Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə38/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   34   35   36   37   38   39   40   41   ...   49

gətirdiyi nəşənin ləzzətindən allı-güllü, adamı vəcdə gətirən cümlələr peyda oldu! Oxuduğum 
romanlarda rast gəldiyim qəşəng cümlələr ki vardı, ərinməyib bir-bir altından xətt çəkmişdim. 
İndi həmin cümlələri çırpışdırıb dədəmin halal malı kimi romanıma pərçim edirdim. Məsələn, 
görün necədir: “ Yorğun düşmüş axşam günəşi təndir ağzı kimi alovlanırdı” Çingiz Aytmatovun 
“Əlvida, Gülsarı” povestindədir. Əvvəla, Aytmatov soyuq torpağın bətnində gözlərini əbədiyyətə 
çoxdan yumub, ikincisi də, lap sağdır, mənim yazdığımdan, varlığımdan hardan xəbər tutacaqdı? 
Belə çırpışdırmalar mənim kimi gənc yazarlara ancaq xeyir verə bilər, vəssalam! Məsələn, bir də 
gördün, dütdülü tənqidçinin biri, yaxud qoca-qaxsaq yazıçı hansısa müsahibəsinə romanımın 
rəvan, koloritli dilindən, bənzətmələrin uğurundan danışdı. Ondan sonra fısqırıq, get, kef elə! Elə 
ki, yaxşı cümlə yazdım, bahoo, sevincin biri bir qəpikdən: siqareti uc-uca calayıb fıshafıs içimi 
zəhərləyəndən sonra güzgünün qabağına keçib özümə təsəlli verirdim: “Rəcəb, bu uzun, qara 
gecənin gözəlliyinə and olsun, hər şey yaxşı olacaq! Bircə, möhkəm dayan, kişi ol! Yazıçı da 
olacaqsan, sevgilinə də qovuşacaqsan! Bax, səni evdə qaxıdıb oturdan, adamlardan, çöl-bayırdan 
məhrum edən bu roman bir səs-küy salsın ki, gəl görəsən! Sən Mirvarinin goru, bircə kişi ol!”  
On beş gün çörəkdən ötrü mağazadan savayı heç yerə getməmək nə deməkdir, bilirsinizmi? 
Evdə hər şeyim var: Məsələn, 10 kilo kartof-soğan alıb ehtiyatımı görmüşəm. Yağ, çay, qənd, 
sabun, ət, mer-meyvə... nəyim yoxdur?! On altıncı gün dözmədim. İstədim şəhəri bir az gəzəm, 
gözüm-könlüm sevinsin. Yox-yox, mağazadan yüzcə metr aralaşmışdım ki, ayağımı yerə 
mıxlayıb, dəli bir hiddətlə əngimə taraz yumruq ilişdirdim. Çənəm yerindən oynadı, beynim 
silkələndi. “Qayıt, əclaf, qaxıl yazını yaz! Pox yemə, yorulub eləməyibsən! Səndəki qatır 
inadkarlığı ki var, yerindən dağ oynadar!” 
Axsaq yabıya oxşayan bir qoca (tfu şərəfimə) kənarda dayanıb mənə göz qoyurdu. Əngimə 
yumruq ilişdirməyim qocanın xoşuna gəldi, uşaq kimi sevinib güldü. Gördüm, çənəsinin altına 
salmaq, ya da qara qəpiyə dəyməyən öyüd-nəsihət vermək üçün üstümə gəlir, sivişib aradan 
çıxdım.  
 
Qubar, xiffət, öləziyən ümid...  
 
Ay sevinc aparan, ayaqyalın qaç, 
Ümid gözləyənin qapısını aç. 
Dərdə dərman olub, ağrıya əlac, 
Gedirəm bir qəlbi sevindirməyə. 
 
Zəlimxan Yaqub 
 
Günlərin birində telefonuma gələn zəngdən iliyiməcən sarsıldım. Dizlərimin taqəti çəkilmişdi, 
nigaranlığın acısı içimi didim-didim didirdi. Keçən günlər, ilıq xatirələr başımda dolaşdı, 
vücuduma ağırlıq çökdü. Heç nə, İlqar rayondan zəng vurdu ki, Humayın oğlunu Bakıya 
gətiriblər - Ağ ciyər institutuna... Uşaq xəstədir, ağır xəstədir.  
- Necə yəni xəstədir, nə vaxt belə olub?! 
- Ciyərlərində güclü soyuqlama var. Vəziyyəti yaxşı deyil. Dünən götürdülər. İstədim xəbərin 
olsun. Bax, imkanın olsa, baş çək, Humay özü də yaxşı deyil.  
- Yanında kim olur? Yoldaşı hardadır?  
- Mən də bilmirdim, indi öyrənmişəm ki..., yoldaşı Tümendədir, çoxdan bunları atıb gedib. Nə 
bilim, bəlkə eşidib qayıda. Dolanışıqları da ağırdır, dedilər, pulları yoxdur müalicəyə. Bax, 
Rəcəb, nə deyim... imkanın olsa...  
- Əlbəttə, əlbəttə... mütləq baş çəkəcəm. Çox sağ ol, İlqar, nigaran qalma.  
Ürəyim götürmür belə şeyləri. Əllərimi cibimə dürtüb evdə var-gəl edirdim. Humayı sevdiyim 
illərin havası yenə başımda dolaşırdı. İllərin o üzündə qalan bir sevdanın acısı çəkilməz olur, 
dözülməz olur, bilirsinizmi? O əllər, o gözlər, o baxışlar... Min bir arzumuz, istəyimiz, uşaqların 
oğrun-oğrun bizə göz qoyması, Humayın pul kimi qızaran yanaqları... İlahi, o illəri xatırlamaq 
necə dəhşətlidir. Dalbadal üç siqaret çəkdim, başım dumanlandı, ürəyim bulandı. Necə yəni, əri 
Humaygili atıb Tümenə gedib?! Bunu indiyəcən niyə bilmirdim, niyə? Allah bilir, buvaxtacan nə 
qədər əzab, məşəqqət çəkiblər. Təkbaşına dərdin, qayğının öhdəsindən necə gəlib Humay? 
Görəsən, məni görmək keçirmi ürəyindən?  


Gödəkcəmi geyib evdən çıxdım. Metroda yol boyu bircə şeyi düşünürdüm: Humay məni görəndə 
sevinəcəkmi?! Yox-yox, nə... nə sevinmək! Mənim də gicbəsərliyim tutub! İndi uşağının 
hayındadır, yəqin bət-bənizi soluxan balasının başı üstündə dayanıb, gözünün yaşını şoralayır.  
Qara Qarayev stansiyasında qatardan düşüb, bilmədim hansı tərəfdən çıxım. Tələsməliydim, 
nigarançılıqdan ürəyim köksümü parçalayırdı. Bələdçi qadına yaxınlaşıb, ağ ciyər... demişdim 
ki, sözümü ağzımda qoydu: “sola çıx, sonra sağa dön”. Dilucu təşəkkür edib, pilləkənlərə sarı 
götürüldüm.  
İstitutun qapısında dayanan şişman qadın sualları güllə kimi üstümə yağdırdı. Onu susdurmağın 
və istədiyim xəbəri almağın yolu bircə manatdan keçirdi. Pulu ovcuna basanda, sağ olsun, hər 
şeyi yerli-yataqlı izah elədi.  
Humayla qəfil qarşılaşsam, hansı vəziyyətə düşəcəyimi yaxşı təsəvvür edirəm. Yenə qızaracaq, 
bir-iki dəfə udqunub gözlərimi döşəməyə zilləyəndən sonra handan-hana özümə gələcəkdim. 
Kəkələmək köhnə adətimdir, dilim topuq vura-vura nıqqıldamaq da öz yerində! Dediyim başıma 
gəldi. Pilləkənin başında toplaşıb dərdli-dərdli nəyisə götür-qoy edən bir dəstə adamın arasından 
sivişib özümü uzun dəhlizə vurdum. Tini burulan kimi yerimdə mıxlandım. O, əlində qab-qaşıq, 
qabağımda dayanmışdı...  
Eheyy, necə sınıxmışdı! Allanan yanaqlara elə bil kömür basmışdılar. Hələ gözləri... Bircə dəfə 
üzümə baxmaq üçün alışıb yandığım gözləri! Kirpiklərini nəm tutmuşdu. Görən, səsi də 
dəyişibmi? Onu bağrıma basmaq, bərk-bərk özümə sıxıb saçlarının qoxusunu içimə çəkmək hissi 
doldu ürəyimə. Elə burdaca bir-birimizə sarılıb ağlasaydıq, nə gözəl olardı, nə gözəl!  
Xəstəxananın hamamında şırıldayan suyun dalınca hansısa korafəhimin əlindən saldığı şüşə qab 
dəhlizdə dəhşətli gurultu qopardı. İkimiz də diksindik. Mən cəsarətli çıxdım:  
-Hu...may, uşaq... - Boğazım qurudu. O məndən betər haldaydı. Udqundum, fikrimi toplayıb 
davam etdim. - Uşaq necədir?  
Toxtaqlığım xoşuma gəldi. Humay baxışlarını döşəməyə zilləyib heykəl kimi dayanmışdı.  
- Humay, uşağa görə narahatam. Necədir? - Bu dəfə daha cəsarətli dilləndim.  
Çiynini çəkdi, nəsə demək istəyirdi, qəhər boğdu, danışa bilmədi. Əlləri əsirdi. Qorxdum, qab-
qaşıq yerə düşüb çiliklənər. Əlindən aldım, məhrəm bir ədayla qoluna toxunub ürək-dirək 
verdim.  
- Qorxma, əlimdən nə gəlir, kömək edəcəm. Özünü darıxdırma.  
- Kim sənə dedi?  
Səsi həmin o illərin - bəxtəvər çağlarımızın səsiydi - şirin, şipşirin...  
Kövrəlsəm də, özümü toxtaq tutmaqdan savayı yolum yox idi. Tələsik, bir az da həvəssiz, hər 
şeyi ona danışdım. Deyəsən, qırışığı açılmışdı. Yanımızdan keçən bir tibb bacısı diqqətlə məni 
süzüb kinli baxışlarla qəlbimi zəhərlədi. Yəqin, xəstə uşaq anasını foyenin qaranlıq küncünə 
“çəkməkdə” günahkar, daha doğrusu, əclaf gözündə görürdü məni. Fikirləşdim, onsuz da bura 
tez-tez gəlib gedəcəm, bir-iki manatla könlünü ələ alaram.  
- Atası bizi atıb gedəndən sonra... - Barmaqlarının ucunu nəmli yanaqlarına toxundurdu, - çətin 
oldu. Keçən qış xəstələnmişdi. Həkimlər dedilər, sətəlcəmdir. Rayonda müalicə yazdılar, sağaldı.  
- Birdən-birə belə oldu? Həkimlər nə deyir?  
- Keçən ay tərli-tərli soyuq su içmişdi, özünü küləyə verib...Daha doğrusu, bilirsən, ... - susdu. 
- Danış, çəkinmə... 
- Bazarda satmaq üçün həyətdə göy-göyərti əkirdik. Uşaq mənə kömək eləyirdi. Həmin gün 
işimiz çox oldu, özünü soyuğa vermişdi. Bir də ... bir də evimiz nəmişlikdi, soyuq olur...  
Yüngülcə köks ötürdüm.  
- Rəcəb, sən get, get... Gəldin... sağ ol, yaxşı olar, get...  
- Bircə, özünü darıxdırma.  
Onu qollarımın arasına alıb bərk-bərk özümə sıxmaq istədim. Seyrək addımlarla palataya sarı 
addımladıq. Öyrəndim ki, anası uşağın yanında qalır, Humayı tək qoymur. 
- Anama nə deyəcəksən? Bilmirəm, necə olacaq... birdən... 
- Narahat olma, deyəcəm bir tanışım uşağını burda yatırır, ona baş çəkməyə gəlmişdim
təsadüfən rastlaşdıq.  
Qapının dəstəyinə əl atanda lap pəsdən dilləndim: 
- Yəqin olanları çoxdan unudar... 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə