsdirər yüz əlli toğlu,

Ayparam qalıbdı düşmən əlində.
Səməndin qolunda qızıl bazubənd,

Xəlil paşa bürcdən asılsın gərək.

Qıymayın əldə qala bir aylıq Səmənd,

Ayparam qalıbdı düşmən əlində.


Hindidən Rumatək salaram soraq,

Dəlilərim olur Qırat tək qovraq,

Yıxıban Xəlili bu eldən qovaq

Ayparam qalıbdı düşmən əlində.

Koroğlu sözünü tamam elədi. Qıratı çəkib ayaq qoydu üzəngiyə, dəlilərə dedi:

– Gəlin dalımcan.

Onlar atlarını sürüb yetirdilər şəhərə. Xəlil paşanın nə ki qoşunu vardı, hamısını qırıb çatdılar başa. Koroğlu Xəlil paşanı öz əliynən öldürüb əmr verdi ki, Sənəmi tapsınlar. Özü də Ayparanı axtarmağa getdi.

Koroğlu Ayparanı tapdı. Onlar bir-birinə sarıldı. Ko­roğlu Sənəmi xəbər aldı.

Aypara xanım ağladı. Koroğlu bildi ki, Sənəm yox olub, çox heyifsiləndi. Dəlilər axtardılar, Sənəmi tapa bilmədilər.

Koroğlu dəlilərini yığıb şadlıq məclisi qurdu. Dəlilərnən bir yerdə üç gün, üç gecə keyf çəkdilər. Siz də burda kefdə, damaqda olun.


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə