455
kəlmə kəsə bilmirdi. Şövqü:
—Fuad, bala, — deyə sözünə davam elədi, — sənin məruzənin
hər fikrinə, hər cümləsinə iki əlimlə qol çəkirəm. Məni də bir
balaca tənqid eləmisən, lap belə düz eləmisən, yerində eləmisən.
Biz də burda, ponimayeş li malenğkiy kulğt v oblasti arxitekturı
yaradırıq: Şövqü Şəfizadənin tənqid eləmək yasaq imiş. Nə olub
balam, Şövqü Şəfizadə göydən qızıl zəmbillə düşüb, allahdır,
peyğəmbərdir, nədir, yəni heç nöqsanı ola bilməz Şövqü
Şəfizadənin? Fuad, mənim oğlum yoxdur, bircə qızımın canına
and içirəm, bir sənə deyirəm bunu: tikdiyim binaların doxsan
faiziyçün utanıb xəcalət çəkirəm...
Fuad:
—Yox, elə niyə deyirsiz, Ermənikənddəki fabrika... — deyə
sözə başladı, Şövqü onun sözünü ağzında qoydu:
—Bilirəm, — dedi. — O işdən imtina etmirəm, otuzuncu
illərdə tikmişəm onu. Konstruktivizm dövrüydü onda. Bir də
Bayılda məktəb, yadındadır? Vəssalam. Amma qalanlar... bax
indi bu oturduğumuz ev var ha, imkanım olsa, dinamit qoyub
partladardım vallahi!.. Neyləyəsən, tələbat elə idi, zövq elə
idi... Deyirdilər gərək vağzal keçmiş padşah saraylarını kölgədə
buraxsın cah-cəlalıyla. Elə bilirsən başa düşmürdük? Bilmirdik
ki, camaata bərbəzəkli fasadlar, dekorativ sütunlar, dəbdəbəli
tağlar, meydan boyda dəhlizlər yox, sadə, yığcam, əlverişli
mənzillər lazımdır, mümkün qədər çox mənzil, mümkün qədər
çox və sadə, münasib yaşayış sahəsi... Dahi Korbüze demişkən:
"Ev — yaşayış maşınıdır" və buna da can atmaq lazımdır. Can
atmaq lazımdır ki, bu maşın saz olsun, hər detalı düzgün
ölçülüb-biçilsin, artıq heç nə olmasın bu maşında — nə zahiri
bərbəzək, nə göz qamaşdıran estetik forma. Yoxsa bəs biz
haçan həll edəcəyik mənzil problemini. Eybi yoxdur, çox şey
dəyişəcək... Moskvadan təzəcə gəlmişəm — çox dəyişikliklər
olacaq, böyük tədbirlər hazırlanır. İndi sən də görəcəksən,
oğlum, bu qoca Şövqü kişinin qabında hələ çox şey qalıb... Sən
də, yəqin sənin kimi düşünən başqa cavan yoldaşların da —
456
xahiş edirəm onlara da de, — mənə keçmiş işlərimə görə yox,
gələcək işlərimə görə qiymət verin. Keçmiş işlərim elə bil
olmayıb.
Fuad Şövqüdən çox şey əxz etmişdi ömrü boyu, ancaq əxz
etdiyi ən vacib şey-dünənsiz yaşamağa öyrənməsi idi. Elə
yaşamağa ki, guya heç dünənki gün yerindən-dibindən olmayıb
hər şey bax, bu gün səhər başlanıb...
Sonra o biri otağa, Şövqünün kabinetinə keçdilər. Xalçalarla
döşənmiş geniş işıqlı otaq döşəmədən tavana qədər kitab
rəfləriylə əhatə olunmuşdu. Fuad Salahlının onlara göstərdiyi
müasir dünya memarlığının tək-tük reproduksiyaları
müqabilində burada Korbüzenin, Raytın, Mis van der Roenin,
Hropiusun, Joltovskinin iri həcmli nəfis albomları vardı.
Fuadın, adlarını yalnız kitablardan bildiyi bir çox görkəmli rus,
erməni, gürcü, eston memarları öz fotoşəkillərini, kitablarını,
albomlarını xoş sözlərlə Şövqüyə hədiyyə vermişdilər. Müasir
dünya arxitekturasının problemlərini, cərəyanlarını, imkanlarını
Şövqü heç də Fuad Salahlıdan az bilmirdi və bütün bunlar
haqqında ondan pis danışmırdı...
Şövqü:
—Fuad, bala, — deyirdi, — memarlıqda böyük dəyişikliklər
gözlənir, mənim də böyük perspektiv planlarım var. Amma
mənə köməkçilər lazımdır; — birini bu gün tapdım — sən,
daha kimləri cəlb etmək olar? Sənin kimi, mənim kimi düşünən
tələbə dostlarından kimi məsləhət bilirsən, kim bizimlə işləyə
bilər?
Fuad Oqtayın və bir neçə başqa yoldaşının adını çəkdi.
—Bəs müəllimlərinizdən? Mən yaxşı bələd deyiləm sizin
institutun müəllimlərinə, amma yəqin onların içində də bizim
əqidəmizə yaxın olanları var. Yəqin elə sən də bu məruzəni
yazanda hər halda müəllimlərindən kimləsə məsləhətləşibsən,
kimsə sənin fnkirlərini bəyənib, səni ruhlandırıb, həmi?
Fuad:
—Müəllimlərimizdən bizə ən yaxın Fuad Salahlıdır, —
457
dedi.
Şövqü:
—Fuad savadlı memardır, — dedi, — amma rus demişkən
neudaçnikdir, heç bir vaxt dövrün nəbzini tuta bilməyib o...
Bilqeyis xanım yenə çay gətirdi.
Şövqü:
—Bir də, Fuad, bala, — dedi — məndən sənə amanat — bir
şeyi heç vaxt yaddan çıxartma. Aramızda sənin o dekanın,
nədir onun familiyası?
—Zülfüqarov.
—Hə, o Zülfüqarov kimiləri də var... Və bir Zülfüqarovla
yüz nəfər Fuad Salahlı kimisi bacarmaz, amma yüz
Zülfüqarovun öhdəsindən bir Şövqü Şəfizadə gələr! — Bu
sözləri açıqdan-açığa qürrələnərək deyirdi, özü də başa düşdü
ki, bir az lovğalanma kimi çıxır və dərhal mülayimcəsinə əlavə
etdi: — Bax bütün bunları mən sənə oğlum kimi deyirəm...
Güclü olmaq lazımdır, bala, güclü... Mənim babam rəhmətlik
həmişə deyərdi ki, dağ olmaq istəyirsən, dağa söykən...
Axşam altı olardı, Fuad Şövqügildən çıxanda. Səhər
institutda Zülfüqarov onu görən kimi gülə-gülə:
—Eloğlu, sudan yaman quru çıxdın ha! —dedi. —
Canından, başından muğayat ol. Kişinin kefi necədir e, Qurban
qağanın?
Fuad nəyi unutsa da bunu unutmadı. Bir il bundan qabaq
pensiyaya çıxmış Zülfüqarov onun qəbuluna gəlmişdi. Xırda
bir xahişi vardı. Fuad onu xüsusi bir nəzakətlə qarşıladı, amma
israrla qocaya "sən" deyirdi, tez-tez "eloğlu deyirdi, arada bir
"allahsız" da gupadı. Zülfüqarovun xahişini yerinə yetirmək
Fuadçün su içmək kimi asan bir iş idi. Amma Fuad:
—Canınçün eloğlu, çox zor iş üçün ağız açırsan, — dedi. —
Əlimdən gələni edərdim sənin xətrin üçün, amma heç düzələn
məsələyə oxşamır.
Əli ətəyindən uzun, suyu süzülə-süzülə çıxıb gedən
Zülfuqarovu kabinetinin qapısınacan ötürdü və Zülfüqarov
Dostları ilə paylaş: |