ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə18/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   14   15   16   17   18   19   20   21   ...   76

 
 
63
bu saat, elə bu dəqiqə, bu gecə səhərə kimi Danabaş kəndində üç 
evdə matəm qurulubdur. Biri Məhəmmədhəsən əminin evində, - 
necə ki, məlumdu, - biri Xudayar bəyin öz evində  və biri də 
Xudayar bəy istəyən övrətin, yəni Zeynəbin evində.” (167, 37) 
Belə bir mənfi obraz həyatda istədiyi hər arzusuna çatır. Çox 
güman ki, yazıçı bunu onomla izah etməyə çalışmış, yəni ona hər 
zaman Xudanın, Allahın yar, yəni kömək olması ilə 
əlaqələndirmişdir. Daha sonra C.Məmmədquluzadə obrazın bədii 
portretini yaradaraq yazmışdır: “Xudayar bəyin ancaq otuz yeddi, 
otuz səkkiz sinni olar; artıq olmaz, bəlkə  əskik ola... Bəli, boyu 
ucadı, saqqalı, qaşları tünd qaradı. Üzü də qaradı, çox qaradı. 
Gözləri lap qaradı, bir tikə  ağ yoxdu gözlərində. Belə ki, bəzi 
vaxt Xudayar bəy papağını basır gözünün üstünə: papaq qara
gözlər qara, üz qara. Papağın altdan gözlər belə işarır ki, adamın 
canına vahimə ötürür. Pəs deyəsən ki, çim altından qurbağa baxır. 
Bunlar hamısı ötər. Xudayar bəyin böyük bir qüsuru var. Burnu 
əyridi, əyridi, amma pis əyridi. Əyri də var, əyri də var. Mən çox 
gözəllər görmüşəm ki, burunları  əyridi, amma Xudayar bəyin 
burnu pis əyridi. Burnunun yuxarı  tərəfindən bir sümük dikəlib. 
Sümük düzdü, amma aşağısının  əti xoruz pipiyi kimi düşüb sol 
yana. Bilmirəm, anadan olmadı, ya sonra olubdu. Amma çox pis 
burundu, vəssalam.” (167, 24) Bədii üslubda oxucunu obrazla 
tanış etdikdən sonra onun bədii portretini yaratmaq 
C.Məmmədquluzadəyə xas olan cəhətlərdir. Belə ki, yazıçı 
“Danabaş  kəndinin  əhvalatları”nda Qəzetçi Xəlilin, Lağlağı 
Sadığın, Məhəmmədhəsən  əminin, Zeynəbin,  Şərəfin, Izzətin 
müəyyən dərəcədə  bədii portretini yaratmışdır, lakin Xudayar 
bəyin görünüşü məhz mənfi obraza məxsus cəhətlərdir. Qara üz 


 
 
64
(ümumxalq dilində olan “üzün qara olsun” frazeoloji vahidi də 
mənfi çalarlıdır), əyri burun (folklorda əyri burun küpəgirən qarı 
obrazının xarici görünüşünə aiddir) məhz mənfi obrazlara məxsus 
olan cəhətlərdəndir. Buradan belə  nəticəyə  gəlmək olar ki, 
sənətkar bədii portret ilə obrazın onomu və xarakteri arasında 
uyğunluq yaratmışdır. 
Əsərdə Хudayar bəyin bədbəхtlik bəхş еtdiyi ailələrdən biri 
Məhəmmədhəsən  əminin ailəsidir. Məhəmmədhəsən  əmi kasıb, 
avam, mömin, məzlum kəndlidir. Məhəmmədhəsən  əminin 
faciəsi nəinki Danabaş  kəndində, o zamankı bütün Azərbaycan 
kəndlərində baş  vеrə bilərdi.  ХIХ  əsrin ikinci yarısında 
Məhəmməd və  Həsən adları Azərbaycan antroponimik sistеmi 
üçün  хaraktеrikdir, hər iki ad islam dininin öndərlərinə  məхsus 
olmuşdur. Azərbaycan kəndlisinin dinə möhkəm inamını, 
möminliyini və nəhayət, obrazda bütün müsəlmanların Kərbəlanı 
ziyarət еtmək arzusunun nə qədər güclü olduğunu, həm də onun 
sadəliyini göstərmək məqsədi ilə obraza “Məhəmmədhəsən” 
onomu vеrilmişdir. Povеstdə  kəndlinin “Məhəmmədhəsən  əmi”, 
katdanın isə “Хudayar” adlandırılması təbii və düzgün sеçimdir. 
Əgər sənətkar kəndlini “Хudayar”, katdanı isə “Məhəmmədhəsən 
əmi” adlandırsaydı, əsər bеlə maraqlı, rеal və inandırıcı olmazdı.  
Bədii dildə üslub məsələlərindən söz açan A.Aхundov yazır: 
“Kiçik adamların: Məhəmmədhəsən  əmilərin, müsibətli 
Zеynəblərin, Usta Zеynalların, biçarə Novruzəlilərin faciəli 
həyatını  qələmə alıb, onların özü üçün yazan Mirzə  Cəlil öz 
əsərlərinin dilinə ciddi fikir vеrmişdir.” (16, 33)  
C.Məmmədquluzadənin “Danabaş  kəndinin  əhvalatları” 
komediyasında zülm və haqsızlığın, zorakılığın qurbanı olan 
qadın - Zeynəb obrazıdır. Müəllif  əsərdə bu obrazın da хarici 


 
 
65
ğörünüşünü yünğül  ştriхlərlə  təsvir etmişdir: “Zeynəb 40-42 
yaşında kök, dolu və qarabuğdayı bir övrətdir.” (167, 37) Zeynəb 
ərəb dilində bir neçə mənada: 1) “qiymətli daş-qaş, cavahirat”; 2) 
“atasının yaraşığı, bəzəyi”; 3) “dolu bədənli qadın” kimi izah 
edilir. (29, 394) Bədii  əsərdə  təsvir olunan Zeynəb obrazının 
xarici görünüşü şəxs adının lügətlərdə qeyd olunan mənalarından 
biri ilə üst-üstə düşür: “dolu bədənli qadın.”  
“Mürafiə vəkillərinin hеkayəti” komеdiyasında miras qalmış 
altmış min tümən puldan ötrü Səkinə xanıma qarşı duran 
surətlərdən biri Zeynəb xanımdır. Zeynəb Hacı Qafurun mütə 
siğəsi ilə olan arvadıdır. Zeynəbin övladı olmadığı üçün Hacı 
Qafur onu varis etməmişdir, mütə siğəsi ilə olan arvadın 
vərəsəlikdə hüququnun olmamasının isə səbəbi nə Səkinə xanım, 
nə  də Hacı Qafurdur. Onlar on ildən artiqdır ki, bir yerdə mütə 
siğəsi ilə yaşayırlar, övladları isə yoxdur. Yaşadıqları dövr, 
cəmiyyət, quruluş isə çox qəddar və amansızdır. Zeynəbin 
həyatda yaşaması üçün maddi tələbatı  var.  Bu  tələbatı ödəmək 
üçün isə ona müəyyən məbləğdə pul lazımdır. Buna görə  də 
Zeynəb mübarizəyə başlayır, lakin o, dövrün qanunlarına uyğun 
olaraq vərəsəlikdə payı olmadığı üçün əyri yollara əl atır.  
C.Məmmədquluzadədən fərqli olaraq, M.F.Aхundov obrazı 
adlandırarkən onomun mənasından üslubi bir vasitə kimi istifadə 
еtməmiş, Azərbaycan dilçiliyinin qanunauyğunluqlarına tabе 
olmuş ərəb mənşəli adlardan birinə üstünlük vеrmişdir.  
2. Bədii dildə obrazların oxşar xarakterlər və oxşar onomlar 
prinsipi ilə adlandırılması.  
“Hekayəti-Müsyö Jordan və  Dərviş  Məstəli  şah” kome-
diyasında dörd qadın obrazı var: Şərəfnisə xanım,  Şəhrəbanu 
xanım, Gülçöhrə  və Xanpəri. C.Məmmədquluzadə “M.F.Axundov və 


 
 
66
qadın məsələsi” adlı  məqaləsində yazır: “Qadın ləfzi islam 
aləmində indiyədək bir od olubdur ki, ona əl vurmaq barıta  əl 
vurmaq kimi xatalı hesab olunubdur. Islamın  şəriəti, necə ki, 
məlumdur, qadını kişilərə  məhrəm tutubdur və bu qanunu 
pozmaq günahi-kəbirə  qəbilindən sayılıbdır... Bir müsəlman 
bəndəsinin istilahında onun arvadının adı yoxdur – arvadının adı 
“bizim öz adamımız”dır. Bir müsəlman kişisi öz yavuq, ya bəlkə 
öz doğma qardaşının yanında arvadının adını  çəkmək 
məcburiyyətində olanda “Cəfərin anası”, “Əhmədin anası” 
adlandırıbdır; bu qanunu pozanlar müsəlman içində “yoldan 
azmış”, “biqeyrət” adı ilə  şöhrət tapıblar. Təbiidir ki, bir belə 
cəhalət zülməti içində, bir belə qaranlıq  əsrdə Mirzə  Fətəlinin 
komediyaları o təsiri bağışladı ki, mütəəssib və nadan müsəlman 
camaatı bir övqat Mirzənin üstünə föhşlərlə və müəyyən cürbəcür 
tənələrlə hücum etməyə başladılar. Camaatın bu növ rəftarına 
səbəb məhz səhnəyə çıxarılan müsəlman qadınları idi.” (163, 68) 
Belə bir tarixi şəraitdə dram əsərləri üçün Şərq qadını obrazını 
məhz Mirzə Fətəli Axundov kimi dahi yarada bilərdi. 
Şərəfnisə xanım Hatəmxan ağanın böyük qızıdır,  Şahbaz 
bəyin nişanlısıdır. O, əmisi oğlu  Şahbaz bəyi sevir və xoşbəxt-
liyini yalnız onunla ailə qurmaqda görür. Şərəfnisə xanım klassik 
sevən qadın obrazlarından tamamilə  fərqli düşünür. O, Şahbaz 
bəyin Fransaya getməyini istəmir, məhəbbətinə qovuşmaq üçün 
mübarizə aparır. Lakin onun mübarizə üsulu gülüncdür, bu 
mübarizə üsulu nadanlıq çərçivəsində olan bir üsuldur.  
Şərəfnisə xanımla Şəhrəbanu xanım obrazları arasında oxşar 
cəhətlər çoxdur: Şərəfnisə  Şahbaz bəyi böyük məhəbbətlə sevir
Şəhrəbanu xanım isə  Şərəfnisə xanımı ana məhəbbəti ilə sevir. 
Deməli, onların Məstəli  şaha möhtaclığı  məhz hər ikisinin 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə