www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
93 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
DRAMATURGİYA
QAÇAQ QOCALAR
İki hissəli pyes
Mən bu pyesdəki qocalara bənzər insanlara bir neçə əsərdə, rəsmdə, kinoda rast gəlmişəm.
Həmişə də onları kiməsə oxşatmışam. Son dəfə isə onlara Azərbaycan tamaşaçısına az tanış
olan Aldo Nikolayinin adını unutduğum bir pyesində rast gəldim. Və nəhayət, onları
tapdım. Onlar «Nərimanov» metrosunun çıxacağındakı parkda oturmuşdular, mənim
həmkəndlilərim idilər və erməni əsirliyində olan kəndləri, itmiş uşaqlıqları ilə bağlı nostalji
hisslərə qapılmışdılar, vətənsizliyin acısını çəkirdilər, ara-sıra mübahisə edirdilər. Bu
qocalar müxtəlif zamanlarda və məkanlarda doğulublar, çoxdilli və çoxmillətlidirlər,
ruhibirdilər. Ona görə də hardasa - küçədəmi, kitabdamı, jurnaldamı onlara bənzər
insanları görsəniz təəccüblənməyin...
Müəllif
Birinci hissə
Pərdə açılmazdan öncə atəş səsləri eşidilir. İlk baxışdan atəş səslərinin əsərə dəxli yoxdur. Bu,
rəmzi xarakter daşıyır və hadisələrin gedişində, eləcə də dramın sonluğunda mahiyyəti bəlli
olur.
Pərdə açılır. Səhnədə iri hərflərlə «Yüz il keçsə də, Qarabağ bizimdir!» şüarı asılıb. Həmin şüar
pyesin sonuna qədər dəyişməz qalır.
Hadisələr yazda baş verir. Yeni tikilmiş binaların arasında xırda park var. Parkda tək-tük ağac
və bir skamya. Skamyanın bir ayağı yoxdur. Məhəmməd adlı qoca bir kişi gəlib skamyada
oturur. O, skamyanın bir ayağının qırıq olduğunu bildiyinə görə, ehtiyatla və qırıq olmayan
tərəfdə oturur. Onun əlində jurnal var və jurnalın üzqabığına diqqətlə baxır. Təxminən onunla
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
94 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
yaşıd, Yusif adlı bir qoca da skamyaya yaxınlaşır. Görünür, o, parka birinci dəfə gəlir,
skamyanın qırıq olduğundan xəbərsizdir və o biri başda - qırıq olan tərəfdə oturur.
Məhəmməd təzə qonşusuna təəccüblə baxır. Yusifə elə gəlir ki, Məhəmməd onun burada
oturmasından narazıdır. Əslində isə Məhəmməd skamyanın aşacağından ehtiyat edir.
Yusif - Sabahınız xeyir.
Məhəmməd - (narazı şəkildə üz-gözünü turşudur). Olsun da (üzünü o tərəfə çevirir və yanpörtü
oturur).
Uzun sürən pauza.
Yusif - Bu yekəlikdə parkda bircə skamya var.
(özünü təmizə çıxarmaq, yəni, Məhəmmədə mane olmaq istəmədiyini bildirmək üçün).
Məhəmməd dinmir və gözünün qırağı ilə Yusifə baxır. Ona elə gəlir ki, skamya indicə aşacaq.
Yusif oğrun-oğrun jurnala baxır və özü də bilmədən yavaş-yavaş Məhəmmədə tərəf sürüşür.
Məhəmməd ondan uzaqlaşmağa çalışır...
Yusif - Allah saxlasın.
Məhəmməd - Kimi?
Yusif - (jurnala işarəylə). Onu.
Məhəmməd - (narazı). Saxladı-saxlamadı, ondan bizə nə?
Yusif - Necə, yəni, bizə nə!? Sizinkilərdən deyil?
Məhəmməd - (Yusifə tərəf dönür). Bizimkilərdən? Yəni, bizimkilər belə soyunur!?
Yusif - İndi zəmanə dəyişib. Adam özü soyunmayanda zorla soyundururlar.
Məhəmməd - Şükür allaha ki, bizimkiləri yox. Çünki bu bizimkilərdən deyil. Bizimkilər
üzüyoladır (üzünü o tərəfə döndərir).
Yusif - Bəs kimdir?
Məhəmməd - (üzünü Yusifə tərəf döndərir və tərs-tərs ona baxır). Mən nə bilim!? Bəlkə də
oxuyandır. Bəlkə də aktrisa. Bəlkə də küçə qadını...Yox, bizimkilərə oxşamır.
Yusif - Ancaq qəşəngdir. Bir otuz il əvvəl olsaydı...
Məhəmməd - (onu başdan ayağa təəccüblə süzür). Otuz il əvvəl!? Əlli il desən, bəlkə də inanmaq
olardı.
Yusif - (xəyalpərvərliklə).
Səhər yuxudan oyanasan, görəsən ki, bir gözəl mələk böyründə
soyunub uzanıb.
Məhəmməd - Ay soyundu ha! Sənin özünü soyundurmaq lazımdır.
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
95 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Yusif - Mən də elə onu deyirəm də. Deyirəm ki, soyunub böyrümdə uzansaydı. Əvvəllər olsaydı,
özüm soyundurardım. Amma indi mənim özümü soyundurmaq lazımdır.
Məhəmməd - Əvvəllər çox şey vardı...
Yusif - Bunu kimin soyundurduğunu bilmirəm, amma qəşəngdir.
Görürəm ki, sən də gözünü
ondan çəkmirsən.
Məhəmməd - (narazı). Mən ona baxmıram.
Yusif - Bəs kimə baxırsan?
Məhəmməd - Kimə yox, nəyə. Mən o ağaca baxıram.
Yusif - Hanı, burda ağac var?
Məhəmməd - O dey, orda. (jurnalın üz qabığına işarə edir).
Yusif - O ağac deyil. Qızın ayağıdır (Gülür).
Məhəmməd - Ağcaqayın deyil!?
Yusif - Yox bir, ağcabaldırdır. Əlbəttə ki, ağac deyil. Ağac olsaydı, indi onu çoxdan çıxarıb
aparmışdılar.
Məhəmməd - Mənim gözümdə katarakt var. Öz aramızdır, şikəst adama gülməzlər. Özü də bu
jurnal mənim deyil.
Yusif - Bəs kimindir?
Məhəmməd - (hirsli). Bura bax görüm e! Sən prokuror-zadsan ki, məni sorğu-suala tutursan?
İnişil biri vardı,
məni o qədər silist elədi ki, axırda özünün əsəbləri tab gətirmədi, başına qan
sızdı.
Yusif - Allah eləməsin. Elə belə soruşuram, maraq üçün. Bu yaşda, özü də belə qəşəng qızlara
həvəslə baxasan...
Pauza.
Məhəmməd - Nəvəmdir.
Yusif - Nəvəndir? Bəs bayaqdan deyirsən ki, tanımıram.
Məhəmməd - (az qala fınxırır). Kimi?
Məhəmməd hirslə ayağa qalxır, skamya Yusiflə birgə aşır.
Məhəmməd nə edəcəyini bilmir,
sonra Yusifə yaxınlaşır, əlini ona uzadır.
Məhəmməd - Qalx görək, qalx. Oturmazdan əvvəl bu andıra yaxşı-yaxşı baxmalıydın və
bilməliydin ki, sınıqdır.
Yusif - (ayağa qalxa-qalxa və zarıya-zarıya). Mən birinci dəfədir ki, bura gəlirəm. Təzə
köçmüşük. Sənsə mənə deməmisən.