Bitkinin ilkin və ikincili metabilitləri. Bioloji fəal maddələr İlk və İKİNCİLİ metaboliTLƏR


TƏRKİBİNDƏ AQAR OLAN DƏRMAN BİTKİLƏRİ



Yüklə 4,73 Mb.
səhifə9/12
tarix04.05.2023
ölçüsü4,73 Mb.
#108228
1   ...   4   5   6   7   8   9   10   11   12
Mühazirə 5

TƏRKİBİNDƏ AQAR OLAN DƏRMAN BİTKİLƏRİ
Anfelsiya qırmızı yosunundan aqar-aqar alınır ki, o da bakteriologiyada və bir sıra biotexnoloji istehsalatda bərk qidalı vasitələrin, qənnadı sənayesində isə jele, pastil, marmelad və cemlərin hazırlanmasında istifadə olunur.
Aqar-aqar yüksək molekullu polisaxarid olub, quruluşu tam açıqlanmamışdır. Belə ehtimal olunur ki, aqar-aqar iki polisaxaridin - aqaroza və aqaropektinin qarışığından ibarətdir. Aqaroza bir-birlərilə α-1,3 və b–1,4-qlikozid rabitələrilə birləşmiş D-qalaktoza və 3,6 –anhidro- L- qalaktoza qalıqlarından təşkil olunmuşdur. Aqaropektinin molekulunda 3,6-anhidro-L-qalaktozanın qalığının bir qismi 6-sulfat L-qalaktozanın qalıqları ilə əvəz olunmuşdur. Tibb təcrübəsində Ahnfeltia, Laminaria, Ficus və dəniz yosunlarının polisaxaridləri tətbiq olunur.


POLİSAXARİDLƏRİN TİBBDƏ TƏTBİQİ

Təbiətdə rast gəlinən polisaxaridlər mənşəyinə görə 3 yerə bölünürlər. Fitopolisaxaridlər, zoopolisaxaridlər və mikropolisaxaridlər. Polisaxaridlər yük­sək molekullu birləşmələr olub, 5 və daha artıq monosaxaridlərin xətvari və ya budaqlanmış şəkildə biri-biri ilə birləşməsi nəticəsində əmələ gəlirlər. Polisaxaridlərin bioloji fəallığı nəzərə alınaraq, son illər onların yeni mənbələri təyin edilmişdir. Polisaxaridlər bir sıra dəyərli xassələrə malikdirlər ki, bu da onların təbabətdə, əczaçılıqda, kimya, qida sənayesində və digər sahələrdə praktiki istifadəsinə perspektiv açır. Polisaxaridlər öskürəyə qarşı effektivliyi, iltihab əleyhinə və virus əleyhinə təsiri, immunoloji fəallığı, an­tikoaqulyant və hipoqlikemik effekti ilə seçilir. Topinam­bur kökyumrularından alınmış inulin-pektin qarışığı şəkərli diabet xəstələrinə təyin edilir. Bəzi dərman formalarının hazırlanmasında polisaxaridlər əvə­z edilməyən maddələr hesab olunurlar. Bitki polisaxaridləri əsasında bir çox yeni dərman preparatları təklif edilmişdir. Öskürəkkəsici bir çox dərman vasitələri bitki mənşəli polisaxaridlər əsasında hazırlanmışdır.


Polisaxaridlər mikrob əleyhinə də təsir göstərir. Oliqosaxaridlərin Helicobacter pylori hüceyrələrini ingibə etməsi xassəsindən mədənin yara xəstə­liyinin müalicəsi və profilaktikasında maye və ya bərk dərman formasında isti­fadə edilir. Bitki mənşəli polisaxaridlər dərinin və selikli qişanın müxtəlif xəstəlikləri­nin müalicəsində istifadə olunur. Polisaxaridlər antioksidant təsirə malikdirlər.
Chlorella minutissima yosunundan alınmış yüksək molekullu polisaxarid kompleksi immunostimulaedici, şişəleyhinə fəallığı ilə seçilən, splenositlərin pro­liferasiyasını gücləndirən vasitə kimi intranazal, rektal və peroral dərman formaları şəklində tətbiq olunur.
Linum ussitatissimum toxumlarından alınmış polisaxarid məcmuyu əsa­sında hazırlanmış preparat yara əleyhinə vasitə kimi mədənin xora və yara xəstəliklərində istifadə edilir.
Çəhrayı gülxətminin və ətirli bənövşənin polisaxarid kompleksinin ilti-hab­­ə­leyhinə effekti öyrənilmiş və məlum olmuşdur ki, onlar kapilyarların keçiriciliyinə təsir göstərməklə eks­sudasiyanı və proliferasiyanı zəiflədir.
Bəzi bitkilərin polisaxarid kompleksinin nefroprotektor, ödqovucu təsiri, həmçinin dalağı müdafiə etmək qabiliyyəti bəlli olmuşdur.
Bitki mənşəli polisaxaridlər çox qiymətli immunostimulyatorlar mənbəyi­dir. Belə ki, immun cavab almaq üçün kimyəvi birləşmənin yüksək molekulyar quruluşa malik olması vacibdir. Tərkibində uron turşusu olan polisaxaridlərin immunostimulyator qabiliyyətinin daha yüksək olduğu müəyyən edilmişdir. Ali bitkilərdən alınmış polisaxarid kompleksinin kiçik konsentrasiyaları göbələk­lərdən əldə edilmiş sadə polisaxaridlərlə müqayisədə daha güclü immunostimulyator təsirə malik olurlar.
Polisaxaridlər hüceyrə səviyyəsində immun sistemi gücləndirir, saya əzələlərin yığılma qabiliyyətini tənzimləyir və maddələr mübadiləsini normaya salırlar.
Ədəbiyyatda bəzi bakteriyalardan, göbələklərdən və ali bitkilərdən əldə edilmiş polisaxaridlərin iltihab əleyhinə təsirə malik olduqları barədə məlumatlar vardır.
Yosunlardan alınmış və tərkibində sulfat qrupları olan polisaxaridlərin heparindən daha yüksək antikoaqulyant təsirə malik olduğu tədqiqatçılar tərəfindən təsdiq edilmişdir. Antikoaqulyant təsiri araşdırılan 25 dərman bitkisi arasında ən güclü koaqulyant effektə acı yovşan otunun malik olduğu məlum olmuşdur.
Tikanlı eleuterokokkdan, panaks jenşendən və bəzi başqa bitkilərdən alınmış polisaxaridlərin hipoqlikemik effekti olduğu müəyyən edilmişdir. Polisaxaridlər biotexnologiyada da müxtəlif məqsədlərlə geniş tətbiq edilirlər.
Təbii və modifikasiya edilmiş polisaxaridlər (məsələn, sellüloza, U-amilo­za) konyuqat-fermentlərin alınması üçün daşıyıcı rolunda istifadə edilirlər. Polisaxaridlər bioloji fəal maddələrin immobilizasiyasında da istifadə olunurlar.
Polisaxaridlər lektinlərin təmizlənməsində də mühüm yer tuturlar. Lek­tinlər qeyri-immun mahiyyətli zülallardır. Bunlar spesifik tanıma qabiliyyətinə və tanıdıcı liqandın kovalent quruluşunu pozmadan qlikokonyuqantların karbohidrat hissəsi ilə dönər rabitə qurmaq xüsusiyyətinə malikdirlər. Son dövrdə lektinlər tibbi-bioloji tədqiqatlarda (məsələn, normal və patoloji dəyişikliyə məruz qalmış hüceyrələrin membranlarının quruluşunun və funksiyasının öyrənilməsində) və tibbi diaqnostikada (məsələn, qan qrupunun müəyyən edilməsində) geniş istifadə edilirlər. Polisaxaridlərin tərkib hissələri olan pektin maddələri suda həll olaraq özlü maye əmələ gətirməklə qastroprotektor və immunmodulaedici təsir gös­tərirlər.
Son illərdə bitkilərdən alınmış bəzi polisaxaridlərdən hazırlanmış preparatların plazmaəvəzedici məhlullar kimi tətbiq edilməsi imkanını öyrənən bir çox tədqiqatlar aparılmışdır. Bunlara misal olaraq, Lənkəran çəhrayı gülxətmisinin (Alcea lenkoranica) gövdəsindən alınmış polisaxaridlərdən ibarət preparatın araşdırılmasını göstərmək olar.
Bitki xammalından polisaxaridlərin müxtəlif alınma üsulları vardı.
Bitki mənşəli polisaxaridlər əczaçılıqda bir çox dərman formalarının alınmasında köməkçi vasitə kimi istifadə edilirlər.
Tərkibində uca andızın kökümsovu ilə köklərinin, adi quşbuğdasının otunun, ikievli gicitkanın, adi qaragilənin və ağ söyüdün ekstraktını saxlayan «Diabefit» preparatı spazmolitik təsirli və ödün ifrazını artıran vasitə kimi təklif edilmişdir. Uca andız bitkisinin adaptogen, antihipoksant, iltihabəleyhinə və yara əleyhinə effekti öyrənilmişdir. Bitkinin sulu çıxarışının faqositor hüceyrələrə qarşı immunotrop fəallığının olması müəyyən edilmişdir.
Ədəbiyyat məlumatlarının təhlili nəticəsində belə qənaətə gəlmək olar ki, polisaxaridlərin quruluş və funksiyalarının rəngarəngliyi bilavasitə onların kimyəvi quruluşunun mürəkkəbliyi ilə əlaqədardır. Eyni zamanda son illər polisaxaridlər tibb və qida sənayesinin müxtəlif sahələrində geniş tətbiq olunurlar. Bütün bu göstərilənlər polisaxaridlər əsasında yeni dərman vasitələrinin yaradılmasını aktual edir və bu da müasir əczaçılıq elminin perspektiv istiqamətlərindən hesab olunur.

Yüklə 4,73 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə