Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə69/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   63   64   65   66   67   68   69   70   71

– Bilmirəm, deyə bilmərəm. Əgər Bazil təcrid olunmağı seçibsə, bu, onun öz 
işidir. Əgər o, ölübsə, onda onun haqqında düşünmək belə istəmirəm. Ölüm 
yeganə şeydir ki, mən o barədə düşünəndə qorxuram; mən ölümə nifrət edirəm. 
– Nə üçün axı? – Dorian tənbəlcəsinə soruşdu. 
– Ona görə ki, – lord Henri sirkə flakonunu burnuna aparıb iylədi,  sonra davam 
etməyə başladı, – bizim zəmanədə insan ölümdən başqa hər şeyə dözə bilər. Ölüm 
və bayağılıq! Bax bu iki seydir on doqquzuncu əsrin adamına anlaşılmaz və 
izahsız görünən. Gəl gedək, qəhvəmizi musiqi zalında içək, Dorian! Şopendən bir 
şey çalın mənim üçün! Mənim arvadımın qoşulub qaçdığı adam da Şopendən 
yaxşı şeylər çalırdı. Zavallı Viktoriya! Mən onu çox sevirdim, onsuz ev boş 
görünür. Əlbəttə, ailə həyatı yalnız vərdişdir, çox pis bir vərdişdir! Lakin insan ən 
pis vərdişindən belə çətinliklə ayrılır. Daha doğrusu, ən pis vərdişdən əl çəkmək 
daha çətindir. Onlar insan şəxsiyyətinin ən mühüm hissəsidir. 
Dorian heç nə demədi və durub sakitcə o biri otağa keçdi, piano arxasında oturub 
barmaqları ilə onun ağ və qara dilləri üzərində gəzişməyə başladı. Qəhvə içəri 
veriləndə o dayandı və lord Henridən soruşdu: 
– Harri, sizcə, Bazili öldürə bilərlər? Bu heç ağlınıza gəlirmi? 
Lord Henri əsnəyib dedi: 
– Bazil tanınmış adam idi, həmişə də Voterberi saatı taxırdı, ucuzvari bir saat idi. 
Onu nə üçün öldürsünlər ki? Siz deyən ağıllı adam da deyildi ki, düşmənləri çox 
olsun. Əlbəttə, o, çox istedadlı rəssamdır, lakin Velaskesi çəkə bilən böyük 
rəssam... kütün birisi, darıxdırıcı adam da ola bilər. Bazil, doğrudan da, cansıxıcı 
adam idi. O, cəmi bir dəfə mənim marağıma səbəb olub,  bu da çox illər bundan 
qabaq. O zaman Bazil mənə etiraf etdi ki, o, sizi çox sevir, siz onun ilham 
pərisisiniz, siz onun yaradıcılığına stimul verirsiniz. 
– Mən Bazili çox sevirdim, – Dorian kədərlə bildirdi. – Deməli, heç kimin ağlına 
gəlmir ki, onu öldürüblər? 
– Bəzi qəzetlərdə bu versiya yazılıb. Mən isə buna inanmıram. Parisdə, əlbəttə, 
şübhəli yerlər var, amma Bazil elə yerlərə gedən adam deyil. Onda öyrənmək 
həvəsi, demək olar, yoxdur; bu, onun əsas çatışmayan cəhətidir. 
– Harri, əgər desəm ki Bazili mən öldürmüşəm, nə deyərdiniz, hə? – Dorian bu 
sözləri deyərkən gözlərini lord Henriyə zillədi. 
– Deyərdim ki, əziz dostum, siz özgə rolunda çıxış etməyə çalışırsınız... O 
xarakter sizə münasib deyil. Bütün cinayətlər qeyri-əxlaqidir, bütün əxlaqsızlıqlar 
da cinayətdir. Siz, Dorian, cinayət törədə bilməzsiniz, buna heç qabiliyyətiniz də 
yoxdur. Bağışlayın ki, belə bir qənaətlə sizin mənliyinizə toxundum, amma sizi 
əmin edirəm ki, bu bir həqiqətdir deyirəm. Cinayətkarlar hər zaman aşağı 
təbəqənin adamları olurlar, mən onları da heç mühakimə etmirəm. Mənə elə gəlir 
ki, onlar üçün cinayət nədirsə, bizim üçün də incəsənət elədir. Yəni sadəcə, həm 
cinayət, həm də incəsənət bir vasitədir, güclü hiss və duyğular bəxş edən vasitə! 


– Güclü hiss və duyğular bəxş edən vasitə? Deməli, sizin sözünüzdən belə çıxır 
ki, insan bir dəfə cinayət etdisə, ikinci dəfə də etməyə qadirdir? Boş şeydir, Harri! 
– Oh! Kimsə bir şeyi tez-tez edirsə, deməli, ondan ləzzət alır... – deyə lord Henri 
güldü. – Bu da həyatın ən vacib sirlərindən biridir.  Bununla belə, qətli həmişə 
səhv bir addım hesab edirəm. Nahardan sonra insanlarla danışa bilmədiyin şeyləri 
heç vaxt eləmək lazım deyil! Nə isə, gəlin zavallı Bazil söhbətini bitirək. İnanmaq 
istərdim ki, onun sonu sizin güman etdiyiniz kimi çox romantik olsun. Lakin hər 
halda, mən buna inanmıram. Bəlkə də, o, omnibusdan Sena çayına düşüb və 
konduktor da bunu camaatdan gizlədib ki, başağrısı olmasın. Hə, düşünürəm ki, 
elə belə də olub. İndi, Allah bilir, o, Senanın lilli, yaşıl sularının dibində uzanıb, 
üstündən ağır yük gəmiləri keçir, saçlarına da uzun yosunlar ilişib. Bilirsiniz, 
Dorian, onun təsviri incəsənətdə bundan sonra nəsə yaratmasına inanmıram. Son 
on ildə onun yaratdığı əsərlər çox zəif idi... 
Dorian cavab vermək əvəzinə ah çəkdi; lord Henri isə durub otağın o biri küncünə 
sarı yeridi və orada bambuq şüvülünün üstündə oturan nadir Yava tutuquşusunu 
tumarlamağa başladı. Onun barmaqları bu boz qanadlı, çəhrayı kəkilli və 
quyruqlu iri quşun belinə toxunan kimi ağ pərdəli göz qapaqlarını qara güzgü 
gözlərinin üstünə salladı və dala-qabağa yellənməyə başladı.   
– Hə, belə işlər, Dorian, – lord Henri döndü, cibindən dəsmal çıxararaq söhbətinə 
davam etdi. – Onun şəkilləri, demək olar ki, çox zəif idi. Nəsə çatmır onlarda. 
Görünür, Bazil öz idealını itirib. Siz onunla yaxından dostluq edən dövrdə o, 
böyük rəssam idi. Sonra bu dövr qurtardı. Siz nə üçün aralandınız? Yəqin, o, sizi 
boğaza yığdı, hə? Əgər belə olubsa, Bazil bunu heç vaxt bağışlamazdı; çünki 
bütün darıxdırıcı adamlar belədir. Yeri gəlmişkən, onun çəkdiyi o gözəl portret 
necə oldu? Sizin portreti deyirəm! Bazil o şəkli çəkib qurtarandan bəri onu bir 
dəfə də görməmişəm. Oh! Yadıma gəlir, bir neçə il bundan qabaq siz mənə 
demişdiniz ki, onu Selbiyə göndərmisiniz, nəsə o şəkil ya yolda itib, ya da nəsə 
onu oğurlayıblar?.. Belə bir şey eşitmişdim sizdən... Tapılmadı, hə? Heyif! Bax 
əsl şedevr o portret idi! Yadıma gəlir ki, mən onu almaq istəyirdim. Heyif, o vaxt 
onu almadım. Gərək alaydım! Bu əsər Bazilin şah əsəriydi. O, bu əsəri 
yaradıcılığının çiçəkləndiyi bir dövrdə yaratmışdı. O vaxtdan bəri onun çəkdiyi 
şəkillər bir elə marağa səbəb olmayıb; o da ingilis təsviri sənət nümayəndələri 
kimi qarışıq şəkillər çəkir, yəni xoş niyyətlə pis işin qarışığından yaranan sənət 
nümunələri. Portretin itkin düşməsi barədə siz qəzetə elan vermisiniz? Gərək 
verəydiniz... 
– Bilmirəm, yadımda deyil, Harri,  – Dorian cavab verdi. – Deyəsən, vermişdim. 
Amma düzünü deyim, mənim o portretdən heç xoşum gəlmirdi. Ona görə nə 
qədər pozada oturdum, təəssüf edirəm. Bu barədə xatırlamaq belə istəmirəm. 
Bilmirəm bu söhbət niyə ortaya çıxdı?! Bilirsiniz, Harri, mən portretə baxanda 
həmişə hansısa pyesdəki misralar yadıma düşürdü; deyəsən, “Hamlet”dən idi... 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə