FatiMƏ fatiMƏDİr doktor əLİ ŞƏRİƏTİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ



Yüklə 0,58 Mb.
səhifə11/17
tarix06.02.2018
ölçüsü0,58 Mb.
#26379
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

İstismarın fəryadı


Xurafat, nadanlıq, cəhalət istismar üçün münbit zəmin yaradır. İstismar haray çəkir:

- Azad ol!

- Nədən?

- Bu nə sual? Sən ki boğulursan, hər şeydən məhrumsan, azad ol! Hər şeydən azad ol!

Ağır yük altında boğulmaqda olan ruh isə yalnız bu azadlıq haqqında düşünə bilir.

Elm və biliyə əsaslanaraq, öz ictimai və fərdi azadlıqlarını anlayaraq, insani şəxsiyyətini qoruyaraq azad olmaq mümkünmü?! Amma qadın bir anda “azad” olur. Çadrasını atır və birbaşa ziyalılar cərgəsinə qoşulur.

İstismar dünyasının ən böyük qazancı da o oldu - çadrasını atmış müsəlman qadın! Öz aralarında ona tə`rif də verdilər: “Qadın - alınıb-satılan bir heyvandır!”. Ərəstunun “İnsan natiq, yə`ni danışan heyvandır” tə`rifi belə modernizə olundu. Guya, qadının nə idealı var, nə ictimai dəyəri var, nə də insani şəxsiyyəti! Avropa tə`sirinə düşmüş böyük bir müsəlman şəhərinin qəzeti yazırdı: “On il ərzində gözəllik salonlarının sayı 500 dəfə artmışdır”. Hər hansı sahədə 10-15% artım mümkündür. Amma 500 dəfə?! Yə`ni əgər 10 il əvvəl, məsələn, pudraya, laka yüz min tümən xərclənirdisə, 10 il sonra bu rəqəm 500 milyona çatmışdır. Məsələ burasındadır ki, iş təkcə kosmetikadakı kosmik sıçrayışla başa çatmır. Bütün geyimlər, aksessuarlar dəyişir. Əbanı kostyum, çalmanı şlyapa əvəz edir. Qərbin bir fəndlə şərqdə nə qədər qazandığını təsəvvür edirsinizmi?!

Avropalıların açdığı hər bir iqtisadi sahə yeni xərclər üçün növbəti sahələr deməkdir. Sahə dəyişirsə əqidə, tip, səliqə, tarixi ən`ənələr də aradan qalxır. Sərmayədar pul xatirinə Qeysəriyyəni də yandırır. Milli geyimini Amerikadan və Avropadan gətirilən cır-cındırla dəyişən şərqli qadın bütün cəmiyyətə, ailəyə, məktəbə, əxlaqa, mədəniyyətə tə`sir göstərir. Qlobal dəyişikliklər şərq qadınını payız xəzanı tək saraldır. O, artıq dünənki kimi yaşamaq imkanına malik deyil.

Bəs milli qeyrətini itirməmiş sərmayədarlar, iş adamları hara baxır? Onların vətənlərində təkcə qadının üzərində milyonlar qazanılır. Əgər qadın dünənki kimi yaşamaq istəmirsə, nə üçün onun bu gününü amerikalı və ya avropalı qurmalıdır?! Franko xarici qüvvəni “ölkədə beşinci sütun” adlandırır. Ehtiyac varmı bu “beşinci sütuna”?! Hanı şərqin müasir dövrlə ayaqlaşan arxitekturası? Ən azı, hanı şərq qadınının müasir geyimi? Hər şey, hər şey Avropadan gəlməli, qazanc da onların cibinə axmalıdır! Şərq kişisi çadranın vaxtının keçdiyini vaxtında anlasaydı, müsəlman qadın göbəyini açmaz, daha münasib, daha mədəni, daha dini geyimlə örtünərdi!

Nə edək?


Bəs bu düçar edildiyimiz fikir böhranlarından necə çıxaq? Kim qabağa düşüb risalət yükünü çiyninə götürməlidir?

Nə adət-ən`ənə çərçivəsində uyumuş xanım qadında və nə də adət-ən`ənələrdən bezib özünü yarımavropalı qəlibinə salmış xanım qızda belə bir qüvvə tapılması heç cür ağıla sığmır. Təkərləri sındırılmış və yolunun üstünə daş-kəsək yığılmış, “İslam bax budur” damğası ilə gözdən salınmış bu hidayət, bu qurtuluş gəmisini kim hərəkətə gətirə bilər? Hər halda, ümid qalır, köhnəpərəstliklə də olsa dinini, iffətini qorumuş müsəlman xanımlara. Bu xanımlar yeni insanlıq xüsusiyyətlərini anlayıb avropalıların maskasından sezilən hiyləgər gözləri görə bilsəydilər, onların bütün istəklərinin qadının istismarı üzərində qurulduğunu hiss etsəydilər yaxşı olardı.

Ağıllı qadınlar onlara təqdim olunan təhsil proqramlarının, dükan-bazarı bürümüş iffətsiz libasların hansı əllərlə ötürüldüyünə diqqətli olmalıdırlar. Köhnəlikdə əriyənlərin, avropalaşmaqla təsəlli tapanların şəxsiyyət səviyyəsi mə`lumdur. Amma cəmiyyət qeyd etdik ki, təkcə bu iki dəstədən ibarət deyil. Üçüncü təbəqə var. Onlar din və məzhəblərinə sadiq qadınlardır və anlayırlar ki, vəziyyət belə qala bilməz. Onlar nümunə, ideal sorağındadırlar. Kimdir bu nümunə?

Fatimə (ə)


Fatimə Həzrət Peyğəmbərin (s) dördüncü və ən kiçik qızı idi. Bu ailədə oğlan övladı qalmamışdı və həmin dövrdə atanın nüfuzu oğlan övladı ilə müəyyənləşirdi.

Artıq ərəb qəbilələrində qadınların hökmranlıq dövrü başa çatmış, rəhbərlik kişilərin ixtiyarına keçmişdir. Bütpərəstlikdə tanrılar kişi, mələklər, eləcə də bütlər isə qadın hesab olunurdu. Qəbiləyə ağsaqqal başçılıq edirdi. Ailənin böyüyü baba hesab olunurdu. İstər qəbilə, istərsə də ailənin dini kimi atadan miras qalmış məzhəb qəbul edilirdi. Ona görə də hərə öz tanrısının müdafiəsinə qalxaraq, Qur`ani-kərimin təqdim etdiyi vahid Allaha qarşı çıxırdı.

Qəbilələr arasındakı tez-tez təsadüf olunan çarpışmalar oğlan övladının nüfuzunu artırırdı. Qəbilə uğrunda vuruşmaq hüququndan məhrum olan qadın elə bu səbəbdən də çox zəif ictimai nüfuza malik idi. Bir sözlə, qadın kişinin mülkü, ərin oyuncağı, evin nökəri idi. Ailənin şərəf və namusunu qorumaq üçün körpə qızcığazı diri-diri torpağa basdırmaq cahil ərəbin ən “uğurlu” tapıntısı idi. Firdovsi bu vəhşiliyə işarə ilə deyir:
Qadın və əjdaha gömülsə yaxşı,

Bu dünya onlarsız görünsə yaxşı...


Başqa bir ərəb şairindən belə bir bənd qalıb:
Yaşatmaq istəsə ata qızını,

Üç yeznəyə tutsun ağlar üzünü.

Ya qaranlıq, ya bəxtəbəxt ər,

Yaxşısı, torpaqda görsün izini.


Bəli, məhz bu səbəblərdən Qur`ani-Kərim bütün bu gerçəklikləri “vəhşilik” adlandırır:

Onlar birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib, üzü qapqara qaralar; verilən müjdənin “pisliyi” üzündən öz tayfasından qaçıb gizlənər. Görəsən, o körpəni zillət içində saxlayacaq, ya torpağa basdıracaq? Bir görün, onlar necə pis mühakimə yürüdürlər!”.1

Müasir İslam publisisti doktor Aişə Əbdürrəhman yazır: ”Bu faciənin əsasını iqtisadi amillər təşkil edir. Ərəblərdə kasıblıq qorxusu vardı”. Bu gün də əksər sosioloqlar iddia edirlər ki, qadına uyğun münasibəti doğuran qəbilənin nüfuzunun itirilməsi qorxusu olub. Qəbilələr arası savaşlarda əsir düşən qadınlar kəniz olur, biganələrə ərə verilirdilər. Qeys ibn Asimin tə`birincə, “qadın başsız, əl-ayaqsız biri ilə izdivac edə bilərdi”. Bütün bu amillərin əsasını iqtisadiyyat təşkil edir. Çünki əsasən əl əməyindən faydalanan ictimai quruluşlarda kişi qadından daha qiymətlidir. Kişi nə vaxtsa qəbilə başçısı da ola bilər, amma qadın üçün belə bir ehtimal yoxdur.

Bəli, qadının ictimai nüfuzunu sıfıra endirən ən önəmli amil iqtisadi amildir. Ata ölür. Yalnız oğul varis ola bilər. Atanın bütün arvadları, hətta oğulun öz anası ona irsən çatır. Qız isə irsdən məhrum idi. Çünki o başqa bir qəbiləyə ərə getməklə malik olduğu mülkiyyəti də apara bilərdi. Diqqət edin, bu gün həmin adətlərin qalıqları yaşayır. Bə`zi nəsillər başqa nəsilə qız verməz, oğullarını başqa nəsildən evləndirməz. Əmiqızı əmioğluya verilir, vəssalam!

Vəhşiliyə baxın: qızları öz tanrılarına qurban verən qəbilələr olub. “İsra” surəsinin 31-ci ayəsində oxuyuruq: “Yoxsulluqdan qorxub övladlarınızı öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır”.

Düşünürəm ki, Qur`an bu dəhşətli faciənin səbəbini önə çəkir. Daha sonra bəyan olunur ki, bu - əxlaqsız və şərəfsiz bir işdir. Hansı ki, bu şərəfsiz iş ona daha çox əməl edən kasıb təbəqə arasında qeyrət və mərdlik kimi yozulurdu. Ərəb cəmiyyətində yalnız və yalnız oğlan övladları dəyərli hesab olunurdu. Çünki oğlan sərvət qazanır, ailəyə arxa durur, döyüşlərdə iştirak edir, nəsil xəttini davam etdirirdi. Qız isə daim müdafiə olunmalı, büdcədən istifadə etməli idi. Qızı, toyuğun uzağa gedə bilməməsi üçün onun ayağına bağlanan daşa bənzədirdilər. Bir sözlə, qız övladı ailə üçün ağır bir yük hesab olunurdu. Bu ağır yük nə zamansa biganə bir kişiyə arvad olur və öz nəslindən qırılırdı. Demək, bir yol qalırdı: onu bələkdəcə ölümün ağuşuna vermək, yenicə dünyaya göz açmış insanı gora tapşırmaq!

O zaman oğulu olmayan kişini “əbtər”, yə`ni “sonsuz” adlandırırdılar. Kafirlər həzrət Peyğəmbərə də “əbtər” deməkdən çəkinmirdilər.

Belə vəhşi mühitlərdə qeyb pərdəsi arxasından uzanan əl inqilabi bir titrəyişlə cəhaləti aradan qaldırır. İki layiqli şəxs - ata və qız seçilir. Bu ağır yükü Məhəmməd (s) çəkməli olur, yeni dəyəri isə həzrət Fatimə (ə) özündə nümayiş etdirir.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə