Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə34/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   30   31   32   33   34   35   36   37   ...   49

sevəcəm, məktəbi qurtar, toy edək. Mehrab gedəndən sonra darıxdım, istədim dalınca qaçıb 
deyəm, bir az da yanımda qal, evdə tək qorxuram. Bütün günü fikirli, dalğın gəzdim, anam 
soruşanda gizlətdim, başa düşmədi. Mehrab Bakıya gedənə qədər xəlvətə salıb üç-dörd dəfə 
görüşdük. Əvvəllər çox utanırdım, pis iş tutduğuma görə özümü günahkar sayırdım. Sonra 
alışdım, hər dəfə Mehrabın təsəlli, ümid, sevgi dolu sözlərini eşidəndə özümü dünyanın ən 
bəxtəvər adamı bilirdim. Sonuncu görüşümüzdə hisslərimi cilovlaya bilmədim, qollarını belimə 
dolayanda elə bildim ağlım başımdan çıxacaq, tir-tir əsirdim. Yanağımdan öpdü, boyun-
boğazıma nəfəsi dəyən kimi sinəm alışıb-yandı. Ogünkü kimi dadlı öpüşü həyatım boyu bir də 
heç vaxt yaşamadım. Gözlərimi yumub özümü Mehrabın ixtiyarına vermişdim. İstəyərdim, 
ömrüboyu onun qolları arasında yaşayım, qulağıma xoş sözlər pıçıldasın, dünyanın axırınacan 
nəfəs-nəfəsə yaşayaq. Bakıya getdiyi günü ağlamaqdan gözümün qarası getmişdi. Nə yaxşı anam 
evdə yox idi, uzaq qohumumuzun oğlu Qarabağda şəhid olmuşdu, onun yas yerindəydi. Çox 
darıxanda, yanıqlı-yanıqlı oxuyurdum. Musiqi məktəbində müəllimimiz bir dəfə dedi, səsində 
yanğı artıb, bir şey olmayıb ki? Pərt olduğumu görüb soruşmuşdu ki, bəlkə eşqə düşmüşəm? 
Mehrab bayram tətillərində rayona gəlirdi. Gözdən iraq bir yerə çəkilib doyunca söhbətləşərdik. 
Bakıdan ağız dolusu danışırdı: Qız qalası, bulvar, Şirvanşahlar sarayı mənim aləmimdə yuxu 
kimi idi. Söz vermişdi, Novruz bayramında məni Bakıya aparacaq. 1993-cü ilin qışında 
universiteti atıb könüllü müharibəyə getdi. Altı ay döyüşdü, bircə dəfə məktubunu aldıq. Yazda 
yaralanıb hospitala düşdü. Həkim cəbhəyə qayıtmağa icazə verməmişdi. Xəstə yatanda məni də 
aparmışdılar yanına. Ovaxtkı halı indiyəcən gözümün qabağındadır: yaman sınıxmışdı. Əvvəlki 
boy-buxunlu, əzələli Mehrabdan əsər-əlamət yoxuydu. Bir ay sonra universitetə bərpa olub 
dərslərinə davam elədi.  
 
Həmin vaxtlar musiqi məktəbində bir oğlan istəyirdi məni. Direktorun qohumuydu, yaxşı da tar 
çalmağı vardı, tez-tez toylara çağırırdılar. Musiqi məktəbindəki konsertlərdə bir-iki dəfə məni də 
müşayiət eləmişdi. Amma eşitmişdim, narkomandır. Əvvəl-əvvəl şirin sözlərlə könlümü almağa 
çalışdı. Bir dəfə sinifdə tək olanda məni qucaqlamaq istədi. Qışqıranda haya kamança müəllimi 
gəldi. Ondan sonra həmin oğlan mənimlə düşünüşdü. Hər gün qabağımı kəsib hədələyir, deyirdi, 
səni qaçıracam. Direktor xəbər tutub danlamışdı, xeyli vaxt dəyib-dolaşmadı mənə. Bilirsən, 
Rəcəb, etiraf edim ki, mən də az aşın duzu deyildim (bəxtəvər-bəxtəvər gülümsəyir). Mehrabdan 
sarı darıxsam, onun sevgisini ürəyimdə əziz tutsam da, istəyirdim məktəbdə hamı mənimlə 
maraqlansın, hər an diqqət mərkəzində olum. Elə həmin tarçalan oğlan da mənim şeytanlığımın 
qurbanı olmuşdu. Bir də görürdün, dərsdə uzun-uzadı baxışırdıq. O gözünü məndən çəkməyəndə 
mən də zillənirdim. Tək o olsa nə vardı? Saymışdım, tələbə- müəllim qarışıq düz on bir nəfərin 
məndə gözü vardı. Zəncəfil nənənin sözlərini tez-tez xatırlayırdım: “bir az böyüsün, gör neçə 
oğlanın ağlını yerindən oynadacaq”. Özü də, son vaxtlar yaman qəşəngləşib, totuq-motuq qız 
olmuşdum. Özümə əməlli-başlı fikir verirdim. Vaxt olurdu, bir saat güzgünün qabağından 
çəkilmirdim. Gödək geyəndə anam deyinirdi, hətta bir dəfə məni döydü, amma bilirdim ki, yolda 
mənə baxan neçə adamın gözü sevinəcək, məndən danışacaqdılar. Hələ müəllimlərimi görəydin: 
baldırlarıma baxanda udqunurdular. Bir dəfə İlyas adlı bir müəllimin ad günü idi. Dərsdən sonra 
müəllimlər elə sinifdəcə yeyib-içmək təşkil edib xudmani məclis qurmuşdular. Məni dəvət 
edəndə özümü naza qoydum, bir-iki ağız dil töküb yola gətirdilər. Hamısı keflənmişdi. Özü də 
hiss edirdim, hər biri mənim xoşuma gəlməyə çalışırdı. Sağlığıma içən bir deyil, iki deyil... İlk 
dəfə içkinin dadına o vaxt baxdım. Xoşuma gəlmişdi, onlar deyib-güləndə mən də qoşulurdum, 
çəkingənliyi tamam başımdan atmışdım. Evə gedəndə direktor məni maşınına dəvət etdi, evimizə 
yaxın yerə düşürəcəkdi. Maşını sakit yerdə saxlayıb əvvəlcə əlimdən tutdu, sonra qolunu 
boynuma dolayıb döşlərimi əllədi, boyun-boğazımdan öpdü. Rayondan kənarda bir restoran 
vardı - Gilənar, dedi gedək çay içək, söhbət edərik. Razılaşmadım, açığı, qorxurdum görən olar, 
anamın qulağına çatdırarlar. Amma nə gizlədim, ürəyimin dərinliyində istəyirdim, yaman 
ehtiraslanmışdım. Həm də bilirsən, direktorla yaxınlıq o deməkdi, mən hamı kimi 
olmayacaqdım, məktəbdə nə qədər qız vardısa, hörmətim hamısından bir boy artıq olacaqdı. Bu 
xəstə eqoizmi, adamlardan seçilmək ehtirasını ömrü boyu başımdan çıxara bilmədim.  
On birinci sinfi bitirib Mədəniyyət və İncəsənət Universitetinə qəbul oldum. Mehrab sonuncu 
kursdaydı. Bakıya gəlməyimə yaman sevinirdi. Qabağa düşüb Alatavada kirayə ev tapdı, 
bazarlıq eləyib iki dolu zənbillə gəldi. Sonra şəhəri gəzdik, mənə iki dəst paltar, bir cüt ayaqqabı 


aldı. Əvvəl-əvvəl Universitetə özü aparıb-gətirdi, sonra razı olmadım, çox əziyyət çəkirdi. 
Bakıda Mehrabla gözəl günlərimiz oldu. O qədər təmiz, saf, adamdı vaxtilə musiqi məktəbində 
etdiyim axmaq hərəkətlərə görə xəcalət çəkirdim. Amma səndən nə gizlədim, çox keçmirdi 
içimdəki şeytana aldanır, yolumu azırdım: dalımca oğlan gəzdirəndə öz-özümdən xoşlanırdım. 
Belə şeylərə görə Mehrabla aramızda tez-tez söz-söhbət düşürdü.  
Birinci kursdan özümü universitetdə tanıtdım. İstiqanlığım, dostcanlı olmağım hamının xoşuna 
gəlmişdi. Bütün müəllimlər hörmət edirdilər. İkinci kursun əvvəlində kinorejissorluqda oxuyan 
bir oğlanla tanış oldum. İxtisasını çox gözəl bilirdi. Onun hesabına yüzə yaxın ən məşhur filmə 
baxdım, aktyorları, rejissorları tanımağa, adlarını əzbərləməyə başladım. Tez-tez deyirdi, 
qısametrajlı film çəkmək istəyirəm, işlərim düz gətirsə, baş rolu sənə verəcəm. Əri müharibədə 
həlak olmuş, uşaqlarını saxlamaq üçün evindəki qiymətli əşyalarını, skripkasını satan musiqi 
müəlliməsi haqqında film idi. Satıcı oğlan rolunu Elçinə həvalə edəcəkdi. Nə isə, film alınmadı...  
Mehrabla mənim tez-tez dava-dalaşım olurdu. Elçini məndən xəlvət görüşə çağırıb döymüşdü. 
Açığı, onun belə hərəkətlərindən təngə gəlmişdim. Bir dəfə axşamüstü kirayə qaldığım evə gəldi, 
səs-küyümüzə ev yiyəsi çıxıb acıqlandı. Xəbərdarlıq etdi ki, bir də belə olsa, evdən qovacaq. O 
gündən sonra xeyli müddət danışmadıq. Həm də o vaxtlar mağazada - içki şöbəsində işləyirdim. 
Bu, Mehrabın xoşuna gəlmirdi. Gülgün haqqında sənə danışmışam, yaxın dost idik. Sonralar 
Gülgün məni “Bakı payızı” müsabiqəsinə apardı. Həmin müsabiqədə ikinci yer tutdum. Çox 
sevinirdim, anamın zəng edib ağlaya-ağlaya təbrik etməsini hələ də unutmamışam. Bütün 
uğurlarımda anamı fikirləşmişəm. Onun bircə təbəssümü, sevinci mənim üçün hər şey demək idi. 
Onsuz da itirdiyini itirmişdi, istəyirdim məndən yarısın, uğurlarımı eşidəndə hər yerdə fəxrlə 
danışsın. Bilirsən, anamın yanında günahlarım çox böyükdür. Sonralar onun adından istifadə 
edib efirdə çox yalanlar satmışam. “ANS”- də bir verilişə çağırmışdılar. Əslində, sağ olsunlar
mənə şans verirdilər ki, özümü təmizə çıxarım, insanların nəzərindəki əxlaqsız obrazım ömrü 
boyu əzab çəkən, zülm-zillətə sinə gərən qadınla əvəz olunsun. Həmin verilişdə yalanları ucuna 
calayıb üyüdüb-tökürdüm. Yəqin baxmamısan, guya uşaq vaxtı quru çörək yığıb ailəmizi 
dolandırırmışam. Kasıb olduğumuz üçün səhv addımlar atmışam. Hətta demişdim, qoy mənə 
pozğun desinlər, amma anam qulağında brilyant sırğa gəzdirsin. Bundan xeyli əvvəl bir qəzet 
yazmışdı ki, Leyla 7 aylığında ikən vaxtsız doğulub. Atam doğum evinə məni götürməyə belə 
gəlməyib, evə bibimin - Mehrabın anasının qucağında gəlmişəm. Xatırlayıram, o vaxt jurnalistə 
zəng vurub hədələmişdim. İki gün sonra mənim acığıma yalanı bir az da şişirtdi. Həmin qəzet 
evdə olmalıdır, tapmağa ərinirəm. Sən demə, ilk günlər acığından üzümü görmək istəməyən 
atamın bir dəfə ürəyi dözmür, beşiyə yaxınlaşıb məni görər-görməz həyəcan keçirir. Belə də 
yazmışdı: “Körpə Leylanın Böyük Vətən Müharibəsinə gedib-qayıtmayan qardaşına çox 
bənzədiyini görür... Həmin gündən atası balaca Leylanı “əlinin içində” saxlamağa başlayır, onun 
bütün istəklərini yerinə yetirir və ərköyün böyüdür” 
Mən universiteti bitirdiyim il şou-biznesin təzə-təzə işartıları görünürdü. Telekanallar musiqiyə, 
qalmaqallara səxavətlə qucaq açırdılar. Gülgünün dostu Ayazın restoranında oxuya-oxuya “Sən 
olmasan” mahnısına klip çəkdirdim. Pulun çoxunu Ayaz vermişdi. Onun tanışları vardı, 
telekanallara zəng vurdu, klipin təntənəli təqdimat mərasimi keçirildi. Həmin gün bütün 
kanalların maqazin verilişləri məndən danışdı, qəzetlər yazdı, radiolarda “Sən olmasan” mahnısı 
hitə çevrildi. Özümü bilirsən necə xoşbəxt hiss edirdim? Artıq şəhərdə tanınmağa başlamışdım. 
Mağazalara, gözəllik salonlarına gedəndə hamı məni barmaqla göstərirdi. Hətta avtoqraf alanlar 
da tapılırdı, hiss edirdim ki, insanlar mənimlə ayaqüstü söhbətlərindən, şəkil çəkdirdiklərindən 
məmnundurlar, özlərini xoşbəxt hiss edirdilər. Başa düşürsənmi, illər boyu həsrətində olduğum 
arzum çin olmuşdu. Mehrabla dava-dalaşım yenidən qızışdı, deyirdi, sənə görə dost-tanış 
yanında gözükölgəli olmuşam, mənə tənə vururlar. Hər şeyi sənə danışmağı söz vermişəmsə, 
gizlətməyəcəm. Bakirəliyimi həmin gün Ayazın yatağında itirdim. Özü də ayıq idim, içkinin 
təsiri-filan olmamışdı, sadəcə, bunu Ayazın yaxşılıqlarına bir mükafat etdim, vəssalam. Mehrab 
bunu biləndə mənə tüpürüb baş götürüb getdi Türkiyəyə. O-bu, bir də adımı tutmadı, axtarmadı, 
zəng vurmadı. Sonralar onun qəlbini qırdığıma, daha doğrusu, xəyanət etdiyimə görə peşman 
oldum, xəbər göndərdim ki, barışmaq istəyirəm, küsülü qalmayaq. Razılaşmadı, bibim də 
bizimlə əlaqəni kəsdi. Amma şükür edirəm ki, Allah Mehrabın ürəyinə görə bütün işlərini düzə 
çəkdi. Türkiyədə əziyyətli günləri çox olub, vağzallarda, parklarda gecələyib. Sonra bir dul 
arvada rast gəlib. Onun bişirdiyi peraşkiləri, qoğalları satıb qəpik-quruş qazanırmış. Bədbaxtın 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə