Azərbaycan miLLİ elmlər akademiyasifolklor institutu



Yüklə 1,82 Mb.
səhifə12/14
tarix30.12.2017
ölçüsü1,82 Mb.
#18444
1   ...   6   7   8   9   10   11   12   13   14

Üç Şahzadə

Biri var idi, biri yox idi, bir padşah var idi. Bu padşah çox pul xərcləyib oğlanlarını oxutmuşdu. Oğlanlar öz zaman­larının dərslərini rəvan eləyib elm dəryası olmuşdular. Günlə­rin bir günündə xəbər çıxdı ki, oğlanlar dərslərini qurtarıb gəlirlər. Di şahzadə bəzəndi, dəsgah... Oğlanlar gəldilər. Bir neçə gün ke­çəndən sora, padşah bir gecə böyük oğlunu yanına çağırıb, dedi:

– Oğul, daha oxuyub dərsinizi qurtardınız, elə mən də qo­calmışam. İstəyirəm sabahdan padşahlığı verəm sənə, or­tan­cıl qardaşını sənə vəzir, kiçik qardaşını da vəkil təyin elə­yirəm.

Oğlan doğrudan da çox ağıllı oğlan idi, dedi ki:

– Dədə, mən təzə gəlmişəm. Bütün ömrümü qürbətdə keçirmişəm. Ona görə də camaatı, vilayəti necə dolandırmaq lazımdı, hələ bacarmaram.

Padşah oğlundan heç belə cavab gözləmirdi. Elə ki, bu­nu eşitdi, dedi:

– Get, ancaq qardaşlarına bu barədə neç bir söz demə!

Belə deyib oğlunu mürəxxəs elədi. Sabahı gecə ortancıl oğlunu çağırıb dedi ki:

– Oğul, istəyirəm padşahlığı verəm sənə, böyük qardaşın vəzir, kiçiyi də vəkil təyin eləyəm.

Oğlan dedi:

– Yox, bunu mən qəbul eləmərəm. Məndən böyük qar­daşım var, padşahlıq ona verilməlidi. O, dura-dura mən pad­şah olmaram.

Padşah bunu da mürəxxəs eləyib tapşırdı ki, qardaşlarına bir söz deməsin.

Üçüncü gecə kiçik oğlunu çağırıb ona da həmən sözləri dedi, o da cavab verdi ki:

– Böyük qardaşım dura-dura mən padşahlığı qəbul elə­mərəm.

Padşah bunu da mürəxxəs eləyib tapşırdı ki, qardaşlarına bu barədə heç bir söz deməsin. Qardaşlar üçü də bu işdən pəjmürdə olmuşdular. Axırda özlərini saxlaya bilməyib məsələni açdılar. Baxdılar ki, padşah üçünə də həmən sözləri deyib. Fikirləşdilər ki, indi ki biz onun sözünü rədd eləmişik, bizə bundan sora pis nəzərnən baxacaq. Yaxşısı budu ki, biz də hələlik hirsi soyuyanacan çıxaq səyahətə.

Di padşaha adam göndərdilər, padşah razılıq verdi. Tə­da­­rük görüldü, lazım olan şeylər hazırlandı, oğlanlar üçü də də­­dələrinin görüşünə gəldilər. Padşah böyük oğlunun alnın­dan öpüb dedi:

– Get, oğul, ancaq yadında qalsın, qabağına çıxan qis­mə­ti təpikləmə...

Ortancıl oğlunun alnından öpüb dedi:

– Gördün ki, bir maqsuda çatacaqsan, ona çatmaq üçün tələsmə!

Kiçik oğlunun alnından öpüb dedi:

– Həmişə dara düşəndə qocaların məsləhətinə qulaq as!

Oğlanların üçü də görüşüb, atları minib yola düşdülər. Gəlib yetişdilər bir özgə padşahın vilayətinə. Bir neçə vaxt qaldılar burda, bunların kamalları şəhərdə hamını heyran elədi. Bu şöhrət axırda gedib bu məmləkətin padşahına çatdı. Padşah bunların üçünü də qonaq çağırdı. Di bir az söhbətə eləyəndən sora yemək gəldi. Padşah ayağa qalxıb dedi:

– Mən ac deyiləm, siz özünüz necə ki kefinizdi yeyin, məni bağışlayın!

Padşah bunu deyib o biri otağa keçdi. Onun məqsədi ayrı idi. O istəyirdi ki, onları tək qoyub, özü onlara tamaşa edib görsün, doğrudan necə adamlardı. Odu ki, qapının dalın­da əyləşib onları seyr eləməyə başladı. Böyük oğlan ortadakı qızarmış quzudan bir az kəsib elə ağzına qoycaq tüpürdü yerə. O biriləri soruşdular ki:

– Nə olub!

Böyük qardaş üzünü turşudub dedi:

– Bu quzu əti deyil, it ətidi.

Padşah bunu eşidib hirsləndi ki, onlar necə cəsarət elə­yib onun ətini it ətinə oxşadırlar. Elə istəyirdi ki, girib onları tutdursun, bu halda ortancıl qardaş əlini uzatdı şəraba. Şərab­dan bir stəkan töküb ağzına yaxınlaşdıracaq, tüpürdü yerə.

Soruşdular:

– Nə oldu?

Dedi:

– Bu şərab deyil, insan qanıdı.



Kiçik oğlan dedi:

– Yaxşı, aşbazdan əmələ gəlmiş bicdən daha bundan artıq nə gözləmək olar ki?

Padşah bunu eşidəndə lap dəli oldu. Az qaldı ki, hirsin­dən bağrı çatlasın. Bir istədi ki, üçünün boynunu vurdura. Ancaq bir az fikir eləyib öz-özünə dedi:

– Yaxşısı budu, çağırım bir aşbazdan, şərabçıdan soru­şum, sora.

Çağırdı aşbazı:

– De görüm, bu gün bişirdiyin quzunu haradan almışdın?

Aşpaz dedi:

– Şah sağ olsun, çoban sürüdən gətirmişdi.

Padşah əmr elədi, çoban gəldi.

– Bu quzunu haradan gətirmişdin?

– Şah sağ olsun, sürüdən.

– Çoban, bu quzudan it əti tamı gəlir, bir əməlli fikirləş!

Çoban bu sözü eşidəndə başladı yarpaq kimi tir-tir titrə­məyə.

Padşah dedi:

– Qorxma, de görüm bu nə işdi?

Çoban dedi:

– Padşah sağ olsun, həmən quzu anadan olandan iki gün sora anasını qurd parçalamışdı. Biz fikirləşdik ki, ta bu bö­yüyüb bizə qoyun olmayacaq. Odu ki, ötürdük başına. Elə çə­pindən həmən otlaqda bizim, üzdən iraq, itimiz də qancıq­lamışdı. Bir gün mən gəlib gördüm ki, həmən quzu iti əmir, ta buna heç fikir vermədim. Siz indi it ətinin tamı deyəndə ya­dıma düşdü, o yəqin o quzu olacaq.

Padşah baxdı ki, böyük oğlanın dediyi doğru çıxdı. Onu mürəxxəs deyib çağırdı şərabçını. Soruşdu ki:

– Bugünkü şərabı hardan gətirmişdin?

– Meyxanadan, qibleyi-aləm sağ olsun!

– Bu şərab haranın üzümündəndi?

– Güllü bağın.

– Bu bağı kim saldırıb?

– Sənin rəhmətlik atan.

– Bilmirsən, o bağın yeri qabaqca nə imiş?

– Şah sağ olsun, o bağın yeri qabaqca qəbirstanlıq idi. Sənin rəhmətlik atan oranı sökdürüb üzüm bağı elədi.

Padşah baxdı ki, ortancıl oğlanın dediyi də doğru çıxdı. Öz-özünə fikirləşdi, yaxşı, bunlar doğru oldu. Amma xırdanın hökmən boynunu vurduracağam. Çünki mən heç vəchlə aş­baz­dan əmələ gəlmiş bic deyiləm. Atam bəlli, anam bəlli. İs­tədi cəlladı çağıra, sora fikirləşdi, yaxşı bunların ikisinin də sözü düz çıxdı. Bəlkə elə bu da düzdü, oldu oldu da.... Qoy bir anamdan soruşum.

Qılıncı çəkib girdi anasının yanına ki:

– Ana, düzünü de görüm, mənim atam kimdi?

Arvad dedi:

– Buy, bala, bu nə sözdü? Sənin atan bu vilayətin pad­şahı Aslan şah. Bu nə sözdü soruşursan?

– Yox ana, düzün deməsən, bax bu qılıncdı sənin canın. Mənə deyiblər ki, mən padşah oğlu deyiləm, aşbaz oğluyam.

Arvad gördü ki, iş xarabdı, kimsə əhvalatı bilib, ona xəbər verib. Ona görə də çar-naçar əhvalatın düzünü açıb deməyə vadar oldu. Dedi:

– Bala, indi ki, bilirsən, bil, ta Allahdan gizlin deyil, sən­dən nə gizlin. Mənim həmişə qızım olurdu, heç oğlum olmurdu, Aslan şah da oğlan istəyirdi. Bir gün yenə Allahın məsləhəti ilə mənim vədəm keçdi. Sancım başlayan günü şah mənə dedi ki, əgər bu dəfə də qızın olsa səni öldürəcəyəm. Işin çəpindən uşaq yenə qız oldu. Mən düşdüm qarın ağrısına. Mənim bir yaxşı dayəm var idi. Gəlib mənə dedi ki, bu gecə aşbazın bir oğlu olub, gəl uşaqları onunla dəyişdirək. Sən həmən o uşaqsan.

Padşahın daha heç bir söz deməyib çıxdı. Lap mat qal­mışdı. Oğlanların dediklərinin hamısı doğru olmuşdu. Birbaş gəldi oğlanların yanına, əyləşdi, başladı söhbətə:

– Mən buna lap mat qalmışam. Siz çörək yeyəndə mən qapının deşiyindən qulaq asırdım. Sizin sözlərinizin hamısını eşitdim.

Oğlanlar qızardı.

Padşah dedi:

– Yox, qızarmayın! İş ondadı ki, dedikləriniz lap düz çıxdı. İndi mən bir şeyə mat qalmışam ki, siz bunları haradan bilirsiniz?

Böyük oğlan dedi:

– Şah sağ olsun, mən quzunun ətindən yeyəndə dedim ki, bu it ətidi. Çünki gördüm ki, bu qoyun əti tam vermir. De­mək bu başqa heyvan olacaq. Sürüdə də itdən başqa hey­van olmaz. Odu ki, dedim bu yəqin it əti olacaq.

Padşah ortancıl dedi:

– Yaxşı, bəs sən niyə hələ nelə başından yekə qələt elədin?

Oğlan dedi:

– Şah sağ olsun, düzdü, mənim dediyim yaxşı söz deyil. Ancaq iş ondadı ki, elə deyəsən elədi ki, var. Axı hərçənd ki, biz sənə demişik ki, biz tacir oğluyuq, amma yalan demişik. Biz səndən də böyük padşahın oğluyuq. Bizim atamız gələn qonaqlarla oturar, durar, söhbət edər amma heç xörək haqqın­da danışmaz. Amma sənin söhbətin elə bu barədə oldu ki, ay nə bilim küftəbozbaşı belə bişirirlər, dolmanı belə bişirirlər, plovun yağını nə vaxt tökərlər, qayğanağın şirəsini nə vaxt vururlar. Mən gördüm ki, sən xörəkdən başqa heç bir söhbət eləmirsən, fikirləşdim ki, yəqin bunun aşbazla bir qarışığı var.

Gecə padşah böyük oğlanı çağırıb dedi:

– Oğlan, görürəm sən bir ağıllı, kamallı oğlansan. Mən də qocalmışam. Övlad qismindən yaxşı bir qızım var. Gəl elə onun kəbinini kəsdirdim sənə, padşahlığı da verim sənə, mən bu qoca vaxtımda bir az rahatlanım.

Oğlan məsələni qardaşlarına açdı, onlar razı olmadılar.

Böyük oğlan dedi:

– Yox, dədəm mənə deyib ki, qabağına çıxan qisməti təpikləmə!

Bu bir qismətdi ki, mənim qabağıma çıxıb. Mən qalaca­ğam.

Atalarının sözü onların da yadlarına düşdü. Hamısı ra­zılaşdılar. Qırx gün, qırx gecə toy elədilər, padşah qızı da, tacı da verdi oğlana. Qardaşları bununla görüşüb yola düşdülər. Bir neçə güsn gedəndən sora gəlib iki yolun ayrıcına çatdılar. Öpüşdülər, görüşdülər, ortancıl oğlan bir yolnan, kiçik oğlan da bir getməyə başladılar. Kiçik oğlan getməkdə olsun, biz görək ortancıl oğlanın başına nə gəldi.

Ortancıl oğlan gedib, gedib bir şəhərə çatdı. Şəhərin mey­­dançasına çatanda gördü ki, camahat yığılıb divara vu­rulmuş bir şəklə baxırlar. Yaxınlaşdı, baxdı ki, bir qız şəkildi. Amma qız nə qız... Elə bir qızdı, elə bir qızdı ki, yemə-içmə, xətti xalına, gül camalına tamaşa elə! Orada duranlardan bi­rinə yanaşıb soruşdu:

– Qardaş, bu nə şəkildi?

– Yəqin ki, sən bu şəhərə təzə gəlmisən?

– Bəli.


– Bu bizim padşahın qızının şəkildi.

– Bəs bura niyə vurublar?

– Ərə vermək üçün.

Oğlan bir könüldən min könülə vuruldu bu qıza. Soruş­du ki:

– Bəs yaxşı, axı mən anlamıram, bunu bura niyə vurub­lar? Niyə alan yoxdu ki, belə müştəri axtarırlar?

– Yox, istəyən çoxdu. İndiyə kimi bir çox pəhləvanlar, bir çox şahzadələr gəlib bu qızı istəyiblər. Ancaq burada giz­lin bir sirr var ki, o qızı istəmək üçün saraya girənlərin biri də qayıdıb eşiyə çıxmır. Bu saat bütün bu şəhər camahatı bu qıza aşiqdi. Ancaq bu işin qorxusundan bir adam cəsarət eləyib el­çi göndərə bilmir.

Oğlan dedi:

– Bu qızı mən alacağam.

Kişi gülümsünüb dedi:

– Yazıqsan, oğlan! Sən yaxşı bir cavansan, özünə hayı­fın gəlsin, bu sevdadan vaz keç!

Oğlan dedi:

– Yox, hər nə təhər olsa, mən gərək bu qızı alam.

Kim ona nə dedisə, beyninə girmədi. Sabahısı günü düz birbaş getdi padşahın yanına.

– Padşah sağ olsun, mən gəlmişəm sənin qızını almağa.

Padşah çox razılıqla onu qəbul elədi. Ancaq dedi ki:

– Doğrudu, axırda bir oğlan bir qızın, bir qız bir oğla­nın­dı. O da doğrudu ki, mənim qızım mənim sözümdən çıxmaz. Ancaq mən onun sorakı bədbaxtlığına bais olmaq istəmirəm. Sən çox da mənim xoşuma gəlirsən. Bəlkə heç qızın xoşuna gəlməyəcəksən. Ya elə qız özü sənin xoşuna gəlməyəcək. Mə­nim şərtim budu. Səni sabah qızımnan ötürərəm bir otağa. Orada bir-iki saat bir-birinizlə söhbət edərsiz. Əgər ikiniz də bir-birinizi bəyənsəniz, ondan sora baş üstə!

Oğlan bu təklifə lap ürəkdən razı oldu. Özü də çox şad oldu. Daha bundan yaxşı nə ola bilər ki?..

Sabahısı oğlanı gətirdilər qızın otağına. Qız nə qız, huri mələk. Şəkildəkindən beş qat gözəl, şəhla gözlü, şirin sözlü, hilal qaşlı, balınc döşlü, fındıq burunlu, açıq alınlı, güləbətin ətəyi, dili bal pətəyi, dişləri siçan dişi kimi, ta nə deyim, gəl məni gör, dərdimdən öl...

Oğlan huş-bihuş yerində dayandı. Nazənin məxmər döşəyin üstündən qalxıb süd kimi ayaqlarını fərşin üstünə basa-basa oğlana tərəf gəlməyə başladı. Oğlan ta lap özünü itirdi. Elə handa-handaydı ki, yıxılsan, şümşad qollar Hindis­tan ilanı kimi dolandı oğlanın boynuna. Oğlan ayıldı, tez dala çəkildi, qız irəlilədi. Qız güclə onu qucaqlamaq istəyirdi. Oğ­lanın gözləri kəlləsinə çıxmışdı. Elə az qalırdı ki, qucaqlayıb o gülab süzülən dodaqlardan doyunca özünə sirab eləsin, birdən atasının sözü yadına düşdü: ”Gördün ki, bir məqsuda çatacaqsan, ona çatmaq üçün tələsmə”!...

Oğlan elə bil ki, yuxudan ayıldı. İlan vurmuş adamlar kimi yerindən tullanıb, dala qaçdı. Qız qovdu, oğlan qaçdı, qız qovdu, oğlan qaçdı, axırda oğlan gördü ki, yox, bunun əlin­dən qurtarmayacaq, özün vurdu qapıya, qapı da bağlı. Çə­kildi dala, qız hən-hün eləyib bunu tutuncan oğlan qapıya bir təpik çəkdi, qapı sındı. Oğlan bayıra tullandı. Baxdı ki, əlində yalın qılınc bir adam orda hazır durub, yıxılıb özündən getdi.

Bu əhvalatdan üç gün keçmiş oğlan yuxudan ayılıb özü­nü ipək yorğan-döşəkdə gördü. Yanında da bir çox dava-dər­man var idi. Baxdı ki, başı yaman ağrıyır. Əlini atdı başına, gördü ki, başını səritdiyib bağlayıblar. Lap məhətdəl qaldı. Bu vaxtı bir də nə gördü? Qız barmaqlarının ucunda yavaş-yavaş girdi evə. Daha bu halı necə ki, lazımdı deyə bilmirəm. Həftə keçdi, gün keçdi, oğlan yaxşı oldu. Ta bir adama ki, öz məşu­qəsi dava-dərman verə, bir naxoş ki, öz yari-nazəninin əlindən dərman içə, əlbət ki, sağalar. İndi yavaş-yavaş oğlan başla­mış­dı gəzməyə.

Bir gün yenə oğlan qızla oturmuşdular bağda, padşah gəldi bunların yanına. Oğlan ondan soruşdu:

– Şah sağ olsun, mən axı bir şeyə məhətdəl qalmışam. Mən yıxılan günü, əlində qılınc qapıda durub məni qorxudan kim idi.

Padşah gülüb dedi:

– Mən qızımı bir halal süd əmmiş, namuslu adama ərə vermək istəyirdim. Ona görə də belə götürmüşdüm, kim mə­nim qızımı gəlib istəyirdisə, mən onu salırdım qızımın yanına. Özüm də əlimdə qılınc qapının deşiyindən baxırdım. Qıza da tapşırmışdım ki, oğlanla mazaq eləyib onu dingildətsin, necə ki, sən özün də bunu gördün. Elə ki, qız belə eləyirdi, oğlanın əlbəhəl halı dəyişib ayrı fikirlərə düşürdü. Əlbəhəl namussuz adam olduğunu bilirdim. Mən də əlimdəki qılıncla başın bə­də­nindən ayırıb, yer üzünü belənçik nakəslərdən təmizlə­yir­dim. Amma sən doğrudan da halal süd əmmiş adamsan. Çün­ki qız nə qədər sənə soxulsa, sən qaçdın.

Oğlan dedi:

– Çünki mənim atam mənə vəsiyyət eləyib ki, “elə ki, gördün bir məqsuda çatacaqsan, ona çatmaq üçün tələsmə”.

Padşah toy eləyib qızı verdi ona, padşahlığı da ona tapşırıb qoca günlərində hərəmxanasına çəkildi. Bu da burda öz keyfində olsun, biz görək oğlan nə oldu.

Kiçik oğlan gedib-gedib şəhərə yetişdi. Bir gün şəhəri gəzə-gəzə lap çıxdı qırağa. Qabağına bir gözəl dam-daş çıxdı. Evin pəncərəsindən bir qız baxırdı ki, getmə gözümdən, gedərəm özümdən. Oğlan bir ürəkdən min ürəyə qıza elə vuruldu ki, heç Məcnun da bu boyda vurulmamışdı. Axşama­can qaldı orda. Gecə düşdüyü hücrədəki yoldaşın dərdini açdı. O adam əhvalatı buna danışdı.

Deməginən bu qız padşahın qızı imiş. Padşah onu kimə vermək istəyibsə qız getməyib, ona görə də padşah onu dədə malından məhrum eləyib, evindən qovub. O da həmən o dam-daşı tikdirib, özün də tilsimbənd eləyib oturdub orda. İndi o tilsimi açmağa nə qədər pəhləvanlar gəlibsə, düşüb qalıblar orada.

Oğlan dedi:

– Mən o qızı alacağam.

Səhər getdi padşahın yanına. Padşah onu lap yaxşı, ürəyi istəyən kimi qəbul eləyib dərdini soruşdu, oğlan öz fikrini dedi.

Padşah dedi:

– Mən lap ürəkdən buna şadam. Ancaq, vallah, onun ixtiyarı mənim əlimdə deyil. O olub bir çəpəl sehrkun.

Oğlan dedi:

– Mən onun tilsimini sındıraram. Ancaq necə ki, sən onun atası, başının sahibi, əvvəl sənin yanına gəlmişəm.

Oğlan ordan çıxıb soraqlaşdı, öyrəndi, bu şəhərdə lap qoca bir adam tapıb onun yanına getdi. Qoca ona dedi:

– Bala, o tilsimi sındırmaq üçün bircə yol var. O da budu ki, qızın iki qarabaşı var. Bunlar həftədə bir gün gəlib bazardan lazım olan şey-şüy alıb aparırlar. O qarabaşlardan birini gərək pul gücünə aldadıb tilsimin sirrini öyrənəsən.

Oğlan gedib kəsdi bazarın yolunun üstünü. Qızları axır ki aldadıb, tilsimin sirrini öyrəndi. Sabahısı gedib padşaha məlum elədi ki, mən bu gün tilsimi sındıracağam.

Bunu deyib üz qoydu şəhərin qırağına, qızın dam-daşına tərəf. Şəhərin əhalisi əhvalatı eşidib yığışdılar bura. Oğlan altdan geyinib üstdən qıfıllandı, iki şaqqa ət götürüb girdi evə. Baxdı ki, qarabaşların dediyi kimi ətin bir parçasın aslana, o birini qaplana atdı, ayaq qoydu pilləkana. Qapıdan keçəndə göy­dən asılmış sehirli qılınc aşağı endi. Tez yanındakı divar­da duran düyməni basdı. Qılınc sındı, düşdü yerə. Girdi evə. Baxdı ki, hər tərəf od alıb yanır. Odun içindən də bir əjdaha buna həmlə eləyir. Qızların öyrətdiyi kimi özün atdı əjdaha­nın üstünə. Yapışıb boğazında onu boğdu. Hər tərəfi tüstü bürüdü. Tilsim sındı. Camahat çöldə durub oğlana heyfsilə­nirdilər. Camahatdan bir gurultu qopdu ki, nə təhər. Qız düş­dü, gəldi atasının bərabərinə. Onun əlindən öpüb dedi:

– Ata, sən məni yoldan keçənə vermək istəyirdin, mən də buna razı deyildim.

İndi, bu oğlan, deyəsən, elə mən axtardığımdı. Sən izn versən, mən bu oğlana üç sual verərəm, cavablarını qaytara bilə, gedərəm buna.

Padşah razı oldu. Qız oğlana dedi:

– İndi get, mənim sorğularımı gözlə!

Sabahısı gün qız oğlana bir zümrüd göndərdi. Oğlan get­di bazara, bir dənə zəbərcəd alıb qoydu bunun yanına, qay­tardı dala. O biri gün qız oğlana bir dənə almaz göndərdi. Oğ­lan almazı bir daş altdan, bir daş üstdən qoyub əzdi, bir dəs­mala bağlayıb qaytardı dala. Üçüncü gün qız oğlana bir bril­yant göndərdi. Oğlan gedib bazara, ondan da qiymətli brilyant göndərdi. Oğlan gedib bazara, ondan da qiymətli brilyant aldı, iki dənə də yaqut, hamısını bir yerdə göndərdi qıza.

Qız atasına xəbər göndərdi ki, oğlan suallara cavab ve­rib. Kəbin kəsildi, toy oldu. Elə ki, toy qurtardı, padşah oğlanı da, qızı da yanına çağırıb soruşdu.

– Yaxşı, iş qurtardı, indi sən mənə de görüm, bu tilsimi necə sındırdın?

Oğlan dedi:

– Mənə atam tapşırmışdı ki, çətinliyə düşəndə qoca adamların məsləhətinə qulaq as! Odu ki, mən də bir qoca tapıb onun məsləhətiynən tilsimi sındırdım.

Padşah üzünü qızına tutub dedi:

– Bəs sən nə sual verdin, o sənə cavab verdi?

Qız dedi:

– Mən birinci dəfə ona bir dənə zümrüd göndərdim ki, mən atam-anam üçün zümrüd kimi bahalıyam, sən məni ala bilməzsən.

Oğlan dedi:

– Mən sənin fikrini anladım. Odu ki, bir dənə zəbərcəd alıb göndərdim ki, çox da qoltuqların şişməsin. Elə mən də atam-anam üçün zəbərcad kimi qiymətliyəm.

Qız dedi:

– Mən ikinci dəfə bir almaz göndərib dedim ki, mən almaz kimi bərkəm, sən mənim arzularımı yerinə yetirə bil­məzsən.

Oğlan dedi:

– Mən başa düşdüm, ona görə də almazı əzib sənə göndərdim ki, əgər sənin arzuların hadağadan çıxsa, o arzuları mən beləcə əzərəm.

Qız dedi:

– Sora mən bir dənə brilyant göndərdim ki, mən brilyant kimi gözələm.

Oğlan dedi:

– Mən başa düşdüm. Odu ki, ondan qiymətli bir brilyant alıb sənə göndərdim ki, elə mən də gözələm. Ancaq yanına da iki yaqut qoydum ki, indi gör bizim kimi gözəldən iki dənə yaqut kimi oğlan dünyaya gəlsə, nə qiyamət olar...

Padşah bunların ağıl-dərrakəsini görüb yavaşca durdu ayağa, tacı götürüb qoydu oğlanın başına.

Qardaşlar bir neçə ildən sora birləşib getdilər atalarının yanına. Ataları böyük dəsgahla onların qabağına gedib gətirdi evə. Əhvalatı biləndən sora onların alnından öpüb dedi:

– Mən onda qəsdən elə elədim ki, siz çıxıb, gedib özü­nüzə çörək axtarasınız.

Çünki öz əli ilə qazanmayıb ata malına göz dikənlər axırda bədbəxt olarlar.


Hazarandastan bülbülü

Biri var idi, biri yox idi. Bir padşah var idi. Bu padşahın bir bağı var idi ki, ruzigarın gözü belə bir bağ görməmişdi. Gül gülü çağırır, içindən göz yaşı kimi çeşmələr axırdı. Bağın içində padşah dünyanın hər tərəfindən cürbəcür ağaclar gətirdib əkdirmişdi. Qərəz, nə deyim, bağda can dərmanı desəydin vardı. Bu bağın şöhrəti bütün ətrafa yayılmışdı. Dün­yanın hər tərəfindən dəstə-dəstə adamlar bu bağın tama­şasına gəlirdi.

Bir gün yenə şəhərdən üç nəfər bu bağı görməyə gəl­mişdi. Padşahnan bağı gəzdilər, dolandılar. Bağın qapısından eşiyə çıxanda, qonaqlardan biri bir ah çəkib dedi:

– Çox gözəl bağdı, amma heyf ki, Hazarandastan gü­lüynən Hazarandastan bülbülü bu bağda yoxdu.

İkinci qonaq bir ah çəkib dedi:

– Çox gözəl bağdı, amma heyif ki, Bili-Bilqeyyis xanım burda deyil.

Üçüncü qonaq da eləcə bir ah çəkib dedi:

– Çox gözəl bağdı, amma heyif ki, Süleymani-ərəbat bu bağın içində deyil.

Qonaqlar getdilər, padşah düşdü fikrə, vəzir diqqətnən baxıb gördü ki, padşah çox fikirdədi, dedi:

– Padşah sağ olsun, nə oldu fikrə getdin?

Padşah dedi:

– Vəzir, qonaqların sözü məni fikrə saldı. Hər nə təhər olsa, gərək Hazarandastan bülbülü, Hazarandastan gülü, Bili-Bilqeyis xanım, bir də Süleymani-ərəbat bu bağa gətirilə.

Vəzir dedi:

– Padşah sağ olsun, burda nə var ki, səni fikrə salır? Şükür olsun üç oğlun var. Çağır, əmr elə, gedib gətirsinlər. Bəs onlar nə vaxt sənə lazım olacaqlar?

Padşah gördü ki, vəzir doğru deyir. Onun doğrudan da üç oğlu vardı. Əmr elədi çağırdılar. Elə ki, oğlanların üçü də gəldi padşahın bərabərinə, padşah dedi:

– Oğlanlarım, mənim bağım misli görülməmiş bir bağdı. Amma dörd dənə əskiyi var, onlar da: Hazarandastan bülbülü, Hazarandastan gülü, Bili-Bilqeyis xanım, bir də ki, Süley­ma­ni-ərəbatdı. Bilmirəm, göy göbəyini yerə dayasa da, gərək on­ları gətirəsiz.

Oğlanlar atalarının əlindən öpüb atlarını minib, öpüşüb ayrıldılar.

O biri qardaşlar getməkdə olsunlar, sizə kimdən deyim, kiçik qardaşdan. Bu kiçik qardaş bir neçə gün yol gedəndən sora gəlib bir şəhərə yetişdi. Bir evin qabağında atdan düşüb gördü ki, bir qoca kişi dayanıb qapıda, dedi:

– Qoca, qəribəm, yol adamıyam, bu gecə məni qonaq saxlarsanmı?

Qoca:


– Niyə saxlamıram, bala?! Qonaq Allah qonağıdı.

Ev yiyəsi qoca, gün keçirmiş, dünyanın isti-soyuğun gö­rüb, acı-şirinin dadmış bir adamdı. Gecə söhbət vaxtı oğlanın Süleymani-ərəbatından ötrü bura gəldiyini bilib dedi:

– Bala, sən gəl bu sevdadan əl çək! Çox igidlər, çox pəh­ləvanlar bunun üçün gedib, bir də dala qayıtmayıblar. Hə­lə sənin dimdiyinin sarısı heç getməyib, ağzından hələ süd qorxusu gəlir.

Oğlan dedi:

– Yox, dədəmə söz vermişəm, gərək eləyəm.

Onda qoca dedi:

– Oğlan, indi ki belə oldu, qoy sənə deyim. O at hər gün bir çeşmə var, gəlib o çeşmədən su içir. Onu ancaq orda tut­maq olar. Ancaq o çeşmənin yanına getmək üçün gərək yeddi dənə odlu dərədən keçəsən. Oğlan hər şeyi ondan öyrənib səhər atı mindi. Yola düşəndə qoca dedi:

– Çeşmənin başında bir ağac var. Çıxıb həmən ağacda gizlənərsən. Sübhi-sadıx zamanı bir sürü at gələcək, cəhd eləyib kəməndi qabaqdakı atın boynuna sal, özün də tez denən “at, Süleyman peyğəmbər eşqinə dayan!”. Əgər elə de­mə­sən, at səni də, ağacı da yerindən oynadıb həlak edər. Elə ki, mindin ata, dala baxmadan dördəmiyə çap! Daldan çoxlu səslər gələcək ki, “ay tutun, ay vurun!” Nəbadə dönüb dala baxasan, baxsan daş olarsan.

Oğlan atı sürdü, az getdi, çox getdi, bir də gördü ki, uzaqdan işıq gəlir. Yaxınlaşdıqca işıq yekəldi, elə oldu ki, elə bil uzaqda məşəl yanır. Bir az gedəndən sora baxdı ki, qabaq­dakı işıq qocanın dediyi odlu dərədi. Dərənin istisi oğlanı təngişdirməyə başladı. Ancaq buna fikir verməyib yoluna da­vam elədi. Getdi yetişdi odlu dərənin başına. Dərə nə dərə, elə bil ki, Allah cəhənnəmi bura köçürdüb.

Oğlan baxmayıb özün vurdu odun içinə. Dərədən çıxan­da göy guruldadı, sümsürük oynadı, bir gurultu qopdu ki, həmli arvad olsa, qorxudan uşaq salardı. Oğlan qocanın dedi­yinə əməl eləyib, heç bir tərəfə baxmayıb, özünü ikinci dərə­yə vurdu. Belə-belə dərələrin yeddisini də keçib çıxdı bir dü­zəngaha. Bir qədər atı sürəndən sora gəlib bir çəmənzara çat­dı. Çəmənin ortasında uca bir ağac var idi. Ağacın altından bir çeşmə çıxıb abi-zəmzəm suyu kimi axırdı. Oğlan baxdı ki, elə qocanın dediyi yerdi ki, var. Atdan düşdü, əyləşib çəmənin başında bir az toqqasının altını bərkidəndən sora, çıxıb ağacda oturub gözləməyə başladı.

Səhərə yaxın bir də gördü ki, budu yer titrədi, göy şaq­qıldadı, sümsürük oynadı, təpənin dalından bir dəstə at çıxdı. Atlar üz qoydular çeşməyə tərəf gəlməyə. Oğlan yerin möh­kəmlədib kəməndi hazırladı. Atlar gəlib çeşməyə çatdılar. Oğlan baxdı qabaqdakı ata, gördü doğrudan da at bir atdı ki, Qırat onun yanında bir pula dəyməz.

Oğlan kəməndi atdı atın boynuna. At iki əlləri üstündə qalxdı göyə, oğlanı çəkdi, oğlan düz düşdü onun belinə. At bir də qalxdı ki, onu vursun yerə, oğlan dedi:

– Ay at, Süleyman peyğəmbər eşqinə dayan!..

At Süleyman peyğəmbərin adını eşitcək dayandı. Oğlan onu dəhnəliçov vurub başın döndərdi. Daldan nə qədər qış­qırtı, bağırtı gəldisə oğlan dönüb baxmadı, birbaşa atı sürdü. Beş günə gəldiyini iki saatda keçib qocanın olduğu şəhərə çatdı. Oradan keçib birbaş yola düzəldi. Gəldi həmən üç yo­lun ayrıcına yetişdi. Daşın altına baxıb gördü ki, üzük ordadı. Bildi ki, hələ qardaşları qayıtmayıblar. Odu ki, üz qoydu ortancıl qardaşının getdiyi yola. Günə bir mənzil gəlib çatdı bir şəhərə. Şəhərin qırağında düşüb atın tükündən bir az çək­di, cilovun başına dolayıb ötürdü, özü girdi şəhərə, baxdı ki, möhkəm acıb, dedi: gedib bir çörək yeyim. Bu fikirnən gəlib bir aşbaz dükanına girdi. Əyləşib xörək istədi. Aşbaz şəyirdi xörək gətirəndə oğlan gördü ki, öz qardaşıdı, soruşdu:

– Bəs qardaş, bu nə hal?

Qardaşı dedi:

– Qardaş işim tutmadı, heç birin tapa bilmədim. Axırda aşbazxana sahibinə yataq pulu verə bilmədiyimə görə, indi məni burda şəyird işlədir.

Oğlan onun borcunu verib aşbazdan aldı, şəhərdən də ona bir at aldı, sora lazım olan başqa şeylər alıb şəhərin qırağına gəldilər. Oğlan cibindən Süleyman – ərabatın tükünü çıxardıb tutuzdurdu. Süleyman-ərabat badi-sərsər kimi gəldi. Hər iki qardaş mindi, sürüb birbaş çatdılar üç yolun ayrıcına. Daşın altına baxıb gördülər ki, üzük hələ də ordadı. Kiçik qardaş ortancıla dedi:

– Qardaş, sən qal burda, mən gedim böyük qardaşımızın dalıncan.

Ortancıl qardaş orda qaldı, bizim bu kiçik yola düzəldi. Az getdi, çox getdi, gəlib bir şəhərə çatdı. Baxdı ki, böyük bir qəsr var. Bu qəsrin balaxanasında bir qız oturub ki, gözəlliyi göylərdən bac istəyir. Amma qəsrin qabağında bir dəstə fəhlə palçıq ayaqlayır. Oğlan yanaşdı fəhlələrə ki, soruşsun görsün bu balaxanadakı qız kimdi. Bir də nə gördü?! Böyük qardaşı fəhlə paltarında qıçlarını da çirməyib burda palçıq ayaqlayır. Buna görəndə oğlanın az qaldı ki, ruhu bədənindən uçsun, dedi:

– Qardaş, bu nə haldı?

Qardaşı dedi:

– Qardaş, bu qızı ki, görürsən, bu Bili-Bilqeyis xanımdı. Hazarandastan gülü ilə Hazarandastan bülbülü də ondadı. Bu palçıq ayaqlayanlar da ki, hərəsi bir padşahın oğludu. Gəliblər ki, onu alsınlar. O da hər gələnnən güləşib yıxıb, hər yıxılana da beləcə ömrünün axırınacan burda palçıq ayaqlatdırır.

Oğlan dedi:

– Qorxma qardaş, bu saat onun saçlarını əlimə dolaram.

Başını yuxarıya qaldırıb dedi:

– Qız, düş aşağı!

Qız dedi:

– Nə istəyirsən?

Oğlan dedi:

– Sənnən güləşmək istəyirəm.

Qız gülüb dedi:

– Bir baxginən bu palçıq ayaqlayan adamlara. Bunlar hərəsi bir pəhləvandı. İndi burda palçıq ayaqlayırlar. Mənim sə­nə yazığım gəlir. Sən yaxşı bir oğlansan, özünü bədbəxt elə­mə, çıx get!

Oğlan dedi:

– Uzun danışmağın yeri yoxdu. Bunları da görürəm, səni də, düş gəl yerə!

Qız dedi:

– Get oğlan, sənin ağzından hələ süd qoxusu gəlir. Anan yazıqdı, sənin hələ bələnməli vaxtındı, get, özünü bədnam eləmə!

Oğlan dedi:

– Sənin cənginə indiyə kimi görünür ki, pəhləvan düş­məyib, indi məndən gözün qorxduğuna görə, aşağı düşə bil­mirsən.

Qız hirsləndi:

– Oğlan, mən sənə qıymırdım, sənə yazığım gəlirdi. İndi ki, sən belə danışdın, çox yaxşı güləşək. Ancaq bir şərtnən. Sən məni yıxa bilsən, ixtiyar sənindi, nə istəyirsən elə, mən səni yıxdım başını kəsəcəyəm.

Oğlan dedi:

– Mən razıyam, şərtin gözüm üstə.

Meydan sulandı, süpürüldü, küstü başlandı. Üç gün, üç gecə güləşdilər. Oğlan axırda canın dişinə yığıb bir tilişdirmə vurub qızın arxasın qoydu yerə.

Qız dedi:

– İxtiyar sənindi, öldürə bilərsən.

Oğlan əlini onun dalına vurdu. Qız oğlan palçıq ayaq­la­yanların hamısını azad elədi. Hazarandastan gülünü, Hazaran­dastan bülbülünü, Bili-Bilqeys xanımı, bir də ki, qardaşını götürüb yola düşdü. Günə bir mənzil gəlib çatdılar üç yolun ay­rıcına, gördülər ortancıl qardaş orda bunların yolunu gözlə­yir. Çadırlar quruldu, qazanlar asıldı, yedilər, içdilər, hərə öz çadırına yatmağa getdi. Gecə nə ortancıl qardaşın, nə də bö­yük qardaşın gözünə yuxu getmədi. Onlar bilmirdilər ki, ata­la­rının yanına nə üznən çıxacaqlar. Gecənin bir vaxtı böyük qardaş durub getdi ortancıl qardaşın yanına. Bir az götür-qoy eləyəndən sora bu qərara gəldilər ki, qardaşlarının əl-ayağını bağlayıb salsınlar quyuya. Onun gətirdiyi bütün bu şeyləri apa­rıb öz adlarından versinlər padşaha.

Oğlan şirin yuxuda yatmışdı. Deyərlər ki, səhərin yuxu­su ölümdən betərdi. Qardaşlar onun əl-ayağını kəndirnən bərk sa­rıyıb gətirib Yusif kimi bir quyuya saldılar. Səhər tezdən bü­tün qəflə-qatırı yükləyib hazırladılar. Bili-Bilqeyis xanım soruşdu:

– Bəs oğlan hanı?

Qardaşlar dedilər ki, o gecəynən atalarına muştuluq aparıb.

Hər şeyi hazırladılar, amma nə qədər elədilərsə Süley­mani-ərəbat onlara baş vermədi ki, vermədi. Axırda gördülər ki, tuta bilməyəcəklər, onu çar-naçar buraxıb atların içindən bir yaxşı at seçdilər. Süleymani-ərabtsız yola düşdülər. Gəlib yetişdilər atalarının hüzuruna. Ataları şeyləri görüb çox sevin­di. Kiçik oğlunu soruşdu, dedilər:

– O heç bir şey gətirə bilməmişdi, ona görə də üzüqara olduğundan sənin yanına gələ bilmədi.

Əlqərəz, padşahı aldatdılar. O da bunların dediklərinə inandı. Bili-Bilqeyis xanım üçün məxsusi bir otaq ayırdılar, yaşamağa başladılar.

Onlar öz yaşamaqlarında olsunlar, sənə kimdən xəbər verim, kiçik oğlandan.

Bir vaxt səhərin yeli onun burnuna dəyəndə, ayılıb gör­dü ki, bir quyunun içindədi. Qardaşlarının xəyanətini başa düş­dü, dedi:

– Hey gidi dünya, mən onlara nə elədim, onlar mənə nə elədilər...

Ancaq gecdi. Əlləşdi ki, birtəhər quyudan çıxsın, ancaq quyu çox dərindi, heç bir dənə ayaq yerisi yoxdu. Odu ki, çıxa bilmədi.

Yadınızdadırmı Süleyman-ərəbat onlara baş verməyib burda qalmışdı, öz sahibini axtarırdı. Qoxuluya-qoxuluya gə­lib quyunun başına çatdı. Gördü ki, oğlan quyudadı. Gedib yaxındakı ağaclardan bir az meyvədən-zaddan ağzına yığıb gətirib quyuya saldı. At həmişə belə eləyirdi, gecələr də qu­yunun başında yatırdı.

Bir gün bir karvan gəlib burda düşdü. Baxdılar ki, quyu­nun başında yaxşı bir at var. İstədilər onu tutsunlar. Nə qədər elədilərsə, at baş verməyib elə quyunun ətrafında dolanırdı. Axırda dedilər ki, qoy görək bu quyuda nə sirr var ki, bu at burdan o yana getmir. Quyuya səslədilər. Oğlan ordan səs ver­di. Qərəz, oğlanı quyudan çıxartdılar, əhval-pürsanlıq elə­dilər, o da açıb bütün başına gələnləri danışdı, sora onnlara razılıq eləyib Süleymani-ərabatın üstünə süvar oldu, üz qoydu öz şəhərlərinə. Gəlib şəhərin qırağında atdan düşdü, tükündən bir az çəkib cibinə qoydu, cilovun boynuna dolayıb, ötürdü. Gedib bir aşbaza şəyird oldu.

Bu burada işləməyində olsun. Bir gün padşah adam gön­dərdi Bili-Bilqeyis xanıma ki, hazırlaşsın, onu alır böyük oğ­luna. Bili-Bilqeyis xanım padşahla heç görüşməmişdi. Haza­randastan bülbülüynən gülü də vermirdi. Çəkilib öz otağında qara geyinib yasa batmışdı. Padşahın sifarişinə cavab gön­dər­di ki, mənim nişanlım hələ gəlməyib, kim məni almaq istə­yirsə, gərək məni yıxa, sora ala.

Padşah oğluna əmr elədi ki, onu yıxsın.

Oğlan onun gücünü bilirdi, bilirdi ki, onu yıxmaq bunun xörəyi deyil. Odu ki, özünü vurdu naxoşluğa. Oğlanın bu na­xoşluğu çox uzun çəkdi. Padşah vəzirdən soruşdu:

– Vəzir, bu məsələdən ağlın nə kəsir?

Vəzir dedi:

– Şah sağ olsun, sənin oğlun məhəbbətin gücündən na­xoşlayıb, toy olmayınca o sağalmayacaq.

Padşah əmr elədi, toy tədarükü başlandı. Bili-Bilqeyis xanım gördü ki, işi zorla başladılar, öz ürəyində dedi:

– Yaxşı, mən də özüm bilərəm nə edərəm.

Bəli, toy quruldu, carçılar car çəkdi, qonaqlar çağırıldı, gəldi toyun axırıncı günü ki, gəlin gedəcəkdi, atlılar atlandı, at çapmağa başladılar. Padşah da öz əyan – əşrəfiynən oturub tamaşa eləyirdilər. Bili-Bilqeyis xanım pəncərədən baxırdı.

Aşbaz bizim oğlanı dükanda qoyub at çapmağa getmiş­di. Elə ki, o getdi, oğlan durdu ayağa, atın tükünü çıxardıb tu­tuz­durdu. At hazır oldu, ayaq rikabə, diz qabırğaya, yatdı atın boynuna, badi – sərsər kimi özünü vurdu çapışanların arasına. Padşah bir də gördü ki, budu bir oğlan gəlir, bir at minib, bir at minib ki, daha nə deyim. At yernən, göynən əlləşir. Oğlan bir o yana çapdı, bir bu yana çapdı, bir məhmizdə bütün çapı­şanları keçdi... Üçüncü dəfədə padşahın böyük oğlunun boy­nunu vurdu, qaçdı.

Padşah nərə çəkdi ki:

– Amandı, tutun, kim tutsa varımın yarısını ona verə­cəyəm.

Atlılar düşdülər oğlanın dalına, oğlan gördü budu bütün pəhləvanlar gəlir. Hərçəndi ki, o, onların heç birindən qorx­murdu, amma bildi ki, dayanıb dava eləsə onu tanıyacaqlar, odu ki, üzün ata tutub dedi:

– Süleyman eşqinə, at məni götür!

Elə söz ağızdan qurtarmamışdı ki, at iki əlləri üstündə qalxdı göydə ucadan bir kişnədi, elə götürdülər ki, elə bil ox yayından çıxıb, bir göz qırpımında gözdən itdi. Toy yasa dön­dü. Hər şey qara boyandı. Bütün şəhər qırx gün əza saxladı. Amma Bili-Bilqeyis oğlanı tanımışdı. İndi daha lap arxayın­laş­mışdı ki, oğlan sağdı, özü də burdadı.

Bu işdən düz bir il keçdi. Elə həmişə aşbaz heyfsilənib deyərdi:

– Köpəkoğlu ölmüş hardansa gəlib toyu yas elədi. Amma oğlan da əntiqə oğlandı ha... Adamın heç dilindən gəl­mir ki, ona qarğış eləsin.

Oğlan da həmişə cavabında deyərdi:

– Vay köpəkoğlu, amma heyif ki, mən getməmişdim gö­rəm.

Atalar yaxşı deyiblər ki, “ölən elə öldüyü yerdə qalar”. Odu ki, indi də bir neçə vaxt qara-mara söz bağlayandan sora böyük oğlan yavaş-yavaş yaddan çıxdı.

Padşah Bili-Bilqeyis xanıma sifariş göndərdi ki, əl-aya­ğını sazlasın, onu kəbinini kəsdirib ortancıl oğluna.

Bəli, yenə tədarük görüldü, qazanlar asıldı, düyülər sa­lın­dı suya. Toy başlandı. Ancaq Bili-Bilqeyis xanım bu dəfə ar­xayındı. O yəqin eləmişdi ki, oğlan buradadı.

Bəli, at çapılan gün yenə oğlan, əvvəl dediyimiz kimi, aşbaz gedəndən sora dükanı bağlayıb şəhərin qırağına çıxdı, atın tükün tutuzdurdu. At hazır oldu, qıçın aşırdı atın belinə, özünü vurdu çapanların içinə. Camahat hən-hün eləyib onu tutunca, o, ortancıl oğlanın da boynunu vurub, atı sürdü düz padşahın qabağına. Atdan düşüb dayandı şahın bərabərində. Padşah gördü öz oğludu. Qolun onun boynuna salıb dedi:

– Oğul, bu nə işdi gördün?

Oğlan dedi:

– Ata, yoldaşına xəyanət eləyənin cəzası belə olmadı, əgərçi o qardaş da olsa.

Padşah təəccübündən dedi:

– Necə? Bu nə sözdü?

Oğlan bütün əhvalatı bizim bildiyimiz kimi, danışdı. Hamı onu haqlı gördü. Yas təzədən toya döndü. Qırx gün, qırx gecə toy eləyib, Bili-Bilqeyis xanımı kiçik oğlana aldılar. Bağın düz ortasında bir qəsr tikdirib onları ora köçürdülər. Hazarandastan gülü bir tərəfdə, Hazarandastan bülbülü bir tərəfdə, Süleymani – ərəbat bir tərəfdə, Bili-Bilqeyis xanımnan oğlan da onların arasında... Bəh-bəh, keçmə bu bağın ləzzətindən.

Onlar yedilər, içdilər, yerə keçdilər. Siz də yeyin, için mətləbinizə yetişin! Göydən üç alma düşdü, biri mənim, biri nağıl deyənin, biri də özümün, siz sağ, mən də salamat.


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə