Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə51/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   47   48   49   50   51   52   53   54   ...   114

 
136
Joan yadından çıxmışdı. Hətta özünü də unutmuşdu. Bütün ixtiyarını bu parlaq 
gündüzə, dağ yollarının qarı əriməmiş sahili çiçəkləndirən günəşə, dənizə, torpağa 
– təbiətin bu üç sehirli qüvvəsinə vermişdi. Fransanın səmasını yağış, 
Avropanınkını isə tufan bürümüşdü. Ancaq, deyəsən, bu balaca sahilin heç nədən 
xəbəri yox idi və o, təbiətin yadından çıxmışdı. Həyatın nəbzi burada başqa cür 
vururdu. Bir az o tərəfdə aləm dərd-ələmdən, təhlükədən xəbər verən boz dumana 
bürünmüş, burada isə günəş çıxmışdı. Bu günəş gülümsəyirdi və ölməkdə olan 
dünyanın bütün göpükləri onun işığına yığışmışdı... 
Elə bil, pərvanə sönməkdə olan şamın başına dolanır, ancaq bir xeyri olmurdu. 
Dünya gecə barlarında çalınan yüngül, bayağı musiqi kimi öz mənasını itirmişdi və 
artıq oktyabr ayında üşüməyə başlayan qanadı xallı kəpənəyə oxşayırdı: tufan 
qopub onu su basınca gah rəqs eləyir, gah qüssələnir, gah sevib-sevilir, gah 
xəyanət edir və hərdən də təlxək oyunu çıxarırdı.... 
Ravik maşını Sən-Rafaelə döndərdi. Balaca, dördkünc liman yelkənli və motorlu 
qayıqlarla dolu idi. Sahildəki kafelərin qabağında rəngbərəng çətirlər açılmışdı. 
Stolların ətrafında gün vurub qaraltmış qadınlar əyləşmişdi... Bunların hamısı ona 
yaxşı tanışdı; həyatın al-əlvan, zərif şəkli idi, adamı məst eləyir, dərd-qəmini 
unutdurur, yüngülləşdirirdi. Aradan lap çox keçsə də, bu həyat ona yaxşı tanış idi. 
Onu nə vaxtsa yaşamışdı və elə bilmişdi ki, kəpənək kimi çiçəkdən-çiçəyə qonma 
hər şeyə dəyər... 
Döngədən güllə kimi çıxan maşın qürub edən günəşin qızılı saçaqlarına büründü... 
 
Mehmanxanaya çatanda ona dedilər ki, Joan zəng eləyib, şam yeməyinə 
gəlməyəcək. Ravik «Eden Rok» restoranına düşdü. Adam az idi. Camaatın çoxu 
indi Jüan-le-Pendə, ya da Kannda olardı. O, artırmadakı çətirin altında oturdu. 
Qayanın üstündə tikilmiş bu artırma gəminin göyərtəsinə oxşayırdı. Aşağıdan 
qayaya çırpılan dalğaların şappıltısı eşidilirdi. Sanki, üfüqdən baş alıb gələn qızılı 
rəngə boyanmış mavi dalğalar buraya yaxınlaşdıqca rəngini dəyişir, al-qırmızıya, 
narıncıya çalır, asimandan dənizə süzülən qaranlığı da qoynuna alıb, özünü 
sahildəki qayalara çırpır, çilik-çilik olurdu... 
Ravik burada xeyli oturdu. Axırda bu tənhalıqdan bezikib üşəndi. Fikri 
durulmuşdu və ayıq başla gələcək haqda düşünürdü. Bilirdi ki, tufanın qabağını, 
müvəqqəti də olsa, almaq mümkündür. Nə çox idi dünyada bicliklər, atişləməz 
yollar! Çoxundan da xəbəri var idi və onu da bilirdi ki, bunlardan heç vaxt istifadə 
etməyəcək, çünki onun işi artıq bunlarlıq deyildi. Biclik xırda-xuruş fırıldaqlar 
üçün idi. Burada isə bircə yol qalırdı: dözmək! Özünü aldatmadan, geri 
çəkilmədən, mərd-mərdanə dözmək! 
Ravik şəffaf Provans şərabı ilə dolu qədəhi işığa tutdu. Sərin gecə, dənizin 
xışıltısına qərq olmuş artırma, qürub edən günəşin qızılı təbəssümü, kəhkəşanda 
sayrışmağa başlayan ulduzlar... «Mənimsə beynimdə projektor yanır. – Ravik 
ürəyindən keçirdi. – Onun bumbuz işığı gələcəyin lal-dinməz aylarına qədər gedib 
çıxır, onların üstü ilə sürüşüb o tərəflərə keçir. Həmin aylar yenə qaranlıqda qalır 
və mən də hələ ağrı hiss eləmirəm, ancaq bilirəm ki, belə qalmayacaq, nə vaxtsa 
ağrıyacaq, onda həyatım indi əlimdə tutduğum qədəh kimi dupduru olacaq. Yad 


 
137
ölkənin şəffaf şərabı ilə dolu bir qədəh! Bu şərabı orada çox saxlamaq da olmaz, 
çünki qıcqırıb sirkəyə dönəcək... Tünd sirkə olacaq!» 
Yox, o, çox qalmaz. Bu cür özgə həyatda çox şey təzədən başlanırdı və onun da 
bunlara ömrü çatmazdı. Onda da heç nə ilə hesablaşmayıb, günəş həsrətli bitkilər 
kimi, özünü bu sınaqların, yüngül, eyş-işrətlə dolu bir həyatın qoynuna atdı. Həyat 
ondan gələcək istədi, Raviksə ona indi yaşadığı miskin ömrü verdi... Əslində, elə 
bir şey olmamışdı. Heç lazım da deyildi. Onsuz da hər şey əvvəlcədən həll olunur. 
Ancaq adam bundan xəbər tutmur, hansı dramatik anı isə gözləyir, bilmir ki, bu an 
çoxdan, neçə ay bundan qabaq səssiz-səmirsiz gəlib də, gedib də... 
Ravik qədəhi başına çəkdi. Şərab əvvəlki dadı vermədi. Onu bir də doldurub içdi. 
Bu, başqa məsələ... Yenə həminki şərab idi... 
Ravik durub Kanndakı kazinoya getdi. 
Çox sakit oynayır, az pul qoyurdu. Bayaqkı üşərgələnmə hələ də canından 
çıxmamışdı və bilirdi ki, hələlik udacaq. İki nömrəyə oynayırdı və bir saata üç min 
frank udmuşdu. Pulu ikiqat artırıb, bir nömrə də götürdü. 
İçəri girən Joan gözündən yayınmadı. Paltarını dəyişmişdi. Deyəsən, Ravik çıxan 
kimi mehmanxanaya qayıdıbmış. Motorlu qayıqda onu gəzməyə aparan kişilər də 
yanında idi. Ravik bilirdi ki, belçikalının adı Leklerk, amerikalınınkı isə Nacentdir. 
Joan iri güllü ağ paltar geymişdi və çox gözəl görünürdü. Ravik onu bura gələndə 
almışdı. Joan paltarı görən kimi, sevincindən qışqırıb özünü onun üstünə atmışdı. 
«Sənin belə paltarlardan nə yaxşı başın çıxır? – deyə soruşmuşdu. –Mənim 
paltarımdan min dəfə yaxşıdır». Bir az baxandan sonra: «Həm də bahadır!» – 
demişdi. Ravik də o saat ürəyindən keçirmişdi: «Çiynimə qonmuş quşdur, 
qanadlarını yığmır, bilir ki, bir azdan uçacaq...» 
Qumarxananın xidmətçisi yumru şarları onun qabağına çəkdi. Nömrəsi düşmüşdü. 
Ravik udduğu pulu götürdü, mayaya isə toxunmadı. Joan bakkara oynayanlara 
tərəf getdi. Ravik Joanın onu görüb-görmədiyini kəsdirə bilmədi. Qıraqda dayanıb 
oyuna tamaşa edənlər onun dalınca baxdılar. Elə yeriyirdi ki, deyərdin, üzü 
küləyədir və hara; nə üçün getdiyini də bilmir. Birdən çevrilib Nacentə nəsə dedi 
və Ravik həmin anda əlindəki şarları tullayıb yaşıl meşinli stolu çevirmək, qaça-
qaça gedib Joanı qucağına almaq, adamların arasından keçib qapılardan çıxmaq, 
onu Antibdəki uzaq adalardan birinə aparmaq, hamıdan gizlədib özü üçün 
saxlamaq istədi... 
Təzədən pul qoydu. Yeddinci nömrə çıxdı. «Adalar heç kimi gizlətmir... Ürək 
çırpınmağa başlayanda, onu saxlamaq olmur... Əlində olan şey tez itib gedir, 
haradasa qoyub getdiyin isə heç vaxt itməz!» Şar yavaş-yavaş diyirləndi. On iki 
çıxdı. Ravik yenə pul qoydu. 
Başını qaldıranda, nəzərləri toqquşdu. Joan stolun yanında durub ona baxırdı. 
Ravik başını tərpədib gülümsədi. Joan gözlərini ondan çəkmirdi. Ravik ruletkaya 
baxıb, çiyinlərini çəkdi. Bu dəfə on doqquz çıxdı. Yenə pul qoyub, Joana tərəf 
baxdı. Ancaq o yox idi. Durub getməkdən özünü güclə saxladı. Stolun üstündəki 
qutudan siqaret götürdü. Xidmətçi kibrit çəkdi. Dazbaş, yekəqarın bir kişi idi və 
frak geymişdi. 
– Zəmanə dəyişib... – Bunu xidmətçi dedi. 
– Elədir...–Ravik onu heç tanımırdı. 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə