Fənn: Maliyyə və bank işi


Büdcədənkənar fondların mahiyyəti və zəruriliyi



Yüklə 0,94 Mb.
səhifə7/14
tarix02.03.2018
ölçüsü0,94 Mb.
#28788
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   14

9. Büdcədənkənar fondların mahiyyəti və zəruriliyi
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanununda göstərildiyi kimi büdcədənkənar dövlət fondları qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən hüquqi şəxs qismində təsis edilmiş və dövlət büdcəsindənkənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur. Başqa sözlə büdcədənkənar dövlət fondları Dövlət büdcəsindən və Azərbaycan Respublikası subyektlərinin büdcələrindən kənar yaradılan, vətəndaşların konstitusiya hüquqlarının təmin edilməsi, iqtisadi və sosial xarakterli bəzi tələbatlarının ödənilməsi üçün müəyyən edilmiş pul vəsaitləri fondlarıdır. Həmin fondlar bir növ ayrı-ayrı sosial, iqtisadi, kredit, sənaye və s. problemlərin həlli məqsədilə yaradılır. Ona görə də büdcədənkənar fondlarda toplanan vəsaitlər məqsədli xarakter daşıyır. Bu fondlar dövlət büdcəsi ilə müqayisədə avtonom (muxtar), müstəqil əhəmiyyət kəsb edir və deyildiyi kimi müəyyən tədbirlərin həyata keçirilməsinə xidmət edir. Lakin, büdcədənkənar fondların müstəqil formalaşdırılması zəruri hallarda onların dövlət büdcəsində birləşməsini istisna etmir.

Büdcədənkənar fondlar – milli gəlirin müəyyən sosial və iqtisadi məqsədlər üçün yenidən bölgüsü və istifadə edilməsinin bir fondudur. Bütövlükdə istər dövlət büdcəsinin və istərsə də büdcədənkənar fondların mənbəyini ÜDM, birinci növbədə milli gəlir təşkil edir. Lakin, konkret mənbə baxımından götürüldükdə büdcədənkənar fondlar xüsusi vergi və yığımlar, habelə dövlət büdcəsi, bəzi ölkələrdə isə istiqrazlar, borclar hesabına formalaşır. Büdcədənkənar fondlara bəzi mənbələrdən vəsaitlər qaytarılmaq və qaytarılmamaq şərti ilə həyata keçirilə bilər.

Büdcədənkənar fondlar mərkəzi və ya yerli hakimiyyət orqanlarının sərəncamında olur.

Büdcədənkənar dövlət fondlarının yaradılmasının zəruriliyi aşağıdakılardan ibarətdir: dövlət büdcədənkənar fondlarının yaradılması hər şeydən əvvəl maliyyə resurslarından daha səmərəli istifadə etmək və habelə sosial tədbirləri müfəvvəqiyyətlə həll etmək üçün zəruridir.

Büdcədənkənar fondlar müxtəlif əlamətərinə görə aşağıdakı kimi təsnifləşdirilir:

∆ müddətinə görə: daimi və müvəqqəti;

∆ məqsədlərinə görə; sosial müdafiə, iqtisadi və digər;

∆ mənsubiyyətinə görə; mərkəzi dövlət və yerli fondlara bölünürlər.

Büdcədənkənar məqsədli dövlət fondları sosial yönümə və ciddi məqsədli təyinata malikdir. Məqsədli təyinatından asılı olaraq büdcədənkənar dövlət fondları iki qrupa: məqsədli sosial fondlara və məqsədli iqtisadi fondlara ayrılır.

Azərbaycan Respublikasında büdcədənkənar məqsədli dövlət sosial fondlarına aşağıdakılar daxildir:

Dövlət Sosial Müdafiə Fondu; Əhalinin Məşğulluğuna Kömək Fondu və Əlillərin Sosial Müdafiə Fondu.

Əlillərin Sosial Müdafiə Fondunun büdcəsi Dövlət büdcəsinin vəsaitləri mülkiyyət formasından asılı olmayaraq respublika ərazisində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların mənfəətindən 1% məcburi ayrılmalar, idarə, müəssisə və təşkilatların, habelə vətəndaşların ianələri, fondun sahibkarlıq fəaliyyətindən əldə olunan vəsaitlər, xeyriyyə tədbirlərindən (auksionlar, konsertlər, olimpiadalar, marafon və s.) toplanan vəsaitlər hesabına formalaşırdı.

Bundan başqa Respublikamızda ayrı-ayrı iqtisadi xarakterli bir neçə fond: Dövlət Yol Fondu; Sahibkarlığa Yardım Milli Fondu; Təbiət Mühafizə Fondu; Meşələrin qorunub Saxlanması və Təkrar İstehsalı Fondu yaradılmış və fəaliyyət göstərmişdir.

Vəsaitlərin cəlb edilməsi həcminə görə ən iri fond Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondudur.

Hazırda bütün dövlətlərdə, o cümlədən sənayecə inkişaf etmiş dövlətlərdə də büdcədənkənar fondlar yaradılmaqla iqtisadi və sosial sahədə baş verə biləcək çətinliklər aradan qaldırılır. Büdcədənkənar fondlar ilk növbədə ABŞ-da yaradılmış, sonradan isə bütün dövlətlərdə yayılmağa başlamışdır. Büdcədənkənar fondlar dövlətin müxtəlif mənbələrdən maliyyə ehtiyatlarının toplanmasına və həmin ehtiyatlar hesabına özünün sosial iqtisadi məsələlərinin həll etməsinə şərait yaradır.

Büdcədənkənar fondlarla yanaşı sənayecə inkişaf etmiş ölkələrdə elmi tədqiqat fondu, investisiya fondu, kredit fondu, yol fondu, müvafiq yerli fondlar və s. yaradılır. Həmin fondlar büdcədənkənar olsalar da özünəməxsus səciyyə daşıyırlar və “xüsusi fondlar” adı altında nəzərdən keçirilir. Bir sıra ölkələrdə xüsusi iqtisadi fondlar, hərbi-siyasi fondlar, dövlətlərarası fondlar da yaradılır.

Xarici ölkələrin maliyyə sistemində xüsusi fondlar əhəmiyyətli yer tutur. Burada toplanmış vəsaitlərin həcmi olduqca böyükdür. Belə ki, Fransada xüsusi fondlar həcminə görə ölkənin dövlət büdcəsinə yaxındır, Yaponiyada xüsusi fondlardan dövlət xərclərinin yarıdan çoxu, Böyük Britaniyada 1∕3-i maliyyələşdirilir.

10. Azərbaycan Respublikasının dövlət sosial müdafiə fondu
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasında məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavə onunan müavinətlər sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Bu fondun pul vəsaiti dövlət mülkiyyətindədir, digər fondların tərkibinə daxil deyildir və başqa məqsədlər üçün götürülə bilməz.

Fondun Naxçıvan Muxtar Respublikasında müvafiq idarəsi, Azərbaycan Respublikasının rayon və şəhərlərində şöbələri fəaliyyət göstərir.

Fondun və onun yerli orqanlarının məcburi dövlət sosial sığorta vəsaiti Fondun vahid sistemində cəmləşdirilir.

Fond və onun yerli orqanları müstəqil balansa, dövlət xəzinədarlığında hesablara malik olan hüquqi şəxslərdir.

Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:

∆ məcburi və könüllü (əlavə) sosial sığorta üzrə daxil olan sığorta haqqı;

∆ dövlət büdcəsindən ayırmalar;

∆ maliyyə sanksiyalarının və cərimələrinin tətbiqi nəticəsində daxil olan məbləğlər;

∆ sanatoriya-kurort yollayışlarının satışından əldə edilmiş vəsait;

∆ bank kreditləri;

∆ qanunvericiliyə uyğun əldə edilmiş digər gəlirlər.

Fondun əsas gəlir mənbəyi məcburi dövlət sosial sığorta haqqlarından ibarətdir. Bu mənbə hesabına fonda 400,7 milyon manat və ya bütün gəlirlərin 70,5%-i daxil olması nəzərdə tutulur. Sığorta ödənişləri öz növbəsində: 1) büdcədən maliyyələşən təşkilatlar və dövlət büdcəsindən ayrılan dotasiya üzrə daxil olmalardan 152,7 milyon manat (26,8%) və digər sığorta edənlər üzrə (müəssisə, səhmdar cəmiyyətlər, sahibkarlar və s.dən) – 248,0 milyon manat (43,6%) ibarətdir.

Müvcud qanunvericiliyə əsasən təşkilati-hüquqi formasından asılı olmayaraq bütün dövlət idarə, müəssisə təşkilatlarından, kooperativ, firma, birgə müəssisə və s. – dən, dini təşkilatlardan, xaricdə olan diplomatik və s. nümayəndəliklərdən, Azərbaycana məxsus xaricdə olan müəssisə və ya filiallardan, səhmdar cəmiyyətlərindən, sığorta təşkilatlarından, ictimai birliklərdən, siyasi partiyalardan və s. əməyin ödəniş fonduna hesablanan dərəcələrlə sosial sığorta haqqları tutulur. Başqa sözlə, məcburi dövlət sığorta haqqları əməyin ödənişinə və gəlirlərə faizlə hesablanıb tutulur. Əməyin ödənilməsinə və gəlirlərə bütün növ əmək haqqı, əmək haqqında əlavələr, mükafatlar, məzuniyyət haqqı, sahibkarlıq fəaliyyətindən əldə edilən mənfəət və s. aiddir.

Məcburi dövlət sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətən faizlə müəyyən edilir və sığorta edilənin (olunanın) vəsaitləri hesabına ödənilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun (18 fevral 1997-ci il, № 250-İQ) 14-cü maddəsinə əsasən seçkili orqanlar və bütün işəgötürənlər üçün hesablanmış əməyin ödəniş fondunun 22%-i miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir. Hər ay üçün hesablanmış sığorta haqqı sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə nağd və nağdsız hesablaşma qaydasında sığortaçıya ödənilir. Mülkiyyətində olan kənd təsərrüfat torpaqlarından istifadə edən şəxslər torpağın hər hektarına görə sosial sığorta haqqları ödəyirlər və dərəcələr hər hektara görə torpağın münbitlik səviyyəsindən asılı olaraq, ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmlak haqqının 1-6%-ni təşkil edir.

Ev təsərrüfatında muzdlu işçilərin (ev qulluqçusu, dayə, şəxsi katibə, sürücü və s.) əməyindən istifadə edənlər hesablanmış əmək haqqının 20%-i miqdarında sosial sığorta haqqları ödəməlidirlər. Vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst auditorlar və mühasiblər üçün gəlirlərin 20%-i miqdarında sosial sığorta ödənilir. Müəlliflik qonararı ödəyən hüquqi və fiziki şəxslər üçün hesablanmış qonarar məbləğinin 15%-i miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir.

Mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) ödəmə mənbəyindən tutulmaqla, ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 80%-i miqdarında məcburi dövlət sosial sığorta ödənişinə cəlb edilirlər.

Xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan və həmin ölkələrdə məcburi dövlət sosial sığorta haqqı ödəməyən Azərbaycan Respublikasının vətəndaşları ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 80%-i səviyyəsində sosial sığorta ödənişinə cəlb edilirlər.

Ticarət, nəqliyyat və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 70%-i, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün isə 40%-i səviyyəsində sosial sığorta ödənişləri nəzərdə tutulur. Bakı şəhəri sahibkarları minimum aylıq əmək haqqının 100%-i, Sumqayıt və Gəncə şəhərlərində 90%-i, Respublika tabeli digər şəhərlərdə 80%-i, rayon mərkəzlərində, digər sahələrdə və qəsəbələrdə 60%-i, kənd yerlərində 50%-i miqdarında məcburi dövlət sosial sığorta haqqları ödəyirlər.

AR-nın Milli Məclisinin qərarı, Prezidentin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər, dövlət qulluqçuları,seçkili ödənişli vəzifələrdə işləyənlər, prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri, əmək müqaviləsi (kontrakt) ilə işləyənlər və kontraktla hərbi qulluğa qəbul edilmiş hərbi qulluqçular hesablanmış əmək haqqının 3%-i miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

Hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə və ya nağdsız hesablaşma qaydasında ödənilir.

Dövlət Sosial Müdafiə Fondunun orqanları hesabat dövründə hesablanmış məcburi dövlət sosial sığorta haqqını nəzərə almaqla sığorta edənlərlə (təşkilat,idarə,müəssisə və s.) hesablaşma aparırlar. Bütün hesablaşmalar nağd və ya nağdsız hesablaşma qaydasında həyata keçirilir. Sığorta edənlər məcburi dövlət sosial sığorta haqqı hesabına sosial sığorta ödəmələri üzrə xərclər çıxıldıqdan sonra qalan məbləği Dövlət Sosial Müdafiə Fondu orqanlarının hesabına köçürürlər.

Dövlət Sosial Müdafiə Fonduna daxilolmalar kifayət etmədikdə Azərbaycan bankları pensiya və müavinətlərin vaxtında maliyyələşdiriləsi üçün ilin axırına qaytarılmaq şərti ilə kredit verir.

Dövlət Sosial Müdafiə Fonduna müəssisə və təşkilatlardan, fiziki şəxslərdən daxil olan sığorta haqqından başqa büdcə vəsaitidə köçürülür.

Azərbaycan Respublikasıda Dövlət Sosial Müdafiə Fondunun büdcəsi və onun icrası qanunla təsbit edilir.

Məcburi dövlət sosial sığorta vəsaiti hesabına aşağıdakı xərclərin maliyyələşdirilməsini təmin etmək:

- qanuna uyğun olaraq əmək (sosial sığorta) pensiyaları;

- könüllü (əlavə) sosial sığorta əsasında dövlət pensiyalarına əlavələr;

- əmək qabiyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün);

- hamiləliyə və doğuma görə müavinət;

- uşağın anadan olmasına görə birdəfəlik müavinət;

- qanunvericiliklə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət;

- sığorta olunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi;

- məşğulluq tədbirlərinin həyata keçirilməsi;

- əlillərin sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi;

- dəfn üçün müavinət;

- qanunvericiliklə nəzərdə tutulmuş digər xərclər.

Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir.

Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir.

Məcburi dövlət sosial sığorta haqqı: seçkili orqanlar və mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, habelə başqasını sosial sığorta edən şəxslər üçün- hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi miqdarında;

mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin (hüquqi şəxs yaradanlardan, ailə kəndli təsərrüfatı üzvlərindən başqa) əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) torpaq sahəsinin hər hektarına görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının:

torpaqların 1-ci keyfiyyət qrupu üzrə -12 faizi,

torpaqların 2-ci keyfiyyət qrupu üzrə - 8 faizi,

torpaqların 3-cü keyfiyyət qrupu üzrə - 4 faizi,

torpaqların 4-cü keyfiyyət qrupu üzrə - 2 faizi miqdarında;

ev təsərrüfatında muzdlu işçilərin (ev qulluqçusu, dayə, şəxsi katibə, sürücü və s.) əməyindən istifadə edən şəxslər üçün - hesablanmış əmək haqqının 20 faizi miqdarında;

Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; dövlət qulluqçuları; seçkili ödənişli vəzifələrdə işləyənlər; hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri; əmək müqaviləsi (kontraktı) ilə işləyənlər üçün - hesablanmış əmək haqqının 3 faizi miqdarında; vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst auditorlar, sərbəst mühasiblər üçün- gəlirlərinin 20 faizi miqdarında;

müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla - hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında;

mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üçün (sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) ödəmə mənbəyindən tutulmaqla - gəlirlərin 25 faizi miqdarında;

xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə və ya fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan və həmin ölkələrdə məcburi dövlət sosial sığorta haqqı ödəməyən Azərbaycan Respublikasının vətəndaşları üçün- ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının 80 faizi miqdarında ödənilir;

Тicarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 50 faizi məbləğinin, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 20 faizi məbləğinin:

Bakı şəhərində 100 faizi,

Sumqayıt və Gəncə şəhərlərində 90 faizi,

respublika tabeli digər şəhərlərdə 80 faizi,

rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi,

kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

Ailə kəndli təsərrüfatının hər bir üzvü üçün ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir.

Məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə, yaranmış borc məbləğləri aşağıdakı qaydada alınır:

sığortaedən məcburi dövlət sosial sığorta haqlarını bu Qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu Qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş göndərir;

hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar və ya tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedən tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı sığortaedənin cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verir;

sığortaedənin cari və digər hesablarında vəsait olduqda, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərəncamın daxil olduğu gün icra edilir; sığortaedənin valyuta hesabına sərəncam yönəldildiyi halda bank və ya digər kredit təşkilatı həmin gün Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur və dərhal bu barədə sığortaedənə məlumat göndərir. Valyuta vəsaiti sığortaedən tərəfindən manata konvertasiya edildikdən sonra sərəncam icra edilir; sığortaedənin cari, valyuta və digər hesablarında vəsait olmadıqda və ya məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə kifayət etmədikdə, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının sərəncamı bankda və ya digər kredit təşkilatında saxlanılır və sığortaedənin hesablarına vəsait daxil olduqca icra edilir; məcbur dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyaları sərəncamın banka və ya kredit təşkilatına daxil olduğu gündən 90 gün ərzində ödənilmədikdə, sərəncam geri qaytarılır və həmin borca görə sərəncam bir daha icraya qəbul edilmir, həmin borclar və maliyyə sanksiyaları sığortaedəndən məhkəmə qaydasında alınır;

məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının alınması haqqında sərəncamı bir neçə bank və kredit təşkilatına verildikdə və bu zaman məcburi dövlət sosial sığorta haqları üzrə borclar və tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedənin hər hansı cari, valyuta və digər hesabından məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hesabına alındıqda, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı digər banklara və ya kredit təşkilatlarına həmin borc və maliyyə sanksiyalarının alınması üçün vermiş olduğu sərəncamların və artıq alınmış vəsaitlərin dərhal geri qaytarılmasını təmin edir; sığortaedən hüquqi şəxs olmadıqda, borc məbləği məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında tutulur. Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqqı sığortaedənin müraciətinə əsasən geri qaytarılır.



Mövzu 6. Müəssisələrin pul yığımlarının yaranması və istifadəsi.
P L A N
1. Müəssisələrin (təşkilatların) maliyyəsinin mahiyyəti və funksiyaları;

2. Kommersiya müəssisələrinin (təşkilatlarının) maliyyəsinin təşkili prinsipləri;

3. Kommersiya müəssisələrinin gəlir və xərcləri;

4. Kommersiya təşkilatlarının mənfəət və rentabelliyi;

5. Kənd təsərrüfatı müəssisələrində xüsusi tədbirlərin və sosial-məişət ehtiyaclarına xərclərin maliyyələşdirilməsi;

6. Kənd təsərrüfatı müəssisələrinin fondları.

1. Müəssisələrin (təşkilatların) maliyyəsinin mahiyyəti və funksiyaları
Müəssisənin (təşkilatın) maliyyəsi ümumilikdə maliyyə sisteminin əsas həlqəsidir.

İctimai istehsal sferasına xidmət etmə xüsusiyyətinə görə maddi istehsal sahələrinin müəssisələrinin maliyyəsi və qeyri-istehsal sahələri təşkilatlarının maliyyəsi bir-birindən fərqlənir. Mülkiyyət formasından asılı olaraq müəssisənin maliyyəsi dövlət müəssisələrinin maliyyəsi və qeyri-dövlət müəssisələrinin (xüsusi, kooperativ, birgə müəssisələr) maliyyəsinə bölünür.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən təşkilati-hüquqi əlamətlərinə görə müəssisə və təşkilatlar kommersiya və qeyri-kommersiya təşkilatlarına ayrılır.

Müəssisələrin maliyyəsi ümumdövlət məqsədlərinə və müəssisələrin öz xərclərinin maliyyələşdirilməsi, pul fondlarının və yığımlarının formalaşması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar meydana çıxan iqtisadi münasibətlər sisteminin məcmusunu ifadə edir.

Maliyyənin əsas əlamətlərindən biri onların pul formasında ifadəsi və maliyyə münasibətlərinin pul vəsaitinin real hərəkəti vasitəsilə əks olunmasıdır.

Müəssisənin maliyyəsi – iqtisadi bazisin tərkibinə daxil olan iqtisadi kateqoriyadır. İctimai istehsalda onlar bölgü iqtisadi münasibətlərini ifadə edirlər.

Maddi istehsal sferası müəssisələrinin maliyyəsi aşağıdakı pul münasibətlərini özündə əks etdirir:

- müəssisə və təşkilatlar arasında göndərilmiş məhsulların, xammalın, materialların, yerinə yetirilmiş işlərin, göstərilən xidmətlərin və s. dəyərinin ödənilməsi, qiymətli kağızların alqı-satqısı zamanı yaranan münasibətlər;

- müəssisə və təşkilatlarla onun işçi kollektivi arasında əmək haqqı, mükafat, müavinət və s. ödənildikdə;

- müəssisə və təşkilatlarla dövlət arasında büdcəyə vergi ödənildikdə, büdcədən təxsisat aldıqda;

- müəssisə və təşkilatlarla büdcədənkənar dövlət fondları arasında bu fondlara haqlar ödənildikdə;

- müəssisə və təşkilatlarla banklar arasında kredit aldıqda və kredit qaytarıldıqda, faizlər ödənildikdə, banklara müvəqqəti azad pul vəsaitlərini depozitə verdikdə;

- müəssisə ilə baş idarə arasında sahədaxili yenidənbölüşdürmə çərçivəsində baş verən münasibətlər (təsərrüfatdaxili ayırmalar və kreditin alınması);

- müəssisə ilə sığorta şirkətləri arasında əmlak, sahibkar riski və s. sığortalandıqda;

- müəssisələr ilə tikinti-layihə təşkilatları arasında investisiya layihələri həyata keçirildiyi zaman.

Bütün bu münasibətlərdən aydın olur ki, müəssisələrin maliyyəsinin zəruriliyi əmtəə-pul münasibətlərinin mövcudluğu və dəyər qanununun fəaliyyəti ilə sıx surətdə əlaqədardır.

Maliyyənin mahiyyəti onun funksiyalarında təzahür edir. Müəssisələrin maliyyəsi iki funksiyanı – bölüşdürücü və nəzarət funksiyasını yerinə yetirir.

Müəssisənin maliyyəsinin bölüşdürücü funksiyası vasitəsilə ictimai məhsulun, ümumi gəlirin, müəssisənin sərəncamında qalan mənfəətin bölgüsü, məqsədli pul fondlarının, əsas və dövriyyə vəsaitlərinin, amortizasiya fondunun yaradılması və istifadəsi həyata keçirilir.

Müəssisənin maliyyəsinin nəzarət funksiyası gəlirlərin formalaşdırılmasına, müəssisələrin məsrəflərinə, pul fondlarının səmərəli istifadə edilməsinə, büdcəyə vergilərin ödənilməsinə, büdcədənkənar sosial fondlara ayırmalara nəzarət edilməsində təzahür edir. Maliyyə nəzarəti pul fondlarının məqsədli təyinatı üzrə istifadəsi prosesində həyata keçirilir.

2. Kommersiya müəssisələrinin (təşkilatlarının) maliyyəsinin təşkili prinsipləri
Kommersiya müəssisələrinin maliyyəsinin təşkili onların təsərrüfat fəaliyyətinin təşkili xüsusiyyətlərinin əsaslanır.

Kommersiya müəssisələrində (təşkilatlarında) xüsusi maliyyə resurslarının ilkin formalaşması müəssisənin təsis edilməsi anında – yəni, nizamnamə fondu yarandığı vaxt baş verir.Təsərrüfat subyektinin təşkilati-hüquqi formasından asılı olaraq, nizamnamə kapitalın əmələ gəlmə mənbəyi aşağıdakılar ola bilər: səhmdar kapital (səhmdar təşkilatlarında);uzunmüddətli kredit, büdcə vəsaitləri və digər mənbələr. Fəaliyyətdə olan müəssisələrdə maliyyə resurslarının əsas mənbəyi məhsul (iş və xidmət) satışından daxilolmalar təşkil edir ki, onun da hesabına gəlir və mənfəət, habelə amortizasiya, ehtiyat və digər pul fondları yaradılır.

Kommersiya müəssisələrinin (təşkilatlarının) maliyyəsinin təşkili prinsiplərinə aşağıdakılar daxildir: özxərciniödəmə, özünümaliyyələşdirmə, müəssisənin maliyyə müstəqilliyi, dövlət, malgöndərən, banklar, işçi kollektivi qarşısında öhdəliklərin yerinə yetirilməsinə görə maraqlılıq və iqtisadi məsuliyyət; maliyyə planlaşdırılması ilə kommersiya hesabının uyğunlaşdırılması.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə