Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə39/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   35   36   37   38   39   40   41   42   ...   49

Humayın anası ilə göz-gözə gəlməkdən çəkinirdim. Düzü, əlacım olsaydı, qırmızı-qırmızı arvada 
deyərdim ki, haydı, köçünü yığ, birbaş rayona! Marş!!! Uşağın yanında özüm gecələyərəm! 
Humayın özgə ocağa düşməsində bu qadının da əli vardı. (Ya mən bəxtikəməm, ya da qız anaları 
qansızdırlar! Əsmərin anası belə, bu da ondan betər!)  
Palata kəsif dərman qoxuyurdu. Geniş otağın yuxarı başındakı çarpayının ayağında oturan 
başışallı, kök qadın qəti dəyişməmişdi - elə o illərin adamıydı: valideynlər iclasında qızının 
tərifindən gözlərində xoşbəxt-xürrəm ifadələr parıldayan qadın.... Salamlaşıb hal-əhval tutdum. 
Gözlərini qıyanda bildim: tanıdı! Humayla necə razılaşmışdıqsa, eləcə yalan uydurdum. 
İnanmadı!  
Humayın oğlu çarpayıda mışıl-mışıl yatırdı, çəlimsiz uşağın alnını purçum-purçum tər tutmuşdu. 
Onu öpüb başına sığal çəkəndə qımıldandı. Balaca yumruqlarını gözlərinə sıxıb ovuşdurdu, 
əsnədi, dərindən nəfəs alanda elə bil, harasısa ağrıdı. Üz-gözünü bürüşdürüb narahat-narahat 
qurcanan kimi Humay özünü qabağa verib uşağın üz-gözünü oxşadı, anası əl-ayağa düşüb 
dolabın siyirməsindəki dərmanları saf-çürük etməyə başladı. Bəxtim onda gətirdi ki, arvadın 
telefonu zəng çaldı və deyəsən, bizi baş-başa buraxmaq üçün fürsət bilib, özünü tələsik bayıra 
atdı.  
Uşağın adını öyrəndim: Rəşad. Hardansa ürəyimə doldu ki, illər əvvəl Humayla yollarımız 
ayrılmayıb, vağzalı çaldırıb bir dam altında şad-xürrəm yaşamışıq, Rəşadın atası mənəm. Uşaq 
gözlərini açıb donuq nəzərlərini üzümə zillədi. Baxışları kədərliydi, qayğı deyilən nədisə, uşağın 
gözlərinə həkk olunmuşdu.  
- Sən kimsən? - xırıltılı səslə soruşdu.  
- Mən sənin dostunam, gəldim ki, kömək edim, tez sağalasan.  
Uşaq fərəhləndi, dirçəldi. 
- Mən səni tanımıram axı, dostum olsaydın...  
- İndi tanış olarıq... 
- Bəs, indiyəcən harda idin?  
Bilmədim uşağa nə cavab verim.  
- Sən atamı tanıyırsan?! - Rəşad əlacsızlıq tökülən baxışlarını üzümə zilləyəndə nədənsə mənə 
elə gəldi ki, bircə “hə, tanıyıram, tez gələcək” müjdəsinin intizarındaydı.  
- Atanı...?! - Dilimi sürüdüm. - Darıxma, gələcək!  
- Atamı istəyirəm, o heç vaxt bizi tək qoymamışdı. Anam da axşamlar ağlayır.  
Uşağın dodaqlarından qan çəkildi, əsim-əsim əsdi. Humay üzünü yana tutub ağlayırdı. Ortadakı 
ağır, qanqaraldıcı ab-havanı yüngülləşdirmək üçün özümü axmaqlığa qoydum: təlxəklik, düşük-
dəmşək hərəkətlər... Məzhəkə avaragorlarını yamsılayıb balaca dostumun başını qatmaq, ürəyinə 
yol tapmaq istəyirdim. Bacardım! Bəli, bəli lap yaxşıca bacardım! Humay balasının 
dirçəlməyindən xoşhal oldu, gözləri güldü. Rəşadın rəngi-rufu duruldu, gözlərində xoşbəxt 
ifadələr parıldayırdı. 
İlahi, məni zəlil et, razıyam; amma qəlbimin dərinliyindəki bu möhtəşəm sevgi və mərhəmət 
hissini söndürmə - aşıb-daşsın, körüklənsin, nacins Adəm övladları bu kövrək qəlbdən fışqıran 
sevda selində boğulsunlar! (Romanımda hisslərimi cilovlamayıb belə axmaq cümlələr yazsam, 
vay... vay halıma. El-aləmdə rəzil olaram!)  
Rəşad mənə yaman isinişdi. Çəlimsiz qılçalarını çarpayıdan salladı, üz-üzə oturduq, anasının 
verdiyi yeməyi iştahla içəri ötürdü, üstəlik, bir alma da yedi. Bə nə, vaxt tapıb Humayla 
xosunlaşa da bildik. İlqar düz deyirdi, pul-paraları yoxuydu. İstəmirdim təzədən qanını qaraldam, 
amma əlüstü yoldaşı haqqında danışdı. Heç nə, deyir, əvvəllər güzaranımız yaxşı keçirdi, 
evimizdən əmin-amanlıq, xoşbəxtlik əskik olmurdu. Xoşuma gəldi Humayın etirafı: Rəcəb, 
düzdür, əvvəl-əvvəl səni unutmaq çətin idi, amma ərimə öyrəşəndən, uşaqlar doğulandan sonra 
heç yadıma düşmürdün. Bircə şəkillərə baxanda, ya sinif yoldaşlarımızla rastlaşanda 
xatırlayırdım səni. Amma sonralar hər şey tərsinə oldu: əlacsızlıq, bədbəxtlik boğazıma 
dirənəndə, səndən başqa adından təsəlli umduğum ikinci bir adam olmurdu. Elə bilirdim, bu 
dəqiqə yanımda bitib hər qayğımı unutduracaqsan.  
- İşləri düz gətirmirdi. Alverə qurşanıb müflis oldu. Olan-olmazdan əlimizi üzdük. Sonra bir-iki 
avaraya qoşulub evdən uzaq düşdü. Bir belə, iki belə... Bir ara Dağıstana dadandı. Gəlib açıq-
açığına deyirdi ki, orda rus qızı saxlayır. Hər gün içmək, dava-dalaş salmaq azarına tutulmuşdu. 
Dözə bilmirdim. Uşaqları da götürüb tez-tez gedirdim atamgilə. Bibimin ailəsiylə düşmən olduq. 


Tümenə baş götürüb gedəndən sonra uşaqları da yanıma alıb evə qayıtdım. Atamın da əli 
üstümüzdəydi. Həyət-bacanı becərirdim. Qışda çətin olurdu, yandırmağa odun-odunacaq 
tapmayanda uşaqlar da, özüm də də tir-tir titrəyirdik. Evdən nəmişlik əskik olmurdu. Həyət-
bacanın əkin-əkinəcəyi, toyuq-cücə saxlamaq kələyimi kəsmişdi. Bilmirdim, hansını çatdırım. 
Uşaq da elə bunun badına getdi. Nə bilim, yoldaşım eşidib bəlkə qayıda! Atam da xəstədi. Gələ 
bilmədi... - Humay özünü saxlaya bilməyib hönkürdü. - Onun da iynə-dərmanı...  
Bir az da danışa bilərdik. Olmadı! Anası gəldi ki, həkim indicə uşağı yoluxmağa gələcək. 
Gözlədik. Foyedə yoğun kişi səsi eşidiləndə özümü bayıra atıb ağ xalatlı tösmərək həkimə 
yaxınlaşdım.  
- Bu uşaq sənin nəyindi? - Həkim üst-başımı zəndlə gözdən keçirib xəbər aldı?  
- Qohumumdu, - dedim, - lap yaxın adamımdı.  
- Hə, - həkim qaşlarını qaldırıb alnını qırışdırdı. - Nə əcəb gec gəlmisən? Yəqin gec eşitmisən, 
hə?.  
Bu istehzasına görə onun çənəsinə məmnuniyyətlə taraz bir yumruq tutuzdurardım.  
- Həkim, uşaq indi necədir? Qorxulu bir şey yoxdur ki?!  
- Yoox, - dilini sürüdü. - Qorxulu olmasa da, vəziyyət kifayət qədər ciddidir.  
- Ciddi yəni necə? Böyüyəndə fəsadı ola bilərmi?  
- İndi yaxşı müalicə götürsə, xəstəliklə birdəfəlik üzülüşər. Amma soyuqdan, nəmişlikdən 
qorumaq lazımdır. 
Əlqərəz! Xəstəxananın foyesini də gəzişəndə, sonra onun isti, rahat otağındakı söhbətlərlə 
zəhlətökənlik etmək istəmirəm. Həkim dedi, güclü dərmanlarla müalicə etdirmək daha yaxşı 
olar, imkanın varsa, birdəfəlik dava-dərman edək, uşaq sonralar əziyyət çəkməsin. Razılaşdım: 
nə məsləhətdirsə, onu edin. Dərmanların bahalı olduğunu bəri başdan “muştuluqladı”. Nə 
lazımdırsa edəcəm, - ötkəm-ötkəm dillənmişdim. Resepti dörd qatlayıb döş cibimə qoydum, 
otaqdan çıxmaq istəyəndə tösmərəyin səsini kürəyimdə hiss etdim.  
- Gec qayıdarsan?  
- Yəqin iki saat çəkər. Evdən pul götürməliyəm.  
- Çalış, mən evə gedənəcən çatdır. Dərmanlara özüm baxım.  
Humayı foyedə fikirli-fikirli gəzişən gördüm. Gülümsədim ki, könlü açılsın, ürəyini qübar 
tutmasın. İşin nə yerdə olduğunu öyrənəndə ar elədi, yanaqları lalə olub allandı. Təsəlliyə tutdum 
qızı, dedim, uşaqdan muğayat ol, ikicə saata gəlirəm. Ayrıldıq.  
Bağrımın başı qüssədən köz-köz olmuşdu. Yolboyu elə hey dodaqaltı vird edir, hardan pul 
tapacağımı bilmirdim. Tutalım, Bankdakı 150 manatı götürdüm, bəs sonra? Necə yəni sonra?! 
Kompüterimi, kitablarımı sataram. Düşük yazıçılıq sevdam da, bayağı romanım da qurban olsun 
bu ağrılar içində qıvrılan körpənin telinə! Lap belə, işəsinlər mənim yazmaq istədiyim romanın 
allı-güllü cümlələrinə, hərflərinə... Ədəbiyyat bu çəlimsiz zavallının pülüyünə dəyməz, Quran 
haqqı! Təki Humayın o şan-şan olan könlü gülsün, gözlərində bəxtəvər sevdalar sayrışsın. Belə 
vaxtda bu əlacsız insanları tösmərək həkimin umuduna qoymaq oğraşlıq olar! İçimə, vicdanıma, 
uşaqlığıma, o illərin sevdasına xəyənətmi edim, indi?!  
Dayan-dayan, görəsən, reseptdəki dərmanların cəmi nə qədər edər?! Aptek lap yaxındadır, 
yolumu ordan salıb öyrənməyə nə var? Üzügülər qız əyri-üyrü xətlə yazılan dərman adlarını 
oxuyar-oxumaz darısqal yerdə ora-bura vurnuxdu, hesablayıcının düymələrini döyəcləyib axırda 
dilləndi: Cəmi, 230 manat. Aha, deməli, 230 manat! Qıza təşəkkür edib ayrıldım. Birbaşa banka 
gəlib 150 manatı istədim. “Əsmərin nişan üzüyünü payıza doğru alaram” - fikrimdən keçdi.  
Həmin gün bir başqa gündü. Tanrıya şükür, nəfəsini üstümdən nə vaxt əskik edib ki? Qovğalı 
gün-güzəran, min bir zillət içində yaşamaq alnıma yazılıb, bu heç; amma şikayət içində 
çabalamaq şakərimi həmişə cilovlamağa çalışmışam. Bəzən yoldan sarpıb üzüdönüklük, 
nacinslik etdiyim olur, neynim, çiy süd əmmişəm, gərək O, belə şeyləri hesaba salmasın. Kimin 
ağlına gələrdi ki, dayandığım yerdəcə taykeş sırğa tapım! Hər şeyi qısaca danışmasam, rahat 
olmaram. Bağışlayın, bütün yazıçılar zəvzək və boşboğaz olurlar.  
 
Beləcə: Bankdan çıxan kimi birbaş evə gedib kompüteri qoltuğuma vurmaq, dəyər-dəyməzinə 
satıb dərmanpulunun kəm-kəsirini düzəltmək istəyirdim. Kişiyana danışsaq, bəxtimə-taleyimə 
lənət yağdırırdım ki, harda bəd işlər var, gərək axtarıb mənim yaxamı tapa, ətəyimdən sallaşa. 
Humayı da qınadığım oldu, üstəlik, İlqarı da! Kompüteri satmaq, roman yazmağın daşını atmaq 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə