9
dövlət müstəqillikləri ilə bağlı ABŞ-ın öz üzərinə hər hansı bir təhəddüd götürə
bilməyəcəyini, ümumiyyətlə, dünyanın kiçik dövlətlərə parçalanmasında lüzum
görmədiyini bildirmişdi. Görüşün konkret nəticəsi olmasa da, həmin dövrdə dünyanın
super güclərindən biri kimi tanınan ABŞ-ın prczidenti ilə görüş faktının özü ümumən
uğurlu başlanğıc sayıla bilərdi.
Gənc Azərbaycan dövlətini Avropada təmsil etmək məsuliyyətini üzərinə
götürən Nümayəndə heyəti, ilk növbədə isə daha böyük təcrübəyə malik olan
Ə.M.Topçubaşov tezliklə özlərini siyasi proseslərdən yaxşı baş çıxaran, şəraitə uyğun
addımlar atmağı və düzgün qərarlar qəbul etməyi bacaran
diplomatlar kimi göstərə
bildilər. Təsadüfi deyil ki, Ə.M.Topçubaşov Bakıya, Nazirlər Şurasının sədrinə
göndərdiyi məlumatlarda təkcə gördükləri işlərdən bəhs etmir, həm də çağdaş Avropa
təcrübəsinə dayanaraq ölkəsinin rəhbərliyinə dövlət quruculuğu, xarici və daxili
siyasət, idarəçilik, beynəlxalq münasibətlər və s. bağlı qiymətli məsləhət və
tövsiyyələr verirdi. Paris mühitindən və Sülh konfransından yalnız Azərbaycanın
dövlət müstəqilliyinin rəsmi tanıdılması üçün yox, həm də ölkədə demokratik, sivil,
Qərb standartlarına və demokratik dəyərlərə cavab verən bir dövlət qurmaq üçün
istifadə olunurdu.
Nümayəndə heyəti Azərbaycanın siyasi və iqtisadi maraqlarından çıxış
edərək fəal, mütəhərrik siyasət yürüdürdü. Bu siyasətin əsasını
milli müstəqilliyinin
böyük dövlətlər tərəfindən mümkün qədər tez tanınması və təhlükəsizliklə bağlı
etibarlı təminatın əldə olunması təşkil edirdi. Konfransa hazırlıq mərhələsində
diplomatik missiyamızın səyləri nəticəsində Azərbaycan Cümhutiyyətinin ABŞ,
Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İran, Osmanlı imperiyası və başqa
dövlətlərlə qarşılıqlı münasibətlər qurması istiqamətində bir sıra ilkin təşəbbüslər
göstərilmişdi.
Azərbaycanın istiqlalına zəmanətin yalnız Avropada deyil, həm də okeanın o
tayında - ABŞ-da olduğunu yaxşı başa düşən Ə.M.Topçubaşov qısa müddət ərzində
amerikanlarla işgüzar münasibətlər yaratmağa nail olmuşdu. Vəkil V.Çandler və
Amerika yəhudi icmasının nümayəndəsi M.Robinovla müqavilə bağlanmış,
onlara
ABŞ və Kanadada Azərbaycanın maraqlarını təmsil etmək səlahiyyəti verilmişdi.
Parisdə Azərbaycan haqqında ingilis və fransız dillərində çap olunan kitabların bir
qismi hələ 1919-cu ildə bu ölkələrə göndərilmişdi.
Uzaqgörən siyasətçi kimi Ə.M.Topçubaşov ABŞ və Avropada Azərbaycan
lobbisinin yaradılmasını ölkəsinin dünya miqyasında geniş tanınmasının, habelə onun
siyasi və iqtisadi maraqlarının daha etibarlı qorunmasının qarantı sayırdı. Nümayəndə
heyətinin səyi nəticəsində hələ 1919-20-ci illərdə Azərbaycanın tarixi keçmişi,
ölkənin zəngin təbii sərvətləri, bölgədə bir əsrdən çox davam edən rus işğalı və onun
nəticəsi kimi meydana çıxan erməni zülmü, Qafqazdakı qonşularla münasibət,
erməni-azərbaycanlı qarşıdumasını şərtləndirən amillər, 1918-ci ildə Bakıda daşnak-
bolşeviklər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən dəhşətli soyqırım və s.
barəsində Avropa ölkələrində müəyyən obyektiv məlumatlar yaymaq mümkün
10
olmuşdu. Bütün bunlar isə öz növbəsində həm Azərbaycanın Qərbdə qismən obyektiv
şəkildə tanmmasına imkan yaratmış, həm də ölkəmiz və xalqımız
barəsində qərəzli
rus-erməni qaynaqlarının təsiri ilə formalaşmış yanlış təsəvvürlərin az da olsa aradan
qaldırılılmasına kömək etmişdi.
Sülh konfransında Azərbaycan diplomatları yalnız öz ölkələrinin deyil,
bütün Qafqazın müstəqilliyi və siyasi-mənəvi birliyi uğrunda mübarizə aparırdılar.
İstər İstanbulda, istərsə də Parisdə məhz azərbaycanlı siyasilər bu gün geniş yayılmış
ifadə ilə desək, “Qafqaz evi” ideyasının qızğın tərəfdarı kimi çıxış edirdilər.
Azərbaycan Nümayəndə heyəti mühüm sənədlərin qəbulu zamanı ümumqafqaz
maraqlarına əsaslanaraq Gürcüstan və Dağlılar Respublikasının nümayəndələri ilə
əlbir fəaliyyət göstərirdi. Təəssüf ki, bizim günlərdə olduğu kimi həmin dövrdə də
ermənilər “Qafqaz evinə” münasibətdə destruktiv mövqe tutduqlarından region
xalqlarının siyasi-iqtisadi və mənəvi birliyi üçün son dərəcə vacib olan bu ideyanı
həyata keçirmək mümkün olmamışdı.
Nümayəndə heyətinin Parisdəki səkkiz aylıq gərgin və səmərəli fəaliyyəti öz
bəhrəsini verdi - 1920-ci ilin yanvarın 11-də Versal konfransının Ali Şurası
Azərbaycanın və Gürcüstanın yeni müstəqil dövlətlər kimi de-fakto tanınmaları
barəsində qərar qəbul etdi. Həmin tarixi hadisənin iştirakçılarından
olan Miryaqub
Mirmehdiyev sonralar yazırdı: “Bu iki ölkənin nümayəndəsi xarici işlər nazirliyinə
(Fransa xarici işlər nazirliyi nəzərdə tutulur-V.Q.) dəvət olundu. Orada müsyö
Kambon Konfrans admdan hörmət əlaməti olaraq onlara öz minnətdarlığını bildirdi.
Müsyö Kambon bəyan etdi ki, Azərbaycan və Gürcüstan respublikaları beynəlxalq
hüquq normalarına uyğun şəkildə rəsmi olaraq müstəqil dövlətlər kimi tanınmışlar.
Bu andan başlayaraq hər iki ölkə rəsmi surətdə Ali Şura ilə əlaqəyə girə bilər, öz
ehtiyaclarını, qeydiyyata alınmalarını, konfransın iclaslarında qanuni haqlarını,
bərabərhüquqlu üzv olmalarını tələb edə bilərlər. Bundan başqa, Kombon bildirdi ki,
bu dövlətlərin hökumətlərinin tanınması aktı, eyni zamanda onların Rusiyadan
ayrılmalarının tanınması ilə müşaiyət olunmalıdır. Buradan çıxış edərək demək olar
ki, Azərbaycan və Gürcüstan respublikaları bu gündən
etibarən suveren dövlətlər
hesab ediləcək”.
Bir həftə sonra - yanvarın 19-da Ali Şuranın hökumət başçılarının iştirakı ilə
keçirilən iclasında həmin qərar yenidən, bu dəfə daha yüksək səviyyədə təsdiqləndi.
İclasda çıxış edən Nümayəndə heyətinin başçısı Ə.M.Topçubaşov və missiyanın
müşaviri M.Məhərrəmov Avropa ölkələrinin müəyyən hərbi-iqtisadi yardım
göstərəcəkləri təqdirdə Azərbaycan Cümhuriyyətinin dövlət müstəqilliyini qoruyub
saxlamağa və qısa müddət ərzində inkişaf etmiş ölkəyə çevrilməyə qadir olduğunu
bildirdilər. Tarixçi alim Cəmil Həsənlinin belə bir fikri ilə razılaşmaq lazımdır ki,
“1920-ci ilin yanvarında Paris Sülh konfransında Azərbaycan Cümhuriyyətinin siyasi
cəhətdən tanınması Ə.M.Topçubaşov başda olmaqla Azərbaycan nümayəndələrinin
uğurlu diplomatik fəaliyyətinin nəticəsi hesab olunmalısdır”.
11
Beləliklə, Azərbaycan Cümhuriyyəti “de-fakto” tanındı. Qarşıda duran əsas
məsələ yeni müstəqil dövlətin “de-yure” tanınmasına və beynəlxalq birliyin
tamhüquqlu üzvünə çevrilməsinə nail olmaq idi. Lakin bu yalnız Parisdəki
Azərbaycan Nümayəndə heyətindən asılı məsələ deyildi. Çox şeyi Qərbin və ABŞ-ın
yeni müstəqil dövlətlərə münasibəti həll edirdi. Birinci dünya müharibəsi nəticəsində
üç imperiyanın - Osmanlı, Rusiya və Avstriya-Macarıstan imperiyalar süqutu
dünyanın siyasi xəritəsinin yenidən düzənlənməsini tələb edirdi. Kiçik,
lakin
geosiyasi baxımdan son dərəcə əlverişli mövqedə yerləşmiş zəngin Azərbaycana bu
siyasi xəritədə yer tapılacaqdımı? Dünyanın böyük dövlətləri bolşevik Rusiyasının
əski çar imperiyasını öz köhnə sərhədləri daxilində bərpa etməsinə imkan
verəcəkdilərmi? Təəssüflər olsun ki, bəzən dövlət müstəqilliyi üçün yalnız xalqın
azadlıq arzusu, hətta onun axıtdığı şəhid qanları da kifayət etmir...
Dostları ilə paylaş: