Əhməd Ağaoğlu Sərbəst İnsanlar Ölkəsində



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə10/21
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63891
1   ...   6   7   8   9   10   11   12   13   ...   21

etdiyindən, məsələyə məhkəmədə baxılır. Hakim məsələni anlayır. O, işi qanunun təbii axarına buraxsa, ərlə-arvadın 

ayrılmasından başqa çarə yoxdur. Ancaq hakim onların boşanmasını istəmədiyindən kələk işlədir:

O ərlə-arvadın uşaqlarını gizlicə çağırır və bəlli saatda məhkəməyə gələrək, ata-analarının boyunlarına sarılmağı 

öyrədir. Sonra hakim məhkəməyə davam edərək hər iki tərəfə öyüd-nəsihət verir, onları barışmağa çağırır.  Ürəklərində

ayrılmaq istəməsələr də, ərlə-arvad bir-birinə söz atır, irad tuturlar. Nəhayət, hakim hökm verəcəyini bildirərək, 

dinləyənlərə diqqət etmələrini söyləyir. Ərlə-arvadın rəngləri saralır, dodaqları titrəyir, ancaq inadlarından dönmürlər. 

Hakim hökmü oxumağa başlayıb, "Qanun adından" deyərkən, iki mələk kimi uşaq səhnəyə atılaraq, ata-analarının 

boynuna sarılırlar. Onların cingiltili səsi səhnəni doldurur. Ata və ana artıq dözə bilməyib uşaqları bir-birinin əlindən 

qoparmağa çalışır. Hakim də bu dəqiqədən istifadə edərək, atanın əlini ananın əlinə birləşdirib onları barışdırır.

Pyesdə ərlə-arvad arasındakı anlaşılmazlıq, bir-birinə göstərdikləri inad, bir-birlərini uşaq kimi suçlamaları o qədər 

gülünc bir tərzdə təsvir edilmişdi ki, salon ara vermədən qəhqəhələr içində boğulurdu.

Mən bu əyləncəni bizim əyləncələrlə müqayisə edərək, onların sadəliyinə, həm də sağlamlığına heyran olurdum. Bu 

hissi yanımdakı tanışımdan da gizlətmədim:

- Bunlar həmişə belə əylənirlər?

- Hə!

- Qumar, içki, məzə və sair olmazmı? Xanımları poker-filan bilməzlərmi?



- Burada özünə hörmət edən qadın qumara və içkiyə yanaşmaz!

Kişilərin əyin-başına, qadınların paltarlarına diqqət yetirdim. Hamısı sadə və yerli maldan tikilmişdi. Ancaq çox incə və

zərif görünürdü. Artıq bər-bəzəkdən əsər yox idi.

Öz-özümə söylədim: Həm sadə, həm də yüksək səviyyədə! Bax, buna yaşamaq deyərlər.

İNSANLAR QORXAQ DOĞULMAZLAR

Ü ç gün sonra pirlər yenə gəldilər. Onlardan birinə üz tutub soruşdum:

- Ustad, qanunun bir maddəsində deyilir ki: "Qorxaqlıqla sərbəst ölkə vətəndaşlığı bir araya sığa bilməz". Düzünə

qalsa, mən bunu da anlamadım.

Qorxaqlıq insanın əlində olan və iradəsinə bağlı bir şey deyil ki! Qorxaqdan qorxaq da doğular! Bu bir qəbahət deyil ki

qanun ondan ötrü adamı vətəndaşlıqdan məhrum etsin!

- Qəbahətdir! İnsanlar qorxaq doğulmazlar. Onları qorxağa çevirən bizlərik. Ailə və məktəbdə verdiyimiz tərbiyə, 

hökumətdə istifadə etdiyimiz üsullardır vətəndaşı qorxağa çevirən. Uşağa cinlərdən, pərilərdən, süpürgəsaqqallardan, 

divlərdən, ruhlardan söz açıb qorxutmaq istəyirsinizsə, həmin uşağın ruhuna ta beşikdən qorxaqlıq toxumunu əkmiş 

olacaqsınız!

Bu uşaq böyüyüb həyata qarışdığı zaman atasının yumruğundan və polisin dəyənəyindən başqa özünə ağıl öyrədəcək 

vasitə tapmayacaqsa, doğulduğundan bu yana şəxsiyyəti qırılar, ruhu əzilər, mənliyini itirər, şərəf və ləyaqət duyğusunu 

unudar və hər şeydən vahimələnər, təklənib heyvan kimi hər şeydən hürkməyə başlayar.

İnsanların bu halı bir cəmiyyət üçün yalnız fəlakətdir. Belə cəmiyyətdə haqlı, həqiqəti qoruyacaq kimsə tapılmaz. Bax 

buna görə də ta əzəldən qorxu tərbiyəsi istibdad üçün bir dayaq olub. Məktəbdə falaqqa (şagirdi döymək üçün ayrıca 

qurğu - red.), ailədə yumruq, hökumətdə şillə bu tərbiyənin əsasıdır. Məqsəd - fərdin şərəf və ləyaqət duyğusunu 

öldürmək, gözünü qorxutmaq, hər cür cəsarət qabiliyyətini sındırmaqdır.

Sərbəst ölkədə isə vətəndaşın şərəf və ləyaqət duyğusu, cəsarət qabiliyyəti başda gəlir. Burada istər ailə və məktəb 

tərbiyəsi, istərsə hakimiyyət üsulu bambaşqadır. Ailədə yumruq yerinə yanımcıllıq və anlatma, məktəbdə falaqqa 

yerinə aşılama və düşünüb danışma, hökumətdə dəyənək yerinə qanun və ədalət keçərli olar. Beləcə, ta uşaqlıqdan öz-

özünü idarə etməyə, düşünməyə və mühakiməyə alışdırılan vətəndaşlar həyatda heç kimdən və heç nədən qorxub 

hürkməzlər.




İşdir, ölkədə hər hansı qorxaq tapılarsa, vətəndaşlıqdan çıxarılar. Axı qorxaqlıq həm də başqalarına keçən bir 

xəstəlikdir. Bəzən beş-on qorxaq adam bütöv bir ordunun dağılmasına səbəb olur.

- Anladım, ustad! Düzünə qalsa, o cür ölkədə qorxaqlıq üçün bir səbəb qalmır ki, insan qorxaq olsun! İndi, mümkünsə, 

qanunun çalışmaq vəzifəsinə aid maddəsini izah edin. Bu maddə sapsağlam olsalar da, çalışmadan yaşamaq və sərvət 

toplamaq istəyənləri ölkənin xeyrinə zor gücünə çalışmağa məhkum edir. Mən həmin maddəni azadlıq anlayışına 

uyğunlaşdıra bilmədim. Bir halda ki vətəndaş azaddır, istəsə çalışar, istəməsə yox. Başqası buna niyə qarışır?

- İlk baxışda haqlı görünürsünüz, ancaq həqiqətə qalınca, maddəni anlamamısınız. İmkanı var ikən çalışmadan yaşamaq 

və sərvətə yiyələnmək həvəsi fərdlər və cəmiyyətlər üçün eyni dərəcədə fəlakətdir. Axı başqalarının kölgəsində

yaşayanlar, ya da başqalarının yaxşılığı hesabına sərvət toplayanlar yaxşılıq edənlərə möhtac olur, onların arzularına, 

istəklərinə boyun əymək, haqlı-haqsız fikirlərinin önündə əyilmək məcburiyyətində qalırlar.

İndi səndən soruşuram: Belə insanlar azad ola bilərmi? Bunlarda şərəf və ləyaqət varmı?  Üstəlik, həmin adamlar bir 

şey yaratmadıqlarından başqalarının yaratdıqlarını dadır və zəhmət çəkmədiklərinə görə bu nemətlərin qədrini 

bilmirlər. Onlar ümumi sərvətin artmasına əngəl törədir və beləcə, cəmiyyəti mənəvi və maddi baxımdan zəiflədirlər.

Həqiqətdə belə insanlar bar verən ağacların gövdəsinə sarılmış alaq otuna bənzəyirlər, ağacın suyunu onlar sorub 

qurudurlar! Bağçasının qiymətini bilən, yetirdiyi meyvənin ləzzətini düşünən bir bağban, sözyox, belə alaq otlarının 

boy atmasına, yayılmasına meydan verməz, düşməni elə kökündən çıxarıb atar! Amma sərbəst ölkə daha insani 

davranır. Belələrini ölkənin xeyrinə çalışdırır və bu cür davranışla azadlığı danmır, onu daha da qüvvətləndirir. Axı bu 

davranış yolunu azmış insanları şərəf və ləyaqət yoluna qaytarır!..

Bu yerdə pirlər sözlərini bitirib ayağa qalxdılar. Başqa yerə dəvətli olduqlarından bir neçə gündən sonra yenə

gələcəklərini söyləyib getdilər.

KİNODA GÖRÜ B-EŞİTDİKLƏRİM!

O axşam yeyəndən və azadlıq nəğməsini oxuyandan sonra qonaqlarla aşağı düşdük. Burada bütün bina boyunca uzanan 

bir salon vardı; həm teatr, həm kino, həm də konfrans yeri idi. Bu gecə kino və konfrans vardı.

Kinoda sərbəst şəhərin tarixinə və bugünkü həyatına aid bir neçə film göstərildi. Tarixi filmlər azadlıq 

mübarizələrindən bəhs edirdi. Filmlərdən birində istibdad ordusunun şəhərə hücumu göstərilirdi: Şəhər başdan-başa od-

alov içindədir. Kişili-qadınlı bütün əhali alovlar arasında qaçaraq, şəhərin divarlarını yarmaq istəyən istibdad 

əsgərlərinə hücum çəkir. Ancaq şəhər alınır və sakinlər qətlə yetirilir...

İkinci filmdə şəhərə hakim olan müstəbidin zülm və işgəncələrindən söz açılır. Azadlıq tərəfdarları bircə-bircə tutularaq 

hökmdarın hüzuruna gətirilir. Qısa bir sorğu-sualdan sonra başları kəsilib küçəyə atılır...

Ü çüncü filmdə illər ötəndən sonra inqilabçı bir qrupun qaranlıq bir yerdə toplanması göstərilir. İnqilabçılar qiyam 

qaldırmağa qərar verərək, hökmdarın sarayını hər yandan mühasirəyə alırlar. Keşikçi əsgərlər təslim olurlar. 

Qorxusundan tir-tir titrəyən hökmdar və onun xanımı diz çöküb mərhəmət diləyirlər...

Bugünkü həyata aid filmlərdə isə köhnə xarabalar üzərində qurulmuş möhtərəm bir mədəniyyətin əsərləri, məhsul 

buraxan fabriklərin işi, elm və texnika saraylarında ağsaç alimlərin araşdırmaları, tamaşaçılarla dolu teatr və operalar, 

xəstəxanalar, universitet, akademiya, kitabxana binaları və sair göstərilirdi.

Kinodan sonra konfransın növbəsi çatdı. Səhnəyə ortaboy, uzunsaç bir adam çıxdı. Sən demə, şəhərin önəmli 

insanlarından və məşhur natiqlərindən sayılırmış. O, - "Sizə bu gün xarakterlə azadlıq arasındakı əlaqədən bəhs 

edəcəyəm" - deyə sözə başladı və öncə "xarakter" anlayışını başa saldı: "Xarakter fərdin göstərdiyi təmkin və

dözümdür. Xarakter həm xeyir, həm şər qaynağı ola bilər. Xeyir qaynağı ola bilməsi üçün fərdi xarakter mütləq fədakar 

olmalıdır" - söyləyərək sözünə belə davam etdi:

- Fədakarlıq, yəni şəxsi çıxarlarını özü kimi başqa insanlara qurban vermək bacarığı insanı təbiət üzərində ucaldan bir 

keyfiyyətdir. Düzdür, bu keyfiyyət yalnız insanlara məxsus deyil, birlikdə yaşayan heyvanlarda da bu sifət gözə dəyir.




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə