Şimali Azərbaycan XIX əsrin
70-ci illəri – XX əsrin əvvəllərində
125
üzündən 25.747.520 pud neft yandırıldı və dənizə buraxıldı. 80-
ci illərdə Bakıda əsas neft məhsulu olan kerosinə tələbat onun
istehsalının 5 faizdən də az hissəsini təşkil edirdi. Buna görə də,
neft məhsullarının Bakıdan daşınması neft sənayesinin möv-
cudluğu və gələcək inkişafı üçün ümdə iqtisadi əhəmiyyət kəsb
edirdi. Təsadüfı deyildi ki, bu problem daim Bakının neft
sahibkarlarının və müxtəlif hökumət orqanlarının diqqət
mərkəzində dururdu. Dünya bazarında çoxlarının
hesablaşdıqları iri sənaye mərkəzinə çevrilmiş Bakıdan dəmir
yolu çəkib, onu Qara dənizlə birləşdirmək tələb olunurdu.
Göründüyü kimi, Zaqafqaziya dəmir yolunun çəkilməsi
zəruriliyi, ən əvvəl, məhz Bakı neft sənayesinin tələbatından
irəli gəlirdi. Lakin Bakı-Tiflis dəmiryolu xəttinin çəkilişi çox
böyük xərc tələb etməsi üzündən lən-gidildiyinə görə, 1878-ci
ildə Bakıdan neft mədəni rayonunadək Zaqafqaziya dəmir
yolunun «Neft sahəsi» adlandırılan hissəsini çəkmək
qərara
alındı. Neft mə-dənləri neft emalı zavodlarının cəmləşdiyi
Bakının yaxınlığında yerləşsə də, neftin arabalarla daşınması
neftin öz qiymətindən, demək olar ki, iki dəfə baha başa gəlirdi.
Belə ki, xam neftin bir pudunun qiyməti 4 qəpik idi, onun
daşınması xərci isə 8, bəzən 9 qəpiyə çatırdı.
«Neft sahəsi»ni çəkməkdə məqsəd xam neftin daşın-
masını ucuzlaşdırmaq, zavodların sahiblərini neftin baha başa
gələn çəlləklərdə daşıtdırmaqdan xilas etmək, Qara şəhərdəki
kiçik ərazidə yerləşdiklərinə görə xeyli neft ehtiyatı saxlana
bilən iri çənlər tikdirmək imkanı olmayan zavodların xam
neftlə fasiləsiz təchiz olunmasını təmin etmək idi. 1880-ci ilin
yanvarında açılan «Neft sahəsi» mədənləri zavodlarla və Xəzər
dənizinin Bakı limanındakı körpü ilə birləşdirdi.
Bu əvvəlcə
ancaq yerli əhəmiyyət daşıyırdı, çünki onu Zaqafqaziya dəmir
yoluna qoşan Bakı sahəsi yalnız 1883-cü ildə açıldı.
«Neft sahəsi» yaradılmasının iqtisadi cəhətdən sərfəli
olub-olmayacağını müəyyənləşdirmək üçün ötən əsrin 70-ci
III mühazirə
126
illərində Yollar Nazirliyinin dəmir yolları departamenti Şimali
Amerikanın neft sərvətlərini Abşeronun neft sərvətləri ilə
müqayisə etmişdi. Bu müqayisə Abşeron yarımadasının böyük
perspektivlərə malik olduğunu göstərdiyinə görə, onu misal
göstərməyi lazım bilirik.
Pensilvaniyada qazılmış 14.000 quyudan 3-4 mini iş-
ləyirdi. Abşeronda 100-dən az quyu qazılmışdı, onlardan
təqribən 40-ı neft verirdi. Şimali Amerikada neft azı 1.500 fut
dərinlikdən çıxarılırdı, Abşeron yanmadasında isə işləyən
quyuların dərinliyi 360 fut idi. Şimali
Amerikada bir neft
quyusunun orta gündəlik məhsuldarlığı 60 pud, Abşeronda
1.000 puddan çox idi. Neftin hər pudu orta hesabla Şimali
Amerikada 36,5 qəpiyə, Balaxanı sahəsində isə 3-4 qəpiyə
satılırdı.
Qeyd etmək lazımdır ki, Rusiya cəmiyyətində bu iri neft
sənaye mərkəzlərinin - Amerika və Bakı neft sənayelərinin
müqayisəsi müntəzəm surətdə aparılırdı. Məsələn, «Bakı neft
sənayesinin...(1891-1915-ci illər ərzində) xülasəsi» adlı illik
nəşrində xarici ölkələrdə neft sənayesinə dair oçerklərin
müntəzəm surətdə dərc olunduğu xüsusi bölmə vardı. Amerika
neft sənayesi səciyyələndirilərkən qeyd edilirdi: orada əmək
bölgüsü heyrətamiz sistemlə aparılır, Amerikada hasilat, emal
və nəqletmə sahələri çoxalaraq bir-birindən ayrılmışdır. Bakı
sənayesində isə öz neftini çıxaran, emal edən və daşıyan
fırmalar lap əvvəldən mövcud olmuşlar,
üstəlik bu firmalar
həmin sahələri tədriclə ələ keçirməmişlər, əzəl başdan neft çı-
xarmışlar, emal etmişlər, daşımışlar və satmışlar. «Xülasə»lərin
tərtibçiləri istehsalın bu cür kompleks şəkildə üstünlüklərə
malik olduğunu qeyd edərək, bildirirdilər ki, Bakının neft
sənayesi müəssisələri daha güclü rəqabət aparmaq qabiliyyətinə
malikdirlər.
Lakin neftin nəqli üzərinə qayıdaq. İki dənizi – Xəzəri və
Qara dənizi birləşdirən Bakı-Tiflis dəmir yolu açılandan sonra
Şimali Azərbaycan XIX əsrin
70-ci illəri – XX əsrin əvvəllərində
127
Bakı neft sənayesinin məhsullarını Mərkəzi Rusiya və dünya
bazarlarına kütləvi sürətdə çıxarmaq mümkün oldu.
Azərbaycanın iqtisadi həyatının yeni meyllərini diqqətlə
izləyən görkəmli maarifçi-demokrat Həsən bəy Zərdabi Bakı-
Tiflis dəmir yolunun çəkilməsini Azərbaycanın iqtisadiyyatına
neft sənayesindən sonra güclü təsir gösitərən
ikinci ən mühüm
amil hesab edirdi. XIX əsrin axırlarına yaxın Zaqafqaziya
dəmir yolunun ümumi axınında Bakı-Tiflis xəttinin payı 98 faiz
təşkil edirdi. Xətdə ən intensiv iş Bakı stansiyasında görülürdü.
Təkcə 1890-cı ildə buradan qərb istiqamətində 55,2 milyon pud
yük daşınmışdı, Bakı-Tiflis xəttinin yerdə qalan stansiyaların-
dan isə cəmi 20, 86 milyon pud yük yola salınmışdı.
Bu minvalla, neftin və neft məhsullarının Qara dəniz
limanlarına, oradan da Avropa bazarlarına ucuz başa gələn
yolla daşınmasının təmin olunduğu dəmir yolu, kapitalistləri
istehsalı genişləndirməyə sövq edirdi. 1877-ci ildən 1882-ci
ilədək olan dövrdə neft hasilatı 11,6 milyon puddan artıb 50
milyon puda çatmışdı və ya dörd dəfə çoxalmışdı, neftin və neft
məhsullarının daşınması isə 6 milyon puddan artıb 31 milyon
puda çatmışdı, yəni 5 dəfə çoxalmışdı. 1883-cü ildən 1900-cü
ilədək həm neft hasilatının, həm də daşınmasının
səviyyəsi
misli görünməmiş dərəcədə yüksəlmişdi. Hasilat 60,4 milyon
puddan artıb 603,8 milyon puda çatmışdı və ya 10 dəfə
çoxalmışdı; neftin və neft məhsullarının daşınması 34,2 milyon
puddan artıb 443,1 milyon puda çatmış və ya 13 dəfə ço-
xalmışdı. XIX əsrin axırlarına yaxın neftin və neft məhsu-
llarının ümumi daşınmasının 20 faizi dəmir yolunun payına
düşürdü. Bu fakt onu da göstərir ki, neft məhsullarının dənizlə
daşınması üstünlük təşkil edirdi. Bakıda neft sənayesinin
coşğun inkişafı Bakı limanından daşımaların həcmini xeyli
artırmışdı. Məsələn, 1893-cü ildən 1901-ci ilədək Xəzərdə yük
dövriyyəsi iki dəfədən çox artmışdı. Gəmiçiliyin inkişafı ilə
əlaqədar olaraq ticarət limanları-Petrovsk,
Krasnovodsk,
III mühazirə
128
Həştərxan və Bakı da inkişaf edirdi. XX əsrin əvvəllərində Bakı
ticarət limanı yük dövriyyəsinin həcminə görə Rusiyanın bütün
ticarət limanları arasında birinci yeri tuturdu. Daşınan yüklər
arasında neft emalı məhsulları daha çox idi. Nəticədə ən iri neft
sənaye fırmaları-«Nobel qardaşları şirkəti», «Xəzər-Qara dəniz
cəmiyyəti» və sahibkar H.Z.Tağıyev özlərinin neft daşıyan
gəmi donanmalarını yaratdılar.
Neft sənayesinin inkişafında nəqliyyatın rolu neft
məhsullarının daşınmasını və satışını sürətləndirməklə yanaşı,
həm də 1883-cü ildən başlayaraq dəmir yolu özü neft yana-
cağının istehlakçısına çevrilmişdi. Əvvəllər neftayırma za-
vodlarında istehsalat tullantısı kimi alınan mazutdan indi
yanacaq kimi istifadə olunurdu. Bu illər ərzində Xəzər dənizi
və Volqa çay donanmaları, habelə Rusiyanın Mərkəzi sənaye
və Orta Volqa rayonlarının fabrik-zavod müəssisələrinin
əksəriyyəti neft yanacağı istehlakçısı olmuşdu.
Belə bir şəraitdə
iri neft sahibkarları xam neftdən ancaq kerosin deyil, daha çox
mazut alınmasının xeyrini aydın görürdülər. Həm də mazuta
görə, çar hökumətinə vergi ödənilmirdi. «Nobel qardaşları
şirkəti» uzun müddətli müqavilələr üzrə dəmir yollarına mazut
satmaqda xüsusi fəallıq göstərirdi. 1892-ci ildə Rusiya
imperiyasının daxilində sərf edilən 110 milyon pud neft
yanacağının 50 faizi dəniz və çay gəmiçiliyinin, 28 faizi fabrik-
zavod sənayesinin, 22 faizi dəmir yolu nəqliyyatının payına dü-
şürdü. Bu, neftayırma sənayesinin inkişafında mühüm amilə
çevrilib, neftayırma zavodlarında emalın
strukturunu xeyli
dəyişdirdi. Əgər əvvəllər neftayırma zavodlarında xam neftdən
kerosin istehsal edilərkən onun qalığı (təqribən 60-70 faiz)
lazımsız tullantı kimi dənizə atılırdısa və ya xəndəklərdə
yandırılırdısa, sonrakı illərdə mazut istehsalı neftayırma
zavodlarının başlıca məqsədi oldu. Bakının neft sənayesi
«kerosin sənayesi»ndən «mazut sənayesi»nə çevrildi.
1859-cu ildən etibarən Bakının quberniya şəhəri və çox