ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,32 Mb.
səhifə5/25
tarix16.11.2017
ölçüsü3,32 Mb.
#10541
1   2   3   4   5   6   7   8   9   ...   25

BİBİLİCAN, HA BİBİLİCAN!
Bir gün var idi, bir gün yox idi. Allahdan savayı heç kim yox idi. Bir dənə bacı var idi, bir qardaş. Bir gün dedilər ki, duraq gedək ayrı şəhərə, görək nə eləyirik. Burada bir iş yoxdu. Gedərlər, gedərlər yolda qardaş suzdayıb, deyər:

– Bacı, mən suzmuşam.

Oğlanın mindiyi atın ayağının yerindən su çıxmışdı. Oğlan içmək istəyəndə bacısı dedi:


  • Başına dolanım, içmə, içsən at olarsan!

Qardaş sudan içər. Gedərlər, it ayağının yerində su durmuşdu, deyər:

– Bacı, mən susuzam, içəcəm.

Bacı deyər:

– Qardaş başına dolanım, içmə, it olarsan.

Qardaş içər. Yola düşərlər.

İndi də Ahu ayağının yerindən çıxan su görürlər.

Qardaş deyər:


  • Bacı, mən susuzam, içəcəm.

Bacı deyər:

– Qardaş, amandı, içmə! Ahu olarsan.

Qardaş deyər:

– Ölsəm də, qalsam da gərək bundan içəm.

Başlayar sudan içməyə. Oğlan bir ahu olur. Yazıq bacı götürər ahunu da salar yanına, oturar bir dağın başında.

Padşah şikara çıxmışdı. Gələr görər bir gözəl qız oturub dağ başında, bir dənə ahu otarır.

Padşah deyir:

– Bəh, bəh, burada niyə? Bə bu cür niyə?

Qız açar başına gələni, buna deyər. Padşah bir könüldən min könülə qıza vurular. Qoşuna xəbər verər ki, mən şikarımı elədim. Götürər qızı da, ahunu da gətirər saraya, verər, toy tutarlar. Qızı alar.

Qızın bir qara qaravaşı var idi. Bir gün bunlar gedərlər hamama. Soyunarlar. Qaravaş itələyib qızı salar çar hovuza. Naqqa balıq qızı udar. Qaravaş xanımın par-paltarın geyər-keçinər, gələr evə.

Padşah deyər:

– Qız, bə niyə bu cür qap-qara qaralıb yanmısan?

Qaravaş deyər:

– Hamamın suyu belimə düşmədi.

Padşahın arvadı boylu imiş. Naqqa balığın qarnında doğur. Bir oğlu olar, adın qoyar İsmayıl.

Bir gün qara qaravaş yeriklər, padşaha deyər:

– Ahunu kəsin, mən yeyim.

Padşah deyər:

– Qız, bu nə sözdü, o, sənin qardaşındı.

Deyər:


– Olmaz. Ahu ətinə yerikləmişəm, gərək kəsəsiz, yeyəm.

Padşah görər olan iş deyil, deyər:

– Ahunu gətirin kəsin.

Ahunu gətirərlər kəsməyə. Ahu üzün dolandırar padşaha. Öz dilicə deyər:

– Qoyun, gedim, bir dolanım, gəlim, kəsin.

Padşah deyər:

– Qoyun getsin dolansın, gəlsin.

Ahu baş alıb gedər çar hovuza. Deyər:

– Bibilican, ha bibilican!

Bibilican, qurbanın olsun!

Asılı qazanlar asılıb,

İtili pıçaqlar itilib,

Qara qaravaş ətimə yerikləyib.

Çar hovuzdan səs gələr:

– Bibilican, ha bibilican!

Bibilican qurbanın olsun!

Qara qaravaş atıbdı,

Naqqa balıq udubdu,

Şah oğlu şah İsmayıl!

Qucağımda yatıbdı.

Saçı da gərdənimi tutubdu.

Ahu qayıdar gələr. İstərlər başını kəssinlər, yenə ahu öz dilicə deyər:

– Qoyun bir gedim, dolanım, gəlim, kəsin.

Padşah deyər:

– Qoyun getsin, dolansın gəlsin.

Ahu baş alıb gedər çar hovuza, deyər:

– Bibilican, ha bibilican!

Bibilican qurbanın olsun!

Asılı qazanlar asılıb,

İtili pıçaqlar itilib,

Padşah deyər qoyun getsin.

Ahu baş alar gedər çar hovuza. Padşah düşər heyvanın dalınca ki, görüm bu heyvan hara gedir qayıdır. Gedər, görər ahu durub çar hovuzun başında deyir:

– Bibilican, ha bibilican!

Asılı qazanlar asılıb,

İtili pıçaqlar itilib,

Qaravaş ətimə yerikləyib.

Çar hovuzdan səs gələr:

– Bibilican, ha bibilican!

Bibilican qurbanın olsun!

Qara qaravaş atıbdı,

Naqqa balıq udubdu,

Şah oğlu Şah İsmayıl,

Qucağımda yatıbdı,

Saçı gərdənimi tutubdu.

Padşah eşitməlisini eşidər, bilməlisini bilər. Əmr elər çar hovuzun suyunu çəkərlər, naqqa balığı çıxardarlar, qarnını sökərlər, qızı, uşağı çıxardarlar. Padşah görər saç dolanıb qızın boynuna. Padşah deyər:

– Burada neynirsən?

Qız deyər ki, qara qaravaş itələdi düşdüm hovuza, balıq məni uddu.

Qara qaravaş evdə oturmuşdu. Görür hay-hayla qızı gə­tirirlər. Padşah əmr verib qara qaravaşı bağlatdırar qatırların quyruğuna, dağı-daşı o qədər dolandırar ki, tükləri qalar qatır­ların quyruğunda.



NARXATIN
Bir nənə ilə bir qızı var idi. Qızın adı Narxatın idi. Nənə bir divə aşiq olub gətirib salmışdı otağa. Bir gün açar qalmışdı evdə. Qız gedib otağı açar, görsün nəmənə var. Açar görər bir dana divdi. Açarları gətirər qoyar yerinə. Axşam nənəsi gələr gedər divi görsün. Divə deyər:

– Nə sən gözəl, nə mən gözəl, illah ki, ağa div gözəl!

Div deyər:

– Nə sən gözəl, nə mən gözəl, illah ki, Narxatın gözəl!

Deyər:

– Sən Narxatını harada gördün?



Deyər:

– Gəlmişdi buraya.

Arvad qızını çıxardıb ötürər eşiyə. Qız da gedər, gedər görər axşam oldu. Bir qapı açıqdı, gedər ora. Gedər dolanar, görər heç kəs yoxdu. Adam-zad yoxdu. Oturmuşdu, gördü yeddi dana oğlan gəldi. Demə, yeddi qardaş imişlər.

Deyərlər:

– Qız, sən burada neyləyirsən, haradan gəlmisən?

Deyər:


– Nənəm divə aşiq olmuşdu. Div məni görüb, nənəm məni ötürüb eşigə. Da, getməyə bir yerim yoxdu. Gəlmişəm buraya.

Qardaşlar deyirlər:

– Lap yaxşı, sən də bizim bacımız!

Hər gün oğlanlar gündüz gedirlər işə, axşam bacılarıynan yeyib, içirlər. Bir gün arvad divin yanına gəlib deyir:

– Nə sən gözəl, nə mən gözəl, illah ki, ağa div gözəl!

Div deyər:

– Nə sən gözəl, nə mən gözəl, illah ki, Narxatın gözəl!

Deyər:


– Vay küçük oğlu, Narxatını eşigə ötürdüm, əl çəkmədin?

Div deyər:

– İndi gedib yeddi qardaşlara bacı olub.

Arvad bu yol divin yanından çıxar gələr. Narxatın da saqqızı çox sevirmiş. Bir az saqqız alar gətirər, buna zəhər vurar, gələr, bu yol Narxatın olan yeri tapar, qapını döyər, qız gedər qapıya görər nənəsidi. Nənəsi hər nə eylər ki, aç qarını, qız açmaz. Bu yol nənəsi saqqızı qapının altından ona uzadıb deyər:

– Saqqız almışdım sənə, götür apar çeynə!

Qız saqqızı götürüb gəlir hovuzun başına. Saqqızı çeynər, amma saqqız zəhərli idi. O yıxılıb orada, hovuzun başında qalır. Axşam qardaşlar gəlib qapını döyür, görürlər ki, açan olmadı. Fikirləşirlər ki, bu da bizə bacı olmadı. Ev-eşigimizi də götürdü apardı.

Duvardan aşıb gəlib görürlər bacıları hovuzun başında yatıb. Görürlər ki, bu ölüb, zəhər veriblər. Həkimə-zada aparır­lar. Həkim deyir:

– Da əlac olmaz, zəhər veriblər.

Bu yol bunlar gəlib fikirləşərlər ki, bacımızı necə quylu­yaq? Bir xurcun götürərlər, bir tayına qızıl doldurarlar, bir tayına da bu qızı qoyarlar. Salarlar atın üstünə, ötürərlər çölə, bu qız, bu da pul!

Padşah çıxmışdı şikara, görər bir atın üstündə bir xurcun qızıl, bir də qız var. Götürər padşah bunu aparar. Min könüldən ölüyə vurular. Həkimlər deyər:

– Yeddi hovuz süd ver doldursunlar. Bunu, bu yol basarlar bir hovuza, bir az qalar, ordan o biri hovuza. Axırda yeddinci hovuza salıb götürərlər. Qız bir az ayılır, düzəlir. Narxatın dirilir. Padşah bunu alır. Bir ildən sonra Narxatının bir cüt oğlu olur.

Uşaqlar bir az böyümüşdü, gündə gedərdilər padşaha salama.

Yenə bir gün Narxatının nənəsi gedir divin yanına. Deyir:

– Nə sən gözəl, nə mən gözəl, illah ki, ağa div gözəl!

Div deyər:

– Nə sən gözəl, nə mən gözəl, illah ki, Narxatın gözəl!

Deyər:

– Vay, mən Narxatını öldürdüm də, əl çəkmədin.



Deyər:

– Ölməyib, indi padşahın arvadıdı, bir cüt də oğlu var.

Bu nənə, bu yol durar gələr, az gələr, çox gedər, gələr bu padşahın evini tapar. Deyər ki, mən Narxatının nənəsiyəm.

Bir gün qalar, qız deyər padşaha:

– Mən nənəmdən qorxuram, saxlamayın burada!

Padşah deyər:

– Qız, nənəndi da! Nəyindən qorxursan?

Gecə bu yol yatmışdılar. Qızın nənəsi durar uşaqların iki­sinin də başını kəsər. Pıçağı da gətirər qoyar Narxatının cibinə. Səhər olar görərlər ki, bu uşaqlar padşaha salama gəlməyib. Padşah adam göndərər ki, uşaqlar gəlməyib. Gələrlər, görərlər uşaqların başın kəsiblər. Da, Narxatın da bilməz ki, pıçağı da qoyublar cibinə. Bu yol Narxatının nənəsi deyər ki, hamının cibini axtarın, hər kimin cibindən qanlı pıçaq çıxsa bilin o kəsibdi. Hamının cibini axtararlar. Heç kimdən pıçağ çıxmaz. Bu yol deyərlər ki, axı Narxatının da cibini axtarın.

Deyərlər niyə? Ana da balasının başını kəsər?

Padşah deyər:

– Axtarın!

Axtararlar. Bunun cibindən qanlı pıçaq çıxar. Padşah qızın gözlərini çıxartdırar, uşaqların da ölüsünü verər bunun qucağına, onu şəhərindən xaric elər.

Bu gedər pirə, yer tapar, gedər pirdə ağlar, ürəyi pis olar. Yuxuda görər ki, bir nəfər gəlir. Buna deyir:

– Yenə ağlayırsan?

Deyər:

– Da niyə ağlamayım? Bir cüt uşağımın başını kəsiblər, padşah özümün gözlərini çıxartıb, gəlib qalmışam burada.



Yuxuda görən adam əlini çəkər bunun gözlərinə, uşaqla­rı­nın da başına, bir ovuc torpaq tökər, deyər:

– Dur ayağa, sənə heç nə olmayıb!

Bu, bu yol yuxudan ayılar, görər uşaqları pirin eyvanında oyan-buyana qaçırlar, özünün də gözləri düzəlib. Baxıb görər ətəyindəki torpaq da olub cəvahirat, qızıl. Durar bu yol uşaq­larını da götürər gedər çöldə bir dam düzəldər. Cəvahiratı da xərclədikcə azalmırdı. Nə qədər idi, elə o qədər də qalırdı.

Narxatın uşaqlarını qoyar məktəbə. Uşaqlar bir az böyü­müşdü, dərs oxuyurdular. Götürər çöldə bir imarət saldırar nə gözəllikdə, yüz dəfə padşahınkından artıq. Bir kərpici qızıldan, bir kərpici gümüşdən.

Uşaqlar çıxarmışlar çöldə-zadda oynarmışlar. Padşah oraya şikara-zada gedəndə uşaqları, imarəti görərmiş. Gündə buradan keçəndə deyərmiş:

– Vəzir, bu imarət görəsən kimindi, bu cür düzəldiblər?

Padşah uşaqları çox sevirmiş. Gəlib keçəndə dindirərmiş ikisini də. Narxatın uşaqlara tapşırmışdı ki, padşah sizi dindi­rəndə, sarmaşın ona ki, gəl, gedək bizə.

Bir gün padşah keçəndə, uşaqlar ondan əl çəkmir. Padşah deyir:

– Axı, sizin eviniz hardadı?

Deyərlər ki, bəs o imarət bizimdi.

Uşaqlar çox deyər, padşah getməz. Keçib gedərlər. Vəzir deyər:

– Qibleyi-aləm sağ olsun! Gərək gedəydin. Uşaqlar məyus oldu. Bu dəfə desələr gedək.

Yenə bir də padşah ordan keçəndə, bu uşaqlar əl çəkmədi ki, gedək bizə, gedək bizə!

Vəzir deyər:

– Qibleyi-aləm sağ olsun! Ürəklərini sındırmağa dəyməz. Gedək, ayaq üstə baş vuraq.

Gedərlər padşahla vəzir. Padşah görər ki, balam, yaxşı imarətdi, qəribə dəsgahdı! Bir az oturarlar, durar bunlar getsin. Uşaqların anası öyrətmişdi: “Qızıl çay qaşığını aparın salın padşahın başmağının içinə”.

Bunlar durarlar getməyə, uşaqlar deyir:

– Axtaracayıq!..

Hamını axtararlar. Padşahın başmağının içindən qaşıq çıxar. Narxatın da durmuşdu pərdə dalından qulaq asırdı.

Vəzir deyər:

– Oğlan, padşah da oğurluq elər?

Narxatın deyər?

– Bəs ana da balasının başını kəsər?

Vəzir deyər:

– Bu nə sözdü?

Bu vaxt Narxatın pərdə dalından eşiyə çıxıb deyər:

– Bəs bunlar sənin oğlanlarındı, mən də sənin arvadın Narxatınam.

Açar başının qəziyyəsini nağıl elər padşaha. Padşah onun nənəsini tapıb öldürər, o divi də. Yeyər, içər, mətləbinə yetişər.




KÜP QARISI
Bir padşah vardı, bunun bir oğlu vardı. Padşahın arvadı vurular öz oğluna. Oğlu deyər ki, sən mənim anamsan. Bu arvad qəbul eləməz.

Oğlan deyər:

– Gedərəm padşaha deyərəm.

Bu arvad görər bu cürdü, tez gedər padşaha deyər.

– Oğlun mənə əl atır.

Padşah da deyər:

– Cəllad gəlsin, bu oğlanın boynun vursun.

Vəzir-vəkil deyər ki, qibleyi-aləm sağ olsun, öldürmə, şəhə­rindən xaric elə.

Bu, oğlana bir at verər, şəhərindən xaric elər. Oğlan ge­dər çöldə bir köhül var idi, orada qalar. Gedərdi gündüz şikar elərdi, gətirərdi, orada yatardı. Bir gün bir dana tülkü ke­çir­di. Görər burada leş- zad vardı. Oturar, bunları yeyər, deyər:

– Hətmən, burada adam- madam vardı.

Getməz qalar orada. Axşam olar, oğlan gələr, görər bir dana tülkü var, bir az özü yeyər, bir azın da verər bu tülküyə. Bir gün də bir qurd keçirdi, görər tülkü oturub, deyər:

– Tülkü qardaş, nə oturmusan?

Deyər:

– Neyləyim, ağam var mənim, gətirər verər, mən də yeyərəm.



Deyər:

– Tülkü qardaş, mən də qalım?

Deyər:

– Qal da!



Axşam oğlan gələr, görər bir dana qurd var. Öz-özünə deyər:

Bu canavar hardan yığışar?

Yenə vurduğu ovdan bir az özü yeyər, bir az verər onlara. Bir gün də bir dana it keçirdi. Görər tülküynən qurd oturublar. Deyər:

– Tülkü qardaş, qurd qardaş, nə oturmusuz?

Deyərlər:

– Neyliyək? Bizim ağzımız var. Gətirər, verər, biz də yeyərik.

Deyər:

– Mən də qalım?



Deyərlər:

– Qal da!

Axşam oğlan gələr görər bir dana it var. Sabah çox şikar elər, gətirər ki, bu heyvanlar məni dağıdar, qoy qarınların doyurum.

Bir gün yenə bir dana qaraquş keçirdi göydən. Görər tülküynən qurd, bir də it oturublar. Deyər:

– Tülkü qardaş, qurd qardaş, it qardaş, nə oturmusuz?

Deyərlər:

– Neyliyək, bizim ağzımız var, o gətirər, biz də yeyərik.

Deyər:


– Mən də qalım?

Deyərlər:

– Qal da!

Axşam yenə oğlan gələr, görər bir dənə qaraquş var.

Bir gün tülkü durar gedər, bir daşı dığırlada-dığırlada gəti­rər qoyar altına, deyər:

– Qurd qardaş, it qardaş, qaraquş qardaş, insafdı ki, elə ağa gətirsin, versin, biz yeyək oturaq?

Deyərlər:

– Neyliyək?

Deyər:

– Neyliyəcəyik, durun gedək padşahın qızını gətirək ağaya.



Deyərlər:

Axı olmaz, biz necə gətirə bilərik?

Tülkü deyər:

– Bir az mıncıqdan, zınqırovdan-zaddan tapın, gətirin, bağlayın mənim quyruğuma, deyim sizə.

Taparlar, gətirərlər, bağlarlar quyruğuna, bəzərlər, De- yər mən su gilifindən girərəm, keçərəm içəriyə, it ilə qurd da dursun qapıda, qaraquş göydə dolansın. Qız çıxanda eşiyə onu götürər qaçar.

Durarlar, gedərlər padşahın qızının həyətinə. İtlə qurd durar qapıda, qaraquş göydə. Tülkü gilifdən girib başlar həyətdə oynamağa. Kəniz bunu görər, gedər xanıma deyər:

– Xanım, bir dana şey gəlmiş, elə oynur ki...

Xanım çıxar həyətə, ona baxanda qaraquş qızı götürüb uçar. İtlə tülkü qaçarlar. Gətirərlər qızı qoyarlar köhülə. Qız görər bir dana köhüldə canavar, bikef- məyus oturubdu. Axşam olar, görər tülkü-zad hamısı getdilər.

Ağa görər bu gün tülkü, it pişvaza gəliblər. Tülkü düşər qabağa oynaya-oynaya gələr. Oğlan gələr görər ki, köhüldə bir qız. Deyər:

– Qız, sən hara, bura hara?

Deyər:

– Bunlar gətiriblər, qoyublar bura.



Padşaha xəbər gedər ki, qızını quş götürdü apardı. Pad­şah bir qarı tapar. Bir gün qarıya pul verər ki, gedib qızı tapıb gətirə.

Qarı gətirər küpü quylar çölün bir tərəfində, gələr oturar oğlanın yolu üstə. Oğlan gələndə deyər:

– Oğul, karvanla keçirdim, düşüb qalmışam yolun üstün- də.

Oğlan deyər:

– Olsun qarı nənə, mənim bir xanımım var, aparram, sən onunla həmsöhbət olarsan.

Səhər olar, bu oğlan yenə durar gedər. Qarı deyər:

– Qızım, bu çölü heç gəzmisən?

Qız deyər:

– Yox, qarı nənə!

Qarı deyər:

– Dur qızım, bu çölü bir dolanaq.

Çıxarlar bu çölü dolanmağa. Yetişərlər qarının basdırdığı küpün yanına. Qız deyər:

– Qarı nənə, bu nəmənədi?

Qarı deyər:

– Nə bilim, qızım əyil, bir bax gör!

Qız əyilib baxanda qarı itələr bu qızı basar küpün içinə, ağ­zını bağlar, özü də oturar üstündə. Qalxar göyə, aparar padşaha.

Axşam oğlan gələr, yetişər, görər bu gün tülkü başın tutub yatıbdı. Girər görər ki, nə qarı var, nə qız. Öz-özünə deyər:

Ona görə bu tülkü mənə əgri-əgri baxırdı, ha! Köpəgin qızı, qarı!...

Yenə bir-iki gün keçər. Tülkü görər ki, ağaları çox bikefdi. Yenə gedər daşı dığırlada-dığırlada gətirər, qoyar altına, deyər:

– Qurd qardaş, it qardaş, qaraquş qardaş, bilirsiz, nə var?

Deyərlər:

– Yox!


Deyər:

– Allaha xoş getməz ki, ağa gəlib bu cür bikef otursun.

Deyərlər:

– Nə eliyək?

Deyər:

– Gedək qızı gətirək.



Yenə gedər. Tülkünün quyruğuna bir zınqrovdan-mın­qrov­dan bağlarlar, durarlar, gedərlər. Yenə itlə qurd kəsər qapını, qaraquş göydə dolanar. Tülkü keçər, gedər içəri. Bu qızın kəni­zini dəgişmişdilər. Ayrı kəniz qoymuşdular yanına. Kəniz çıxar həyətə, görər tülkü həyətdə oynayır. Deyər:

– Xanım, bir dana əntiqə şey gəlib, elə qəşəng oynur ki!...

Qız baxar, görər ki, tülküdür. Gedər qiymətdə ağır, vəzndə yüngül bir şey- mey götürər, çıxar həyətə. Çıxcaq qaraquş bunu qamarlayıb götürər, gedər. Tülkü tez su gilifindən çıxar qaçar. Gətirərlər qızı, qoyarlar köhülə.

Axşam olar, ağanın gəlmək vaxtı çatar. Tülkü deyər:

– Qurd qardaş, it qardaş, qaraquş, gedək ağanı gətirək!

Ağa görər ki, bəli, bu gün yenə tülkünün kefi sazdı, hamı gəlib pişvaza. Gələr görər ki, qız köhüldədi, qızdan soruşar. Qız deyər:

– Bu küpəgirən qarı məni apardı.

Beş-on gün keçər. Padşah qoşun çəkər bu oğlanın üstünə. Qız çıxar köhülün üstündən baxar görər ki, qoşun düşüb oğlanın yolu üstə. Tülkü görər ki, bu qız bikef oldu. Durar baxar görər ki, bəli, qoşun düşübdü ağanın yolu üstə. Daşı dığırlada-dığırlada gətirər qoyar altına, deyər:

– Qurd qardaş, it qardaş, qaraquş qardaş, durun gedək ağanı gətirək!

Bunlar durarlar gedərlər. O qədər gedərlər ki, oğlanı görər­lər. Oğlan görər ki, onlar bugün çox uzaqdan gəliblər. Deyər:

– Görərsən, bu gün nə var ki, bunlar buracan gəliblər?

Tülkü düşər qabağa, ayrı yoldan gətirər oğlanı. Oğlan gələr görər ki, qız bikefdi. Soruşar:

– Nə olub?

Qız deyər:

– Bə, dədəm qoşun çəkib, bə sən necə gəldin?

Oğlan deyər:

– Məni tülkü ayrı yoldan gətirib.

Deyər:


– Da, bizimki buracandı, gecəni yataq, görək səhər başı­mıza nə gələr?!

Yenə tülkü gedər daşı dığırlada-dığırlada gətirər qoyar altına, deyər:

– Qurd qardaş, it qardaş, qaraquş qardaş, bunlar ki, bu cür bikefdilər, duraq biz gedək qoşunu öldürək, quş gözünü çıxar­dar, itlə qurd boğar, mən də bir başdan başlaram yeməyə.

Bunlar bu yol durarlar gedərlər, girərlər qoşunun içinə bir başdan onları yeyərlər. Sonra başlarını qoyub arxayın yatarlar.

Səhər bu oğlan durar, çıxar baxar görsün qoşun ordadı, ya gedib. Görər ki, hamısı ölüb. Qıza deyər:

– Bizim burada qalmağımızın bəhrəsi yoxdu. Gərək bura­dan gedək. Tülkügilə də bir illik azuqədi. Cəmdəkləri ha yeyər­lər, qurtarmayacaq ki!...

Durub atını minər, qızı da alar atın tərkinə. Çıxıb gedərlər.

QARAVƏL QARA MƏMMƏD
Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik elər, köhnə hamam içində. Dini Muhəmməd dinində, Muhəm­məd camalına bir salavat çevir. Biri var idi, biri yox idi. Allahın kərəmi çox idi, yenə olsun! Bir dana keçəl, Qaravəl Qara Məmməd var idi. Dünyada bir dana qarı nənəsi var idi. Bir gün oğlan nənəsinə dedi:

– Ay nənə, bəs mənim bu dədəm öldü getdi, mənə heç zad qoymadı? Bə bu haranın dədəsi idi?

Qarı dedi:

– Niyə qoymadı oğul, odu bax, duvardaki tüfəng.

Qaravəl Qara Məmməd əl elədi duvardaki tüfəngə, aşırdı çiyninə. Gecə ikən düşdü yola. Az getdi, çox getdi iynə yarım yol getdi. Göz-gözü görmürdü. Şabbadan-şubbadan Qaravəl Qara Məmmədin alnı toxundu əgri iydə ağacına. Başı bulandı qana. Birdən gözü düşdü təpə başında bir canavara. Bir tərəfində saz çalır, bir tərəfindən işıq gəlir. Qaravəl Qara Məmməd əl elədi tüfəngə, düzəltdi, şaqqıldadıb, bir güllə canavara vurdu. O dəqiqə canavar düşdü Qaravəl Qara Məmmədin qabağına. Qaravəl Məmməd öz-özünə dedi:

– Hələlik bu da bəsdi. Aparaq qoyaq evimizə, işığında oturaq, sazı əlindən alaq.

Qapıya yetişib döydü. Qarı səsləndi:

– Adam, nə adamsan?

Dedi:

– Mənəm, aç, nənə.



Qarı acıqlanıb dedi:

– Get, köpək oğlu!... Nə tez qayıtdın? Get, özünə güzəran qazan. Qapını açmaram.

Qaravəl Qara Məmməd dedi:

– Aç, nənə, bir şikar eləmişəm ki, bir yanında saz çalır, bir yanından işıq gəlir. Daha çıraq yandırmayacaqsan.

Qarı qapını açdı. Qaravəl Qara Məmməd canavarı sürüdü içəri. Otağın bir guşəsində yer elədilər. Qaravəl Qara Məmməd dizin dizinin üstünə aşırıb istədi dincini alsın. O saat gördü qapı döyüldü. Demə, bəs bir qarı Qaravəl Qara Məmmədi görüb pad­şaha xəbər aparıb ki, ey padşah, taxtın tabut olsun, ürəyin qanla dolsun, nə oturmusan. Qaravəl Qara Məmməd elə bir canavar şikar edib ki, bir yanında saz çalır, bir yanından işıq gəlir. Elə bir canavardı ki, sən kimi şaha layiqdi, nəinki o cür hisli dama.

Şah da adam göndərdi ki, Qaravəl Qara Məmmədi gətir­sinlər. Qaravəl Qara Məmməd yola düşdü, gedib şahın evinə çatdı. Şah dedi:

– Şikarında gətirdiyin canavar bizim kimi şaha layiqdi, nə ki qoyula o cür hisli dama. Get, onu gətir mənə!

Qaravəl Qara Məmməd əlini gözü üstə qoyub dedi:

– Həlbət ki, Sizə layiqdi, indicə gedib gətirrəm.

Qaravəl Qara Məmməd o saat gedib canavarı gətirdi. Şah fikirləşdi ona layiq ənam nə ola bilər. Heç zad tapa bilməyib vəzirə dedi:

– Vəzir, ona layiq bir ənam hazırla.

Vəzir dedi:

– Qibleyi-aləm sağ olsun, bu gün heç, sabah gəlsin ona ənam verim.

Vəzir getdi evə. Başında bir baba taskülahi var idi. Qoydu qabağına, dedi:

– Ey baba taskülah, başına dolanım, bu nə iş idi mən düşdüm? Bu küçük oğlu keçəl hardan tapıldı? Axı, mən necə vəzirlikdən əl çəkim. Verim bir adama oxşamaz keçələ? Mənə bir tədbir tök işim düzəlsin.

Onda gördü baba taskülahdan bir səs gəldi:

– Ey vəziri-külli-əzəm, heç özünə toz qondurma. Bu iş su içimdi. Sabah keçələ deyərsən, gedər qırx madyan südü gətirər. Daha onunki ona dəyər.

Vəzir baba taskülahı götürüb iki əlli qoydu iki qaşının üstünə. Səhər tezdən gün çıxar-çıxmaz, şah geyinməmiş qondu onun qapısına. Padşah dedi:

– Nə var?

– Şaha, bu gecə bir yuxu görmüşəm, gəldim onu deyim.

– Nə yuxu?

– Bəs eşit ki, gecə yuxuda gördüm Qaravəl Qara Məmməd gedib, qırx madyan südü gətirib. Şah, onu göndər getsin gətirsin.

Padşah gülüb dedi:

– Vəzir, bu nə sözdü? Mənim qoşunum qırılıb, qırx madyan südü gətirə bilməmişəm, o, necə gətirəcək.

Vəzir dedi:

– O, əvvəl şikarında bir elə heyvan şikar elədi ki, bir yanında saz çalar, bir yanından işıq gələr, elə onu da gətirər.

Padşah dedi:

– Vəzir, mən ölüm?

Dedi:

– Sən öləsən!



Əmr oldu, Qaravəl Qara Məmməd hazır oldu.

Şah dedi:

– Gedərsən, qırx madyan südü gətirərsən, onda ənam verəcəm.

Qaravəl Qara Məmməd öz qəlbində dedi:

– Qadam sənə də, vəzirliyinə də! Evin xarab olsun, məni hara göndərirsən?

Amma üzə salmayıb dedi:

– Gətirərəm.

Keçəl Qaravəl Qara Məmməd gəldi evə, dedi:

– Nənə, dur, çörək bağla görək.

Dedi:


– Hara?

Dedi:


– Şah göndərir gedim qırx madyan südü gətirim.

Qarı dedi:

– Oğul getmə. Vəzir istəyir səni ölümə verə. Onu helə- helə adamlar gətirə bilməyib, sən necə gətirəcəksən?

Keçəl dedi:

– Ölsəm də, qalsam da, gərək gedəm gətirəm.

Qarı dedi:

– İndi ki, elə oldu, get padşaha deginən qırx tuluq şərab, qırx yük pambıq versin, gəl, mən deyim necə get.

Qaravəl Qara Məmməd üz qoydu padşahın evinə tərəf. Şeyləri alıb qayıtdı.

Qarı dedi:

– Oğul, bunları götürüb gedərsən. Çox gedəndən sonra ye­ti­şərsən bir dəryanın qırağına, orada pambıqdan bir hovuz düzəl­dərsən. Şərabı tökərsən onun içinə. Özün də yüz qədəmlikdə bir çuxur qazıb gizlənərsən. Az keçər, çox keçər, onda görərsən ki, hava qaranlıqlaşdı, göy şaqqıldadı, dərya təlatümə gəldi, su aralandı, dəryadan hezar bir bala dağ təkin heyvan çıxdı. Dalında otuz doqquz balası. Onlar üz qoydular çimənə sarı. Orada çox otlayıb qayıdarlar dərya qırağına, su içməyə. Amandı, oğul, onda özünü görsətmə. Qırx madyan hovuza yetişər. Şərabı iyləyib gedər. Yenə də az-çox otlayıb, gələrlər su içməyə. Bu dəfə də içməzlər. Üçüncü dəfə də. Day susuzluqdan amanları kəsilmiş, başların soxarlar şərabın içinə doyunca içərlər. Onda sən quş kimi qalxıb minərsən qabaqdakı madyanın üstünə. Bir yumruq qaşqasından vurarsan, özü üz qoyar bu yana sarı. Daha balalarıynan işin olmaz. Onlar özləri dalınca gələcəklər.

Keçəl Qaravəl Qara Məmməd belinə çörək bağlayıb çəkdi çustun dabanın, qırdı yerin damarın, dərələrdən yel kimi, təpələrdən sel kimi, badi- sərsər kimi, baş yastığa, göz yuxuya verməyib, gəldi çatdı dərya qırağına. Bir yekə hovuz tikdi, özü də bir kənar guşədə gizləndi. Az keçdi, çox keçdi, onda gördü hava qaranlıqlaşdı, göy şaqqıldadı, dərya təlatümə gəldi, su aralandı, dəryadan bir bala dağ təkin heyvan çıxdı. Dalında otuz doqquz balası üz qoydular çimənə sarı. Otladılar, susuzdadılar, gəldilər su içməyə. Hovuzu iylədilər, içməyib tazadan üz qoydular çəmənə. Üçüncü dəfə daha amanları kəsildi başların soxdular hovuza. İçdilər, içdilər, kefləndilər. Qaravəl Qara Məmməd aman verməyib quş kimi daşlandı, oturdu qabağındakı madyanın belində, bir yumruq qaşqasından yendirib, budu ha qoyma, otuz doqquz madyan da dalısınca üz qoydu şəhərə sarı. Qırx madyanı evinə yetirib südündən sağdı, padşaha göndərdi.

Bu tərəfdən eşit ki, bir qarı var idi, padşaha xəbər apardı ki, taxtın tabut olsun, ürəyin qanla dolsun! Nə oturmusan ki, keçəl qırx madyanın özün gətirib, ötürüb evinə.

Şah adam göndərdi Qaravəl Qara Məmmədi hazır elədilər. Əmr etdi ki, qırx madyanı gətirib ötürsün padşahın tövləsinə. Elə ki, keçəl də qırx madyanı gətirib ötürdü padşahın tövləsinə, pad­şah vəzirə bildirdi ki, vəzirliyi versin Qaravəl Qara Məmmədə.

Vəzir dedi:

– Şah, mənim sözüm yoxdu, getsin sabah gəlsin vəzirliyi ona verim.

Vəzir yenə də baba taskülahı qoydu qabağına, dedi:

– Bu küçük oğlu keçəl Qaravəl Qara Məmməd istəyir mə­nim vəzirliyimi əlimdən alsın. Dünən bir, bu gün iki, o keçəl­li­yi­nən istəyir vəzir olsun. Mənə tədbir tök bunun əlindən qurtarım.

Onda gördü taskülahdan bir səs gəldi ki, qorxma, ey vəzir. Bu iş su içimdi. Sabah şaha deyərsən Qaravəl Qara Məmmədi göndərsin, getsin o əjdahanı ki, çoxdandı şaha qənim olub, çoxlu qoşunun öldürüb onu gətirsin.

Vəzir taskülahı öpüb qoydu iki qaşının arasına. Sabah gün çıxar- çıxmaz, şah tumanın geyməmiş aldı qapısını.

Padşah dedi:

– Vəzir, xeyir ola, nə xəbər var?

Dedi:


– Şah, yuxu görmüşəm.

Nə yuxu?


– Dünən yuxuda gördüm ki, keçəl Məmməd gedib əjdahanı gətirib. Çağır getsin gətirsin.

Padşah dedi:

– Vəzir, bu nə sözdü? Mənim qoşunum qırılıb, əjdahanı gətirə bilməyib, indi o, necə gətirəcək?

Vəzir dedi:

– Şah, sən bilmirsən, bir adam ki, əvvəl şikarında elə bir heyvan şikar elədi ki, bir yanında saz çalındı, bir yanından işıq gəldi, qırx madyanı otuz doqquz balasınan tutub gətirdi, elə əjdahanı da gətirə bilər.

Padşah dedi:

– Mən ölüm?

Vəzir dedi:

– Sən öləsən!

Qaravəl Qara Məmmədi çağırdılar. Padşah dedi:

– Qaravəl Qara Məmməd, bir sözüm var. Onu da yerinə yetirsən, daha vəzirlik səninkidi. Gedirsən filan yerdəki əjdahanı öldürürsən öldür, öldürmürsən, diri tut gətir mənim yanıma.

Qaravəl Qara Məmməd öz- özünə dedi:

Qadam olsun sənə də, vəzirliyinə də. Evin xərab olsun, və­zir. Daha iş qaldı mənim başıma gətirməyəsən?

Gəldi evə, nənəsinə dedi:

– Çörək bağla görək, yenə iş çıxdı.

Qarı dedi:

– Oğul, bu yol hara gedirsən?

Dedi:


– Şah göndərir ki, gedim əjdahanı gətirim.

Qarı dedi:

– Oğul, gəl bu daşı ətəyindən tök? Onu gətirmək hər adamın işi deyil. Vəzir istəyir səni ölümə göndərə.

Qara Məmməd dedi:

– Ölsəm də gedəcəyəm, qalsam da! Nənə, bir yol bilirsən öyrət.

Qarı dedi:

– İndi ki belə oldu, bil ki, əjdaha dərin bir dərənin təkində yatıb. Altmış arşın uzunluğudu. Sən çox gedəndən sonra bir uca dağa yetişəcəksən. Qalxarsan dağa, görərsən. Hər nə quş gəlir, heyvan gəlir, daş gəlir, çör-çöp gəlir, hamısı dolur dərənin təki­nə. Amandı, oğul, onda dərəyə düşməzsən. Gözləyərsən ki, hər zad öz yerində qala. Onda ki, gördün quş göydən uça-uça gedir, daşlar daha dərəyə tökülmür, demək, əjdaha yuxulayıb. Tez yü­yürərsən dərəyə, əjdahanı görərsən ki, yatıb qaşqasından vurub, əjdahanı öldürüb, götürüb gələr­sən. Amandı, oğul, qa­baq­ca dərəyə girmə ki, sən də quşlar, daşlar kimi gurup-gurup­paz ge­dər­sən əjdahanın kamına.

Qaravəl Qara Məmməd əlin qoydu gözünün üstünə. Belinə çörək bağladı, çəkdi çüstün dabanın, qırdı yerin ama­nın, dərə­lərdən yel kimi, təpələrdən sel kimi, badeyi-sərsər kimi, baş yas­tığa, göz yuxuya verməyib, gəldi çatdı bir uca dağ ətəyinə. Da­yanmayıb, dırmaşdı dağın kəlləsinə. Nə gördü? Gördü... Paho! Qəribə aləmdi: hər nə göydən keçər, hər nə daş var, çör- çöp var, hamısı ayaq tutub, baş tutub tökülür dərənin təkinə. Bildi əjdaha oyaqdı. Vaxt o vaxt oldu ki, hər zad öz yerin tutdu. Bu yol üz tutdu dərəyə, yetişdi əjdahanın bərabərinə. Gördü əjdaha nə əjdaha, elə bil dağ idi, böyrü üstə durub. Qaşqasın nişanə alıb vurdu. Birin də, ikisin də. Əjdaha nərə çəkdi, buradan ora kimi süründü, düşdü qaldı. Keçəl yeridi qabağa. İndi də bilmirəm, onu nə cür şaha gətirdi, özü bilər. Ancaq gətirdi, saldı padşahın qapısına, dedi:

– Götür, düşmənin belə olsun.

Vəzirin əli girdi ürəyinə.

Padşah dedi:

– Vəzir, da bu dəfə bunu əliboş göndərmək olmaz. Gərək vəzirliyini ona verəsən.

Vəzir dedi:

– Qibleyi-aləm sağ olsun, mənim sözüm yoxdu. Getsin sabah gəlsin verim.

Yenə gecə vəzir taskülahı qoydu qabağına, dedi:

– Ey mənim taskülahım, küçük oğlu keçəlin gözü mənim vəzirliyimdədi. Dünən bir, bu gün iki, istəyir vəzir ola. Heç demir ki, mən keçəl babaya vəzirlik nə yaraşar? Ey mənim taskülahım, tədbir tök, məni qurtar.

Onda gördü taskülahdan bir səs gəldi:

– Ey vəziri- gülli- əzəm, heç qorxma. Bu iş mənim əlimdə su içimdi. Sabah şaha deyərsən ki, keçəli göndərsin Firəng şahının qızını gətirməyə.

Vəzir sevindi. Taskülahı öpüb qoydu iki qaşının arasına. Sabah səhərçağı xoruz banından ulduzlar gedəndən sonra qondu padşahın qapısına:

– Şah, yuxu görmüşəm.

– Nə yuxu?

– Şah, gecə yuxuda gördüm ki, keçəl gedib, Firəng padşa­hının qızını gətirib. Göndər gedib gətirsin. Bu fürsət ələ düşməz.

Padşah güldü, dedi:

– Vəzir, nə deyirsən? Mənim qoşunum onu gətirə bilməyib, Qaravəl Qara Məmməd, bir keçəlin birisi necə getsin gətirsin? İnsaf da yaxşı şeydi!

Vəzir dedi:

– Şah, elə xəyal eləmə. Bir adam ki, əvvəl şikarında elə bir heyvan şikar elədi ki, bir yanında saz çalındı, bir yanından işıq gəldi, qırx madyanı, əjdahanı gətirə bildi, elə bunu da eyləyə bilər.

Padşah dedi:

– Vəzir, mən ölüm?

Dedi:

– Sən öləsən!



Qaravəl Qara Məmməd təzəcə yuxudan ayılmışdı ki, qapı döyüldü.

Qarı dedi:

– Oğul, dur, gör bu yol nə aş bişiriblər?

Uzun sözün qısası keçəl gedib, qapıdan vəziyyəti öyrənib dedi:

– Nənə dur çörək bağla, yenə gedər oldum. Şah əmr eləyib gedəm Firəng padşahının qızın gətirəm.

Qarı dedi:

– Oğul, getmə, vəzir səni ölümə göndərir, o qızı hələm- hələm igidlər gətirə bilməyib.

Qaravəl Qara Məmməd dedi:

– Ölsəm də gedəcəyəm, qalsam da. Yol bilirsən öyrət.

Qarı dedi:

– Bala mən bir yol bilmirəm, özün get, səni Allaha tapşırdım.

Qaravəl Qara Məmməd belinə çörək bağlayıb çəkdi çustun dabanın, qırdı yerin damarın, dərələrdən yel kimi, təpələrdən sel kimi, badeyi-sərsər kimi baş yastığa, göz yuxuya verməyib, az getdi, çox getdi, iynə yarım yol getdi, yetişdi dərya qırağına, gördü bir adama oxşamaz, adam kimi başın salıb dəryaya qurtum-qurtum su içir, hər qurtumunda dəryanın suyu qarış yarım aşağı düşür. Qaravəl Qara Məmməd mat qaldı. Dedi:

– Küçük oğlu, bu haranın su içməgidi?

Div başını qavzadı, dedi:

– Küçük də oğlu, it də oğlu, bunu mənə çox görmə. Onu ona çox gör ki, Qaravəl Qara Məmməd əvvəl şikarında bir heyvan şikar eyləyib ki, bir yanında saz çalır, bir yanından işıq gəlir. Mən onu görsəm, beləsinə qul olaram.

Keçəl Qaravəl Qara Məmməd sevincək gülüb, dedi:

– Gədə, elə mənəm da!

Dedi:


– Sən Allah?!

Dedi:


– Vallah!

Qaravəl Qara Məmməd dəryanın suyun qurudanı özünə qul etdi, yola düşdülər. Az getdilər, çox getdilər, iynə yarım yol getdilər. Bir adama oxşamazın birinə yetişdilər, gördülər neçə dəyirman daşı hər biri bir dağ kimi boynunda dolandırır, hər nə qabağına gəldi vurur, dağıdır. Keçəl dedi:

– Küçük oğluna bax, dəli olub.

Dəyirman daşını fırlandıran durub dedi:

– Küçük də oğlu, it də oğlu, bunu mənə çox görmə. Onu ona çox gör ki, Qaravəl Qara Məmməd əvvəl şikarında elə bir heyvan şikar eləyib ki, bir yanında saz çalır, bir yanından işıq gəlir. Mən onu görsəm, beləsinə qul olaram.

Dəryanın suyun qurudan dedi:

– Gedə, elə bu özüdü da!

Dedi:


– Sən Allah?!

Dedi:


– Vallah!

Qaravəl Qara Məmməd onu da özünə qul eləyib yola düşdülər. Az getdilər, çox getdilər, iynə yarım yol getdilər, bir sapand atana yetişdilər. Yekə- yekə daşları qoyurdu sapandla tulazlayırdı oyan- buyana.

Qaravəl Qara Məmməd dedi:

– Küçük oğlu, bir sapandını saxla görüm, nəçisən! O nə cür sapand atmaqdı?

Sapand atan dayandı, dedi:

– Küçük də oğlu, it də oğlu, bunu da mənə çox görmə. Onu ona çox gör ki, Qaravəl Qara Məmməd əvvəl şikarında elə bir heyvan şikar eləyib ki, bir yanında saz çalar, bir yanından işıq gələr. Mən onu görsəm, beləsinə qul olacağam.

Dedi:

– Gədə, elə bu özüməm də!



Dedi:

– Sən Allah?!

Dedi:

– Vallah!



Keçəl Qaravəl Qara Məmməd onu da özünə qul edib, baş aldılar getməyə. Neçə mənzil gedəndən sonra yetişdilər bir adama oxşamazın birinə. Gördülər bir qulağın altına, bir qulağın üstünə salıb yatıb.

Keçəl dedi:

– Küçük oğlu, bu haranın qulağıdı, salmısan alt- üstünə?

Qulağı uzun ayılıb dedi:

– Küçük də oğlu, it də oğlu, bunu mənə çox görmə ki, bir qulağım altımdadı, bir qulağım üstümdə. Özüm də ağacdan dörd ağaca hər nə danışsalar, eşidirəm. Onu ona çox gör ki, Qaravəl Qara Məmməd əvvəl şikarında elə bir heyvan şikar eləyib ki, bir yanında saz çalır, bir yanından işıq gəlir. Mən onu görsəm, beləsinə qul olacağam.

Dedi:


– Gədə, elə bu mənəm də!

Dedi:


– Sən Allah?!

Dedi:


– Vallah!

Qaravəl Qara Məmməd onu da özünə qul eləyib üz qoy­du­lar getməyə. Az-çox gedəndən sonra yetişdilər Firəng padşahı­nın məmləkətinə. Darvazalar bağlanmışdı, neçə qarovul oyan-buyanda durmuşdular. Firəng şahı oturmuşdu qəsrdə, bir anda gördü, oho, qoşunları gəlir. O dəqiqə xəbər yetişdi ki, taxtın çevrilsin, ürəyin qanla dolsun, nə oturmusan. Dörd adama bən­zəməz, dilbilməz kəsib darvazanın qabağını deyir:

– Şahın qızını aparacağıq.

Şah dedi:

– Gedin gətirin.

Dəyirman daşını dığırladan düşdü qabağa, üz qoydular şahın qəsrinə. Şah dedi:

– Gedin sabah gəlin, danışaq.

Bu tərəfdən də vəziri çağırıb dedi:

– Bunlarla başarmaq olmaz. Ver car çəksinlər ki, məmə ye­yəndən pəpə yeyənəcən mənə qonaqdılar. Özün də aşpazbaşıya de ki, qırx qazan plov bişirsin, qırxıncısına zəhər qatsın, verək bunlara, yesinlər, ölsünlər.

Bu tərəfdən Qaravəl Qara Məmmədgil oturmuşdular, birdən qulağı uzun qəhqəhə çəkib güldü. Dedilər:

– Gədə, nə var? Dəli oldun?

Dedi:


– Yox, şahla vəzir bizə aş bişirirlər.

Dedilər:


– Nə aşı?

Dedi:


– İstəyirlər bizə zəhər verib öldürsünlər.

Dəryanın suyun qurudan dedi:

– Görərik.

Sabah oldu. Məmə yeyəndən pəpə yeyənəcən doldular şa­hın qəsrinə. Qaravəl Qara Məmməd qullarınan gəldi əyləşdi. Qaravəl Qara Məmməd dedi:

– Padşah, icazə ver, mənim aşpazbaşım da getsin aşpaz­xa­naya baş çəksin.

Padşah dedi:

– Eybi yoxdu, getsin.

Keçəl dəryanın suyun qurudanı göndərdi. Aşpazbaşı qırx qazan düyünü dəmləyib, qırxıncısını zəhərləyib, əl beldə, dəs­mal çiyində dayanmışdı. Dəryanın suyun qurudan dedi:

– Aşpazbaşı, mən də Qaravəl Qara Məmmədin aşpazbaşı­yam, icazə versən qazanlara baş çəkərəm.

Sonra keçdi əvvəlinci qazanın başına. Ağzını açıb aşpaz­başıya əl elədi, qazanı siyirib qoydu ağzına, uddu. Di, o birisi, di bu birisi, qırx qazanın düyüsünü yedi. Aşpazbaşı dedi:

– Düyülər necə bişib?

Dəryanın suyunu qurudan dedi:

– Çox gözəl!

Sonra keçdi oturdu yerində. Padşah dedi plovu gətirsinlər. Aşpazbaşı yeridi qabağa. Qazanın ağzını götürdü. Gördü dərman üçün bir dənə düyü qalmayıb. O qazan, bu qazan, qırx qazandan heç nə tapa bilmədi. Əli girdi ürəyinə . Padşah xəbər göndərdi. Bildi ki, bu iş keçəlgilin işidir. Hirsindən dil- dodağın gəmirdi. Hərəni bir dillə yola saldılar ki, bu günkü qonaqlıq qaldı sonraya. Qaravəl Qara Məmməd də qullarını götürüb getdi.

Padşah dedi:

– Vəzir, qaldıq bu dələduzların əlində. Tədbir tök.

Vəzir dedi:

– Şah, de polad hamamı qızdırsınlar. Onları dolduraq ora, qapıları bağlayıb, bacadan o qədər su tökək ki, boğulsunlar.

Padşah dedi:

– Vəzir, yaxşı fikir eləmisən.

Keçəl qullarla əyləşmişdi. Birdən qulağı uzun qəhqəhə çəkib güldü. Dedilər:

– Gədə, nə var? Dəli olmusan?

Dedi:

– Yox dəli olmamışam, vəzir bizə aş bişirir.



– Nə aşı?

– Bizi salacaqlar polad hamama, su töksünlər boğulaq. Dəyirman daşı dığırladanla dəyirman suyu qurudan dedi:

– Görərik!

Sonra dəyirman daşı dığırladan dedi:

– Mən daşlarımı da aparacağam!

Sabah padşah adam göndərdi, beşini də dəvət elədilər polad hamama. Qapıları bağladılar. Hamamın üst bacasını açdılar. Şar-şor su tökdülər. Dəyirmanın suyunu qurudan necə ki, ağzın açdı bacanın altına qoymadı bir damcı su dama. Çox vaxtdan sonra üzün tutdu dəyirman daşı dığırladana, dedi:

– Çatdadım axı! O daşları hansı günə saxlamısan?

Bu söz ağzından çıxan kimi başladı dəyirman daşı oynatmağa. Hamamın polad daşları çat bağladı, baca açıldı. Dəyirmanın suyunu qurudan necə ki, ağzını dayadı puf elədi, Firəng padşahının məmləkətinin yarısını sel götürdü. Xəbər getdi Firəng padşahına ki, taxtın tabut olsun, ürəyin qanla dolsun, nə oturmusan ki, məmləkətinin yarısını sel götürübdü. Bir dənə qızından ötrü niyə öz xalqını ölümə verirsən ? Qızını ver, götürsünlər getsinlər, yaxamız qurtarsın.

Firəng padşahı axırda çarəsiz qalıb Qaravəl Qara Məmmədi çağırıb dedi:

– Bu qız, bu da siz, götürün gedin.

Qaravəl Qara Məmməd qızı kəcavəyə mindirib, dörd qul yanında yola düşdü. Mənzil teyyi-mənazil gəldilər öz şəhərlə­rinə. Adam göndərib şaha xəbər verdi ki, Firəng padşahının qızını gətirdim, qabağa çıx.

Padşah əmr elədi, qoşun atlandı, çalhalnan qabağa çıxdı­lar. Qaravəl Qara Məmməd şəhərə varid oldu. Qızı bir baş apardı öz evinə, padşahı saymadı. Xəbər çatdı padşaha ki, evin yıxılsın, anan mələr qalsın nə oturmusan ki, keçəl Firəng qızını özünə çıxdı. Padşah adam göndərdi ki, Qaravəl Qara Məmməd tez qızı gətir mənə. Elə bir qız mənim kimi şahlara layiqdi. Nə ki, sən kimi kor- keçələ. Keçəl də adam göndərdi ki, padşah, bilirsən ki, heç bilmirsən, bil və agah ol, əvvəl:

– Biri ki əvvəl şikarında elə bir heyvan şikar eliyə ki, bir yanında saz çala, bir yanından işıq gələ, qırx madyanı, əjdahanı tuta gətirə, Firəng padşahını bezdirə, qızını ala gətirə, səni də, vəzirini də darmadağın edə bilər. Bu saat mənim şikarımı, qırx madyanımı özümə ver, çıx bu şəhərdən get, ya da gəlib taxtını belinə tabut eləyəcəm.

Padşah vəziri çağırıb dedi:

– Vəzir, tədbir tök görək bu küçük oğlu bizi işə qoyacaq.

Vəzir dedi:

– Tədbir yoxdu. O küçük oğlu keçəl hər nə istəsə elər, yaxşısı budu başımızı götürüb, qaçaq gedək bir ayrı yerə.

Durdular təl-tələsik yır-yığış eləyib şəhərdən çıxdılar. Keçəl də taxta əyləşib, nənəsini də özünə vəzir elədi. Sonra yeddi gün, yeddi gecə toy tutub şadmanlıq elədi. Firəng padşahının qızını aldı.



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə