Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə68/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   63   64   65   66   67   68   69   70   71

ON DOQQUZUNCU FƏSİL 
 
– Siz niyə mənə sübut eləməyə çalışırsınız ki, özünüzü yaxşı hiss etməyə 
başlayırsınız, hə? –lord Henri ağ barmaqlarını qızılgül suyu ilə dolu fincanın içinə 
salaraq səsini ucaltdı. – Siz tamam yaxşısınız. And için ki, dəyişməyəcəksiniz, 
belə də qalacaqsınız. 
Dorian Qrey başını buladı. 
– Yox, Harri, – dedi. – Mən çox ağır günahlar etmişəm həyatda. Bundan sonra 
bircə günah belə işlətməyəcəyəm! Dünəndən artıq xeyirxah işlərə başlamışam. 
– Dünən harada idiniz ki? 
– Kənddə idim. Tək getdim və orada xırda bir karvansarada qaldım. Yalqız 
qaldım. 
– Əzizim, kənddə hər kəs xeyirxah ola bilər, – lord Henri gülümsədi. – Orada heç 
bir günah, şirnikləndirici, ya da azdırıcı deyil. Elə buna görə də kənddə yaşayan 
adamlar sivilizasiyadan tamam uzaq olurlar. Mədəniyyət isə elə şeydir ki, ona 
qovuşmaq o qədər də asan iş deyil. Ona qovuşmaq üçün iki yol var: ya mədəni 
olmalısan, ya da əxlaqsız! Kənd adamlarının isə bu iki yoldan heç birinə çıxışı 
yoxdur. Bax buna görə də onlar mömin olub, xeyirxahlıq durğunluğunda batıblar. 
– Mədəniyyət və əxlaqsızlıq! – Dorian təkrar etdi. – Mən bunların hər ikisi ilə 
bağlı adamam; indi mənə çox dəhşətli gəlir ki, bunların ikisi də üst-üstə düşə 
bilər, ikisi də birləşə bilər. Bu barədə düşünmək qorxuludur. Yox, Harri, mən 
başqa adam olmaq istəyirəm. İndi mənim tamam yeni bir idealım var. Düşünürəm 
ki, mən artıq dəyişirəm. 
– Axı siz mənə demədiniz, dünən hansı xeyirxah iş görmüsünüz? Ya da səhv 
etmirəmsə, dediniz, bir neçə xeyirxah iş görmüsünüz? – deyən lord Henri öz 
boşqabına təmizlənmiş qırmızı çiyələk qoyub, üstünə şəkər tozu səpdi. 
– Mən sizə deyərəm, Harri. Amma sizdən başqa heç kəsə deyə bilmərəm. Mən bir 
nəfəri bağışladım. Bəlkə də, bu, kiməsə mənasız görünə bilər, amma siz məni 
başa düşərsiniz. Bağışladığım adam qadındır; o da Sibil Veyn kimi çox gözəl və 
cazibədar idi. O, mənə Sibili xatırladırdı və bəlkə, elə buna görə də ilk baxışdan 
məni özünə cəlb etdi. Siz Sibili xatırlayırsınızmı? Ah, üstündən neçə illər keçib! 
Nə isə... O qadın, Hetti, əlbəttə, bizim təbəqədən deyil. O, adi bir kəndli qızı idi. 
Lakin mən, həqiqətən, ona vurulmuşdum və əmin idim ki, bu sevgidir! Bütün 
gözəl may ayı ərzində həftədə iki-üç dəfə qızın yanına gedirdim. Dünən bağda 
ona rast gəldim. Alma ağaclarının çiçəkləri onun saçlarına tökülmüşdü və o 
gülürdü. Biz bu gün səhər  çıxıb getməli idik. Lakin qəflətən mən qərara gəldim 
ki, o qızı necə varsa – təmiz, pak, məsum gördüyüm vaxtlardakı kimi saxlayım, 
elə beləcə də qalsın burada, onu heç yerə aparmayım. 
– Dorian, belə görürəm, bu təzə duyğu, ehtiras sizi çox məmnun edib, – lord 
Henri onun sözünü kəsdi. – Lakin sizin gələcək dinc həyatınızı əvəzinizə mən 


tamamlaya bilərəm. Siz o qıza yaxşı məsləhət vermisiniz və onun qəlbini 
sındırmısınız. Bu, sizin mürvətli həyatınızın başlanğıcı olub. 
– Harri, siz nə insafsız adamsınız! Siz gərək belə sözləri dilinizə gətirməyəsiniz! 
Hettinin qəlbi sınmayıb. Əlbəttə, o ağladı, göz yaşı tökdü. Amma axı o, bakirə 
qaldı, mən onun namusuna toxunmadım! O, Perdita kimi yaşaya bilər, əzilmiş 
qızılgül bağçasında qalıb yaşaya bilər. 
– Deyirsiniz, o, vəfasız Florizel üçün göz yaşı töksün, hə? – lord Henri kresloya 
yayılaraq gülə-gülə dedi. – Əzizim Dorian, sizdə hələ də uşaq sadəlövhlüyü var! 
Siz elə bilirsiniz bu qız öz təbəqəsindən olan ürəyi istədiyi adamla indən belə 
sevişə biləcək? Onu çox kobud arabaçıya, ya da kəndçi bir adama ərə verəcəklər. 
Lakin sizinlə tanışlıq və o qızın sizi sevməsi öz işini gördü; o, öz ərinə nifrət 
bəsləyəcək və özünü daim bədbəxt qadın kimi hiss edəcək. Əxlaqi baxımdan deyə 
bilmərəm ki, bu, sizin böyük fədakarlığınızdır. Hətta başlanğıc üçün bu, çox 
bəsitdir. Bundan başqa, siz necə biləcəksiniz ki, indi Hetti nə edir, bəlkə, elə o, 
Ofeliya kimi gölməçələrdə üzür, ətrafında da gözəl suzanbağılar, hə? 
– Harri, bəsdirin, mən daha dözə bilmirəm! Siz hər şeyə lağ edirsiniz, sonra da 
özünüzdən ən dəhşətli faciə qondarırsınız! Sizə hər şeyi danışdığım üçün 
peşmanam. Nə deyirsiniz-deyin, onu bilirəm ki, mən düz hərəkət etmişəm. Bunu 
cəsarətlə deyirəm. Yazıq Hetti! Bu gün səhər fermanın yanından atla çapıb 
gedəndə onun pəncərədən boylanıb baxan çöhrəsini gördüm, yasəmən kimiydi, 
ağappaq. Gəlin bu barədə bir də danışmayaq və məni də inandırmağa çalışmayın 
ki, ömrümdə atdığım ilk yaxşı addım, fədakarlıq və xeyirxah bir iş, əslində, 
cinayətdir. Mən yaxşı adam olmaq istəyirəm... Nə isə, bu barədə qurtaraq. Mənə 
özünüz barədə danışın. Şəhərdə nə var, nə yox? Nə danışırlar? Çoxdandır kluba 
getmirəm... 
– Camaat hələ də yazıq Bazilin yoxa çıxmasından danışır! 
– Mənsə elə bilirdim onlar artıq bu barədə danışmaqdan usanıblar, – Dorian özünə 
şərab süzə-süzə qaşlarını çataraq bic-bic Henriyə baxdı. 
– Nə danışırsınız, əzizim! Bu barədə, sadəcə, ay yarımdır danışırlar; amma 
bilirsən ki, bizim təbəqədən olan insanlar, adətən, bir mövzu barədə üç ay 
danışırlar. Onların ağlı elə yalnız belə-belə şeylərə çatır. Əlbəttə, bu mövsümdə 
bəxtləri daha çox gətirib; danışmağa mövzuları çoxalıb – mənim boşanmağım, 
Alan Kəmpbellin intihar etməsi. İndi də Bazilin müəmmalı yoxa çıxması. 
Skotlənd Yardda təkidlə bildirirlər ki, noyabrın doqquzu gecə qatarı ilə Parisə 
gedən boz paltolu adam Bazil imiş; amma fransız polisləri xəbər veriblər ki, Bazil 
adlı adam Parisə gəlməyib. Yəqin, bir-iki həftədən sonra xəbər tutarıq ki, Bazili 
San-Fransiskoda görüblər. Deyilənə görə, qəşəng şəhərdir San-Fransisko; amma 
bunu da deyirlər ki, San-Fransiskoda o biri dünyanın əlamətləri var... 
– Sizcə, Bazilə nə olub? – Dorian soruşdu və şərab dolu stəkanını qaldırıb işığa 
tutdu, sonra bu mövzuda belə təmkin nümayiş etdirməsinə özü də mat qaldı. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə