Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə14/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   ...   10   11   12   13   14   15   16   17   ...   40

 
 
38 
 
Konservatoriya” jurnalı 2017№2 (36) 
Əslində  C.Cabbaroğlunun  dedikləri  ilə  tam  şəkildə  olmasa  da,  müəyyən 
mənada  razılaşmaq  olar.Meyxana  janrının  ilkin  nümunələrinin  qeyd  edilən  ərazidə 
yaransa  da  bu,  ümumilikdə  Azərbaycan  xalqınının  zəkasının  məhsuludur.  Sadəcə 
Xızı  və  Abşeron  ərazisi  istisna  olunmaqla  digər  bölgələrdə  unudulmuş,  az  istifadə 
edilmişdir.  Son  dövrlərdə  telekanallardakı  meyxana  yarışmalarında  iştirak  edənlər 
demək  olar  ki,  ölkəmizin  bütün  bölgələrini  təmsil  edirlər.  Deməli,  meyxana  janrını 
aşıq sənəti kimi, Azərbaycanımızın istənilən bölgəsinə aid etmək olar. 
Meyxana janrı ilə aşıq sənəti arasında müəyyən bənzərliklər görünür: hər ikisi 
yaradıcı peşə sahibləridir, gördüklərini bədahətən nəzmə çəkir, deyişməyə xüsusi yer 
ayırır,  hər  iki  janrda  aktyorluq  elementləri  var,  xüsusən  deyişmə  zamanı  teatral 
xüsusiyyətlər  diqqəti  çəkir,  müxtəlif  melodiyalar  bəstələyirlər  və  s.  Ustad 
meyxanaçılar  da  haqq  aşıqları  kimi  ətrafındakı  hadisələrə  aktiv,  çevik  münasibət 
göstərməli, faktlara, olaylara özünəməxsus interpretasiya, ekspromt reaksiya verməyi 
bacarmalı, zəngin söz ehtiyatına, müstəqil düşüncə tərzinə malik olmalıdır. Sonralar 
janrın  “bədyə”,  “bədihə”,  “bədiə”,  “bədihəgu”,  “meydanxana”  və  “lubuq” 
adlandığını bildirənlər də var. Hər halda necə adlanmasından asılı olmayaraq bu janr 
mahiyyətcə bütün dövrlərdə özünü qoruyub saxlamışdır. 
Bu  fikirlərə  hələ  2010-cu  ildə  nəşr  etdirdiyimiz  “Azərbaycan  idiofonlu  çalğı 
alətləri (orqanoloji-tarixi tədqiqat)” adlı monoqrafiyada münasibət bildirmişik: “Söz, 
danışıq,  insanlar  arasında  ünsiyyət  yarandığı  dövrdən  meyxananın  bəsit,  sadə 
formalarının  ortaya  çıxması  ehtimal  olunur.  Çox  güman  ki,  bu  janrı  yarandığı  ilk 
dövrlərdə başqa cür adlandırıblar. Sirr deyildir ki, bədahətən deyilmiş meyxana şeirin 
bəsit formasıdır. Bir sıra şairlər etiraf edirlər ki, şairlik qabiliyyətlərini ilk dəfə məhz, 
bədahətən şeir söyləyərkən hiss ediblər. Sonra həmin bədahətən deyilmiş şeiri ölçüb-
biçib,  fəlsəfi,  düşündürücü  şeir  formasına  salmışlar.  Deməli,  meyxana  janrı  şeirin 
qədimdə  ilkin  forması  olmuşdur.  Bu  məntiqlə  yanaşdıqda  bədahətən,  nəzm 
formasında  söz  demək,  fikir  söyləmək  zənnimizcə,  şeirin  digər  növlərinə  nisbətən 
çox-çox əvvəlki dövrlərdə yaranmışdır” (11, s. 59-60).  
Yekunda  bu  qərara  gəlirik  ki,  müasir  dillə  desək,  meyxana  janrı  şifahi,  ağız 
ədəbiyyatımızın  ən  qədim  qollarındandır  və  e.ə.  Azərbaycan  ərazisində  nəzmlə 
bədahətən söz deyən xüsusi istedad sahibi olan insanlar tərəfindən yaradılmışdır.  
Etimologiyası. Meyxana sözünün etimoloji açıqlanması dəfələrlə mütəxəsislər 
tərəfindən araşdırılıb. Biz bu sözün izahını bir neçə istiqamətdə verməyə çalışacağıq. 
Hələ  2004-cü  ildə  “meyxana”nın  sözaçımı  ilə  bağlı  qələmə  aldığım  fikirləri  yada 
salaq: “Meyxana” sözünə farsca yanaşdıqda: “mey” – şərab, çaxır, “xana” (xanə) isə 
ev,  otaq  mənalarını  bildirir.  Nəticə  olaraq  “meyxana”  sözü  ilk  baxışda  içki,  şərab 
içilən  yer  kimi  başa  düşülür.  Fikrimizcə,  bu,  heç  də  belə  deyil.  Bəzi  türkdilli 
ölkələrdə balaban alətinə də mey deyirlər. Burada çalğı alətinin adında “mey” sözü 
məcazi mənada işlənmişdir. Bu söz – mey dinləyiciyə xoş anlar bəxş edən, ona kef, 
nəşə verən çalğı aləti fikrini ifadə edir. Fikrimizcə, meyxana sözünün I hissəsi “mey” 
də  bu  mənanı  bildirir.  Daha  dəqiqi,  burada  “mey”  deyimi  meyxanaçının 
qarşısındakını  sanki  valehedici,  zövqverici,  təsiredici  qüvvəyə  malik  sözləri  ilə  bir 
anlığa  “məst”  etməsi  mənasında  işlədilib.  Həqiqətən,  20-30  saniyə  ərzində  ustad 


 
 
39 
 
Musiqi və poeziya UOT 78.07 Abbasqulu Nəcəfzadə - Meyxana janrı – Azərbaycanın qədim folklor nümunəsi  
meyxanaçının  fikirləşmədən,  ətrafda  baş  verən  hadisələrə  uyğun  olaraq,  bədahətən 
şeir  formasında  meyxanalar  söyləməsi,  çox  dinləyiciləri  vəcdə  gətirir,  onları  şoka 
salır və “bihuş” edir. Beləliklə, janrın adındakı “mey” heç də həqiqi mənada insanı 
sərxoş edən içki mənasında deyil. Buradakı “mey” – Allahla ruhlar arasında “Bəzmi 
ələst”lə  əhdü-peyman  zamanı  içilən  vəhdət-birlik  “şərab”ıdır.  Bu  barədə  söz  deyən 
haqq şairləri, haqq aşıqları həmin meyi müqəddəs Qurani-Kərimdə vəsf edilən cənnət 
meyi ilə əlaqələndirirlər. Ürfan ədəbiyyatında da “mey” dedikdə bu fikirlər nəzərdə 
tutulur.  
“Meyxana”  sözünün  digər  komponenti  “xana”  isə  “xani”nin  təhrif  olunmuş 
deyimidir.  Bu  söz  farscadan  dilimizə  “oxuyan”,  “söyləyən”  kimi  tərcümə  olunur. 
Meyxana adi şeir deyil, o mütləq bədahətən, çırtma vuraraq və ya zərb alətlərindən 
hər hansı birisinin müşayiəti ilə oxunmalıdır. Deməli, meyxana (meyxani) sözü təblə 
oxuma,  dinləyicini  cuşa  gətirən,  ona  xoş  anlar  bəxş  edən  mənalarını  bildirir. 
Xatırladaq  ki,  “xani”  xanəndə  sözünün  köküdür.  “Xan”  sözündən  Azərbaycan 
oxuma-vokal sənətində çox istifadə edilir. Məsələn, “zilxan” – zil səsi olan və zildə 
oxumağı sevən xanəndə; “miyanəxan” – orta registrdə oxuyan xanəndə; “pəstxan” – 
bəm səsli və bəmdə oxumağı xoşlayan xanəndə. Bu terminlər ifaçının (xanəndənin) 
səs tessiturasını təyin edir (14, s. 5-6).   
Dahi Ü.Hacıbəyli “Azərbaycan musiqi həyatına bir nəzər” məqaləsində yazır: 
“Xanəndə üçün dəstgah oxumağın yaxşılığı ondadır ki, müəyyən bir hava və bir bəhr 
qeydi  altında  olmayıb,  öz  “fantaziya”sına  geniş  bir  meydan  açır  və  səsini  “bəm”, 
“zil”,  “meyxana”  kimi  müxtəlif  “tessitura”larla  işlədir”(4,  s.497).  Həqiqətən, 
meyxanalar  nə  bəmdə,  nə  də  zildə  söylənilir.  Bir  qayda  olaraq  sözlərin  daha  aydın 
tələffüzü üçün orta registr seçilir ki, bu səs tessuturasını da Ü.Hacıbəyli “meyxana” 
adlandırır. Bəlkə də “meyxana”nın sözaçımını belə məqamlarda araşdırmalıyıq.  
Bu  bölümün  sonunda  bir  məqama  da  diqqət  yetirmək  istəyirik.  Meyxananın 
poetik  tərəfi  daha  güclü  olduğundan  o  şair  təxəyyülünün  məhsulu  kimi  qəbul 
olunmalıdır. Bu mənada da qələm sahibləri arasında fikir ayrılığı var. Tanınmış alim, 
professor  Nizami  Tağısoy  deyilənlərə  öz  iradını  bildirir  ki,  biz  nitqimizdə  tez-tez 
keçmişdən bu günə qədər “xan-şair”, “nəğməkar-şair”, “bəstəkar-şair” və s. ifadələri 
işlədirik.  Bu  tipli  söz  birləşmələri  –  simbioz  dərkimizdə  diskomfort  yaratmır,  bizi 
qıcıqlandırmır (15, s. 172-173). N.Tağısoy daha sonra haqlı olaraq yazır: “Bəs onda 
görəsən “meyxanaçı-şair” ifadəsi bizi nə üçün qıçıqlandırmalıdır? Şeir-şair-qəzəlxan-
nəğməkar-bəstəçi-meyxanaçı  –  hamısı  bir-birinə  yaxındır,  hamısının  da  materialı 
sözdür  –  ecazkar  Söz,  düzümlü  Söz,  qəlbə  hakim  kəsilən  Söz,  onu  riqqətə  gətirən, 
hiss  və  duyğularımıza  təsir  edən,  bizi  sərməst  edən  Söz.  Yəqin  elə  bu  baxımdan 
meyxanaçılar sırasında qəzəl, şeir yazanlar olduqca çoxdur” (15, s. 173). 
Meyxananın  “bədiyyə”  (yaxud  bədyə,  bədihə)  adlanmasını  arzulayanlara  isə 
A.Rəhimovanın  əsərini  oxumağı  təklif  edirəm.  Burada  bədihə  meyxana  janrının 
söyüşlü növü kimi təqdim olunur (12, s. 17). Təxminən eyni olan bu fikirlərə Zaman 
Əsgərlinin  yazılarında  da  rast  gəlirik:  “Meyxanada  tərəflər  bir-birinin  nöqsanını 
adətən,  çox  incəliklə,  təhqirə  yol  vermədən  söyləyirlər.  Bədyənin  leksikasında  isə 
kobud sözlərə, hətta tabulara, parnoqrafik ifadələrə yer verilir” (2, s. 6). 


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə