Əhməd Ağaoğlu Sərbəst İnsanlar Ölkəsində



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə12/21
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63891
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

və onlardan istifadə çox asandır! Özün de, - pis keyfiyyətləri daşıyan insanlar azad ola bilərmi? Belələri yuxarıda 

açıqladığımız səbəblərdən başqalarının əsiri olmağa məhkum deyillərmi? Belələrinin çoxalıb artması hamının azadlığı 

üçün bir təhlükə törətməzmi?

- Elədir, ustad. Bəs cəmiyyət üzvləri arasında yüksək keyfiyyətlər necə yayılır?

- Ölkəmizin tanınmış natiqi bu mövzuda dünən sizə ətraflı izahat verməliydi!

- Bəli. Yadımdadır. Onun çıxışı çox gözəl, həm də faydalıydı.

- Ölkəmizin hər yanında belə natiqlərimiz var. Onlar daim yurdumuzu gəzirlər. Bütün cəmiyyətə və ayrıca olaraq 

gənclərə yol göstərirlər. Bütün bunların sayəsində ölkəmizdə yuxarıda sadaladığımız pis keyfiyyətlərin heç biri 

qalmayıb. Vətəndaşlardan hansı birində elə keyfiyyətlər üzə çıxarsa, cəmiyyət dərhal ona qarşı çıxıb, həmin vətəndaşı 

uzaqlaşdırar.

"HƏQİQƏT"Ə DÖZÜM!

- İndi iki digər sual haqqında nə deyə bilərsiniz?

- O sualları da xatırlayıram. Sizdən "doğrunu sevirsənmi? Həqiqətə dözümün varmı?" - soruşdular. Həmin suallara 

sərbəst insanlar şəhərində böyük qiymət verilir.

Doğrunu sevmək və həqiqətə duruş gətirmək azad insanlar üçün mühüm əsaslardır. Gerçəyə qalınca, bu iki sual bir 

şeydir: Doğrunu sevən, həqiqətə də dözər. Ancaq doğrunu sevmək və həqiqətə dözmək göründüyü qədər asan deyil. İş 

burasındadır ki, insanlar, ümumiyyətlə, doğrunu sevdiklərini və həqiqətə hörmət etdiklərini söyləyirlər, ancaq həqiqətə

qalanda, bir çoxları bunlardan xoşlanmırlar. Azad yaşamağı qərara alan insanlar arasında doğrunu sevmək və doğruya 

duruş gətirmək qaydaya çevrilməlidir və vətəndaşlar bu qaydaya yaxşıca alışmalıdırlar. Yoxsa azadlıq ola bilməz.

Azadlıq nədir? Sərbəst düşünmək və düşündüyünü sərbəst və səmimi söyləmək deyilmi? Yəni yaxşı deyə tanıdığımız 

şeyə - yaxşı və pis deyə tanıdığımız şeyə də - pis demək! Azad insanlar belə azadlığa duruş gətirməlidirlər.

Əslində yaxşı və pis anlayışları subyektiv anlayışlara bağlıdır. Subyektiv anlayışsa doğru da ola bilər, yanlış da. Ancaq 

doğru, ya yanlış, - dözmək lazımdır. Axı dözüm olmazsa, təkrar edirəm, azadlığın özü aradan qalxar. Verilən hökm 

doğru sayılmadığı halda, onu rədd etmək və yanlış hökmü düzəltmək də digər vətəndaşların haqqı olmalıdır. Bu, 

azadlığın ikinci və əsas şərtidir. Sərbəst ölkə insanları arasında nə doğruçuluq, nə də yanlışlıq kimsənin inhisarı altında 

ola bilməz. Yanılmaq və yanılmamaq hər kəsin bərabər haqqıdır. Yanılmamaqlıq imtiyazı dar bir zümrəyə verilmiş 

cəmiyyətdə azadlıq olmaz.

- Amma, ustad, burada bir şərtə diqqət yetirmək lazım deyil?

- Hansı şərtə?

- Niyyət gözəlliyinə.

- Dostum! Azadlığı görünməsi, anlaşılması, toxunulması çox çətin və hətta mümkün olmayan belə şərtlərə

bağlamaqdan çəkinmək gərəkdir! Başqasının içini yoxlamaq heç kimin işi deyil.  Üstəlik, niyyət gözəlliyi dediyiniz şey 

haqqındakı hökmü kim verəcək? Qarşı tərəf verəcəksə, bu tərəfin niyyət gözəlliyini kim sübut edəcək? Bu cür daşlara 

çarpan azadlıq alt-üst olmağa məhkumdur. Azadlıqla niyyət gözəlliyi kimi şeyləri qarışdırmayın. Bütün vətəndaşlar 

eyni dərəcədə niyyəti gözəl sayılmalıdırlar. Əks halda, azadlıq yoxdur. Axı bu niyyət gözəlliyi bəhanəsiylə hər kəsi 

susdurmaq çox asandır. Belə dolambac yollara girmiş azadlığın sonu əsarətdir!

- İndi də, mümkünsə, dördüncü sualı, yəni başqasına sayqı göstərmək şərtini açıqlayın.

- Vətəndaşa və bütövlükdə insan ləyaqətinə hörmət sərbəst ölkə insanlarının digər qaydasıdır. İnsana insan olduğu üçün 

hörmət hər birimizin borcudur. Bu müqəddəs borcu verməyən insan özünün sayqıya layiq olmadığını qəbul edər. Axı 

bir insan başqasının təkrarından başqa bir şey deyil. Bu üzdən başqasına hörməti borc saymayan adam özünə

sayqısızlıqla da razılaşmağa məcburdur. Bununla bağlı insanlar arasında heç bir ayrı-seçkilik olmamalıdır. İstər yoxsul 

olsun, istərsə zəngin, istər kiçik olsun, istərsə böyük, istər vəzifə sahibi olsun, istərsə heç bir vəzifəsi olmayan adam -

insandırsa, hörmətə layiqdir.



Ü mumiyyətlə, bütün insanlara şamil olunan bu qayda vətəndaşların əməl etməli olduğu müqəddəs bir borcdur. Ç ünki 

bütövlükdə insanlar - məhz vətəndaşlar bir çox maddi və mənəvi tellə bir-birinə bağlıdırlar. Məhz vətəndaşlar bəşər 

ailəsi içində ayrıca bir ailə təşkil edər, eyni qanı daşıyar, eyni dili danışar, eyni torpaq üzərində eyni tarixi yaşayarlar. 

Vətəndaşların dərdi-qəmi, sevinci və əyləncələri də ortaqdır. Ona görə də bir insan başqa bir insanın təkrarıdırsa, bir 

vətəndaş da elə digər vətəndaşla eynidir. Hər hansı bir vətəndaşa yuxarıdan-aşağı baxan, onun şəxsiyyətinə, 

düşüncəsinə, duyğusuna sayqı göstərməyən adam, istər-istəməz özünün də alçaldılmasına, düşüncə və duyğusuna 

sayqısız münasibətlə razılaşmalı olur.

LƏYAQƏT SAHİBİSƏNMİ?

- Amma, ustad, elə insan və vətəndaşlar var ki, öz davranış və əməlləri ucbatından heç bir sayqıya layiq deyillər. Onlara 

da hörmət etmək lazımdır?

- Elələrinin halına acımaq və tərbiyə olunmalarına çalışmaq lazımdır. Bilməlisən ki, vətəndaşların pozulmasına səbəb 

yenə də cəmiyyətdir. Cəmiyyətin çatışmazlıqları, durğunluğu, tərbiyə sisteminin nöqsanları, yaşadığı həyatın 

eybəcərlikləridir! Bir insan doğularkən pis, ya da yaxşı doğulmur. İnsanı pis, ya da yaxşı adama çevirən mühitdir, 

mühitin verdiyi tərbiyə, aşıladığı düşüncə, duyğu və adətlərdir.

Bəli, ortalıqda bir miras var. Ancaq məsələyə lap dərindən yanaşanda, görürsən ki, bu mirası da, hər şeydən əvvəl, 

məhz mühit doğurub. O səbəbdən, həm də mühitin cavabdehlik daşıdığı bir gerçəkliyə və davranışlara görə, vətəndaşa 

düşmənçilik və ədavət bəsləmək, ona saymazca yanaşmaq insanlığa və vətəndaşlığa yaraşmaz.

- O halda, ustad, sərbəst insanlar ölkəsinin nizamnaməsində nəzərdə tutulan ağır cəzaların önəmi azalmır?

- Birdəfəlik bilməlisən ki, azad insanlar şəhərinin qəbul etdiyi qaydaya görə, ləyaqətli və xeyirli vətəndaşlar 

yetirməkdən ötrü hər cür vasitədən yararlanmayan bir cəmiyyət, suçlu vətəndaşı cəzalandırmaq yetkisini qazana 

bilməz. Sərbəst ölkə buna aid bütün vəzifələrini tam və dolğun şəkildə görməkdədir.

Bu üzdən, bütün tədbirlərə baxmayaraq, suç işlədən vətəndaşı sərbəst ölkənin cəzalandırmaq yetkisi var. Ancaq cəza 

başqa, sayqısızlıq başqa. Suçlu vətəndaşın özünü doğruldan sözlərini, düşüncə və duyğularını sayqılı və ciddi şəkildə

dinləmədən onu cəzalandırmaq haqsızlıq və ədalətsizlikdir. Həmin vətəndaşı dinləyib cəza verəndə də, ona düşmənçilik 

və ədavət bəsləmək yox, halına acımaq gərəkdir. Cəza elə yerinə yetirilməlidir ki, suçlu vətəndaşın ləyaqətinə

toxunulmasın!..

- Anlayıram, ustad! Açıq görünür ki, bu ölkədə vətəndaşlıq şərəfinə yüksək qiymət verilir. Amma, yeri gəlmişkən, 

icazənizlə, bir sual da verim: Şəhərə daxil olarkən keşikçilər "Ləyaqət sahibisənmi?" sualını da verdilər. Bu sualın 

mənası nədir?

- Mənası odur ki, ləyaqət sahibi olmayan adam azad da ola bilməz. Ancaq izahatımı yaxşı anlaya bilməkdən ötrü, 

gerçək ləyaqətlə yalançı ləyaqət arasındakı fərqə diqqət yetirməlisən. Bir vətəndaşın hər hansı bir sözündən yaxud 

əməlindən sonra o dəqiqə yumruq atıb söyüş söymək və tapança çıxarmaq həqiqi ləyaqətin tam əksidir. Buna ləyaqət 

deyilməz, zorakılıq deyilər. Belə hallara ləyaqət və ya mərdlik adı verən mühitlərə ayıb olsun.

Həqiqi ləyaqətə gəlincə, bu, bir insanın daşıdığı fikirlərə, duyduğu hisslərə bütün hallarda və hər zaman sadiq qalıb 

sayqı göstərməsidir. Düşüncə və duyğularını tez-tez dəyişən və gizli saxlayan insanlarda ləyaqət axtarmaq əbəsdir. 

Aydındır ki, belə insanlar azad ola bilməzlər.

Külək hara əsirsə, oraya dönən adam, heç şübhəsiz ki, o küləyin əsiridir. Gerçək ləyaqət sahibləri bütün hallarda, hər 

cür vəziyyətdə fikir və hisslərinə sadiq qalaraq lazım gələrsə, istehzaya, həqarətə, əzaba, yoxsulluq və ehtiyaca 

dözürlər. Yalnız belə insanlar azad ola bilərlər.

Bu baxımdan keşikçilər səndən "Ləyaqət sahibisinizmi?" - deyə soruşduqları zaman "Duyğu və düşüncələrinizin 

yiyəsisinizmi?" deyə soruşmaq istəyiblər. Həmin suala müsbət cavab verməsəydin, səni Qalaya buraxmayacaqdılar. 

Ç ünki sərbəst ölkədə ləyaqət məsələsinə ayrıca dəyər verilir.




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə