170
MİDCAB və angioplastika eyni xəstədə tətbiq edilərək hibrid prosedur icra edilə bilər.
Xüsusən angioplastikaya uyğun olmayan ön mədəciklərarası arteriya daralmalarında bu
damara MİDCAB tətbiq edib digər damarlardakı daralmalara isə eyni zamanda və ya sonradan
angioplastika tətbiq edilə bilər. Bu metodu gələcəkdə təkrar əməliyyat ehtiyacı düşünülən gənc
xəstələrdə və ya böyük cərrahi travmalara dözə bilməyəcək yaşlı çox damar xəstələrində tətbiq
etmək olar. Bundan başqa daha əvvəl sternotomiya ilə əməliyyat edilmiş xəstələrdə təkrari
əməliyyat ehtiyacı olduğu hallarda klassik müdaxilənin travmasından qaçmaq üçün
angioplastikaya uyğun olmayan damara MİDCAB icra edilib, digər damarlara angioplastika
tətbiq edilə bilər. Dominant damara cərrahi müdaxilədən əvvəl digər damarlara angioplastika
tətbiqi risklidir və letallığı artırır. Hibrid əməliyyatxana mövcud olan xəstəxanalarda cərrahi
və angioplastika müdaxilələrini eyni zamanda icra etmək mümkündür. Cərrahi anastomoz
açıqlığının kontrol ediləbilməsi, xəstə anesteziya altında olarkən angioplastikanın rahat bir
şəkildə icra olunması - eyni seanslı müdaxilənin müsbət cəhətlərindəndir. Eyni seansda
müdaxilənin mənfi cəhəti angioplastika zamanı istifadə olunan antikoaqulyantların cərrahi
qanama riskini atırmasıdır.
Mini sternotomiya ilə döyünən ürəkdə AKŞ
1996-cı ildə Arom döyünən ürəkdə aparılan AKŞ əməliyyatları üçün mini torakotomik
yanaşmalara alternativ olaraq kiçik kəsik və hissəvi sternotomiya metodunu təklif etdi. Bu
zaman 8-12 sm-lik dəri kəsiyi ilə döş sümüyü hissəvi olaraq kəsilib 6-8sm ekartasiya
edilərək
AKŞ əməliyyatı icra edilir. Bu yanaşmanın mini torakotomik kəsiklərə nisbətən ön
mədəciklərarası arteriya və onun şaxələrinin revaskulyarizasiyası cəhətdən texniki üstünlüyü
yoxdur. Lakin mini sternotomiya ilə sağ koronar arteriya və arxa enən arteriyayaya müdaxilə
imkanı əldə edilir. Həmçinin ehtiyac olarsa, tam sternotomiyaya keçmək imkanı verir. Hissəvi
sternotomiya 10-12 sm-lik dəri kəsiyi və sternum uclarının 6-8 sm aralanması ilə aparılır ki ,
bu da tam sternotomiyada aparılan 25-30 sm-lik dəri kəsiyi və 20-25 sm-lik sternum
aralanması ilə müqayisədə daha az travmatikdir. Nəticədə xəstələrin xəstəxanada qalma və
fiziki aktivliyinin bərpası müddəti təqribən 50%-ə qədər qısalmışdır. Çox müxtəlif sternum
kəsikləri təklif edilmişdir (T,I,L,J,C).