Əhməd Ağaoğlu Sərbəst İnsanlar Ölkəsində



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə21/21
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63891
1   ...   13   14   15   16   17   18   19   20   21

idarəçiliyinə qatılır. İndi soruşuram: dilənçi, əxlaqsız, ya da biliksiz və nə etdiyini bilməyən vətəndaşların bu yüksək 

vəzifələri layiqincə yerinə yetirəcəklərinə və hər kəsin bağlı olduğu ortaq taleni yaşayacağına cəmiyyət arxayın ola 

bilərmi?

- Əlbəttə yox !

- Deməli, vətəndaşların yoxsulluğunu, əxlaqsızlığını aradan qaldırmaq cəmiyyətin borcudur.

- Bəs o arzulanmaz hallar vətəndaşın öz istəyindən, öz iradəsindən doğursa, onda necə?

- Yenə də bunları aradan qaldırmağa çalışmaq cəmiyyətin borcudur. Ç ünki o cür iradə və arzu sahibi olan vətəndaş ya 

xəstədir, ya da yalnız öz xeyrini güdür. Birinci halda müalicəyə ehtiyacı var, ikinci halda cəmiyyətdən qırağa 

atılmalıdır.

- Müalicə necə olur?

- Savadsızdırsa - oxutmaqla, yoxsuldursa - iş tapıb işə göndərməklə, əxlaqsızdırsa - doğru yolu aşılamaq və cəza 

verməklə.

- Bu qədər işi kim görməlidir?

- Cəmiyyətin üzvləri və dövlət!

- Ustad, anlamadım axı. Adamlar və dövlət bu vəzifəni öz aralarında necə bölüşə bilər?

- Bölüşmürlər, birgə çalışırlar. Bir millətin önündə gedən ziyalı zümrə bax, bu sahədə öz şüur və vicdan dərəcəsini 

göstərir. Vəzifələrini anlayan bir mühitdə bilənlər bilməyənlərin, varlılar yoxsulların, əxlaqlılar əxlaqsızların köməyinə

qaçar və minbir yolla, vasitə ilə ictimai yardım borcunu ödəyər.

Rəhbər təbəqə başçılıq mövqeyinə haqq qazandırmaq, onu möhkəmləndirmək üçün öhdəsinə götürdüyü vəzifəni yerinə

yetirməlidir. Öz vəzifəsinə biganə və ö...ey yanaşan rəhbərlərin isə vəzifəsi müvəqqəti və keçicidir; əli maddi gücdən 

çıxan kimi, onun rəhbər mövqeyinin də sonu çatır.

- Ustad, dövlət bu vəzifəni necə gerçəkləşdirir?

- İctimai yardım qrupları yaratmaqla. Amma bu barədə danışmaqdansa, ölkəmizdəki belə müəssisələri sənə göstərmək 

daha faydalıdır. İşin yoxsa, elə indi gedək, tanış olaq.

Həvəslə razılaşdım.

İBTİDAİ MƏKTƏBDƏ VƏ KİTABXANADA

Pirlər ilk əvvəl məni ibtidai məktəbə apardılar. Çox böyük bir bina idi. Burada, təxminən, 600 şagird oxuyurdu.

Pirlərdən biri həmin binanı mənə göstərib dedi:

- Belə ibtidai məktəb şəhərimizdə çoxdur. 6 yaşından 12 yaşınadək bütün oğlan və qızlar mütləq bu məktəblərə

getməlidirlər. Varlı, ya yoxsul, - hamı öz uşağını məktəbə göndərməyə borcludur. Uşaqlar dövlət hesabına oxuyurlar. 

Kitab, dəftər-qələm və sair oxu gərəklərini də dövlət verir. Hətta nahar yeməyini də uşaqlar burada yeyirlər. Bax, buna 

görə də bizim ölkədə yazıb-oxumaq bilməyən vətəndaş qalmayıb.

- Ancaq ustad, bu dövlətə çox baha başa gəlmirmi?

- Buna milyardlar xərclənir. Ancaq dövlət heç nə itirmir. Axı biliklilərin sayəsində yurdumuz çox zənginləşib. Dövlətin 

büdcəsi də çox dolğundur.

- Verginin ağırlığı yoxsulları əzmir?




- Kimin sərvəti çoxdursa, vergilər də əsasən onlardan tutulur.

- Lap yaxşı. Amma zənginlər yoxsulların uşaqlarını oxutmağa məcburdurlarmı?

- Bəli, çünki birincisi, yuxarıda söylədiyimiz kimi, yoxsullar da vətəndaşdır. Və vətəndaşlar bir-birinə yardım 

göstərməyə borcludur. İkincisi, varlılar da yoxsul uşaqlarının oxumasında gerçəkdən maraqlıdırlar. Axı bu uşaqlar, 

əvvəl-axır həmin varlıların müəssisələrində, fabriklərində, zavodlarında çalışacaq, adi işçi və ya usta olacaqlar. Oxuyub 

yazmaq bilən, anlayışlı bir işçinin məhsuldarlığı ilə savadsız bir fəhlənin məhsuldarlığı arasında böyük fərq var. 

Deməli, göstərdikləri fədakarlığın əvəzini artıqlamasılə alırlar.

- Haqlısınız, ustad!

- İndi də səni məktəbin yanındakı xalq kitabxanasına aparaq.

Beş-on addım uzaqda yerləşən böyük binaya daxil olduq. Binanın ikinci mərtəbəsindəki geniş bir salonun dörd tərəfi 

kitablarla dolu idi. Ortadakı uzun masaların ətrafında yüzlərcə qadın və kişi kitab oxuyurdular.

Pirlərdən biri dedi:

- Şəhərin hər məhəlləsində bu cür xalq kitabxanası var. İbtidai məktəblərdə oxuyan uşaqlar böyüyəndən sonra boş 

vaxtlarının bir hissəsini burada oxuyub məlumatlanmaqla keçirirlər. İstəyənlər kitabı evinə də apara bilər. Bu yolla 

uşaqlıqdan qazandıqları yazıb-oxumaq vərdişlərini artırır, biliklərini çoxaldır, düşünməyə öyrənir və insanlığın ümumi 

acılarını, ümumi sevinclərini bilirlər.

- Bu ki çox gözəldir, ustad!

- Ancaq iş bununla da bitmir. Şəhərimizin bir neçə yerində xalq üçün ali bilik kursları açılıb. İstəyirsənsə, bunlardan 

birinə baş çəkək.

- Əlbəttə, istəyirəm!

AZAD İNSAN AC QALMAZ

Sıx sakinli bir məhəlləyə gəldik. Sonra böyük bir binaya daxil olduq. Burada adamlar qaynaşırdı. Qadın, kişi, qoca -

hər yaşda adama rast gəlmək olardı. Binanın dörd tərəfində çoxlu hazırlıq kursları vardı. Birində kimya, o birində

mexanika, digərində tarix, başqa birində ədəbiyyat və başqa dərslər keçirilirdi. Diqqət yetirəndə gördüm ki, sadə, xalqın 

anlayacağı bir dildə dərs verilir. Müəllimlər mətləbdən yayınmır, ümumi biliklərin öyrədilməsinə çalışırlar.

- Bu dərs deyənlər kişilərdir?

- Könüllü ziyalılar. Hamısı da bu işi öz istəkləri ilə və əməkhaqqı ummadan, yəni pulsuz görür. İndiyədək daim öz 

vəzifələrinin öhdəsindən gəliblər. Onların səy və qeyrəti sayəsində elmi-texniki, ədəbi-əxlaqi biliklər xalqımızın ən 

geniş təbəqələrinə yetirilib. Buna görə də ümumi mədəni səviyyə hər gün yüksəlir!

- Ah, ustad! Belə ziyalılar yetirən mühit necə xoşbəxtdir.

- Elədir. Ziyalılarımız xalqını sevir və xalqın qeyrətini çəkirlər. Sərbəst insanlar ölkəsi elə onların sayəsində ayrı-ayrı 

millətlər arasında ad çıxarıb!

İndi istəyirsənsə, iş bürosuna da baş çəkək.

- Böyük həvəslə!

İş bürosu şəhərin fəhlələr yaşayan səmtində yerləşirdi. Büronun önündə xeyli fəhlə toplaşmışdı.

- Bunlar kimdir? - deyə soruşdum.

- İş axtarıb tapmayanlardır. Ya bunlara iş tapılmalıdır, ya da onlar dövlətdən işsizlərə yardım vəsaiti almalıdırlar.

- Ustad! Dövlət bu qədər ağır yükə necə tablaşır?




- Tablaşmağa məcburdur. Yuxarıda izah etdiyim kimi, vətəndaşlıq ləyaqəti vətəndaşın ac qalmasına yol verə bilməz. 

Gözəl niyyətli, həm də çalışmaq istəyən bir vətəndaşın işsizlik ucbatından ac qalması zülm sayılır. Ləyaqəti və şərəfi 

olan bir cəmiyyət öz üzvlərinin belə bir zülmlə üzləşməsinə dözə bilməz. Ya işsizlərə iş verər, ya da iş tapana kimi 

onların qayğısına qalar. Vətəndaşlıq şərəfi və ləyaqəti haqqında bəşəri anlayışdan irəli gələn prinsiplər ölkəmizdə də

qəbul edilib.

Büroya daxil olduq. Geniş bir salonun müxtəlif yerlərində çox sayda işçilər işsizlərlə danışır, bəzilərinin adını yazır, 

bəzilərinə isə ünvan verirdilər.

Ustad izahına davam edirdi:

- Kimə ünvan verilirsə, deməli, onlara iş tapılıb. İşdən boyun qaçıranlar birbaşa həbsxanaya göndəriləcəklər. Adları 

yazılanlar isə, onlara iş tapılınca, yardım alacaqlar.

- Necə gözəl və faydalı qurumdur!

- Vətəndaşlıq şərəfi bunu tələb edir. Azad insan ac qalmamalı, dilənçi olmamalıdır. Dilənçilik, həm vətəndən, həm də

vətəndaşlıqdan ötrü bir ləkədir. Sərbəst ölkə bu ləkəni tamam silib, üstündən götürüb.  Ü stəlik, polis gücünə yox, öz 

üstünə götürdüyü vəzifəni yerinə yetirərək vətəndaşa qayğı göstərməklə.

Sərbəst ölkə təkcə işsizləri deyil, iş görə biləcək halı olmayan vətəndaşları da düşünür. Altmış yaşına çatmış və ya əlil 

olduğuna görə çalışacaq halı qalmayan vətəndaşların da həyatı sığorta edilir, onlara mənzil və yemək-içmək verilir.

- Aman ustad! Xəyalıma belə gəlməyən şeylər söyləyirsiniz. Yəni bunların hamısı həqiqətdir? Doğrudan da 

gerçəkləşdirilir?

- Əlbəttə, oğlum. Bizlər olmayanı demirik, olanı şişirtmirik. Hələ ölkəni başdan-başa saran xəstəxanalardan, sağlamlıq 

ocaqlarından, uşaq evlərindən, uşaq bağçalarından, cürbəcür xeyriyyə qurumlarından söz açmıram. Dövlət və cəmiyyət 

belə yerlərə ayrıca diqqət yetirir. Birgə səylər öz bəhrəsini verir.

10-15 GÜ NLÜ K MÖHLƏT

- Ustad, deməli buralar başdan-başa qardaşlıq yurdudur. Hər kəs bir-birini və dövlət də hamını düşünür. Hamı bir-

birinin köməyinə çatır. Kimsə unudulmayıb, kimsə atılıb yalqız qalmayıb.

- Bəli, bəli! Bax, buna görə də, yurdumuzu belə çox sevirik, qorxu duyanda, bir yumruq kimi birləşirik. Vətənimizin 

hər zərrəsini qanımıza bulamadan, bu torpağı düşmən tapdağına vermərik!

- Deməli, milli varlığınızı tanıtdığınız qurumlardan alırsınız?

- Əlbəttə. Axı vətənpərvərlik sırf mücərrəd duyğu deyil. Axı ən ibtidai, ən ilkin insanlar da doğulub böyüdüyü yerləri 

sevirlər. Axı neçə-neçə xatirə, adət-ənənə və duyğu onları da öz yurduna bağlayır. Ancaq təkcə o duyğu hesabına hər 

hansı bir insana Vətəni və vətəndaşları uğrunda fədakarlıq aşılamaq yetərli deyil. İlkin duyğunun yüksək fədakarlıq 

dərəcəsinə çatması üçün gərək öz növbəsində Vətən də orada yaşayan insana maddi və mənəvi nemətlər, sevinclər 

versin.


Azadlıq, şərəf, can, mal güvənliyi, şəxsi toxunulmazlıq, məlumat almaq və bilik qazanmaq imkanı, yüksək mənəvi 

yetkinlik, yaxşı dolanışıq və xoşbəxtlik şərtdir. Yoxsa, haqqında danışdığımız duyğu ilkin halında qaldığından kiçik bir 

zərbəyə tab gətirə bilməz. Görmürsənmi, ibtidai icma çağında və ya istibdadın at oynatdığı mühitlərdə əhali qum 

yığınına bənzəyir və zəif bir küləkdən sovrularaq dağılıb gedir. Axı mənəvi və maddi nemətlər təmin etməyən, əksinə, 

həmişə özünü zülm və işgəncə, yoxsulluq və ehtiyac içində saxlayan bir mühitdən ötrü insan nə deyib özünü qurban 

verəcək ki?

Ancaq dediyim nemətləri təmin edən mühitlərə bax: orada fərdlər sal qaya kimi bir-birinə bitişikdir, ən şiddətli 

zərbələrə də birgə sinə gərirlər.

- Ah, ustad! Sizi dinlədikcə elə bil təzəcə dünyaya gəlirəm. Elə bil gözlərimi ilk dəfə açıb həyatın sirrlərini anlamağa 

başlayıram. Aman tanrım, bu azadlıq deyilən dirilik suyu nə qədər bərəkətli və hərəkətlidir.




- Bəli, bəli, istər fərdlər, istərsə cəmiyyətlər üçün həyatın əsası odur. Bax, bu üzdən, sərbəst ölkə azadlığı dirilik suyu 

sayar, şüurun cövhəri deyə tərənnüm edər. Onsuz kainat da, kainatın şüuru olan insan da heçlik səviyyəsinə enər. 

Soruşacağın başqa sual qaldımı?

- Xeyr, ustad!

- Elə isə sənə on beş günlük əlavə vaxt veririk. Bu müddət boyunca sərbəst ölkənin nizamnaməsi və onun maddələri 

haqqında açıqlamaları dərindən-dərinə düşünməlisən. Özünü yenidən yoxlayıb bizə son qərarını bildir.

***

Pirlər getdilər. Düşünməyə başladım. Özümə güvənə bilmirdim. Şübhə və tərəddüdlərim davam edirdi. Bura necə



qəribə, necə heyrətamiz bir ölkədir! Heç bir şey bizimkinə bənzəmirdi. Hər şeyi yenidən öyrənmək, hər şeyə yenidən 

alışmaq lazım idi.

Ancaq mən nə qədər çabalayıb-çalışsam da, köhnə vərdişlərimdən tamam əl çəkə bilmirdim. Tutalım, bir adamı 

görərkən dilimin ucuna yenə köhnə sözlər gəlir, hər hansı vəzifəli şəxsin yanında əllərim, yalvarırmış kimi, mütləq 

sinəmdə qarmaq tək bir-birinə keçir, dodaqlarım gülümsəyir və mənə deyilən fikirlə razılaşmadığım halda, ağzımdan 

təsdiq və öygü kəlmələri çıxır!

Yan-yörəmə boylanan kimi hamının üstümə güldüyünü görürəm. Özümə gəlib utanıram. İçimdə özümə qarğışlar 

yağdırıram. Bir də belə etməyəcəyimə söz verirəm. Ancaq ikinci görüşdə yenə eyni şeylər təkrarlanır. Hərdən özümə

qarşı qəzəbim o həddə çatırdı ki, özümü öldürməyi də ağlıma gətirirdim. Sonra bu fikirdən də utanır, bu qədər zəif, bu 

qədər iradəsiz olduğumla razılaşmaq istəmirdim. O dəqiqələrdə öz-özümə bax bunları deyirdim: "Bu ölkənin tarixini 

oxudum. Gördüm ki, buranın da əhalisi vaxtilə bizimkilər kimi olub. Axı niyə bunlar dəyişə bilsinlər, amma bizlər yox? 

Axı heç şübhəsiz, bunların da başladıqları bir zaman olub. Onlar da başladıqları zaman əziyyət çəkiblər, qeyrət 

göstəriblər və axırda istədiklərini bacarıblar! İndi mənim bacarmamağıma ayrıca bir səbəb varmı? Yoxdur! Elə isə

nədən ümidsizəm? Demək, mən də qeyrət etməliyəm. Davranışıma göz qoymalıyam, sözlərimə, hərəkətlərimə diqqət 

yetirməliyəm və Nizamnamədəki maddələrə nöqtəbənöqtə əməl etməliyəm! Oldumu? Oldu! Mən də çalışıb-çarpışıb 

mütləq istədiyimi bacaracağam!"

Beləcə, ümidsiz düşüncələri beynimdən qovur, özümü dəyişilməyə çağırır və həvəsləndirirdim. Ancaq öyrəşdiyim 

vərdişləri tərgitmək beyindəki baxışlarını dəyişmək qədər asan deyil. Sözümə, davranışıma göz qoymayan kimi, yenə

çıxmaza dirənir, ümidsizliyə düşürdüm. Uzun müddət beləcə ümidsizlik və ümid, çaşqınlıq və inam arasında vurnuxub 

qaldım.


İRADƏM YENİ BİR GÜC TAPDI

Nəhayət, bir gün ağlıma gələn bir fikirdən sanki qanadlandım. Elə bil ağlım da, beynimin dincliyi də yerinə gəldi.

Həmin gün birdən-birə özümə sual verdim: "Lap yaxşı, alışmayıb nə edəcəksən? Köhnə həyatamı dönəcəksən?".

Əvvəlki həyata qayıtmağı ağlıma gətirincə, sanki məni ildırım vurdu. Bu fikir mənə intihardan da qorxunc göründü. 

Axı bu diyarda bir həqiqət içimə qədər işləmiş, sarsılmaz bir inama çevrilmişdi: insanın, insana yaraşan yaşayışın nə

olduğunu mən ilk dəfə bu diyarda öyrənmişdim. Ondan əvvəlki həyatım mənə yuxudan və ölümdən də qorxunc bir 

kölgə kimi görünürdü.

Artıq bu qənaətə gəlmişdim ki, bu yurda gəlməzdən öncə, mənim həyatım adicə bir otun həyatından da aşağı imiş. Axı 

ot özü-özünə, təbiət qanunlarına görə bitir, boy atır və sönüb gedir. Təbiət qanunlarından qıraqda heç bir şeyin önündə

aciz qalmır və heç bir gücün əsirinə çevrilmir. Amma mən bu qanunların xaricində və onlara zidd olan min bir qüvvə

qarşısında aciz və əsir idim: fikir köləliyi, duyğu köləliyi, davranış köləliyi taleyimə yazılmışdı. Düşünən, duyan, 

yaşayan mən deyildim, başqası idi. Mən yalnız başqasını yamsılamağa, başqasına baş əyməyə borcluydum. Mən, mən 

deyildim, onun kölgəsi, qaraltısı, qarabasması idim! Qısası, mən yoxdum, bir uydurma vardı!..

Ancaq bu yurda gəlincə mənliyim özümə qayıtdı, varlığımı duymağa başladım. İlk dəfə burada anladım ki, insan 

burada kainatın bəzəyi və başının tacıdır. Təbiət insanda tapır, onun iradəsinə tapınır, insanın beyni ilə özünü anlamağa 

və duymağa başlayır. Bu şüur və iradə susmaq üçün deyil, söyləmək üçündür. Ağlamaq üçün deyil, gülmək üçündür. 




Yamsılamaq üçün deyil, dirilik üçündür. Dərd üçün deyil, dərman üçündür. Durğunluq üçün deyil, hərəkət üçündür. 

Yoxsulluq və ehtiyac üçün deyil, yaxşı dolanışıq və səadət üçündür. Bir sözlə, özünə yiyə durmaq, sözün tam mənası 

ilə sahib olmaq üçün insana şüur və iradə verilib. Bu ölkədə gördüklərim, duyduqlarım, eşitdiklərim insan haqqındakı 

bu qənaətləri mənə birdəfəlik aşılamışdı.

İndi əvvəlki həyata qayıtmaq, məndən ötrü ölümdən min dəfə qorxunc və dəhşətli görünürdü. Məgər ölmək şüur və

iradəni itirmək deyilmi? Bunları itirən insan heç olmasa duymaz, eşitməz və duyub eşitmədiyi üçün əzab-əziyyət içində

hər dəqiqə qıvrılmaz.

Şüur və iradə sahibiykən köhnə həyata qayıtmaq - öz iradə və şüurundan faydalanmamaq, diri-diri ölüyə çevrilmək 

deməkdir! Bu, məndən ötrü artıq bitib-tükənməyən bir işgəncədən başqa heç nə deyildi. Diri ikən ölüyə çevrilməyə

dözə bilməzdim.

Sərbəst ölkə insanlarının həyatını dadandan sonra, köhnə həyatım mənə cəhənnəm kimi görünür və o həyatın xırdaca 

bir xatirəsi ağlımı başımdan çıxarırdı. Bu səbəbdən həmin həyata dönmək artıq mənim imkanım daxilində deyildi. 

Məni qanadlandıran, cəsarətimi artıran da bu idi. Nə olur-olsun, yeni həyata alışmağa, onun bütün şərtlərini 

mənimsəməyə qəti qərar verdim. Özümü möhkəm nəzarətə götürdüm. Sözlərimə, danışıq üslubuma, yaşayış tərzimə

göz qoyub diqqət yetirdim. Köhnə baxışlarımı, köhnə düşüncəmi beynimdən çıxarmağa, insanlar və kainat haqqındakı 

fikirlərimi dəyişdirməyə başladım. Azadlığın tələb etdiyi şərtləri mənimsəməyə can atdım. Uzun sözün qısası, 

Nizamnamənin bütün maddələrini dərinliklərinəcən düşündüm və özümü dəyişdirib onlara uyğunlaşdırmağa çalışdım. 

Ç ox əziyyət çəkdim, amma nə etmək olar, təzə başlayanların və yeni öyrənənlərin qisməti bu deyilmi?

Deyim ki, bu zəhmətin bir qüruru, bir şərəfi də vardı. Heç olmasa, gələcək nəsillərin canı əzabdan qurtulacaq, o 

nəsillərin minnətdarlığı və sağolu qazanılacaqdı!

Kaş dədə-babalarımız bizdən əvvəl dəyişməyə başlayaydılar. İndi onları nə qədər hörmət və minnətdarlıqla yad 

edərdik! Nə yazıqlar ki, bu artıq mümkün deyil. Onların fəaliyyətsizliyini, süstlüyünü xatırlayıb gör nə qədər acı 

çəkəcəyik!

Bu fikirlərdən ürəklənib həvəsləndim. Yaşamaq yanğım, iradəm özünə yeni güc tapdı.

AZADLIQ MƏLƏYİNİN QANADI ALTINDA

On beş gündən sonra pirlər gəldilər və:  "hazırsanmı?" - deyə məndən soruşdular.

Son qərarını vermiş bir adam kimi: "hazıram!" - dedim.

- Elə isə səni and içməyə aparacağıq.

Pirlər məni bir evə apardılar. Evin qapısını açıb dəhlizə girdiyimiz zaman zülmət qaranlığa düşdük. Yaxşı ki, əllərində

məşəl tutmuş ağappaq geyimli iki adam bizi dərhal qarşılayıb, yol göstərdi. Uzun və əyri-üyrü dolanbac dəhlizdən 

keçərək otağa daxil olduq. Çox qəribə otaq idi. Otağın tam ortasından asılmış çilçıraqdan saçılan işıq ətrafı görməyə

imkan verirdi. Bir bucaqda mələk şəklində bir qız heykəli vardı.  Üzbəüzdə bir insan skeletinin sür-sümüyü ağarırdı. 

Qıraqdakı divanın üstündə isə yeddi qoca əyləşmişdi.

Bizi görən kimi qocalar ayağa qalxıb salamlaşdılar. Onlardan biri mənə üz tutub dedi:

- Ey azad olmaq istəyən insan oğlu! Yaxşı düşündünmü? Qəti qərara gəldinmi?

- Düşündüm və qəti qərarımı verdim!

- Ancaq bunu bilməlisən ki, içəcəyin and həm müqəddəsdir, həm də sehrli! O andı bu gördüyün mələk qoruyub 

saxlayır! Bax, bu mələk insanı hər an və hər yerdə izləyir. Dönüklərə qənim olur, üzlərinə qara damğa vurur və adlarını 

əbədi qarğışlara bağlayır. Bax tarixə: neçə-neçə adamın taleyindən dərs al. Bu zavallılar elə bilmişdilər ki, azadlıq 

aldanmağa, biçiminin pozulmasına, qanundan olar sui-istifadə edilməsinə, ona verilən sözün tutulmamasına dözəcək. 

Amma çox nahaq! Bu mələk onları izləyirdi, heç bir dəqiqə də gözdən qoymurdu. Və zamanı çatınca, hamısının 

cəzasını verdi. Həmin cəzadan sonra yolunu azanların özü bir yana qalsın, adları da xalq arasında lənət və nifrətlə yad 

edildi.



İndi səni xəbərdar edirik: Özünə güvənmirsənsə, ürəyində xırdaca bir çaşqınlıq varsa, bu yoldan vaz keç, aldanıb-

aldatmağa çalışma! Azadlıq şərəf verir, mənlik gətirir. Sayqı göstərir, əliaçıqlıq edir, ancaq aldandığını duyduğu dəqiqə

bütün bunları geri götürərək vurulan ziyanın intiqamını, doğrulmayan yaxşılığın cəzasını yubatmır.

O diş ağardan sür-sümük yığınını görürsənmi? Hamımızın sonu budur! Həyat nə o şərəf və sayqıya dəyər, nə də bu 

əvəz və qarşılığa. Yenə təkrar edirəm: Nə qədər ki, vaxtın var, bir daha düşünüb qərarını ver!

- Qərarım qətidir!

- Elə isə, sağ əlini bu mələyin başına qoy və bizim söylədiklərimizi ucadan təkrar et:

"Azadlığa sadiq qalacağıma and içirəm!";

"Sərbəst İnsanlar Ölkəsi Qanununun bütün maddələrinə nöqtəbənöqtə əməl edəcəyimə and içirəm!";

"Olduğum hər yerdə Azadlığı yayacağıma və Qanunun maddələrini misal gətirəcəyimə and içirəm!";

"Azadlığı və Sərbəst İnsanlar Ölkəsinin Qanununu qorumaq üçün lazım gələrsə, öz xeyrimdən əl çəkməyə and 

içirəm!";

"Bu andlarımı pozsam, Azadlıq Mələyi mənim cəzamı versin!".

Daha sonra pirlərdən biri mənə imza vərəqəsi verdi. Orada andın mətni yazılmışdı. Vərəqəni imzaladım. Pirlər 

növbələşib tək-tək yanıma gəldilər, məni qucaqlayıb alnımdan öpdülər və təbrik edərək uğur dilədilər.

Az sonra məni gətirən üç pirlə bərabər and yerini tərk etdik.

İndən belə Sərbəst İnsanlar Ölkəsinin vətəndaşı sayılacaqdım. Duyduğum sevinci söyləməyə acizəm. Bütün həyatım 

boyu bu qədər dərin bir razılıq yaşamamışdım. Özümdə o vaxtadək duymadığım bir təzəlik, bir güc püskürtüsü hiss 

edirdim. Mənim gözlərimdə yer, göy, hər şey rəngini və mahiyyətini dəyişmişdi. Hər şeydə yeni bir gözəllik görürdüm. 

Hər şey məni yaşamağa səsləyirdi.

Anladım ki, bütün varlığımla Azadlıq Mələyinə vurulmuşam!!!

4 iyun 1930-cu il



Keçi ören

Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə