Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə30/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   26   27   28   29   30   31   32   33   ...   113

156

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



KRASNODON QARTALLARI

1

Poemadan parçalar

Qorxuram, qorxuram analarla mən

Övladlar haqqında söhbət etməyə.

Axır o gözlərdən göz yaşı dən­dən,

Mənim Annam deyə, Klavam deyə.

Nə vaxtdır gəzirəm mən bu şəhəri,

Ellər səxavətli, ellər mehriban.

İmarət bilirəm adi evləri,

Evin sahibilə görüşən zaman.

Qapılar, ürəklər, süfrələr açıq,

Müqəddəs sanıram bu səxavəti.

Qanlar bahasına qazanılıbdır

Bu azad torpağın hər bir neməti.

Ancaq nə mehr­ülfət, nə duz, nə çörək,

Nə süfrə başında mahnı söyləmək,

Nə gülgün qədəhlər, nə də ki, heç kəs

Mənim kədərimi dağıda bilməz.

Vanya, qələm dostum, şair qardaşım,

Bir yol görmədiyim yaxın yoldaşım.

Ananın yanına getmişdim bu gün,

Ananın bağrında dərd düyün­düyün.

Əl verib görüşdük, dedim: şairəm,

Gəlmişəm Vanyaya bir söz qoşmağa.

Kənara ataraq yorğanı bu dəm

O, ağır yataqdan qalxdı ayağa.

1

1967­ci ildə nəşr olunmuş bu poema II Dünya müharibəsi zamanı faşistlər tərəfindən



işğal  olunmuş  Krasnodonda  “Gənc  qvardiya”  adı  ilə  fəaliyyət  göstərən  müqavimət

hərəkatına, rus yazışısı A.Fadeyevin eyni adlı romanında Leonid Dadışev kimi təqdim

olunmuş azərbaycanlı gənc qvardiyaçı Əli Dadaşovun xatirəsinə həsr olunub (Tərtibçi).



157

Məktublar, dəftərlər, köhnə şəkillər

Stolun üstünə qoyuldu bir­bir.

Gördüm kağız tutan o zərif əllər

Həmin kağız kimi titrəyir, əsir.

Elə bil varağa çatmırdı gücü,

Əlində bir kağız dağdan ağırdı.

Gözündən süzülən damcılar acı,

Dərd ürəkdə qalır, yaşlar axırdı.

­ Divar qəzetindən kəsmişəm bunu.

Vanyamın şeiridir, oxu, ay bala.

Onun yazdığını yer­göy tutmazdı,

İtdi, tələf oldu çoxu, ay bala.

Eh, Vanyam qalsaydı, nə dərdim vardı?

Bəlkə Puşkin kimi şair olardı.

Gözündən düşməzdi onun eynəyi,

Kitabdı, dəftərdi suyu­çörəyi.

Ona professor deyərdi hamı,

Hamı təriflərdi mənim balamı.

Vanya, belə deyir haqqında anan.

Özün eşitsəydin, yəqin gülərdin.

Gələndə nişanə istədim ondan,

Səni xatırladan bir şey dilədim.

Bir kağız gətirdi, üç barmaq boyda,

Tamam əzik­üzük, solğun, sapsarı.

­ Bu onun xəttidir, ­ dedi, ­ ay bala,

Aparma, qoy qalsın son yadigarı.

Bunu kameradan göndərmişdi o,

Necə göndərmişdi, bicliyinə bax:

Köhnə qazançanın altında onu

Çörəyin içilə yapışdıraraq.



158

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Qorxuram, qorxuram analarla mən

Övladlar haqqında söhbət etməyə.

Axır o gözlərdən göz yaşı dən­dən,

Mənim Tonyam deyə, Dmitrim deyə.

O qanlı faciə arxada qalmış,

24 bahardır, 24 qışdır.

Fəqət 24 il yağan qar, yağış

Dərdin atəşini soyutmamışdır.



1967

MƏN ŞƏRQƏM

Azərbaycan mənə gündoğan deyir,

Türklər – doğu,

Farslar – xavər,

Ərəblər – məşriq,

Qərblilər – orient,

Mən – Şərqəm!

Şöhrətimdə, şanımda al günəşlə şərikəm.

Budur, ovcumda günəş – göyün qızıl xırmanı,

Kainatın əzəli və əbədi tanrısı.

Cahanın ilk məşəli,

Səmanın təndirində insanlığın çörəyi.

Baxıram əynindəki ağ köynəkli səhərə,

İstəyirəm qışqıram bütün planetlərə:

­ Mən Şərqəm!

Şöhrətimdə, şanımda al günəşlə şərikəm.

Bütün cansızların ümidlərində,

Bütün canlılarda günəş yaşayır.

Bülbüllər eşq ilə nəğmə deyirsə,

Köksündə bir kiçik günəş daşıyır.

Bağlarda yaşıl günəş, dağlarda daş günəş var.

Kömürümdə, neftimdə qara günəşlər yanar.




159

Dər o gülöyşə narı,

Çək dişinə... iç onun ürəyindən

süzülən qırmızı şüaları.

Mənim qızıl narımda, qışda pərqu qarımda,

Hər bağçamda, barımda

Günəş yaşayır.

O qızıl kirpikli sünbüllərə bax, ­

Torpaqdan səmaya işıq daşıyır,

Səmadan torpağa işıq daşıyır.

Bəlkə buna görə dövlətliyəm mən,

Bəlkə buna görə sərvətliyəm mən.

Qaz bu qara torpağı,

Gör Şərqin sinəsində – bəşərin arxivində

nə qədər sərvət yatır,

Səmərqəndin altında neçə Səmərqənd yatır.

Simnarın əllərilə naxışını vurduğum,

Qurduğum şəhərlərin yer altındadır çoxu.

On iki min öküzün dərisinə yazdığım

“Avesta”nı aç, oxu, ­

Mən – Zərdüşt İbrahiməm,

Mən atəşin sirrini bəşərə bildirmişəm.

Söndürməkçin bu odu gələn yüz­yüz cahangir,

Peyğəmbər qiyafəli fateh – İsgəndər Kəbir,

Növ­növ dərdlər, azarlar,

Napoleonlar, Sezarlar,

Kinli papaların qanlı dişləri,

Skelet kölgəli xaç yürüşləri

Didsə, gəmirsə də yıxa bilmədi

Köksündə yüksələn mədəniyyəti.

Gəl, ölçək yaşını mədəniyyətin,

Ey döşünə döyən qanlı qəsbkar!

İnsan ləyaqəti, insan qüdrəti

Tankların, topların nərəsində yox,

Şeirin, musiqinin səsində yaşar.

Şərqəm, elmin, sənətin ürəyi olmuşam mən.

Qızıl taclı şahların gəlib səcdə qıldığı



160

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Rudəki olmuşam mən.

60 min beytilə bir milləti saxlayan,

nəhəng səltənətlərin, şahların taleyini

bir adi pəhləvanın qılıncına bağlayan

Firdovsi olmuşam mən!

Neçə ildən sonra gör öyrənməyə gəldi

Qərb “Gilqamış” gövhərimi,

Dəclə, Fərat boyunca neçə qızıl qəsrimi,

Hələ Dantedən əvvəl mayak kimi

nur saçan XII əsrimi –

Nizami, Xaqani, Əttar, Sənai,

Ənvəri – bir əsrin beş dan ülkəri...

Hələ fələklərə meydan oxuyan

Fələki Şirvani, qızım Məhsəti

Hələ Əbül Üla – uzaq bir qitə,

Dahilər vermişəm bəşəriyyətə!

Əfsunlu, əsrarlı əyyam olmuşam.

Bir çiçək şehini, bir qız səsini,

Neçə şəlalənin qəhqəhəsini

Bir kiçik qədəhə doldurub içən,

Bütün əsrlərin üstündən keçən

Xəyyam olmuşam.

Mən bunları deməzdim, məni danmasaydılar.

Qoy ar olsun Kiplinqə:

Ayaqyalın babası giləmeyvə

gəzirkən uzaq cəzirələrdə

Nəsirəddin Tusimin fikri zülmət yarardı

ən uca zirvələrdə.

Mən əsrlər boyu sərvət içində, yaşadım

zəlalət, zillət içində.

İşığımı gözlərimin giləsindən qopardılar,

Ərdəbil, Tac­Mahalı karvan­karvan apardılar.

Millətlər – övladım, dünya vətənim...

Hüdud tanımadım məhəbbətimdə,

Geri qalmaq kimi yozuldu mənim

qonaqsevərliyim, səxavətim də.




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə