Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə66/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   63   64   65   66   67   68   69   70   71

olan fincana bənzəyirdi. Sakit gölün sahillərindəki qamışlığın ətrafını nazik buz 
qatları örtmüşdü.  
Şamağacı meşəsinin kənarında Dorian hersoginyanın qardaşını, ser Cefri 
Kloustonu gördü; Klouston tüfəngindən iki boş patron çıxarırdı. Dorian ikitəkərli 
arabadan tullanıb düşəndə ekipaj xidmətçisinə atı evə aparmağı əmr etdi, özü isə 
kolluqların və ayıdöşəyi pöhrəliklərinin arasıyla qonağına sarı getdi. Kloustona 
çatan kimi: 
– Hə, Cefri, yaxşı ov eləyə bildiniz? – soruşdu. 
– Bir o qədər yox, Dorian. Görünür, quşların çoxu uçub gedib açıqlığa. Məncə, 
lançdan sonra gəlsək yaxşıdır, həm də yerimizi dəyişərik. Bəlkə, oralarda 
bəxtimiz gətirə... 
Dorian onunla bərabər addımlayırdı; meşənin canlı ətri, onun yaşıllıqları 
arasından bərq vuran günəşin qızılı və qırmızı zolaqları ağac gövdələrinin üzərinə 
düşür, hərdənbir meşədən eşidilən sürəkçilərin boğuq qışqırtıları və tüfəng 
çaxmaqlarının iti şaqqıltıları eşidilirdi; bir sözlə, hər şey onu vəcdə gətirir, 
fərəhləndirir və qəlbini ecazkar azadlıq duyğuları ilə doldururdu. Bu dəqiqələrdə 
onun bütün ruhunu qayğısız səadət və sevinc duyğuları bürümüşdü.  
Qəflətən, təxminən, iyirmi yard aralıda ot basmış köhnə təpəciyin arxasından bir 
dovşan qaçdı; uzun, qara qulaqlarını şəkləyən dovşan  arxa ayaqlarını uzadaraq 
qızılağac cəngəlliyinə tərəf güllə kimi götürüldü. Ser Cefri dərhal çiynindən 
asdığı tüfəngini götürdü, onu dovşana sarı tuşladı. Heyvanın heyrətedici ürkək 
hərəkətləri Dorianı məftun etdi və o,  dərhal qışqırdı: 
– Cefri, onu vurmayın! Qoy yaşasın! 
– Nə olub, Dorian, bu nə deməkdir? – Cefri güldü və dovşan cəngəlliyə girən 
anda o, güllə atdı. Bir anda iki tükürpərdici səs gəldi – yaralanmış dovşanın və bir 
də güclü ağrıdan inildəyən insanın səsi. 
– Aman Allah! Mən, deyəsən, sürəkçini vurdum! – ser Cefri ufuldadı, sonra: – Bu 
eşşəyin orada nə ölümü var?! Hey,  güllə atmayın! Adam yaralanıb! – öz 
nişançılarına üzünü tutub əlavə etdi. 
Baş nişançı əlində dəyənək qaça-qaça yaxınlaşdı, ucadan soruşdu: 
– Haradadır, ser? O haradadır? 
Bütün zonada güllə səsləri dərhal kəsildi. 
– Oradadır, – deyən ser Cefri acıqlı-acıqlı cəngəlliyə tərəf tələsdi. – Adamlarınızı 
niyə buralara soxursunuz, hə? Mənim bütün ovumu zəhrimara döndərdiniz! 
Dorian gördü ki, hər ikisi budaqları əyə-əyə qamışlığın içinə girdi. Bir azdan gün 
işığının düşdüyü meşə kənarında onların insan cəsədini necə daşıdığını gördü. 
Dorian dəhşət içində üzünü çevirdi. Ona elə gəldi ki, bədbəxtlik onu hər yerdə 
təqib edir. O, ser Cefrinin nişançıdan adamın ölüb-ölmədiyini soruşduğunu eşitdi. 
Nişançı cavab verdi ki, adam ölüb. Meşə birdən-birə canlandı, adamlar 


tökülüşdülər, ayaq səsləri gurlaşdı, hay-küy qopdu. Sinəsi qırmızı iri bir qırqovul 
qanadlarını pırıldadaraq ağacların yuxarı budaqlarının arasıyla uçub getdi. 
Bu ağrılı dəqiqələr Doriana bitməyən əzablı saatlar kimi görünürdü və elə 
içindəki bu ağır yükü çəkərkən birdən kimsə əlini onun çiyninə qoydu. Hövlnak 
dönüb qarşısında lord Henrini gördü.  
– Dorian, – lord Henri dedi, – yaxşısı budur, onlara deyim ki, bu gün ovu 
dayandırsınlar; belə vəziyyətdə ovu davam etdirmək yaramaz. 
– Kaş bu ovu birdəfəlik qadağan edəydilər! – Dorian acı-acı dedi. – Bu çox 
amansız və murdar əyləncədir! O adam öl?.. 
Dorian sözünü axıradək deyə bilmədi. 
– Hə, öldü... – lord Henri tamamladı. – Güllə onun sinəsini deşik-deşik edib. 
Görünür, o, elə yerindəcə keçinib. Gəlin, Dorian, gəlin gedək evə... 
Onlar əsas xiyabanla dinib-danışmadan, təxminən, əlli yard getdilər. Nəhayət, 
Dorian lord Henriyə sarı dönüb ağır yük götürmüş adamlar kimi dedi:  
– Bu, çox pis əlamətdir, Harri, çox pis! 
– Nə demək istəyirsiniz? – lord Henri soruşdu, sonra dərhal özü də cavab verdi: – 
Hə, bu bədbəxt hadisəni deyirsiniz... Əzizim, neyləmək olar? O adamın öz səhvi 
idi... Güllənin qabağına niyə çıxırdı axı?  Bir də axı bizdə nə günah var? Əlbəttə, 
Cefri üçün olduqca xoşagəlməz bir hadisə oldu; sürəkçiləri belə dəlmə-deşik 
eləmək də düzgün deyil. Adamlar nə düşünər? Deyərlər ki, Cefri yaxşı ovçu deyil. 
Axı o, sərrast ovçudur?! Nə isə... Gəlin bu barədə bir daha danışmayaq... 
Dorian başını bulayıb dedi: 
– Yox, Harri, ürəyimə damıb ki, bu, çox bəd əlamətdir. Nəsə, elə bilirəm dəhşətli 
bir şey olacaq. Ola bilsin ki, mənim başıma gəlsin... 
Lord Henri güldü. 
– Dünyada ən dəhşətli şey darıxmaqdır, – dedi. – Bax bu, Dorian, elə yeganə  
bağışlanmaz günahdır. Lakin bizi belə bir təhlükə gözləmir, əlbəttə, əgər bizim 
dostlarımız nahar vaxtı o bədbəxt hadisə barədə danışmasalar... Gərək onlara 
xəbərdarlıq edək ki, bu mövzu qadağandır... O ki qaldı əlamətə, deyim ki, heç bir 
əlamət-filan olmur, cəfəngiyatdır bu! Tale bizə müjdəçilər, ya da xəbərçilər 
göndərmir! Tale kifayət qədər müdrik və ya kifayət qədər amansızdır bu sarıdan! 
Bundan əlavə, Dorian, deyin görüm, sizi axı nə narahat edir, sizə nə ola bilər? 
Sizin hər şeyiniz, insanın arzuladığı nə varsa, hamısı varınıdız. Hamı sizə həsəd 
aparır, hər kəs sizin yerinizdə olmaq istərdi... 
– Harri, mənsə öz yerimi hər hansı birinə verməyə sevinərdim. Gülməyin, Harri, 
düz deyirəm. Bayaq ölən bədbəxt kəndli məndən daha xoşbəxtdir. Ölüm qorxulu 
deyil ki! Ölümün yaxınlaşması dəhşətdir. Mənə elə gəlir ki, ölümün mənfur 
qanadları artıq mənim başımın üzərində qara boğanaq kimi yellənir. Ah, ilahi! 
Məgər görmürsünüz ki, orada, ağacların arxasında hansısa adam gizlənib, məni 
güdür, məni gözləyir? 


Lord Henri Dorianın titrəyən əlcəkli əlinin tuşlandığı istiqamətə baxdı və gülə-
gülə dedi: 
– Hə, görürəm. Bağbanı görürəm, sizi gözləyir. Məncə, o, sizdən soruşacaq ki, bu 
gün stola hansı çiçəklərdən dərib qoysun. Əzizim, sizin əsəbləriniz yaman gərilib! 
Şəhərə qayıdanda mütləq gəlin gedək, sizi öz həkimimə göstərim! 
Dorian bağbanın onlara yaxınlaşdığını görən kimi rahatca nəfəs aldı. Bağban 
şlyapasını azca qaldırıb sıxıla-sıxıla lord Henriyə təzim etdi, salamlaşdı və 
cibindən bir məktub çıxarıb öz sahibinə uzatdı.  
– Hersoginya ülyahəzrətləri dedi ki, cavab üçün gözləyim, – bağban pıçıldadı. 
Dorian məktubu cibinə qoyub soyuqqanlı tərzdə dedi: 
– Hersoginya ülyahəzrətlərinə deyin ki, mən indi gəlirəm... 
Bağban cəld dönüb tələsik malikanəyə tərəf üz qoydu. 
– Bu qadınlar riskli şeylər etməyi necə də sevirlər! – lord Henri gülə-gülə dedi. – 
Onlardakı bu keyfiyyəti çox xoşlayıram. Qadın dünyada hər kəslə eşqbazlıq 
etməyə hazırdır, ta o vaxta qədər ki, camaat duyuq düşsün. 
– Harri, siz də riskli şeylər danışmağı xoşlayırsınız! Bu məsələdə isə çox səhv 
edirsiniz! Hersoginya mənim çox xoşuma gəlir, amma mən onu sevmirəm! 
– O isə sizi çox sevir, amma deyim ki, sizdən heç də çox xoşu gəlmir. Buna görə 
də sizdən yaxşı cütlük çıxar... 
– Siz dedi-qodu yaradırsınız, Harri! Özü də bu dedi-qodunun heç bir əsası 
yoxdur! 
– Hər bir qeybətin, dedi-qodunun əsasını əxlaqsızlığa inam təşkil edir, – lord 
Henri siqaret yandırdı. 
– Harri, siz bəlağətli sözlər naminə hər kəsi qurban verərsiniz! 
– İnsanlar özləri qurbangaha çıxırlar ki, özlərini qurban versinlər. 
– Kaş mən də sevə biləydim! – Dorian dərindən ah çəkdi, – lakin mənə elə gəlir 
ki, artıq bu qabiliyyətimi itirmişəm, istək və arzularımı tamam yaddan 
çıxarmışam. Mən həmişə həddən artıq özüm barədə düşünmüşəm. Mənim 
şəxsiyyətim artıq özümə yük olub. Mən qaçıb gizlənmək istəyirəm, hər şeyi 
unutmaq, hər kəsdən qaçmaq istəyirəm. Bura gəlməyim də lap axmaqlıq idi. 
Fikrim var ki, Harveyə teleqram göndərim, qoy yaxtanı hazırlasın; yaxtada adam 
özünü təhlükəsiz hiss edir.  
– Nədən qorunursunuz, Dorian? Sizə nəsə bədbəxtlik üz verib, nəsə olub? Niyə 
susursunuz? Bilirsiniz ki, mən həmişə sizə kömək etməyə hazıram... 
– Harri, mən sizə deyə bilmərəm; görünür, bütün bunlar mənim fantaziyamdır. 
Bayaqkı bədbəxt hadisə mənə pis təsir etdi, əhvalımı korladı. Hiss edirəm ki, 
mənim də başıma belə bir iş gələ bilər... 
– Fikir verməyin! Bu bir cəfəngiyatdır! 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə