ƏHMƏd-cabiR ƏHMƏdov zeytun və zeytun yağI (Monoqrafiya)


Zeytunun botaniki sortları



Yüklə 1,04 Mb.
səhifə11/61
tarix05.03.2023
ölçüsü1,04 Mb.
#101976
1   ...   7   8   9   10   11   12   13   14   ...   61
HM d-cabiR HM dov zeytun v zeytun ya I (Monoqrafiya)

1.4. Zeytunun botaniki sortları

Zeytunun keçmiş SSRİ- nin subtropiklərində yetişdirilən 80- ə qədər vətən və xaricdən gətirilən sortları məlum idi. Onların 50- ə qədər sort və 30- a qədər forma müxtəlifliyi Azərbaycanda var. Bu sortlara İtaliya, İspaniya, İranın Artvin bölgəsindən gətirilən zeytunlar, eləcə də Azərbaycan Respublikası, Krım Vilayəti, Qərbi və Cənubi Gürcüstanda yetişən yerli vətən sortları aiddir.


Xaricdən gətirilən və vətən sortları Azərbaycan Elmi- Tədqiqat Bağçılıq, üzümçülük və subtropik bitkilər İnstitutunun kolleksiyasında və MDB- nin digər bölgələrində (Krım, Gürcüstan, Tacikistan və digər bölgələr) toplanmışdır.
MDB- nin subtropiklərində becərilən xarici zeytun sortlarından Aqostino, Askolano, Della Madonna, Koreciolo, Leççino, Mission, Manzanillo, Ratso, Santa Katerina, Sevilyano və digərləri; Artvin sortlarından Qorvala, Nacviyskaya, Otur. Tolqomskaya, Tossiyskaya, Tbilisi və digərləri aiddir. Bu zeytun sortlarından vətən kolleksiyasının perspektiv sortları sayılan Nikita-1, Nikita-2 və ya irimeyvəli Nikita, Nikita-5, Nikita-6, Krım-172, Tezyetişən Krım, Kolxozçu, Primorski, Xırdayarpaqlı, Məhsuldar və digər sortlar selleksiya yolu ilə yetişdirilib becərilmişdir. Gürcüstanın yerli sortlarından Kardanaxi (Qərbi Gürcüstandan) və irimeyvəli Suxumi (Qərbi Gürcüstandan) ən yaxşı zeytun sortları hesab edilir.
Azərbaycanda yetişən və becərilən zeytun sortları və onun forma müxtəlifliyi Azərbaycan Elmi- Tədqiqat bağçılıq, üzümçülük və subtropik bitkilər İnstitutu tərəfindən aşkar edilmiş və öyrənilmişdir. Həmin İnstitutun əməkdaşları E.S. Xramov və İ.A. Jiqareviç tərəfindən 10-14 il müddətində zeytunun 28 forma və sortu öyrənilmişdir.
Zeytun sortlarının təsərrüfat- botaniki göstəriciləri şaxtaya davamlılıq, yetişmə müddəti, məhsuldarlığı, meyvənin əmtəəlik- texnoloji keyfiyyəti (yağlılığı, ətliliyi və ətliyin konsistensiyasına görə) üzrə qiymətləndirilmişdir.
Tədqiqatlar nəticəsində geniş miqyasda becərilmək və istifadə olunmaq üçün aşağıdakı zeytun sortları seçilmişdir.
Vətən sortlarından Azərbaycan Zeytunu (Baki-25), Şirin Zeytun (Bakı-17), Qara Zeytun (Bakı-88), Armudu Zeytun (Bakı-68), Buzovna Zeytunu, Bakı Zeytunu (Bakı-8), Nikita-1, Nikita-2 və ya irimeyvəli Nikita, Krım, xaricdən gətirilən sortlardan Askolano, Aqostino, Della Madonna, Pikvales, Santa Katerina, Tbilisi, Tolqomskaya, Tossiyskaya.
Meyvəsindən təsərrüfatda istifadə olunmasına görə zeytun sortları üç qrupa bölünür:
1. Konservlik sortlar – bu sortların meyvəsi texniki yetişkənliyə catdıqda (göy zeytun) duza və sirkəyə qoyulmaqla konservləşdirilir. Bunlara Askolano, Santa Katerina, Tolqomskaya, Armudu Zeytun və başqaları aiddir.
2. Konservlik- yağlı sortlar – bu sortların meyvələri tam yetişdikdə (qara zeytun) duzlamaq (quru duzlama) və zeytun yağı almaq üçün işlədilir. Bunlara Tolqomskaya, Aqostino, İrimeyvəli Nikita Zeytunu, Azərbaycan zeytunu, Şirin zeytun və başqaları daxildir.
3. Yağlı sortlar – bu sortların meyvələrindən ancaq yağ almaq üçün istifadə edirlər. Bunlara çox yağlı sortlardan – Della Madonna, Tbilisi, Koreciolo, Nikita zeytunu və başqaları daxildir.
Dövlət sortsınanmasına qəbul edilmiş bir sıra qiymətli sortları qısa təsvir edək.
Azərbaycan zeytunu – bu sortdan konserv yağ üçün istifadə olunur. Ağacı güclü boy atandır, boyu 9 m- ə çatır; çətri enli- girdə, qollu- budaqlıdır. Meyvəsi iri, uzunluğu 2,5 – 3,1 sm, kütləsi 5,9 qr, qısa- oval formalı, yastıburundur. Konserv üçün istifadə olunan meyvəsi (texniki) oktyabrda və qara meyvələri (botaniki) noyabrda yetişir. Hər ağacdan 35 – 40 kq məhsul yığılır. Meyvələrinin tərkibində 70%- ə qədər yağ vardır, 80%- i isə ətli hissə təşkil edir.
Aqostino – bu konserv yağlı sort sayılır. Ağacı ortaboylu, hündürlüyü 4 – 6 metrdir; çətri kürəşəkilli, qollu- budaqlıdır. Meyvəsi iri olub, uzunluğu 2,8 – 3,1 sm və kütləsi 7,3 – 12 qr, qısa- oval formalı, təpəsi girdədir. Oktyabrın ortalarından (texniki), noyabrın sonuna qədər (botaniki) yetişir. Hər ağacı 25 – 30 kq məhsul verir. Meyvəsinin ətində 68,5% yağ vardır, ətliliyi 80%- ə çatır.
Armudu zeytun – konserv üçün istifadə olunan sortdur. Ağacı ortaboylu, hündürlüyü 4 – 5 metrdir; çətri enli- girdədir, qollu- budaqlıdır. Meyvəsi iridir, uzunluğu 3,0 – 3,3 sm, kütləsi 8 – 10 qramdır, uzunsov- oval formalıdır, ucu uzunsovdur. Oktyabrın ortalarından (göy zeytun) noyabrın (qara zeytun) sonunadək yetişir. Hər ağacdan 25 – 27 kq məhsul verir. Meyvəsinin tərkibində 68%- dək yağ var, ətli hissəsi meyvənin 90%- ni təşkil edir.
Santa Katerina – konservlik sortdur. Ağacı ortaboylu, hündürlüyü 4 – 6 metr, çətri kürəşəkillidir. Meyvəsi çox iridir, uzunluğu 3,2 – 4 sm, kütləsi 9 – 15 qramdır, uzunsov- oval və ya oval formalıdır, təpəsi girdədir. Oktyabrın sonundan (göy zeytunları konservləşdirmək üçün) dekabrın ortasınadək (zeytunları quru duzlamaq üçün) yetişir. Hər ağacdan 20 – 25 kq məhsul yığılır. Meyvəsinin tərkibində 69% yağ olur, ətliliyi 90 – 90,5%- i təşkil edir.
Nikita-1 yağlı sortlara aiddir. Ağacı orta və ya iridir, hündürlüyü 6 – 8 metrdir; çətri kürəşəkilli, yığcamdır. Meyvəsi xırda və ya orta irilikdə olur, uzunluğu 2,0 – 2,3 sm, diametri 1,6 – 1,7 sm, kütləsi 4,5 qramdır; girdə- oval formalı, təpəsi girdə və ya azacıq şişmərdir. Meyvələri noyabrın ortalarında tam yetişir. Hər ağacdan 25 – 30 kq məhsul verir. Meyvəsinin tərkibində 72%- ə qədər yağ olur. Ətliliyi 75%- dir. Konservləşdirmək və yağ almaq üçün istifadə olunur.
Tbilisi – bu sortdan yağ alırlar. Ağacı güclü boy atandır, hündürlüyü 6 – 7 metrdir. Çətri kürəşəkilli, qollu- budaqlıdır. Meyvələri xırda və ya ortadır, uzunluğu 1,8 – 2,4 sm, kütləsi 3,2 – 6,0 qramdır; girdə- oval formalı, təpəsi küt və ya girdədir. Oktyabrın sonundan noyabrın yarısınadək (tam) yetişir. Meyvəsindən quru duzlama üçün də istifadə etmək olar. Hər ağacı 35 – 40 kq məhsul verir. Tərkibində 72%- dək yağ vardır, ətliliyi 86%- dir.
Askolano – zeytunu İtaliyadan gətirilən zeytun sortudur. Meyvəsi iri, oval formalıdır. Meyvəsinin uzunluğu 2,8 – 3,2 sm, diametri 2,4 – 2,6 sm, kütləsi 8 – 9 qramdır. Rəngi tünd- bənövşəyi, ətliyi ağ, qabığı bənövşəyidir. Meyvəsi budaqlarla uzun saplaqlı bir-bir və qrup şəklində yerləşir. Bu ən yaxşı məhsuldar sort hesab edilir. Gec yetişir. Yaşıl meyvələri sirkəyə qoymaqla konservləşdirmək, xırda meyvələr duza qoymaq üçün və yağ almaq üçün istifadə olunur.
Krım-172 – sortu irimeyvəli, dairəvi formada, qabırqalıdır. Meyvəsinin uzunluğu 2,4 – 2,5 sm, diametri 1,8 – 1,9 sm, kütləsi 4,5 – 5,0 qramdır. Meyvəsinin ucu şişdir. Rəngi qara, parlaq və sıx yerlşən xırda ağ nöqtəlidir. Ətliyi zərif, meyvəsi uzun saplaqlı olub budaqlarda tək- tək yerləşir. Bu sort şaxtaya davamlı və məhsuldardır. Gec yetişir. İri meyvələri yaşıl halda sirkəyə qoyulmaqla konservləşdirilir. Krım-172 sortundan yüksək keyfiyyətli zeytun yağı istehsal olunur.
Koreciolo – sortunun meyvəsi xırda, uzunsov- oval formadadır. Meyvəsinin uzunluğu 1,8 – 2,0 sm, diametri 1,2 – 1,4 sm, kütləsi orta hesabla 2,7 qramdır. Meyvəsinin qabığı sıx yerləşən xırda- ağ nöqtəlidir, lakin tam yetişdikdə çox az hiss olunur. Ətliyi kremi, qabığı isə açıq bənövşəyi rəngindədir. Meyvəsi budaqlarda 3 – 5 ədəd qrup şəklində olmaqla kiçik saplaqda yerləşir. Çəyirdəyi sığallı, iri, uzunsov- oval formalıdır. Tez yetişən məhsuldar sortdur, tərkibində yağı 65 – 70%- ə qədərdir. Əsasən yağ istehsalı üçün istifadə olunur.
Manzanilo – zeytunu iri meyvəli, oval formalıdır. Uzunluğu 2,6 – 2,7 sm, diametri 2,2 – 2,9 sm, bir ədədinin kütləsi 6,5 – 7,0 qramdır. Rəngi tünd- bənövşəyi parlaqdır. Yaşıl halda konservləşdirmək, tum yetişdikdə isə yağ istehsalı üçün istifadə edilir. Keyfiyyətli zeytun sortlarından sayılır.
Nikitin-2 – zeytunu iri meyvəlidir. Meyvənin uzunluğu 2,8 – 3,1 sm, diametri 1,8 – 2,0 sm, kütləsi 5,5 – 5,6 qramdır. Meyvəsi uzunsov- oval formalı, uc hissədə konusvarı və çıxıntılıdır. Rəngi tünd- bənövşəyi, mum təbəqəsi ilə örtülü olub, seyrək yerləşən iri ağ nöqtəlidir. Bu sort yüksək keyfiyyətli, məhsuldar, şaxtaya davamlı, gecyetişəndir. Yaşıl meyvələri sirkəyə qoyulur, yetişmiş qara meyvələr quru duzlama və yağ istehsalı üçün sərf edilir. Ətliliyi 85%- dir. Yağ çıxarı 79,1%.
Sevilyano – zeytunun meyvəsi çox iridir. Kütləsi 10 – 12 qrama qədər, oval- uzunsov formalı olub uc hissədə bir qədər nazilir. Rəngi qara, parlaq və ağ nöqtəlidir. Çəyirdəyi şiş uclu, orta iri və ətlikdən çətin ayrılır. Gec yetişən sortdur. Ən yaxşı sort hesab edilir. Əsasən konservləşdirmək üçün istifadə olunur.
Zeytun sortlarını yaşıl konservləşdirmək üçün avqustun sonu- sentyabrda bənövşəyi rəngin əmələ gəlməsinə qədər yığırlar. Quru duzlama və yağ istehsalı üçün zeytunu tam yetişdikdən sonra yığırlar. Zeytun meyvəsinin yetişmə müddəti onun sortundan və becərildiyi bölgədən asılıdır. Bir ağacdan orta hesabla 70 – 75 kq zeytun məhsulu yığmaq mümkündür. Meyvələr əllə yığılır. Yetişmiş meyvələr zərif olduğundan tez əzilir və tünd rəngə boyanıb xarab olur. Yetişmiş zeytunları tutumu 3 – 4 kq olan xırda yeşiklərə və ya səbətlərə yığırlar. Konservləşdirmək üçün zeytunu sortlaşdırdıqda büzüşmüşlər, şaxtavurmuşlar, zərərvericilərlə zədələnmişlər, həmçinin mexaniki zədələnmişlər seçilib yağ istehsalına verilir.
Zeytun meyvəsini təzə halda uzun müddət saxlamaq olmaz. Ona görə də konservləşdirmək (sirkəyə və duza qoymaq üçün) üçün yığılan zeytun tez bir zamanda emal müəssisəsinə çatdırılmalıdır.



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə