ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,32 Mb.
səhifə6/25
tarix16.11.2017
ölçüsü3,32 Mb.
#10541
1   2   3   4   5   6   7   8   9   ...   25

QIZIL ALA BALIQ
Bir gün var idi, bir gün yoxdu, günlərin bir günündə bir padşah var idi. Bunun üç oğlu var idi. Vurar bir gün bu padşahın gözləri tutular. Həkim-təbib əlac eliyə bilməz. Axırda biri deyər:

Qibleyi-aləm sağ olsun, sənin gözünün dərmanı bir qızıl ala balıqdır ki, filan dəryada olur.

Şahın böyük oğlu durar ayağa, gedər dərya qırağına, tor atar, tutmaz. Ortancıl oğlan gedər, tutmaz. Axırda balaca oğlan gedər, tutar balığı. Baxar görər bir balıqdı ki, Allahın kərəm dəryası cuşa gələndə, onu xəlq eləyib. Öz- özünə deyər: “İnsaf deyil bu kiçik balığı tutasan”. Atar dəryaya qoyar gələr. Şeytan tez yetirər özün padşahın yanına. Deyər ki, hal- qəziyyə belə oldu. Oğlan gələr evə deyər:

– Ağa. Tuta bilmədim.

Şah deyər:

– Mirqəzəb hazır olsun.

Vəzir deyər:

– Qurban, sən öz oğlunu öldürsən, hamı səni töhmət elər. Öldürmə, xarici-bələd elə.

Bu əmr elər, oğlanı şəhərdən çıxarsınlar. Oğlan gələr nənəsinin yanına, deyər:

– Nənə, məni xarici-bələd elədilər, bir sözün var, mənə de.

Nənəsi gətirər üç dana kökə verər, deyər:

– Hər kim qabağına çıxsa, bir dana kökə ver, denən:

– Ala, böl.

Gördün ki, yarıdan çoxun verdi sənə, onla yoldaş ol, yarıdan azın verdi, qayıt ayrı yolunan get.

Oğlan kökələri alar, düşər yola. Gələr, bir nəfərə rast gələr, kişi deyər:

– Oğul, hara gedirsən?

Deyər:

– Bəs dədəm məni xarici-bələd eləyib, gedirəm, görüm hara yetişərəm.



Deyər:

– Mən də dünyadan doymuşam, elə sənlə yoldaş olacağam.

Bunlar gələrlər, yetişərlər bir yerə. Oğlan çıxardar kökələrin birin verər ona, deyər:

– Ala, böl yeyək.

Kişi kökələri alar. Bölər, yarından çoxunu özü götürər, azı verər oğlana. Oğlan kökəni yeyər, deyər:

– Da, mən getmirəm, qayıtmalı oldum.

Qayıdar, bir ayrı yolnan başlar getməyə, Görər bir nəfər gəlir. Deyər:

– Qardaş, hara gedirsən?

Deyər, bəs dədəm məni xarici-bələd eləyib.

Deyər, yaxşı oldu, elə mən də sən dərddəyəm. Gəl, gedək.

Bunlar gələrlər, gələrlər, aclıq qələbə elər. Oğlan çıxardar bir kökə verər, deyər:

– Böl, yeyək.

Bu alar kökəni bölər, yarıdan çoxunu özü götürər, azı verər oğlana. Oğlan deyər:

– Da mənim getməyim olmadı.

Durar yola düşər gəlməyə, görər bir oğlan gəlir. Deyər:

– Hara?


Deyər:

– Hali- qəziyyə belədi, dədəm məni xarici- bələd eləyib, məni özünə yoldaş elə.

Deyər:

– Olsun!


Bunlar gələrlər, gələrlər, ta aclıq qələbə eylər.

Oğlan çıxardar kökəni: ─ Al, böl, yeyək!

Deyər:

– Özün böl!



Çəkiş-bərkiş, axırda yoldaş olar, bölər. Üçdən birini özü götürər, kəsərin verər oğlana. Oğlan deyər:

– Mən, nənəm deyən adamı tapmışam.

Bunlar gələrlər, gələrlər, yetişərlər bir şəhərə. Dostu deyər:

– Oğlan, indi ki, gedirik bu şəhərə, mən nə desəm sözümə bax, özbaşına bir iş görmə. Bir də hər nəmənə tapsaq, ortadan böləcəyik.

Deyər:

– Olsun!


Deyər:

– Götür kitab, qələmdan, çıx bazara. Bu şəhərin padşahının qızının dili bağlıdı. Hər nə qədər falçı-rəmdar gətiriblər, dilin aça bilməyib. Get bazara, denən, rəmdaram, falçıyam. Desələr, “Oğlan, lal dili aça bilərsən?”. Denən “Bəli”.

Oğlan deyər:

– Mən hardan başarıram.

Deyər:
– Sənin işin yoxdu, gəl, mənim yanıma deyim.

Oğlan sabah durar bazara gedər.

Deyər:

– Falçıyam, rəmdaram!



Padşahın adamları gələr deyər:

– Lal dili açarsan?

Deyər:

– Açaram!



Deyər:

– Bu şəhərdə adam qalmayıb, şahın qızına baxmasın. Gəl, gedək, bəlkə sən onun dilini açdın.

Deyər:

– Qələmdanım qalıb evdə, qoy gedim gətirim.



Gələr evə görər yoldaşı oturub. Deyər:

– Necə oldu?

Deyər:

– Heç zad durublar, məni gözləyirlər.



Deyər:

Sənin işin olmasın, get şahlığa denən, padşah, vəzir- vəkillər eşitsinlər, naxoşun yanında. Denən, qəlyanı həyətdə hovuzdan doldurun gətirin, qəlyan danışsın, qulaq asın.

Oğlan durar, gələr şahlığa. Deyər:

– Qızı gətirin, dilin açım.

Şah, vəzir-vəkil hamısı düzülüb oturar. Oğlan deyər:

– Qibleyi- aləm!

Deyər:

– Bəli!


Deyər:

– Durub qulaq asın. Qızın dilin açaram! Qəlyanı həyətdə hovuzdan doldurun, gətirin.

Qəlyanı doldurarlar, gətirərlər, qoyarlar ora. Oğlan deyər:

– Qəlyanla bir neçə kəlmə söhbət elə, qulaq asaq. Sonra üzün tutar padşaha deyər:

– Qibleyi-aləm sağ olsun, durub qulaq asın. Qəlyan başla.

Qəlyan başlar:

Salamdan sonra bir gün var idi, bir gün yox idi. Bir padşah var idi, bunun oğlu yox idi, bir gün aynaya baxar, görər saqqalı ağarıb. Deyər: ─ Mən, gör, nə bədbəxtəm ki, indiyədək övladım olmayıb. O zaman piri-məddah qapını döyər, gələr içəri. Deyər:

– Qibleyi-aləm, niyə pozğunsan?

Deyər:

– Bu sinnə gəlmişəm, övladım yoxdu.



Çıxardar bir alma verər, deyər:

– Yarısını böl, ver hərəminə, yarısını da özün ye. Amma uşaq olandan sonra, onu üç ay mən aparacağam.

Deyər:

– Olsun!


Bir müddət keçər, bunların bir oğlu olar. Oğlan böyüyər, olar on sinində. Padşah deyər:

– Əlhəmdulla, baba dərviş gəldi.

Bu söz ağzından çıxcaq, qapı taqqıllanıb döyülər. Haman baba dərviş girər içəriyə, deyər:

– Oğlandan ötrü gəlmişəm.

Deyər:

– Baba dərviş, oğlanı nə elərsən, öz ağırlığı qədər pul verirəm.



Deyər:

– Olmaz, vədə kəsmişəm.

Axırda bu oğlanı götürər aparar. Bir qədər yol gedərlər, ta yetişərlər dərya qırağına, Dərviş deyər:

– Oğlan, bax gör, dəryada nə görürsən?

Oğlan deyər:

– Bir imarət görürəm.

Dərviş deyər:

Gedərsən o imarətə, içində bir gəbə var, o gəbəni götürər­sən, gətirərsən bura. Amma gəbəni açmayasan ha!

Deyər:

– Yaxşı.


Oğlan dəryanın üstündən yeriyə-yeriyə gedər yetişər ima­rətə. Girər içəri. Görər heç zad yox, təkcə bir dana gəbə var. Gəbəni götürər öz-özünə deyər: - “Açım görüm içində nə var....” Gəbəni açar, görər heç zad yox. Bir dana kibrit qutusu. Əlin atar bir dana kibrit çəkəndə bir bərk şaqqıltı gələr. Padşahın qızı birdən deyər:

– Oğlanın ürəyi pis olmadı?

Oğlan deyər:

– Qibleyi- aləm, sağ olsun, qızın dili açıldı?!

Padşah deyər:

– Bəli!


Vəzir deyər:

– Xeyr.


Qəlyan deyər:

Baba, dürüst qulaq asın. Qızın dilin açıram.

Oğlan kibriti atar yerə. İmarət dağılar. Bir taxta parası üstə gəlib yetişər bir meşəyə. Kibritin içindən əli kürəklilər çıxıb, yeri kürəkləyərlər. Sonra əli süpürgəlilər çıxıb süpürərlər. Sonra əli kürəklilər çıxıb dövrə vurub oturarlar. İçəridən bir qız çıxıb taxtın üstündə oturub, deyər:

– Hanı mənim namizədim?

Deyiblər:

– Odu bax, qorxudan ağaca çıxıb.

Deyər:

– Gedin, gətirin!



Gedərlər oğlanı gətirərlər. Oğlan oturar orada eyş-işrətlə məş­ğul olar. Səhərə yaxın oğlan kibrit qutusun bağlar. Əli kü­rək­lilər, əli süpürgəlilər, əli çəməlilər, qız, hamısı girər qutuya. Bu, durar gələr yetişər bir karvansaraya bir dəvəlik tutar. Kar­vansaraçı öz- özünə deyər:

– Oğlan, bu bir tək adamdı, dəvəliyi neylər? Bunda bir iş var.

Gecə yavaşca gələr qapının deşiyindən baxar, görər oğlan bir kirbit çıxartdı, çəkdi. Qutunun içindən bir dəstə əli süpürgəli çıxdı yeri süpürdü, sonra bir dəstə əli çəməli çıxdı. Bir taxt qoydular, bir qız çıxdı, oturdu taxtda, başladılar eyş- işrətə.

Karvansaraçı tez gəldi padşaha xəbər verdi ki, bir oğlanda bir gəbə var ki, yer üzündə sənə layiqdi. Padşah əmr elədi get­di­lər oğlanı tutdular, apardılar saldılar zindana. Qutunu da aldılar.

Bir gün padşahın qızı oturmuşdu, dedi:

– O qutunu gətirin görüm nə cürdü. Qızları yığır başına, gedirlər bağa. Qız qutunu çıxardar, bir kibrit çəkər. Şaqqıltı gələr. Padşah qızı birdən deyər:

– Bəs qızın bağrı çatlamadı.

Qəlyan deyər:

Qibleyi- aləm sağ olsun, eşitdiz ki, qızın dili açıldı?

Dedilər:


– Eşitdik.

Çoxu dedi:

– Biz eşitmədik.

Dedi:


– Axı dedim durub qulaq asın...

Qız kibriti çəkdi, bir dəstə əli kürəkli çıxdı, vurdu qızları dağıtdı, sonra bir dəstə əli süpürgəli çıxdı, yeri süpürdü. Sonra bir dəstə əli çəməli taxt gətirdilər. Bir qız çıxdı dedi:

– Hanı mənim namizədim?

Dedilər:


– Tez olun, gedin gətirin.

Əli çəməlilər getdilər zindana. Oğlanı çıxartdılar, gətirdi­lər. Oğlan kibriti götürdü, düşdü yola getdi. Yolda dərvişə rast gəldi. Dərviş dedi:

– Oğlan, gəbəni gətirdin?

Oğlan:
– Bəli.

Dərviş gəbəni alar, oğlanı aparar basar bir daş kələyinin altına, gələr, kibriti çəkər. Yenə əli kürəklilər, əli süpürgəlilər, əli çəməlilər çıxar, mizi gətirərlər. Qız deyər:

– Hanı mənim namizədim?

– Odu ha, daş kələyinin altında.

Qız deyər:

– Gedin, gətirin.

Gedərlər, gətirərlər. Oğlan qılıncı çəkər, dərvişin boynun vu­rar. Sonra kibriti qutudan götürər, gələr dədəsinin yanına. Qib­leyi-aləm sağ olsun, indi dürüst qulaq asın. Qızın dilin açıram:

Bir gün bir dərzi, nəccar, bir abid yol gedirdilər. Gecə zamanı yetişdilər bir meşəyə, dedilər burada yataq, səhər açılsın, duraq, düşək yola gedək. Biri dedi:

– Oğlan, burada qurd-quş bizi dağıdar.

Deyərlər ki, növbətilən hərə bir az artıq qalsın. Nəccar deyər:

– Siz yatın, mən oturmuşam.

Bunlar yatar, nəccar görər yuxusu gəlir. Bir dənə ağac kötüyü görər, onu yontalar elər adam. Bir azdan sonra dərzini ayıldar, deyər:

– Dur, bir az da mən yatım.

Dərzi durar, görər, oho, bunlardan sonra birisi də orada yatıb baxar, görər bir dana ağacdan qızdı. Bu da başlar buna bir dəst paltar tikər. Sonra abidi oyadar, özü gedər yatar. Abid durar görər ki, bir nəfər də yatıb o tərəfdə.

Deyər: – Görəsən bu kimdi?

Baxanda görür ki, bir dana taxtadan qızdı.

Deyər: – Dərzi mənə gül vurub. Kələk gəliblər mən nə edim? Nə eləyim. Əlini götürər göyə deyər: – Allah, sən də buna ruh ver!

Allah ona ruh verər. Səhər olar, dərzi ilə nəccar oyanar görər ki, bir dana qız oturub orada. O deyər bu mənimdi, bu deyər, bu mənimdi. Siz deyin görək bu kimin idi? Birdən padşahın qızı o tərəfdən deyər:

– Nəccar fəhlə pulun alsın, dərzi də əl muzdun, o qız yetişər abidə.

Qəlyan deyər:

– Qibleyi- aləm sağ olsun, eşitdin qızının dili açıldı?

Hamı deyər:

– Bəli, eşitdik.

Oğlan deyər:

– Qəlyanı aparın, boşaldın hovuza gəlin.

Apardılar boşaltdılar.

Padşah deyər:

– Oğlan mən nəzir eləmişəm, hər kim mənim qızımın dilini açsa, qızımı verəcəyəm ona. İndi götür qızı apar.

Oğlan deyər:

– Eybi yoxdur, qoy gedim yoldaşıma deyim gəlim.

Gələr görər yoldaşı oturub. Deyər:

– Necə oldu?

Oğlan hali-qəziyyəni deyər. Yoldaşı deyər, dur get, qızı gəti.

Oğlan gedər, qızı alar gətirər. Padşah buna xələt, cəvahirat verər, yola salar. Bu iki yoldaş gələrlər, gələrlər, axırda yetişər­lər dərya qırağına. Yoldaşı deyər:

Mən burada səndən ayrılıram, gətirin malları bölək. Gəti­rərlər, hər nəmənə qazanmışdılar bölərlər. Sonra yoldaşı deyər:

– İndi də qızı bölək.

Qızın yenə dili tutular.

Oğlan deyər:

– Axı, qızı necə bölək?

Deyər:

– Danışdığımız budu.



Deyər:

– Baba, heç mən istəmədim, götür qızı sən.

Deyər:

– Olmaz, gərək bölək.



Deyər:

– Mən bölə bilmərəm. Özün hər nə eləyirsən, elə.

Oğlan üzün çevirir o yana. Yoldaşı gətirər qızı bağlar ağaca, qız dinə bilmir. Yoldaşı qılıncını çəkər, yumular üstünə. Qız onu görcək birdən öyümə gələr. Bir dana ilan boğazından çıxıb düşər yerə. Yoldaşı deyər:

– Oğlan, gəl böldüm.

Oğlan gələr görər qız ağacda, deyər:

– Hanı böldün?

Deyər:

– Elə belə bölərlər. Bu qızın dilin açmamışdın, indi açıldı. Dur, qızı da götür, get. Mən də gedim öz yoluma.



Bunu deyər atılar dəryaya, olar bir qızıl ala balıq. Deyər:

– Oğlan, məni tanıyırsan?

Deyər:

– Mən indi tanıdım.



Balıq dərya qırağından bir az torpaq götürər, verər oğlana, deyər:

– Apar, bunu çək dədənin gözləri toxdasın.

Oğlan gələr torpağı dədəsinin gözlərinə çəkər. Dədəsinin gözləri sağalar. Sonra çıqqasını qoyar oğlanın başına, özü şahlıqdan əl çəkər. Oğlan yeyər, içər, mətləbinə keçər.

GÜL SİNAVƏRƏ NƏ ELƏDİ,

SİNAVƏR GÜLƏ NƏ ELƏDİ?
Bir gün var idi, bir gün yoxdu. Bir dana Hatəm var idi. Bu Hatəm səxavətli, əliaçıq idi. Uşaqlıqda süd yeyəndə, ağzın əm­məkdən çəkərdi, verərdi ayrı uşaqlara. Bunun bir imarəti var idi, qırx qapısı. Hamı gələrdi xörək yeyərdi, çıxanda bir dövri qızıl verib gedərdilər.

Bir gün bir dərviş gələr qapıdan girər, çıxanda bir dövri qızıl alar. Keçər o birisi qapıdan, genə yeyər, içər, çıxanda bir dövri qızıl alar. Üçüncü qapıdan keçəndə deyərlər:

– Pəh! Oğlan, na tamahkarmışsan? İki qapıdan girdin, yedin, qızıl aldın, bəsdi da, çıx get!...

Dərviş qızılları atar yerə, deyər:

– Vah! Vah! Hatəm elə bu? Şəhərdə bir padşah qızı var, qırx qapısı var. Bir gündə qırx qapısından girsən, yesən, çıxanda qızıl verərlər. Bir nəfər də deməz ki, hardan gəlirsən, hara gedirsən.

Hatəm bir barmağın dişlər, deyər:

– Gərək gedəm, mən bu qızı alam.

Gələr şəhərə gedər qızın imarətinə, görər bəli, bir imarətdir özününkündən yüz dəfə yaxşı. Qırx qapıdan girər, yeyər, içər, çıxanda bir dövri qızıl alar. Heç kəs də bir söz deməz. Axırda gələr qızın yanına, deyər:

– Gərək gələsən mənə.

Qız deyər:

– Mənim başlığım ağırdı, gətirə bilməzsən.

Deyər:


Hər nəmənə olsa, gətirərəm.

Deyər:


– Filan şəhərdə bir nəfər əzançı var, axşamçağı gülə-gülə çıxar dama, şövqi-zövq ilə əzan verər. Qurtarandan sonra başına vurar, döşünə döyər, yıxılar huşdan gedər. Onun sirrindən məni hali elə, mən də öz sirrimi sənə deyim.

Hatəm gedər əzançının şəhərinə. Axşamüstü görər, bəli, bir nəfər kişi çıxdı dama gülə- gülə başladı əzana, qurtaranda başına döydü, yıxıldı yerə. Elə ki, özünə gəldi, Hatəm gedər yanına, deyər ki, bu gecə sənin qonağınam.

Əzançı deyər:

– Eybi yoxdu.

Şam başında Hatəm çəkilər kənara deyər:

– Öz sirrindən məni hali eləməsən, yemərəm.

Əzançı deyər:

– Qardaş şamını ye, mən sirrimi heç kəsə demirəm. Filan şəhərdə bir kor yolçu var. Bir qədər pul verərsən deyər:

– İnsafın olsun. Onun sirrin mənə gətirsən, mən də öz sirrimi bildirərəm.

Hatəm səhərçağı düşər yola, gedər, gedər, az gedər, çox gedər, bir qədər yol gedər, yetişər bir şəhərə. Görər bir kor yolçu oturub. Bir qızıl qoyar ovcuna, deyər:

– İnsafın olsun.

Bir dana qızıl verər, genə deyər:

– İnsafın olsun.

Hatəm hər nə qədər pul verər buna, deyər:

– İnsafın olsun.

Axırda Hatəm deyər:

– Qardaş, öz sirrini mənə de görüm, yəni, necə, insafın olsun?

Yolçu deyər:

– Mən sirrimi heç kəsə demirəm. Əgər istəsən biləsən, gərək mənə deyəsən: Gül Sinavərə nə eylədi, Sinavər gülə neylədi? Ama onu da bil ha, o, indiyəcən öz sirrini heç kəsə deməyib. Hər kimə də desə, onu öldürər.

Hatəm yenə sübhçağı durar düşər yola, gələr. Çöli-biya­banda görər hay-küy gəlir. Yaxınlaşanda görər üç dana div bir- birilə savaşırlar. Elə ki, Hatəmi görərlər deyərlər:

– Dinməyin, bəni- adəm gəldi, o, bizim malımızı bölər.

Hatəm deyər:

– Nə var, nə olubdu?

Divlər deyərlər:

– Bizim dədəmizin bir az malı qalıb, gəl, onu böl. Bir dana həzrəti-Süleyman xəlçasıdı ki, hər yerə, deyəsən aparar, bir üzükdü, hər kim barmağına taxsa, qeyb olar, o hamını görər, heç kəs onu görməz. Bir də süfrədi ki, hər vaxt açsan cürbəgür xö­rəklər düzülər. Əgər dədəmizin malını yaxşı bölsən cik-cik ye­yəcəyik. Bölməsən səni kabab çəkib yeyəcəyik.

Hatəm deyər:

– Şeyləri qoyun yerə. Mən üç dana ox atacağam. Hər kim əvvəl gətirsə, xalçanı verəcəm ona. Ondan sonra gətirənə üzüyü verəcəyəm. Axırda gətirənə süfrəni.

Divlər dedilər:

– Görünür bəni-adəm başlar bölməyi.

Hatəm üç dana ox çıxardar nə qədər gücü var idi atar. Div­lər hücum apararlar oxların üstünə. Hatəm tez üzüyü taxar bar­mağına, süfrəni götürər, minər xalçaya deyər:

Həzrəti-Süleyman eşqinə, məni qoy Sinavərin qapısına.

O dəqiqə yetişər bir şəhərə, görər böyük bir qapıdır. Qapını döyər, deyər:

– Mən Allah qonağıyam, gecəni mənə bir yer verin.

Deyərlər:

– Eybi yoxdu.

Hatəm görər otaqda bir dana qəfəs var. İçində bir qatır. O yanda bir it durub. Şam başında kişi tökdü itin qabağına, it yedi doydu. Apardı artığını tökdü qatırın qabağına. Qatır yemədi. Kişi getdi bir dana quru kəllə gətirdi, qatırın gözünün qabağında bir- iki ağac çəkdi kəlləyə. Qatır başladı yeməyə. Onda bu yol kişi Hatəmə dedi:

– Qonaq, bismillah!

Hatəm dedi:

– Gərək məni bu sirrdən agah eliyəsən, niyə qatır yemədi, kəlləsinə döydün, yedi?

Kişi dedi:

– İndiyəcən heç kim mənim sirrimi eşiyə çıxarda bilməyib. Hər kimə desən, öldürrəm. Canın salamat qalsın deyə, başını sal aşağı, çörəyini ye. Neçə gün də qalırsan, qal, çıx get işinə- dərdinə.

Hatəm dedi:

– Deməsən, yemərəm.

Kişi yapışar Hatəmin əlindən aparar bir qəbiristana. Deyər:

– Görürsən? Bunların hamısına demişəm, sonra öldür­mü­şəm.

Hatəm dedi:

– Nə olar, mən onlardan qaraqaş, qaragöz deyiləm ki, de, məni də öldür.

Kişi dedi:

– Gəl, şamını ye, deyim.

Şamdan sonra kişi deyir:

– Bəs, qulaq as. Mənim adım Sinavərdi. Bir dana əmqızım vardı. Adı Gül idi. Bunu aldılar mənə. Gecənin bir vaxtı gördüm Gül girir yerimə. Bədəni bum-buz. Dedim:

– Ay əmqızı, niyə belə?

Dedi:

– Əmi oğlu, səbr eləmirsən, hey gedirəm eşiyə.



Bir gün getdim, gördüm atım bulum- bulum bulanır. Dedim:

– Ay mehtər, bunun arpasın niyə kəsirsən? Mən ki, neçə vaxt var onu minmirəm. Niyə gərək belə arıqlaya?

Mehtər dedi:

– Ay ağa, hər gecə gəlirsən, at istəyirsən, bəs nəmənədi? Mən gördüm, paho, elə bil, burada bir iş var. Dedim:

– Bu gecə gəlib, istəsəm vermə.

O gecə özümü verdim yuxuya, gecənin bir zamanı gördüm əmqızım durdu ayağa, mənim paltarımı geydi, şəmşirimi çəkdi, dedi:

– Vurdum! Oyaqsan vurdum boynun getsin. Mən xımımı çəkdim, dinmədim. Əmqızım çıxdı eşiyə getdi tövləyə. Mehtərə dedi:

– Atı çək eşiyə.

Mehtər dedi:

– Axı səhər özün dedin vermə.

Çəkiş-bərkiş, axırda atı mindi getdi. Mən də bir ayrı at min­dim düşdüm dalınca. O getdi, mən getdim, o getdi, mən get­dim. Axırda yetişdi bir mağaraya. Girdi içəri, mən də dalınca. Gör­düm qırx hərami oturub. Qırx həramibaşı əmqızımı görcək çığırdı:

– Çəpəl həramzadə, bə harada idin?

Əmqızım dedi:

– Köpək mehtərə öyrətmişdi, atı vermiyəsən, yubandım.

Qırx həramibaşı dedi:

– Axı deyirəm, qoy öldürüm, qoymursan, sabah öldürərəm.

Başladılar bu yol şərab içməyə. Gördüm bunlarla başaran­mayacağam. Şərablarına bir az bihuşdarı vurdum. Hamısı huşa getdi. Qırxının da başın kəsdim. Qırx həramibaşını saldım tor­baya, əmqızımı da qoydum atın üstünə gəldim. Səhərçağı əmqızı ayıldı, dedim:

– Əmqızı, bir dana yuxu görmüşəm. Yuxuda gördüm ki, ge­cənin bir zamanı sən ayıldın, durdun ayağa, mənim paltar­larımı geyindin, qılıncı çəkdin, dedin:

– Ayıqsan, vurum!

Mən səs vermədim. Sən getdin, mehtərdən at istədin. Meh­tər dedi:

– Özün demisən vermə.

Sən axırda zor elədin, atı aldın. Mən də dalınca. Yetişdin bir mağaraya girdin içəri. Mən də dalınca. Gördüm qırx hərami oturub. Qırx həramibaşı sənə dedi:

– Çəpəl həramzadə, sən haradaydın?

Sən dedin:

– Köpək tapşırmışdı mehtər atı verməsin, yubandım.

Qırx həramibaşı dedi:

– Axı, deyirəm qoy öldürüm, qoymursan. Sabah başın kəsərəm.

Mən onların şərabına bihuşdarı qatdım. Hamısı içdi, yı­xıldı. Mən girdim bir- bir onların başın kəsdim. Qırx həra­mi­başının başın da qoydum torbaya, gətirdim, səni də gətirdim.

Əmim qızı dedi:

– Bu yuxu deyil, aşkardı, hanı baş?

Mən torbanın başın açdım. Baş yerə düşdü. Əmim qızı bir ovsun oxudu. Mənim üzümə püflədi, dedi:

– Get, eşşəyin biri eşşək.

Mən oldum bir dana eşşək, vurdular, saldılar eşiyə. Bir nəfər məni tutdu, apardı evinə. Gündə mənə kül çatardı, daş ça­tardı. Belim şilim-şəhrə olmuşdu. Yonca, saman, arpa qabığıma tökürdülər, yemirdim, çörək verirdilər yeyirdim. Ev sahibi arva­dına deyirdi:

– Arvad, bu eşşək adama oxşayır.

Bir gün həyətdə oturmuşdum. Bədənim işdən şırım- şırım sızıldayırdı. İki dana quş gəldi oturdu ağacda. Biri dedi:

– Bacı!


O biri dedi:

– Can bacı!

Dedi:

– Bilirsən bu kimdi?



Dedi:

– Bu, Sinavərdi, əmqızısı ovsun oxuyub olub eşşək. İndi bu ev sahibi ayıq olaydı, bizm sözümüzü eşidəydi. Bizim aya­ğı­mız altına iki dənə yarpaq düşəcək. Yarpaqları döyüb suya töksələr, sonra qaynadıb eşşəyin başına töksələr, dönüb adam olar.

Demə bəs ev sahibi ayıqmış, yarpaqları götürdü, həvəngdə döydü, suya tökdü. Suyu qaynadıb mənim başıma tökdü. Mən yenə oldum adam. Gəldim evimizə. Elə qapıdan girmək istəyirdim, əmqızım bir ovsun oxudu, püflədi üzümə, dedi:

– Get, itin biri it!

Mən oldum bir dana it. Durdular saldılar eşiyə. Getdim bir qəssab dükanına. Sümük atdılar yemədim. Ət atdılar ye­mə­dim. Özləri kabab yeyirdilər, başımnan görsətdim. Bir az ver­dilər, yedim. Əlimlə qoydum ağzıma. Onlar biri-birinə dedi:

– Bura bax, bu heç itə oxşamır. Adam kimi xörək yeyir.

Neçə gün mən orada qaldım. Genə bir gün o iki quş gəldi, oturdu ağacda. Biri o birinə dedi:

– Bacı!


O biri dedi:

– Can bacı!

Dedi:

– Bunu tanıyırsan?



Dedi:

– Yox, tanımıram.

Dedi:

– Bu haman Sinavərdir ki, əmqızısı eşşək eləmişdi. Biz dərman elədik, oldu adam, gənə əmiqızı eləyib it. Bu qəssab ayıx olaydı, sözlərimi eşidəydi, bu davanı deyərdin, bunu basaydı xəznəyə, bu olaydı adam. Sonra özü də bu davanı oxuyaydı, Gülü görəndə puflayaydı üzünə. Qəzadan qəssab ayıq idi. Məni hamama apardı, davanı dedi, məni basdı xəznəyə, mən tazadan oldum adam. Quşlar öyrədən davanı tez- tez dedi ki, yadımdan çıxmaya. Oxuya-oxuya gəldim evə. Elə ki, gözüm Gülə sataşdı davanı üzünə püflədim, dedim:



– Get, qatırın biri qatır.

Əmqızım oldu bir qatır, tutdum bağladım evdə. İndi o, vaxtdan itimə xörək tökərəm, o yeyər, doyar, artığın tökərəm qatıra. Yeməz, gətirərəm qırx həramibaşının kəlləsini qabağında qoyaram, başlar yeməyə. Bu mənim sirrim. İndi ki, bildin, dur aparım öldürüm.

Hatəm deyər:

– Eybi yoxdu, qoy mən iki rükət namaz qılım, öldür.

Durar, xalçanı açar. Oturar üstündə, üzüyü taxar bar- mağına, deyər:

– Həzrəti- Süleyman eşqinə, məni qoy “İnsafın olsun” deyən korun qapısına.

Sinavər ha oyana baxar, buyana baxar, görər Hatəmdən əsər yoxdu. Elə ki, Hatəm yetişər korun qapısına, dönər girər içəri. Kor deyər.

– Sən gəldin?

Hatəm deyər:

– Gəldim.

Başlar bu yol hali-qəziyyəni deyər. Kor deyər:

– İndi ki, belə oldu. Bəs qulaq as:

Günlərin bir günündə biz iki yoldaş idik, qardaşdan artıq, kəndin qoyunun dağda otarırdıq. Bir gün süd sağmışdıq, kasaya qoymuşduq soyusun. Qaşığı da qoymuşduq kasanın üstünə. Qardaşım yatdı, dedi:

– Süd soyuyanda məni oyat, durum yeyək.

Bir azdan sonra mən qardaşımı oyatdım ki, ayağa dur süd soyudu. Gördüm milçək kimin tələsik gəldi qaşığın üs­tün­dən keçdi girdi qardaşımın burnuna. Qardaşım oyandı dedi:

– Qardaş niyə məni oyatdın. Bir yaxşı yuxu gördüm. Yuxuda gördüm getmişəm süd dəryasına. Süd dəryasından keçdim, yetişdim bir qalaya, keçdim qalanın içərisinə, küp-küpə söykənib, dolu qızıl ilə. Əl atdım qızıllardan cibimə doldurdum. Sən yuxudan oyatdın.

Dedim:

– Qardaş, bu yuxu döyül, dur, ağa, bəs, hali-qəziyyə belədir.



Gəldik, kələyin dibini sökdük, bəli, gördük doludu qızılla. Oranı basdırdıq, gəldik daş kələyinin yanına. Qardaşım girdi içəri. Qızıl küpləri bir-bir verdi eşiyə. Axırıncını verəndə şeytan məni tovladı ki, daşı sal qardaşının başına ölsün, qızılların ha­mısı özünün olsun. Bir daşı dığırlatdım aşağı, düşdü qardaşımın başına. Yel əsdi, tufan qopdu, hava qaranlıqlaşdı. Göz-gözü gör­mürdü. Mən üzüquylu düşdüm. Bir azdan sonra ayıldım gördüm da gözüm görmür. Qızıllardan da əsər yoxdu. O zamandan deyirəm:

– İnsafın olsun. Çünki o vaxt qardaşımı öldürməsəydim, indi belə olmazdı.

Səhər çağı Hatəm həzrət- Süleyman xalçasına minər, gə­lər əzançının evinə. Açar kor kişinin sirrini deyər. Əzançı deyər:

– Bəs mən də öz sirrimi sənə bildirirəm.

– Günlərin bir günündə mən çıxdım dama, əzan verməyə, gördüm bir kiçik quş durub damda. Əzanı verdim, qurtardı, qanad-qanada çaldı getdi. Sabah, birisi gün qız gəldi, əzan qurtarandan sonra uçdu getdi. Axırda bir gün dedim:

– Səni and verirəm məni yaradan Allaha! De görüm, sən kimsən?

– Mən pəriyəm. Sənin əzanının səsini çox sevirəm. Hər gün gəlirəm, qulaq asıram.

Dedim:


– Gəl, səni alım.

Dedi:


– Bəni-adamda vəfa olmaz, sən məni saxlaya bilməzsən.

Dedim:


– Yox, elə də deyil. Saxlayaram.

– Şərt elə ki, mənim dalıma əl vurmayasan, bir də mən hər nə eləsəm, dinməyəsən.

Dedim:

– Eybi yoxdu.



Mən bunu aldım. Bir müddət keçdi, bir cüt oğlan doğuldu. Bir gün vurdu nənəm naxoşladı, öldü. Qız getdi çıxdı nərdivana. Nə qədər dedik en, gəl aşığı, gəlmədi. Gətirdik ölünü aparaq, baş­ladı gülməyə, güldü, güldü, yenmədi. Apardıq ölünü basdır­dıq. Qayıtdım evə, gördüm evi yuyur. Hirsləndim ki, mənim nənəm ölüb, sən niyə gülürsən? İndi yenə evi yuyursan .

Dedi:


– Niyə, şərt eləmişdik mən hər nə eləsəm, dinməyəsən.

Sonra başladı dedi ki, adam öləndə, hər yan dizəcən qan olur. Mən çıxdım nərdivana ki, qana batmayım. Bir də sənin nənən ölməmişdən qabaq bir küftə bişirmişdi, eşşək başın uzatdı: “Mənə də!” Bir küftə atdı ağzına. Ölünün qabağında atılıb düşdü. Mən ona güldüm. Da bir söz tapmadım deyəm.

Bir gecə də öz-özünə dedim: görəsən bunun dalında nə var ki?... Yatmışdı, yavaş- yavaş əlimi apardım kürəyinə, bir cüt qanad var idi. Elə ki əlim dəydi, dik gözlərini açıb dedi:

– Gördün, deyirəm bani- adamda vəfa olmaz:

Dedim:

– Bilmədim, əlim dəydi, güzəşt elə. Saymadı. Durdu uşaqlarını da vurdu qoltuğuna, uçdu getdi. Mən qaldım yalqız. Hər nə qədər başıma-gözümə vurdum, bir zad olmadı. İndi mən hər gün sevinə- sevinə çıxaram dama, əzan verəm. İki uşağımı saxlar yanında, durar qabağımda. Əzan qurtaranacan durar. Sonra uçar gedər, nə qədər yalvararam saymaz. Başıma- gözümə vuraram gedərəm.



Hatəm durar gələr padşahın qızının yanına. Hamının sirrini ona deyər.

Yeddi gün, yeddi gecə toy tutarlar. Qızın əlini tapşırarlar Hatəmin əlinə. Hatəm divlərdən aldığı süfrəni açar, xalq gəlsin nə qədər yeyəcək yesin...



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə