FatiMƏ fatiMƏDİr doktor əLİ ŞƏRİƏTİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ



Yüklə 0,58 Mb.
səhifə14/17
tarix06.02.2018
ölçüsü0,58 Mb.
#26379
1   ...   9   10   11   12   13   14   15   16   17

Hicrət


Nəhayət, Məkkənin on üç illik mübarizələri, işkəncələr və mühasirə başa çatdı. Fatimə körpəlik dövründən başlayaraq evdə, şəhərdə, mühasirədə cahiliyyət cəbhəsindən zərbələr alan atasını kiçik əlləri ilə qoruyur, nəvaziş göstərirdi. Hicrət başladı. Müsəlmanlar Mədinəyə köçdülər. Həbəşdə olan Rüqəyyə və əri Osman da Mədinəyə gəldi. Lap axırda Peyğəmbər (s) və Əbu Bəkr Məkkəni gizlicə tərk etdilər. Amma Fatiməni və bacısı Ümm-Gülsümü izləyən düşmən onlara çata bildi və atdan yıxdı. Fatimə ciddi zədələnsə də, bacısı ilə Mədinəyə çata bildi. Həmin şəxs (Hüveyrət ibn Nəqid) səkkiz il sonra Məkkənin fəthi zamanı öz çirkin əməlinin cəzasına çatdı. Onun cəzasını Əli (ə) verdi.

Mədinədə həyat davam edirdi. Peyğəmbər (s) məscid və məscidə yaxın ev tikmişdi.

Sonra “qardaşlıq müqaviləsi” deyilən mərasim keçirilir. Hərə bir nəfərlə qardaşlığı əhd etdi. Bəs Məhəmməd (s) necə? Əlbəttə ki, o, Əli ilə qardaş oldu! Əli (ə) bir daha həzrət Məhəmmədlə (s) çiyin-çiyinə dayanır, daha bir addım ona yaxınlaşır.

Əlinin (ə) anası Fatimə bir zaman Məhəmmədə (s) qayğı göstərmişdi. Əlinin (ə) atası Əbu Talib Məhəmmədin (s) hamisi olmuşdu. Məhəmməd (s) Əlinin (ə) atası Əbu Talibin evində böyümüşdü. Əli (ə) isə Məhəmmədin (s) evində, Məhəmmədin (s) tərbiyəsini aldı. Fatimə ilə birgə Xədicənin ətəyində ərsəyə çatdı. Əli (ə) Məhəmmədə (s) həm əmioğlu, həm övlad idi. İndi isə qardaş olmuşdular. Əlinin bu yaxınlaşmada son məqama çatmasına bircə addım qalmışdı.

Fatimə (ə) əhdinə sadiq qalmışdı. Onun üçün elçilik etmiş Ömər və Əbu Bəkrin təklifi rədd edildikdən sonra hamıya aydın olmuşdu ki, Fatimənin xüsusi bir taleyi var və Peyğəmbər (s) bu işdə onunla məşvərət edəcək.

Fatimə (ə) Əli (ə) ilə böyümüşdü. Onu özünə qardaş, atasına aşiq pərvanə bilirdi. Hər iki gənc vəhy nurunda böyümüş, cəhalətə bulaşmamışdılar. Onlar bir-birinə qarşı hansı hisslərlə yaşayırdılar? İman dolu iki qəlbin qarşılıqlı münasibəti haqqında danışmaq çox çətindir!

Bəs, nə üçün Əli susur? Fatimənin artıq (müxtəlif tarixçilərin qeydinə görə) ya 9, ya da 19 yaşı var. Mənə elə gəlir ki, Əli Fatimənin özünü atasına vəqf etdiyini, “atasının anası” olmaq yolunu seçdiyini görürdü. Axı Peyğəmbərə (s) bu sayaq bağlı Fatiməni ondan necə ayırmaq olardı?

Amma vəziyyət qəfil dəyişir. Peyğəmbər ömründə ilk dəfə cavan qızla evlənir. O, Aişədir. Fatimə yavaş-yavaş hiss edir ki, Aişə artıq həm Xədicəni, həm də Fatiməni əvəz edə bilir. Əli (ə) də Aişənin gəlişi ilə hansısa bir fürsətin yarandığını duyur, amma... amma Əlinin heç nəyi yoxdur! Uşaqlıqdan Peyğəmbərin (s) xidmətində olan, mübarizə yolu keçən gəncin nəyi ola bilərdi?

Bütün bunlara baxmayaraq, o, Peyğəmbərin (s) yanına gəlib, bir kənarda əyləşdi və başını aşağı salıb susdu. Peyğəmbər (s) soruşdu:

- Ey Əbu Talib oğlu, bir işin var?

Əli o qədər xəcalət çəkir ki, yalnız bir kəlmə pıçıldaya bilir:

- Fatimə...

Peyğəmbər (s) isə dərhal «mərhəba!» buyurur.

Səhəri gün məsciddə Əlidən soruşur ki, bir şeyin varmı? Həzrət Əli (ə) bir şeyə malik olmadığını bildirir. Peyğəmbər (s) soruşur:

- Bədr döyüşündə sənə verdiyim zireh haradadır?

«O qalır», - deyə Əli cavab verir.

Peyğəmbər (s) həmin zirehi istəyir. Əli (ə) tələsərək, gedib zirehi gətirir. Peyğəmbər göstəriş verir ki, zireh satılsın. Zirehi Osman 47 dirhəmə alır. Peyğəmbər (s) səhabələri toplayıb, xütbə və onun ardınca əqd oxuyur. Sonra Əli və Fatiməyə saleh varislər arzu edir. Xurma dolu qablar gətirilir. Toy məclisi başlayır. Siz Fatimənin cehizinə baxın: əl dəyirmanı, taxta kasa və bir də kilim!

Hicrətin 2-ci ili məhərrəm ayının əvvəlində Əli (ə) Mədinə şəhərindən kənarda Qoba məscidinin yanında ev tapıb Fatimeyi-Zəhranı (ə) həmin evə köçürür.

Peyğəmbərin (s) və Əlinin (ə) əmisi, böyük mücahid qəhrəman Həmzə iki dəvə kəsib, Mədinə camaatına qonaqlıq verdi. Namazdan sonra Peyğəmbər (s) Əlinin (ə) evinə getdi. Bir qab suya Qur`an ayələri oxuyub, bəylə gəlinə içirtdi. Sonra özü həmin su ilə dəstəmaz alıb, Əli ilə Fatimənin başına çilədi. Getmək istəyəndə Fatimə hönkürtü ilə ağladı. O, ilk dəfə idi ki, atasından ayrılırdı.

Peyğəmbər (s) onu sakitləşdirərək dedi:

- Səni imanda ən güclü, elmdə ən bilikli, əxlaqda ən gözəl və ən uca ruhlu bir kəsin yanında əmanət qoyub gedirəm.

Artıq “Peyğəmbərin (s) əmanəti” öz həyatının ikinci fəslini yaşayır. Həyat bu ailəyə çətinliklər hədiyyə etmək qərarındadır.

Zeynəb Məkkədə tacir Əbül-Məasın evindədir. Bir vaxt Əbu Ləhəbin gəlinləri olmuş Rüqəyyə və Ümm Gülsüm isə indi Osmanın evində yaşayırlar. Fatimənin köçdüyü evdə isə yeganə sərvət eşqdir.

Əlinin evində çətin şərait davam edirdi. Fatimə həmişəki tək məs`uldur. Amma bu dəfə atası yox, Əli qarşısında məs`uliyyət daşıyır. Fatimə gözəl anlayır ki, Əli Allah və Onun yolunda cihaddan başqa bir şey düşünmür. Fatimə belə bir kişinin həyat yoldaşı olmağın məs`uliyyətini gözəl anlayır.

O, dəyirman fırladır, çörək bişirir, ev işləri görür, su daşıyır. Əli körpəlikdən əziyyətlər içində böyümüş Fatimənin yenə də min bir əzaba qatlaşdığına baxdıqca sıxılır.

Bir gün şirin dillə Fatiməni dindirir:

- Zəhra, özünü o qədər incidirsən ki, ürəyim sıxılır. Bəlkə, atandan kömək üçün bir xidmətçi istəyəsən?

Fatimə fürsət tapıb atası ilə görüşə gedir. Həzrət soruşur ki, qızım, xeyir ola?

Fatimə öz istəyini dilinə gətirməyə utanır: «Gəldim səni görüm», - deyib evə qayıdır. Əliyə deyir ki, nəzərdə tutduğu sözləri deməyə utanıb. Əli özü Peyğəmbərin (s) xidmətinə gedib əhvalatı danışır. Peyğəmbər (s) buyurur:

- Mən sizə müharibə əsirini bağışlaya bilmərəm. Bu əsirlər satılır və həmin pul aclıq çəkən əhaliyə paylanır. Əli Həzrətə təşəkkür edib evə əliboş qayıdır. Gecə düşür, ər-arvad öz evində bu günkü əhvalat haqqında düşünürlər. Amma Peyğəmbər (s) də eyni narahatlığı keçirir.

Birdən qapı döyülür və Peyğəmbər (s) otağa daxil olur. Həzrət (s) Fatiməni soyuq otaqda, nazik bir parçaya bürünərək, uzanmış görür. Bu parçanın ona boy vermədiyi də Həzrətin nəzərindən qaçmır. Onların qalxmaq istədiyini görüb buyurur:

- Qalxmayın! Məndən istədiyinizdən daha üstün bir şey haqqında bilmək istəyirsinizmi? Bu sözləri mənə Cəbrayıl öyrədib: «Hər namazdan sonra 10 dəfə “sübhanallah”, 10 dəfə “əlhəmdulillah”, 10 dəfə “əllahu əkbər”. Yatağınıza girəndə 34 dəfə “əllahu əkbər”, 33 dəfə “əlhəmdulillah”, və 33 dəfə “sübhanallah” deyin. Fatimə növbəti dərs alırdı. O, bu dərsi körpəlikdən oxumuşdu. Amma bu dəfəki sadəcə bilik almaq deyildi. Bu “necə olmaq” dərsi idi! “Fatimə” olmaq asan deyildi. Artıq Fatimə Əlinin də əzablarına şərik idi. Fatimə peyğəmbərlik və imamət arasında bir halqa olmuşdu. Peyğəmbər (s) Fatiməni nə qədər sevirdisə də, öz şagirdinin ilahi vəzifələr qarşısında çəkdiyi əziyyətlərini aradan qaldırmaqda aciz idi.

Bəli, Fatimə daim öyrənməkdə idi. Hüseynlər doğuracaq bu pak ağacın işığa, havaya, qidaya olan ehtiyacı tükənəsi deyildi.

Xidmətçi əvəzinə ilahi kəlmələr! Sual: bu məqamı kim dərk edib razılaşa bilər? Yalnız Əli və Fatimə ilahi kəlmələri hər şeydən üstün tutub, bu kəlmələrlə yaşaya bilərdilər. Bu söz yağışı daim yağmalı və bu iki təşnə nihalı sirab etməli idi.


Şəlalə səsiyəm təşnələr üçün,

Yağış tək səmadan yağaram, için.

Bəs etməz aşiqə nə ki nuş edə,

İçin, bu susuz diyardan köçün.


Yer üzündə bu iki aşiqdən də təşnə olan kimdir? Bəli, Əli kimi cəngavər bir an olsun belə dilinin altında Allahın zikrini tərk etmir. Soruşurlar ki, Siffeyn döyüşündə də zikri unutmamışdın? Cavab verir ki, hətta Siffeyn gecəsi də!

Bu təsbihlər, zikrlər Fatimənin adı ilə bağlıdır. Çünki xidmətçi istəyi əvəzində Fatiməyə “gəlinlik hədiyyəsi” edilmiş bu ilahi kəlmələr başqa kimin adı ilə bağlana bilərdi ki?! Həzrət (s) özü durub gəldi, hədiyyəni verdi və getdi!

Peyğəmbər (s) sevimli qızı Fatiməyə çox ciddi münasibət göstərirdi və bunu öz Rəbbindən öyrənmişdi. Məhəmməd (s) qədər əzab-əziyyət çəkən peyğəmbər mə`lum deyil. O, Allahın sevimlisi olduğu kimi, məs`uliyyəti də böyük idi.

Bir dəfə Peyğəmbər (s) Fatimənin otağına daxil olur. Qapıdan asılmış naxışlı pərdə diqqətini cəlb edir. Bir kəlmə danışmamış geri qayıdır.

Fatimə bu qayıdışın səbəbini anlayır. Tövbə yolunu da bilir. Pərdəni açıb Peyğəmbərə (s) göndərir və xahiş edir ki, onu satıb pulunu fəqirlərə paylasın. Belə bir ciddilik nə üçün idi? Həzrətin o biri qızı Zeynəb ər evində var-dövlət, rifah içində yaşadığı, Rüqəyyə və Ümm-Gülsüm heç bir maddi çətinlik görmədiyi halda Fatimənin həyat tərzi bambaşqadır. Peyğəmbərin (s) Fatiməyə yönəlmiş həssas münasibəti böyük ilahi məs`uliyyət nişanəsi idi.

Həzrət (s) buyurur: “Fatimə, çalış, sabah mən sənin (axirətin) üçün bir iş görə bilməyəcəyəm”. Diqqət edin! Bu İslamla cəmiyyətimizdəki İslam arasında fərqə baxın!

Rəvayət edirlər:

“Hüseyn üçün gözdən axan bir damla yaş Cəhənnəm odunu söndürür; dəryalarca, göylərcə günah olsa, bağışlanır; Əli ilə dostluq günahları savaba çevirir”. Belə çıxır ki, günahdan çəkinənlər axmaqdır?! Onlar Qiyamət günü “nəyi” savaba çevirəcəklər?!

Başqa bir rəvayətdə Allah-təalanın belə buyurduğu bəyan olunur: “Əlini sevənlər mənə qarşı üsyan qaldırsalar da, Behiştdədirlər; Əliyə düşmən olanlar mənə itaət etsələr də, Cəhənnəm əhlidirlər” (?).

Ey insan! Axirətdə iki sorğu, iki hesab-kitab yoxdur. Əlinin hesabı ilə Allahın hesabı arasında fərq yoxdur. Diqqət edin, Peyğəmbər (s) kimi ilahi şəxsiyyət Fatiməyə axirət və`d etmir! O, dəfələrlə qızının nəzərinə çatdırır ki, o özü “Fatimə” olmalıdır. Peyğəmbərin (s) qızı olmaq arxayınlıq yaratmamalıdır. Bu yaxınlıqdan dünyada istifadə edib kamala çatmaq lazımdır. Axirətdə qohumluq, tayfabazlıq yoxdur. Peyğəmbər (s) kimsəni Behiştə “arxa qapıdan” keçirə bilməz.

Fatimə bu həqiqətləri anlayır. Özü çalışmamış bir insanın şəfaətə çatması, kiminsə hörmətinə bağışlanması İslam yox, bütpərəstlik adətidir.

Mən nəinki təkcə Peyğəmbərin və imamların, hətta salehlərin də şəfaətini həqiqət kimi qəbul edirəm. Hətta inanıram ki, Hüseyn türbəti günahları bağışlatmaq gücündədir. Amma bir şərtlə ki, bu günahların daxilində bir inqilab baş versin, o öz insanlıq şəxsiyyətini çirkabdan çıxarsın. Belə inqilab insanın vicdanını oyadır, onu pis adətlərdən uzaqlaşdırır.

Kərbəla cəngavəri Hürr imam Hüseynin (ə) şəfaəti ilə Cəhənnəmdən qurtulur. Çünki özünü dəyişə bilir!

Fatimə (ə) Məhəmmədin (s) şəfaəti ilə Fatimə olur. Çünki şəfaət qurtuluşun ləyaqət amilidir. Sadəcə vasitə yox! İnsan özü şəfaətçidən şəfaəti almalı, taleyini dəyişməlidir. Yə`ni insan öz xarakterini elə tənzimləməlidir ki, bağışlanmağa layiq olsun. Şəfi şəxs (şəfaət verən, bağışlatdıran) insana Siratdan keçməyi bu dünyada öyrədir. Hüseyn (ə) o şəxsə şəfaət edir ki, həmin şəxs Hüseyni sevərək, onun məktəbindən dərs alıb, insan olsun. Belə olmasa, göz yaşında günahı əridəcək heç bir kimyəvi tə`sir yoxdur!

Fatimə (ə) Məhəmmədin (s) nümunəsi idi. Hətta Məhəmməd (s) də Allah sorğusundan azad deyil. O, hər bir sözünə, hər bir hərəkətinə görə Allaha cavab verməlidir.

Bir gün Qüreyşdən olan bir qadın oğurluq edir. Onun əli kəsilməlidir. Çox hörmətli şəxsiyyətlər bu hökmün dəyişməsi üçün Peyğəmbərdən (s) şəfaət istəyirlər. Həzrət bu təklifi qəbul etmir. Həmin adamlar Üsamə ibn Zeydə müraciət edirlər. Peyğəmbərin (s) Üsaməni necə sevdiyi tarixdə lazımınca qeyd edilib. Üsamə Peyğəmbərə (s) ağız açır. Həzrət buyurur:

- Mənimlə danışma, Üsamə. Əgər bu işi Fatimə görmüş olsaydı, qanun qüvvəsində qalacaqdı!

Peyğəmbər (s) nə üçün Fatiməni misal çəkir? Çünki Fatimə (ə) tarixin dörd seçilmiş xanımlarından biridir. Nə üçün bu silsilədə Fatimə (ə) sonuncudur? Son... Çünki sonluq kamilliyin nəhayətidir. Meyvə ağac əzaları silsiləsinin sonu olduğu kimi!

Məryəm İsanı (ə) doğduğu üçün İsaya (ə) daha dəyərlidir. Asya Musanı (ə) tərbiyə etdiyi üçün Musaya daha dəyərlidir. Əlbəttə ki, Xədicə də Məhəmməd üçün daha dəyərli idi. Bəs Fatimə? Fatimə (ə) kimin üçün daha dəyərlidir?

Əli və Fatimə (ə) Mədinədən kənar Qoba kəndində yaşayırdılar. Bu kənd Mədinənin cənubuna doğru 8 km-də idi. Peyğəmbər (s) hicrət etdiyi vaxt şəhərə daxil olmazdan qabaq bir həftə burada qalmışdı. Ondan üç gün sonra Məkkəni tərk edən Əli (ə) məhz burada Peyğəmbərə (s) çatmışdı.

Maraqlı təsadüfdür. Əli və Fatimə (ə) yenidən Qobaya qayıdırlar. Bir müddət sonra burada özlərinə ev tikirlər. Əli ilə Fatimənin müştərək tarixi məhz burada başlayır. Sonralar şəhərə gedib, Peyğəmbərlə (s) divar-divara ev tikirlər.

“Peyğəmbər məscidi”, “Peyğəmbər evi” həqiqi şiələr üçün olduqca həssas məkanlardır.

Əli və Fatimənin (ə) yaxında olmaması Peyğəmbər (s) üçün çox ağır idi. Uşaq yaşlarından ciddi mübarizələrdə yetkinləşmiş Əli (ə) üçün ev, rahatlıq adında məvhumlar əhəmiyyətsizdir. Fatimənin (ə) də taleyi olduqca məşəqqətli keçmişdi. Bu insanlar ruhən yetkinləşməkdədirlər və heç birində, o birini adi həyata qaytarası xüsusiyyətlər görünmür. Onların evinə öz şirin sözləri ilə, nəvazişləri ilə şadlıq gətirən yalnız Peyğəmbər (s) idi.

Peyğəmbər (s) onların xarakterindən gözəl xəbərdar idi. Həzrət bilirdi ki, “onu sevənlər üçün adi həyat yoxdur və bu sevgi özü bir həyatdır”. Ona görə də Əli və Fatiməni (ə) yanına gətirib eynən öz otağı kimi, qapısı məscidə açılan bir ev tikir.

Üzbəüz iki pəncərə sanki danışan qəlbdir. Ata və qız qəlbi. Bu pəncərələr hər səhər üzbəüz açılır.
Hər sübh pəncərədən salam, təbəssüm,

Hər axşam gözlənir sabah gələn gün.


Bu pəncərəyə işarə ilə tarixçilər bildirirlər ki, həzrət Peyğəmbər (s) hər gün Fatiməni (ə) soraqlayır və ona salam verirdi.

Maraqlıdır ki, nə üçün məhz Fatimənin (ə) otağı məsciddə, Peyğəmbərin (s) otağı ilə divar-divara qonşu olmalı idi? Sanki, bu elə cəmi bir otaqdır, Peyğəmbər (s) ailəsinin otağı! Məhəmməd (s) ailəsində Əli (ə) ata, Fatimə (ə) ana, Həsən və Hüseyn (ə) - oğul, Zeynəb və Ümm-Gülsüm isə qızdır.

Qur`an və hədislərdə haqqında danışılan “itrət” və “Əhli-beyt” - bütün çirkinliklərdən paklanmış dəyərlər, eləcə də Qur`an gələcək nəsillərin ixtiyarına verilmiş iki yadigardır.

İndi Mədinədə məsciddə Aişənin evi ilə divar-divara bu ev durur və onun misilsiz səmərəsi vardır.

Digər bir tarix başlanır. Yeni doğulan ulduzlar yeni üfüqlər açır. Məhəmməd (s) üçün həyatın mə`nası: İslam üçün höccət, bəşəriyyət üçün hər şey!

Hicrətin üçünci ili Həsən (ə) doğulur. Mədinə öz Peyğəmbərinin (s) sevincini bayram edir. Həzrət həyatında ilk dəfə, son ən ağır, məşəqqətli on altı ildən sonra şirin duyğular keçirir, ruhi yorğunluğu sakitləşir.

Fatimənin evi şövqlə doludur. Ailə öz ilk övladını ağuşuna almışdır. Qulağına azan-iqamə oxunur, qırxılmış saçı ağırlıqda gümüş sikkə Mədinə fəqirlərinə paylanır.

Bir ildən sonra Hüseyn (ə) dünyaya göz açır. Artıq Peyğəmbərin (s) iki oğlan nəvəsi var. Qəzavü-qədərdən onun öz iki oğlu Qasim və Tahir uşaqkən ölmüşdü. Demək, onun oğulları Fatimədən olmalıymış. Onun nəslinin davamı Fatiməyə həsr olunub.

Əli (ə) də Məhəmməd (s) silsiləsindən kənarda qalmamalı idi. Əli (ə) Məhəmmədin (s) davamıdır. O, ruhən Həzrətin (s) varisidir. Özü Həzrətə aid olmaqla yanaşı, onun nəslini davam etdirməlidir. Bu iki ruh sanki peyvənd olmuşdur. Məhəmmədin (s) züryətində Əlinin (ə), Əlinin (ə) züryətində Məhəmmədin (s) hüzuru var. İndi hər ikisinin hüzuru iki mə`sum körpənin simasında aşkarlanır. Məhəmməd (s) bu iki simada üç insan görür: Əlini (ə), Fatiməni (ə) və özünü.

Həzrət (s) Allaha şükür edir ki, Əli və Fatimədən (ə) olan bu iki oğlanı ona canişin vermişdir. Bütün səhabələr bilir ki, Fatimə (ə) - ən kiçik övlad, həm də ən əziz övladdır. Bu qız hətta Əlidən, oğuldan, qardaşdan daha əzizdir.

Məhəmmədi (s) Əliyə (ə) bağlayan səbəblər çoxdur: hər ikisi Əbdülmüttəlibin nəvələridir; səkkiz yaşından başlayaraq Əlinin atası Peyğəmbərə ata, anası isə ana olmuşdur; Həzrət (s) 25 yaşınadək Əlinin evində ərsəyə çatmışdır; Əli (ə) uşaqlıqdan 25 yaşınadək Peyğəmbərin (s) evində yaşamışdır; Peyğəmbər (s) Əliyə (ə) ata, Xədicə isə ana olmuşdur. Belə bir bağlılığa kim təsadüf etmişdir?!

Əli (ə) İslama ilk iman gətirmiş, Peyğəmbərə (s) bey`ət əlini ilk uzatmış şəxsdir. Sonra fasiləsiz olaraq ölüm gününədək çətinliklərlə üzbəüz dayanmışdır.

Bəs`ətdən, yə`ni peyğəmbərlikdən qabaq Həzrət (s) altı-yeddi yaşlı Əlini özü ilə Həra dağına aparar, dərin düşüncələrə qərq olduğu vaxtlar yanında saxlayardı. Həra dağında ilahi fikirlərə qapılaraq gəzişən Peyğəmbər (s) yanındakı körpəyə yalnız ay şahidlik edə bilərdi.

Əlinin səkkiz-on yaşı olarkən ilk dəfə o, Peyğəmbər və Xədicənin dodaq altında nəsə deyərək əyilib-qalxdığını gördü. Onlar, sanki Əlini görmürdülər. Nəhayət, Əli (ə) soruşur:

- Nə edirsiniz?

Həzrət (s) buyurur:

- Namaz qılırıq. Mən İslam dinini xalqa çatdırmağa mə`mur olmuşam. Onları Allahın birliyinə və öz peyğəmbərliyimə çağırmalıyam. Ey Əli, səni də də`vət edirəm!

Əli bu evdə məhəbbət içində yaşamış bir uşaq olsa da, o həzrət düşünmədən razılıq vermir. Onun imanı əvvəlcə ağlına, sonra isə qəlbinə yol tapmalıdır. Eyni zamanda onun öz yaşına uyğun danışığı var:

- İcazə verin, atam Əbu Taliblə məsləhətləşim, sonra qərara gəlim.

Sonra isə yatmaq üçün öz otağına qalxdı. Amma bu də`vət 8-10 yaşlı uşağı rahat buraxmır. Sübhədək gözünə yuxu getmir, düşünür. Onun düşüncələrindən kimsə xəbərdar deyil. Amma sübh tezdən Peyğəmbərin (s) otağının kandarında Əlinin ayaq səsləri eşidilir. Peyğəmbərə (s) müraciətlə öz şirin, uşaq və məntiqli səsi ilə deyir:

- Mən dünən düşündüm. Gördüm ki, Allah məni yaradarkən atam Əbu Taliblə məsləhətləşməyib. Demək, atamla bu barədə məsləhətləşməyim artıqdır. Mənə İslamı öyrədin.

Peyğəmbər (s) dedi, o təkrar etdi və “qəbul edirəm” dedi. Bu peymandan, əhddən sonra bütün ömrü boyu Allaha pərəstiş etdi, Peyğəmbərə (s) vəfalı oldu, xalqa xidmət etdi, ruhunu pak saxladı. O, Peyğəmbərə (s) qəlbən bağlı idi və bunu hamı bilirdi. Peyğəmbər (s) isə qəlbindən rişələnib Əliyə bağlanan görünməz telləri hamıdan yaxşı hiss edirdi.

Bir gün Peyğəmbər (s) belə bir sual qarşısında qaldı: “Sənin üçün kim daha əzizdir, qızın Fatimə, yoxsa onun əri Əli?”. Həzrət bu qaçılmaz, qəfil suala qəlbindəki münasibətə uyğun cavab taparaq təbəssümlə dedi: “Əli, Fatimə mənim üçün səndən daha əzizdir və sən mənim üçün Fatimədən daha əzizsən!”. İndi isə ən əziz Fatimə və ən əziz Əlinin həyat səmərəsi olan Həsən və Hüseyn vardır!

Tarix həzrət Peyğəmbərin (s) iradə və qüdrətindən danışsa da, fatehlər onun qılıncı qarşısında diz çöksə də, düşmən onun qəzəbindən tir-tir əssə də, o, kiçik bir məhəbbət dalğasından həlimləşir, həyəcana gəlir.

Dəhşətli Hüneyn döyüşündə düşmən vahid yumruq tək birləşib Həzrəti (s) aradan götürmək istədiyi vaxt müsəlmanlar 6 min əsir götürür. Düşmənlərdən biri ona deyir: “Ey Məhəmməd, bu əsirlərin arasında sənin xalaların, dayıların var”. Sonra bir qadın dilləndi: “Mən Peyğəmbərinizin bacısıyam”. Həzrət soruşur: “Dəlilin nədir?”. Qadın çiynini göstərib deyir: “Uşaq vaxtı səni qəzəbləndirdiyim üçün çiynimi dişləmisən.” Keçmiş xatirələr Həzrətə (s) o qədər tə`sir etdi ki, ağladı və dedi: “Öz payımı, bütün Əbdülmüttəlib övladlarını bağışlayıram. Sabah məsciddə olun, namazdan sonra istəyinizi ucadan deyin. Biz öz qərarımızı çıxararıq. Əlbəttə ki, digər tayfalar mənə itaət etsələr!”. Səhəri gün bu mə`nəvi tədbir oldu və hamı azad edildi. Hətta haqqından keçmək istəməyənlər də razı salındı.

Həzrət (s) ailədə də belə idi. Çöldə cəngavər, siyasətçi, komandan, evdə isə mehriban ata, həlim ər, səmimi və sadə bir insan! Uyğun dövrdə qadınlar “kötək dilini” daha tez başa düşürdülər. Amma Həzrət (s) ailədə belə bir dildən xəbərsiz idi. O, heç bir qadınına əl qaldırmamışdı. Yalnız bircə dəfə qadınlarından çox incidiyi vaxt onlardan küsüb evə getməmişdi. Həyətdəki saman anbarında yer hazırlayıb bir neçə gün orada yaşadı. Amma bu hərəkət imanlı qadınlara çox tə`sir etdi. Adətən, kasıblıqdan yaranan söz-söhbətlər aradan qalxdı. Çünki Həzrət (s) onlar üçün iki çıxış yolu qoymuşdu: ya boşanıb dünyanı seçməli, ya da Peyğəmbər və kasıbçılığa üstünlük verməli idilər. Yalnız bir qadın razılaşmayıb, dünyaya üstünlük verdi. Üstünlük verdiyi dünya isə onu tezliklə ölümə qovuşdurdu.

Həzrət (s) özünü ailədə qəribə, qeyri-adi göstərməyə çalışmazdı. Əksinə, özünü çox sadə aparardı. Hətta Qur`ani-kərimdə onun bu xüsusiyyəti bəyan olunur: “Mən də sizin kimi insanam, amma mənə vəyh nazil olur”. O, təkrar-təkrar bildirərdi ki, qeybdən xəbəri yoxdur, yalnız ona deyilənləri bilir.

Bir gün qoca bir qarı onun yanına gəlib sual soruşmaq istəyir. Amma Peyğəmbər (s) haqqında əvvəlcədən yaranmış təsəvvürlər onu elə həyəcanlandırır ki, dili tutulur. Bunu hiss edən Peyğəmbər (s) mehribanlıqla qarıya yaxınlaşıb əlini onun çiyninə qoyur və şirin bir dillə halını soruşur:

- Ana, nə olub? Mən qoyun sağan həmin Qüreyş qadınının oğluyam.

Bəli, Həzrətin (s) qəlbi belə kövrək və səmimi hisslərə malikdir. Bə`zən o evdə özünü o qədər aşağı tutur ki, hətta az yaşlı Aişənin hisslərini asanca dərk edir. Fatimənin əllərini öpür. Necə də məhəbbətlə danışır: - “Əli məndəndir, mən Əlidən; Fatimə mənim bədənimin bir tikəsidir”.

İndi isə Həsən və Hüseyn! İlahi, o, bu iki körpə ilə necə rəftar edirdi! O, övladcanlıdır. Xüsusilə də, həmişə oğlan arzulayıb. Qızını bu günkü kişilərin təsəvvürünə sığmayacaq dərəcədə sevir. İndi bu qızın iki oğlu var. Həzrətin (s) bu iki uşağa münasibəti hamını heyran qoyub. Onlar dünyaya gəldiyi andan başlayaraq, Həzrət (s) daim onları yoxlayır.

Bir gün otağa daxil olur, Fatimə və Əlinin yuxuya getdiyini görür. Həsən acından ağlayır və evdə bir şey yoxdur. Həzrət ata-ananı oyatmır. Bir qab götürüb özünü həyətdəki camışa çatdırır. Süd sağıb Həsənə içirir, uşağı sakitləşdirir.

Bir dəfə Fatimənin qapısından keçərkən Hüseynin ağladığını eşidir. Geri dönür, bütün bədəni əsən halda Fatiməni danlayır:

- Məgər bilmirsən ki, onun ağlaması məni necə incidir?

Zeyd oğlu Üsamə nəql edir ki, bir gün Peyğəmbərlə (s) işim olduğu üçün qapısını döydüm. Qapını açdı. Onunla danışarkən hiss etdim ki, əbasının altında nə isə gizlədir. Təəccüb məni bürüdü. Soruşdum: “Ya Rəsulallah, o nədir?”. Həzrət (s) əbasını açdı. Gördüm ki, Həsən və Hüseyn ağuşundadır. Məhəbbət və həyəcandan səsi titrədiyi halda dedi: “Bunlar mənim oğullarımdır, qızımın oğulları. Pərvərdigara! Mən onları sevirəm, Sən də onları sevənləri sev!”.

Zəhra və Əlinin övladlarının nəzərində Peyğəmbər (s) həm baba, həm ata, həm dost, həm qəyyum, həm də, sadəcə, oyun yoldaşıdır. Bu körpələr ata-analarına nisbətən daha səmimi, onun yanında daha azaddırlar.

Bir gün iqtida edənlər səcdənin uzandığını hiss edirlər. Həmişə qocaları nəzərə alıb belə məqamlarda sür`ətlə hərəkət edən Peyğəmbər nə üçün səcdədə yubanır? Namazdan sonra səbəbini soruşurlar. Buyurur: “Səcdə zamanı Hüseyn belimə minmişdi. Evdə belimə minməyə öyrəndiyindən, burada da eyni cür hərəkət etdi. Gözlədim ki, özü düşüb getsin”.

Bəli, Peyğəmbər Fatimə, Əli, Həsən və Hüseynə olan məhəbbətini bütün camaata izhar edir. Ona görə də hamının gözü qarşısında Fatimənin əlini öpür. Minbərə qalxdığı zaman bu ailənin ona nə qədər yaxın, əziz olduğunu bəyan edir. Həzrət (s) açıq-aşkar belə dua edir: “Pərvərdigara, onları sev, onların sevinci mənim sevincimdir, mənim sevincim isə Sənin sevincin! Onların incidənlər - məni incidir, məni incidənlərsə Səni!”

Belə bir qeyri-adi bağlılığın səbəbi nədir? Bu səbəbi hər şeydən əvvəl həmin ailənin taleyində axtarmaq lazımdır.

Həzrətin vəfatından sonra ilk qurban Fatimədir. Fatimədən sonra Əli, sonra Həsən, daha sonra Hüseyn və ... nəhayət, Zeynəb!

Hicrətin beşinci ili Hüseyndən sonra Zeynəb dünyaya gəlir. İki il sonra isə növbəti qız - Ümm-Gülsüm. Bu adlar Peyğəmbərin (s) öz qızlarının adlarıdır.

Bəli, Fatimə (ə) Peyğəmbərin (s) hər şeyi əvəz edir və onun yeganə kimsəsi olur.

Peyğəmbərin (s) qızları Zeynəb, Rüqəyyə, Ümm-Gülsüm ölürlər. Hicrətin səkkizinci ili oğlu olur - İbrahim. Amma o da dünyasını dəyişir. Həzrətin yeganə övladı qalır: Fatimə! Fatimə və övladları! Budur “Əhli-beyt”!

İndi Həsən və Hüseyn Peyğəmbərin (s) həyat sevincidir və o, bütün vaxtını bu körpələrə sərf edir. Evdən çıxıb bir yerə gedərkən bu iki körpədən biri, hökmən, onun çiynindədir.

Belə bir məqam: Həzrət (s) məsciddə minbərdə danışır. Hamı diqqətlə qulaq asır. Bu vaxt evlərinin qapısı məscidə açılır, Həsən və Hüseyn əyinlərində qırmızı köynək qapıdan görünürlər. Yeriyib yıxılırlar. Peyğəmbərin (s) nəzəri onlara cəlb olunub. Həzrət görür ki, onlar yeriməkdə çətinlik çəkir, büdrəyirlər. Peyğəmbər (s) dözməyib ayağa qalxır. Tələsik minbərdən düşüb onları qucağına alır və yenidən minbərə qalxır. Camaatın bu işdən təəccüblədiyini görüb, sanki söhbəti kəsdiyi üçün özünü qınayır. Deyir: “Allah-təala doğru buyurub: “Sizin var-dövlətiniz və övladlarınız yalnız fitnədir”. Uşaqların yeriyə bilmədiyini görüb tab gətirmədim, sözümü yarımçıq saxladım, onları götürdüm”.

Hüseynə nəvazişi isə həddi aşır. Həzrət onu çiyninə götürür, onunla oynayır. Uzanıb onu sinəsinə oturdur, “ağzını aç” deyir, öpüşlərə qərq edir. Həyəcandan titrəyən bir səslə deyir: “Pərvərdigara, onu dost tut, mən onu dost tuturam”.

Bir gün öz yaxınları ilə bazardan keçərkən, Hüseyni öz yaşıdları ilə oynayan görür. İrəli gəlib, nəvəsini tutmaq istəyir. O isə, o tərəf-bu tərəfə qaçaraq oynayır. Nəhayət, Həzrət onu tutur, bir əli ilə başını, o biri əli ilə çənəsini tutub öpür və deyir: “Hüseyn məndəndir, mən Hüseyndən. Pərvərdigara, Hüseyni sevəni sev”. Həzrətin yaxın adamlarından biri bu səhnəni müşahidə edib deyir: “Mənim də oğlum var, amma bircə dəfə də onu öpməmişəm”. Həzrət övlada qarşı bu soyuq münasibət haqda eşidib deyir: “Mehriban olmayan kəs mehribanlıq görməz”.

Günlər bir-birini əvəz edir. Fatimə (ə) həyatının ən şirin anlarını yaşayır və ötən acıları sanki unudur.

Xeybər döyüşü olur. Yəhudilər Fədək bağlarını həzrət Peyğəmbərə (s) bağışlayırlar. Peyğəmbər (s) bu bağları qızı Fatiməyə (ə) verir və ailədəki kasıblıq qismən aradan qalxır.

Məkkənin fəthi başlanır. Fatimə qüdrətli atası və qəhrəman əri ilə Məkkəyə yola düşür. O, İslamın ən böyük qələbəsinin şahidi olur. Doğulduğu şəhərin mənzərələri acılı-şirinli xatirələri canlandırır. Məscidül-Həram, ağrılı hadisələr, ata evi, bacıları, Əbu Talibin və anası Xədicənin qəbirləri...

Qələbə dolu bir qayıdış! Atasına qarşı düşmənçiliklər yavaş-yavaş azalır, onun kölgəsi yarımadanı bürüyür. Ərinin Bədr, Ühüd, Xəndək, Xeybər, Məkkənin fəthi, Hüneyn və Yəməndə çaldığı zərbələr Qiyamətədək ins və cinnin ibadətindən üstün tutulur.

Əzabla dolu həyatın yeganə səmərəsi olan övladları atasının, özünün soyunu davam etdirəsi, “Əhli-beyt”i tamamlayasıdı.

Bəli, Fatimə sanki bütün əzablarının və fəzilətlərinin mükafatını almışdır. Onu ən çox sevindirən budur ki, bu uşaqlar atasının qəlbini, könlünü fərəhlə doldurmuşlar. On üç izdivacdan yalnız misirli kəniz Peyğəmbərə (s) İbrahimi vermişdi. İbrahim isə südəmər vaxtı öldü. İndi bu boşluğu Həsən, Hüseyn, Zeynəb və Ümm-Gülsüm doldurur. Acılıqdan başqa bir şey görməmiş insan həyatın şirinliyini hiss etməyə başlayır. Xüsusi ilə yaşı altmışı keçmiş atanın övlada olan hiss və ehtiyacı daha artıqdır.

Ailədə mehriban həyat hökm sürür. Fatimənin (ə) çöhrəsində təbəssüm görünür. Onun ailəsi xoşbəxtlik içindədir.

Amma bütün bunlar tufandan qabaq labüd olan sakitlikdir. Tufan isə qopmaqdadır.

Peyğəmbər (s) yatağa düşdü və bir daha qalxa bilmədi. Çöhrələr dəyişdi, Mədinə kin-küdurətlə doldu. Siyasət də, iman və ixlas da Məhəmmədlə (s) getdi. Qardaşlıq əlaqələri qırıldı, qəbilə peymanları cana gəldi. Artıq Peyğəmbər (s) fərman vermir. Əlinin (ə) arxasınca adam gedir. Aişə və Həfsə atalarını çağırtdırır. Dünən mehrabda Peyğəmbərin (s) yerində Ömər durmuşdu, bu gün isə Əbu Bəkrin səsi eşidilir. Üsamənin döyüşçüləri, hətta nifrinlərə baxmayaraq, cərgəyə düzülmüş halda durur. Qoşunun başçısı - bayrağını əlinə almış Üsaməyə qarşı e`tiraz səsləri ucalır.

Cümə axşamıdır. Həzrətin gözlərindən sel kimi yaş axır. Buyurur: - “Qələm və lövhə verin bir şey yazım ki, yolunuzu azmayasınız”. Hay-haray salıb qoymadılar, dedilər ki: - “Sayıqlayır. Qur`an var, başqa yazıya nə ehtiyac?!

“Artıq Həzrət (s) danışmır”, deyir Fatimə (ə), “Aişənin otağındadır. Başı Əlinin dizləri üstədir. Dodaqları qapanır. Mənimlə gözləriylə danışır. Mən dözə bilmirəm. O, mənim atamdır, mən isə onun “anası”. O, bu şəhərdə məni bu insanlarla tənha qoysa, nə olacaq? Gözünü məndən çəkmir. Hamıdan çox məndən nigarandır. Nə çəkdiyimi üzümdən oxuyur. Mənə qəlbi yanır. Gözü işarə edir ki, başımı üzünə yaxınlaşdırım. Qulağıma deyir ki, bu ölüm xəstəliyidir, mən gedirəm. Başımı qaldırıram. Bu müsibət məni üzüb. Atamdan sonrakı müsibət qəlbimi parçalayır. Axı nə üçün bu sözləri təkcə mənə deyir? Mən ki, onun ölümü qarşısında ən aciz, ən üzüntülü kəsəm. Amma o, hələ də gözlərini mənə dikib. Sanki, körpə uşaq tək ona möhtac olduğumu hiss edib, deyir: “Qızım, mənim ailəmdən ardımca ilkin gələcək, ilkin mənə qovuşacaq şəxs sənsən! Yoxsa bu ümmətin qadınlarının rəhbəri olmaq istəmirsən?”

Nə böyük təsəlli! Bu müsibət odunu başqa hansı müjdə soyuda bilər? Sağ ol, ata! Fatiməni necə sakitləşdirmək lazım olduğunu yaxşı bilirsən. Ona görə də bu xəbəri mənə verir. İndi ağlamağa, növhə deməyə gücüm var:
Çöhrəsinə buluddan yağış istəyən kişi,

Yetimlərin pənahı, eşqə baş əyən kişi...


Qəfildən atam gözlərini açır: “Qızım, bu ki, Əbu Talibin mənə qoşduğu şe`rdir. Qızım, şe`r oxuma, Qur`an oxu, oxu ki: “Məhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişlər. Əgər o ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz?”.

Daha sonra sanki öz-özünə zümzümə etdi: “Müstəbidlər üçün Cəhənnəmdə bir yer yoxmu?”. Sonra davam etdi: “Biz axirət evini o kəslər üçün qərar vermişik ki, yer üzündə çirkinlik və alçaqlıq istəmirlər...”.

Həzrəti (s) yazmağa qoymayan siyasətçilər təklif etdilər ki, yazmaq istədiyini şifahi desin.

Həzrət incik halda baxıb dedi:

- Mənim malik olduğum, sizin məni də`vət etdiyinizdən üstündür. Mən sizə üç vəsiyyət edirəm:

“Əvvəla, müşrikləri ərəb adasından çıxarın. İkincisi, qəbilələrin nümayəndəliyini mənim qəbul etdiyim kimi edin. Üçüncüsü, .... ”(sükut).

hamı ixtiyarsız olaraq Əliyə (ə) baxdı. Əli (ə) isə dərin düşüncələr içində idi. Həzrət (s) susurdu, nəzərlərini bir nöqtəyə dikmişdi. Onlar getdilər.

Qəmdən fəryad çəkdim... “Atan üçün bu gündən o yana qəm yoxdur” dedi və dodaqları qapandı.

Vəyh deyən, qızını, körpələrini öpən dodaqlar qapandı. Bir müddət bizə baxdı, sonra gözlərini qapadı.

Başı Əlinin sinəsi üstə idi. Əlini dəhşətli bir sükut bürümüşdü, sanki Peyğəmbərdən (s) qabaq o ölmüşdü. Aişə və digər qadınlar onun başına toplaşdılar.

Qəfildən dua üçün açılmış əlləri yanına düşdü. Dodaqları tərpəndi. Hər şey tamam oldu.

Bayırda haray qopdu. Şəhər qorxu və tərəddüd içində ağlayırdı. Ömər fəryad çəkib deyirdi: «Peyğəmbər ölməyib; o, İsa kimi göyə qalxıb və yenə də qayıdasıdır. Kim desə ki, “Peyğəmbər ölüb” münafiqdir və boynunu vuracağam».

Bir neçə saat ötdü. Sakitlik yarandı. Əbu Bəkr və Ömərin daxil olduğunu gördüm. Əbu Bəkr atamın üzündəki örtüyü açdı, ağladı, getdi. O biri də getdi.

Əli (ə) Peyğəmbərin (s) qüsl və kəfən işi ilə məşğul oldu. O, atamın pak bədənini yuyur, ağlayırdı. Onun üstünə su, öz canına od tökürdü. Xalq öz Peyğəmbərini (s) itirmişdi. Mən və Əli isə hər şeyimizi! Birdən mənə elə gəldi ki, bu şəhərdə, bu dünyada qərib qalmışıq.

Hər şey bir anda dəyişmişdi. Üzlər dönmüşdü. Sədaqəti siyasət əvəz etmişdi. Qardaşlıq əhdi oxuyanlar uzaqlaşmış, yenidən varlı-kasıb ögeyliyi yaranmışdı.

Atamın ölümündən daha ağır bir gerçəkliklə üzbəüz dayanmışdıq. Mədinə hiylə və fitnələrlə dolmuşdu.

Böyük əmimiz Əbbas narahat görkəmdə gəlib Əliyə dedi:

- Əlini ver, sənə bey`ət edim. Qoy bilsinlər ki, Peyğəmbərin (s) əmisi Əliyə bey`ət etdi. Ailə üzvləri də sənə bey`ət edər. Yoxsa...

Nə “yoxsa”? Olmaya başqalarında da bir tamah var?

Əli (ə) dedi ki, sabah biləcəksən. Əli (ə) təhlükə hiss edirdi. Amma bu hiss ani oldu. Qəlbində başqa bir dərd vardı. Məhəmməd (s) Əli (ə) üçün ata, müəllim, qardaş, dost, peyğəmbər, bir sözlə, hər şey idi. O, bu evdən kənarda baş verənləri düşünə bilmirdi. O, Peyğəmbərə (s) qüsl verməklə, mən uşaqlara baxmaqla məşğul idik.

Həsənin yeddi, Hüseynin altı yaşı vardı. Zeynəb beş, Ümm-Gülsüm isə üç yaşındaydı. Peyğəmbərdən sonra bu uşaqları xoş tale gözləmirdi.

Səqifədə Peyğəmbərin (s) yaxınları (ənsar) toplaşıb canişin seçmək istəyində idilər. Hiss etdilər ki, Məkkə mühacirlərinin (Qüreyş) öz planı var. Əbu Bəkr, Ömər, Əbu Übeydə özlərini yetirdilər ki, Peyğəmbər (s) özünə Qüreyşdən canişin istəyib. Nəticədə, bu toplantıda Səqifədə təşkil olunmuş Əbu Bəkr seçildi.

Fatimənin (ə) iztirablarını kimsə dərk etməyə qadir deyil. Fatimənin atasına məhəbbəti sadəcə övladlıq məhəbbəti deyil və o, öz atasını aşiqanə sevir. O “atasının anası” və bütün çətinliklərdə onun çiyin yoldaşı olub. Həzrətin (s) ölümündən sonra o yeganə zürriyyət, evin yeganə sütunu, övladlarının anasıdır. Fatimə (ə) dünyaya göz açdığı vaxt artıq nə anasının sərvəti, nə də ailədə sevinc vardı. O zaman Xədicə yaşı altmış beşi keçmiş qoca bir qadın idi. Ailəni kin-küdurət, xəyanətlər ağuşuna almışdı. Hələ Fatiməni dünyaya gətirməmişdən qabaq risalət yükü onun belini əymişdi. Cahiliyyət, quldarlıq, bütpərəstlik bu ailə üçün zindana çevrilmişdi. Həyatını Məhəmmədin (s) işıqlı yoluna fəda edən Xədicə şirinliklə yanaşı, mühitin zəhərini içirdi. O, Məhəmmədin (s) risalətinə məşğuldur. O zaman Fatimə (ə) ata-anasının nəvazişə ehtiyaclı olduğunu hiss edirdi.

Həyatını dosta isar, fəda edən kəs qəlbən ona yaxınlaşır. Bu zaman dost da onun ehtiyacına cavab verir. Amma dostluq və eşq fərqli məfhumlardır. Fatimənin (ə) atasına sevgisi sadəcə dostluq deyil. Bu sevgi çox ağır sınaqlardan iftixarla keçmiş bir sevgidir.

Ata öz vətənində qərib idi. Onu hər tərəfdən cəhalət qılıncları çalırdı. Onu hamıdan çox incidən qohumlarıdır. Bir yandan vəhy həyəcanları, bir yandan vicdan və eşq tufanları, digər tərəfdən qohumların əzabları, tənhalıq və dağların, göylərin sahib durmadığı əmanət yükü! O, bütün bu əzab yağışı altında xalqın arasına çıxır, Səfa təpəsinə dırmanıb cahil xalqı qorxudur, üç yüz otuz neçə bütə sitayiş edən cahillər arasında azadlıq nidası çəkir, günün sonunda yorğun, yaralı, qəmgin halda evə qayıdır. Fatimə (ə) şəhərin nifrət dolu küçələrində atasını addımbaaddım izləyir. Peyğəmbər (s) yıxıldığı vaxt quş yuvadan düşmüş balasını qoruduğu tək Fatimə (ə) atasını qoruyur. İncə barmaqları ilə atasının çöhrəsindəki qan izlərini təmizləyir. Fatimə (ə) Allah kəlamı gəzdirən atasına öz uşaq kəlmələri ilə təsəlli verir. Taifdən qayıtdığı vaxt onu tənha qarşılayır. Üç illik mühasirədə əzab çəkən ata-anasına nəvaziş göstərərək onlardan bir addım aralanmır.

Sonradan tənha qalmış atasına analıq edir, onu öz sevgi haləsinə bürüyür. Əlinin (ə) evinə getməklə fəqirlik və şərəf yolunu seçir. O, öz övladları ilə üç oğul, üç qız itirmiş atasının könlünü sevindirir. 18, ya 28 illik ömrü boyu Fatimə (ə) qəlb bağları ilə öz atasına fədai olmuşdur.

İndi isə ölüm araya ayrılıq salır. Fatimə (ə) Peyğəmbərsiz yaşamaq məcburiyyətindədir. Bu zərbə zəif bədənli Fatimə (ə) üçün çox üzüntülüdür.

Peyğəmbərin (s) ölüm yatağında yalnız Fatiməyə üz tutması təsadüfi deyil. Fatiməyə (ə) tezliklə qovuşacaqlarını deməklə təsəlli verir.

Amma Fatimə (ə) ikinci sarsıdıcı zərbəni alır. Bu zərbə əvvəlki zərbə kimi şiddətli olmasa da, onun qədər dərindir. Bəlkə də, daha dərin! Bu zərbə birincinin ardınca, fasilə vermədən vurulur: Peyğəmbərə (s) Əli (ə) yox, başqa biri canişin seçilmişdir! Hər şey aydındır. Bəs nə üçün vida həccindən qayıdarkən Həzrət Peyğəmbər (s) Qədiri-Xumda Əlinin (ə) vilayətini, rəhbərliyini təsdiq etmişdi?! Nə üçün elə bu səfərdə, bu hadisədən sonra on iki nəfər pusquda durub, Peyğəmbəri (s) və olsun ki, Əlini (ə) qətlə yetirmək istəyir? Bu qəsd Qədiri-Xumdakı e`lanla əlaqəsiz deyil. Çünki seçim zamanı baş verən hadisələr təsadüfi olmur. Nə üçün bu on iki nəfər həbs olunduqda onların adları açıqlanmır? Hansı ki, bu hadisə adi bir hadisə deyil. Nə üçün çox təhlükəli Təbuk döyüşündə yaşı keçmiş Peyğəmbər (s) bütün yaşlılarla döyüşə getdiyi halda Əlini (ə) Mədinədə saxlayır? Əliyə (ə) deyir: «Harunun Musa yanındakı məqamını mənim yanımda tutmaq istəmirsən? Axı məndən sonra peyğəmbər yoxdur!».

Həzrət (s) nə üçün ölüm yatağında ikən qoşunu intiqam üçün Ruma göndərmək istəyir? Nə üçün nüfuzlu Əbu Bəkr, Ömər bu döyüşə e`zam olunur? Nə üçün e`tirazlara baxmayaraq 18 yaşlı Üsamə qoşuna başçılıq edir? Nə üçün qoşunun tez yola çıxması üçün hətta mane` olanlara nifrin edir? Amma belə bir vaxtda Əli (ə) ilə qalmaq istəyir? Nə üçün ona kağız-qələm verilmir? Nə üçün üçüncü vəsiyyətdə susur? Nə üçün özü namaza gedə bilməyəndə Əlini (ə) çağırtdırır? Amma qızlarının xəbərdarlığı ilə Əbu Bəkr və Ömər peyda olur? Bunu görən Peyğəmbər (s) hər üçünü mürəxxəs edir! Niyə? Nə üçün ölümü yaxınlaşdıqca daha çox təkrarlayır: “Fitnələr qaranlıq gecələr tək yaxınlaşır...”.

Əli (ə) Peyğəmbərin (s) dəfnini başa çatdırır. Əshabın böyükləri isə Əlinin haqqını, hüququnu dəfn edirlər. Məscidə qayıdırlar və xəlifə öz vilayət xütbəsini oxuyur. Əli (ə) isə Peyğəmbərin (s) boş qalmış otağından Fatimənin (ə) otağına qayıdır və iyirmi beş illik qaranlıq, üzücü bir tənhalıq başlanır!

Fatimə (ə) üçün sanki hər şey süqut etmişdir. Misilsiz əzablar bahasına başa gəlmiş bir qəsr, sanki ani olaraq xarabaya çevrilmişdi.

İslamın taleyi Səqifədə tə`yin olunur. Bu məclisdə Əli (ə), Səlman (r), Əbuzər (r), Əmmar (r), Miqdad (r) və bu kimi sədaqətli insanlar iştirak etmir! İndi bu insanlar Fatimənin (ə) evində toplanıb. Onları Əliyə (ə) bağlayan nədir? Onlar nə Ovs, nə Xəzrəc qəbiləsindəndir. Mədinədə ünvanları, qəbilə bağlılıqları yoxdur. Onların bir hissəsi Səlman (iranlı), Əbuzər (səhralı) kimi qəriblər, Əmmar kimi anası afrikalı qara kəniz, atası yəmənli kimsəsizlərdir, xurmasatan Meysəm kimi sadə insanlardır. Əli (ə) işığına yığışanlar!

Bu insanlar həzrət Peyğəmbərin (s) əzizləri idilər. İndi isə Əlidən (ə) başqa ümid yerləri yoxdur. Əli (ə) özü də yalqızlıqda onlardan fərqlənmir. Otuz neçə yaşlı bu gənc kasıb və dəstəsizdir. Döyüşlər qəhrəmanı, elm və təqva nümunəsi olan bir insan bu gün sakit dayanmışdır.

Bir ruh öz dövrünün səviyyəsindən çox ucaya qalxarsa, tənhalaşar. Gözəlin varlığı istər-istəməz çirkinin varlığını sıxıntıda qoyur. Bu insan nə qədər təvazö göstərsə də, ətrafdakılar ona qarşı çıxır. Bu ruhun real ucalığı ətrafdakıları sıxır və ona tə`sir göstərilir ki, kütlənin səviyyəsinə ensin. Əlinin (ə) kiçildilməsinə sə`y göstərənləri də məhz onun ucalığı narahat edirdi.

Məhz bu səbəbdən mühacir və ənsarın düşməni olan Bəni-Üməyyə “Əli namaz qılmır” - deyə avam kütlə arasında təbliğat aparırdı. Bəni-Üməyyə Peyğəmbərin (s) qohumlarıdır, Ümmül-Mö`minin Əbu Süfyanın qızıdır.

Əli (ə) məscidin mehrabında qətlə yetirildi. Dedilər: “Məgər Əli namaz qılırdı ki, məscidə daxil olub?” Nə böyük kin, nə dərin cəhalət! Bu düşmənçilik Əlini (ə) Bədr, Xəndək döyüşlərində vurduğu zərbələrin namərd cavabıdır.

Başqa bir maraqlı nöqtə də var. Həmin döyüşlərdə Əlidən (ə) ruh alıb Bəni-Üməyyə ilə döyüşənlər də Əliyə (ə) qarşıdır. Çılğın qələbə əhval-ruhiyyələri geridə qalıb. Araya sakitlik çöküb. Bir zaman Əlinin (ə) zərbəsindən şövq alanların qəlbində, özləri də hiss etmədən, həsəd baş qaldırıb.

Xeybər döyüşündə əlinə bayraq götürüb hücuma keçən Əbu Bəkr məğlubiyyətlə geri dönür. Ömər də müvəffəq ola bilmir. Həzrət Peyğəmbər (s) buyurur: “Sabah bayrağı o şəxsə verəcəyəm ki, həm o Allahı və Rəsulunu sevir, həm də Allah və Rəsulu onu sevir”.

Səhəri gün bayraq Əliyə (ə) verilir. Əli misilsiz qəhrəmanlıqla qalaları bir-birinin ardınca fəth edir.

Bədr və Ühüd döyüşlərində özünü daha üstün bilənlər şücaət göstərə bilmədiyi halda, Əli (ə) savaş meydanlarında şimşək tək çaxır. Hüneyn döyüşündə özünü Əlidən (ə) üstün tutanlar qaçdığı vaxt Əbu Süfyan qəhqəhə çəkərək, onları məsxərəyə qoyur: “Bunlar ki, belə qaçır Qırmızı dənizə töküləcəklər”.

Amma Əlinin (ə) şücaəti düşməndə kin, dostda həsəd yaradır. Elə bu səbəbdən də keçmiş dostlar artıq düşmənlərlə çiyin-çiyinədir. Artıq dost düşmənə, düşmən isə dosta möhtacdır. Əlinin (ə) əzəməti təhqir olunur. Bu təhqir Əlinin (ə) fəzilətlərini görməməzliyə vurmaqdan başlanır. Onlar saman çöpündən dağ düzəldir.

Bəs Əbu Bəkr və Ömər bu prosesdə necə iştirak edir? Onlar Əlinin haqqını özlərinə məxsus bir üsulla qəsb edirlər. Əlidən (ə) söz düşəndə deyirlər: “Əli? Bəli! Amma o, hələ cavandır!”; “Əli? Bəli! Amma o, cəngavərdir və siyasətdən başı çıxmır! Şücaətlidir, amma hərb elmindən xəbərsizdir!”; “Əli? Bəli! Amma o, çox zarafatcıldır!”; “Əli? Bəli! Amma indi onun düşməni çoxdur, hələ məsləhət deyil!”; “Əli? Bəli! Amma o özündən çox razıdır!”; “Əli? Bəli! Əgər xilafət cilovu onun əlinə düşsə, bu dəvəni öz yolu ilə qovar. O, bu işə çox müştaqdır!”.

Nəticə? Nəticə bu olur ki, Əli (ə) həm Bəni-Üməyyə, həm də Bəni-Üməyyənin düşməni olan Ömərdən zərbələr alır. Osman Ömərin düşməni olduğu halda, öz qohumları Bəni-Üməyyənin və Ömərin köməyi ilə qalib gəlir.

Fatimə (ə) evdar olsa da, hamını tanıyır, hadisələri dəqiq qiymətləndirir. Fatimə (ə) yeriməyi mübarizədə, danışmağı təbliğdə öyrənib. O, dövrünün siyasət tonqalında bişmiş müsəlman qadındır.

Artıq Peyğəmbər (s) dəfnindən bir neçə saat keçmişdir. Peyğəmbərə (s) sevimli insanlar onun evində cəm olub. Bu yığıncaq Əbu Bəkrə - Səqifədə seçilmiş xəlifəyə bey`ətdən imtina deməkdir. Əbu Bəkr vilayət xütbəsi oxuyur, Ömər isə maneələri aradan qaldırmaqla məşğuldur.

Xəzrəc rəisi Sə`d ibn İbadə Səqifədə ənsarın nümayəndəsi olur və Əbu Bəkrə bey`ət etmir. Sonra isə üsyan əlaməti olaraq Mədinəni tərk edir. Çox keçməmiş xəbər yayılır ki, Sə`d qeybdən atılan bir oxla qətlə yetirilib. Qəbilələrin münasibəti fərqlidir. Münasibət bildirməklə, təhlükəylə üzləşmək qorxusu var. Diqqət mərkəzində isə Fatimənin (ə) evidir. Hökumət bu evi təhlükə mənbəyi hesab edir.

Hökumət qarşısındakı bu mərkəzin müqaviməti Öməri çox qəzəbləndirir. Əbu Bəkrin hakimiyyətə gəlməsində böyük sə`ylər göstərmiş Ömər, bu evdəki müxalifətə dözə bilmir. Bu ev isə kənarda deyil, xəlifə hökumətinin nümayəndəliyi olan məscidə bitişikdir.

Fatimə (ə) üzüntü içindədir: bir yandan Peyğəmbərin (s) ölümü, digər tərəfdən Əliyə (ə) qarşı xəyanət! Onun xəyalı keçmişə qayıdır. Bu zəhər dolu düşüncələr onun bağrını parçalayır... Qəfildən məscidə səs-küy düşür. Fatimə (ə) Ömərin səsini tanıyır. Bu səs anbaan yaxınlaşır: «Mən bu evi əhli ilə birgə yandıracağam!».

Fatimə (ə) sözləri aydın eşidir. Səs-küy daha da yaxınlaşır. Fatimənin (ə) məscidə olan qapısı açılır. Ömərin qulamı əlində alov gətirir. Fatimənin qapısına od vurulur. Ömər qışqırır: «Ey Əli, bayıra çıx!».

Evin qapısı şiddətlə çırpılır. Alov dilimləri qapının çatlarından keçir. Ömərin səsi bir az da ucalır.

Birdən Fatimənin (ə) fəryadı qopur. Bu fəryadda dünyanın qəm yükü var:

- Ey ata! Ey Allahın Rəsulu! Səndən sonra Xəttab oğlundan, Əbu Qəhafə oğlundan nələr görmədik!

Ömərin ətrafındakılar bir neçə addım geri çəkildilər. Bu, Peyğəmbərin (s) sevimli qızının fəryadı, qəzəbi idi. Özünü saxlaya bilməyib ağlayanlar oldu. Çoxu Peyğəmbər və Fatimə evinin qapısında donub qalmışdı. Adamlar aram-aram özünə gəlirdi. Ömər tək qaldığını görüb, Əbu Bəkrin yanına getdi.

Əbu Bəkrin yanında yığıncaqdır. Ona Fatimənin (ə) əhvalatını danışırlar. Onlar, sanki böyük bir faciəni nəql edirlər.

Əbu Qəhafə oğlu və Xəttab oğlu Fatimənin evinə üz tutur. Amma bu dəfə sakit, aram! Qabağa Əbu Bəkr düşüb. Biri qılıncla kəsirdisə, o biri pambıqla kəsir. Müsibətlərə adət etmiş, mübarizələr alovunda böyümüş Fatimə (ə) daxildən üzülsə də, diz çökməməyə çalışır. Qapının kənarında tənha durub. Sanki, bu evin keşiyini çəkir. Sanki tənha Əlini (ə) müdafiə edir.

Əbu Bəkr və Ömər evə daxil olmaq üçün icazə istəyirlər. Fatimə (ə) icazə vermir. Səbri təsəvvürə sığmaz Əli (ə) çölə çıxır. Fatimədən (ə) onlara icazə verməsini istəyir. Fatimə (ə) Əliyə (ə) müqavimət göstərməyib, sakit durur. Qəzəblə dolu sükut pozulur. Əli (ə) onları evə də`vət edir.

Onlar evə daxil olub Fatiməyə (ə) salam verirlər. Fatimə (ə) qəzəblə üzünü çevirib salamı almır. Kənara çəkilib, divarın arxasına keçir. Fatimənin (ə) qəzəbindən özünü itirmiş Əbu Bəkr nə edəcəyini bilmir. Bəli, Fatimə və Əlinin qarşısında danışmaq çox çətindir.

Nəhayət, Əbu Bəkr özünü toplayıb, qəmgin və mehriban halda deyir:

- Ey Allah Rəsulunun sevimli qızı! And olsun Allaha ki, Peyğəmbərlə qohumluq mənə bütün qohumluqlardan əzizdir. Səni qızım Aişədən çox sevirəm. Kaş mən öləydim, Peyğəmbər (s) yaşayaydı. Mən sənin fəzilətini e`tiraf edirəm. Əgər səndən atanın irsini almışamsa, bunu da onun buyuruğuna əsasən etmişəm. O, deyirdi: “Biz peyğəmbərlər irs qoymuruq. Bizdən nə qalsa sədəqə verilməlidir”.

Əbu Bəkr susur. Ümid edir ki, göstərdiyi mehribanlıq Fatiməyə (ə) tə`sir edəcək. Fatimə (ə) isə tərəddüdsüz sual verir:

-Əgər sizə Allahın Rəsulunun (s) bir buyuruğunu nəql etsəm, onu e`tiraf edərsinizmi?

-Hər ikisi bir ağızdan razılığını bildirdi.

Fatimə (ə) dedi:

- Sizi and verirəm Allaha, siz ikiniz eşitməmisiniz ki, Həzrət (s) buyurub: “Fatimənin razılığı mənim razılığımdır, Fatimənin qəzəbi mənim qəzəbimdir. Fatiməni dost bilən - məni dost bilir. Fatiməni sevindirən məni sevindirir, Fatiməni qəzəbləndirən məni qəzəbləndirir?!

Əbu Bəkr və Ömər e`tiraf etdilər ki, bu sözlər həqiqətdir. Fatimə (ə) sözünə davam etdi: - Mən Allahı və mələkləri şahid tuturam ki, siz ikiniz də məni qəzəbləndirdiniz. Allahın Rəsulunu görsəm, ona sizdən şikayət edəcəyəm!”.

Əbu Bəkri ağlamaq tutdu. Hiss etdi ki, nə özündə danışmağa güc, nə də Fatimədə dinləməyə qüvvə var. Ayağa qalxdı. Ömər də onun ardınca. Məscidə daxil olub, ağlar halda nalə çəkdi ki...

Amma onu inandırdılar ki, onun kənara çəkilməsi ümmətin xeyrinə deyil. Əbu Bəkr də inandı!

Öz düşüncələrinə əsasən, İslamın hökmlərini icra etməyə başladı. İlkin qərarı Peyğəmbərin (s) öz qızı Fatiməyə (ə) bağışladığı Fədək bağının müsadirəsi oldu. Beləcə, Əli (ə) iqtisadi cəhətdən də sıxıntıya salındı. Bir sözlə, Əli (ə) tənha buraxıldı. Hətta ətrafındakı bir neçə yaxın adam da zorla dağıdıldı. Onlar əmin idilər ki, Fatimənin sağlığında Əli bey`ət edə bilməyəcək. Doğrudan da, Fatimə (ə) ömrünün son nəfəsinədək öz mövqeyini dəyişmədi.

Peyğəmbər (s) dünyasını dəyişdi, Əli (ə) xanənişin oldu. Fatiməyə (ə) qalmış yeganə dolanışıq mənbəyi müsadirə edildi. Hakimiyyət Əbu Bəkrlə Ömərin əlinə keçdi. İslam və xalq siyasət ümidinə qaldı. Peyğəmbər (s) hakimiyyətinin idarəçiliyi həris Əbdürrəhman ibn Ofv, kübar Osman, yüngülməzac Xalid ibn Vəlid, amansız Sə`d ibn Vəqqasa həvalə olundu. Əli (ə) isə evdə oturub Qur`anı toplamağa, tərtib etməyə başladı. Bilal Mədinəni tərk edib Şama getdi və həmişəlik susdu. Səlman hakimiyyətdəkilərə e`tirazını bildirib, İrana qayıtdı və Mədaində tənhalığa çəkildi. Əbuzər və Əmmar bekar qaldılar.

Amma Fatimə (ə) yerində oturmadı. O, ağır qəm yükü altında layiq bilmədiyi xəlifə ilə mübarizəsini davam etdirdi. O, Fədək bağının müsadirəsini siyasi intiqam kimi dəyərləndirir və müqavimət göstərirdi. Fədək kiçik bir bağ idi. Amma bu məsələ Fatimə (ə) üçün mövcud hakimiyyətin müstəbidliyi baxımından əhəmiyyətli olmuşdu. Fatimə (ə) Fədək məsələsinə istinad edərək, mövcud hakimiyyətin iç üzünü açmağa sə`y göstərirdi. O, xalqın nəzərinə çatdırırdı ki, Peyğəmbər sünnətini şüar edənlər, əslində, Peyğəmbər ailəsinə zülm etməkdədir.

Peyğəmbərin (s) ölümü Fatimənin (ə) ruhunu alova bələsə də, o, oturmur. Artıq mühacirlərin və ənsarın əksəriyyəti yeni xilafətə səs vermişdir. Fatimə (ə) qüdrətə çatmaq ümidini demək olar ki, itirib. Artıq Əlinin hüquqları əldən çıxıb. Amma nə hökumətin zoru, nə də xalqın təslimçiliyi Fatiməni (ə) batillə mübarizədən çəkindirmir. Ümidi itirmək Fatimə (ə) xislətinə yaddır! Ən azı, onları rüsvay etmək əlindədir! Xalq bilməlidir ki, hakimiyyət zorla ələ keçirilmiş, həqiqətin üzərinə pərdə çəkilmişdir.

Bəli, Mədinə tarixin ən heyrətamiz səhnələrinə şahid olur: Peyğəmbər Məscidinin yanında bir kişi öz qara paltarlı əzadar xanımını miniyə oturdub, sakit küçələri dolandırır. Piyada Əli (ə), minikdə isə Peyğəmbərin (s) sevimli və mübariz qızı Fatimədir (ə). Hər gün gecələr evdən çıxır, ənsarı soraqlayırlar. Onlar səmimi və bitərəf insanlardır. Mühacirlərin çoxu Qüreyşdən olduğu üçün onların dərin siyasi bağlılıqları var. İndi xəlifə də onlardandır. Amma ənsarın hökumətdə heç bir pay yoxdur. Onların yeganə namizədi Sə`d ibn İbadə qətlə yetirildi. Onlar özü mühacir olan Əbu Bəkrin dəlillərinə və xəlifəliyinə göz yumanlardır. Əbu Bəkrin “Peyğəmbər istəyirdi xəlifə Qüreyşdən, onun yaxınlarından olsun” sözü onları yerində oturdub.

İndi isə Fatimə (ə) özü onlarla görüşür. Əli (ə) ilə birlikdə məclislərdə iştirak edir, danışır, Peyğəmbərin (s) sifarişlərini onlara xatırladır. İslamı dəyərlərə, qanunlara tam sahib olan bu qadın İslamı və ümməti qarşıda gözləyən təhlükədən xalqı xəbərdar edir.

Tarixçilər qeyd edirlər ki, Fatimənin (ə) dəlilləri qarşısında hamı təslim olurdu. Hamı bu yanlış seçimdə öz günahını e`tiraf edirdi. Amma kimsə ayağa qalxıb bu itirilmiş haqqı müdafiə etmək əzmində deyildi. Onlar deyirlər:

- Ey Peyğəmbər qızı, biz Əbu Bəkrə bey`ət etmişik, artıq iş tamamlanıb. Əgər Əli qabağa düşsəydi, vaxtında həqiqəti bildirsəydi, biz başqa cür hərəkət edərdik.

Əli (ə) bu sözlərə e`tiraz edir:

- Demək, mən Həzrətin qüsl, kəfən, dəfnini qoyub, hakimiyyət savaşına qalxmalı idim?!

Beləcə, hər şey sona çatdı!..

Fatimə (ə) ölümünü gözləyir. O, hiss edirdi ki, düşündüyündən də tənhadır. Artıq Peyğəmbərin (s) ardıcılları da biganəlik göstərir. Artıq Mədinəni “Peyğəmbər şəhəri” adlandırmaq olmaz. İman şəhərində siyasət at oynadır. Artıq cihad, iman, təqva ruhu ölgünləşmişdir. Qanlı qəbilə ixtilafları baş qaldırmaqdadır. Dəstəbazlıq, xudbinlik, mühafizəkarlıq qızışır, mə`nəviyyat ikinci plana keçir.

Artıq Fatimənin (ə) evi ətrafında sakitlikdir. Bir zaman Peyğəmbərin (s) qəlbində ən uca məqamı qazananlar yeni siyasətçilərin gözündən düşməkdədir. Yalnız “zirəklər” önə keçə bilir! Hökumət qovğasından qulağı tutulanlar artıq dostluq və ixlas pıçıltılarını eşitmirlər. Əbu Bəkrin şəxsiyyəti, Ömərin qəzəbi, Xalidin qılıncı, Əmr Asın ayıqlıqlığı Mədinə əhlini elə bir qalaya salıb ki, Fatimə (ə) kənarda qalıb və onun səsini eşidən yoxdur. Fatimənin (ə) Mədinədəki düşmənləri Məkkədəki düşmənlərindən qat-qat güclüdür. Həzrət Peyğəmbər (s) Məkkədə tək-tənha olduğu halda, müqəddəs sayılan bütləri “lal və şüursuz” adlandırırdı. Bu vaxt onun yeganə hamisi kiçik Fatimə (ə) idi.

Amma həmin Peyğəmbər (s) ən qüdrətli, ən hörmətli vaxtında Üsamənin qoşununu yola sala bilmir. Onun nifrinlərinə baxmayaraq, qoşun Mədinədən çıxmır.

Həzrət (s) öz evində, ən yaxın adamlarının yanında vəsiyyətini dilinə gətirə bilmir.

Xəndək döyüşündə bütün düşmən qəbilələr birləşərək Mədinəyə hücum etmişdilər. Ərəblərlə yəhudilər birləşərək İslam dinini məhv etmək qərarına gəlmişdilər. Onlar “bu şəhərin torpağını at torbasında daşıyacağıq” deyirdilər. Amma gənc Əlinin (ə) bircə zərbəsi döyüşün müqəddəratını həll etdi. Döyüşdə müvəffəqiyyətinə əmin olan, Peyğəmbərin (s) öldürüldüyünü e`lan edən, Həmzənin qanını içib məst olan küfr cəbhəsi Əlinin zərbələri altında çürük ağac kimi kökündən qopdu.

İndi bu qılınc qınında sakit dayanmışdı. İşə bir bax ki, hətta onun evinə hücum edirlər və o, yerindən də qalxmır! Bu vəziyyətdə Fatimə (ə) tənha nə edə bilər?!

Ümumiyyətlə, daxildə mübarizə üzbəüz mübarizədən qat-qat ağırdır. Bu döyüş Əbu Ləhəb, Əbu Cəhl, Əbu Süfyan, Hind, Ütbə ilə aparılan döyüşlərdən deyil. İndi cəbhənin bir tərəfində Əli və Fatimə (ə), digər tərəfində isə Əbu Bəkr, ailədən kənar olub Peyğəmbərə (s) ilk qoşulan şəxs dayanmışdır. Əbu Bəkr! Peyğəmbərin (s) hicrət zamanı mağara yoldaşı, Ümmül-mö`minin Aişənin atası, çətin vaxtlarda Həzrətə (s) kömək əli uzatmış kəs, iyirmi üç il Peyğəmbərlə (s) çiyin-çiyinə dayanmış insan! Əli və Fatiməyə (ə) qarşı çıxan ikinci şəxs Ömər! İslama qırxıncı qoşulmuş, zəif müsəlman cəmiyyətini öz varlığı ilə gücləndirmiş, Peyğəmbərin (s) ən yaxınlarından hesab olunan bir kəs! Ümmül-mö`minin Həfsənin atası!

Üçüncü həmişə öndə olan Əbu Übeydə, dördüncü Həzrət Peyğəmbərin (s) yeznəsi, var-dövlətini İslam yolunda sərf etmiş Osman və sairləri! İndi rumluların başında doqquz qılınc sındırmış “Seyfullah” ləqəbli Xalid ibn Vəlid də, Əmr As və Sə`d ibn Əbu Vəqqas kimi qəhrəmanlar da Əbu Bəkrin cəbhəsindədirlər. Onların şüarı da bütpərəstlik, şirk deyil. Peyğəmbər sünnətini diri saxlamaq, İslamı yaymaq, ən əsası müsəlmanların birliyini qorumaq fikrində olduqlarını bəyan edirlər. Amma bütün bu iddialara baxmayaraq, çox rahatlıqla Əlinin (ə) hüququnu tapdalayır və “o, hələ cavandır, düşməni çoxdur” deyirlər. “Əli üçün tezdir, hələ məsləhət deyil” - deyə, bəhanə gətirirlər. Məsləhət! Bəli, məhz bu kəlmə ilə həqiqətin boynu vurulur! Necə də asan! Necə də səs-küysüz! Kimsəni oyatmadan, sakitcə! Bəli, bu şəraitdə heç bir fəryadla həqiqəti xilas etmək mümkün deyil! Hətta Fatimənin (ə) da fəryadları tə`sirsiz, gücsüzdür! Zülm ədalət donu geyindiyi vaxt tarixin ən böyük faciələri baş verir! Bu elə bir faciədir ki, Əli və Fatimə, onların övladları kimi qurbanları var. Fatimə (ə) anladı ki, artıq bu faciə qarşısında bir iş görə bilmir. Bir ömür mübarizə, işkəncələr və kasıblığın ağrılarını canında hiss etdi. Əmin oldu ki, artıq Əli (ə) də acizdir.

Gözündə dünya qaraldı. Atası da ömrünün son günlərində oxşar hisslərdən danışardı. Sabah nə olacaq? Bu soyuq siyasət küləklərində atasının zəhmətlərinin səmərəsi olacaqmı?! Xalqın taleyi kimlərin əlinə düşəcək?! Qəbilə, qohumluq hissləri tüğyan etməkdədir. Necə olur ki, Əbu Bəkrin bir cümləsi hamını qane edir? Axı onlar uzun müddət Peyğəmbərlə (s) yaşamış, ondan İslamı öyrənmişlər. Əbu Bəkr və Ömər də həmin adamlardandır. Sabah İslam Mədinədən çıxdı, nəsil dəyişdi, kim səs verəcək və kimi seçəcək? Əgər bu gün ən imanlı insanlar Əlini (ə) “məsləhətə” görə kənara çəkirsə, sabah zəif imanlılar Fatimə (ə) övladları ilə necə rəftar edəcəklər? Artıq Həsən, Hüseyn və Zeynəbin də taleyi qaranlıq görünür!

Əlinin (ə) xanənişinliyi çox qanlı bir tarixdir. Əbu Bəkrə bey`ətin dalınca qanlı bey`ətlər, “Fədək” intiqamının ardınca qanlı intiqamlar gözlənilir.

Bir sözlə, sabah qaranlıq və qanlıdır! Sabahkı xilafətlər İslam üçün böyük faciələr gətirəsidir.

Bəs indi nə etməli? Fatimə (ə) nə qədər çalışdı ki, bünövrəyə əyri kərpic qoyulmasın, mümkün olmadı. O, hiss etdi ki, artıq Mədinənin qulağı kar, qəlbi daşdır. Əlinin (ə) sükutu onu anlayanların qəlbində şimşək tək yandırıcıdır.

Eqoistlik, xudbinlik necə də mərhəmətsiz olurmuş. O, özünə inandırdıqda daha da müstəbidləşir, hətta fədakar səhabələri Əliyə (ə) qarşı çevirir. Artıq bu sel qarşısında Əli (ə) də, Fatimə (ə) də diz çökməyə, susmağa məhkum olmuşdur. Amma bu sükuta da dözmək mümkünsüzdür.

Artıq hər gün Peyğəmbərin salamını ötürən pəncərə də bağlıdır. Bu günkü siyasət isə qapını kilidləmişdir. İndi o qəm dağını xatırladan Əli (ə) ilə zindana düşmüşdür.

Artıq yaşamaq ağır gəlir. Fatimənin (ə) zəif çiyinləri bu yükü daşıya bilmir. İndi onun ikicə təsəllisi var: atasının türbəti və onun “mənimlə ilkin sən görüşəcəksən” sözləri. O, intizardadır. Axı nə vaxt? Onun ruhu qanadları qırılmış yaralı quş tək əzabdadır. Əlinin (ə) və övladlarının solğun çöhrəsi, Peyğəmbərin məzarının soyuq torpağı, Aişənin evinin kənarı! Dərdi ərşə dirənən kimi atasının yanına gedir, ağlamaqdan yaralı gözlərini onun türbətinə sürtür. Birdən elə şivən qoparır ki, sanki atasının ölüm xəbərini indi eşitmişdir. Torpağı qoxulayıb Həzrətin (s) ətrini almaq istəyir. Bir az sakitləşib dilinin altında oxuyur:


Əhməd türbətindən kim görüb ziyan,

Müşk-ənbər istəməz o ətri duyan.


Torpaq barmaqları arasından ələnir. Rəvayətçilərin tə`birincə “sanki, dünyadan xaric olub yaşamaqdan azad olur”.

Onun üçün hər gün Peyğəmbərin (s) vəfat günü kimidir. Hər gün daha da üzülür, nalələri dözülməz olur. Ənsar qadınları başına toplaşıb ağlaşırlar. O da qanlı yaşlar axıdaraq itirilmiş haqları xatırlayır. Ona kimsə təsəlli vermək gücündə deyil. Günlər ötüşür. Fatimə (ə) atasının müjdə verdiyi günü gözləyir.

Amma zaman ağır keçir. Atasının vəfatından 75 gün ötmüşdür. Amma bir xəbər yoxdur.

İndi isə hicrətin on birinci ili, cəmadiüs-sani ayının üçü Həzrət Peyğəmbərin (s) vəfatının bir ili tamam olur. Fatimə (ə) övladlarını birbəbir öpür. Həsənin yeddi, Hüseynin altı, Zeynəbin beş, Ümm-Gülsümün isə üç yaşı var.

Əli ilə vidalaşmaq məqamı çatır. Necə də ağır anlardır! Əzablı bir vida!

Fatimə (ə) Ümm-Rafeni, Peyğəmbərin (s) xidmətçisi olmuş kənizi çağırır və deyir:

- Ey Allahın kənizi, mənə yuyunmaq üçün su hazırla. Çox sakit halda qüsl verir. Atasının ölümündən sonra geymədiyi təzə libaslarını geyinir. Sanki əzadan çıxıb görüşə gedir. Kənizə tapşırır ki, otağın ortasında yataq hazırlasın. Yataq hazır olur. Yatağa uzanıb, üzünü qibləyə çevirir və gözləyir...

Qəfildən otaqda şivən qopur. Bəli! Artıq Fatimə (ə) gözlərini qapayıb başqa bir aləmə qədəm basmışdır.

Əlinin (ə) evində atəş və əzab şə`mi söndü! Əli tənha qaldı!

Əliyə (ə) tapşırmışdı ki, onu gecə dəfn etsin və qəbrini kimsə tanımasın. Həmin iki «şeyx»in iştirakını istəməmişdi. Əli (ə) vəsiyyətə əməl etdi. Elə əməl etdi ki, hələ də, əsrlər keçdikdən sonra da bu məzarın yeri kimsəyə mə`lum deyil!

Mədinədə gecədir. Hamı yatıb. Gecə isə xəlvətcə Əlinin (ə) pıçıltısına qulaq asır. Çiynində ağır qəm yükü, tənha qalmış Əli (ə) qəbrin başında oturub. Saatlar ötür. Vəfasız Mədinə susur.

Gecə yarısının nəsimi, Əlinin dilindən çətinliklə qopan sözləri Peyğəmbərin (s) evinə aparır:

- Sənə məndən və sənə çatmağa tələsən qızından salam olsun, ey Peyğəmbər!... Əzizinin başına gələnlərdən dözümüm azaldı, üzüntüyə düşdüm. Amma sənin ayrılığın və müsibətindən sonra səbrim tükənməyib... Mən səni qəbirdə yatırtdım, sən mənim boğazımla sinəm arasında can verdin... “İnna lillahi və inna iləyhi raciun”... Əmanəti qaytarıb girovları götürsünlər... Amma mənim qəmim əbədi, gecələrim yuxusuzdur... Nə qədər ki, Allah sənin olduğun yerdə mənə sığınacaq verməyib!..

Qızın sənə xəbər verəcək ki, sənin qövmün ona zülm etməkdə əl-ələ verdilər. Ondan israrla hər şeyi soruş; hansı ki, sənin əhdindən çox keçməmiş, xatirən unudulmamışdır!.

Hər ikinizə salam olsun! Nə qəzəbli, nə də sakit olmayanın salamı!.

Bir an susdu. Sanki bütün ömrünün ağrısını birdəfəyə hiss etdi. Sanki dediyi kəlmələr onun varlığından ayrılmışdı. Çarəsiz halda yerində qaldı. Bilmirdi qalsın, yoxsa getsin. Fatiməni necə tənha qoysun? Şəhər pusquda durmuş divə oxşayır. Bəs evdə uşaqlar varkən necə qalsın? Yalnız onun boynunda qalmış məs`uliyyətlər necə olsun?

Dərd o qədər ağırdır ki, onu biçarə etmişdir. Qərara gələ bilmir. Tərəddüdlər onu sıxır. Getsin, yoxsa qalsın? Fatiməylə danışır: - “Əgər getsəm, səbəb o deyil ki, qalmaq məni sıxır. Əgər qalsam, bu da Allahın səbir edənlərə verdiyi vəddən naümid olmaqdan deyil.”

Ayağa qalxdı, Peyğəmbərin (s) evinə üz tutdu. Sanki gedib Peyğəmbərə demək istəyirdi ki, mənə tapşırdığın əmanəti sənə qaytardım, ondan hər şeyi öyrən, səndən sonra gördüklərini sənə danışsın.

Fatimə «Fatimə» kimi yaşadı, Fatimə kimi də dünyasını dəyişdi. Ölümündən sonra tarixdə həyat tapdı. İslam tarixində sonralar zülm görənlər üçün Fatimə bir halə oldu. Bütün haqqı tapdananlar üçün bir həqiqi şüar yazıldı: Fatimə! Xilafət qılıncında doğrananlar, bütün məzlumlar üçün təsəlli olacaq həqiqət Fatimənin (ə) xatirəsi oldu.

Məhz bu səbəbdən də bütün məzlum müsəlman millətlər və mərhum təqəbələr üçün Fatimə (ə) ilham mənbəyi olaraq ədalət rəmzinə çevrildi.

Fatimənin (ə) şəxsiyyətindən danışmaq çox çətindir. Fatimə (ə), İslamın istədiyi, nəzərdə tutduğu qadın nümunəsi idi. Onun simasını Peyğəmbər (s) özü mübarizə meydanlarından keçirərək yaratmışdı. Bir sözlə, o, hər bir cəhətdən qadın nümunəsi yaradılmışdı.

Ataya necə qız olmalı?

Ərə necə yoldaş olmalı?

Övladlara necə ana olmalı?

Cəmiyyətdə necə qadın olmalı?

Fatimə (ə) bütün bu suallara cavabdır. O, özü bir imam, rəhbərdir. Yə`ni dünya qadınları üçün misilsiz bir ideal!

Onun heyranedici uşaqlığı, daxili və xarici cəbhələrdə davamlı mübarizəsi, həyatının müxtəlif məqamları hər bir qadının “necə olmalı” sualına cavab verir.

Nə qədər danışdıqsa, yenə də az oldu. Demədiklərimiz dediklərimizdən qat-qat çoxdur. Fatimənin (ə) mənim üçün ən maraqlı xüsusiyyətlərindən biri, onun Əlinin (ə) yoldaşı olmasıdır. Fatimə Əli üçün təkcə həyat yoldaşı deyildi. Fatimə Əlinin həm mübarizə, həm də tənhalıq dostu idi. Əli də Fatiməyə və onun övladlarına sadəcə ailə başçısı gözü ilə baxmırdı. Bu ailə Peyğəmbər ailəsi idi.

Əli Fatimədən sonra evlənir və övladları olur. Fatimədən olan övladlarını “Fatimə övladı”, o birilərini isə “Əli övladı” adlandırır.

Fatimə (ə) Peyğəmbərin (s) də nəzərində o biri qızlarından fərqlənir. Ona ciddi yanaşır, ona kiçik yaşlarında böyük də`vətlərlə müraciət edir.

Bir natiq Həzrət Məryəmdən danışarkən dedi: “1700 ildir ki, dünya xətibləri Məryəmdən danışır. Məryəmin fəzilətləri bəyan edilir, şairlər ona şe`rlər həsr edir, rəssamlar onun portretini çəkir və s. Amma bütün bunları bir neçə kəlmə ilə də ifadə etmək olur: “Məryəm İsanın anasıdır”.

Mən də Fatiməni (ə) bir neçə kəlmə ilə təqdim etmək istədim.

“Fatimə böyük Xədicənin qızıdır” dedim, kifayət etmədi. “Fatimə Məhəmmədin qızıdır” dedim, kifayət etmədi. “Fatimə Əlinin xanımıdır” dedim, kifayət etmədi. “Fatimə Həsən və Hüseynin anasıdır” dedim, kifayət etmədi.

Bütün deyilənlər az oldu və qərara gəldim ki, Fatimə Fatimədir!



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə