Bitkinin ilkin və ikincili metabilitləri. Bioloji fəal maddələr İlk və İKİNCİLİ metaboliTLƏR



Yüklə 4,73 Mb.
səhifə1/12
tarix04.05.2023
ölçüsü4,73 Mb.
#108228
  1   2   3   4   5   6   7   8   9   ...   12
Mühazirə 5



Bitkinin ilkin və ikincili metabilitləri. Bioloji fəal maddələr


İLK VƏ İKİNCİLİ METABOLİTLƏR
Dərman bitkilərinin tərkibində olan üzvi maddələr 2 qrupa bölünür:

  1. İlk sintez məhsulları və ya ilk metabolitlər;

  2. İkincili sintez məhsulları və ya ikincili metabolitlər.

İlk metabolitlərə zülallar, sulu karbonlar (polisaxaridlər), lipidlər, fermentlər və vitaminlər aiddir.
Bitki orqanizmində ilk metabolitlərlə yanaşı, ikincili metabolitlər də əmələ gəlir. Onlara üzvi turşular, alkaloidlər, antrasen törəmələri, aşı maddələri, kumarinlər, flavonoidlər, efir yağları, saponinlər, sadə fenol birləşmələri və s. aiddir.
Dərman bitkilərində olan müəyyən qrup maddələr müalicəvi təsir göstərir ki, onlara farmakoloji fəal maddələr deyilir. Əksər ikincili metabolitlər və bəzi ilk metabolitlər (vitaminlər, polisaxaridlər, lipidlər) farmakoloji fəal maddələrdir. Dərman bitkilərinin xammal kimi istifadə olunan hissələrində bir və ya bir neçə kompleks farmakoloji fəal maddələr toplanır. Lakin çox hallarda bu maddələrdən biri və ya bəziləri əsas farmakoloji fəal maddələr hesab olunur. Məs., xanımotu yarpağında əsas farmakoloji fəal maddə hiossiamin (atropin) və skopolamin alkaloidləridir. Onda olan digər tropan alkaloidləri hiqrin, kushiqrin, metilpirrolidin isə əsas farmakoloji fəal maddələrə aid deyillər. Əsas farmakoji maddələri başqa sözlə, təsiredici maddələr adlandırırlar. Dərman bitkilərində təsiredici maddələrlə yanaşı olan digər maddələri müşayiətedici maddələr adlandırırlar. Müşayiətedici maddələrin bəziləri faydalı, bəziləri isə zərərlidir. Məs., üskükotunun təsiredici maddələri ürək qlikozidləri, müşayiətedici maddələri isə saponinlərdir. Həmin saponinlər ürək qlikozidlərinin suda həll olmasını və sorulmasını yaxşılaşdırır. Gənəgərçək toxumunda olan toksalbumin maddəsi zəhərli müşayiətedici maddədir. Ona görə də gənəgərçəyin əsas təsiredici maddəsi olan piyli yağı toksalbumindən təmizləmək lazımdır.
Bitkilərdə farmakoloji cəhətdən indeferent, yəni neytral maddələr də vardır ki, onlar heç bir müalicəvi təsir göstərmir və onlar ballast maddələr adlanırlar. Məs. gülxətminin kökündə nişasta, səna yarpağında qətranlar, sellüloza və pektin maddələri ballast maddələrdir. Lakin ballast maddələrlə farmakoloji fəal maddələr arasında kəskin sərhəd yoxdur. Bir dərman bitkisi üçün ballast hesab olunan maddələr digər dərman bitkisi üçün farmakoloji fəal maddə hesab olunur. Məs., piyli yağlar razyana meyvəsi üçün ballast maddələr olduğu halda, zəyərək toxumu üçün əsas təsiredici maddələrdən biridir.
Bitkini farmakoloji tədqiq etdikdə daha çox bioloji (farmakoloji, fizioloji) fəal maddələrə diqqət yetirilir. Bioloji fəal maddələrə birincili metabolitlərdən vitaminlər, lipidlər, karbohidratlar və aminturşular və bütün ikincili metabolitlər aiddir. Bioloji fəal maddələrin fəallıq kriteriyası onların canlı orqanizmdə gedən proseslərə təsiri ilə bağlıdır. Bitkilərin tərkibində olan maddələr arasında bir və ya bir neçə maddə olur ki, onlar dərman bitkisinin əsas farmakoloji effektini müəyyən edir, yəni onun terapevtik dəyərini formalaşdırır, bunlar təsiredici maddə və ya maddələrdir. Təsiredici maddədən savayı digər bioloji fəal maddələr müşayiətedici maddələr hesab edilir. Onlar faydalı ola bilər, orqanizmə müsbət təsir göstərər (vitaminlər, üzvi turşular, mikroelementlər və s.) və əsas təsiredici maddənin effektini artıra bilər. Eyni zamanda müşayiətedici maddələr zərərli ola bilər, yəni arzuolunmaz effektlər yarada bilər. Həmçinin ballast və ya indiferent maddələr də ayırd edilir. Bu maddələr dərman formalarının tərkibinə keçsə də, əsas təsiredici maddənin və müşayiətedici maddənin farmakoloji effektinə təsir göstərmir. Bitkilərin tərkibində olan maddələrin bu cür bölünməsi şərti xarakter daşıyır.

Yüklə 4,73 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə