Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə58/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   54   55   56   57   58   59   60   61   ...   71

çıxarıb otağın qapısını açdı. Sonra bir anlıq dayandı; onun gözlərindən həyəcan və 
qorxu oxunurdu, əlləri əsirdi. O, kəkələyə-kəkələyə dilləndi: 
– Alan, içəri girməyə qorxuram. 
– Qorxursunuz, girməyin. Siz mənə lazım deyilsiniz! – Kəmpbell soyuq cavab 
verdi. 
Dorian qapını yarıya kimi açdı; gün şüalarının üstünə düşdüyü öz portretini 
gördü, portretin gözləri ona baxırdı. Şəklin qarşısında döşəməyə cırıq-cırıq olmuş 
örtük düşmüşdü. Yadına düşdü ki, ötən gecə o, ömründə ilk dəfə portretin üstünü 
örtməyi unutmuşdu; bir anlıq istədi dərhal cumub şəklin üstünü örtsün, lakin 
qəflətən dəhşət içində geri sıçradı. Portretin bir əlinin üstünə iyrənc  rütubət 
qonmuşdu; qırmızı, işıldayan bir nəmlik. Elə bil, kətan parçanı qanlı tər 
bürümüşdü. Bu nə demək idi? Aman Allah! Necə dəhşətli görünür? Bu, ona o 
donuq meyitdən də dəhşətli göründü. Meyit stulda oturub başını stola qoymuşdu, 
onun mənfur kölgəsi pərdəyə düşmüşdü, görünür, necə var, eləcə də durmuşdu 
yerində. 
Dorian ağır-ağır nəfəsini dərdi və qapını daha geniş açıb cəld içəri girdi. Gözlərini 
yerə dikib meyitə arxasını çevirdi, qətiyyətlə yerə düşmüş al-qırmızı, qızılı rəngli 
örtüyü qaldırıb portretin üstünə saldı, heç gözünün ucuyla da olsa, meyitə sarı 
baxmadı. 
Elə oradaca durub dayandı, geri baxmağa cürət eləmədi, gözlərini örtüyün 
üstündəki mürəkkəb naxışlara zillədi. Kəmpbellin içəri girdiyini, ağır şeyləri 
otağa daşıdığını, ona lazım olan digər ləvazimatları içəri yığdığını eşitdi. Birdən 
düşündü ki, görəsən, Bazil Holvardla Alan bir-birini tanıyırdılarmı? Bəlkə, bir-
birinə haradasa rast gəliblər? Belə olsa, görəsən, onlar bir-biri barədə nə 
düşünürlərmiş? 
– İndi çıxın gedin buradan,  – arxadan sərt səs gəldi. 
Dorian geri döndü və çölə çıxmağa tələsdi; bircə bunu görə bildi ki, meyitin başı 
dik qalxıb, arxası üstə stula söykənib və Kəmpbell onun sapsarı sifətini nəzərdən 
keçirir. Aşağı düşəndə Dorian eşitdi ki, otağın qapısı içəridən açarla bağlandı. 
Saat səkkizə işləmiş Kəmpbell aşağı – kitabxanaya düşdü. O, solğun görünürdü, 
lakin tam sakit idi. 
– Mən sizin xahişinizi yerinə yetirdim, işi görüb qurtardım,  – astadan dilləndi. – 
İndi isə, sağ olun, əlvida! Həmişəlik! Mən bir daha sizi görmək istəmirəm! 
– Siz mənim həyatımı xilas etdiniz, Alan. Mən bunu heç vaxt unutmaram. 
Kəmpbell gedən kimi Dorian tələsik yuxarı çıxdı. Otağı kəskin nitrat turşusunun 
iyi bürümüşdü. Meyit isə artıq yerində yox idi. 
 
ON BEŞİNCİ FƏSİL 
 


Həmin gecə səkkiz otuzda Dorian Qrey  geyinib-keçinib, yaxalığına da iri Parma 
bənövşəli sancağını taxaraq ledi Narboronun evinə getdi; evin xidmətçiləri 
Doriana təzim edərək onu qonaq otağına qədər müşayiət etdilər. Onun 
gicgahlarındakı qan sürətlə vurur, əsəbləri tarıma çəkilmişdi və o, nəzərəçarpacaq 
dərəcədə gərgin görünürdü; lakin o, ev sahibəsinin əlini adi qaydada nəzakətlə 
öpdü. Görünür, insan özünü artistliyə məcbur edəndə sakitlik və sərbəstlik təbii 
görünür; əlbəttə, o gecə Dorian Qreyi görənlərin heç biri inanmazdı ki, o, belə bir 
faciəni yaşamalı olub; özü də əsrin ən dəhşətli bir faciəsini! O zərif, incə 
barmaqlar iti bıçağı sıxa bilməzdi; o təbəssümlü dodaqlar arasından Allaha qarşı 
lənətli sözlər çıxa bilməzdi, bəşər cəmiyyətinin müqəddəs hesab elədiyi dəyərləri 
qarğıya bilməzdi! Dorian özü də öz arxayınçılığına və sakitliyinə mat qalmışdı. 
Elə anlar olurdu ki, o, öz ikili həyatı barədə düşünərkən bundan dəhşətli bir həzz 
alırdı. 
Həmin gecə ledi Narboronun evində qonaqlar çox deyildi; qadın az adam 
çağırmışdı evinə. Ledi Narboro ağıllı qadın idi; lord Henrinin dediyi kimi, 
həqiqətən, nəzərəçarpacaq kifirliyinin xırda qalıqlarını qoruyub saxlamışdı. Bu 
qadın uzun illər nümunəvi həyat tərzi yaşamışdı, o, darıxdırıcı bir adamın, 
səfirlərdən birinin xanımı olmuşdu; ərinin ölümündən sonra qadın onu dəbdəbəli 
mavzoleydə dəfn elədi; bu mərmər məqbərənin dizaynını da qadın özü çəkmişdi. 
Ledi Narboro qızlarını da varlı adamlara ərə verdi; doğrudur, onlar çox yaşlı 
idilər, amma varlı olduqları üçün ledi qızlarını onlara ərə verdi; indi azad və 
sərbəst həyat yaşayırdı, əylənirdi – fransız romanları, fransız mətbəxi, fransız 
zirəkliyindən ləzzət alırdı; bir sözlə, harada fransızlarla bağlı maraqlı şeylər əlinə 
keçirdisə, bundan ləzzət almağa çalışırdı. 
Dorian onun sevimli tanışlarından sayılırdı; onunla söhbət edərkən qadın həmişə 
ləzzət aldığını söyləyir, deyirdi ki, kaş cavan olanda Doriana rast gələydi. 
“Əzizim, o zaman mən sizə dəlicəsinə vurulardım, – deyə bildirirdi – və sizdən 
ötrü də öz ləçəyimi dəyirmanın üzərindən tullayardım. Nə xoşbəxt təsadüf ki, o 
zaman siz heç həyatda yox idiniz! Çünki bizim vaxtımızda qadın ləçəkləri elə 
eybəcər və dəyirmanlar da elə bayağı işlərlə məşğul idi ki, mən heç adam tapa 
bilmirdim onunla eşqbazlıq edim. Əlbəttə, bütün bunların başlıca baiskarı 
Narboro idi. O, çox fərasətsiz, uzağı görə bilməyən bir adam idi; uzağı görə 
bilməyən əri aldatmağın nə ləzzəti ola bilərdi, hə?” 
Qadının bugecəki qonaqları da çox darıxdırıcı adamlar idilər. Qadın üzünü 
pırtlaşıq yelpiyinin arxasında gizlədərək Doriana pıçıldayırdı ki, onun ərdə olan 
qızlarından biri qəflətən gəlmiş, özü də ən pisi budur ki, ərini də gətirmişdir. 
– Əzizim,  hesab edirəm ki, qızım nəzakətsizlik edib, – qadın Dorianın qulağına 
pıçıltıyla şikayətlənməyə başladı. – Əlbəttə, hər yay mən Hamburqdan qayıdanda 
onlara gedirəm və orada qalıram; axı mənim kimi yaşlı qadına təmiz hava da 
lazımdır və  bundan başqa, gedəndə çalışıram, onları da hərəkətə gətirəm, onların 


özünə də bu lazımdır. Bilirsiniz necə həyat sürürlər orada?! Sırf əyalət 
adamlarıdır! Sübh tezdən dururlar, çünki iş-gücləri başdan aşır; erkən də yatağa 
girirlər, çünki heç nə barədə düşünmürlər. Kraliça Yelizavetanın dövründən ta bu 
günə kimi bütün əyalətdə hələ bir dənə də olsun qalmaqal baş verməyib; günorta 
yeməyindən sonra başlarını qoyub yatırlar, vəssalam. Amma siz narahat olmayın, 
stolda onlarla yanaşı oturmayacaqsınız. Siz mənim yanımda oturacaq və məni də 
əyləndirəcəksiniz! 
Dorian minnətdarlıq təbəssümü göstərdi, kompliment dedi və sonra ətrafa göz 
gəzdirdi; hə, doğrudan da, qonaqlar darıxdırıcıydı. Gələnlərdən ikisini heç 
tanımırdı, onları əvvəllər heç harada görməmişdi, digərlərindən biri Ernest 
Harroden idi; London klublarının daimi qonağı olan ortayaşlı maraqsız bir adam. 
Düşməni-zadı yox idi; lakin getdikcə altdan-altdan baxıb görürdü ki, onu 
sevməyən dostları peyda olur. O  biri qonaq ledi Rukston idi; qarmaqburun, 
həddən artıq bəzənib-düzənmiş qırx yeddi yaşlı bu qadın özünü gözdən salmağa 
can atırdı; lakin o qədər sadəlövhlük edirdi ki, heç kəs onun yüngül və ədəbsiz 
hərəkətlərinə inanmaq istəmirdi. Missis Erlinn cəmiyyət arasında heç bir mövqeyi 
olmayan bir qadın idi; lakin o, mövqe qazanmağa can atırdı; venesiyalı qadınlar 
kimi kürən saçları vardı, sözləri bir qədər aydın tələffüz etmirdi, amma 
xoşagəlimli idi; ledi Narboronun qızı Əlis Çəpmən – tipik ingilis sifəti olan (onu 
bir dəfə görən heç vaxt yadına salmazdı) zövqsüz geyinmiş cavan bir qadın idi; 
onun qırmızıyanaq ərinin ağ bakenbardları vardı; öz sinfinə mənsub adamların 
əksəriyyəti kimi mister Çəpmən də belə güman edirdi ki, hədsiz şadyanalıq edən 
adamlar  tamamilə düşünmək qabiliyyəti olmayan adamlardır.  
Dorian artıq bura gəlməyinə peşman olmuşdu; amma birdən ledi Narboronun 
gözü buxarının üstündəki iri qızılı tunc saatın əqrəblərinə sataşdı və qadın 
qışqırdı: 
– Henri Votton gecikir! Bu bağışlanmazdır! Mən bilərəkdən ona bu gün səhər 
dəvətnamə göndərdim və o da söz verib ki, gələcək. 
Henrinin gəlmək xəbəri Doriana bir qədər təskinlik verdi; o, qapının açıldığını və 
Henrinin yumşaq və musiqili səsini eşidəndə onun peşmançılığı və darıxmağı bir 
göz qırpımında yox oldu; Henrinin məlahətli səsi onun qeyri-səmimi 
üzrxahlığına, sanki, füsunkarlıq gətirdi. 
Lakin Dorian naharda heç nə yeyə bilmədi. Qabağındakı boşqablar bir-birinin 
ardınca dəyişdirilirdi, amma o, əlini birinə də vurmurdu. Ledi Narboro elə hey 
onu məzəmmətləyir, “zavallı Adolf bu yeməkləri məxsusi olaraq sizin üçün 
hazırlayıb” deyə tez-tez təkrar edirdi; lord Henri isə uzaqdan dostuna göz qoyur, 
onun sakitcə oturmağına, dalğın görünməyinə təəccüb edirdi. Xidmətçi Doriana 
tez-tez şampan şərabı süzürdü, o da bakalı götürüb başına çəkir, sanki, 
susuzluğunu yatırırdı. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə