Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 3,79 Mb.
səhifə34/39
tarix13.12.2017
ölçüsü3,79 Mb.
#15394
1   ...   31   32   33   34   35   36   37   38   39

Sirus Təbrizli
- Niyə Ərdəbilin Neməti bu gün bura gəlmir? Qarabağ Azərbaycanın içinə qoyulan atom bombasıdır. Gəlin yaponların yolunu tutaq; o, Amerikaya dedi ki, mənə imkan ver, səni cani saymayacağam. İndi isə Amerikanı dizi üstə çökdürüb. Çoxları deyir ki, heç nəyə nail olmamışıq. Ancaq hamımızın bir yerə yığılıb bir sözü deməyimiz böyük nailiyyətdir. Şəhriyarı basdırdıq. Onun matəmində iştirak edə bilmədik. Bu dərd bizi iş görməyə qoymur. Mən bu tribunadan Pribaltika xalqları ilə həmrəyliyimizi bildirmək istəyirəm. Mənim fizik dostuma Pribaltikada deyiblər ki, 15 respublika arasında yalnız Azərbaycan öz başını saxlayıb Amerika səviyyəsinə çıxa bilər. Xəzərin nefti ilə Xəzəri məhv edirik. Neftimiz harada işlənir? O əsgərlərin tankları mənim neftimlə işləyir, paltarı mənim pambığımdan-dır. Xudatdaydım. Xalq bizimlə həmrəydir. Bir kilo buzlu ətlə Koroğlu yerişini yerimək olarmı? Yer əkmək qadağandır və s. qadağandır. Bu sərvətin, xəzinənin içində dilənçi yaşayırıq. Bəs deyilmi? Xudu Məmmədov dedi ki, elmimizin də qarşısına suallar qoyurlar ki, bunu etməlisən. Əsgərlərə rusca müraciət etmək istəyirəm ki, biz sizi yedirə bilərik. Ancaq bizim özümüzü yeməyə qoymurlar. Biz burada güclü oluruq, işdə isə acizləşirik. Vəzifələrdəki satqınları devirməliyik. Mən partbiletə od vurmaq üçün gəlmişdim. Əgər tələblərimiz yerinə yetməsə, bizə qarşı siyasət dəyişməsə yandıracağam. Fransada 84 faiz adam deyib ki, mən xoşbəxtəm. Bizdə isə 4 faiz özünü xoşbəxt saya bilir. Fəhlələr dedilər ki, 25 ildir Bakını tikirlər, ancaq evlərimiz yoxdur. Camaat türmədə qəzet buraxır, mən isə xalqın sözünü deyə bilmirəm. Ərzaq və tikinti tətil etməməlidir.

18.45. İlyas Bədəlov (BBTİ sədrinin müavini):

- Sizə səs veririk.

19.00. Səttar Vahabov: Hamınıza eşq olsun. Qazan daşır. Gəlin tələb edək ki, hökumət tələbləri yerinə yetirsin. Fabriklər, zavodlar öz işini dayandırsın. (“Tətil”).

Sabir: Ayın 24-ündə “Vışka” qəzeti “Bakı fəhləsi” zavodunun fəhləsi adından müsahibə verib ki, zavod işləyir. Əslində zavod 4 gündür işləmir.

19.05. Pişəvarinin bacısı qızı Rəfiqə xanım:

- Gün o gün olsun ki, Vahid Azərbaycan birliyini bayram etmək üçün bura yığışmağımızı arzu edirəm.

19.08. Şuşalı Əbülqasım Novruzov:

- Bu gün Şuşada böyük mitinq olub. Həmin mitinqdə Şuşanın ziyalıları çıxış edib. Bu gündən etibarən Topxanada iş dayandırılıb. (Vurnuxma, uğultu).

19.11. Sabir Azəri: Hamımız sizinlə həmrəyik. Niyə bu günə düşmüşük? Çünki həmişə susmuşuq. İlk günlər bizdə çaşqınlıq vardısa indi mütəşəkkillik var. Sizə təzim edirəm.



Yazıçı Sabir Azəri
19.13. Mirəli Seyidov:

- İki gün qabaq burada çıxış edərkən “böyük Ermənistan” xəritəsini göstərdim. Dedim ki, indi ermənilər Artsax adlı respublika yaratmaq istəyirlər. Bu gün bir addım geri çəkilsək, onlar daha da qızışacaqlar. Biz soyuqqanlılıqla hər şeydən qabaq DQ-ın muxtariyyətinin ləğvini istəyirik. Bu gün onlara güzəştə getsək, on il sonra başqa hoqqa çıxaracaqlar. Biz əlbir olsaq Qarabağ bizim olacaqdır.

19.20. Nemət:

- “İzvestiya” qəzeti müxbirinə hər şeyi demişəm. İndi isə aclıq elan edənlərin yanına getdi müxbir.

19.21. Əli kişi (ruhani):

- Quran bizim üstümüzdədir. Haqq bizimlədir. Biz heç kəsin torpağına girməmişik, heç kəsi də torpağımıza buraxmayacağıq. Əli Quranlı gəlmişəm. Quran arxanızdadır. Həmişə can sağlığı arzulayıram. Allah-taala Quran naminə bizə kömək olacaq. Torpaqlarımızı, dinimizi azad edəcəyik!

19.25. Əliyev Əhməd (ADU):

- Mübarizəni dayandırmayın. (Tələbləri saydı).

1) DQMV ləğv olunsun.

2) Poğosyan başda olmaqla daşnak partiyası cəzalandırılsın.

3) Fitnəkarlığın səbəbi olan “Krunk”, “Qarabağ” cəmiyyətləri, təşkilatları mühakimə olunmalıdır. Vazgenlər, Ağanbeqyanlar, Kaputikyanlar cəzalandırılmalıdır.

4) Ermənistandan gələn azərbaycanlılar yalnız DQ-da yerləşdirilsin. (“Nemət”, “Nemət”!) Sizin etirazınız ən son həddir. Ancaq sağlamlıq da gərəkdir.

19.30. Mühəndis qız Abbasova:

- Biz hamımızı vətən oğlu saymalıyıq. Çünki aslanın erkəyi-dişisi olmaz. Tələb edirəm ermənilər torpağımızdan rədd olsunlar. Respublikamız təsərrüfat hesabına keçsin. Ana dilimiz olmasa nə birlik olar, nə də müstəqillik. Biz türkük, cinsimiz uludur.

19.35. Sabir:

-Hamınıza dözüm, səbr arzulayıram. Əmin-amanlıq pozulmasın. Azərbaycan xalqı öz gücünü bütün dünyaya göstərəcək. Mitinq bağlandı (19.36).

Mehmanxanalardan həftədən çoxdur ki, xarici turistlər götürülüb.

“Ermənisən, ölməlisən, vəssalam!” (yeni xor mahnısı).

Böyük bir şüar:

“Öz ana dilini bilməyən satqındır!”.

“Günün ekranı”nda Bakı şəhər PK plenumu haqqında məlumat verildi. Sabah qərar dərc ediləcək. Vəzirov çıxış edib. Sonra bir neçə adamın DQ hadisələri haqqında fikri verildi. Hamı mitinq iştirakçıları ilə həmrəy olduğunu bildirdi.

Bu gecə meydanda adam çoxdur. Ən azı 70-80 mun nəfər var. Çoxluğa səbəb budur ki, bu gecə meydanın əsgərlər tərəfindən alınması qorxusu var. Meydanda, bulvarda 250-300 tonqal olar. Bir çox yerlərdə dəmir sobalar qoyulub. Hökumət evi qarşısındakı (tuşundakı) fəvvarələrin (indi işləmir) dörd yanı bu gün çadırlarla dolub. Hərəkat getdikcə şaxələnir, qol-budaq atır.

Dostum Bəhram Zeynalovla rastlaşıb yenə “düşərgə”ni gəzirik. Hər söhbət (danışıq hər yerdə birlikdən, milli təəssübkeşlikdən, Vətən taleyindən gedir), hər gördüyün mənzərə ürək açır.

21.30. BK plenumunda Vəzirovun çıxışı meydana radio ilə öz səsi ilə verildi. Topxanadan tikinti materiallarının aparılması xəbərini alqışladılar, işə çıxmaq təklifinə isə “tətil” sözləri ilə cavab verdilər.“Böyük Vətən müharibəsi əlili İsmayıl İsmayılov haqq işi uğrunda aclıq elan edib. Buna son qoymaq üçün Xalq Cəbhəsi qəti tədbir görməlidir”. (88-55 AQ “Zaporojets”)

22.50. Meydanda (bulvarqarışıq) 200 minə yaxın adam var. Çadırlar meydanın ətrafını bürüyüb. Hər təşkilat, idarə özünə bir çadır qurub. Metro tikintisi işçilərinin çadırında qonşumuz Nəriman Əzməmmədovla çay içirik. Çox şən uşaqlardır. Deyilən hər rus sözü üçün 10 qəpik cərimə alırlar. Birisi gəlib dedi ki, Moskvadan yenə bizi göstərmədilər. Soruşdum ki, “Vremya” demədi? O saat məndən də 10 qəpik aldılar. Akademiya dal-dala iki çadır qurub. Birinin qapısıüstündə yazılıb: “Tərəqqi” cəmiyyəti. Azərb. SSR Elmlər Akademiyası”. Çadırın ağzında Azərbaycan Demokratik Respublikasının bayrağı dalğalanır.

B. Sərdarov adına poladəritmə zavodunun fəhlələri də iri çadır qurmuşlar. Başqalarında olduğu kimi burada da oturmuşlar, dincəlir, söhbətləşirlər. Stolun üstündə siqaret, çay qoyulub. İstəyənlər alıb işlədir. Bir çadırda ciddi fikir mübadiləsi gedir, Türkiyəyə bizim, rusların və ermənilərin münasibəti müzakirə olunur» (4).

Bu, aysberqin görünən üzü, indi də keçək gözlə görünməyən üzünə.

Ədalət bəyin qeydlərinin 26 noyabra aid hissəsində ilk dəfə meydanda xalq tərəfindən pul yığılması faktına ötəri də olsa, rast gəlirik. Bu məsələ Milli mücadiləmizə kölgə salmaq istəyənlər, eləcə də Nemət Pənahlının siyasi rəqibləri tərəfində həmişə qara rənglərlə təqdim edilib. Bu üzdən də həmin məsələyə Nemət Pənahlının öz dili ilə aydınlıq gətirməyə ehtiyac var. O, «Əbədiyyət yolçusu» kitabında mövzu ilə bağlı bunları bildirir: «Meydanda pul yığmaq söhbətini də ortaya bədnam «Nümayiş Komitəsi» atmışdı. Şübhəsiz ki, burada da düşmən əli vardı. Ola bilsin ki, düşmən düşünürdü ki, bu yolla bizi daha çox ləkələməyə nail ola bilər. Məgər o, xalq hərəkatını ləkələmək, meydana şər və böhtan yağdırmaq üçün dəridən-qabıqdan çıxmırdımı? Əks təqdirdə şəxsiyyəti bəlli olmayan qadınların meydanda işi nə idi. Belə qadınlardan birinin çıxışı da yaxşı yadımdadır. Ona bir neçə dəfə də çıxış etmək imkanı versıydik, bəlkə də, hərəkatın liderlərindən birinə çevrilərdi.

Meydana başqa qəbildən olan natəmiz ünsürlər də göndərilirdi. Amma meydan Meydan idi. Onun özəyini xalqımızın azadlığı uğrunda canından keçməyə hər an hazır olan mərd insanlar dururdu.

Meydanda pul yığılması söhbətinin ortaya atılması hər cür xoşagəlməz nəticələrə gətirib çıxara bilərdi. Pulsuz isə hərəkət etmək imkan xaricində idi. Amma hiss edirdim ki, pul yığılmağa başlanılan gün şayiə, şər və böhtanlar da ayaq tutub yeriyəcək, adımıza ləkə vurulmağa çalışılacaq. Yadımdadır, oğrulara, yəni cinayət aləminə hərəkatın davam etdiyi müddətdə şəhərdə heç bir cinayətin törədilməməsi barədə müraciət edəndən sonra mənə məktub gəlmişdi ki, cinayət aləmi «sizinlədir, xalqladır və xalq hərəkatını dəstəkləyir». Söz verirdilər ki, sözügedən müddətdə şəhərdə bircə dənə də oğruluq və ya başqa cinayət hadisəsi olmayacaq. Əlbəttə, məktubu onların adından başqaları da yaza bilərdi, amma fakt budur ki, meydan rus əsgərləri tərəfindən dağıdılan günə qədər Bakıda heç bir cinayət hadisəsi baş vermədi.

Məni yandıran budur ki, həmin dövrdə millət, onun bütün zümrələri bir olmağı, həmrəylik göstərməyi bacarsa da, ziyalılar arasında bu həmrəyliyi görə bilmədim. Ümumi məxrəcə yalnız onlar gələ bilmirdilər. Onların içlərində nəyin gizləndiyini həbsxanada bildim. Əleyhimə, nə az, nə çox, düz 2900 nəfər ziyalı ifadə vermişdi. Onların bir qisminin ifadələrindən belə çıxırdı ki, sən demə, meydana çıxıb Vətən və millət yolunda mübarizə aparanlar narkomanlar, ekstermistlər və fahişələr imiş, mən də onların başçısı idim. Bu cür ifadə verənlərin içində … kimi hörmət bəslədiyim, inandığım şəxslərin imzasını görəndə gözlərim kəlləmə çıxdı.

Pul yığmaq məsələsi gündəmə gələndə çox ölçdüm-biçdim. Bu iş ən etibar edilən adama həvalə edilməlidir. Ətrafımda dost-tanış, o cümlədən sınanmış dostlar isə az deyildi. Onların içindən Rəsul Ələkbərovu seçmək qərarına gəldim. O hərəkata qəlbən bağlı adam idi və bağlılığını da sübut etmişdi. Yadımdadır, silah almaq üçün çox gizli şəkildə pul toplamışdıq. Rəsul qaynatasının cehiz almaq üçün ona verdiyi 2000 manat pulu gətirib ortaya qoymuşdu. O vaxt bu çox böyük pul idi.

Rəsulla tanışlığıma gəlincə, bu çox uzun söhbətdir. Onunla «Çənlibel»də tanış olmuşduq. O həmin dövrdə ət kombinatında fəhlə işləyirdi. Tanış olduğumuzda öyənmişdim ki, sən demə, babalarımız eyni kənddən – Qərbi Azərbaycanın yexinadzor rayonunun Sallı kəndindəndirlər. O ədəbiyyatımız, tariximizi sevən biri idi. Xalqımızın başına gətirilən faciələr barədə həmişə ürək ağrısı ilə danışardı. Elə bu kimi söhbətləri ilə də rəğbətimi qazanmışdı. Tanış olduqdan sonra tez-tez yataqxanamıza gəlib-gedərdi. Mən də onlarda olmuş və nə qədər kasıb yaşadığını görmüşdüm…» (2, s.171-172).

Burada Nemət bəyin sözlərinə ara verib bildirməliyəm ki, mən də Rəsul bəyi «Çənlibel»dən tanımış və evində olmuşdum. Böyükşordakı gecəqondulardan birində yaşayırdı. Çox kasıb adam idi. Divarından saz asılmışdı. Saz çalmağı çox sevirdi. Həttə mənim şərəfimə sazını bir az dınqıldatmışdı da. Pis çalmırdı. Gerçəkdən də ədəbiyyatımızı və tariximizi sevən adam idi. Ermənilərin xalqımızın başına açdıqlarında ürək ağrısı ilə danışardı.

Nemət Pənahlı daha sonra yazır: «…Onun bu cür kasıb yaşaya-yaşaya yoldaşının cehiz pulunu zərrə qədər də düşünmədən hərəkat yolunda ortaya qoyması məndə ona inam yaratmışdı. Onu mərd birisi kimi tanıyırdım…

…88-ci ilin noyabr mitinqləri başlayandan sonra Rəsulla əvvəlki kimi tez-tez görüşə bilmirdim. Amma bilirdim ki, o da mütləq meydanda, izdihamın arasında olmalıdır. Başqa cür ola da bilməzdi. Xüsusi bir iş görə bilməsə də, hamı kimi o da etirazını bildirir, xalqımızın haqlı tələblərini dəstəkləyir.

Pul yığmaq qərarına gəlməmişdən öncə də meydanda kimlərinsə Ermənistan qaçqınları üçün pul yığdığını bilir, fəqət onların kim olduğunu, həmin pulu nə etdiklərini bilmirdik. Bilirdik ki, bu məqsədlə rayonlardan və müxtəlif təşkilatlardan pul göndərənlər də az deyil. Mən bir neçə dəfə bunun əleyhinə çıxış etdim. Amma bu, prosesin qarşısını ala bilmədi. Odur ki, çox düşündükdən sonra qərara gəldim ki, bu məsələyə özüm nəzarət edim. Bu, bəzi fırıldaqçıların fürsətdən istifadə edərək başqa məqsədlər güdməsinin qarşısını ala bilmək üçün yeganə çıxış yolu ola bilərdi.

Aydın məsələdir ki, bu işi şəxsən özüm görə bilməzdim. Buna sadəcə fiziki imkanım yox idi. Çox götür-qoydan sonra bu işi Rəsula həvalə etməyi qərara aldım. Axtarıb onu tapdım. Bu işi ona həvalə edib bildirdim ki, ola bilsin, bizi həbs etsinlər, odur ki, işini elə qur ki, sonralar kimsə bizi natəmizlikdə suçlaya, adımıza ləkə sürtə bilməsin. Hər şey şəffaf və dəqiq olmalıdır. Hətta ola bilsin ki, həbs edildikdən sonra bizi üzləşdirə də bilərlər…

….Bu pullardan çox az bir məbləği xərcləmişdik, meydan üçün meqafon, diktafon, mikrifon və s. bu kimi xırda-xuruş şeylər almaq məqsədilə. Bütün xərcləri də qeyd etmişdik. Ona göstəriş vermişdim ki, meydanda pul saxlanılmasın, etibarlı bir yerə aparılaraq, orada mühafizə edilsin…

Hər gün yığılan pullar meydandan təyin olunan yerə aparılırdı. Bu işlə bir neçə nəfər məşğul idi ki, onlardan bir neçəsini şəxsən tanıyırdım. Qulu Məhərrəmli və bibim qızının qaynı Telman da bu işin içində idilər.

Meydanda milyon yarımdan artıq pul yığılmışdı. O vaxt bu, ağlasığmaz dərəcədə böyük pul idi.

Hərəkata yardım etmək istəyənlərin sayı-hesabı yox idi. Bir dəfə Rəsul mənə dedi ki, üç nəfər yardım etmək istəyirlər, amma öncə səninlə görüşmək arzusundadırlar. Dedim ki, axı, mənə nə ehtiyac var, bu işlə sən məşğul olursan, özün də həll elə. O getdi, təkrar qayıdaraq bir də bildirdi ki, mütləq səni görmək istəyirlər. Məcbur qalıb razılaşdım.



Qulu Məhərrəmli
Tanımadığım həmin adamlar bildirdilər ki, onlardan birisi iki yüz əlli min, birisi yüz əlli min, üçüncüsü də əlli min pul vermək istəyirlər. Kim olduqlarını soruşdum. Təhlükəsizlik naminə kimliklərini bildirməyib, onları etibarlı birisi ilə uzlaşdırmağımı xahiş etdilər. Mən bu işi də Rəsula həvalə elədim.

Pulla bağlı o da yadımdadır ki, Şərur və Ordubad rayonundan göndərilən pulu da Rəsula vermişdilər. Onlar da mənimlə görüşmək istəmişdilər və mən də görüşmüşdüm. Şərurdan pulu gətirən şəxsiyyətinə çox böyük hörmət elədiyim İnqilab Orxan idi.




Şair İnqilab Orxan
İnqilab Orxan 24 min pul gətirmişdi ki, onun 19 mini nəqd pul, 5 mini istiqraz vərəqləri idi. Onları hər kəsin yanında Rəsula verdim. Ordubaddan gətirilən pulun taleyi ilə maraqlananda məlum oldu ki, onu Əbülfəz Əliyevə veriblər. Əbülfəzə verilmiş pulu da ondan alıb Rəsula verdim. Pulu səhv etmirəmsə, Əli və Qərib qardaşları gətirmişdilər.

Mənim təxmini hesablarama görə meydanda 7-8 milyon pul yığılmışdı. İstintaq zamanı özünü mənim mühafizəçim kimi qələmə verən, həqiqətən də meydanda yanımdan ayrılmayan APİ-nin Qulu adlı tələbəsi ya axmaqlığından, ya da öyrədilmiş olmasından izahatında yığılan pulların sayını 4 milyon kimi bildirmişdi.

Həbsdən çıxdıqdan sonra onun niyə belə etdiyini soruşduqda, bildirmişdi ki, məbləği özü az göstərmişdir. O bu məsələdə ən məlumatlı adamlardan biri idi…

Bəs, həqiqət necədir? O pulların sonu necə oldu?

Türmədən çıxdıqdan sonra bu barədə Rəsuldan soruşdum. O bildirdi ki, onun da məlumatı yoxdur. Siyahını tələb etdiyimdə, dedi ki, istintaqın əlinə düşməsin və siyahıdakı adamlar təhlükə altında qalmasın deyə, onu yandırıb. Ona dedim:

-Axı, sənə tapşırmışdım ki, siyahı, nəyin bahasına olursa-olsun, mütləq gizli bir yerdə qalmalıdır.

O bunun çox təhlükəli olduğunu bildirdi və dedi ki, təhlükəsizlik naminə bu işi görmüşdür. Siyahı ələ keçsəydi, minlərlə adam həbs edilə bilərdi. Üstəlik də orada yüksək vəzifəli şəxslərin də adı vardı.

Bu, gerçəkdən də belə idi. Məsələn, Gədəbəydən meydana 5 min manat pul gətirən adamı DTK yaxalamış, o da ifadəsində bildirmişdi ki, ona pul yığmağı rayon rəhbərliyi tapşırıbmış. Bu ifadə əsasında DTK həmin rəhbər işçinin maşınını saxladıqda, onun mitinq üçün gətirməkdə olduğu 50 min manat aşkar olunmuş və onu həbs etmişdilər.

Doğrusu, Rəsulun siyahını təmiz ürəklə yandırdığını düşünür və ona inanırdım. Günlərin birində etibar etdiyim şəxslərdən biri olan Məmməd Əlizadəyə tapşırdım ki, Rəsulla gedib, pulu gətirsinlər…» (2, s. 173-175).

Nemət bəyin sözlərinə görə, o, Rəsula tapşırıbmış ki, bir dənə də əlavi siyahı tutulsun, ora az miqdarda pul yazılsın ki, sabah həbs məsələsi gündəmə gələndə həmin pula həbs qoyulsun, məbləğin əsas hissəsini isə gələcək siyasi fəaliyyət üçün, o cümlədən qaçqınlara yardım, ehtiyac yaranacağı halda Qarabağ əhalisi üçün silah almaq kimi şeylər üçün qoruyub saxlamaq mümkün olsun. Rəsul da belə etmiş, həbs olunanda yığılan məbləğin təqribən 150-170 min manat olduğunu söyləmiş, Nemətlə üzləşmədə də söhbətin məhz həmin məbləğdən getdiyini dilə gətirmişdi. DTK-ya da elə o qədər pul təhvil verilmişdi (2, s. 173-174).

Nemət Pənahlı daha sonra yazır: «…Məlum oldu ki, ortada qalan pul cəmi 40 min manatdır. Açığı heyrət və təəcübümü gizlədə bilmədim. Məmməd Əlizadə də dəhşətə gəlmişdi. Rəsuldan bir şey öyrənə bilmədik. Ölümlə hədəsələk də, olan pulun məhz bu olduğunu söyləyib durdu. Meydandan gizli xəzinəyə pul daşıyan adamların hamısını tapıb onlardan məbləği soruşduq. Dəqiq bir şey deyə bilməsələr də, 40 min manat hər kəsi təəccübləndirdi. Uzun çək-çevirdə sonra məlum oldu ki, daşınan pullar 20-25 torba olubmuş. Rəsul bildirdi ki, torbaların içindəkilərin hamısı bir manatlıq idi.

Ona yarım milyon söhbətini xatırlatdım. Dedi ki, mən milyon yarım yox, yüz əlli min demişdim. Sən səhv başa düşmüsən.

Dedim ki, manatlıqlar idisə, niyə buradakı pulların hamısı onluq, iyirmibeşlik və əllilikdi. Cavab verə bilmədi. Dediyindən belə çıxdı ki, qalan pul budur və onun sadəcə 5 min manatı çatmır. Onu da Əbülfəz Əliyevin göstərişi ilə vəziyyəti ağır olan Ağdamlı Sadiqə verib.

Çox araşdırmalardan sonra məlum oldu ki, meydandan pul daşıyanların sayı 10-15 nəfər imiş, pulların bir qismi onlar tərəfindən mənimsənib. Təkcə bibim qızının qaynı Telman meydandan təqribən 300 min pul mənimsəyib…» (2, s. 176).

Əgər tarix obyektiv yazılırsa, bu kimi məslələrdən də yan keçilməməlidir. Çünki bu məsələ mətbuatda çox hallandırılıb. Daha çox da bu barədə Ənvər Əliyevə istinad edilib. Məsələn, «Şərq» qəzetində getmiş ««Meydan sirləri» açılacaq. Ənvər Əliyev kitabını çap etdirməyə pul tapmır» başlıqlı bir yazıdan oxuyuruq: «Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi işçisi, Mərkəzi Seçki Komissiyasının (MSK) keçmiş üzvü Ənvər Əliyev ötən ildən yazmağa başladığı "Meydan sirləri" kitabını başa çatdırıb. Ə. Əliyev APA-ya bildirib ki, kitab çapa tam hazır olsa da, maliyyə problemlərindən işıq üzü görməsi bir qədər ləngiyir. 

Müəllifin sözlərinə görə, 1988-ci il noyabrın 17-dən dekabrın 5-dək "Azadlıq" meydanında keçirilmiş mitinqdə çoxlu sirli məqam olub: "Həmin məqamlar hələ də geniş ictimaiyyətə məlum deyil. Meydan hərəkatının fəal təşkilatçılarından biri kimi kitabda aksiyanın başlanması, davamlı olması, hakimiyyətin aksiyanı dağıtmaq planları, hərəkatı parçalamaq üçün meydana göndərilən casuslar barədə bir sıra məqamlara kitabında aydınlıq gətirilib. Kitabı yazarkən rəsmi sənədlərdən, şahidi olduğum hadisələrdən, istintaq və arxiv materiallarından istifadə etmişəm". 

Ə. Əliyev "Meydan sirləri"ndə "Azadlıq" meydanında insanların sayının azalmasının səbəblərinə də aydınlıq gətirib. Kitabda, həmçinin, meydanda yığılan milyonlarla pulun yoxa çıxması, aksiyanın təşkilatçılarının istintaq zamanı hansı məqamları açıqlamaları.., İsa Qəmbəri meydanda çıxış etməyə kimlərin məcbur etməsi, Sabir Rüstəmxanlı və Nemət Pənahlının tətil və Ermənistanı iqtisadi blokadaya almaq, ermənilərin qovulması kimi çağırışların əleyhinə olmalarının səbəbləri, Əli Kərimlinin müstəntiqlərlə danışıqları, Fazil Qəzənfəroğlunun istintaqa verdiyi ifadəsindəki məqamlar da açıqlanıb» (1).

Qaynaqça


  1. «Meydan sirləri» açılacaq. Ənvər Əliyev kitabını çap etdirməyə pul tapmır. «Şərq» qəzeti, (http://www.sherg.az/pre.php?id=12615).

  2. Pənahlı N. Əbədiyyət yolçusu. Əlyazma. N. Pənahlının şəxsi arxivi.

  3. Rəsulzadə M. Ə. Millət olmaq əzmi. “Azərbaycan”, il 1, sayı 6, sentyabr 1952, Ankara.

  4. Tahirzadə Ə. Meydan hərəkat: 4 il, 4 ay (https://ru.scribd.com/ doc/61649371 /Meydan-gundeliyi).

  5. Tofiq Fikrət. Millət Şərqisi. Novator.az. (https://novator.az/2015/11/17/ mill%C9%99t-s%C9%99rqisi/).

IV Fəsil
Yolumuz istiqlal və azadlıq yoludur
Milli Azadlıq Hərəkatının başlandığının, hədəfin SSRİ-dən ayrılmaq olduğunun yüzminlərin önündə bəyan edildiyi gün. Məhəmməd Hatəmi liderlik çələngini Nemət Pənahlıya ötürür.

Ədalət Tahirzadənin noyabrın 28-də etdiyi qeydlərdən ən önəmlisi aşağıdakıdır:

«…18.10. Nemət:

- Sakit! (Xalq sakit oldu). Ey Azərbaycan xalqı! Mən sizin qarşınızda baş əyirəm! Sizə dəfələrlə demişəm ki, mənsiz bura çıxanlar aranı pozmağa çalışırlar? Kimdir ziyalılarla əlaqəni kəsmək istəyən? Mən demişəm ki, alim öldü, aləm öldü. 200 adam təbliğat aparır ki, Nemət ziyalıları təhqir edir. İkibaşlı oyun oynayanlar bizə xəyanət etmək istəyirlər. Bilin ki, bu gündən meydanı boşaltmağa çalışacaqlar. Milli azadlıq hərəkatımız başlanıb. Dünən məndən intervü alıb mənim adımdan böhtan yazıblar. Ar olsun belə mətbuata! Televiziya aclıq edənləri yeməyə çağırır. Ar olsun belə televiziyaya! Bu gün bu meydan Çaldıran meydanı olmalıdır. Öz xalqının üzünə çıxmayan Tatlıyev xalq adından Estoniyanı boğur, ona bu haqqı kim verib? Ar olsun onlara! Azərbaycan Kommunist Partiyası və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi sabahdan bizə cavab verməlidir. Yoxsa belə dövlət bizə gərək deyil. Konstitusiyaya əsasən SSRİ-dən çıxmalıyıq. Rədd olsun köləlik! Əgər yenə belə fitnəkarlıq etsələr, xalqı parçalamaq istəsələr, sabahdan mikrofonu dənizkənarına keçirəcəyik. (Məmməd Arazın “Azərbaycan” şerini söylədi: “Ey daşlaşan, dumanlaşan ulu babam...”). Bu gün içimizə uzanan xəyanət əli budur. Şeyx Məhəmməd Xiyabininin ölümündən qabaqkı son nitqini səsləndirmək istəyirəm.

Fonoqram səsləndi (artist Həsən Turabovun səsi ilə) musiqinin müşayiəti ilə» (3).

Nemət Pənahlının 1988-ci il noyabrın 28-də, saat 18. 10-da səsləndirdiyi «Milli Azadlıq Hərəkatımız başlanıb… Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi sabahdan bizə cavab verməlidir. Yoxsa belə dövlət bizə gərək deyil. Konstitusiyaya əsasən SSRİ-dən çıxmalıyıq. Rədd olsun köləlik!» fikri Meydan Hərəkatına öz möhürünü qoymuş və Hərəkatın məhz Milli Azadlıq Hərəkatı olduğunu təsdiqləmişdir. Həmin gün, həmin saat və həmin dəqiqəyə qədər hələ amorf şəkildə olan, yalnız «Çənlibel»çilərin radikal hissəsinin və sayları 13-14 mini ötməyən Xalq Hərəkatı Cəbhəsinin amalı olan bu möhtəşəm ideya ümumxalq ideyasına çevrildi. Həmin tarixi ən yeni tariximizə qızıl hərflərlə yazmalıyıq!!!

Meydan Hərəkatının qəhrəmanları – Quzeyli Nemət Pənahlı və Güneyli Siyamək
Maraqlıdır ki, bu qeydləri edən şəxs, sanki, hansı önəmli tarixi hadisəni qeydə aldığının heç fərqində də olmamışdır. Əgər olsaydı, bundan bir qədər öncə müəyyən qədər istehza ilə «Nemət 11 gün danışıb, yenə danışır» yazmazdı. Belə yazmağının səbəbi, məncə tam aydındır. Çünki öz əli ilə etdiyi bu qeyd onun siyasi idealına daban-dabana zidd idi. Siyasi idealını isə o özünün Elçibəyə həsr etdiyi çoxsaylı kitablarında ortaya qoymuş və oxucularına Milli Azadlıq Hərəkatının banisi kimi məhz Elçibəyi təqdim etmişdir.

Amma siyasi düşüncəsinin nə olmasından asılı olmayaraq, Ədalət Tahirzadə bir salnaməçi kimi hər cür tərif, sevgi və məhəbbətə layiqdir. Çünki o öz siyasi amalı naminə tarixi həqiqəti gizlətməmiş və həqiqəti yazmışdır.

Milli Azadlıq ideyası məhz həmin andan bütün millətimizin əsas hədəfinə, Milli Birliyimizin mayasına və qayəsinə çevrildi.

Ümummilli liderimiz M. Ə. Rəsulzadə özünün «Milli birlik» məqaləsində yazır: «Millətçilik fikrinə inananların ilk vəzifəsi «Milli birlik»i mühafizə etməkdir. Bu, millətçilik fikrinin əsası və təməlidir. İnternasionalist və kosmopolit nəzəriyyələrlə ortaya atılan marksizm, kommunizm və anarxizm kimi doktrinlərin əsil qayəsi milli birlik və bütünlüyü sarsmaq, parçalamaq və pozmaqdır. İctimai sinif və zümrələr arasında ixtilaf və ziddiyyət təhriki və hüsumət ihdası (düşmənçilik) bu məqsədlə edilir. Halbuki həqiqi millətçilərin üzərinə tərəddüb edən (düşən) qutsal qayə uzun sürəkli tarixin məhsulu olan milli varlığı bütün fəzilətləri, gələnək və görənəkləri, kültür və ədəbiyyatı ilə qorumaq, yaşatmaq və gəlişdirməkdir.

Yıxıcı və çökərdici internasionalist və kosmopolit fikirlərin önünə ancaq milli bünyəni (özülü) qüvvətləndirmək və sağlamlaşdırmaq surətilə keçilə bilir. Millətçilik fikri, ən təbii, ən mədəni, ən irəli bir fikirdir. Elm və kültürün gəlişməsini və yayılmasını əngəlləmək böylə dursun, bu, gəlişmə və yayılmanın ən təsirli və qüvvətli bir amilidir. Həm də insanlıq kültürünün ən təbii və ən normal inkişaf yoludur» (2).

Nemət Pənahlının həmin gün millətimizin əsil hədəfini yüzminlərlə insanın önündə, özü də rus tanklarının əhatəsində bəyan etməsi M. Ə. Rəsulzadə ideyalarının təntənəsi idi.

Ədalət Tahirzadə bu tarixi qeydinin ardınca bir iki əhəmiyyətsiz fikir bildirdikdən sonra Şeyx Məhəmməd Xiyabaninin sözləri yazılmış fonoqramı nəzərdə tutaraq yazır: «Fonoqram davam edir (18.35). “A - zər - bay - can!”.

18.36. Nemət:

- Elə bil ki, bu sözlər bu gün üçün yazılıb. Şaumyan 30 min azərbaycanlını məhv edib, indi ona heykəl qoymuşuq. Azərbaycanın bütün düşmənlərinə heykəllər qoymuşuq. Birinci Pyotrun vəsiyyətlərini bilirsiniz. İndi mən bilmirəm ki, leninizmdir, yoxsa pyotrizm. "Biz bütün kölə zəncirini rədd edən xalqları alqışlayırıq. Bu, birləşmiş dövlətlər təşkilatıdır, yoxsa millətlər təşkilatı? Gərək səsimizə səs versinlər. 11 gün keçə-gündüz xalqımız ayaq üstə durub. Bəs niyə başçılarımız qabağa çıxmır? Sosializm bayrağı altında faşizmə qarşı mübarizə aparmalıyıq. Ya iki günə cavab verməlidirlər, ya da SSRİ-dən ayrılacağıq.

Vaxtilə Qulam Yəhyanın əli ilə demokratik hökuməti boğdular. İndi isə Qulam Yəhya fədai generalı kimi tanıdılır. Mən rus ziyalılarını, əsgərlərini həmrəyliyə çağırıram. Ayrikyanlar (sovet dissidenti - Ə.T.) SSRİ-dən çıxarıldı. Poğosyanlar, Balayanlar. Kaputikyanlar isə qorunur. Niyə doğru deyəni qovuruq, niyə əsgərlər Topxananı bürüyüb aranı qarışdırırlar? Xalq öz taleyini həll etməlidir. Bəsdir" Moskvadan göndərilənlər! And içək ki, iğtişaş olmadan mübarizəmizi sonadək aparacağıq! "Bakı gözəl şəhərdir, ermənilər olmasa" kimi şüarlar yox, "yaşasın azadlıq", "birlik" kimi şüarlar deməliyik. Bəziləri deyir ki, qorxmalıyıq, hələ tezdir. Ancaq qorxmamalıyıq. "Mus-mus" yerinə "Mustafa" deməliyik."



Bütün Azərbaycanın ürəyini ermənilər tutublar. Biz onlara inanmırıq, onlar xaindir. Bıçağı soxacaqlar ürəyimizə. Rədd olsun ermənilər! Bunların işdən azad olunmalarını tələb edirik: Ayriyan (yerdən: “ölüb”), Qriqoryan, Becanyan, Ohanesyan, Ayrapetov, Sarkisyan, Qazaryan, Melkumyan, Ohanesyan, Kevorkyan, Kasparyan, Petrosyan, Traxtanov, Arzumanyan, Hambarsumyan, Aseryan, Ohanesyan, Bunyatyan, Vartapetyan, Kasparyan, Haykazyan, Qriqoryan, Yegizarov, Ohanyan, Ohanov, Səfəryan, Ulubabyan, Şahnazaryan… ( 11 iyul 1988 tarixli “Kommunist” qəzetindəki siyahı). Onlar vəzifələrindən buraxılmalıdır. Əlavə 400 nəfər erməni MVD (DİN B. T.) işçisi bizimkilərə imkan vermir. Arvadı erməni olanları da saysaq deyə bilərik ki, Azərbaycan xalqının taleyi onların əlindədir. Onlar sarmaşıq toxumu kimidir. Bugündən tələb edirik: Azərbaycan xalqının suverenlik hüquqları bərpa edilməlidir. Qoşunlar çıxarılmalıdır, yoxsa SSRİ-dən çıxmalıyıq.

O xalqın ki azadlığı yoxdur, onun gələcəyi yoxdur. Yaşasın azadlıq! Qələbə bizimdir!

Sabah tezdən keçəcəyik dəniz kənarına, qabağımıza çıxmayan MK-nı tanımayacağıq. Öz hökumətimizi yaradacağıq. Bu, Azərbaycan xalqının ən şərəfli tarixidir.

Rayonlardan da xəbər gəlir ki, aclıq elan edənlər var. Azərbaycan xalqı hüquqlarını almayınca işə çıxmayacaq. Ya olum, ya ölüm! (3 dəfə xalqla birgə təkrar etdi). Azərbaycan SSR Ali Soveti deputatlarından vicdanı olanlar varsa qol çəksinlər, Əhmədovun dalınca göndərək vəkili. Səsimizi maqnitofona yazırlar. Əcəb edirlər. Yadınızda saxlayın - bir dənə qurban xalqı yüz il yaşadır. Ölmək məhv olmaq deyil. Heç nədən çəkinməyəcəyik. Yolumuz azadlığadır. Yaşasın Azərbaycan xalqının birliyi! Vəli Məmmədova böyük hörmət edirəm. Biz yaxşı işçilərə də nifrət etmişik. Ancaq o, yaxşı oğullardandır. Vəziyyətini başa düşürük. Ancaq Vəli müəllim özünü gülünc vəziyyətə qoymasın. Hamımız bir yerdə öləcəyik. Xalqla gələn bəla toy-bayramdır.

19.10. Vəli Məmmədov:

- Yaxşı ki, Nemət Ş.M.Xiyabanini yada saldı. (Əli Tudənin “Qurban gətirdim” şerini söylədi). Bu şerlə sizə ümiddən nişan gətirmişəm. Gün o gün olsun ki, biz Təbrizə gəzməyə gedək! (Alqışlar). Neçə gündür burada şüarlar deyirik. Ancaq məsələnin qoyulma üsulu da var. Məsələn, Cənubi Azərbaycan məsələsi. Qabaqca qohumların əlaqəsi, sonra mədəni əlaqələr, daha sonra birləşmək gəlir. Yaxud Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğvi. Gərək oturaq, yığışaq, müzakirə edək. Görək nə nəticə verəcək? Aləm bizə baxır. Gərək sözümüzə fikir verək. Bəzən elə caymaqlar olur ki, Qarabağ yaddan çıxır. Biz çıxılmaz vəziyyətə, tilsimə düşmüşük. Mən sizi ağıla, birliyə çağırıram!

19.20. Nemət:

- Mən bəlkə də artıq-əskik danışdım, üzr istəyirəm. Ancaq niyə adicə bir mikrofon verilmir, əsəbiləşirik? Bunu niyə problemə çeviririk?

19.20. Qadın:

- Əhsən bizim Həcərlərə, əhsən bizim Nəbilərə! Bütün Azərbaycan xalqı sizinlədir. Torpaq bizimdir, bizim də olacaq! Ancaq səbirlə iş görməliyik.

19.21. Başqa qadın: İndi iki tirəlik salmaq bizim xeyrimizə deyil.

19.25. Həkim: Meydanda zibil, köhnə yemək xəstəliklərin çoxalmasına gətirib çıxarıb.

19.26. Vəkil:

- Əhmədov Əhmədin şəklini asmaqla ona kömək etmək olmaz. O cinayəti etməsinin səbəbi dərindir. Adamöldürənlər yoxdur. Onu təşkilatçı kimi ittiham edirlər. Məgər Moskvanın Ali Məhkəməsinin prokuroru səsinizi eşidir? Yox! Ancaq mən bilirəm ki, nə edəcəyəm.

19.30. Dürrə Məmmədova (Kosmodemyanskaya):

- Bir yerdə qələbəyə doğru gedək. (Adamlar getməyə başladı).

19.30. Artist Nurəddin Quluyev:

- Biz o halda qələbə çalacağıq ki, verdiyimiz anda sadiq olaq. Biz heç bir xalqla düşmən deyilik. Hamıya bunu göstərməliyik ki, qonaq qarşılamağı da, düşmən qarşılamağı da bacarırıq. Yaşasın Azərbaycan xalqının birliyi!

(19.33).Axşam evə getdim gecələməyə. Hədsiz yorğunam» (3).

Milli Azadlıq Hərəkatının başlandığının, hədəfin SSRİ-də ayrılmaq olduğunun yüzminlər önündə bəyan edilməsindən sonra ciddi narahat olan hakimiyyət dairələri, həm də onların itaətində duran bəzi ziyalılar tribuna və mikrofonu Nemətin əlindən təcili almağın yolunu düşünməyə başladılar və çox düşündükdən sonra onu Hatəmi ilə əvəz etmək qərarına gəldilər. Düşünürdülər ki, onun Nemətə olan küskünlüyündən, eləcə də onun liderliyi itirmək təlaşından istifadə etmək lazımdır.



Məhəmməd Hatəmi, Nemətə olan kin-küdurətini qətiyyətlə gizlətmədən, baş verənləri «Acı həqiqətlər» kitabında belə təsvir edir: «Özünün qəhrəmana çevirdiyi Neməti dövlət indi Heydər Əliyevlə bağlamaqla yetinmir, onu sıradan çıxartmaq üçün çarələr arayırdı. Onu kim sıradan çıxara bilər sualı ətrafında Ə. Vəzirov və komandası başlarını çox sındırdıqdan sonra Azərbaycanda bu adamı tapırlar: hər an məhv etməyə hazır olduqları Hatəmi! Soruşsanız hansı mülahizə ilə?  Yəqin bu mülahizə ilə ki, təxribatçı, xəyanətkar hərəkətlərinə görə Hatəminin Neməti görməyə gözü yoxdur. Nemət Hatəmiyə qarşı tərbiyəsizlik etmişdir.

Rafiq Zeynalov Eldar İbrahim vasitəsi ilə mənə yol tapıb görüş təyin etdi. Deputatlar otağında görüşdük. Meydanla, durumla ilgili çox həyəcanlı danışmağa başladı. İstəyini mənə aşılamaq üçün, hesab etdim ki, artistlik edir. O, mənə nə arzum olsa yerinə yetirəcəyinə kişi sözü verib, titrək səslə, yalvara-yalvara xahiş etdi ki, "bu dəli Nemət şəhəri qana çəkir, xalqın yaxasını onun əlindən xilas" edim. 

Meydanı dağıtmağa dövlətə maneçilik törədən ancaq mən idim. Fikirləşdim ki, dövlət deyəsən təkcə Neməti deyil, bizi tribunada xalqın gözü qarşısında xoruz kimi döyüşdürərək gözdən salıb, ikimizi birdən sıradan çıxartmağı planlaşdırmışdır. Səsimi, sözümü bütün meydana duyurmaq üçün mənə mikrafon lazım idi (Qəzetlər yalan yazmışlar ki, tribunada Pənahovu çox vaxt Hatəmi əvəz edirdi. Məni tribunaya yaxın buraxmamışlar. 18 gündə mikrafonla cəmi 2-3 dəfə danışmışam).

R. Zeynalova hiylə gəlib, razılıq verdim. Tribunaya Vəli Məmmədova xəbər göndərildi ki, danışmağa mənə söz verilsin. İçimdə özümlə müharibə apara-apara tribunaya gəldim. Təxribatçı, xəyanətkar, üstəlik məni təhqir etmiş bir yaramazı tərifləyib xalqa daha da sevdirim, necə sevdirim, dilim gəlmirdi. Xeyir, əleyhinə çıxım, necə çıxım, axı ümumi işin zərərinə idi. Yox, burada hissiyyata qapılmaq ağılsızlıq olardı. Xalq xatirinə, hərəkat xatirinə Neməti qaldırmağı qafama kəsdirdim. Birdə ki, Neməti tərifləyə-tərifləyə qəhrəmana çevirib qarşıma qoymuşdular. Onu həmin metodla əllərindən alaraq (onsuz da almışdıq) başlarına çırpıb: "Alın, bu da sizin qəhrəmanınız. Sizin qəhrəmanınız indi bizə xidmət etməlidir" deməyin, nəyi pisdi?

V. Məmmədov danışmağa mənə söz verdi. Çıxışımda dedim: "Əziz yurddaşlarım, bütün Azərbaycanın gözü bu meydanda alovlanan azadlıq tonqallarına tikilmişdir. Burada cərəyan edən hadisə hətta dünyanın diqqət mərkəzindədir. İrəli sürülən tələblər nə qədər ki, həyata keçməmişdir, bu tonqallar meydanda alovlanmaqda davam etməlidir. Çalışırlar ki, Neməti sıradan çıxarsınlar. Buna imkan verməyin. Durun Nemətin arxasında!

Dövlət məqamları məndən başqa çıxış gözləyirdilər. Nəqşələrinin altına dinamit qoyub göyə püskürtmüşdüm. Məni mikrafona buraxdıqları üçün onların nə axmaq duruma düşdüklərini təsəvvürünüzə gətirin. V. Məmmədov şok olub qalmışdı. Yalan-doğru sonralar eşitdim ki, məni mikrafona buraxmaq qərarlaşdırılan zaman Ə. Vəzirov deyibmiş: "Onu mikrafona buraxırsınız, ehtiyatlı olun. O, bizim hamımızı aldatmışdır".

Nemət haqqında bu çıxışımı məndən heç meydan da gözləmirdi. Onunla mövqelərimizin gözlənilməz şəkildə beləcə yaxınlaşmasından hiss olunurdu ki, xalq razı qalmışdır. Dövlətin Neməti və məni sıradan çıxartmaq nəqşəsi boşa çıxmışdı…» (1, s. 51-52).


Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə