67
7.4.6. Rüsumsuz ticarət mağazası rejimi
Gömrük
Məcəlləsinə görə,
Rüsumsuz ticarət mağazası - mallardan gömrük rusumları, vergilər
alınmadan və onlara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən Azərbaycan Respublikasının gömrük
ərazisində (beynəlxalq hava və dəniz limanlarında və Azərbaycan Respublikası gömrük orqanları
tərəfindən müəyyən edilən digər yerlərdə) həmin malların gömrük nəzarəti altında satılmasından ibarət
gömrük rejimidir.
Bu rejimin istifadə edilməsi imkan verir ki, xarici malların ölkənin gömrük ərazisində, gömrük nəzarəti
altında, gömrük vergiləri və iqtisadi siyasət tədbirləri tətbiq edilməmək şərti ilə satışı təşkil edilsin. Rüsumsuz
ticarətin spesifikası o biri rejimlərlə müqayisədə aşkarlanır. Rüsumsuz ticarət mağazası rejimi gömrük anbarı
rejimindən ilk növbədə onunla fərqlənir ki, bu rejimdə məqsəd malların müəyyən müddət ərzində saxlanması
deyil, onların tezliklə satılmasıdır. Xarici malların Azərbaycan Respublikasının gömrük ərazisində,
gömrük
ödənişləri ödənmədən və iqtisadi siyasət tədbirləri tətbiq etmədən satılması halı rüsumsuz ticarət mağazası
rejimini idxal-gömrük rejimindən fərqləndirən başlıca xüsusiyyətdir. Potensial alıcıları belə mağazalara cəlb
edən əsas şərt gömrük vergilərinin malın satış qiymətinə əlavə edilməməsidir. Gömrük vergiləri xarici malların
qiymətini yerli mallara nisbətən nəzərə çarpacaq dərəcədə yüksəldir, xüsusilə də aksizlərin tətbiq edilməsi daxili
bazarda onların rəqabət qabiliyyətini azaltmış olur.
Rüsumsuz ticarət mağazasının obyekti kimi həm xarici mallar, həm də yerli mallar ola bilər. Hər iki tip
mallar Azərbaycan gömrük ərazisini tərk edən fiziki şəxslər üçün nəzərdə tutulmuşlar. Beləliklə, rüsumsuz
ticarət mağazasından alınmış malların Azərbaycan gömrük ərazisindən kənara aparılması bu gömrük rejiminin
başlıca şərtidir. Bu şərtə riayət edilməsinə nəzarət məqsədi ilə belə mağazanın işçiləri malların alınması barədə
müştərilərin gediş-gəliş sənədlərində qeydlər apara bilərlər. Bu cür qeydlərin forması gömrük orqanları ilə
razılaşdırılmaqla mağazanın sahibi tərəfindən müəyyən edilir.
Rüsumsuz ticarət mağazaları rejimində hüquqi tənzimləmə obyektləri, öz növbəsində həyata
keçirilməsi
inzibati və maliyyə xarakterli hüquq normaları ilə tənzimlənən mal əməliyyatlarıdır. Bu hüquqi təqdimatlara
ciddi riayət edilməsi ticarətin xüsusi gömrük rejiminin istifadə edilməsi məsələsinin müsbət həllində zəruri
şərtdir.
Gömrük qanunvericiliyi rüsumsuz ticarət mağazalarında satıla biləcək mallar barəsində bir sıra
məhdudiyyətlər müəyyən edir. Ümumi qaydaya görə, Azərbaycan Respublikasına gətirilməsi, Azərbaycan
Respublikasından aparılması, həmçinin Azərbaycan Respublikası ərazisində satışı qadağan olunan mallar, o
cümlədən siyahısı DGK tərəfindən müəyyən olunan mallar
istisna edilməklə, istənilən mallar rüsumsuz ticarət
mağazası gömrük rejimində satıla bilər. Bununla bərabər bu məhdudiyyətlərə aşağıdakıları da əlavə etmək
lazımdır:
- digər dövlət orqanlarının nəzarətindən keçməli olan və bu orqanların icazəsinin olmadığı mallar;
- istehsal-texniki təyinatlı və digər fiziki şəxslər tərəfindən şəxsi istifadə və onların tələbatı üçün nəzərdə
tutulmadığı aşkar bilinən mallar;
- ağır çəkili və böyük həcmli mallar;
- müəyyən edilmiş hallarda idxal rüsumu tətbiq edildikdə belə rüsuma cəlb edilən və icazə alınan
mühüm xammal növləri.
Bununla bərabər qeyd etmək lazımdır ki, adı çəkilən malların bir qismi (bəzən) alqı-satqı obyekti də ola
bilər. Məsələn, pərakəndə satış üçün qablaşdırılmış yağ və sürtkü materialları, əczaçılıq məhsulları (həkim
resepti tələb olunmursa), zərgərlik məmulatları və s.
Rüsumsuz ticarət mağazalarında satış pərakəndə üsulla və vasitəçilərsiz həyata keçirilir. Alınmış mala
görə hesablaşma yalnız nəğd pul və ya kredit kartı ilə aparılır. Mağazada satılan bütün mallar gömrük orqanları
ilə razılaşdırılmış qaydada markalanmalıdır. Gömrük rejiminin spesifikası alıcılara ənənəvi kommersiya
xidmətləri satılan malların nümunələrə görə satılması,
qabaqcadan sifariş, ödənişin təxirə salınması, evə
çatdırılması və s. göstərilməsini istisna edir. Yalnız malların satışqabağı hazırlanmasına, qablaşdırılmasına və
yenidən qablaşdırılmasına icazə verilir.
Bir qayda olaraq rüsumsuz ticarət mağazaları xaricə gedən sərnişinlər üçün nəzərdə tutulan gözləmə
zallarında, beynəlxalq sərnişin daşınması üçün açıq olan hava və dəniz limanlarındakı tranzit sərnişinlər üçün
zallarda, fiziki şəxslərin dövlət sərhədini keçdiyi buraxılış məntəqələrində yaradılır. Mağaza gömrük nəzarəti
xəttinin arxasında, yəni fiziki şəxslər Azərbaycan gömrük sərhədini keçərkən malların gömrük rəsmiləşdirilməsi
aparılan yerlərin hüdudlarından kənarda yerləşməlidir. Eyni zamanda rüsumsuz ticarət mağazasının
yerləşdirilmə prinsipi Azərbaycan ərazisinə gələn şəxslərin daxil olması imkanını istisna etməlidir.
Ticarət zallarının, köməkçi otaqların və mağazanın anbarının quruluşu malların gömrük nəzarətindən
kənar gətirilməsinə və aparılmasına imkan verməməli, kənar şəxslərin daxil olma imkanını istisna etməlidir.
Gömrük orqanı - onun fəaliyyət zonasında yerləşən rüsumsuz ticarət mağazasının
quruluşuna, avadanlığına və
bölmələrinin yerinə görə konkret tələblər müəyən edə bilər.
68
Rüsumsuz ticarət mağazası gömrük rejimi altında yerləşdirilən malların gömrük rəsmiləşdirilməsi
icraatının yeri, yalnız mağazanın anbarı ola bilər. Bu anbara mallar gömrük orqanının vəzifəli şəxsinin iştirakı
və ya icazəsi ilə yerləşdirilə bilər. Malların rüsumsuz ticarət mağazası gömrük rejimi altında yerləşdirilməsinə
görə müvafiq gömrük yığımı tutulur.
Rüsumsuz ticarət mağazası sahibinin hüquqi statusu onun əsas vəzifələri ilə müəyyən edilir. Bu
vəzifələrin xarakteri - birncisi, rüsumsuz ticarət rejimi şəraitində sahibkarlıq fəaliyyətinin spesifikası ilə, ikincisi
isə gömrük nəzarəti zonasının rejiminə riayət etməyə yönəldilmiş qanunvericiliyin tələbləri ilə şərtləndirilir.
Rüsumsuz ticarət mağazası sahibinə yönəlmiş tələblər aşağıdakılardır:
1) rüsumsuz ticarət mağazasına daxil olan malların gömrük nəzarətindən kənar götürülməsinə yol
verməmək;
2) bu gömrük rejimi altında daxil olan malların uçotunu aparmaq və bütün əməliyyatlar barədə müəyyən
edilmiş qaydada gömrük orqanlarına məlumat vermək.
Bu məqsədlə mağaza sahibi, axırıncı yazının qeyd
edildiyi gündən etibarən 3 (üç) il müddətində saxlamağa borclu olduğu uçot kitabı aparmalıdır. Uçot kitabının
aparılması, hətta mağazada avtomatlaşdırılmış uçot sistemindən istifadə edildiyi halda da işlənməlidir. Bu kitab
ilk tələbdə gömrük orqanlarının vəzifəli şəxslərinə təqdim edilir.
7.4.7. Sərbəst gömrük rejimi zonası
Sərbəst gömrük zonası - xarici mallardan gömrük rüsumları və vergilər alınmadan, həmçinin
göstərilən mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən onların müvafiq ərazi sərhədlərində və ya
binalarda (yerlərdə) yerləşdirilməsi və istifadəsindən, Azərbaycan mallarının isə bu məcəllə ilə müəyyən
edilən qaydada ixrac- gömrük rejiminə müvafiq olaraq malların aparılmasına tətbiq edilən şərtlərlə
yerləşdirilməsi və istifadə olunmasından ibarət gömrük rejimidir.
Gömrük-tarif tənzimlənmələri tədbirləri baxımından sərbəst gömrük zonası xarici mənşəli malların
gömrük rüsum və vergiləri ödənilmədən saxlanılması, satılması və alınması mümkün olan rüsumsuz ticarət və
anbar ərazisi kimi qəbul edilir. Belə ki, vergi rejimi nöqteyi-nəzərindən mallara gömrük sərhədindən kənarda
yerləşdirilmiş kimi baxılır. Belə ərazidən kənarlıq təkcə gömrük-tarif tənzimlənmələrinə -
yəni vergi rejiminə
deyil, həm də xarici ticarət münasibətlərinin inzibati rejiminə - yəni qeyri-tarif tənzimləmələrinə də aiddir.
Gömrük anbarı rejimindən fərqli olaraq sərbəst gömrük zonası rejimi malların saxlanılma müddətini
məhdudlaşdırmır. Sərbəst gömrük zonasının gömrük ərazisindən kənar hesab edilməsi Gömrük Məcəlləsinin 3-
cü maddəsinin ikinci hissəsində öz əksini tapır:
“Azərbaycan Respublikası ərazisində sərbəst gömrük zonaları yerləşə bilər. Məcəllədə və gömrük
işi üzrə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında müəyyən edilən hallar istisna
edilməklə, sərbəst gömrük zonalarının əraziləri Azərbaycan Respublikasının gömrük ərazisindən
kənarda yerləşən ərazidir”.
Göründüyü kimi, sərbəst gömrük zonalarının və sərbəst anbarların perimetri gömrük sərhədidir. Öz
inzibati-hüquqi statusuna görə daxili sərhədlər xarici sərhədlərə bərabər tutulur: sərbəst zonanın ərazisi sərhəd
zonası kimi baxılır və oraya giriş-çıxış xüsusi nəzarət buraxılış məntəqələrindən buraxılış vərəqləri əsasında
həyata keçirilir. Daxili sərhədlərin qorunması gömrükçülərlə sərbəst zona rəhbərliyinin birgə səyləri ilə təmin
edilir. Sərbəst gömrük zonası rejiminin cəlbediciliyi ondadır ki, bu fəaliyyət sərbəst iqtisadi zonaların
yaradılmasında ilk mərhələ kimi təqdirəlayiqdir. Sərbəst gömrük zonalarının
fəaliyyəti imkan verir ki, sərbəst
iqtisadi zonaların idarə edilməsi məsələsi üçün təcrübə toplansın və eyni zamanda xarici investorlar bu
məsələlərdə hökumətin iqtisadi siyasətinin əsas prinsipləri ilə tanış olub ölkəyə kapital qoyuluşunun təminatı
aspektlərini dəqiqləşdirsinlər.
Hər hansı sərbəst zona üçün əlverişli coğrafi mövqe mühüm əhəmiyyət kəsb edir. Adətən sərbəst
gömrük zonaları xarici ticarət fəaliyyəti ilə bağlı xidmətlərin ixracı üzrə ixtisaslaşırlar. Sərbəst gömrük
zonalarının yaradılması yerli istehsalçıların xarici iqtisadi fəaliyyətə cəlb edilməsinə imkan verir.
Sərbəst gömrük zonası gömrük rejimlərinin əsas qayəsi ondan ibarətdir ki, bu rejimlərdə xarici mallar
müəyyən edilmiş ərazi sərhədləri daxilində və ya binalarda (yerlərdə) gömrük rüsum və vergiləri alınmadan,
həmçinin bu mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən, Azərbaycan malları isə ixrac
gömrük rejimi ilə
müəyyən edilən şərtlər daxilində yerləşdirilir və istifadə edilir.
Bu gömrük rejimləri altında Azərbaycan Respublikası ərazisinə gətirilməsi və aparılması qadağan
olunmamış mallar yerləşdirilə bilər.
Azərbaycan Respublikası Qanunvericiliyinə riayət edilməsini təmin etmək məqsədi ilə, malların
xarakterindən asılı olaraq, sərbəst gömrük zonalarında mallarla aparılan əməliyyatlara qadağanlar və
məhdudiyyətlər qoyula bilər. Bu cür qadağanları və məhdudiyyətləri gömrük zonası barəsində AR Nazirlər
Kabineti müəyyən edir.