Əhməd Ağaoğlu Sərbəst İnsanlar Ölkəsində



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə15/21
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63891
1   ...   11   12   13   14   15   16   17   18   ...   21

- Heç də yox. İdarə etmək sənəti elə fikir müxtəlifliyi olan yerlərdə özünü göstərir. Əsl hünər - sərbəst insanları idarə

etməkdir. Gözləri, əli, qolu, ağzı, beyni bağlı insanları hər bir adam idarə edə bilər.

- Ustad, söylədikləriniz məni lap heyrətləndirir.

- Bilirəm, buna alışmamısan! Axı istibdad hakimiyyəti altında böyümüş insanlardansan. Susdurmaq, donuq saxlamaq, 

vətəndaşların ağızlarını, gözlərini, qulaqlarını, beyinlərini bağlamaq istibdadın idarəçilik sistemidir. İstibdad üsulu öz 

qurtuluş və varlığını bu sistemdə tapar. Ancaq sonadək uğur qazanan istibdada rast gəldinizmi?

- Yox, bu üsul hər gün yıxılmaqdadır. Tarix və millətlər azadlıq yoluna qədəm qoyublar.

- Onun səbəbi budur ki, azadlıq sevgisi insanın ayrılmaz keyfiyyətidir. Həbsxanaya salınmış bir qatil, bir oğru dustaq 

həyatından qurtulmağı necə istərsə, zülm altında olan bir mühit də, nə qədər biliksiz, nə qədər pozulmuş olsa da, yenə

qurtuluş axtarar. İstibdad məhz bu arzunu öldürmək üçün işgəncəyə əl atır, ancaq yenə istəyi doğrulmur. Axı insan 

mahiyyətcə düşünən bir varlıqdır. Onun görən gözləri var, eşidən qulaqları var, fikir yürüdən başı var, duyan qəlbi var. 

İstibdad hansı yola əl atır - atsın, yenə bu özəllikləri insandan ala bilməz. Görən, eşidən, duyan insan öz qərarını verər. 

Bu hökmün sözlə ifadəsinə, açıqca deyilməsinə istibdad əngəl törədə bilər. Ancaq o zaman dilin yerinə göz və qaş, əl 

və ayaq, sözün yerinə mənalı işarələr və eyhamlar, açıq fikir yerinə pıçhapıç, dedi-qodu yer tutub yayılar. Bütün 

bunlara yeri-yurdu bilinməyən, yarı-yalan şayiələr, söyləntilər, uydurmalar qarışar. Nəhayət, dəniz dalğaları kimi 

qarşısıalınmaz və bu başdan o başa axan çirkab dolu, murdar bir axın təmiz havanı korlayar və öz üfunətində həm 

cəmiyyəti, həm də hakimiyyəti boğar! Gerçəyə baxanda, düşüncə və duyğularını açıq səsləndirməyən bir cəmiyyət hər 

dəqiqə öz içində boğulmaqdadır və həmin cəmiyyət günlərin birində, əlbəttə ki, partlayacaq.

İdarəçiliyin amacı heç də cəmiyyəti partlatmaq deyil! Əksinə, cəmiyyəti ruhlandıran, yaşamaq sevinci və həvəsi 

aşılayan bir mühit hazırlamaqdır. Filan adam idarəedənlərin işlərini tənqid edirsə, qoy etsin! Daha yaxşı! Bu tənqid 

köklü tənqiddirsə, idarəedənlər ondan faydalanıb səhvlərini düzəldərlər. Yox, əsassız tənqiddirsə, olsun, sadəcə işlərinə

yaramaz! Ancaq doğru olsun, yanlış olsun, - vətəndaşa öz ürək sözünü söyləmək imkanı mütləq verilməlidir. Bu, istər 

vətəndaşlar, istərsə idarəçilərin özləri üçün bir təhlükəsizlik qalxanıdır.

- Ancaq, ustad, burada incə bir nöqtə var. Bəlkə indi söylədiyiniz özəlliyə vətəndaşlar hələ yiyələnməyib, onda necə? 

Yaxşı bilirsiniz ki, belə hallarda ara qarışır, dövlət və ölkə üçün fəlakət ola biləcək qarışıqlıqlar baş verir.

- Doğrudan da, incə nöqtəyə toxundunuz. Ancaq bir sualım var: suya girmədən üzməyi öyrənmək olarmı? Heç sözyox, 

üzməyi bilməyənlərin bəziləri boğulur. Amma sonda hamı üzməyi öyrənir!

- Ancaq suya ilk dəfə girən hər bir adam eyni təhlükə ilə üzləşmir?

- Bəli, üzləşir. Bax, məsələ də bundadır ki, idarəçilərin hünəri özünü göstərir. Adamları boğdurmamaq üçün çox üsullar 

var: kəndir sallayırsan, nərdivan qurursan, üzgü vasitələri verirsən və s.

- Ustad, xahiş edirəm, daha açıq anladın.

- Lap yaxşı!..

AZADLIQLA ƏXLAQ ARASINDAKI FƏRQ

Ustad soruşdu:

- Öncə bir şey soruşum: Azadlıqla əxlaq arasında sıx bağlılıq olduğunu qəbul edirsənmi?

- Qəbul edirəm!

- O halda məsələni çözmək asandır. Azad və sərbəst idarə üsulunun başına keçənlər, təbii ki, bu üsulu həvəslə

mənimsəyirlər. Elə həmin idarə üsuluna hamıdan çox xidmət etdiklərinə görə də başçılığa yüksələ bilirlər. Deməli, yeni 

idarəçiliyi yayıb möhkəmlətmək vəzifəsi hər kəsdən çox onların boynuna düşür.



Ancaq aydındır ki, bu vəzifənin lazımınca gerçəkləşdirilməsindən ötrü həmin vəzifəni tutanlar xalqın gözündəki nüfuz 

və dəyərlərini qoruyub artırmalıdırlar. Bu, birinci şərtdir. Elə ona görə də, həmin şəxslər, hər şeydən öncə, bu qiymət və

nüfuzu zəiflədəcək, özlərini azacıq da olsa nüfuzdan salacaq hər cür davranış və əməldən çəkinməyə borcludurlar.

Azadlığa doğru addımlayan bir millətin önündə belə rəhbərlər varsa, o millət artıq ən möhkəm dayağını tapmış sayıla 

bilər. Rəhbərlərə sayqı və inam bir ölkənin güvənliyini qoruyan başlıca sipərdir. Belə cəmiyyət hər cür qarışıqlığa 

asanlıqla sinə gələ bilər.

Düzdür, həmin rəhbərlərə də dil uzadan alçaqtəbiətli insanlar tapılır. Ancaq onların qorxusu yoxdur. Rəhbərlərinə

inanan sağlam cəmiyyət belə halları asanlıqla çözür.

Azadlıq tarixini araşdıranlara məlumdur ki, azadlıq üçün ən böyük təhlükə onu aradan qaldırmaq istəyənlərin rəhbər 

vəzifələri ələ keçirməsi və haqlı tənqidlərə meydan verməmələri olub. Ç ünki mənəvi vasitələrlə dəyər və nüfuzlarını

saxlaya bilməyən rəhbərlər maddi vasitələrə, zorakı idarəçiliyə əl ataraq, haqlı tənqidləri susdurmaq üçün istər-istəməz 

hədə-qorxu yolunu tutarlar.

Başqa sözlə, bu adamlar özü-özlərini, dayandıqları əsasları, vaxtilə istibdada qarşı faydalandıqları silahları danmağa 

başlayarlar. Bax, o zaman azadlıq hər cür məna və anlayışını itirərək, xalqın gözündə müqəddəs görünməz. Azadlıq 

üçün ən acı və faciəli vəziyyət, bax budur!

Unutmaq olmaz ki, azadlığın ilk qurucuları bir növ missionerdirlər və yalnız sözdə deyil, işdə də xalqa azadlıq işığı 

verməyə borcludurlar. İlk qurucuların vəzifələri hər yerdə və hər zaman ağır olub, çətinliklərlə üzləşib. Axı azadlıq da 

bütün inanclar kimi fədakarlıq umar, qurban istəyər. Azadlığı sevənlər buna qatlaşmağa məcburdurlar.

Fədakarlıq varsa, demək, vətəndaşların ictimai və siyasi tərbiyələri başlanıb. Öncə söylədiyim kimi, hər yerdə və hər 

zaman xalq kütlələri özünü kiməsə bənzətməyi xoşlayar və xüsusən də sayıb-seçdikləri rəhbərlərə oxşamağa çalışarlar.  

Ü stəlik, həmin rəhbərlərin qurduğu ailə və məktəb tərbiyəsinin də təsirini nəzərə alsaq, millətin ictimai tərbiyəsini 

təmin edilmiş saymaq mümkündür.

Ustadı get-gedə daha diqqətlə dinləyirdim. Onun söylədiyi sözlər xəyalımda ümidverici, sevincli üfüqlər açırdı. 

İndiyəcən yan-yörəsi tikanlı kollarla qapalı görünən azadlıq yolu, artıq işıqlanmağa başlamışdı. Ancaq özüm istəməsəm 

də, ustadın sözlərini yarımçıq kəsməyə məcbur oldum:

- Ustad, sözlərinizi acgöz-acgöz dinləyirəm. Amma bu gün bizi parlamentə çağırıblar, axı. İndi getmək vaxtıdır. 

İcazənizlə, söhbətimizi elə burada saxlayaq!

Pirlər sağollaşıb çıxdılar. Mən də tanışlarımla birgə parlamentə getdim.

Parlament düz şəhərin ortasında, geniş bir meydanda yerləşirdi. Meydan boyunca uca binalar sıralanmışdı. Soruşub bu 

binalarla maraqlandım. Biri antik abidələr muzeyi, digəri panteon, üçüncüsü ümumi kitabxana, dördüncüsü isə

incəsənət muzeyi imiş. Panteonun üzərində qızıl hərflərlə bu sözlər yazılmışdı: "Sərbəst ölkənin böyük övladlarına 

minnətdarlıq abidəsi". Mənə izah edəndən sonra anladım ki, sərbəst ölkənin yetirdiyi bütün böyük adamlar burada 

uyuyurlar. Sən demə, əhali hər gün dəstə-dəstə buraya gəlir və orada əbədi yatan böyük adamların ömür yolundan, ölkə

qarşısındakı xidmətlərindən balaca uşaqlara söz açırmış.

Geniş yol bizi mərmər sütunlu binaya aparırdı. Yolun hər iki tərəfinə qadın və kişi heykəlləri düzülmüşdü. Başçımızın 

verdiyi izahata görə, bunlar Parlamentdəki xidmətləri ilə özlərini tanıtmış parlament üzvlərinin heykəlləri imiş.

İkinci mərtəbədə geniş bir lojaya girdim. Qonaq evindəki tanışlarımın hamısını orada gördüm. Aşağıda, böyük bir 

salonda amfiteatr şəklində sıralanmış, təxminən 400 kresloda məclisin üzvləri oturmuşdular. Onlar parlament sədrinin 

gəlməsini gözləyirdilər. Rəyasət heyətinin arxa tərəfində bir əlində dəfnə yarpağı tutub o biri əlini irəliyə doğru uzadan

mərmərdən yonulmuş bir qız heykəli vardı. Bu heykəl sərbəst ölkənin simvolu idi. Yuxarıdakı lojalar ağzınacan 

dolmuşdu. Başçımız anlatdı ki, hər gün belədir və bu ölkədə parlament bir növ xalq universitetinə çevrilib. Müxtəlif 

məsələlərlə bağlı mübahisələri dinləmək üçün hamı bura can atır.

Həmin gün Büdcə qanunu müzakirəyə çıxarılacaqdı. Sərvət üzərinə mütərəqqi bir verginin qoyulması haqqında 

hökumətdən gələn təklif qızğın mübahisələr doğuracaqdı.

Parlament rəisi gələn kimi, iclasın başladığını bildirdi.



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə