Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   8   9   10   11   12   13   14   15   ...   164

25 
sarayına yol tapa bilmişdilər. Təhmasibin səltənətinin sonlarına doğru Xosrov Qəzvini adın da bir 
dərviş  Qəzvin  nöqtəvilərinin  rəhbəri  idi.  Dərviş  Xosrov  II  İsmayıl  və  Sultan  Məhəmməd 
Xudabəndə zamanında da fəaliyyətini sürdürdü. Rəsmi dövlət xidmətində olan və nöqtəvilərə  heç 
də yaxşı münasibət bəsləməyən İskəndər bəy Münşi yazırdı: «Dərviş Xosrov atalarının sənətini tərk 
edərək  qələndərlik  və  dərvişlik  libası  geyindi.  Uzunmüddət  səyahətlərdə  oldu,  nöqtəvilərlə 
qaynayıb-qarışdı.  Öz  yoluna  can-başla  davam  etdi  və  içkiyə  aludə  oldu.  Qəzvinə  dönüb  bir 
məscidin kənarında özünə yer tutdu. Yanına bir dəstə dərviş gəlib-gedirdi. Dərviş Xosrov mərifəf 
dükanı açaraq, orada qızğın «alver» etməyə başladı. Üləma və möhtəsiblər onun hərəkətlərini inkara 
başlayıb, məscidə girməsini qadağan etdilər»(8, s .801) 
Şiəlik  ehkamlarının  bütün  sahələrdə  ardıcıl  müdafiəçisi  olan,  öz  hakimiyyəti  üçün  təhlükə 
törədən müxalif qüvvələri, əks düşüncəyə malik hərəkat nümayəndələrini də din düşməni damğası 
ilə təqib etdirib amansız tərzdə cəzalandıran I Şah Abbasın dövründə (1587-1629-cu illər) vəziyyət 
kəskinləşdi, nöqtəvilik dini və hüquqi cəhətdən zərərli təlim və hərəkat sayılaraq, amansız təqiblərə 
məruz qaldı. Dini-siyasi çağırışı çox vaxt üstüörtülü, simvolik vasitələrlə nəzərə çatdıran, bu yolla 
həm  «öz  təlimlərinə  daha  sirli,  anlaşılmaz  bir  don  geyindirən»  (7,  s.98),  həm  də  rəsmi  və  dini 
dairələrin təqiblərindən qorunmağa çalışan nöqtəviləri hakimiyyət özünə təhlükə sayırdı. 
Nöqtəvilər hesab edirdilər ki, dünyada hər şey daimidir. Əgər bir şey məhv  olursa, o, başqa 
şəkildə yenidən meydana çıxır. Buna görə də onlar nə Səfəvi hakimlərinin cəza tədbirlərindən, nə 
də  ölümdən  qorxmurdular  və  belə  düşünürdülər  ki,  öldükdən  sonra  yenə  diriləcəklər.  Yusif 
Tərkeşduzun edamından sonra Dərviş Kiçik Qələndərin dediyi bu sözlər isə məhz həmin inamın və 
nöqtəviliyin mübarizə yolunun davam edəcəyi fikrinin ifadəsi idi: «Getdik ki, başqa bir vaxt gələk» 
(8,  s.805).  Bu  isə  nöqtəvilərdə  mənəvi  hökmranlıqdan  real  hökmranlığa  çatmaq  arzusunu 
qüvvətləndirdiyindən, onlar hökumət əleyhinə qiyam edirdilər. 
Şah Abbas hakimiyyətinin yeddinci ilində baş verən hadisələrdən bəhs edən İ. Münşi əvvəlcə 
nöqtə vilik təliminin ən məşhur rəhbərlərindən olan Dərviş Xosrov Qəzvininin və onun bir sıra əsas 
müridlərinin  hakim  dairələr  tərəfindən  öldürülməsini  diqqət  mərkəzinə  çəkmişdir.  Qeyd  olunurdu 
ki,  güclənən  təhlükələri  hiss  edən  Dərviş  Xosrov  özünün  nöqtəvi  əqidəsini  büruzə  verməyib 
qorunmaq  üçün  üləmalarla  əlaqə  qurmuş,  zahirdə  fiqhi,  yəni  dini  hüquq  elmini  öyrənməyə 
başlamışdır. Şah Abbas onunla görüşüb əqidəsini yerli-yataqlı öyrənmək istəsə də, Dərviş məharətlə 
öz düşüncələrini gizlədə bilmiş, lakin şagirdləri Ustad Yusifi Tərkeşduz və Dərviş Kiçik Qələndər 
siyasi-ideoloji  iddialarını,  insanların  mənəvi  azadlıqları  barədəki  təlimlərini  açıq  ortaya 
qoymuşdular. Az sonra Şah Abbas Dərviş Xosrovun həbsinə fərman vermişdi.  İ.Münşi bu barədə 
yazırdı: «Vaxtının çoxunu küçə və məhəllələri seyr edib müxtəlif təbəqələrdən olan əhali ilə tanışlıq 
edən əlahəzrət hərdən bir dərvişin də yanına gedib onunla söhbət edirdi. O bəzən dərvişin əqidəsini 
öyrənmək üçün onunla bir söz sahibi kimi məntiqi danışıqlar edir, dərvişanə tərzdə allahşünaslığı 
onun  nəzərində  cilvələndirməyə  çalışırdı.  Dərviş  isə  şah  ilə  olduqca  ehtiyatla  davranır,  şəriətin 
xilafına danışmırdı. Amma, onun təkyəsində bir dəstə dərviş, xüsusiylə Ustad Yusifi Tərkeşdüz və 
Dərviş Kiçik Qələndər böyük iddia və yüksək çıxışla Dərviş Xosrovun boş əqidəsini çəkinmədən o 
həzrətə  söyləyirdilər.  Onların  dinsiz  olmaları  ali  məqamlı  şahın  xoşuna  gəlmirdi.  Buna  görə  də, 
həmin adamların dəf olmaları və parlaq şəriət rəsmlərinin icrası şəriətpərvər padşah tərəfindən vacib 
bilindi.  Şah  Luristan  səfərində  olan  vaxt  Xosrov  Dərvişin  və  yoldaşlarının  tutulmaları  haqda  əmr 
etdi. (8, s.803) 
Nöqtəviləri  ciddi  siyasi  qüvvə  sayan  Şah  Abbas  mübarizəni  axıradək  davam  etdirir  və  son 
nəticədə onları tam zərərsizləşdirir. Dərviş Xosrovun nöqtəvi olması Şah Abbas tərəfindən sübuta 
yetirilir və o da Qəzvində edam olunur. 
İ.Münşi  hadisəni  belə  təsvir  etmişdir:«Dərviş  Xosrovu  hüzuruna  çağırdı,  üləmaları  topladı, 
onun  haqqında  məlumat  toplamağa  başladılar.  Dərvişin  təkyəsində  şərab  küpləri  tapıldı.  Məlum 
oldu ki, o, çox şərab içdiyi üçün şəriət qaydalarına etiqad etmir. Onun nöqtəvi olması şahın mübarək 
batini  məhkəməsində  sübuta  yetdi,  o,  işıqlı  şəriətin  rəvacı  üçün  dərvişin  qətl  olunması  üçün  hökm 
verdi: Onu dəvənin boynundan asıb Qəzvin şəhərinin bütün yerlərində dolandırdılar» (8, s.805). 
İ.Münşi  Yusifi  Tərkeşduzun  da  aqibətini  qələmə  almışdır.  Münəccimlərin  göydə  ulduzların 
toqquşması nəticəsində Şahı gözləyən təhlükədən xəbər verməsi və bunun qarşısını almaq üçün bir 


26 
ziyanlı  adamı  müvəqqəti  taxta  çıxarmağın  vacibliyi  barədəki  təklifləri  öz  təsirini  göstərir.  Yusifi 
taxta  çıxarırlar,  üç  gün  sonra  isə  bir  bəhanə  ilə  edam  edirlər.  Beləcə,  hakimiyyət  üçün  təhlükə 
törədən nöqtəvilik təliminin əsas simalarından biri aradan götürülür.  İ.Münşinin bir qeydi göstərir 
ki,  əslində  Yusifi  Tərkeşduz  bütün  bunların  hakim  dairələr  tərəfindən  qurulmuş  oyun  olduğunu, 
nöqtəvilərin  aradan  götürülməsinə  yönəldiyini  anlamışdır.  Əsərdə  oxuyuruq:  «Mövlana  Yusif  at 
sürərkən Mövlana Cəlaləddin münəccimi görüb demişdi: «Ey həzrət molla, nə üçün mənim qanımın 
tökülməsini istəyirsən?» (8, s.803). 
O  da  maraq  doğurur  ki,  İ.  Münşi  bir  təlim  və  hərəkat  səviyyəsində  nöqtəviliyin  güclü  bir 
qüvvə  olması,  Yusifin  edamı  ilə  sarsılmaması,  əksinə,  insanların  kamilləşməsi,  xoşbəxt  bir 
cəmiyyətdə  yaşamalarını  arzulayan  nöqtəvilərin  siyasi-hüquqi  mübarizə  əzminin  daha  da 
qüvvətlənməsi barədə də qısa işarələr vermişdir: Məna aləminin tərki-dünya adamlarının və batini 
aləmlərdən xəbərdar olanların nəzərində elə bir parıltı göründü ki, belə bəlanın aradan götürülməsi 
şəhriyarın iqbal köməyi olmadan mümkün ola bilməzdi» (8, s.804). 
İ.Münşinin  əsərindən  məlum  olur  ki,  tanınmış  nöqtəvi  dərvişləri  xalq  içərisində  o  qədər 
nüfuza malik ililər ki, hakim dairələr onları birbaşa edam etməkdən çəkinirdilər. Məsələn, tanınmış 
nöqtəvi alimi Mövlana Süleyman Təbib Savecinin qətlinə birbaşa fərman verməkdən ehtiyat edən 
hakimiyyət  əvvəlcə  onu  həbs  etmiş,  ara  sakitləşdikdən  sonra  öldürmüşdülər.  İ.Münşi  bu  barədə 
yazırdı:  «Onlardan  biri  də  o  təbəqənin  alimlərdən  olan  Mövlana  Süleyman  Təbib  Savəcidir  ki, 
məşhur  adam  idi.  Onu  da  tutub  gətirdilər.  Nəvvab  şah  onun  işinə  baxılmasını  üləmalara  tapşırdı. 
Üləmalar şəriətə əməl edərək məhəllədəki cahil adamları həyacanlandırmamaqdan ötrü həbs qərarı 
çıxardılar.  Bir  neçə  gün  həbsdə  qaldı.  Əlahəzrət  etiqadı  və  şəriətpərvərliyi  möhkəmləndirməkdən 
ötrü onun qətlini məsləhət bildi və oda gedərək öz yar-yoldaşına qoşuldu»(8, s.805). Münşi habelə 
Seyid  Əhməd  Kaşi,  Dərviş  Kamal  Əqlidi,  Dərviş  Bünyani,  Budaq  bəy  Ustaclı  və  başqa  məşhur 
nöqtəvilərin də edam olunduğunu təsvir etmişdir. 
Özünün  məğlubiyyətinə  və  bir  sıra  görkəmli  xadimlərinin  məhv  edilməsinə  baxmayaraq 
nöqtəvilərin  «despotik  hakimiyyətə  qarşı  mübarizə  aparmalam  mərdlik  və  qəhrəmanlıq  nümunəsi 
idi.  Göründüyü  kimi  nöqtəvilik  sırf  nəzəri  cərəyan  deyildi.  Şəhər  və  kəndin  yoxsul  təbəqələrini, 
habelə  dövün  tanınmış  ziyalılarını  ətrafına  toplayan  nöqtəvi  liderləri  feodal  zülmünə  və  hakim 
qızılbaş  təriqətinə  qarşı  kütlələrin  mübarizəsinə  başçılıq  edirdilər.  Nöqtəvilərin  siyasi-hüquqi 
baxışları sonrakı zamanlarda bir çox azadlıq hərəkatlarına, o cümlədən XIX əsrdə məşhur «Babilər» 
hərəkatına təsir göstərmişdi. Görkəmli Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundzadə İ.Münşinin 
əsərində  nöqtəviliyin  tanınmış  simalarından  biri  olan  Yusif  Tərkeşduz  barədəki  yazılanları  əsas 
götürərək 1857-ci ildə məşhur «Aldanmış kəvakib povestini yazmışdır. 
 
ƏDƏBİYYAT 
 
1.  Azərbaycan tarixi. 7 cilddə. III cild. Bakı. Elm, 2007, 592 s. 
2.  Z. Bünyadov. Dinlər, Təriqətlər, Məzhəblər. Bakı, 1997 
3.  Əfəndiyev M. Siyasi və hüquqi təlimlər tarixi. Bakı, 2002. 
4.  Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. Bakı, 1993. 
5.  Fəlsəfə. Ensiklopedik lüğət, Bakı, 1997 
6.  Məlikova M., Bayramov E. Azərbaycanın siyasi-hüquqi nəzəriyyələr tarixi. Bakı.1984. 
7.   Tağıyev  Ə.,  İsayev  N.,  Nuriyev  S.,  Cəfərov  A.  C.  Orta  əsrlərin  fəlsəfi  və  sosial-siyasi  fikri. 
Bakı, Çaşıoğlu, 1999, 288 s. 
8.  Türkman İ. M.. Dünyanı bəzəyən Abbasın tarixi. Bakı, Şərq-Qərb, 2011, 1144 s. 
9.  https://az.wikipedia.org/wiki/Nöqtəvilik 
10. 
 
http://ebooks.azlibnet.az/book/DQGpUifo.pdf. 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə