Roman, povestlər



Yüklə 3 Mb.
səhifə132/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   128   129   130   131   132   133   134   135   ...   158

 446 

işə oformit eləyib" — Qaraşın ərizəsində belə yazılmışdı.  

Fuad: 

—Xatircəm olun, Əhməd müəllim, — dedi və düşündü ki



bu vədiylə  vəzifəyə  təyin olunacağı gümanının dürüstlüyünü 

təsdiq edir bir növ... 

Əhməd: 

—Sağ ol, — dedi və nədənsə birdən ayrı məsələyə keçdi: — 



Deməli, Fuad Salahlının dəfnində danışacaqsan? 

Fuad duruxdu: 

—Bəli, Memarlar İttifaqından zəng vurub xahiş elədilər. — 

Ondan çıxmayan iş, sanki nə isə izahat verirdi, ya bir növ 

özünə haqq qazandırmaq istəyirdi. Qəribə davrandığını  dərk 

edərək daha da karıxdı və başqa — ondan çıxmayan bir iş etdi: 

— Nədir ki? — deyə suçlu-suçlu soruşdu. 

Bu tamam mənasız və yersiz sual idi və ona elə  gəldi ki, 

Əhməd Nəzər eynəyinin altından bic-bic gülümsündü. Bu an 

Əhməd Nəzər yenə dönüb həmişəki Əhməd Nəzər olmuşdu — 

Fuadın sevmədiyi, xoşlamadığı, heç bir insani münasibət, heç 

bir istilik duymadığı yad, uzaq, biçimsiz bir varlıq... 

Əhməd Nəzər: 

—Heç əşi... — dedi və bu deyilişdə də, bu həmişəki "əşi"nin 

intonasiyasında, çalarında da Fuad bir eyham, bir tikan, bir 

"badalaq" duydu... Tələsik  Əhməd Nəzərin yanından çıxdı, 

qəbul otağından keçərkən Nelliyə baxsa da, onu sanki görmədi. 

İşçilər artıq onun kabinetinin qapısında toplaşmışdılar, Fuadın 

ardınca içəri keçdilər, Fuad öz kürsüsünə əyləşib: 

—Hərənizə beş  dəqiqə — deyə "letuçkaya" başladı.  Şöbə 

müdirləri cari işlər haqqında qısa hesabat verirdilər, Fuad 

onları  eşidir, amma dinləmirdi. Fikirləri bu otaqdan və bu 

zamandan çox-çox uzaqlarda idi. Fuad Salahlı idi fikirlərində 

dolaşan. 

 

 

Beşinci fəsil 




 447 

 

İnstitutdakı müəllimlərin çoxusu elə bil bir-birinə oxşayırdı, 



amma Fuad Salahlı heç kimə oxşamırdı. Qara saçları, arıq, 

əsəbi sifəti, ucu sivri burnu, nazik mütəhərrik dodaqları və eyni 

cür daima hərəkətdə olan nazik uzun barmaqları vardı. Həmişə 

"Kazbek" çəkərdi, həmişə  də papirosu qeyri-adi bir formada 

əzib burardı. Həmişə üst-başına kül ələnmiş olardı, həmişə də 

pencəyinin üst cibində sıx dişli qırmızı daraq olardı, tez-tez o 

darağı  çıxarıb saçlarını dala darayardı. Mühazirə zamanı da 

daraq  əlindən düşməzdi və bir dəfə  hətta institutda böyük bir 

iclasda kürsüyə qalxanda bir əlində  çıxışı, kağız-kuğaz, bir 

əlində daraq vardı, danışa-danışa arabir saçlarını dala darayar 

və yatımsız tükləri elə  həmin dəqiqədəcə yenidən alnına 

tökülər, sağ gözünün üstünü örtərdi. Nə isə bir əsəbilik

çılğınlıq, darhövsələlik vardı bütün hərəkətlərində, 

davranışında, özünü tutmaq manerasında. Danışıq tərzi də elə 

beləcə idi: əsəbi, kəsik, amma eyni zamanda da son dərəcə 

dəqiq ifadə olunmuş düşüncələrin durub dayanmaz axarı... 

Sözlər, sanki çağlayır, bulaq kimi qaynayıb üzə çıxırdı — fikir 

fikri çəkir, mülahizə mülahizəyə calanırdı. Fuad Salahlının 

mühazirələrində iynə atsaydın yerə düşməzdi.  Əllinci ilin 

ortaları idi və o vaxt Fuad Salahlının müasir memarlığın köklü-

köməcli problem məsələləri haqqında cəsarətli fikirləri, 

memarlığın estetik və funksional vəhdəti haqqında 

mülahizələri, bəzəkçilik, eklektika, yalançı  ənənəçilik, sırf 

bədiilik, ifrata çatmış zahiri dəbdəbə  və başqa bu kimi 

naqisliklərə qarşı amansızlığı, barışmazlığı, yeni tikinti 

materiallarından doğan yeni inşaat imkanları haqqında verdiyi 

məlumatlar, konstruksivizmin müsbət cəhətləri, müasir dünya 

arxitekturasındakı bizə də faydalı ola biləcək meyllər haqqında 

söhbətləri tələbələr üçün tamamilə yeni, təsəvvürəgəlməz bir 

aləm açırdı. Nədənsə  tələbələrindən meylini ən çox Fuadla 

Oqtaya salmışdı. Fuada "balaca Fuad, adaşım" deyirdi 

həmişə... — "Balaca Fuad" ifadəsi o vaxtlar Fuada bərk dəysə 




 448 

də, hər halda hiss edirdi ki, Böyük Fuad onu doğrudan da çox 

istəyir... İndi istəməsin. Oqtayla birlikdə Fuad Salahlının evinə 

də gedib gələrdi. Fuad sonsuz idi, bir özüydü, bir də arvadı. 

Arvadı Solmaz heykəltəraş idi, o vaxtlar emalatxanası yox idi. 

İkiotaqlı  mənzillərinin bir otağı Fuad Salahlının çertyojları, 

kitablarıyla, rəsmləriylə dolu idi, o biri otaqda gips, palçıq, 

ağac parçaları, hazır və yarımçıq heykəllər, büstlər, müxtəlif 

kompozisiya maketləri düzülmüşdü. Hətta bayır qapılarının 

çölündə, mənzillərinin qabağındakı pilləkən meydançasında da 

iri bir ağac kötüyü, xərəkdə palçıq qoyulmuşdu — mənzillərinə 

sığışmamışdı bunlar, qonşuların deyinməsinə baxmayaraq bura 

çıxarmışdılar. Oqtayla Balaca Fuad onlara qonaq gələndə, 

Solmaz əllərinin gipsini, palçığını ətəyinə silər, amma siləndən 

sonra da əl verməzdi, "bağışlayın,  əllərim bir az çirkdir" 

deyərdi. Məlum deyildi ki, belə olan surətdə, madam ki, əl 

uzatmayacaqdı, daha ətəyinə niyə silirdi barmaqlarını... Böyük 

Fuad onlara müxtəlif albomlar göstərərdi, mütləq 

qaytaracaqlarını  vəd alıb oxumağa cürbəcür tapılmayan 

kitablar verərdi, bəzən hətta haradansa, köhnə  şifonerin hansı 

yuxarı gözündənsə konyak çıxarırdı, bir-iki qədəh vururdular 

da... 


Evlərində  həmişə musiqi səslənərdi. Patefonu iki otağın 

arasındakı açıq qapının ağzında qoyardılar, musiqi hər iki 

otaqda eşidilərdi — hər ikisi musiqi sədalarının müşayiətilə 

işləməyə vərdiş eləmişdi. Əsasən, Baxın və Motsartın əsərlərini 

dinlərdilər, bir də köhnə xanəndələri — Cabbar Qaryağdını, 

Seyid  Şuşinskini, Zülfünü — bu vallar Solmazın atasından, 

şuşalı Səlimbəydən qalmışdı... 

Fuad Salahlı mühazirələrində nə qədər parlaq bəlağətə malik 

olsa da adi həyatda az danışan, qaradinməz bir adam idi. 

Amma bəzən musiqinin, konyakın təsirindən cuşa gələrdi, dil 

boğaza qoymazdı və o zaman, düzdür çox nadir hallarda olurdu 

bu, haradansa, şifonerin altından boruşəklində bükülmüş

saralıb-solmuş iri "Aleksandr kağızlarını" çıxardardı, hələ 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə