Elmi, təhsili heç vaxt unutmayan bir



Yüklə 2,04 Mb.
səhifə13/27
tarix20.10.2017
ölçüsü2,04 Mb.
#6127
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

TƏRƏQQİYƏ APARAN YOL

Tariximizə nəzər salarkən aydın olur ki, Azərbaycanın tarixi keçmişi çox zaman keşməkeşli və məşəqqətli hadisələrlə müşayiət olunmuşdur. Bu yolda isə əsas məqsəd xalqı qorumağa, onun rifahını təmin etməyə yönəlmişdir. Əslində, bütün xalqlar həmişə buna can atsalar da, bizim tarixi mübarizələrimiz daha ağır, daha gərgin keçibdir. Vətənimiz gözəl, torpaqlarımız bərəkətlidir. Ona görə də həm şimaldan, həm cənubdan, həm də qərbdən daim qonşuların bizim xeyir-bərəkətimizdə gözləri qalıbdır. Allahın verdiyi bərəkətli Vətən torpağı bəzən bizə dostdan çox düşmən qazandırıb. Bu səbəbdən qılınc həmişə xalqımızın əlində, şəhidlik isə taleyində olub.

Nə qədər çətin olsa da, biz torpağımızı, onun üzərində yaşamaq haqqımızı, milli varlığımızı yaşada bilmişik. Bunu çox zaman vahid və qüdrətli dövlət olmadan, ağır mübarizələr nəticəsində əldə edə bilmişik. O zamanlar güclü və amansız qonşular bizə qarşı çıxır, milli özünütəsdiqin əsas aləti olan müstəqil dövlət yaratmağa bizə imkan vermirdilər. Çünki bilirdilər ki, dövlətin yaradılması siyasi, iq­ti­sadi, mədəni tərəqqi üçün imkanlar açır, hər cür xarici mü­da­xilənin qarşısına sədd çəkə bilir.

Azərbaycan təbii sərvətlərlə zəngindir və bu amil milli taleyimizdə çox zaman ikili rol oynayıb: bir tərəfdən xalqın müqavimət gücünü artırıb, digər tərəfdən, xarici qəsbkarları ölkəyə cəlb edib. Lakin birinci amil daha əhəmiyyətli olub. XIX əsrdə bunun bariz təzahürü Bakıda neft sənayesinin inkişafı oldu. Bu inkişaf xalqımızın yolunu müasir burjua maarifinə açdı və Bakını dünyanın ən mühüm sənaye mərkəzlərindən birinə çevirdi. Beləcə, Azərbaycan türkləri İslam maarifinə yiyələnməkdə türk xalqları arasında birinci olduqları kimi, burjua maarifinə keçiddə də birinci oldular. Təkcə türk xalqları arasında deyil, bütün müsəlman dünyasında birinci oldular.

Millətin böyük maarifçiləri - A.Bakıxanov, M.F.Axundov, H.Zər­dabi ərsəyə gələn kimi, onlar milli tərəqqi arzuları ilə yaşamağa başladılar. Rus - Avropa mühiti təmsilçiləri arasında yaşayan bu şəxslər öz xalqlarının rifah halı ilə burjua tərəqqisinə çatmış xalqların həyatını müqayisə etmək imkanı əldə etmişdilər. Bu müqayisə müsəlman türklərinin maarif, elm, sənaye baxımından çox böyük geriliyini ortaya qoyurdu. Xalqımızın dövləti yox idi. Ən dəhşətlisi isə, milli məktəbin yoxluğu idi. Bu, xalqımız üçün müasir tərəqqiyə aparan yolun yoxluğuna bərabər idi və bu fakt maarifçi babalarımızı dəhşətə gətirir, onların insan və millətin balası kimi bütün rahatlığını əlindən alırdı. Onlar üçün iki yol qalırdı: qara camaata qarışıb cəhalət bataqlığında itmək, ya da fəaliyyət və hərəkət edib, maddi cəhətdən varlı, mənəvi cəhətdən kasıb xalq üçün məktəb açmaq.

Məktəb tərəqqi etmiş müasir dünya haqqında biliklər və təsəvvürlər almaq üçün müqəddəs, sehrkar bir yer - məbəd kimi təsəvvür olunurdu. Tarix də bu işdə millətin maarifçilərinə yardımçı oldu: Bakıda neft sənayesinin sürətli inkişafı texnik və mühəndis kadrlarına ehtiyacı artırır və Çar hökumətini də Bakıda təhsili inkişaf etdirməyə, məktəblər və peşə öyrədən qurumlar yaratmağa sövq edirdi. Mürtəce ruhaniliyin qəddar müqavimətinə baxmayaraq, dövrün gözüaçıq adamları müsəlman balalarını da əsasən rusdilli məktəblərə qoyurdu.

XIX əsrin yetmişinci illərindən başlayaraq Azərbaycanda burjua maarifi sürətlə tərəqqi etdi. Maarifçi ziyalıların sayı minlərlə idi və onların hamısının əqidəsi bir idi: milli tərəqqiyə xidmət etmək. Tərəqqi ideyasının özü bütün maarifçi ziyalılar üçün müqəddəs oldu, həyatın mənasına çevrildi.

XIX əsrin əvvəllərində milli tərəqqi ideyası o qədər geniş yayılmışdı ki, hətta ən mürtəce ruhanilər belə, xalq adamı kimi görünmək üçün tərəqqidən danışırdılar. Lakin maarif və tərəqqi hərəkatının başında duranlar onlar yox, rus təhsilli milli burjua ziyalıları idi. Rus təhsilinə baxmayaraq, onların ən qabaqcılları fars-ərəb dillərini bilir, Azərbaycan dilində yazıçılıq, şairlik və mühərrirlik edirdilər. C.Məmmədquluzadə, M.Ə.Sabir, N.Nərima­nov və başqaları həm də ana dili müəllimi idilər. Milli tərəqqi ideyası onlar üçün müqəddəs bir məslək idi. Onların hər biri millətin qabaqcıl xalqlar sırasına çatması üçün görülən böyüklü-kiçikli işlərlə fəxr edirdilər.

Rusca təhsil almış belə ziyalılar sonralar Azərbaycan De­mok­ratik Cümhuriyyətinin qurucuları və rəhbərləri oldular. Lakin tarix yenə bizim əleyhimizə işlədi: Birinci Dünya Müharibəsinin xarabalıqları içərisindən çıxan imperiyalar özlərini bərpa etdilər və dünyanı təzədən bölüşdürdülər. Böyük dövlətlər Azərbaycanı Rusiyanın tərkib hissəsi kimi tanıdılar və Demokratik Cümhuriyyət məğlub oldu. Bolşeviklər millət ideyasının düşməni kimi Azərbaycana soxuldular. Onlar Azərbaycanı sinfi prinsiplə təzədən “qurmağa” başladılar. Tarixi eksperiment çox qanlı oldu: maarifçi, milli tərəqqi ideyasına bağlı olan ziyalıların əksəriyyəti məhv edildi.

Bolşeviklər Azərbaycanda da milli kökü olmayan proletar ziyalısı sinfi yaratmağa başladılar. Bu ziyalılar artıq öz xalqlarının tərəqqisi üçün deyil, mücərrəd proletar təbəqələrin gələcək xoşbəxtliyi, mifik sosializm və kommunizm uğrunda mübarizə edirdilər. Azərbaycanda da proletar ziyalısı adı ilə milli siması olmayan bir “ziyalı” sinfi yarandı. Bu dırnaqarası sinif bəşər tarixində tayı-bərabəri olmayan 1937-ci il repressiyalarının təşkilatçısı və icraçısı oldu. Qanlı qorxu içində milli tərəqqi ideyaları sanki yaddan çıxdı. Amalı çörək pulu olan bir təbəqə yarandı və “ziyalı” adlanmağa başladı. Bu, maarifçilərə nisbətən dəhşətli geriləmə və deqradasiya idi.

Amma əslində, milli tərəqqi ideyaları aradan çıxmadı. Böyük Vətən Müharibəsi dövründə vətənpərvərlik təbliğatı genişləndi. Bolşevik təbliğatı adamlara öz müqəddəs torpağında yaşadığını təbliğ etməyə məcbur oldu. Azərbaycan tarixinə, xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizələrinə həsr olunmuş şeirlər, hekayələr, dram əsərləri, romanlar meydana çıxdı. İnsanlar öz tarixi keçmişlərini, milli talelərini düşünməyə başladılar. Bu illər həm də gələcək milli liderimiz Heydər Əliyevin vətənpərvər bir şəxsiyyət kimi formalaşdığı dövr idi. Öz xalqının tarixini diqqət və məhəbbətlə öyrənən Heydər Əliyev tarixdə xalqımızın yeri, onun gələcək və xoşbəxt taleyi haqqında fikirləşməyə başladı. Belə fikirlər üçün hər cür əsas var idi: vətənimiz təbii sərvətlərinə, yumşaq iqliminə görə dünyanın ən gözəl guşələrindən biri idi. Burada yaşayan xalq mütləq xoşbəxt olmalı idi.

Tale də gənc Heydər Əliyevi sanki öz niyyətinə tərəf yönəltdi. O, ilk addımlarından dövlətçiliklə bağlı oldu, bu idealına xidmət etdi. Tale də onu yüksəltdi. Elə Azərbaycanın gələcək yüksəlişi üçün yüksəltdi.

Ulu yaradan ona qüdrətli və yenilməz iradə vermişdi. Bu iradə hər yerdə qalib gəlir və özünə yol açırdı. Bu yol həm də xalqımızın gələcəyə doğru, rifaha doğru yolu idi.

1969-cu ilin yayında Heydər Əliyev respublikanın rəhbəri se­çilən­də xalqın tarixi tərəqqisində növbəti səhifə açıldı. Böyük rəh­bər yorulmaz bir enerji ilə ölkənin iqtisadiyyatının, mədəniyyətinin yük­səlişi uğrunda mübarizəyə başladı. İndi o, əsas və uzaqgörən ar­zu­suna çatmışdı: Azərbaycan xalqının azad və xöşbəxt millətlər sı­ra­sına çıxması üçün mübarizə. Bu çalışmalar elə ulu maarif­çi­lə­ri­mi­zin doğma xalqın müasirləşməsi uğrunda mübarizəsinin davamı idi. Heydər Əliyev Moskvada qazandığı böyük nüfuzdan istifadə edir, plan orqanlarından ölkənin iqtisadi tərəqqisi üçün, ölkənin simasını dəyişdirən tikinti işləri üçün maliyyə dəstəyi alırdı.

Sovetlərin dağılması ərəfəsində Heydər Əliyev xalq hərəka­tındakı cavan və sağlam milli qüvvələrə rəhbərlik etdi, sonra isə müstəqil dövlətin başçısı və yaradıcısı oldu. O, xalqımızı gələcəyə aparacaq siyasi təşkilatı - Yeni Azərbaycan Partiyasını yaratdı. Bu, həm rəhbərin qızğın siyasi tərəfdarlarının, həm də böyük ziyalı qüvvələrinin partiyası oldu. Böyük rəhbər partiyanın quruculuğuna şəxsən nəzarət edir, onun aparatının sağlam, uzaqgörən, konstruktiv və perspektivli kadrlarla möhkəmlənməsini təmin edirdi. İndi bu partiya ölkənin ən böyük siyasi təşkilatı olmaqla, xalqın siyasi, iqtisa­di və sosial mənafeləri uğrunda Azərbaycanın bütün bölgələrində mübarizə aparır. Yeni Azərbaycan Partiyası öz monolitliyi, böyük rəhbərin ideyalarına və vəsiyyətlərinə sədaqəti ilə ölkəmizdə gedən işlərə istiqamət verir, parlament və prezident seçkilərində əhalinin tam əksəriyyətinin səsini və etimadını qazanır.

Böyük öndər həmişə olduğu kimi, müstəqillik dövründə də xal­qın tərəqqisinin əsasını onun güclü dövlətində və iqtisadiy­ya­tın­da görürdü. Qısa bir tarixi vaxtda o, nəinki müstəqil dövləti müx­təlif qəsdlərdən qorudu, üstəlik onu sabitləşdirib möhkəmləndirdi, Azərbaycanın müstəqilliyini dönməz və əbədi etdi. Heydər Əliyev dünyəvi, demokratik və hüquqi dövlət qurdu: 1995-ci ildə müstəqilliyimizi təsbit edən Konstitusiyamızı yaratdı, ölkədə liberal bazar iqtisadiyyatına keçid üçün hüquqi bazanı təmin etdi.

O zaman ölkədə keçirilən hüquqi islahatların misilsiz əhəmiyyəti var idi. Qısa bir vaxtda qəbul olunan onlarla qanun, xüsusilə yeni mülki və cinayət qanunvericiliyi yeni rejimin sovet sistemindən əsaslı fərqlərini təyin etdi. Sürətli və prinsipial hüquqi islahatlar yeni, müstəqil və demokratik dövlətin yaradılması prosesini tamamladı. Artıq 1995-1996-cı illərdə ölkə yeni bir siyasi yolda idi. Bu yolun bütün məzmunu onun, sözün həqiqi mənasında, milli tərəqqi yolu olmasından ibarət idi. Məhz bu illərdən etibarən Xalq Cəbhəsinin səhv siyasəti ilə dağıdılmış iqtisadiyyatımızın və cəmiyyətimizin tərəqqisi başlandı.

2003-cü ildə İlham Əliyevin Prezident seçilməsi Ulu öndərin milli tərəqqi kursunun davamı idi. Bu kursun taleyi məhz varis problemindən asılı idi. Azərbaycanın Ermənistanla müharibə vəziyyətində olması, cənub və şimal qonşuları ilə mürəkkəb münasibətləri Heydər Əliyevin siyasi xəttinin diqqətlə və yaradıcı şəkildə davamını tələb edirdi. Böyük rəhbər xarici qonşularla daimi intriqalar və ziddiyyətlər şəraitində diqqətlə ölçülüb-biçilmiş səbrli və təmkinli siyasət aparırdı. Balaca dövlət üçün bu həyati bir zərurət idi. Belə siyasəti xalqın maraqları tələb edirdi və tələsik siyasətbazlığın qarşısını alırdı.

Zamanın təsdiqlədiyi siyasi kursa sadiq olan İlham Əliyev, ilk mərhələdə kadr sabitliyini də mühüm sayır, Heydər Əliyevin təyin etdiyi kadrlara qayğı ilə yanaşırdı. Bu da müdrik və uzaqgörən bir xətt idi. Lakin müxalifətin mətbuat orqanları bu xətti təhrif edir, hər cür tələsik yozumlar çıxarır, Prezidenti yetişməmiş qərarlara sövq etmək istəyirdilər. Lakin bunlar baş tutmadı, Prezidentin siyasi təmkini davam etdi və qalib gəldi. Nəzərə alındı ki, təcrübəli kadr potensialı qorunmalıdır. O biri tərəfdən, hamıya səmərəli işləmək, ölkənin tərəqqisinə kömək etmək üçün şans verildi. Aydın oldu ki, rəhbərin liberal praqmatizmi bütün sahələrdə, o cümlədən idarəçilikdə və kadr siyasətində də davam edəcəkdir.

İlham Əliyevin şəxsində ölkə rəhbərliyinə qərb tipli yeni idarə­çilik texnologiyalarına, siyasi və diplomatik təfəkkürə dərin­dən bələd olan bir rəhbər gəldi. Onun fəaliyyəti ilə qısa bir vaxtda ölkədə siyasi və təsərrüfat qərarlarının qəbulu proseduru yenidən quruldu və intensivləşdi. Bu, iqtisadiyyatın idarə olunması effektivliyində özünü aşkar hiss etdirdi. Son üç ildə vətənimiz Ümumi Daxili Məhsulun artım tempi cəhətdən bü­tün MDB dövlətlərini arxada qoydu. Bu, siyasi praqma­tiz­min real bəhrəsi, iqtisadi idarəçiliyin səviyyəsinin yüksəlməsi de­mək idi. Real iqtisadi tərəqqi, sosial problemlərin sürətli həlli üçün bu, əsas şərt idi. Ölkənin büdcəsinin qonşu ölkələrlə müqa­yisəyə gəlməz bir sürətlə artması da real iqtisadi çiçəklənmənin nəticəsidir.

İqtisadi yüksəliş və büdcənin artması ölkədə fəal iqtisadi quruculuq və sosial siyasətin yeridilməsi üçün imkanlar açmışdır. Qeyri-neft sektorunda istehsalın artırılması üçün xüsusi dövlət proqramı qəbul edilib və bu proqram uğurla həyata keçirilir. Regionların İqtisadi İnkişaf Proqramı adlandırılmış bu mühüm dövlət sənədi kənd rayonlarında yeni istehsal müəssisələrinin açılmasını və on minlərlə iş yerlərinin yaradılmasını təmin etmişdir. Bundan başqa, kənd təsərrüfatını maliyyələşdirmək üçün xüsusi sərəncam imzalanmışdır. Kənd təsərrüfatını kreditləşdirən məqsədli dövlət bankına ehtiyac çoxdan hiss olunurdu və onun yoxluğu ərzaq istehsalına mənfi təsir göstərirdi. Ümid etmək olar ki, bu qurumun işə düşməsi ərzaq emalı sahəsində kənd rayonlarında canlanmaya səbəb olacaq və ölkəmizi keyfiyyətli ərzaq ixrac edən dövlətlər sırasına çıxaracaqdır. Bunun üçün hər cür imkanlar var. Yeni texnologiyalara əsaslanan emal müəssisələri xammal alıcısı kimi kənddə istehsalı daha da intensiv edəcək, yerlərdə əmtəə-pul münasibətlərini dərinləşdirəcəkdir.

Yeri gəlmişkən, qeyd edək ki, ölkəmizin Konstitusiyası liberal bir Konstitusiyadır: onun əsasını şəxsiyyət hüquqlarının prioriteti prinsipi təşkil edir. Bütün qabaqcıl dövlətlərin təcrübəsi hərtərəfli inkişaf üçün bu prinsipin daha səmərəli olduğunu təsdiqləyir. İndi dünyanın ən konservativ ölkələri belə, bu sistemə keçir, dövlətin mülkiyyətçilik funksiyasının mini­muma endirilməsi siyasətini yeridirlər. Müasir iqtisadiy­ya­tın praktikası xüsusi mülkiyyətin dövlət mülkiyyətindən d­a­ha effektiv idarə olunduğunu və cəmiyyətin maraqları üçün da­ha əhəmiyyətli olduğunu təsdiq edir. Ölkəmizdə məhsul istehsalında və büdcəyə ödəmələrdə xüsusi mülkiyyətin payı ildən- ilə artır.

Azərbaycan nisbətən balaca dövlətdir. Ona görə də onun ağır sənayedə xüsusi istehsal sahələri yaratmaq imkanı yoxdur. Bunun əvəzinə, bizim böyük yüngül sənaye potensialımız, qonşu ölkələrlə istehsal və əmək bölgüsündə fəal iştirak etmək imkanlarımız vardır. Nəqliyyat, rabitə, informasiya texnologiyaları sahəsində bu imkanlar daha çoxdur. Qeyri-neft sektorunun inkişafı, ölkədə məhsul istehsalının artımı da ən çox bu sahələrin hesabına gedəcəkdir. Bunun üçün lazım olan liberal cəmiyyət, sabit və möhkəm dövlət idarəçiliyi artıq bizdə mövcuddur. Təsadüfi deyil ki, Prezident bu sahələri himayə edir, vəsaitlər ayırır, tikinti işlərini diqqət mərkəzində saxlayır.

İlham Əliyev təkcə iqtisadiyyatda yox, siyasətdə də müdrik bir varis, liberal və praqmatik olduğunu sübut etdi. O, ha­kimiyyətlərin bölünməsi prinsipinə ciddi əməl edir, ölkədə özəlləş­dirmə siyasətini ardıcıl bir qətiyyətlə aparır. Onun xət­tinə qarşı olan müxalifətə diqqətlə qulaq asır, arqumentlərini sü­but edib öz xəttini davam etdirir. Onun prinsipial qərarlarından siyasi müxalifətdə narazılar da olur. Lakin Prezident qərar qəbul etdikdən sonra heç vaxt tərəddüd etmir, eyni zamanda, müxalifət mətbua­tında müxtəlif rəylərin söylənməsinə də mane olmaq siyasəti yeritmir.

İlham Əliyevin praqmatizmi sonuncu parlament seçki­lərinin nəticələrində də özünü göstərdi. Müxalifətin liberal qanadından keçmişdə cəbhəçi kimi tanınan ziyalı və siyasətçilər Milli Məclisə üzv seçildilər. İlk vaxtlar bunu pərdəarxası sazişlərin nəticəsi kimi qələmə verənlər də oldu. Lakin seçkilərdən sonrakı mərhələdə iqtidar-müxalifət münasibətlərində prinsipial dəyişikliklər özünü göstərir. Ən radikal partiyalarda belə, iqtidarla dialoq siyasətinə üstünlük verilməyə başlanır. Şübhəsiz ki, bu, hər şeydən artıq Prezidentin müxalifətə qarşı praqmatik siyasətinin nəticəsidir. Bu uzaqgörən siyasət iqtidarla müxalifət arasında münasibətlərin keyfiyyətcə yeni bir mərhələsini açır, xalqın siyasi birliyi üçün daha geniş imkanlar yaradır.

İndi ölkənin siyasi mühitində müxalifətçiliyin belə bir anlayışı daha çox tərəfdar qazanır. Müxalifətçilik, əslində siyasətlə məşğul olan milli tərəqqiyə xidmətin bir formasıdır. Bunu nifrət, düş­mənçilik, inkarçılıq, siyasi zorakılıqla qarışdırmaq olmaz. Döv­ləti sarsıtmaq, nüfuzdan salmaq, hər şeyi qara rəngdə qələmə verməklə cəmiyyətə xidmət etmək mümkün deyil.

Prezident müxalifət və onun mətbuatı ilə yaranan konfliktlər­də dövlətin mümkün qədər neytral və hövsələli mövqe tutmasına çalışır, müxalifət mətbuatını məhkəmə və digər yollarla sıxışdırmaq istə­yən­ləri dayandırır. Son dövrdə telekanallardan birinin bağlan­ması ilə bağlı hadisələrdə Prezidentin mətbuata qarşı xeyirxah mü­nasibəti bir daha üzə çıxdı.

Eyni zamanda, Azərbaycandakı rejimin demokratizmi məsə­ləsi ətrafında polemikalar hələ də davam edir. Müxalifətin bəzi zorakı dairələri mətbuatın da zorakılıq və qanunun fövqündə durma prin­sipinə keçməsinə çalışırlar. Lakin bu, demokratiya üçün ən təhlü­kəli bir istiqamətdir. Ona görə ki, mətbuatın qanun çərçivə­sin­dən çıxması ictimai rəyə mənfi təsir göstərir, destruktiv ovqatların, qa­nundan yüksəkdə olmaq təşəbbüslərinin ortaya çıxmasına səbəb olur. Bu halda, mətbuatın təbiəti dəyişir, o, mafioz və anarxist bir qüvvəyə çevrilir. Ona görə də dövlət müvafiq qurumlara, mətbuat sferasında qanunlara əməl olunmasına nəzarət etməklə, ölkənin demokratik tərəqqi yolunu qorumuş olur. Bu, hər şeydən əvvəl Azərbaycanda demokratik rejimin tərəqqipərvər xarakterini və niyyətlərini bir daha təsdiqləyir. Beynəlxalq qurumların İlham Əliyev hakimiyyəti ilə yaxın və konstruktiv əməkdaşlığı da bunu təsdiqləyir.

Bizdə hökumətlə müxalifət arasında gərginlik yaradan amillərdən biri də səviyyəsiz və qəzəbli siyasi qəzetlərdir. Çox vaxt bir-iki əməkdaşdan ibarət olan bu qəzetlər çıxan kimi şantaj xarakterli yazılarla, iqtidarın mövqeyində duranları ləkələməklə məşğul olmağa başlayırlar. Belə təsəvvür yaranıb ki, qəzet əgər hökumətə, səlahiyyətli məmurlara meydan oxumasa, onun oxucusu olmaz. Onların şantaj etdiyi şəxslərin eyni adamlar olması qəzetlərin də bir-birinə oxşamasına səbəb olur. Belə hal təəssüf doğurur. Bu cür qəzetləri çox zaman vəzifədən azad edilmiş keçmiş məmurlar maliyyələşdirirlər.

Belə istisnaları nəzərə almasaq, hazırkı Azərbaycan mətbuatı və telekanalları şəxsiyyət azadlığının və plüralizmin qərb standartlarına tam uyğundur. Xaricdən gələn qonaqlar ölkəmizdə özlərini bir qərb ölkəsində olduğu kimi hiss edirlər. Azərbaycanın digər müsəlman ölkələrinə nisbətən qərb yönümlü tərəqqidə ön cərgədə olması davam edir və biz bununla fəxr etməkdə haqlıyıq.

Artıq respublikamız tez-tez böyük beynəlxalq tədbirlərə, görüş, yarış və yığıncaqlara ev sahibliyi edir. İstər müxtəlif nazirliklərin xətti ilə gedən tədbirlər, istərsə də Olimpiya Komitəsi xətti ilə təşkil olunan beynəlxalq yarış və turnirlər ölkəmizin həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır. Bədxah ermənilərin bizim haqqımızda yaydıqları şayiələr, iftiralar qonaqların şahidliyi ilə təkzib və rədd olunur, vətənimiz haqqında xoş rəylər və təsəvvürlər bütün dünyaya yayılır. Bu tədbirlərdə çoxlu ziyalı və siyasətçilər, jurnalistlər iştirak edir və özləri ilə xoş təəssüratlar aparır, yurdumuzun dostlarına və təbliğatçılarına çevrilirlər. Mədəni mübadilə hər cür tərəqqiyə birbaşa təsir göstərən, dünyanı öyrənib mənimsəməyə və ölkəmizi dünyada tanıtmağa xidmət edən bir vasitəyə çevrilir.

Bakıda və respublikada gedən sürətli inşaat işləri ölkənin və paytaxtın simasını dəyişir. İdman və mədəniyyət obyektlərinin tikintisi və bərpası aktiv mədəni siyasət aparmaq üçün əlverişli şərait yaradır. Bir vaxtlar boş olan mədəniyyət obyektləri, idman sarayları, teatrlar indi tam gücü ilə işləyir. Yeni yaradılmış “Üns teatrı” mədəni mübadilənin, xüsusilə klassik səhnə ənənələrinin inkişafına, bu sahədə ölkədəki mədəni prosesin və yaradıcı axtarışların fəallaşmasına kömək edir.

Milli lovğalıq, milli spesifikanın şişirdilməsi müasir Azərbay­ca­na yaddır. Ölkəmiz dünyada yaranan bütün yeni mədəni və intel­lek­tual dəyərlər üçün açıqdır. Belə siyasət ölkəmizin strateji coğrafi mövqeyinə də uyğundur: biz ancaq açıq və müasir cəmiyyət olaraq daha sürətlə tərəqqi edər, müstəqilliyimizin olmadığı dövrlərdən qalmış geriliyimizi və problemlərimizi daha sürətlə həll edə bilərik.

Çox əhəmiyyətlidir ki, Azərbaycanın xarici siyasətinin mədəni qanadı çox aktivdir və bu xəttin başında ölkənin birinci xanımı Mehriban Əliyeva durur. Xatırlayıram ki, on il əvvəl bizdə hələ informasiya blokadasının yarılmasından söhbət gedirdi. İndi isə biz xarici siyasətin mədəni qanadından danışırıq. Burada, ilk növbədə ölkənin BMT-nin mədəni-humanitar qurumları ilə əməkdaşlığı xatırlanmalıdır. Mehriban xanım Əliyevanın bu qurumun Xoşməramlı Səfiri adını daşıması bu istiqamətdəki siyasətimizin səmərəli olduğunu və ölkənin imicini aktiv şəkildə yaxşılaşdırdığını göstərməkdədir. İndi fəal şəkildə aparılan mədəni xarici siyasətin əhəmiyyəti təsəvvürə gəlməzdir.

Bizdə bu gün daxili siyasətin də mədəni qanadı vardır: bu, ölkədə yeridilən mədəni siyasətdir. Hesab edirik ki, bu siyasətin ən qüvvətli və mühüm tərəfi Heydər Əliyev Fondunun xətti ilə aparılan görünməmiş miqyaslı məktəb tikintisi və yenidənqurma işləridir. Bu elə millətimizin ziyalılarının milli məktəblə bağlı milli tərəqqi arzularının gerçəkləşməsidir.

Son yüz əlli ildə biz də, dünya da dəyişib. Lakin milli təhsil və milli mədəniyyət bu gün də xalqı yüksəlişə aparan yol göstə­ri­ci­si­dir. Bu yolun başlanğıcında Heydər Əliyev dühası durursa, onun in­ti­baha aparan yollarında ölkə Prezidentinin uzaqgörən siyasəti, bu siya­səti dəstəkləyən Azərbaycan xalqı daim irəliyə doğru addım­la­yacaqdır.


2006-cı il.

XEYİRXAH ƏNƏNƏLƏRİN DAVAMÇISI
Hər bir xalqın yüksək mənəvi-əxlaqi dəyərlərini pak və sağlam niyyətlərlə qoruyaraq onun tarixi kimliyini, milli özünəməx­sus­lu­ğu­nu, genetik yaddaşını gələcək nəsillərə ötürmək kimi çətin mis­siya fenomen şəxsiyyətlərin üzərinə düşür.

Azərbaycanda bu ağır və taleyüklü missiyanı Ulu öndər Heydər Əliyev üzərinə götürərək hakimiyyətdə olduğu bütün dövrlərdən milli-mənəvi dəyərlərin böyük hamisinə çevrilmişdir. Ümummilli lider çıxışlarında hər zaman vurğulayırdı ki, müasir dünyada qlo­bal­laşma proseslərinin nəticəsində yaranan sivilizasiyalararası toq­quş­ma və ziddiyyətlər Azərbaycan xalqının milli-mənəvi dəyər­lə­rinin qorunmasını zəruri məsələlərdən birinə çevirmişdir.

Problemi aktuallaşdıran həm də odur ki, qloballaşma prosesinin və çoxqütblü inteqrasiyanın mənfi təzahürləri bəzi hallarda milli-mənəvi dəyərlərə, adət-ənənələrə, saf duyğulara qarşı yönəlir. Ulu öndər Heydər Əliyevin Vətəninə, xalqına, milli irsə və ənənələrə bağlılığı da zəmanənin bu təhdidləri qarşısında əzəmətli sipərə çev­ril­miş, bütövlükdə xalqın özünəməxsusluğunu qorumuşdur. Dahi Öndər Azərbaycanın min illərin sınağından çıxmış tarixinə, mə­dəniyyətinə və milli dəyərlərinə həddən artıq bağlı olmaqla yanaşı, onların xalqa qaytarılması üçün əlindən gələni əsirgəməmişdir.

Ümummilli liderin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması da müasir qloballaşma dövründə xü­su­si əhəmiyyət kəsb edir. Yarandığı gündən bu ali məqsədi qarşıya qo­yan, dahi Öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsas­lanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, mil­lətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inam­la həyata keçirən Heydər Əliyev Fondu 6 illik fəaliyyəti ilə Azər­baycan cəmiyyətinin ümid yerinə çevrilmişdir.

İctimai əsaslarla fəaliyyət göstərən Heydər Əliyev Fondunun yaradılması ideyası rəsmi səviyyədə ilk dəfə Azərbaycan Prezidentinin 2004-cü il 10 mart tarixli “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” Fərmanında əksini tapmış, qarşıya qoyulan məqsədlər kifayət qədər aydın və konkret şəkildə göstərilmişdir. Fond, ilk növbədə Ümummilli liderin ökənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasi kursun öyrənilməsi və təbliği, habelə bu ideyaların reallaşdırılması niyyətilə yaradılmışdır. Təşkilat ilk gündən həm də elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekoloji sahələrə aid proqram və layihələrin hazırlanıb həyata keçirilməsi, sağlam mənəvi dəyərlərin qo­runması ilə bağlı aparılan işlərə kömək məqsədini qarşıya qoy­muşdur.

Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbir­lərin həyata keçirilməsinə yardım göstərilməsi, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, elmi tədqiqatların aparılmasına yardım göstərilməsi, ölkənin yaradıcı və elmi potensialının artırılması kimi məqsədlər də fondun ötən 6 illik fəaliyyətində prioritet istiqamətlər olmuşdur. Bundan əlavə, qurum respublikada məktəb quruculuğunun, uşaq müə­ssisələrinin infrastrukturlarının, tibbi təsisatların inkişaf et­diril­məsi, ekologiya sahəsində mühüm tədqiqatların dəstəklənməsi, sağ­lam həyat tərzinin təbliği, Azərbaycanın ərazisində və xaricdə ak­tual mövzulara dair konfransların və seminarların keçirilməsi, yara­dıcı gənclərin, incəsənət xadimlərinin sərgilərinin təşkili sahəsində də uğurlu nəticələr əldə etmişdir. Dini tolerantlığın inkişaf etdiril­mə­si, insan hüquq və azadlıqlarının qorunması kimi məqsədlər də bu sıraya əlavə oluna bilər.

Cəmiyyətdə bir sıra yeniliklərin novatoru kimi cıxış etməklə yana­şı, Azərbaycanın müasir tarixində ilk dəfə olaraq birinci xanım ən­ənəsini də öz fəaliyyəti ilə məhz Mehriban Əliyeva for­malaş­dır­mış, özünü bu statusda təsdiqləmişdir. Əslinə qalsa, bunu yeni ənənənin formalaşdırılmasından daha çox, nə vaxtsa Yer üzünün müxtəlif qütblərinə məhz türk dünyasından yayılan və hansısa dönəmdə unutduğumuz qədim ənənələrin yenidən bərpası saymaq, bəlkə də daha doğru olardı. Dövlətçilik sistemində xaqan-xatun modelini bütün dünyanın məhz türk ruhundan əxz etməsi faktı tarixlə maraqlanan kəslərə yaxşı bəllidir. Bu ənənəni yenidən həyata qaytarmaq şansı isə məhz Mehriban xanım Əliyevanın qismətinə yazılmış, onun şəxsində bu status humanist fəaliyyətə, qayğıkeşliyə, hər-hansı problemlə qarşılaşan, hansısa məqamda hüquqları pozulan sıravi vətəndaşların ümid yerinə çevrilmişdir. O vətəndaşlar üçün Mehriban xanım Əliyevanın timsalında bir pənah, ümid, mərhəmət, humanizm ünvanı vardır. Bu mənada, Azərbaycanın birinci xanımı, bütövlükdə millətin xoşməramlı səfiridir!

İstənilən ideya cəmiyyət üçün o vaxt cəlbedici görünür ki, onun praktik tətbiqi və reallaşdırılması imkanları olsun. İrəli sürülən məqsədlər, ideyalar nə qədər cəlbedici görünsə belə, real icra mexanizminə əsaslanmaması bəzən onların kağız üzərində qalması, müxtəlif təqdimatlar, müzakirələr səviyyəsindən kənara çıxmaması ilə nəticələnir. Müasir dünyanın insanı isə kifayət qədər realist və praq­matikdir. Həyata keçməyən ideyalarla, şüarlarla onun diqqətini uzun müddət hansısa məsələlərə cəlb etmək, düşüncəsini, fəaliy­yətini yönəltmək mümkün deyildir. Bu mənada, ən əhəmiyyətli ide­yaları da sadəcə, müzakirələr səviyyəsində saxlamaqla qısa müd­dət­də gözdən salmaq olar. Çünki insanları sözdən daha çox real iş və nəticə maraqlandırır.

Heydər Əliyev Fondunun ötən 6 illik fəaliyyətinin ən diq­qət­çə­kən uğuru isə ondadır ki, təşkilat ictimai fəaliyyət müstəvisinə irəli sürdüyü ideyaların real icra mexanizmləri ilə birgə qədəm qoymuşdur. Cəmiyyət bu fondu hər hansı təqdimatdan, səs-küylü təbliğat kampaniyalarından tanımamışdır. Heydər Əliyev Fondu özünü Azərbaycan cəmiyyətinə fəaliyyətinin başlanğıc mərhələləri üzrə müəyyən etdiyi tədbirlərin real nəticələri ilə təqdim etmişdir. Azərbaycan cəmiyyəti təşkilatın məqsədi, məramı barədə məlumatı hər hansı yazılı proqramlardan, mətbu materiallardan deyil, fondun real fəaliyyət istiqamətlərindən, gördüyü işlərin mahiyyətindən öyrənmişdir. Bütün bunlar isə ölkə vətəndaşlarının, bir qədər geniş çevrədə götürsək, dünyada Azərbaycanla bağlı hər kəsin Heydər Əliyev Fonduna, təşkilatın rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin rəğbətini, dəstəyini qazandırmışdır. Beləliklə, Azərbaycanın sabahı naminə addım-addım reallaşdırılan strateji əhəmiyyətli layihələr Heydər Əliyev Fondunu Azərbaycanın milli dövlətçilik tarixinə ən parlaq örnəklərdən biri kimi daxil etmişdir!

Heydər Əliyev Fondunun qarşıya qoyduğu məqsədləri incələyərkən aydın görünür ki, əslində, onların heç biri əlahiddə səciyyə daşımır. Bu məqsədlərin hər biri Azərbaycanı qəlbən sevən bütün fərdlərin arzularıdır. Fəqət, fərdi güclər birləşəndə, ümumun gücü qarşıya qoyulmuş hədəflərə doğru istiqamətlənəndə, həmin məqsədlərin reallaşması da qaçılmaz olur. Bu mənada, Heydər Əliyev Fondu fərdlərin istək və arzuları kimi güc və imkanlarını da bir araya gətirmişdir. Fond mövcud potensialın Azərbaycanın bu günü və gələcəyi üçün ən vacib istiqamətlər üzrə aşkarlanmasına, məqsədə doğru hərəkətinə nail olmuşdur. Bu istiqamətlərin hər biri üzrə əldə edilmiş nəticələr bu gücü, inamı daha da artırmışdır. Ümumi hədəflərə doğru can atanların, bu prosesin iştirakçılarına çevrilmək istəyənlərin, kiçicik dəstəklə də olsa, buna töhfə vermək arzusunda olanların sırası gündən-günə daha da genişləndi və genişlənməkdədir. Bu yolda addımlayan hər kəs Heydər Əliyev Fondunun timsalında Azərbaycanın gələcəyinə, özünün, ailəsinin və övladlarının sabahına töhfə verdiyinin fərqindədir.

Fond ictimai təşkilat kimi cəmiyyət həyatında fəal rol oynamaqla yanaşı, həm də onun potensialına, hərtərəfli dəstəyinə güvənir, həmfikir və əqidə yoldaşlarını bir araya gətirərək ümumi səyi, fəaliyyəti lazımi məcraya yönəldir. Əgər fondun müxtəlif sahələrdə həyata keçirdiyi layihələrə nəzər salsaq, etibarlı tərəfdaşların ümumi işdə böyük payının şahidi olarıq. Bu, təbiidir, çünki Heydər Əliyev Fondu fəaliyyətini xeyirxah insanların dəstəyinə arxalanaraq həyata keçirir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2010-cu il mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə “Buta” sarayında keçirilən təntənəli mərasimdə bununla bağlı demişdir: “Bir sözlə, 6 il ərzində Heydər Əliyev Fondu böyük yol keçib və əminəm ki, gələcəkdə bizi daha da böyük işlər gözləyir. Bu gün Heydər Əliyev Fondu həm Azərbaycanda, həm Azərbaycanın hüdudlarından kənarda hörmət, inam və etimad qazanıb. Bu yolda bizi dəstəkləyən, bizə inanan, bizə kömək edən hər bir insana, hər bir təşkilata mən bu gün öz dərin minnətdarlığımı bildirirəm və əminəm ki, Heydər Əliyev Fondu Azərbaycan naminə gələcəkdə yeni nailiyyətlər, yeni qələbələr əldə edəcəkdir”.

Qloballaşan dünyanın kosmik informasiya əsrinə qədəm qoyması, informasiya texnologiyalarının inkişafı sahəsində qazanılan fantastik nailiyyətlər nə qədər mütərəqqi proses olsa da, bu inkişaf insanların mənəvi dünyasına müəyyən təhlükə meyllərini də qabarıq üzə çıxarır. Kütləvi mədəniyyət stereotiplərinin hakim olduğu indiki dövrdə milli ənənə və dəyərlərin qorunub-saxlanılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması yolu ilə milli genefondun qorunması son dərəcə vacibdir. Bu mənada, Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərin mühafizəsi istiqamətində həyata keçirdiyi tədbirlər də az əhəmiyyət daşımır.

Fondun ilk gündən cəmiyyətə aşılamaq istədiyi mühüm dəyərlərdən biri xeyriyyəçiliklə bağlıdır. Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva hesab edir ki, xeyriyyəçilik insani münasibətlərin son dərəcə incə, nəzakətli, həssas sahəsidir və fəaliyyətin bütün iştirakçılarından – xeyriyyəçilərin özlərindən, bu fəaliyyətdən bəhrələnənlərdən və vasitəçilərdən ümumbəşəri əxlaq, etika, nəzakət normalarına dönmədən riayət olunmasını tələb edir. Xeyriyyəçilik yoluna doğru ilk addımlarını atan hər kəs başlanğıcda anlamalıdır ki, “xeyriyyəçilik” sözünün arxasında müəyyən səbəblərə görə, müxtəlif hallar üzündən həyatda çətin vəziyyətə düşmüş canlı insanların problemləri dayanır. Xeyriyyəçilik fəaliyyətində iştirak məsələsi insanın rütbəsindən, dərəcəsindən, vəzifəsindən, maddi vəziyyətindən asılı olmamalıdır. İnsan öz xeyirxah niyyətlərini, istəklərini, imkanlarını və qabiliyyətini tətbiq etmək sahəsini həmişə tapa bilər. “İctimai əxlaqa xas olan bəzi naqisliklər – şəxsiyyətlərarası etimad, insanların bir-birinin kədərinə şərik olması və təmənnasızlıq kimi keyfiyyətlərin qıtlığı onların öz vəsaitlərini, qüvvələrini və vax­tını başqalarının naminə, bütövlükdə cəmiyyətin naminə qur­ban verməyə könüllü hazır olması ruhunun tam üzə çıx­masına mane olur. Təəssüflə deməliyəm ki, bütövlükdə xey­riyyəçilik, könüllülük bizdə hələ, sözün həqiqi mənasında, kütləvi hal almamışdır”, - deyə Heydər Əliyev Fondunun prezidenti vurğulayır.

Azərbaycanın birinci xanımının hələ 1995-ci ildə Azər­baycan Mədəniyyətinin Dostları Fondunu yaratması da xeyriy­yəçilik sahəsində zəngin milli ənənələrin davam etdirilməsi zərurə­tindən irəli gəlmişdir. Müstəqilliyin ilk illərində ayrı-ayrı şəxslərin öz siyasi ambisiyalarını gerçəkləşdirmək məqsədilə yararlanmaq istədikləri, lakin buna müvəffəq ola bilmədikləri xeyriyyəçilik ənənələrinin əsl mahiyyəti üzrə bərpası həm də cəmiyyətdə sağlam mənəvi və mədəni dəyərlərin qorunmasına xidmət etmişdir.

Bu xətti layiqincə davam etdirən Heydər Əliyev Fondunun öz fəaliyyətində Ümummilli liderin humanist ideyalarını rəhbər tutaraq hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşması isə, ölkədə fəaliyyət göstərən digər qeyri-hökumət təşkilatları, o cümlədən YAP Qadınlar Şurasının üzvləri, hakimiyyət orqanları üçün də nümunə sayıla bilər. Ən müxtəlif hakimiyyət strukturlarının laqeydliyi, biganəliyi ilə üzləşən, dərdinə əlac tapmayan köməksiz insanlar sonuncu “ümid qapısı” kimi məhz bu ünvana üz tuturlar. İnsanlar onların problemlərini, sözün əsl mənasında, həll edənlərə üz tuturlar. Bu mənada, Mehriban xanım Əliyeva həm də öz soy-kökündən gələn zadəgan ruhunu cəmiyyətə ötürür. İnsanları nəcib, vətənpərvər addımlara, xoş niyyətli aksiyalara çağırır.

Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın özünün də bəyan etdiyi kimi, fondda hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılır. Vətəndaşların problemlərinin həllinə mümkün qədər qayğı göstərilir. Bu mənada, fond həm də insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı hamisi, müdafiəçisi statusunda çıxış edən ictimai qurumdur. Fondun prezidenti deyir: “Mən demək istəmirəm ki, biz dərhal bütün problemləri həll edirik. Amma insan burada nə biganəliklə, nə soyuq münasibətlə rastlaşmaz və hökmən onun probleminin həlli üçün müm­kün olan bütün vasitələrdən istifadə edilir. Yəqin ki, xeyriy­yəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqı­nın mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir və bu gün biz Heydər Əliyev Fondu olaraq, bu ənənələri qoruyur və davam etdirməyə çalışırıq”.

Azərbaycanın birinci xanımı, eyni zamanda Milli Məclisin fəal deputatı kimi də seçicilərinin qayğı və problemlərinin həllində yaxından iştirak edir. 2007-2009-cu illərdə amnistiya təşəbbüsü ilə çıxış edən fondun prezidenti Mehriban xanım Əliyevanın insan hüquq və azadlıqlarına necə həssaslıqla yanaşdığı bir daha təsdiqini tapmışdır. Müasir qloballaşma dövründə hər bir sivil cəmiyyətdə insan hüquqlarının təminatına və ümumbəşəri humanist dəyərlərin bərqərar olmasına xidmət edən amnistiya aktları olduqca yüksək dəyərləndirilir. Amnistiya humanizm, mərhəmət hissinin mücəssəməsi olub, cinayət törətmiş şəxslərin və məhkumların vəziyyətini yüngülləşdirir. Azadlıq ölçüsü və sərbəst fəaliyyət meyarına çevrilən amnistiya aktları özlərində ciddi təbliğati-siyasi məzmun ehtiva etməklə, dövlətlərin beynəlxalq nüfuzunun formalaşmasına da mühüm təsir göstərir.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu humanist ənənəyə Heydər Əliyev Fondu da sadiqdir. Azərbaycanın parlamentarizm tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış amnistiya aktları böyük mənəvi-əxlaqi və siyasi məzmun kəsb et­mişlər. Fondun prezidentinin təşəbbüsü əsasında gerçəkləş­miş hər iki amnistiya aktı cəmiyyətdə ürəkdən dəstəklənmiş, təqdir olunmuşdur. Hər iki amnistiya aktının təsir dairəsinə 18 mindən artıq məhkum düşmüşdür.

İnsan haqlarının ali dəyər kimi qəbul edildiyi bütün demokratik dövlətlərdə qadın hüquq və azadlıqlarının təmini, gender bərabərliyinin qorunub saxlanılması məsələlərinə daim xüsusi həssaslıqla, diqqətlə yanaşılır. Sağlam cəmiyyətin sütunu, bünövrəsi sayılan qadınlar fəal zümrə kimi bu gün təkcə mənsub olduqları xalqa deyil, ümumən bəşəriyyətə xas yüksək idealları, ali dəyər və keyfiyyətləri özlərinin zəngin mənəvi dünyalarında yaşadırlar. İnsanlığın daim can atdığı sülh, sabitlik, tərəqqi və firavanlıq kimi məqsədlər naminə uzun əsrlər boyu kişilərlə çiyin-çiyinə çalışan, ən çətin anlarda onlara mənəvi dayaq olan qadınlar taleyin sərt qismətindən tarixən həm də öz təbii və qazanılmış hüquqları uğrunda mübarizə aparmalı olmuşlar.

Respublikamızda qadın hərəkatının geniş vüsət almasında, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu gender problemlərinə, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir. 2008-ci il yanvarın 16-da Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu (UNF-PA) və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə birgə layihəyə dair sənədlərin imzalanması da deyilənlərin əyani təsdiqidir.

2008-ci ildə Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində qadınların rolunun araşdırılması, bu yöndə konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

2008-ci il sentyabrın 26-da Bakıda keçirilmiş Azərbaycan Qadınlarının III Qurultayı isə respublikanın sosial-iqtisadi və demokratik inkişafının keyfiyyətcə yeni mərhələsində qadın hərəkatına yenidən nəzər salmaq, son illərdə bu sahədə görülən işlərə yekun vurmaq, habelə müasir mərhələdə gender siyasəti sahəsində qarşıda duran vəzifələri dəqiqləşdirmək məq­sədi daşımışdır. Qurultayda Azərbaycanda qadın hərəkatı­nın bugünkü vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda fikir mübadiləsi aparılmış, çıxışlar dinlənilmiş, Azərbaycan Prezidentinə və beynəlxalq təşkilatlara müraciət, habelə yekun qətnamə qəbul olunmuşdur.

Qurultayda çıxış edən YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva demişdir ki, Azərbaycan qadınları həyatın bir çox sahələrində əldə etdikləri uğurlarla haqlı olaraq fəxr edirlər: “Tarix boyu Azərbaycanda mədəniyyətimizin, ana dilimi­zin, dinimizin, adət-ənənələrimizin, milli dəyərlərimizin qoru­nub saxlanmasında qadınların misilsiz xidməti olub­dur. Azərbaycanda qadın, ana hər zaman uca, müqəddəs sayılıb­dır. Azərbaycan qadınları övladlarını vətənpər­vər­lik, xeyirxahlıq, mərdlik, qonaqpərvərlik, tolerantlıq ru­hunda tərbiyə edərək, xalqımıza xas olan bu gözəl xüsusiyyətləri qoruyub saxlayıblar. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra, demək olar ki, qadınların qarşısında daha geniş imkanlar açıldı. Bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. İqtisadi artım sürətinə görə Azərbaycan 4 ildir ki, dünyanın lider ölkəsidir. Bu inkişaf həyatımızın bütün sahələrində müşahidə olunur və bu uğurlarda Azərbaycan qadınının böyük rolu, böyük payı var”.

Azərbaycanın birinci xanımı bu qənaətdədir ki, qadın hüquqlarının qorunması hər bir cəmiyyətin inkişafı və sağlam gələcəyi baxımından son dərəcə vacibdir. Güclü qadın, ilk növbədə ana kimi övlad dünyaya gətirməklə yanaşı, onun mənəvi tərbiyəsində, cəmiyyət üçün layiqli insan və kamil şəxsiyyət kimi yetişməsində, dünyaya yetkin baxışının formalaşmasında mühüm rol oynayır. Bu baxımdan qadınlara geniş hüquqların verilməsi, onların cəmiyyətdə layiqli yerinin təmin edilməsi, ilk növbədə sağlam nəslin formalaşması, xalqın genetik saflığının qorunub-saxlanması baxımından vacibdir. Qadınlara özünütəsdiq imkanı yaratmaq, onların qabiliyyət və bacarığından səmərəli şəkildə istifadə etmək sağlam gələcəyini düşünən hər bir dövlətin əsas vəzifəsidir.

Avropa Şurasına üzv dövlətlərin gender bərabərliyinə həsr olunmuş VII konfransının Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2010-cu ilin mayında Bakı şəhərində keçirilməsi, müstəqil Azərbaycanın gender siyasəti sahəsində mühüm nəticələrə im­za atmış sivil dövlətlər sırasında olduğunu göstərmişdir. Konfran­sın yekunları bunu deməyə əsas verir ki, respub­likamız qadın hüquqlarının praktik şəkildə reallaşdırılması baxımın­dan heç də inkişaf etmiş dövlətlərdən geri qalmır, bəzi hallarda, hətta onları üstələyir.

Faydalı diskussiyalarla yadda qalan konfrans, həm də gender bərabərliyi məsələsində dialoqa və qlobal təcrübə mübadiləsinə imkan yaratmışdır. Konfransda gender məsələlərinə həsr olunmuş dərin məzmunlu nitq söyləyən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, ümumilikdə, dünya ölkələrinin XX əsrdə qadın hüquqlarının bərpası istiqamətində başladıqları genişmiqyaslı hərəkatdan söz açmış, eyni zamanda, respublikamızda bu sahədə həyata keçirilən tədbirlərə toxunmuşdur. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri demişdir ki, bu gün Avropanın inkişaf etmiş bir sıra ölkələrində gender ayrı-seçkiliyinin aradan qaldırılması ilə bağlı uğurlu milli siyasətin formalaşdırılması və kişi ilə qadın arasında real sosial bərabərliyin bərqərar olunması sahəsində zəngin təcrübə vardır. Bu gün müasir Avropa cəmiyyətində qadınlar demək olar ki, bütün ictimai sahələrdə, o cümlədən ən mürəkkəb, ənənəvi kişi peşələrində fəaliyyət göstərirlər. Onlar dünyada biznes, maliyyə işlərində, hərbi sahədə fəal rol oynayır, mövcud problemlərin həllinə xüsusi diqqət yetirir, ictimai-siyasi həyatda fəal iştirak edirlər.

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çıxışında Ermənistanın işğalçılıq siyasəti nəticəsində azərbaycanlı qadınların bir çox hüquqlarının kobud şəkildə pozulduğunu da konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Bildirmişdir ki, Azərbaycanda bir milyondan çox insanın qaçqın və məcburi köçkün şəraitində yaşaması gender bərabərliyinin real gerçəkliyə çevrilməsinə maneə yaradan ən böyük problemdir: “Yaxşı məlumdur ki, Azərbaycan öz müstəqilliyinin bərpasının ilk illərindən sonra qonşu Ermənistanın təcavüzünə məruz qalmışdır. Ərazimizin 20 faizinin işğalı nəticəsində bir milyon vətəndaşın, o cümlədən qadınların insan hüquqları kobud şəkildə pozulmuşdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabaq münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşları­mızın təxminən yarısı qadınlardır. Məcburi köçkünlərin təhsilə, tibbi yardıma çıxışı və normal həyat şəraitlərinin yaradılması nəinki dövlətin, o cümlədən beynəlxalq təşkilatların daim gündəliyində olmalıdır”.

Bu gün Avropada və Qərbdə gender problemlərinin həddən artıq qabardılması da ailə institutu ilə bağlı çox ciddi, çeşidli problemlər doğurur. Psixoloqlar bunun əsas səbəblərindən biri kimi “Kaliforniya sindromu”nu önə çəkirlər. Bu neqativ sindrom insanların daha çox eqoistcəsinə davranmaları – iş, karyera, rahatlıq, sərbəstlik, əyləncə barədə daha çox düşünmələri, ailəni ikinci plana keçirmələri zəminində özünü göstərir. Boşanmaların çoxalması, dünyaya uşaq gətirməyin azalması demoqrafik problemlərin kəskinləşməsi ilə müşahidə olunur. Avropa Birliyinin rəsmi statistika komitəsi olan “Avrostat”ın hesablamalarına görə, bu quruma üzv dövlətlərdə boşanmalar orta hesabla 35-40 faiz təşkil edir. Bunun əsas səbəblərindən biri də gender probleminin şişirdilərək feminizm səviyyəsinə çatdırılması, ailə münasibətləri fonunda fərdi şəxsiyyət azadlığının ziyanlı stereotip kimi qabardılmasıdır.

Azərbaycanda isə kişi və qadın cəmiyyətdə və ailədə öz yerini, rolunu yaxşı bilir, münasibətlər qarşılıqlı hörmət və ehtiram əsasında qurulur. Azərbaycan qadını cəmiyyətdə qazandığı böyük uğurlara rəğmən, evdə qadın olduğunu unutmur, ailəsinin, övladlarının rifahı, firavanlığı üçün əlindən gələni əsirgəmir. Xalqın tarixən formalaşmış mental keyfiyyətlərini, mənəvi-əxlaqi dəyərlərini bu gün də yaşadan azərbaycanlı gənc qadın, ailənin onun həyatında oynadığı müstəsna rolu düzgün dərk edir.

“Gender bərabərliyi: de-yure və de-fakto gender bərabərliyinin təmin olunması” mövzusunda beynəlxalq konfransda bütün bu məsələlərə diqqət çəkən YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva respublikamızda qadınlara ailə dəyərlərinin daşıyıcısı kimi tarixən hörmətlə yanaşıldığını da xüsusi vurğulamışdır: “Bizi narahat edən digər problem məişət zorakılığıdır. Hətta ən inkişaf etmiş cəmiyyətlərdə qadınlar müxtəlif növ zorakılığa məruz qalırlar. Azərbaycan da istisna deyildir. Digər ölkələrdə olduğu kimi, bizim ölkədə də məişət zorakılığını müəyyən etmək çox çətin olur. Bununla belə, qadınlar və uşaqlara qarşı hər hansı zorakılıq, hətta bir hadisə olsa belə, qəbuledilməzdir. Qeyd etmək istəyirəm ki, ənənələrimiz və mentalitetimizdən istifadə edərək, bu cür davranışa rəvac vermək mənəviyyatsızlıqdır. Azərbaycan xalqının adət-ənənələrində qadına çox böyük hörmət və qayğı ilə yanaşılır. Ailə dəyərləri cəmiyyətimizin ən mühüm və qiymətli dəyərləri olmuş və olaraq qalır. Azərbaycanlılar üçün ana müqəddəs simadır”.

Şübhəsiz ki, bu gün Azərbaycan cəmiyyətindəki yeniliklərin mütərəqqi xarakteri qadınların yaşam tərzinə, məqsədlərinə, ümumilikdə, prinsiplərinə də təsirsiz keçmir. Cəmiyyətdə böyük nüfuza, mövqeyə malik olan qadınlarımız bu gün dövlətin hərtərəfli inkişafı və tərəqqisi prosesinə öz layiqli töhfələrini verirlər. Azərbaycan qadınının həm ailədəki, həm işdəki, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikada bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləş­diri­lməsi üçün əlverişli zəmin yaradır. Dövlətin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qal­dıraraq, onların bərabər hüquqlarını və bərabər imkanlarını tə­min edir. Təqdirəlayiq haldır ki, Heydər Əliyev Fondu və onun pre­zidenti Mehriban xanım Əliyeva bu siyasətə hərtərəfli dəs­tək verir, qadınların milli məqsədlər naminə təşkilatlanmasına çalışır.

Bütün bunlara nəzərən əminliklə söyləmək olar ki, fondun ən müxtəlif layihələrini birləşdirən bir ortaq xətt var – millətə layiqli xidmət! Bu ali mərama xidmət edən hər bir addım Heydər Əliyev Fondu üçün eyni səviyyədə prioritet səciyyə daşıyır. İstər “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi, istər yeni tikilən və ya bərpa edilən uşaq evləri, internat məktəbləri, istərsə də mədəni irsin təbliği üçün həyata keçirilən irimiqyaslı layihələr məhz bu məqsədə xidmət edir. İnsan amilinin yüksəlişinə xidmət edən mühüm layihələr, şübhəsiz, Heydər Əliyev ideyalarına sədaqətin, Vətənə, millətə məhəbbətin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vətən, xalq naminə apardığı məqsədyönlü siyasətə dəstək vermək istəyinin əməli təzahürüdür.


Zəriflik” jurnalı, dekabr 2010-cu il.

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə