Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə37/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   33   34   35   36   37   38   39   40   ...   49

2009-cu ilin mart ayı idi. Ağrılarım başlamışdı. Evə həkim çağırdım. Yoxladı, dedi, ciddi bir şey 
yoxdur, amma tez-tez sarsıntı keçirirsən, öz səhhətinə də, uşağa da yaxşı təsir etmir. Həmin 
vaxtlar Vüqarın ayağı evdən kəsilmişdi. Köməkçim zəng vurdu, vəziyyətin ciddiliyini öyrənib 
yanıma gəldi. Boynuna sarıldım ki, bətnimdə sənin körpəni gəzdirirəm, məni atıb getmə, tək 
qoyma, ehtiyacım var. İnanmazsan, Rəcəb, başını dizimə qoyub hönkür-hönkür ağladı, üzrxahlıq 
etdi. Boynuna aldı ki, Klara ilə yaxınlıq ona karyera üçün lazımdır. Mahnıları Türkiyə, Rusiya, 
Avropa sənətçiləri tərəfindən ifa olunacaqmış. Bilirsən, şou-biznesin bir yazılmamış qaydası var: 
böyük karyera üçün ən yaxın adamlarından, məsələn, ailəndən imtina edib başqası ilə yaşamaq 
ayıb sayılmır. Hələ bunun adı da var: böyük sənət üçün ailəni qurban vermək olar! Nə isə, Vüqar 
üç-dörd gün yanımdan heç yerə getmədi. Söz verdi, məni bir də tək qoymayacaq. İnandım. 
Oğlumuz üçün ad seçdik: Ayxan. İkimizin də ürəyimizcə oldu. Razılaşdıq ki, doğuşdan sonra 
səhnəyə yeni adla çıxım: Leyla Ayxan... 
2009-cu il aprelin 15-i Ayxan doğuldu. Doğuş ağır keçmişdi. Güclü qanaxmam yarandı, 
həkimlər əllərindən gələni etsələr də, indiyədək aldığım psixoloji travmalar, siqaret, alkoqol 
qanıma elə yerimişdi, fəsadları sonra çıxdı. Üç gün reanimasiya şöbəsində oldum. Ayxanı mənə 
göstərəndə sevincimdən bayıldım. Analıq hissinin nə olduğunu başa sala bilmərəm sənə. Özümə 
gələndə halsızlıqdan ayaqlarım yer tutmurdu, qollarımın qüvvəsi çəkilmişdi. İndiyədək etdiyim 
nə qədər pisliklər, murdarlıqlar vardısa, gəlib dururdu gözümün qabağında. Allaha yalvarırdım 
ki, günahlarımı körpəmə, onun məsumluğuna bağışlasın. Yazıq anam, kölgəsi gecə-gündüz 
başımın üstündən çəkilməzdi. Mənim dərdimə yanmaqdan bir dəri-bir sümük qalmışdı. Əlimi 
ovcuna alıb elə hey Allaha yalvarırdı, dodağının altında dua pıçıldayırdı.  
İki gün idi evə gəlmişdik. Get-gedə özümü yaxşı hiss etməyə başlamışdım. Həmin vaxtlar Vüqar 
da məni tək qoymurdu, az qala hər dəqiqəsi yanımda keçirdi.  
Birdən-birə uşağın qızdırması qalxdı, dayanmadan ağlayırdı. Həkimlər dava-dərman etdilər, 
babatlaşdı. İstəyirdim xəstəxanada yatım, gözləri üstümdə olsun. Məsləhət bilmədilər, hamısı bir 
ağızdan arxayın etdilər ki, qorxulu heç nə yoxdur, nigaran qalma. Ürəyimə dammışdı, nəsə 
olacaq. Anam da yaman narahat idi, üz-gözündən oxuyurdum. Səhəri gün Ayxanın halı yenə 
xarablaşdı, bədəni od tutub yanırdı. Bu dəfə xəstəxanada saxladılar bizi. Həkimlərin narahatlığını 
görürdüm: bir-biri ilə pıçıldaşır, dodaqaltı nəsə danışırdılar. Elə bil onlar da çaş-baş qalmışdılar. 
Ayxanda yaxşılığa doğru irəliləyiş görünmürdü, həkimlər açıq-açığına dedilər, möhkəm ol, uşağı 
itirə bilərsən. Elə də oldu! Aprelin 30-u Ayxan... öldü. Həmin gün dəli kimi bağırdım, başıma-
başıma döyüb hər şeyi, hamını lənətləyirdim. Onun üçün aldığım oyuncaqları, pal-paltarları 
dağıdıb-tökdüm, evdə hər şeyi bir-birinə vurmuşdum. Allahdan istədiyim bircə şey vardı: ölüm! 
İllərlə gözlədiyim uşaqdan sonra yaşamağın, nəfəs almağın nə mənası var idi, axı?!  
Başımı qatmağa heç nə kömək etmirdi. Evə qapılmışdım, hərdən Zəminə gəlib təsəlli verirdi, 
görürdüm, məndən gizlin anamla qucaqlaşıb xısın-xısın ağlayırlar. Axşamlar sayıqlayırdım, 
anam bəzən bütün gecəni dirigözlü açırdı. Üç dəfə özümü öldürməyə cəhd etdim: zəhər içmək, 
bütün ağrı-acılardan birdəfəlik can qurtarmaq istəyirdim. Anama yazığım gəldi, bircə anama... 
Yazıq arvadın ümidi, təsəllisi mən idim.  
Mayın 26-sı telefonuma zəng gəldi: “Leyla xanım, İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi 
günü münasibəti ilə konsert olacaq. Bizə gələn siyahıda sizin də adınız var. İştirakınız vacibdir”. 
Adətən, bu cür dövlət səviyyəli tədbirlər olanda hansı müğənni dəvət olunursa, bəhanəsiz-
filansız iştirak etməlidir. Məsələn, xəstəm var, qonaq gedəcəm, ölkədə olmayacam, özümü yaxşı 
hiss etmirəm... Belə üzrxahlıqlar keçmir. Amma bir şeyi də deyim: içi mən qarışıq bütün 
müğənnilər bu tədbirlərdə iştirak etməyə can atır. Dövlət tədbiridir, bir jestim, sözüm yuxarıların 
xoşuna gələ bilər, dayağım, arxam möhkəmlənər... Bu niyyətlə hamı könüllü razılaşıb, hətta öz 
xahişləri ilə çıxış etmək istəyiblər. Amma bu dəfə vəziyyət başqa cür idi. Uşağım iki aydır ölüb, 
mənə də bu gündə mahnı oxutdurmaq istəyirlər? Vüqar biləndə, dəli oldu. Onu indiyəcən belə 
əsəbiləşən, özündən çıxan görməmişdim. Bircə kəlmə dedi: bu, o qəhbənin işidir- Klaranın! 
Açığı, arxamda dayandığına, mənə dayaq olduğuna görə ona sevgim min dəfə artdı, dönə-dönə 
qucaqlayıb bağrıma basdım: nə yaxşı sən varsan, həmişə yanımda ol! İkinci, üçüncü dəfə zəng 
etdilər, hədələdilər ki, tədbirdə iştirak etməsəm, mənim üçün pis olacaq, çox pis... Cəhənnəmə ki, 
nə edirlər etsinlər: öldürsünlər, sürgün etsinlər, ev dustağına çevirsinlər, dünyanı başıma 
uçursunlar; nə olacaqsa, qoy olsun. Tanışlar, dostlar zəng vurub başıma ağıl qoydular: heç 
yerdən başıma dərd açmayım, özümü bəlaya salmayım. Xeyirdə-şərdə yanımda olan adamlar evə 


gəldilər, “dərdinə şərik oluruq, körpəsi ölən ananın uşaq günündə oxumağı çətindir, çox çətindir, 
başa düşürük, amma sabahını, həyatını, gələcəyini, karyeranı fikirləş” deyirdilər. “Gələcəyin, 
daha böyük uğurların qarşıdadır. Gözü götürməyən adamlar sevinəcəklər, səni gözdən salmaq, 
ətini yemək üçün növbəyə duracaqlar”. - Başımı tutub divarın küncünə çökmüşdüm, hamı bir 
tərəfdən elə hey üstümə gəlirdi. Nə isə, əsəbiləşib hamısını qovdum. Belə də dedim: “Rədd olun, 
rədd olun... Cəhənnəm olun burdan... çıxın, cəhənnəm olun... tez, tezzz...” Bağırırdım, elə bil 
ağlım başımdan çıxmışdı.  
Dostlarım nə demişdisə, elə oldu. Əslində, onlara dost demək olmaz: hamısı yaramaz, axmaq 
adamlarmış. Bir-bir siçan deşiyində gizləndilər. Heç zənglərimə də cavab vermirdilər. Bilirsən, 
Rəcəb, hamısı tapşırıq almışdı ki, məndən kənar gəzsinlər, kəlmə kəsməsinlər. Bu o deməkdi ki, 
gün-gündən məhv olacam, bayquş kimi tək qalanda ağlım başıma gələcək. Onları da qınamıram, 
kim bilir, başqası bu vəziyyətə düşsəydi, yəqin mən də belə qəhbəlik edəcəkdim. Belə cındırlıq, 
əxlaqsızlıq manıs tayfasının boyuna biçilib. Klaranın adamlarından hər gün bir zərbə alırdım: efir 
üzümə bağlandı, heç bir restoran məni dəvət etmədi; özüm zəng edəndə min bəhanə ilə 
yaxalarını kənara çəkdilər. Sonra televiziyalarda gözdən salmağa başladılar. Hər şeyi danışdım 
axı sənə: keçmişimdə nə qədər alçaq, əskik, vicdansız əməllərim vardı, fürsət düşmüşkən, 
hamısını bir-bir efirə çıxardılar. Hələ Vüqarı demirəm... Əclaf, oğraş Vüqarı! Beşcə gün sonra 
atdı, yoxa çıxdı. Nə yanıma gəldi, nə axtardı! Rədd oldu onun yanına. Başqa cür ola bilməzdi. 
Nə bilim, bəlkə bu faciə elə Vüqarın planı olub!!! Belə oğraşlıq ancaq ondan çıxar. ( Leyla dəli 
kimi bağırdı. Əsəbdən boğazının damarları şişmişdi.)  
Mənim pis günlərimdə Vüqarın ulduzu parladı. Əclafın yaradıcılıq gününü keçirdilər, dəbdəbəli 
təqdimatı, reklamı, xaricə səfərləri oldu. O günlər dəhşətli günlər idi Rəcəb, boğulurdum, 
divarlar üstümə yeriyirdi. Pulu kağız bildiyim, göyə sovurduğum vaxtlarda bu evi almışdım. 
Daha doğrusu, bir nəfər borca aldığı pulun yerinə bu xarabanı mənə verdi. Otaqdakı uşaq 
oyuncaqları-filanı özüm gətirdim; Ayxan üçün almışdım, ürəyim gəlmədi atmağa. Hər şey 
əlimdən çıxmışdı, qalanım bir maşın, bir də bu ev oldu! Maşını da ki, demişəm, bank əlimdən 
almaq istəyir.  
Vüqar bilirsən niyə gəlmişdi bura?! Niyə məni döydü, təhqir elədi?! Yaradıcılıq yubileyinin 
qonaqlığına Klara da gəlmişdi. Çətin də olsa, gözdən yayınıb içəri girdim. Vüqarın, Klaranın 
adamları xəbər tutub məni bayıra atmaq istəyəndə məclisi bir-birinə vurdum, hamısını söyüb-
batırdım. Elə bilirdim, məni elə məclisdən tutub aparacaqlar, Allah bilir, başıma nə oyun 
açacaqdılar. Amma nədənsə, toxunmadılar. Elə bil, hələ çəkindikləri yer var. Deyəsən, Vüqara 
baha başa gəlib o qonaqlıq. Ona görə belə qəzəbli, öfkəliydi, görmədin?! Əclaf az qala 
öldürəcəkdi məni.  
Belə ürəkli, hikkəli danışığıma baxma, yaman qorxuram. Doğrudan, yaman qorxuram, vallah!  
 
 
* * *  
 
Hər gün yazmaq, yazmaq, yazmaq... Nəhayətsiz bir ehtiras, coşqu, gələcəyə min bir ümidlə, 
dəlicəsinə yazmaq nə gözəlmiş, Tanrım! Vallah, o günlər heç nə gözümə görünmürdü: Əsmər 
nədi, heç anamı da xatırlamırdım. Bir də gördün, ürəyimə dəhşətli bir nisgil çökürdü: əlim 
çatmayan dünənki xatirələr bağrımın başını sökürdü. Dodağımın altında bayatı pıçıldayırdım: 
 
Ürəyim arı şanı, 
Sellərin qovuşanı; 
Könlüm yaman arzular, 
O qəlbi pərişanı. 
 
Sakitləşən kimi yenə kompüterin başına keçirdim, yenə saatlarla yazmaq, düşünmək... gecənin 
bir aləmi gözlərimə dolan yuxunun zəhər-zəqqumunu çıxarmaq üçün üz-gözümə su vurub, bu 
balaca daxmanı yüz dəfə o baş-bu baş ölçürdüm. Bu da kara gəlməyəndə, bir şıdırğı oyun 
havasına qol götürüb oynamaq lap yerinə düşürdü. Leyla ilə sevişmə səhnələrini yazmaq başqa 
aləm idi: canımda vulkan kimi püskürən azğın ehtirasım bədənimdə qıvır-qıvır qıvrılırdı. Bir də 
gördün, gecənin bir aləmi bir yepyekə kartof, iki sosiskanı alaçiy bişirib içəri ötürdüm, toxluğun 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə