Bitkinin ilkin və ikincili metabilitləri. Bioloji fəal maddələr İlk və İKİNCİLİ metaboliTLƏR



Yüklə 4,73 Mb.
səhifə11/12
tarix04.05.2023
ölçüsü4,73 Mb.
#108228
1   ...   4   5   6   7   8   9   10   11   12
Mühazirə 5

Chlorella minutissima yosunundan alınmış yüksək molekullu polisaxarid kompleksi immunostimulaedici, şişəleyhinə fəallığı ilə seçilən, splenositlərin pro­liferasiyasını gücləndirən vasitə kimi intranazal, rektal və peroral dərman formaları şəklində tətbiq olunur.
Linum ussitatissimum toxumlarından alınmış polisaxarid məcmuyu əsa­sında hazırlanmış preparat yara əleyhinə vasitə kimi mədənin xora və yara xəstəliklərində istifadə edilir.
Çəhrayı gülxətminin və ətirli bənövşənin polisaxarid kompleksinin iltihab ­­ə­leyhinə effekti öyrənilmiş və məlum olmuşdur ki, onlar kapilyarların keçiriciliyinə təsir göstərməklə eks­sudasiyanı və proliferasiyanı zəiflədir.
Bəzi bitkilərin polisaxarid kompleksinin nefroprotektor, ödqovucu təsiri, həmçinin dalağı müdafiə etmək qabiliyyəti aşkar olmuşdur.
Bitki mənşəli polisaxaridlər çox qiymətli immunostimulyatorlar mənbəyi­dir. İmmun cavab almaq üçün kimyəvi birləşmənin yüksək molekulyar quruluşa malik olması vacibdir. Tərkibində uron turşusu olan polisaxaridlərin immunostimulyator qabiliyyətinin daha yüksək olduğu müəyyən edilmişdir. Ali bitkilərdən alınmış polisaxarid kompleksinin kiçik konsentrasiyaları göbələk­lərdən əldə edilmiş sadə polisaxaridlərlə müqayisədə daha güclü immunostimulyator təsirə malik olur.
Polisaxaridlər hüceyrə səviyyəsində immun sistemi gücləndirir, saya əzələlərin yığılma qabiliyyətini tənzimləyir və maddələr mübadiləsini normaya salır.
Ədəbiyyatda bəzi bakteriyalardan, göbələklərdən və ali bitkilərdən əldə edilmiş polisaxaridlərin iltihab əleyhinə təsirə malik olduqları barədə məlumatlar vardır.
Yosunlardan alınmış və tərkibində sulfat qrupları olan polisaxaridlərin heparindən daha yüksək antikoaqulyant təsirə malik olduğu tədqiqatçılar tərəfindən təsdiq edilmişdir.
Polisaxaridli bitkilərin antikoaqulyant təsiri araşdırılmış və 25 dərman bitkisi arasında ən güclü koaqulyant effektə acı yovşan otunun malik olduğu məlum olmuşdur.
Tikanlı eleuterokokkdan, jenşendən və bəzi başqa bitkilərdən alınmış polisaxaridlərin hipoqlikemik effekti olduğu müəyyən edilmişdir. Polisaxaridlər biotexnologiyada da müxtəlif məqsədlərlə geniş tətbiq edilir.
Təbii və modifikasiya edilmiş polisaxaridlər (məsələn, sellüloza, U-amilo­za) konyuqat-fermentlərin alınması üçün daşıyıcı rolunda istifadə edilirlər. Polisaxaridlər bioloji fəal maddələrin immobilizasiyasında da istifadə olunur.
Polisaxaridlər lektinlərin təmizlənməsində də mühüm yer tutur. Lek­tinlər qeyri-immun mahiyyətli zülallardır. Bunlar spesifik tanıma qabiliyyətinə və tanıdıcı liqandın kovalent quruluşunu pozmadan qlikokonyuqantların karbohidrat hissəsi ilə dönər rabitə qurmaq xüsusiyyətinə malikdir. Son dövrdə lektinlər tibbi-bioloji tədqiqatlarda (məsələn, normal və patoloji dəyişikliyə məruz qalmış hüceyrələrin membranlarının quruluşunun və funksiyasının öyrənilməsində) və tibbi diaqnostikada (məsələn, qan qrupunun müəyyən edilməsində) geniş istifadə edilirlər. Polisaxaridlərin tərkib hissələri olan pektin maddələri suda həll olaraq özlü maye əmələ gətirməklə qastroprotektor və immunmodulaedici təsir gös­tərir.
Son illərdə bitkilərdən alınmış bəzi polisaxaridlərdən hazırlanmış preparatların plazma əvəzedici məhlullar kimi tətbiq edilməsi imkanını öyrənən bir çox tədqiqatlar aparılmışdır.
Bitki mənşəli polisaxaridlər əczaçılıqda bir çox dərman formalarının alınmasında köməkçi vasitə kimi də istifadə edilir.
Tərkibində uca andızın kökümsovu ilə köklərinin, adi quşbuğdasının otunun, ikievli gicitkənin, adi qaragilənin və ağ söyüdün ekstraktı olan «Diabefit» preparatı spazmolitik təsirli və ödün ifrazını artıran vasitə kimi təklif edilmişdir. Uca andız bitkisinin adaptogen, antihipoksant, iltihabəleyhinə və yarasağaldıcı effekti öyrənilmişdir. Bitkinin sulu çıxarışının faqositor hüceyrələrə qarşı immunotrop fəallığının olması müəyyən edilmişdir.
Ədəbiyyat məlumatlarının təhlili nəticəsində belə qənaətə gəlmək olar ki, polisaxaridlərin quruluş və funksiyalarının rəngarəngliyi bilavasitə onların kimyəvi quruluşunun mürəkkəbliyi ilə əlaqədardır. Eyni zamanda son illər polisaxaridlər tibb və qida sənayesinin müxtəlif sahələrində geniş tətbiq olunur. Bütün bu göstərilənlər polisaxaridlər əsasında yeni dərman vasitələrinin yaradılmasını aktual edir və bu da müasir əczaçılıq elminin perspektiv istiqamətlərindən hesab olunur.
Tərkibində polisaxarid olan və tibb praktikasında geniş istifadə olunan bitki cinslərindən biri də bağayrpağıdır. Bağayarpağı cinsinə aid bitkilərin xammalı və onların əsasında hazırlan­mış müxtəlif dərman formaları praktik təbabətdə geniş istifadə olunur. Plantago major bitkisinin yarpaqlarından alınmış və qranula halına salınmış sulu çıxarışı turşuluğun azalması ilə müşahidə olunan qastritin və peptik yaraların müalicə­sində təyin edilir. Bitkinin xammalı və ondan alınmış dərman preparatları tənəffüs yollarının infeksion-iltihabi xəstəliklərində, ağız boşluğunun və udlağın selikli qişaları­nın iltihabi xəstəliklərində və bəlğəmin çətin ifraz olunmasında istifadə olunur. Preparatları qastritdə, peptik yaralarda, diareya zamanı, dizenteriyada, yoğun bağırsağın qıcıqlanma sindromunun həssaslığının yüksək olmasında və sidikçıxarıcı yolların qanaxmalarında təyin edilir. Xaricə isə dərinin iltiha­bi xəstəliklərində, zədələnmiş toxumaların bərpasında, babasil xəstəliyinin, fistul və yaraların müalicəsində istifadə olunur.
Uzun illər ərzində müxtəlif ölkələrin xalq təbabətində P. major bitkisinin tər yarpaqları yaraların müalicəsində, dərinin qıcılanmasında və dəri xəstəliklərində, absses, yanıq və skrofulez zamanı müalicəvi məqsədlə istifadə edilmişdir. Eyni zamanda mədənin xora və yara xəstəliklərində, mədə pozulmalarında, dizenteriya və diareyada, qaraciyər xəstəliklərində istifadə edilir. Bitkinin yarpaqları yüngül antibiotik təsirli və büzücü vasitə kimi, immunmodulaedici, şişəleyhinə, hipoqlikemik, hemostatik, allergiya əleyhinə, qızdırmasalıcı vasitə kimi təyin edilir. Xammal həmçinin iltihab əleyhinə, ağrıkəsici, oksidləşmə əleyhinə və diuretik vasitə kimi böyrəkdaşı xəstəliyində, hematuriya ilə müşahidə olunan sistitdə və böyrəklərin iltihabı zamanı təyin olunur. Eyni zamanda bəlğəmgətirici vasitə kimi, öskürək və boğazın iltihabi xəstəliklərində, göz xəstəliklərinin müalicəsində, həmçinin qurdqovucu vasitə kimi istifadəsi haqqında məlumatlar vardır.

Yüklə 4,73 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə