5
NÜMAYƏNDƏ HEYƏTİNİN TƏRKİBİ
Azərbaycan Cümhuriyyətini Paris Sülh konfransında
təmsil edən
Nümayəndə heyətinin tərkibinə ölkənin tanınmış ictimai-siyasi xadimləri və görkəmli
ziyalılar daxil idilər. Onlar Azərbaycanın müstəqilliyi ideyasına qəlbən bağlı
olduqlarını, milli istiqlal uğrunda əzmlə mübarizə apardıqlarını fəaliyyət və
bioqrafiyaları ilə dönə-dönə sübut etmişdilər.
Nümayəndə heyətinin başçısı, XX əsrin əvvəllərində yalnız azərbaycanlıların
deyil, çar Rusiyasındakı türklərin və müsəlmanların sınanmış lideri kimi tanman
Əli
Mərdan bəy Topçubaşov (1861-1934)
Tiflisdə zadəgan ailəsində doğulmuş, Sankt-
Peterburq universitetinin hüquq fakültəsini bitirmişdi. Bir
müddət vəkillik fəaliyyəti
ilə məşğul olmuşdu. 1897-ci ildə məşhur neft milyonçusu və metsenat H.Z.Tağıyevin
maddi vəsaiti hesabına nəşr olunan “Kaspi” qəzetinin redaktoru kimi geniş ictimai-
siyasi və ədəbi-publisistik fəaliyyətə başlamışdı. Onun
redaktorluğu dövründə qəzet
çarizm istibdadı şəraitində ən elementar hüquqları tapdanan Azərbaycan xalqının
ruporuna çevrilmiş, dcmokratik ruhlu və milli əqidəli ziyalıları öz ətrafına toplamışdı.
1905-ci il Birinci rus inqilabından sonra Ə.M.Topçubaşov bütün Rusiya
türklərinin və müsəlmanlarının lideri kimi daha ardıcıl və prinsipial siyasi fəaliyyəti
ilə tanınmışdı. O, Rusiya müsəlmanlarının 1904-07-ci
illərdə keçirilən I-III
qurultaylarının əsas təşkilatçılarından və rəhbərlərindən biri olmuş,
Üçüncü
qurultayın qərarı ilə yaradılan Ümumrusiya müsəlmanları partiyasının-”İttifaqi-
Müslüm”ün (“Musulmanskiy soyuz”) Məramnamə və Nizamnaməsini hazırlamış,
onun Mərkəzi Komitəsinin üzvü seçilmişdi.
1906-cı ildə Bakı quberniyasından Birinci Dövlət Dumasına deputat seçilən
Ə.M.Topçubaşov Müsəlman fraksiyasını yaratmış və ona rəhbərlik etmişdi. Çar İkinci
Nikolay tərəfindən Dumanın qovulmasına etiraz bildirən məşhur “Vıborq
Bəyannaməsi”ni imzalayan 200 deputat içərisində azərbaycanlı siyasi xadim də var
idi. Çarizmin süqutundan sonra 1917-ci ilin mayında Rusiya müsəlmanlarının
Moskva qurultayının keçirilməsində və burada türk-müsəlman
əhalinin Rusiya ilə
gələcək münasibətləri barəsində bir sıra prinsipial qərarların qəbul edilməsində
Ə.M.Topçubaşovun böyük rolu olmuşdu.
Həmin dövrdə o, eyni zamanda Bakıda Transqafqaz Müsəlman ictimai-siyasi
təşkilatlarının koordinasiya mərkəzi olan İcraiyyə Komitəsinin
işinə də rəhbərlik
edirdi. 1918-ci il iyunun 17-də baş nazir Fətəli xan Xoyskinin rəhbərliyi ilə təşkil
olunan ikinci hökumət kabinəsində Ə.M.Topçubaşov
portfelsiz nazir vəzifəsini
tutmuş, həmin il avqustun 22-də isə Azərbaycan Cümhuriyyətinin Fövqəladə və
Səlahiyyətli Naziri kimi Osmanlı imperiyasının paytaxtı İstanbula göndərilmişdi.
1918-ci ilin dekabrında Azərbaycan Parlamenti özünün ilk iclasında
onu sədr
seçmişdi. Həmin il dekabrın 28-də Parlamentin yekdil qərarı ilə Paris Sülh
konfransında Azərbaycan Nümayəndə heyətinin başçısı təyin olunmuşdu.