Neftin çıxarılmasının ikinci növündə, bu
və ya digər yolla kənardan
verilmiş enerji hesabına neft yer səthinə çıxır. Neftin bu cür çıxarılmasına
mexanikləşdirilmiş üsul
deyilir. Mexanikləşdirilmiş üsulun iki- kompressor və
nasosla çıxarılma növləri vardır.
Kompressor və ya qazlift üsulunda neft quyusuna kompressor vasitəsilə
qaz vurulur. Bu zaman layda yaranmış təzyiq hesabına qaz neftlə qarışır, neftin
xüsusi kütləsi azalır və nəticədə onun quyudan çıxması asanlaşır. Bəzi hallarda
neft quyularına, yaxında olan qaz quyularından çıxarılan qaz vurulur. Bu halda
kompressor üsulunun qazlift növündən istifadə olunur. Bəzi köhnə mədənlərdə
neft quyularına hava vurulur. Bu halda laya vurulmuş hava ilə neft qazının
qarışığı yandırılır. Bu da o qədər əlverişli üsul hesab olunmur, çünki bu halda
neft boruları korroziyaya uğrayır.
Nasos üsulu
ilə neftin çıxarılmasında quyulara nasos salınır. Dünya miqyasında
daha çox ştanqlı nasoslardan istifadə olunur, bununla yanaşı ştanqsız nasoslar
da işlədilir.
Yuxarıda adını çəkdiyimiz istənilən üsulla neft çıxarılarkən müəyyən
vaxtdan sonra quyunun məhsuldarlığı azalır.
Neft quyularının məhsuldarlığının artırılması yolları
Neft quyularının məhsuldarlığını artırmq üçün
əvvəllər suyun təsirindən
istifadə olunurdu. Bu halda layda olan neftin yarıdan çoxu, özlülüyü yüksək
olan neftlərin isə hətta 85%-i laylarda qalır. Ona görə də son illər neft
quyularının məhsuldarlığını artırmaq üçün neft çıxarmanın
yeni növlərindən
istifadə olunur. Məsələn, neft laylarına su ilə birlikdə səthi-aktiv maddələr,
həlledicilər, polimerlər və s. vurulur. Göstərilən maddələrdən istifadə etməklə
neft quyularının məhsuldarlığını 10-30% artırmaq olur. Laya vurulmuş
maddələrin təsirini aşağıdakı kimi izah etmək olar. Vurulan suya əlavə edilmiş
səthi
aktiv maddə, su neft sərhəddində səthi gərilməni azaldır, bu isə neftin
mütəhərrikliyinin artmasına səbəb olur və nəticədə suyun nefti laydan
sıxışdırıb çıxarması asanlaşır. Bu məqsədlə suda
həll olan polimerlərdən də
istifadə olunur.
Layda olan neft naften turşuları ilə zəngindirsə, oraya zəif qələvi məhlulu
vurulduqda daha yaxşı nəticə alınır. Belə ki,
layda neft-qələvi məhlulu
sərhəddində səthi gərilmə kəskin azalır və beləliklə də quyunun məhsuldarlığı
artır.
Neft laylarının məhsuldarlığını artırmaq üçün ən səmərəli üsullardan
biri də laylara təzyiqlə karbon qazının vurulmasıdır. Lay sisteminə vurulan
karbon qazı neftin özlülüyünü azaldır, həcmini böyüdür (qabarcıqların
həcminin artması hesabına) və nəticədə neftin yer səthinə çıxması üçün əlverişli
şərait yaranır.
Yüksək özlülüyə malik neftlərin çıxarılmasında neft laylarına
istiliyin
təsirindən də istifadə olunur. Layda olan neftin qızdırılması üçün oraya buxar,
isti su verilir və eləcə də lay daxili yanma istiliyindən istifadə olunur. Bütün
hallarda layda olan neftin özlülüyü azalır və nəticədə quyunun məhsuldarlığı
artır.
Neft quyularının məhsuldarlığını artırmaq üçün laya bilavasitə təsir ilə
yanaşı kimyəvi və fiziki üsullardan da istifadə olunur. Neft quyusunu turşu ilə
işlədikdə, layda olan karbonatlı süxurların turşu ilə reaksiyaya giməsi hesabına,
məsamələrin diametri böyüyür, nəticədə süxurun
bütövlükdə məsaməliliyi
artır. Bu isə öz növbəsində neftin laydan asan süzülüb çıxmasına kömək edir.
Dostları ilə paylaş: