Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə27/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   23   24   25   26   27   28   29   30   ...   49

13:30! Telefonumun sms zəngi səsləndi. “Yarım saat vaxtın var. Saat ikidə deyilən yerdə 
olmasan, bizdən incimə. Gözləyirik”. 
Aha, deməli, gəliblər. Bəs niyə zəng vurmurlar? Əvvəl kağız, sonra sms yazmaq nəyə lazımdır? 
Siqaretin birini də yandırdım. Leyla ilə danışmaq niyyətim yenə gözümdə qaldı. Parkın 
pilləkənlərini qayğılı-qayğılı düşüb beşmərtəbələrin həyətindən keçəndə balkon divarına qısılmış 
pişik balası gördüm. Zavallı!!! Kimsə yuxarı mərtəbədən üstünə su əndərmişdi. Cuppulu 
gözlərini halsız-halsız açıb-yumur, ölüşküyür, arabir zəif səslə miyoldayırdı. Soyuq yazıq 
heyvanın canına yerimişdi, tir-tir əsirdi. Belə getsəydi, bir-iki saata öləcəkdi. Əsmər həmişə 
deyərdi ki, küçədə yağış altında qalan pişik balalarını evdə yedirdib, yağış kəsən kimi küçəyə 
buraxanda elə fərəhlənirəm, sanki ac yatan uşaqların qarnını doyurmuşam.  
Pişiyi küləyin ora-bura çırpdığı boş ütü qutusuna qoyub, blokun qaranlıq küncündə gizlətdim. 
Yaxınlıqdakı mağazadan 50 qəpiyə çiyələkli “pal süd”, bulka aldım. Satıcıdan xahiş etdim ki, 
indicə yediyinin boş qabını mənə versin. Təəccüblənib sual dolu baxışlarını üzümə zilləsə də, 
dillənmədim. Südü konserv qabına töküb bulkanı xırda-xırda içinə doğradım. Zavallı balacanın 
üşütməsi kəsmirdi. Deyəsən, gücünü toplayıb silkinə bilməmişdi. Belə olsaydı, tükləri pırpız-
pırpız olardı. Şərfimi boynumdan açıb pişiyi quruladım. Nəsə, ürəyimə yatmadı. Qutuqarışıq 
qoltuğuma vurub, Universitetə gedən yolun üstündəki “Bəhmən” gözəllik salonuna gəldim. 
Yasəmən ətirli salonda üç ağmaya qız laqqırtı vururdu, məni görən kimi səsləri xırp kəsildi. Üçü 
də icazəsiz içəri soxulan “yad ünsür”ü başdan-ayağa süzdülər. Biri üzünü turşutdu.  
- Salam. Hava soyuqdur,... bilirsiz, kimsə bu pişiyin üstünə su töküb, ölə bilər. - Üçü də qutunun 
içinə boylandı, - şərflə qurutdum, amma nəsə.. nəsə ürəyimə yatmadı. Xahiş edirəm, acığınıza 
gəlməsin, inciməyin. Allaha da xoş gedər, fen istəyirəm. Özüm eləyərəm, siz əziyyət çəkməsəniz 
də olar. Feni verin, pişiyi qurudum.  
Qızların üçünün də baxışından bir ifadə boylanırdı: bu səfeh hardan gəlib? Amma sağ olsunlar, 
razılaşdılar. Heysiz-hərəkətsiz uzanan pişiyə isti hava dəyər-dəyməz yavaş-yavaş dirçəlirdi. İkicə 
dəqiqə sonra pəncələrini sinəmə söykəyib üstümə dırmaşmaq istəyirdi. Elə şirin, bəzəkliydi ki...  
- Siz baytarsız? - Qızlardan biri soruşdu. 
- Yox-yox, yoldan keçirdim, gördüm, xoşuma gəldi. Bayırda qalsaydı öləcəkdi.  
- Bu pişiyi bizə verərsiz?  
- Əlbəttə, buyurun, - pişiyi ovuclarımın içində ona uzatdım.- Amma acdır, bu binanın, - nişan 
verdim - qarşısında yeməyi var, gətirim, ac qalmasın.  
Razılaşmadılar. Tapşırdılar ki, nigaran qalmayım, balacaya lap yaxşı baxacaqlar. Dönə-dönə 
təşəkkür edib, salondan çıxdım. İlan ağzından qurtulan qurbağa kimi sevinirdim. 
Saat ikini keçmişdi. Nə əcəb indiyə qədər səbr ediblər? Sms-in ikincisini indi çoxdan gəlməliydi
axı! Yeyin addımlarla özümü Akademiyanın qarşısındakı kolluğa çatdırdım. Bir az 
həyəcanlıydım, amma qorxmurdum. Gözləyirdilərsə, maşına oturub hara sürsəydilər, 
gedəcəkdim. Üzü parka sarı boylandım. Qara “Pajero” qapıları örtülən kimi yerindən tərpəndi. 
Yola çıxıb arxadan boylansam da, məni çətin görəydilər. Sms gələn nömrəni yığıb zəng etmək 
istədim. Baş barmağımı “yes”in üstünə yügülcə sıxmışdım. Fikrimdən daşındım. Hadisələrin 
gedişatını gözləmək lazım idi.  
Acmışdım. Özümü metronun yaxınlığındakı “Çudo Peçka”ya verib peraşki yedim. Üstündən isti 
kofe içəndə canıma istilik gəldi, gümrahlaşdım. Əsmərin indi işdən çıxan vaxtdır, görüşsəm, 
bəlkə fikrim dağılar. Yeməyin üstündən təzəcə bir siqaret yandırmışdım ki, telefonum zəng çaldı. 
Əsmərin adını displeydən oxuyub quşqulandım.  
- Rəcəb, hardasan? - səsi həyəcanlıydı. 
- Nə olub? Niyə narahatsan?  
- Bir qadın zəng vurmuşdu. Sənə bir şey olmayıb ki?  
- Kim idi, nə dedi?  
- Düzünü de, sənə bir şey olmayıb ki?  
- Kim idi, nə dedi? - Bağırdım.  
- Mənimlə görüşmək istəyir. On beş dəqiqəyə Akademiyanın qarşısına gələcək.  
“On beş dəqiqəyə özümü Əsmərə yetirə bilərəm?” - beynimdən keçirdim. “Elmlər Akademiyası, 
Nizami, 28 may...” - Metro stansiyaları dilimin altında... Yox, yox, mümkün deyil. Hələ maşın 
dolu küçələrlə yortub Akademiyanın qarşısına gəlmək... 


- Əsmər, Əsmər... Alo, alo... Əsmər, eşidirsən məni? Əsməəərr!!! - Xəttin o başında 
qarmaqarışıq səslər eşidildi.  
- Əsməəəərr!!! - Metronun qarşısındakı qəzet köşkünə təpik ilişdirdim. Satıcı çıxıb üstümə 
kükrədi.  
- Alo... - Nəhayət, səs gəldi. 
- Heç kimlə görüşmə, oldu? Bu dəqiqə çıx, birbaş evə get. Birbaş evə! Yubanma!  
- Axı, nə olub? Narahatam. Bir iki-kəlmə de, nolar... - Ağlamsındı.  
- Hər şeyi danışacam, əzizim, darıxma. Vaxt itirmək olmaz, bu dəqiqə çıx! - Dedim, - bu dəqiqə 
çıx, çıııxxx!!! - Səsimdən üşənən tələbə qızlar məndən gen qaçırdılar.  
Tfu!!! Bu qadın hardan çıxdı? Əsmərlə niyə görüşmək istəyir, məqsədi nədir? Gərək deyərdim, 
tək getməsin, qorxuludur. Zəng vurub telefonu qulağıma sıxdım.  
- Əsmər, yanında kim var? Təksən?  
- Kafedradayam. Tələbəm mənimlədi. İndi çıxıram.  
- Tək çıxma! Yanında kimsə olsun!  
- Sevinci çağıraram.  
- Mütləq. Yolda kimsə sizə yaxınlaşsa, arvad olsun, kişi olsun, fərq etməz, fikir verməyin. Çalış 
həmişə gedib-gəldiyin yolu dəyiş, aralıq döngələrlə get!  
- Rəcəb, qurban olum, məni qorxuzma... Nəsə de!  
- Başqa vaxt! Metronun girişində sizi gözləyəcəm. 
Telefonu qapayıb özümü metronun girişindəki tünlüyə vurdum. Platformada iynə atsaydın, yerə 
düşməzdi. Bir-birilə məzələnən tələbələrin səs-küyü, şit zarafatları əsəblərimə toxunurdu. Mənim 
platformada ora-bura vurnuxmağımdan səkkiz dəqiqə sonra qatarın gur projektorları qaranlıq 
tunelin dərinliyini işıqlandırdı. Bəxtimdən bu qoca qurğu da yorğun düşmüşdü. İllah da, Nizami 
stansiyası ilə 28 mayın arasında kələyi lap kəsildi. Yaylı qapılar açılar-açılmaz özümü bayıra 
atıb, eskalatora sarı götürüldüm. Solda dayanan adamları dümsükləyir, dodağının altında 
donquldanan qocaları vecimə almırdım. 
...Pilləkənin başında qaynaşan adamları incələdim, qızların biri də gözə dəymirdi. Üç dəfə 
dalbadal nömrəsini yığmaq da işə yaramadı. Hirs-hikkə, peşmançılıq içimi qurd kimi yeyirdi. 
Yolu əlimə alıb Akademiyaya sarı tələsdim. Belibükük bir qarı Cəfər Cabbarlının heykəlinin 
yan-yörəsində vurnuxan çöl göyərçinlərinə dən səpirdi. Yol ayrıcına çatanda sağa-sola 
boylandım, Slavyan Universiteti səmtdən dəstələnən qızlara göz gəzdirdim. Axı nə olmuşdu, nə 
ola bilərdi, nə? Əsmərin zəng vurduğu vaxtdan 25 beş dəqiqə keçirdi. Bəlkə həyəcandan 
“metronun çıxışında gözlə!” dediyimi eşitməyib? Bəlkə başına bir iş gəl... iiibbb...? Günün 
günorta çağı nə ola bilərdi, axı... Nə, nə, nə?!!! Telefonu bir də qulağıma sıxdım. Uzun-uzadı 
çağırış zənglərindən sonra yad səs eşidildi. 
- Alo, kimdi, kimdi danışan. - Hamıdan, hər şeydən - küçəyə döşənmiş daşlardan, dər-divardan
yanımdan saymazyana keçən özgə adamlardan, dayanacaqda kürkə bürünən əlibayraqlı 
gözətçidən - imdad, ümid, mərhəmət gözləyirdim.  
- Rəcəb, mənəm... 
- Kimdi, kimdiii?  
- Sevinc! 
- Əsmər hardadır Sevinc, hardadır Əsmər? Tez de, narahatam. 
- Bizdədir! 
- Niyə sizdə? Ona dedim evə... - udqundum - evə getsin!  
- Gəl bizə, Rəcəb!  
- Axı, nə olub? Telefonu niyə bağlıdır?  
- ... Bilmirəm... Sənə... Səni... - Sevinc dilini sürüdü.  
- Alo, alo, alooo!!!... - Bağırdım.  
Neft Akademiyasının tələbələrini sağa-sola itələyib özümü aralıq küçəyə vurdum. Tini burulan 
kimi qarşıdan gələn “mersedes”in təkərlərindən tükürpədici səs qopdu. Kimsə qışqırdı, içini 
çəkdi, banan dolu şəffaf torbanı sürütləyən balaca qız uşağı camaatın hay-həşirindən çığırdı. 
Zərbə sən deyən möhkəm deyildi, dizlərimdə, qarnımda ötəri ağrılar hiss etdim. Ən dəhşətlisi 
maşının “kapot”undakı əllərimin iziydi. Öz-özümdən vahimələndim. Sürücü meyit rəngi almışdı. 
Dil-dolağı əsim-əsim əsirdi. Adamlar başıma toplaşdılar. Şivən arvadlar səhərertə hindən, 
samanlıqdan banlayıb camaatın zəhləsini tökən yuxugörməz xoruzlar kimi ordan-burdan səs-səsə 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə